Məhkəmə qərarları › İş №2(103)-3448/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3448/2020

18.08.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3448/2020 18.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri – Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Şirinov Ziya Allahverdi oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X9 oğlunun katibliyi, İddiaçı1 nümayəndəsi (vəkili) X5, Cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı1 və İddiaçı2 cavabdeh «xxxx» ASC-yə qarşı «sərfiyyat üçün ayrılmış və cavabdeh tərəfindən silinmiş limitin bərpa edilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(006)-6057/2019 saylı qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı1 və İddiaçı2 cavabdeh «xxxx» ASC-yə qarşı «sərfiyyat üçün ayrılmış və cavabdeh tərəfindən silinmiş limitin bərpa edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı1 hesabında olan və cavabdeh tərəfindən silinmiş 24.90 manat məbləğində limitin bərpa edilməsi, İddiaçı2 hesabında olan və cavabdeh tərəfindən silinmiş 1107,70 manat məbləğində limitin bərpa edilməsi, iddiaçıların hər biri üçün mənəvi ziyana görə 5000 manat məbləğində pulun cavabdehdən iddiaçıların xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı1 Ağdam rayonunun Kəngərli kəndində anadan olmuşdur. Həmin kəndin işğal edilməsi ilə əlaqədar məcburi köçkün kimi Bakı şəhərində məskunlaşmış və hazırda Bakı şəhərində yuxarıda qeyd olunan ünvanda yaşayır. Azərbayacan qanunvericiliyi, xüsusilə də ölkə Prezidentinin sərəncamları və Nazirlər Kabinetinin qərarları ilə məcburi köçkünlər əvvələr kommunal xidmətlərdən azad edilmiş, hazırki dövrdə isə göstərilən xidmətlər müəyyən edilmiş limitlə verilir və həmin limit çəçivəsində su, qaz və elektrik enerjisindən istifadəyə görə pul dövlət büdcəsi hesabına ödənilir. xx xxxxxx 2016-cı il tarixdə elektrik enerjisindən istifadəyə görə İddiaçı1 təqdim edilmiş borca dair bildirişdə 420 kvts sərfiyyat (29.40 manat) göstərilmiş, həmçinin dövlət tərəfindən ayrılmış limit üzrə əvvəl isitifadə olunmamış 724.90 manat limitin istifadə olunmamış sərfiyyatın olduğu göstərilmişdir. Ancaq fevral ayı üçün elektrik enerjisindən istifadəyə görə təqdim edilmiş bilidirişdə limit sıfırlanmışdır. Digər İddiaçı2 da Ağdam rayonundan məcburi köçkün kimi Bakı şəhərində məskunlaşmışdır. xx xxxxxx 2016-cı il tarixdə elektrik enerjisindən istifadəyə görə İddiaçı2 təqdim edilmiş borca dair bildirişdə 994 kvts sərfiyyat (69.58 manat) göstərilmiş, həmçinin dövlət tərəfindən ayrılmış limit üzrə əvvəl isitifadə olunmamış 1097.78 manat limitin istifadə olunmamış sərfiyyatın olduğu göstərilmişdir. Növbəti ay üzrə həmin limit 1101.70 manat həcmində göstərilmişdir. Ancaq fevral ayı üçün elektrik enerjisindən istifadəyə görə təqdim edilmiş bilidirişdə limit sıfırlanmışdır. Azərbaycan Respublikası Qaçıqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsində və «xxxx» Açıq Səhmdar Cəmiyyətində bir neçə dəfə qəbulda olmuş, lakin nəticə olmamışdır. Hazırda bu məsələ Azrəbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2002-ci il tarixli, 15 saylı qərarı, «Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Fərmanına və ona xx.xx.2017-ci il tarixdə edilmiş dəyişikliklərə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli, 55 saylı qərarı ilə tənzimlənir. İstinad olunan hüquqi aktlar limitin həddi, istifadə qaydası və sair kimi məsələləri tənzimləyir. İstifadə olunmamış limitin növbəti aya və ya ilə keçməsini məhdudlaşdıran və ya bunu qadağan edən norma yoxdur. Belə bir qadağanedici və yaxud müəyyənedici norma olmadığı halda ayrılmış limitin cavabdeh təşkilat tərəfindən silinməsi qanunsuz olmaqla, əsassızdır. Bu cür yanaşma sadə məntiq qaydalarına da ziddir. Nəzərə alsalar ki, hazırki vəziyyətdə limiti müəyyən edən və həmin limitə görə pulu ödəyən təşkilat cavabdeh deyil, cavabdeh təşkilat sadəcə olaraq ayrılmış limit həddində elektrik enerjisi ilə təminatı həyata keçirir. Dolayısı ilə cavabdehin həmin limitə sərəncam vermək səlahiyyəti yoxdur. Ona görə də hesab edir ki, istifadə olunmamış və cavabdeh tərəfindən silinmiş limit bərpa edilməlidir. Bundan başqa, hesab edir ki, cavabdeh təşkilatın bu cür qanunsuz hərəkətləri iddiaçılarda uzun müddət narahatçılıq yaratmış, dəfələrlə həmin təşkilatda həmçinin Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsində olmuş, bu da iddiaçıların mənəvi sarsıntı və iztirab keçirmələrinə nəticələnmişdir. Ona görə də hesab edir ki, Mülki Məcəllənin 21-ci maddəsinin tələblərini nəzərə alaraq hər bir iddiaçı üçün 5000 manat cavabdehdən tutulmalıdır. Bu səbəbdən iddiaçılar məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərə əsasən məhkəmədən iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılması xahiş olunmuşdur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(006)- 6057/2019 saylı qətnaməsi ilə (hakim Natavan Tağıyeva) iddia təmin olunmamışdır. İddiaçı1 birinci instansiya məhkəməsinin qeyd edilən qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini iddia ərizəsində göstərilənlərə uyğun əsaslandırmış, həmçinin birinci instansiya məhkəməsinin qətnaməsinini əsassız olmasını, maddi hüquq normalarının pozulmasını və s. göstərmiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. İzahatlar, prosessual məsələlər: Məhkəmə baxışında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) apellyasiya şikayətini müdafiə edərək, orada göstərilən dəlillərə və birinci instansiya məhkəməsində verdiyi izahatına uyğun uyğun izahat vermiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə baxışında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini əsassız sayaraq birinci instansiya məhkəməsində verdiyi izahatına uyğun uyğun izahat vermiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə digər iddiaçıya rəsmi qaydada məlumat verilmiş, lakin o, məhkəmə iclasına gəlməmişdir. Bu səbəbdən də, məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 376.2-ci maddəsinə əsasən işə digər iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. İlkin olaraq qeyd edilməlidir ki, iddia ərizəsi təmin olunmamış, lakin qətnaməni iddiaçılardan İddiaçı1 mübahisələndirmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası məhz apellyasiya şikayəti həddində birinci instansiya məhkəməsinin qətnaməsinə münasibət bildirərək, hüquqi dəyərləndirmə aparmağı zəruri hesab edir («Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2011-ci il tarixli Qərarındakı hüquqi mövqeyi). Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Belə ki, işdə olan məcburi köçkün vəsiqələrinə əsasən, iddiaçılar Ağdam rayonundan məcburi köçkündür. İşdə olan Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin İddiaçı2 ünvanlandığı xx xxxxx 2018-ci il tarixli 01/2359 nömrəli məktubundan görünür ki, «xxxx» Açıq Səhmdar Cəmiyyəti tərəfindən Komitəyə təqdim edilmiş elektrik enerjisi istehlakçısı olan məcburi köçkünlərin adlı siyahısında Sizin ailə üzvləriniziə birlikdə adlarınız «Suraxanı rayonu, Yeni Günəşli «AB» y/s ev 120/119» ünvanında 2010, 2011, 2012-cı illərdə 7 nəfər, «Suraxanı r-nu, Yeni Günəşli «AB» y/s ev 129/119» ünvanında 2013-cü ildə 7 nəfər, 2014, 2015-ci illərdə 8 nəfər, 2016-cı ildə 7 nəfər qeyd olunmuş və bu saya görə adambaşına ayda 150 kvt. Saat norma hesabı ilə həmin illər üzrə Komitə tərəfindən mərkəzləşmiş qaydada «xxxx» ASC-yə vəsait ödənilmişdir. İşdə olan Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrinin MA seriyalı ******* saylı və MH seriyalı ******* saylı çıxarışların surətindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Y/Günəşli qəsəbəsi, D y/s ev 19, mənzil 83 və Bakı şəhəri, Suraxanı rayonu, Y/Günəşli qəsəbəsi, AB y/s ev 129, mənzil 119 tam mülkiyyət hüququ üzrə İddiaçı1 və İddiaçı2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Əvvəllər qüvvədə olmuş (Nazirlər Kabinetinin xx xxxxxx 2017-ci il tarixli, 11 nömrəli qərarı ilə ləğv edilmişdir) Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2002-ci il 22 yanvar tarixli, 15 nömrəli Qərarı ilə təsdiq edilmiş «Məskunlaşmamış qaçqın və məcburi köçkünlərə güzəştlərin müavinətlə əvəz olunması ilə əlaqədar onların ödənilməsi Qaydası»nın 3-cü bəndinə görə məskunlaşmamış qaçqın və məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları şəhər və rayonların xidmət təşkilatları (elektrik, qaz, su təchizatı və s. xidmət idarələri), yerli rayon (şəhər) və əraziləri işğal olunmuş rayonların icra hakimiyyətlərinin səlahiyyətli nümayəndələri, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin həmin rayon (şəhər) üzrə nümayəndələri ilə birlikdə faktiki istehlakçıların (o cümlədən pasport qeydiyyatına düşmüş və öz hesabına mənzil almış məcburi köçkünlərin) siyahısını onların istifadə etdikləri xidmətlərin növləri göstərilməklə, işğal olunmuş hər bir rayon (şəhər) üzrə ayrı-ayrılıqda, bu Qaydaya əlavə olunmuş forma əsasında tərtib edirlər. Həmin siyahılar istehlakçıların məskunlaşdıqları rayon (şəhər) icra hakimiyyətlərinin başçıları tərəfindən rübdə bir dəfə dəqiqləşdirilməklə, ildə bir dəfə təsdiq edilərək Komitəyə təqdim olunur. Hər ay həmin siyahılardakı saya və göstərilən xidmətlərə uyğun olaraq kommunal və digər xidmət xərcləri üzrə tələb olunan məbləğ hər bir xidmət növü üzrə müəyyənləşdirilir, müvafiq maliyyə-mühasibat sənədləri hazırlanır və ödənişin aparılması üçün hər növbəti ayın 5-dən gec olmayaraq Komitəyə təqdim edilir. Həmin Qaydaların 4-cü bəndinə görə Komitə öz növbəsində müvafiq ay üzrə kommunal və digər xidmət xərclərinin xidmət təşkilatlarına ödənilməsi məqsədi ilə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə müvafiq ödəniş sənədlərini hazırlayıb təqdim edir. Həmin Qaydaların 6-cı bəndinə görə kommunal xidmət təşkilatları elektrik enerjisi (adambaşına ayda 50 kvt.s nəzərdə tutulur), qaz və suya görə istehlakçıların istifadə etdiyi müvafiq xidmətin haqqını sayğacların göstəricilərinə (sayğac olmayan yerlərdə adambaşına müvafiq tarif və normalara) əsasən müəyyənləşdirirlər. «Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2017-ci il tarixli Fərmanına və ona xx xxxxxx 2017-ci il tarixdə edilmiş dəyişikliklərə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2017-ci il tarixli 55 saylı Qərarına əsasən fərdi qaydada sayğacların quraşdırılması və texniki istismarı mümkün olmayan sıx müvəqqəti məskunlaşma yerlərində faktiki yaşayan məcburi köçkünlər və onlara bərabər tutulan şəxslərin elektrik enerjisi haqları üzrə adambaşına 150 kVt saat, qazla təmin olunmayan sıx məskunlaşma yerlərində yaşayanlar üçün isə 300 kVt saat limitin müəyyən edilərək mərkəzləşdirilmiş qaydada ödənilməsi nəzərdə tutulur. Qeyd edilən normativ-hüquqi aktların heç birində müəyyən edilmiş limitin istifadə olunmamış hissəsinin növbəti aya və ya ilə keçirilməsinə dair hər hansı göstəriş yoxdur. Göründüyü kimi, istehlakçının enerjidən istifadəsi nəticəsində hesablanan məbləğ limitdən az olduqda, limitin qalığı növbəti aya keçirilməsi nəzərdə tutulmamışdır. Ona görə də iddiaçının tələb etdiyi məbləğin hesaba bərpası mümkün deyildir. Yalnız, istehlak olunmuş aylıq kommunal sərfin müvafiq təchizat şirkətlərinə ödənilməsi təmin edilir. İddiaçı tələbinin əsası kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Avropa Məhkəməsi «X2rşı» iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. «Qavazov Bolqarıstana qarşı» iş üzrə xx xxxx 2008-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Qanunvericiliyin qeyd edilən normalarından göründüyü kimi, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etmək yükünü daşıyır, əks halda iddia özü-özlüyündə əsassızdır. Beləliklə, işin faktiki halları və qanunvericiliyin qeyd edilən normalarına əsasən, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla, qətnamənin ləğvinə əsas ola bilməz. Şərh edilənlərə əsasən və MPM-in 372, 382,384.0.1,393və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı1 və İddiaçı2 cavabdeh «xxxx» ASC-yə qarşı «sərfiyyat üçün ayrılmış və cavabdeh tərəfindən silinmiş limitin bərpa edilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(006)-6057/2019 saylı qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(006)- 6057/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar