Məhkəmə qərarları › İş №2(103)-3448/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3448/2021

01.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3448/2021 01.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Кollegiyası Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi ilə İddiaçı cavabdehlər “X1 Mərkəzi” MMC-yə və Bakı şəhəri Cavabdeh2nə qarşı “hərracın nəticələri haqqında yekun protokolun etibarsız hesab edilərək ləğv edilməsi” tələbinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2207/2020 saylı, xx xxxxxx 2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə əsasən işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhər Səbail Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(009)-2207/2020 saylı qətnaməsi ilə İddiaçı cavabdehlər «X1 Mərkəzi» MMC-yə və Cavabdeh2nə qarşı Cavabdeh2 müvafiq sifarişi əsasında hüquqi varisi olduğu atası X2 mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 5-ci sırada istifadədə olan 0,00943 ha torpaq sahəsində yerləşən iki mərtəbəli, yeddi otaqlı, 108,4 kv.m. yaşayış, 47,8 kv.m. köməkçi sahədən ibarət 3 saylı fərdi yaşayış evinin satışı ilə əlaqədar cavabdeh “X1 Mərkəzi” MMC tərəfindən keçirilmiş hərrac nəticələri haqqında yekun protokolunun etibarsız hesab edilərək ləğv edilməsi və nəticə etibarı ilə “xxxx” ASC ilə bağlanmış alqı-satqı müqaviləsi ləğv edilərək həmin evin yenidən hərrac yolu ilə satışının təşkil edilməsi barədə iddia tələblərinin təmin edilməməsi qət edilmişdir. xx.xx.2021-ci il İddiaçı tərəfindən həmin qətnamədən verilmiş apellyasiya şikayəti Səbail Rayon Məhkəməsinə daxil olmuş, məhkəmə özünün xx xxxxxx 2021-ci il tarixli qərardadı ilə, apellyasiya şikayətinin qanunvericikdə nəzərdə tutulmuş müddət ötürüldükdən sonra verilmiş olmasına əsaslanaraq onu geri qaytarmışdır. İddiaçı həmin qərardaddan şikayət verərək onun ləğv edilməsini xahiş etmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə bu zaman ona əsaslanmışdır ki, iddiaçı müddəti ötürməklə apellyasiya şikayəti verməsinə baxmayaraq müddətin bərpasını da xahiş etməmişdir. İşə baxılmasının yeri və vaxtı barəsində lazımi qaydada məlumatlandırılmış tərəflər məhkəməyə gəlməmiş, kollegiya onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin şikayət mövzusu olan qərardadı isə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, İddiaçı məhkəmə iclasında nümayəndəsi və vəkili Nümayəndə vasitəsi ilə təmsil olunmuşdur. xx.xx.2020-ci il tarixdə keçirilən məhkəmə iclasında iddiaçının nümayəndəsi məhkəmə iclasında iştirak etmiş və həmin gün qətnamə qəbul edildikdən dərhal sonra rəsmi qaydada müvafiq qəbzə imza etdirməklə ona təqdim edilmişdir (bu barədə iş materiallarında müvafiq qəbz var). Lakin iddiaçı tərəfindən qətnamədən verilmiş apellyasiya şikayəti iki ay müddət keçdikdən sonra, yəni 11.01. 2021-ci il tarixdə poçt müəssisəsinə təhvil verilmişdir. Mülki Prosessual Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilə bilər. Həmin Məcəllənin 128.1-ci maddəsinə görə, prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Mülki Prosessual Məcəllənin 130.3-cü maddəsinə görə, prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, İddiaçı qətnamədən apellyasiya şikayətini prosessual müddət keçdikdən sonra verdiyi, habelə, bu zaman müddətin bərpa olunması barədə ərizə təqdim etmədiyi üçün birinci instansiya məhkəməsi əsaslı olaraq apellyasiya şikayətini müddətin ötürülməsi səbəbi ilə geri qaytarmışdır və şikayətin dəlilləri qərardadın ləğvi üçün əsas təşkil etmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Şikayət təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2207/2020 saylı, xx xxxxxx 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar