Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3441/2025 10.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC-nin cavabdeh Məmmədbəyli (Məmmədova) Fərəh Afət qızına qarşı mülki iş (Açar sözlər: «subroqasiya qaydasında pul tələbi») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-506/2025 saylı, 07 aprel 2025-ci il tarixli qətnaməsindən iddiaçı "xxxx" ASC-nin apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:
1. Daşınmaz əmlakın icbari sığortası şəhadətnaməsinə əsasən ünvan 1 ünvanında yerləşən əmlak xx.xx.2018-ci ildən xx.xx.2019-cu il tarixədək sığortalanmışdır.
2. "xxxx" ASC-nin 3469/CFİ-181-2018 saylı xx.xx.2018-ci il tarixli, sığorta aktında xx.xx.2018ci il tarixdə Bakı şəhəri, Puşkin küçəsində 15 ünvanındakı mənzilə 560 manat ziyan dəyməsi göstərilib.
3. ünvan 3runun xx.xx.2017-ci il tarixli icarə müqaviləsinə əsasən X4 Bakı şəhəri, Nizami küçəsindəki, 121 saylı evin 26 mənzilini X2 icarəyə vermişdir.
4. Bakı şəhəri Nəsimi Rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin 49 saylı Mənzil- Kommunal İstismarı Sahəsinin xx.xx.2018-ci il tarixli aktında Bakı şəhəri, Nizami küçəsindəki, 121 saylı evin 26 mənzilinə Cavabdeh məxsus Bakı şəhəri, Nizami küçəsindəki, 121 saylı evin 36 mənzilindən su axıdılması göstərilib.
5. "xxxx" ASC xx.xx.2018-ci il tarixdə X1 bank hesabına 400 (dörd yüz) manat pul köçürmüşdür.
Birinci instansiya məhkəməsində icraat:
6. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh X3 400 (dörd yüz) manat sığorta ödənişinin və 30 (otuz) manat dövlət rüsumuna görə xərcin, cəmi 430 (dörd yüz otuz) manatın tutulub iddiaçı "xxxx" ASC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddiada göstərilib ki, “İcbari sığortalar haqqında” Qanununa əsasən sığortalı RAZ********** saylı, xx.xx.2018-ci il tarixli “Daşınmaz Əmlakın İcbari sığortası” şəhadətnaməsi ilə "xxxx" ASC-də (bundan sonra ASC) sığorta təminatı almış və ünvan 4 ünvanında yerləşən 121 saylı yaşayış binasının 26 saylı mənzilinə xx.xx.2018-ci il tarixdə subasma hadisəsi nəticəsində maddi zərər dəymişdir. Hadisənin cavabdehə məxsus 36 saylı mənzildən su axması nəticəsində baş verməsi faktı Nəsimi Rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin 49 saylı Mənzil-Kommunal İstismarı Sahəsinin xx.xx.2018-ci il tarixli aktında öz əksini tapmışdır. 3469/CFİ-1981/2018 saylı sığorta aktına əsasən 400 (dörd yüz) manat məbləğində sığorta ödənişi sığortalı X1 bank hesabına köçürülmüşdür.
8. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-506/2025 saylı, 07 aprel 2025ci il tarixli qətnaməsi ilə (hakim Həbibə Miriyeva) iddia tələbinin təmin edilməməsi və ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.
9. Birinci instansiya məhkəməsi qənaətini bununla əsaslandırmışdır ki, qanunvericilikdə (“İcbari sığrta haqqında” Qanunun 25-ci maddəsində) sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişinin sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya qaydasında geri tələb etməsinin əsasları müəyyən edilmişdir. Hazırkı iş üzrə iddiaçının cavabdehdən subroqasiya qaydasında pul tələb etməsi üçün qanunvericilikdə müəyyən edilmiş hallar baş verməmişdir. İddiaçı tərəfindən subroqasiya hüququnun yaranması sübut edilə bilməmişdir. Bundan başqa, iddiaçı tələbini əsaslandıra biləcək sübutlarını da məhkəməyə təqdim edə bilməmişdir. Belə ki, hazırda iddiaçı qeyri-yaşayış sahəsinə dəymiş ziyanın cavabdehin mülkiyyətində olan mənzildən su axması nəticəsində baş verdiyini iddia etsə də, bu faktı təsdiq edə biləcək mötəbər sübutlar iş materiallarına əlavə edilməmiş və məhkəmə tərəfindən də həmin hallar aşkar edilməmişdir. İddiaçı tərəfindən sübut kimi təkcə Nəsimi Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi 49 saylı MKİS tərəfindən verilən xx.xx.2018-ci il tarixli aktıdır ki, həmin aktda qeyri-yaşayış sahəsinə su axıntısının olduğu qeyd edilsə də, lakin bu, iddia olunan deliktin konkret olaraq cavabdehə məxsus mənzildəki su borularının nasazlığı və ya cavabdehin digər hüquqazidd hərəkəti nəticəsində nəticəsində baş verməsi qənaətinə gəlmək üçün kifayət deyildir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:
a) apellyasiya şikayətinin dəlilləri
10. İddiaçı "xxxx" ASC apellyasiya şikayətində qətnamənin ləğv, iddianın isə təmin edilməsini xahiş edib göstərir ki, zərərin ödənilməsi tələbinə dair iddialarda sığorta obyektinin “icbari sığorta” qaydasında sığortalanması halında “İcbari Sığortalar haqqında” Qanunun 25-ci maddəsi ilə sığorta ödənişinin geri tələb edilməsi əsaslarının müəyyən edilməməsi iddiaçının tələb hüququnun yaranmaması anlamına gəlmir. Belə ki, “daşınmaz əmlakın icbari sığortası” üzrə sığortalanmış obyektdə yanğın hadisəsinin baş verməsi halında tələbə baxarkən Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası 2- 2(103)-955/2024 saylı iş üzrə xx.xx.2024-cü il tarixli qərarında sığortaçının mövqeyi ilə razılaşmış və iddianın təmin edilməli olduğu qənaətinə gəlmişdir. Bununla yanaşı iş materiallarında olan Nəsimi Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi 49 saylı MKİS tərəfindən verilən xx.xx.2018-ci il tarixli aktından aşkar şəkildə müəyyən olunur ki, sığortalanmış ünvan 4 ünvanında yerləşən 121 saylı yaşayış binasının 26 saylı mənzilinə məhz cavabdehə məxsus olan 36 saylı mənzildən su axması nəticəsində zərər dəymişdir. Su axıntısının cavabdehə məxsus olan mənzildən axması işin mübahisəsiz halıdır və məhkəmə də qətnamədə bu halın mövcudluğunu qəbul edir. Su axıntısının su borusunun partlaması və ya başqa səbəbdən baş verməsi isə cavabdehin mülki hüquqi məsuliyyətdən azad edilməsi anlamına gəlmir. Belə ki, bu tip halların qarşısını almaq üçün mənzilin döşəməsinin su keçirməyən təbəqə (örtüklə) ilə əhatə edilməsi mümkündür və qabaqlayıcı tədbirlərin görülməsi məhz müvafiq mənzili və ya otağı tutan şəxsin vəzifəsidir. Mülki Məcəllənin 1111.2-ci maddəsi məhz belə hallarda müvafiq mənzili və ya otağı tutan şəxsin mülki hüquqi məsuliyyətini təsbit edir. Lakin birinci instansiya məhkəməsi qeyd edilən halları araşdırmadan və Mülki Məcəllənin 1111.2-ci maddəsinin tələblərini işin halları ilə əlaqəli şəkildə təhlil etmədən iddianın təmin edilməməli olması barədə əsasssız nəticəyə gəlmişdir.
b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları.
11. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasında iştirak etmədi və səbəbi barədə məhkəməyə məlumat vermədi. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə elektron kabinet vasitəsilə təqdim etdiyi ərizəsinə analoji işlər üzrə məhkəmə təcrübəsini əks etdirən qərarları, o cümlədən Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-742/2025 saylı qərarını əlavə edərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə iddiaçı "xxxx" ASC-nin nümayəndəsinin və Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:
12. Azərbaycan Respublikası Mülki Məcəlləsi:
Maddə 888.1. Əmlak sığortasının obyektləri sığortalının əmlaka sahibliyi, ondan istifadəsi və (və ya) ona sərəncam verməsi, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi, digər fiziki şəxslərin sağlamlığına xəsarət yetirməsi və ya fiziki şəxslərin əmlakına, həmçinin hüquqi şəxslərə vurduğu zərərin əvəzinin ödənilməsi, istehsalat fəaliyyəti ilə bağlı əmlak mənafeləridir. Əmlak sığortasına əmlakın və mülki məsuliyyətin sığortası aiddir. Maddə 888.2. Əmlakın sığortası zamanı əmlakın zədələnməsi, itirilməsi (məhv olması) və çatışmazlığı, eyni zamanda əmlak hüquqlarının itirilməsi ilə bağlı risklər sığortalanır. Maddə 888.3. Mülki məsuliyyətin sığortası zamanı üçüncü şəxslərin həyatına, sağlamlığına, yaxud əmlakına zərər vurulması nəticəsində yaranan öhdəliklərə görə (zərər vurmağa görə mülki məsuliyyətin sığortası), habelə mülki-hüquqi müqavilələrlə bağlı yaranan məsuliyyətə görə (müqavilə şərtlərini pozmağa görə mülki məsuliyyətin sığortası) risklər sığortalanır. Maddə 936.1. Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Maddə 936.2. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Maddə 936.3. Faydalanan şəxs sığorta ödənişini aldıqda subroqasiya hüququnun həyata keçirilməsi üçün özündə olan bütün lazımi sənədlərlə sığortaçını təmin etməlidir. Maddə 936.4. Faydalanan şəxs zərərvuran şəxsə qarşı iddiadan və ya tələbi təmin edən hüquqlardan, yaxud lazımi sənədləri sığortaçıya verməkdən imtina etdikdə sığortaçı sığorta ödənişi verməkdən zərərvuran şəxsdən subroqasiya qaydasında ala biləcəyi məbləğ həcmində azad edilir. Maddə 936.5. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər.
13. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu:
Maddə 25.1. Sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ aşağıdakı hallarda yaranır: Maddə 25.2. Bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxs işlərin təhlükəsiz aparılmasına əmək müqaviləsi, mülki hüquqi müqavilə və ya muzd əsasında müəyyən tapşırığın yerinə yetirilməsi üçün müvafiq əmlakı işlətməsi, idarə etməsi və ya digər qaydada istifadəsi üçün ona verən sığortalının (sığorta olunanın) nəzarəti altında fəaliyyət göstərdiyi və ya fəaliyyət göstərməli olduğu halda, subroqasiya hüququ həmin sığortalıya (sığorta olunana) qarşı da istifadə edilə bilər. Maddə 49.1. Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına dəyən zərərə görə sığorta ödənişinin verilməsi bu Qanunun 47-ci maddəsində nəzərdə tutulmuş müvafiq sığorta məbləğləri həddində bu Qanunun Ümumi bölməsində müəyyən edilmiş ümumi əsaslarla həyata keçirilir. Maddə 49.2. Sığortaçının sığortalıya və ya sığorta olunana qarşı subroqasiya hüququnun yaranmasının bu Qanunun 25.1.2-ci maddəsində müəyyən edilmiş əsası o halda tətbiq edilir ki, sığortalının və ya sığorta olunanın, yaxud onların nümayəndəsinin əmlakı (binanı, tikilini, avtonəqliyyat vasitəsini, cihazı, qurğunu, avadanlığı və s.) alkoqol, narkotik və ya toksikoloji sərxoşluq vəziyyətində istismar etməsinin, o cümlədən inşaat, təmir, yenidənqurma və ya digər işlərin aparılmasının müvafiq hadisənin baş verməsinə şərait yaratması sübut edilmiş olsun.
14. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0 və 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri:
15. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi üçün əsas ola bilməz.
16. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
17. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.
18. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də, şikayətin məzmunundan görünür ki, iddia təmin edilmədiyi üçün şikayətin obyektini qətnamənin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.
19. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə tam yoxlanılmalıdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi:
20. İddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dispozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.
21. Çünki, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki iddianın faktiki halları yuxarıda qeyd olunan maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşmır, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxdığından iddia haqlı sayılmırdı. 22.Əvvəla “İcbari sığortalar haqqında” Qanunun 36.1.5-ci maddəsinə əsasən su, istilik, kanalizasiya kəmərlərinin və yanğınsöndürmə sistemlərinin qəzası, habelə qonşu tikililərdən, yaşayış və qeyri-yaşayış sahələrindən, yaşayış evlərindən və binalarından, mənzillərdən, otaqlardan daxil olan su nəticəsində subasma nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı digər formada itkisi sığorta hadisəsi hesab olunur. 23.Bunu cavabdeh də mübahisələndirmir. Mübahisələndirilən hal iddiaçının cavabdehə qarşı olan iddia tələbinin Mülki Məcəllənin 936.1, 936.2 və 936.5-ci maddələrinin dizpozisiya şərtləri ilə uzlaşması ilə bağlıdır.
24. Belə ki, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası kimi Mülki Məcəllənin 936.1, 936.2 və 936.5-ci maddələri nəzərdən keçirilə bilər. 25.Ancaq faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilir. 26.Belə ki, subroqasiya hüququ sığorta ödənişi almış şəxsin “ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı” malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur.
27. Demək, subroqasiya hüququndan istənilən şəxsə qarşı deyil, zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı istifadə edilə bilər, özü də subroqasiya hüququ sığorta ödənişini vermiş sığortaçıya sığorta ödənişi məbləğində keçir. 28.Eyni zamanda sığortaçı subroqasiya hüququndan zərəvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edilə bilər. 29.Lakin hazırki iş üzrə cavabdehin zərərə görə məsuliyyət daşımalı olan şəxs hesab edilməsi üçün onun təqsiri müəyyən edilməlidir. Onun təqsiri isə müəyyən edilməmişdir. 30.İddiaçının təqdim etdiyi sığorta hadisəsi ilə bağlı tərtib edilmiş sığorta aktı, hadisə ilə bağlı verilmiş sığorta ödənişi, Bakı şəhəri Nəsimi Rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin 49 saylı Mənzil-Kommunal İstismarı Sahəsinin xx.xx.2018-ci il tarixli aktı cavabdehin iddia edilən hüquq pozuntusunun törədilməsində təqsirli olmasını hər hansı bir formada təsdiq etmir. 31.Deməli, cavabdeh hər hansı bir mülki hüquq pozuntusu törətmədiyindən yaxud iddiaçının sığorta hadisəsi hesab etdiyi pozuntunu törətməkdə təqsirli olması sübuta yetirilmədiyindən mülki hüquqi məsuliyyətə də cəlb edilə bilməz. İddiaçı su axıntısının cavabdehə məxsus mənzildən axmasının işin mübahisəsiz halı olduğunu və məhkəmənin də qətnamədə bu halın mövcudluğunu qəbul etdiyini göstərsə də, əvvəla cavabdehin mənzilindən suyun axıdılması işin mübahisəsiz halı deyildir. Məhkəmə qətnaməsində də bu halın mövcudluğunu qəbul etməyib. Ona görə də iddiaçının şikayətində bu cür dəlillərdən istifadə etməsi başadüşülən olmayıb.
32. Şərh olunanlara əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu səbəbdən də, apellyasiya şikayəti təmin edilməməli və mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-506/2025 saylı, 07 aprel 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
33. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq apellyasiya instansiyası məhkəməsi q ə t e t d i:
İddiaçı "xxxx" ASC-nin apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-506/2025 saylı, 07 aprel 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.