Məhkəmə qərarları › İş №2(103)-3445/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3445/2024

05.08.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3445/2024 05.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı "borcun silinməsi" tələbinə dair iddia ərizəsi üzrə (Açar sözlər: borcun silinməsi tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X5 (sədrlik edən və məruzəçi), X3 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi Şahbazlı Nəzrin Elmar qızının katibliyi ilə İddiaçı, Cavabdeh nümayəndəsi X4 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı "borcun silinməsi" tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-402/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən cavabdehin verdiyi apellyasiya şikayəti üzrə mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları:

1. Abonent saldosundan görünür ki, İddiaçı “Azəriqaz" İstehsalat Birliyinə 2023-cü il üzrə 9018,26 manat məbləğində borcu qalmışdır.

2. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” “Azəriqaz" İstehsalat Birliyi tərəfindən 30 dekabr 2021-ci il tarixli, ******* nömrəli, 31 yanvar 2022-ci il tarixli, ******* nömrəli, xx.xx.2022-ci il tarixli, 0341509, 29 aprel 2022-ci il tarixli, ******* nömrəli, 30 iyun 2022-ci il tarixli, ******* nömrəli aktlar tərtib edilmişdir.

İş üzə qəbul olunmuş məhkəmə aktları

3. İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanına dair hesablanmış (**********00160 saylı abonent) 9018,26 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Cavabdeh İB ilə onun arasında qaz paylayıcısı ilə məişət qaz istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə bağlanmışdır. ünvan 2 ünvanında onun iştirakı olmadan aktlar tərtib edilmişdir. Cavabdeh İB-nin əməkdaşları guya qaz itkisinin yarandığını müəyyən etmiş, 9018,26 manat məbləğində borc hesablanmışdır. Cavabdeh İB-nin əməkdaşları onun guya təbii qazdan qeyri-qanuni istifadə etməsi, sayğacın plombuna müdaxilə etməsi barədə aktlar tərtib etmişlər. Cavabdeh İB tərəfindən hesablanmış 9018,26 manat məbləğində borcun hesablanmasına əsas olmuş hallar tamamilə qanunsuz və əsassız olduğu üçün həmin brc məbləği silinməlidir. Cavabdeh İB mənzildən kənarda quraşdırılmış sayğacdakı pozuntu halının məhz istehlakçı tərəfindən yarandığına dair hər hansı mötəbər sübut təqdim etməmişdir, halbuki bu halda sübutetmə yükü cavabdehin üzərinə düşür. Onun yaşadığı mənzil iki otaqdan ibarətdir. Onlar evdə 4 gözlü istifadə edirlər, qışda isə odun sobasından istifadə edirlər. 9018,26 manat məbləğində borcun necə yaranması ona məlum deyil.

5. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-402/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh tərəfindən təbii qazdan istifadə qaydalarının pozulmasına görə İddiaçı (abonent kodu: **********00160) hesablanmış 5648,66 (beş min altı yüz qırx səkkiz manat, altmış altı qəpik) manat məbləğində borcun silinməsi, 69,01 manat məbləğində dövlət rüsumunun Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

6. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, məhkəmə Cavabdeh tərəfindən tərtib edilmiş 20 akt üzrə 9 aktın yay fəslinə, 11 aktın qış fəslinə, 9 aktın yay fəslinə aid olduğunu, qış fəslində iddiaçının 4 gözlü qaz sobasını, su qızdırıcısını, İran İslam Respublikasında istehsal olunmuş qaz sobasını istifadə etməsini, yay fəslində isə 4 gözlü qaz sobasını və su qızdırıcısını istifadə etməsini hesab etmişdir. Məhkəmə tərəfində 4 gözlü qaz sobasının maksimal saatlıq qaz sərfi 1,2 m3 , su qızdırıcısının maksimal saatlıq qaz sərfi 3 m3 , İran İslam Respublikasında istehsal olunmuş qaz sobasının maksimal saatlıq qaz sərfi 1,5 m3 əsas götürülmüşdür. Məhkəmə hesab edir ki, 11 akt üzrə qış fəslinə aid olan 11 ayda iddiaçı tərəfindən iddiaçı tərəfindən 4 gözlü qaz sobasından gün ərzində 8 saat, su qızdırıcısından gün ərzində 8 saat, İran İslam Respublikasında istehsal olunmuş qaz sobasından gün ərzində 16 saat isifadə edilməsinə görə iddiaçının bir ay ərzində 1728 m3 təbii qazı (1,2x8x30=288; 3x8x30=720; 1,5x16x30=720; 288+720+720=1728 ) istehlak etməsi və 207,36 manat borcu (1728x0,12=207,36) yaranması, 11 ay üzrə 2280,96 manat (207,36x11=2280,96) borcu yaranması müəyyən edilməlidir. Məhkəmə hesab edir ki, 9 akt üzrə yay fəslinə aid olan 9 ayda iddiaçı tərəfindən iddiaçı tərəfindən 4 gözlü qaz sobasından gün ərzində 8 saat, su qızdırıcısından gün ərzində 8 saat isifadə edilməsinə görə iddiaçının bir ay ərzində 1008 m3 təbii qazı (1,2x8x30=288; 3x8x30=720; 288+720=1028 ) istehlak etməsi və 120,96 manat borcu (1008x0,12=120,96) yaranması, 9 ay üzrə 1088,64 manat 120,96x9=1088,64) borcu yaranması müəyyən edilməlidir. Yuxarıda qeyd edilənlərə əsasən iddiaçının təbii qazdan istifadəyə görə cəmi 3369,60 manat borcu (2280,96+1088,64=3369,60) yarandığı müəyyən olunur. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının təbii qazdan istifadəyə görə 9018,26 manat borcun silinməsinə dair iddia tələbi 3369,60 manat borcun silinməsi hissəsində təmin oluna bilməz. İddia tələbi 5648,66 manat borcun silinməsi hissəsində isə təmin olunmalıdır. Məhkəmə qeyd edilənlərə əsasən hesab etmişdir ki, iddia tələbi qismən təmin edilməklə iddiaçıya qaz sərfinə görə (abonent kodu: **********00160) hesablanmış 5648,66 manat məbləğində borc silinməlidir.

7. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsi, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 11.6-cı maddəsi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın 1.3, 1.4, 2.5, 2.12, 3.4, 6.5, 6.6, 6.7-cı maddələri və Mülki Prosessual Məcəllənin 119, 216-220, 222 və 360-cı maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

8. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx.xx.2024 tarixli 2(003)-402/2024 nömrəli qətnaməsi ləğv edilərək iddianın təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Apellyasiya şikayətində göstərilmişdir ki, Cavabdeh əməkdaşları tərəfindən qanunvericiliyin tələblərinə uyğun hazırlanmış aktlar iddiaçı tərəfindən birliyə vurulmuş zərərləri sübut edir. Cavabdeh əməkdaşları tərəfindən hazırlanmış aktlar qanunvericiliyin tələblərinə uyğun hazırlanmışdır və bir nüsxəsi abonentə təqdim edilmişdir və abonentin həmin aktları imza etməkdən imtinası həmin aktların qanunsuz olduğuna dəlalət etmir. Cavabdeh əməkdaşları tərəfindən aktlar tərtib olunarkən çəkilən fotoşəkillərdə açıq-aşkar görünür ki, qaz sayğacından kənar qanunsuz olaraq qazxəttinə qoşulma mövcuddur. Bilərəkdən (qəsdən) qaz qurğu sahibindən icazəsiz qaz alan cavabdeh şəxs, qaz qurğusu sahibinə vurmuş zərərin əvəzini ödəmək vəzifəsi daşıyır. Cavabdeh tərəfindən təqdim olunmuş sübutlara –,yəni aktlara hərtərəfli və tam baxılmayıb və hakim təqdim edilən sübutları nəzərə almamış və qətnamə qəbul edərkən lazımi qaydada əsaslandırmamışdır. Məhkəmə mülki işi araşdırarkən istehlakçının təbii qazdan istifadə etsə də ödənişin ödənilməməsini və ya istifadə olunmuş təbii qazın nədən qeydə alına bilməməsini araşdırmamışdır. Halbuki bu deyilən meyarlar araşdırlsa abonentin Azəriqaz İB-yə dəymiş ziyanı öz təsdiqini tapmış olardı. Məhkəmə mülki iş tədqiq edərkən iddiaçının istifadə edib ödəmədiyi borcu müəyyən etməsinə baxmayaraq tərtib edilmiş aktların heç birini tədqiq etməmişdir. Belə ki, məhkəmə ödənilməyən borcu müəyyən edərkən istifadə edilmiş qazın həcmini çoxluğunun qarşısın almaq məqsədi ilə iddiaçının təbii qazdan qeyri qanuni istifadə etmə hallarını müəyyən edə bilərdi. Habelə məhkəmə, sitifadə edilmiş ödənilməmiş məbləğin səbəblərini müəyyən edərək yuxarıda qeyd edilən məqsədə nail ola bilərdi. Məhkəmə nədənsə iddiaçıdan sübut təqdim edilməsini tələb etməmiş və sübutsuz işə baxaraq əsassız qətnamə qəbuletmişdir. Məhkəmə, qətnaməsində qeyd edilmiş borcun silinməsini təmin etsə də,amma buna əsas gətirməmişdir. Belə ki, tərtib edilmiş aktlar çəkilmiş fotoşəkillər tədqiq edilməmiş saldo isə araşdırılmamışdır. Məhkəmə iddiaçının sübuta söykənməyən mülahizəsini əsas götürmüşdür. Həmçinin, hakim iddianı nəyə görə və hansı sübutlara əsaslanaraq təmin etdiyini öz qərarında tam bildirməmişdir. Mülki Prosessual Məcəllənin əsaslandığı maddəsinə nəzərən deyə bilərlər ki, hakim iddianı nəyə görə təmin etdiyini tam və sübutlarla əsaslandırmadığına görə, işə yenidən baxılaraq, iddianın təmin edilməməsini xahiş edir. Göründüyü ki, məhkəmə qətnaməsi iddiaçının izahatına və məhkəmənin qanuna söykənməyən mülahizəsinə dayanmaqdadır.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Proses iştirakçılarının izahatı

11. Cavabdeh nümayəndəsi X7 məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərini müdafiə edərək bildirir ki, 5648.66 manat kənar xəttə görə dəymiş ziyandır. Qalan məbləğ iddiaçının öz borcudur. Rayon məhkəməsində iddiaçı izahatında bildirmişdir ki, kənar xəttdən az da olsa istifadə etmişdir. Məhkəmə işi düzgün araşdırmamışdır.

12. İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək bildirir ki, sayğac olmadan qazdan istifadə edib, cavabdeh də bunu bilir. Evin sənədi yoxdur. Qanunsuz qoşulmanı qəbul etmir. Sayğac 2 ilə yaxındır ki, quraşdırılıb və quraşdırılan zaman sayğaca uyğun ödəniş edib. Dəfələrlə müraciət edib, baxılmayıb. Hazırda sayğac var, ödənişi ödəyir.

13. Əvvəlki məhkəmə iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Energetika X1 Tənzimləmə Agentliyinin Bakı Filialının nümayəndəsi X2 çıxış edərək bildirir ki, rəyi müdafiə edir.

Tətbiq edilən hüquq normaları:

14. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir. (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”:

Bənd 1.3. Qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alğı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir. Bənd 1.4. İstehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir. Bənd 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Bənd 6.5. Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Bənd 6.6. Qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir. Bənd 6.7. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir.

16. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

Apellyasiya baxışının hədləri

17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

19. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, iddianın təmin edilməyən hissədə ləğv edilməsini xahiş etmişdir. Cavabdeh isə qətnaməni mübahisələndirməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, qətnamə iddia tələbinin təmin edilən hissəsində cavabdehə münasibətdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

20. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməlidir.

21. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabadeh Cavabdeh İB tərəfindən **********00160 nömrəli abonent kodu üzrə hesablanmış 9018,26 manat məbləğində borcun silinməsini xahiş etmişdir.

22. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” “Azəriqaz" İstehsalat Birliyi tərəfindən tərtib edilmiş 30 dekabr 2021-ci il tarixli, ******* nömrəli, 31 yanvar 2022-ci il tarixli, ******* nömrəli, xx.xx.2022-ci il tarixli, 0341509, 29 aprel 2022-ci il tarixli, ******* nömrəli, 30 iyun 2022-ci il tarixli, ******* nömrəli aktlar iş materiallarında mövcuddur.

23. Mülki prosessual qanuvericiliyə əsasən hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Cavabdehin nümayəndəsi də məhkəmə iclasında iştirak etsə də digər aktların mövcud olmasına dair məhkəməyə sübut təqdim etməmişdir.

24. Məhkəmə iclasında iddiaçı izahatında bildirdi ki, sayğac olmadan qazdan istifadə edib, cavabdeh də bunu bilir. Evin sənədi yoxdur. Qanunsuz qoşulmanı qəbul etmir. Sayğac 2 ilə yaxındır ki, quraşdırılıb və quraşdırılan zaman sayğaca uyğun ödəniş edib. Dəfələrlə müraciət edib, baxılmayıb. Hazırda sayğac var, ödənişi ödəyir.

25. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi qismən təmin edilmiş, ona istinad edilmişdir ki, iddiaçının təbii qazdan istifadəyə görə cəmi 3369,60 manat borcu yarandığı müəyyən olunur, bu səbəbdən iddia tələbi 3369,60 manat borcun silinməsi hissəsində təmin oluna bilməz, 5648,66 manat borc silinməlidir.

26. Birinci instansiya məhkəməsinin qətnaməsi cavabadeh Cavabdeh İB tərəfindən iddia tələbinin təmin edilən hissəsində mübahisələndirilmişdir. İddiaçı isə 2021-ci ildən 2022-ci ilin iyun ayı da daxil olmaqla qazdan istifadəyə görə hesablanmış 3369,60 manat borcun silinməməsi ilə razılaşaraq qətnaməni mübahisələndirməmişdir.

27. İşə apellyasiya instansiya məhkəməsində baxılması zamanı məhkəmənin sorğusu əsasında Azərbaycan Respublikası Energetika Nazirliyi Enerji Məsələlərini Tənzimləmə Agentliyi Bakı Filialı tərəfindən verilmiş 27 iyun 2024-cü il tarixli, 3-15-2-1/2-1131/2024 saylı mütəxəssis rəyində qeyd edilir ki, ünvan 3 ünvanıbda yerləşən İddiaçı məxsus fərdi yaşayış evinin qaz xətti üzərində xx.xx.2022-ci il tarixdə ******* nömrəli aktla G-4 tipli, Zenner smart-kart markalı, zavod nömrəsi **********7858 olan qaz sayğacı quraşdırılmış, sayğacın qaynaq və yivli birləşmələri yoxlanılmış, qaz sızması aşkar edilməmiş və qaz sayğacı abonentə təhvil verilmişdir. Qaz sayğacının yararlılıq müddəti istehsalçı müəssisə tərəfindən müəyyən edilir və sayğacın texniki pasportundə göstərilir. Qeyd edilən sayğacın texniki pasportunu əldə etmək mümkün olmadığından, yararlılıq müddəti haqqında rəy vermək mümkün deyil. Analogiya üzrə bu tip və markalı sayğacların yararlılıq müddəti istehsal tarixindən 10 ilə müəyyən edilir. 2020-ci ilin iyun ayından 2022-ci ilin iyul ayına qədər Cavabdeh İB-nin əməkdaşları tərəfindən abonent İddiaçı 22 aktla 9221,76 manat məbləğində əlavə borc hesablanaraq onun abonent hesabına daxil edilmişdir. Qeyd edilən ünvanda yerləşən fərdi yaşayış evinin qaz qurğuları dəqiqləşdirilmiş və abonentin aşağıda göstərilən qaz qurğularından istifadə etdiyi müəyyən edilmişdir: - 1 ədəd PQ-4 markalı məişət tipli qaz plitəsi, 1 ədəd İran sobası, 1 ədəd qənaətli su qızdırıcı. Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının “Təbii qazın ölkə daxili tariflərinin tənzimlənməsi barədə” 16 oktyabr 2021-ci il tarixli 13 nömrəli Qərarına əsasən, əhali abonentləri üçün təbii qazın illik istehlak həcminin 01 noyabr 2021-ci il tarixdən 1200 m3, (1200 m3 daxil olmaqla) olan hissəsi üçün hər 1 m3-i, 0,12 manat, illik istehlak həcminin 1200 m3-dən 2500 m3-dək hissəsi üçün hər bir 1 m3-i 0,20 manat, illik istehlak həcminin 2500 m3-dən çox olan hissəsi üçün hər 1 m3-i isə 0,25 manat qiymət təyin edildiyini nəzərə alaraq, 2020-ci il üzrə sərf edilmiş 3492 m3 qazın dəyəri (1200 m3 x 0,12 manat + 1300 m3 x 0,20 manat + 992 m3 x 0.25 manat = 652 manat) 652 manat; 2021-ci il üçün sərf edilmiş 9396 m3 qazın dəyəri (1200 m3 x 0,12 manat + 1300 m3 x 0,2 manat + 6896 m3 x 0,25 manat = 2128 manat) 2128 manat; 2022-ci il üzrə sərf edilmiş 49683 qazın dəyəri isə (1200 m3x 0,12 manat + 1300 m3 x 0,20 manat + 2468 m3 x 0,25 manat = 1021 manat) 1021 manat, cəmi 3801 manat təşkil edir. 2021-ci ilin yanvarından 2023-cü ilin yanvarına qədər abonet tərəfindən cəmi 137,5 manat ödəniş edildiyi nəzərə alınsa, ondan 3801 manat – 137,5 manat = 3663,5 manat borc tələb edilə bilər.

28. Məhkəmə kollegiyası hesab edir ki, mütəxəssis rəyi nəzərə alınmalı, işdə ola aktlar üzrə müəyyən edilmiş dövr (2020-2022-ci illər) üzrə iddiaçının 3663,5 manat məbləğində borcunun olması nəzərə alınmaqla 5354,76 manat məbləğində borc silinməlidir.

29. Şərh edilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-402/2024 saylı, xx.xx.2024-cü il tarixli dəyişdirilməli, Cavabdeh tərəfindən təbii qazdan istifadə qaydalarının pozulmasına görə İddiaçı (abonent kodu: **********00160) hesablanmış 5354,76 (beş min üç yüz əlli dörd manat yetmiş altı) manat məbləğində borc silinməli, 65 manat məbləğində dövlət rüsumu Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilməlidir.

30. Mülki Prosessual Məcəllənin 384.0.3-cü maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirə bilər.

31. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-402/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilsin. Cavabdeh tərəfindən təbii qazdan istifadə qaydalarının pozulmasına görə İddiaçı (abonent kodu: **********00160) hesablanmış 5354,76 (beş min üç yüz əlli dörd manat yetmiş altı) manat məbləğində borc silinsin. Cavabdehndən 65 manat məbləğində dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar