Məhkəmə qərarları › İş №2(103)-3452/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3452/2021

20.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3452/2021 20.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, İddiaçı “xxxx” MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı “xxxx” MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 24 noyabr 2020-ci il tarixli 2(011)-5565/2020 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı MMC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 11.04.2018-ci il tarixli müqaviləyə əsasən 2272 manat əsas, 678 dəbbə pulunun, 12.04.2018-ci il tarixli müqaviləyə əsasən 76 manat əsas, 31 manat dəbbə pulunun, cəmi 3057 manat pulun və 30 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 11.04.2018-ci il tarixli müqaviləyə əsasən cavabdehin iddiaçıdan aldığı dəyəri 2862 manat (12 ay x 226 manat +150 manat ilkin ödəniş) olan “Samsung LED” markalı televizora görə 2272 manat əsas, 678 manat dəbbə (güzəştlə) pulu borcu yaranmışdır. 12.04.2018-ci il tarixli ikinci müqaviləyə əsasən dəyəri 1236 manat (12 ay x 103 manat + 0 manat ilkin ödəniş) olan “Lenovo” markalı noutbuka görə isə 76 manat əsas, 31 manat cərimə (güzəştlə) borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1750 manat təşkil edir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 24 noyabr 2020-ci il tarixli 2(011)-5565/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, 11.04.2018-ci tarixli 108236 saylı müqaviləyə əsasən 2272 manat əsas, 60 manat dəbbə pulu, 12.04.2018-ci il il tarixli 108838 saylı müqaviləyə əsasən 76 manat əsas, 10 manat dəbbə pulu olmaqla, cəmi 2418 manat borc və 30 manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı MMCyə ödənilməsi qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, o, məhkəmə tərəfindən təyin edilən məbləğlə razı deyildir və ona dəbbə pulu hesablana bilməzdi. Çünki məhkəmə tərəfindən ekspertiza keçirilmədən, ondan tələb edilən əşyaların qiyməti müəyyənləşdirilmədən əsassız nəticəyə gəlinmişdir. Buna görə də hesab edir ki, məhkəmə qətnamə qəbul edərkən maddi və prossesual hüquq normalarını pozmuşdur. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəməyə teleqram ünvanlayaraq COVİD-19 virusunun əlamətlərini özündə hiss etdiyini bildirərək məhkəmə iclasının 3 həftəyə təxirə salınmasını xahiş etmiş, lakin teleqrama xəstəliyini təsdiq edəcək tibbi arayışı əlavə etməmişdir. Üzrlü səbəb olmadığına görə Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 24 noyabr 2020-ci il tarixli 2(011)- 5565/2020 saylı qətnaməsi cavabdehin apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, tərəflər arasında 11.04.2018-ci il tarixdə “Samsung LED” markalı televizorun və “Samsung Galaxy A8 Plus” markalı telefonun nisyə alqı-satqısı barədə 108236 saylı müqavilə bağlanmışdır. Müqaviləyə əlavə edilmiş ödəniş cədvəlinə əsasən əşyanın ümumi dəyəri 2862 manat, ilkin ödəniş 150 manat, ödəniş müddəti 12 ay olmaqla, aylıq ödəniş 226 manat müəyyən edilmişdir. Əşya cavabdehə 11.04.2018-ci il tarixdə təhvil verilmişdir. Eyni zamanda tərəflər arasında yenidən 12.04.2018-ci il tarixdə “Lenovo” markalı noutbukun satılması barədə 108838 saylı nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əlavə edilmiş ödəniş cədvəlinə əsasən əşyaların ümumi dəyəri 1236 manat, ödəniş müdəti 12 ay olmaqla, aylıq ödəniş isə 103 manat müəyyən edilmişdir. Əşyalar cavabdehə 12.04.2018-ci il tarixdə təhvil verilmişdir. Müqavilələr üzrə cavabeh tərəfindən ödənişlər qismən aparılmışdır. İş materiallarına əlavə edilmiş maliyyə arayışından görünür ki, cavabdehin birinci müqavilə üzrə ödədiyi pul məbləği 590 manat, qalıq borcu 2272 manat, dəbbə pulu 678 manat, ikinci müqavilə üzrə ödədiyi pul məbləği 1160 manat, qalıq borcu 76 manat və dəbbə pulu 31 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. İş materiallarından görünür ki, tərəflər arasında hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilələr bağlanmışdır. Mülki Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında bağlanmış 11.04.2018-ci il tarixli müqaviləyə əlavə olan ödəniş cədvəlinin 2-ci bəndində ödəniş üzrə gecikmələr olduqda cavabdehdən dəbbə pulu tutulması nəzərdə tutulmuş və həmin ödəniş cədvəli Cavabdeh tərəfindən imzalanmışdır (i.v.17). Bundan əlavə, cavabdeh məhkəmə əmtəəşünaslıq ekspertizası keçirilməsinin zəruriliyini əsaslandırmamışdır. Aldığı əşyaların qiymətinin məhkəmə tərəfindən müəyyən edilməsinə gəldikdə isə əşyaların qiyməti cavabdehlə bağlanan müqavilələrlə müəyyən edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin etməklə mübahisənin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər cavabdehin formal mülahizələrindən ibarət olmaqla qətnamənin ləğvi üçün əsas təşkil etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 382, 384, 392, 393, 402, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 24 noyabr 2020-ci il tarixli 2(011)-5565/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş 15 manat dövlət rüsumu cavabdehə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına yazılı formada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar