Məhkəmə qərarları › İş №2(103)-3452/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3452/2024

07.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3452/2024 07.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Leyla Məmmədovanın katibliyi, üçüncü şəxs, eyni zamanda iddiaçının nümayəndəsi Hüseyn Cavadovun iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “sığorta ödənişinin verilməsi barədə” iddiasına dair mülki iş üzrə Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(004)-205/2024 nömrəli qətnaməsindən cavabdeh "xxxx" ASC-nin apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, iddiaçıya məxsus “Hyundai 130” markalı **-ES-*** dövlət qeydiyyat nişanlı avtomobilin yol-nəqliyyat hadisəsində mexaniki zədə alması nəticəsində vurulmuş zərərə görə 2.960 manat sığorta ödənişi cavabdehdən alınaraq iddiaçıya verilsin. Qətnamə ilə qət olunub ki, iddia qismən təmin olunsun, sığorta ödənişi kimi 2.080 manat cavabdehdən alınaraq iddiaçıya verilsin, iddianın qalan hissəsi təmin edilməsin. Apellyasiya şikayətində tələb olunub ki, qətnam ləğv edilsin və iddia təmin edilməsin. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iclasında iştirak edən, mübahisə predmeti barəsində müstəl tələb irəli sürməyən üçüncü şəxs, eyni zamanda İddiaçı nümayəndəsi Hüseyn Cavadov apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir: xx.xx.2023-cü ildə yol-nəqliyyat hadisəsi baş verib. Hadisə zamanı 2 avtomobil toqquşub: 1) iddiaçının etibarnamə əsasında idarə etdiyi “Hyundai 130” markalı **-ES-*** dövlət qeydiyyat nişanlı avtomobil; 2) Gülnar Mahmudovanın idarə etdiyi “Changan Uni-K” markalı **-PT- *** dövlət qeydiyyat nişanlı avtomobil. Toqquşma nəticəsində hər 2 avtomobil mexaniki zədə alıb. Hadisə “Changan Uni-K” markalı avtomobilin sürücüsünün təqsiri üzündən baş verib. Həmin avtomobilin sahibinin mülki məsuliyyəti icbari qaydada sığortalanıb. Ona görə də iddiaçı sığorta ödənişinin verilməsi üçün cavabdehə müraciət edib, lakin cavabdeh sığorta ödənişi verməkdən imtina edib. Cavabdeh imtinanı onunla əsaslandırıb ki, iddiaçı yol-nəqliyyat hadisəsinin baş verməsindən 2 ay 1 gün keçdikdən sonra sığortaçıya müraciət edib, iddiaçı tərəfindən sığortaçıya avtomobilin uzaq məsafədən çəkilmiş, zərərin həcminin müəyyən edilməsi üçün kifayət qədər məlumat verməyən fotoşəkil təqdim olunub. Mexaniki zədə almış avtomobil sığorta hadisəsindən dərhal sonrakı vəziyyətdə sığortaçıya təqdim edilmədyinə görə o, dəymiş zərərin həcmini müəyyənləşdirmək imkanından məhrum olub. Qanunvericiliyə görə, zərər dəymiş əmlak sığorta hadisəsindən dərhal sonrakı vəziyyətdə sığortaçıya təqdim edilməlidir (Mülki Məcəllə, maddə 925.5). Əgər bu qaydaya əməl edilməməsi sığortaçını zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum edirsə sığortaçı sığorta ödənişinin verilməsindən imtina edir (Mülki Məcəllə, maddə 935.1.5). Müəyyən olunur ki, yol hərəkəti qaydalarını pozan avtomobil sürücüsü yol-nəqliyyat hadisəsi yerindən yayınıb. Bu fakt işdə olan sənədlərlə təsdiq olunur. Bu səbəbdən inzibati tənbeh vermə haqqında qərar hadisədən 1 ay 26 gün sonra – xx.xx.2023-cü ildə qəbul edilib, o cümlədən həmin qərarla sürücü həm də yol-nəqliyyat hadisəsi yerindən yayınmaya görə inzibati məsuliyyətə cəlb edilib. İddiaçı birinci instansiya məhkəməsində icraat zamanı verdiyi izahatda bildirib ki, digər sürücü hadisə yerindən yayındığına və həmin sürücü barədə məlumat onda olmadığına görə öz avtomobilinin aid olduğu sığorta şirkətinə müraciət etmiş, lakin şirkət uzun müddət ona cavab verməmiş, şifahi şəkildə bildirmişdir ki, hadisəni törədən sürücünün avtomobilinin aid olduğu sığorta şirkətinə müraciət etsin. O, buna etiraz etdikdə isə sığorta ödənişinin verilməsindən imtina olunmuş, məcbur olub avtomobilini öz hesabına təmir etmişdir. Zərərin vurulması faktı mübahisə doğurmur, mübahisə doğuran zərərin məbləğidir. Birinci instansiya məhkəməsində icraat zamanı zərərin məbləğinin müəyyən edilməsi üçün ekspertiza keçirilib, Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 9/9724 nömrəli rəyi ilə zərərin məbləğinin 2.080 manat olduğu müəyyən edilib. Hazırkı mübahisədə Mülki Məcəllənin 935.1.5-ci maddəsinin tətbiqi öz mənasını itirib. Belə ki, həmin maddə sığortaçının zərərin həcmini müəyyənləşdirmək imkanından məhrum edilməsinin nəticəsinə əsaslanır. Lakin zərərin həcmini müəyyənləşdirmək müstəsna olaraq sığortaçının səlahiyyətinə aid deyil, məhkəmə mübahisələri zamanı məhkəmələr də belə səlahiyyətə malikdir. Hazırkı məhkəmə mübahisəsində ekspertiza keçirilməklə zərərin həcmi müəyyən edildiyinə görə, sığortaçının zərərin həcmini müəyyənləşdirmək imkanından məhrum edilməsi sığorta ödənişinin verilməsi barədə iddianın rədd edilməsinə əsas ola bilməz. Beləliklə, məhkəmə Mülki Məcəllənin 934 və 935-ci maddələrinin göstərişlərinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi sığorta ödənişi kimi 2.080 manat tutulmasını qət etməklə düzgün nəticəyə gəlib, həmin hissədə qətnamənin ləğv edilməsi üçün əsas yoxdur. Qətnamə iddianın rədd edilməsinə aid hissədə mübahisələndirilmədiyinə görə həmin hissədə qətnamənin əsaslılığı apellyasiya qadasında yoxlanılmadı. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(004)-205/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar