Məhkəmə qərarları › İş №2(103)-3454/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3454/2023

13.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair müb
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3454/2023 13.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı QSC BOKT-un Cavabdeh Xanbala oğluna qarşı “kredit borcunun tutulması və sair” tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “kredit borcunun tutulması və sair”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə Həsənova Nəzirə Altay qızının katibliyi ilə, İddiaçının nümayəndəsi X2, Cavabdehin vəkili Vəkil iştirakları ilə, Qaradağ Rayon Məhkəməsinin 2(002)-2/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları:

1. İddiaçı "xxxx" ASC 04 iyun 2010-cu il tarixdə Cavabdeh Xanbala oğluna qarşı «kredit borcunun ödənilməsi, tutmanın ipotekaya qoyulmuş əmlaka yönəldilməsi və açıq hərracdan satılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Xanbala oğlundan "xxxx" ASC-nin xeyrinə xx.xx.2010-cu il tarixə 4.090 manat məbləğində əsas kredit, hesablanmış 1.175 manat məbləğində faiz, 5.687 manat 45 qəpik dəbbə pulu, cəmi 10.952 manat 45 məbləğində pulun tutulması; tutmanın Cavabdeh Xanbala oğluna məxsus olan «VAZ-21074» markalı ** SG *** dövlət qeydiyyat nişanlı, 2006-cı il buraxılışlı minik avtomobilinə yönəldilərək açıq hərracda satılması; bankın kredit tələbinin satılmış avtomobil hesabına ödənilməsi; ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-nin Sumqayıt filialı ilə Cavabdeh Xanbala oğlu arasında bağlanmış 14 iyul 2008-ci il tarixli 74/08 saylı kredit müqaviləsinə əsasən bank Cavabdeh «VAZ-21074» markalı minik avtomobilinin alınması üçün 18 ay müddətinə 4.300 manat məbləğində kredit vermişdir. Müqavilənin şərtlərinə görə kredit üzrə faizlər illik 22 faizlə hesablanmalı idi. Müqavilənin 1.7-ci bəndinə əsasən borcalan tərəfindən kredit üzrə faizlərin ödənişi hər ayın 14-ü tarixindən gec olmayaraq, 1.6-cı bəndinə əsasən əsas borcun ödənişi 18 ay müddətində bərabər hissələrlə həyata keçirilməlidir. Kredit öhdəliyinin təmin edilməsi üçün tərəflər arasında 14 iyul 2008-ci il tarixli 74 saylı ipoteka müqaviləsi bağlanmışdır. Müqavilənin şərtlərinə görə Cavabdeh məxsus «VAZ-21074» markalı ** SG *** dövlət qeydiyyat nişanlı, 2006-cı il buraxılışlı ağ rəngli avtomobili ipotekaya qoyulmuş, Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən ipoteka müqaviləsi AG seriyalı 154892 saylı şəhadətnamə ilə qeydiyyata alınmış, bu barədə avtomobilin qeydiyyat şəhadətnaməsində müvafiq qeydlər aparılmışdır. Cavabdeh kredit vəsaitindən istifadə etmiş, kredit müqaviləsinin müddətinin xx.xx.2010cu il tarixdə bitməsinə baxmayaraq əsas kredit məbləğini və kreditə hesablanmış faizi tam ödəməmişdir. Cavabdeh kredit vəsaitindən istifadə etmiş, kredit müqaviləsinin müddətinin xx.xx.2010-cu il tarixdə bitməsinə baxmayaraq, əsas kredit məbləğini və kreditə hesablanmış faizi tam ödəməmişdir. Cavabdehə kreditin vaxtında qaytarılması haqqında bank tərəfindən bildiriş göndərilmiş, lakin buna baxmayaraq bu günə qədər kredit borcunun və hesablanmış faizlərin ödənilməsi təmin edilməmişdir. Cavabdeh xx.xx.2010-cu il tarixə banka 4.090 manat məbləğində əsas kredit borcu, hesablanmış 1.175 manat faiz, 5.687 manat 45 qəpik dəbbə pulu olmaqla, cəmi 10.952 manat 45 qəpik borcu vardır. İpoteka müqaviləsinin 3.2-ci bəndinə əsasən cavabdeh ipoteka ilə təmin edilmiş öhdəliyi nəzərdə tutulmuş müddətdə və ya lazımınca yerinə yetirmədikdə tələblərin ödənilməsi ipoteka qoyulmuş əmlaka – avtomobilə yönəldilir. Hesab edirlər ki, banka ipotekaya qoyulmuş «VAZ-21074» markalı ** SG *** dövlət qeydiyyat nişanlı, 2006-cı il buraxılışlı ağ rəngli avtomobil açıq hərracdan satılmalı, bankın kredit tələbi satılmış avtomobilin hesabına ödənilməlidir.

3. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 13 sentyabr 2010-cu il tarixli, 2(002)- 988/2010 saylı qiyabi qətnaməsi ilə iddia təmin edilmişdir.

4. «X6 Edilməsi Agentliyi» MMC 29 noyabr 2021-ci il tarixdə məhkəməyə müraciət edərək, bu qəbildən olan məktubla məhkəməyə müraciət etmək hüququ ilə bağlı izahat vermiş və qiyabi qətnamə üzrə icra vərəqəsinin Qaradağ rayon İcra Şöbəsində aşkar edilmədiyini bildirmiş, borc məbləği tam icra edilmədiyi üçün yenidən icra vərəqəsinin aidiyyəti üzrə icra şöbəsinə göndərilməsini xahiş etmişdir.

5. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(002)- 988/2010 saylı qərardadı ilə qiyabi qətnamə ləğv edilmiş və sonrakı prosessual hərəkətlər aparılmışdır.

6. Sonradan, "xxxx" ASC-nin ərizəsinə əsasən əsl olmayan iddiaçı əsl İddiaçı BOKT QSC ilə əvəz edilmişdir.

7. Qaradağ Rayon Məhkəməsinin 2(002)-2/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakim Kamran Əsədov) iddia qismən təmin edilmiş, məhkəməyə təqdim olunmuş maliyyə arayışındakı tarixə mövcud olan 4.090 manat məbləğində əsas borc, 1.175 manat məbləğində faiz, 500 manat dəbbə pulu olmaqla, cəmi 5765 manat məbləğində pul vəsaiti və ödənilmiş 20 manat dövlət rüsumunun Cavabdeh Xanbala oğlundan İddiaçı BOKT QSC-nin xeyrinə tutulması, tələb üzrə tutmanın Cavabdeh Xanbala oğluna məxsus olan «VAZ-21074» markalı ** SG *** dövlət qeydiyyat nişanlı, 2006-cı il buraxılışlı minik avtomobilinə yönəldilməsi, həmin avtomobilin açıq hərracdan satılması, açıq hərracdan satışdan əldə olunmuş vəsait hesabına ümumi borc məbləğinin ödənilməsi, borc ödənildikdən sonra vəsait artıq qalarsa Cavabdeh Xanbala oğluna qaytarılması, açıq hərracdan avtomobilin satışından əldə edilmiş vəsait borcun ödənilməsinə kifayət etmədikdə qalıq borcun tutulmasının adi qaydada icra edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır.

8. İddiaçı qətnaməni mübahisələndirməmiş, cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti və onun dəlilləri:

9. Qətnamədən cavabdeh apellyasiya şikayət verib və şikayətinin dəlili kimi qeyd etmişdir ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Ümumilikdə müqavilədə xx.xx.2010-cu il tarixdə borcun tam olaraq bağlanması nəzərdə tutulmuşdur. Məhkəməyə isə xx.xx.2021-ci il tarixdə müraciət edilib, qeyd olunan kredit üzrə borc “Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanına əsasən restrukturizasiya olunmalı idi. Belə olan halda Bank borcunu tələb etməli idi. Hazırki halda isə Bank nə borcu siyahıya salmış, nə də tələb etməmişdir. Məhkəmə əsassız olaraq 500 manat da dəbbə pulu hesablamışdır. X1 Bankın öz əməkdaşı və ya onlarla əlbir olan şəxs olduğu müəyyən edilmiş olsa idi cavabdeh həmin şəxslərin qanunazidd əməllərinə cavabdehlik daşımalı idi. Bunla bağlı müraciət etsə də, məhkəmə işi təxirə salmadan yekun qətnamə qəbul etdi. Bu səbəbdən, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:

10. Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi.

11. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi E.Budaqova apellyasiya şikayəti ilə razılaşmayaraq, təmin edilməməsini xahiş etmişdir. Sübutların tədqiqi: Mülkin iş materiallarında olan:

12. 14.07.2008-ci il tarixli 74/08 saylı kredit müqaviləsinin surətindən görünür ki, iddiaçı "xxxx" ASC tərəfindən Cavabdeh Xanbala oğluna 18 ay müddətinə, illik 22 % ödənilməsi şərti ilə 4.300 manat məbləğində kredit verilmişdir.

13. 14.07.2008-ci il tarixli 74 saylı girov müqaviləsindən görünür ki, yuxarıda qeyd olunan kredit müqaviləsi üzrə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə Cavabdeh Xanbala oğlu iddiaçı ilə ipoteka müqaviləsi bağlayaraq, özünə məxsus olan, 2006-cı il buraxılışlı «VAZ-21074» markalı ** SG *** dövlət qeydiyyat nişanlı minik avtomobilini banka ipoteka qoymuşdur. İpoteka müqaviləsi qanunla müəyyən edilmiş qaydada təsdiq edilmiş, 14 iyul 2008-ci il tarixdə DİN BDYPİ QİŞ-də qeydiyyata alınmışdır.

14. xx.xx.2010-cu il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh Xanbala oğlunun xx.xx.2010-cu il tarixə 4.090 manat məbləğində əsas kredit, hesablanmış 1.175 manat məbləğində faiz, 5.687 manat 45 qəpik dəbbə pulu olmaqla, cəmi 10.952 manat 45 qəpik məbləğində borcunun mövcud olması qeyd edilmişdir.

15. Həmin avtomobil qiymətləndirilməsi üçün qiymətləndiriciyə təqdim edilməmişdir. Bu səbəbdən, məhkəmənin avtomobilin qiymətləndirilməsi barədə qərardadının icrası mümkün olmamış, «Lex Fori» Hüquq və Qiymətləndirmə Şirkətinin 15 noyabr 2022-ci il tarixli 39 saylı məktubu ilə qərardad icra olunmadan məhkəməyə qaytarılmışdır.

16. Bildirişdən görünür ki, iddiaçı pretenziya qaydasına riayət edərək, Cavabdeh Xanbala oğlundan borcu ödəməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onu xəbərdar etmişdir. Tətbiq edilən maddi hüquq normaları: Azərbaycan Respublikası Mülki Məcəlləsi:

17. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

18. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

19. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

20. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

21. 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

22. Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.

23. Maddə 372.2. hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.

24. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.

25. Maddə 269.1. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur.

26. 269.2. Girov və ipoteka hüququ əşya hüquqlarının məhdudlaşdırılmasından ibarətdir. Tətbiq edilən prosessual hüquq normaları: Mülki Prosessual Məcəllə

27. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

29. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

30. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

31. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın

32. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.

33. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.

34. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

35. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

36. Maddə 376.2. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzürlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər.

37. Maddə 380.1. Tərəflərin izahatlarından sonra məhkəmə zərurət olduqda işdə olan sübutları elan edir, habelə yeni təqdim olunmuş sübutları, əgər onların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu hesab edərsə, araşdırır.

38. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi:

39. Maddə 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Apellyasiya Məhkəməsinin baxışının hədləri:

40. Hazırkı halda, Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehin şikayətinə əsasən tam yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:

41. Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

42. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin iddia müddətinin ötürülməsi barədə dəlilinə əsasən qeyd edir ki, hazırkı mülki işdən məlum olur ki, iddia ərizəsi ilə məhkəməyə xx.xx.2010-cu il tarixdə müraciət edilin, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 13 sentyabr 2010-cu il tarixli, 2(002)- 988/2010 saylı qiyabi qətnaməsi ilə iddia təmin edilmişdir, bu səbəbdən həmin dəlil əsassızdır.

43. Kollegiya apellyasiya şikayətinin “Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanına əsasən restrukturizasiya olunması barədə dəlilinə münasibətdə bildirir ki, həmin Fərmanda fiziki şəxslərin banklara 10 000 (on min) ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsinin ödənilməsi nəzərdə tutulub, hazırkı kredit müqaviləsində cavabdehə kredit manatla verilmişdir, bu səbəbdən də həmin dəlil əsassızdır.

44. Məhkəmə kollegiyası apellyasiya şikayətinin 500 manat dəbbə pulunun əsassız hesablanması barədə dəlilinə əsasən bildirir ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

45. Hazırkı iş üzrə tərəflər ararsında bağlanmış müqavilənin 4.2-ci bəndində borc məbləğinin gecikdirilməsi ilə əlaqədar dəbbə pulunun tutulması nəzərdə tutulmuşdur, iddiaçı tərəfindən cavbdehdən dəbbə pulu kimi 5.687 manat 45 qəpik tələb olunmuş, rayon məhkəməsi isə Mülki Məcəllənin 462.1-ci maddəsinə istinadən ondan tələb olunan dəbbə pulunu əhəmiyyətli dərəcədə azaltmışdır. Demək ki, apellyasiya şikayətinin həmin dəlili də əsasızdır.

46. Mülki iş materiallarından məlum olur ki, cavabdeh tərəfindən öhdəliklər lazımınca icra olunmamış və onların iddiaçıya borcu yaranmışdır, rayon məhkəməsi iddia tələbini qismən təmin etməkdə haqlı olmuşdur, apellyasiya şikayətinin dəlilləri əsassızdır və təmin edilə bilməz. Nəticə:

47. Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı qismən təmin etməkdə haqlı olmuş, qətnamə qanuni və əsaslı, apellyasiya şikayətinin dəlilləri isə əsassız olmaqla, qətnamənin ləğvinə səbəb olmadığından şikayət təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

48. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş cavabdehin özünə aid edilməlidir.

49. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,

QƏT ETDİ:

Cavabdeh Xanbala oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Qaradağ Rayon Məhkəməsinin 2(002)-2/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi onun apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: İkram Şirinov Hakimlər: Namiq Cəfərov Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar