Məhkəmə qərarları › İş №2(103)-3457/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3457/2024

25.06.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3457/2024 25.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi tələbin barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X2 və İmanov Azad Nizami oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mirzəzadə Mehri Rasim qızının katibliyi ilə, hazırki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 15 mart 2024-cü il tarixli qətnamədən Cavabdeh verdiyi apellyasiya şikayətinə əsasən işə, Cavabdeh nümayəndəsi X1 iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia barədə məlumat

1. İddiaçı cavabdeh Birliyə qarşı iddia ərizəsi ilə Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh Birlik tərəfindən ona əsassız olaraq əlavə sərfiyyat kimi hesablanmış 7.720 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Arif Hüseynov (d/yolu) 5 ünvanında yerləşən fərdi yaşayış evi iddiaçının mülkiyyətindədir. İddiaçı həmin evdə yaşamır. Evdə iddiaçının yaxın qohumları yaşayır. xx.xx.2022-ci il tarixdə Binəqədi Rayon Qaz İstismar Sahəsinin əməkdaşları tərəfindən iddiaçının iştirakı olmadan ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt tərtib edilmişdir. Aktda qeyd edilmişdir ki, iddiaçıya aid ünvanda təbii qazdan qeyri-qanuni, yəni sayğacdan kənar çəkilmiş xətt vasitəsi ilə istifadə olunur. Qeyd edilən borc da məhz həmin akta əsasən hesablanmışdır. İddiaçı hesab edir ki, akt və akt əsasında hesablanmış borc əsassızdır. Çünki ona məxsus evdə sayğacdan kənar xətt mövcud olmamış, təbii qazdan qeyri-qanuni qaydada istifadə edilməmişdir. b) cavabdehin iddia tələbinə qarşı mövqeyi barədə məlumat

3. Məhkəmə iclaslarında iştirak edən iddiaçı iddia tələbinin dəlillərinə uyğun izahat vermiş və iddianın təmin edilməsini xahiş etmişdir.

4. Cavabdeh Birliyin nümayəndəsi məhkəmə baxışı iclasında iştirak edərək, iddiaya etiraz edərək bildirmişdir ki, iddiaçının ünvanında təbii qazdan sayğacdan kənar çəkilmiş xətt vasitəsi ilə istifadə edilməsi Birliyin əməkdaşlarının tərtib etdikləri akt və çəkdikləri videogörüntü ilə təsdiq olunur. Buna görə də iddia əsassız hesab edilməlidir. c) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat

5. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, cavabdeh Birlik tərəfindən xx.xx.2023-cü il tarixli, ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akta əsasən iddiaçıya (abonent kodu: **********00000) hesablanmış 6.687,36 manat məbləğində borcun silinməsini, iddianın qalan hissədə təmin edilməməsini, cavabdeh Birlikdən 86,87 manat dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsini qət etmişdir.

6. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, qaz paylayıcı olan Birlik tərəfindən abonent olan iddiaçıya 2022-ci ilin 6 ayı üçün (noyabradək) kifayət qədər yüksək məbləğdə borc hesablandığından və həmin borcun (1.049,72) əsassızlığı ilə bağlı hər hansı sübut təqdim edilmədiyindən iddia akta əsasən hesablanmış 6.687,36 manat borcun silinməsi hissəsində əsaslı hesab edilməlidir. Qalan hissədə isə iddia əsassızdır. d) apellyasiya şikayəti barədə məlumat

7. Cavabdeh Birlik həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın tam həcmdə rədd edilməsini xahiş etmişdir.

7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Birliyin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə baxış keçirilərkən iddiaçı tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni qeyri-qanuni şəkildə təbii qazı talaması faktı aşkar olunmuş, aşkar olunmuş fakt yerindəcə Birliyin əməkdaşları tərəfindən tərtib olunmuş ******* №-il, xx.xx.2022-ci il tarixli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktla rəsmiləşdirilmişdir. Birliyin əməkdaşları tərəfindən tərtib edilmiş akt qanunvericiliyin tələblərinə uyğundur. Aktlar tərtib olunarkən çəkilən fotoşəkillərdə açıq-aşkar görünür ki, qaz sayğacından kənar qaz xəttinə qanunsuz olaraq qoşulma mövcuddur. Daha sonra həmin akt əsasında “Dəymiş ziyanın bərpasına dair” Tələbnamə təsdiq edilmişdir. Həmin Tələbnaməyə əsasən itirilmiş (qeydə alınmayan) təbii qazın həcminin miqdarı ölçülmüş və bu əsasla da dəymiş ziyanın məbləği hesablanmışdır. Lakin qeyd edilənləri nəzərə almamış Rayon Məhkəməsi iş üzrə səhv nəticəyə gələrək iddianın təmin edilməsi hissəsində qanunsuz və əsassız qətnamə qəbul etmişdir. e) iş üzrə tərəflərin apellyasiya baxışı iclasında iştirakı və verdikləri izahatlar barə məlumat

8. Cavabdeh Birliyin nümayəndəsi apellyasiya baxışı iclasında iştirak edərək apellyasiya şikayətini müdafiə etdi və şikayətin məzmununa uyğun izahat verdi.

9. İddiaçı işə apellyasiya qaydasında baxılmanın vaxtı və yeri haqqında lazımı qayada xəbərdar edilməsinə baxmayaraq məhkəmənin iclasında iştirak etməmişdir. Onun gəlməməsi işin baxılmasına mane olmadığından, Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. f) apellyasiya baxışının həddi barədə məlumat

10. Məhkəmə, hazırki iş üzrə apellyasiya baxışının hədləri ilə bağlı qeyd edir ki, Rayon Məhkəməsinin qətnaməsi ilə iddia tələbi qismən təmin edilsə də, iş üzrə iddiaçı iddia tələbinin bir qisminin təmin edilməməsi barədə Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşmış, qətnamədən apellyasiya şikayəti verməmişdir.

11. Cavabdeh Birlik qətnamədən verdiyi apellyasiya şikayətində qətnamənin ləğv edilməsini xahiş etsə də, şikayətin məzmunundan görünür ki, Birlik, iddia tələbinin bir qisminin təmin edilməməsi barədə Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticəni mübahisələndirmir. O, iddia tələbinin bir qisminin təmin edilməsi barədə Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticəni mübahisələndirir.

12. MPM-in 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

13. Odur ki, göstərilənləri və mübahisə predmetinin bölünməz olmadığını nəzərə alan Məhkəmə qətnamənin mübahisələndirilməyən hissəsinin əsaslılığını yoxlamamışdır. g) işdə olan sənədlər barədə məlumat

14. Cavabdeh Birliyin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2022-cü il tarixli, ******* saylı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktdan” görünür ki, baxış keçirilən zaman abonentin təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə etdiyi, kənar xəttin ümumi dövriyyəyə qoşulduğu aşkar edilmişdir. Həmin aktın abonent tərəfindən imzalandığı müəyyən edilmir və abonentin imtina etdiyi qeyd edilmişdir.

15. Birliyin xx.xx.2022-cü il tarixli “Dəymiş ziyanın bərpasına dair tələbnaməsindən görünür ki, iddiaçının evində olan qaz işlədicilərindən PQ2-in maksimal saatlıq qaz sərfi 0,6 kub m/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 180 gün, PQ3-ün maksimal saatlıq qaz sərfi 0,8 kub m/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 180 gün, PQ4-ün maksimal saatlıq qaz sərfi 1,2 kub m/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 180 gün, kombinin maksimal saatlıq qaz sərfi 2,6 kub m/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 180 gün, dəmir sobanın maksimal saatlı qaz sərfi 1,4 kub m/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 180 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün dəymiş ziyanın həcmi 55.728 kub m hesablanmışdır. Qeyd edilənlərə əsasən itirilmiş qazın həcminin dəyəri olaraq 6.687,36 manat borc kimi 2022-ci ilin noyabr ayında abonentə akt üzrə borc hesablanmışdır.

16. Cavabdeh Birlik tərəfindən tərtib edilmiş “Abonentin saldosundan” görünür ki, iddiaçıya 2022-ci ilin oktyabr ayında 4.605 kub metr qaz sərfinə görə 552,6 manat və həmin ay üçün yeni tarifə keçid olaraq 486,98 manat borc hesablanmış və əvvəlki ayın 10,14 manat borcu toplanmaqla 2022-ci ilin noyabr ayınadək 1.049,72 manat borc hesablanmışdır. Nəticədə noyabr ayının 3,75 manatlıq qaz sərfi və akta əsasən hesablanmış borc və 20 manat ödəniş nəzərə alınmaqla abonentin 7.720,83 manat məbləğində borcu vardır. h) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi

17. Yuxarıda göstərilənlərə əsasən müəyyən edilir ki, iş üzrə tərəflər arasında mövcud mülki mübahisənin yaranmasına səbəb iddiaçıya məxsus ünvana aid qaz xəttinə müdaxilənin edilməsi faktının aşkar edilməsi olmuşdur. Belə olan halda da, mübahisə, cavabdeh Birliyə dəymiş maddi zərərin əvəzinin iddiaçı tərəfindən ödənilməsinin əsaslı olub-olmaması ilə bağlıdır.

18. Bunu nəzərə alan Məhkəmə bildirir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin tələblərinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın (maddə 21.1.). Zərər dedikdə, hüquq pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (maddə 21.2.). Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096.).

19. “Enerji resurslarından istifadə haqqında” Azərbaycan Respublikasının Qanununun 29-cu maddəsinə görə, enerji resurslarından istifadə haqqında qanunvericiliyin pozulması bu Qanun və ona müvafiq qəbul edilən digər normativ hüquqi aktlar ilə müəyyən edilmiş məsuliyyətə səbəb olur.

20. “Qaz təchizatı” haqqında Azərbaycan Respublikası Qanununun tələblərinə görə, qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir (maddə 11.6.). Bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir (maddə 13.8.). Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir (maddə 13-8-1.).

21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 №-li Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydalarının” tələblərinə görə, qaz sayğacı ilə təsdiq edilmə, onun quraşdırılması və dəyişdirilməsi fıziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir (bənd 4.2.). Qaz sayğaclarının növbəti dövlət yoxlamasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir (bənd 4.5.). Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafıq örtüklə örtülməli (fıziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır (bənd 4.7.). Fıziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar (bənd 4.8.). Zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucusu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir (bənd 4.9.).

22. MPM-in 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

23. Qeyd olunan prosessual və maddi hüquq normalarının tələblərindən mövcud mübahisənin həllinə yanaşdıqda müəyyən edilir ki, xx.xx.2022-ci il tarixdən 2022-ci il noyabr ayınadək abonentə qaz sərfinə görə 1.049,72 manat borc hesablanmışdır. Odur ki, abonentin 2022-ci ilin noyabr ayının əvvəlinə hesablanmamış borcu olmamışdır. Bu səbəbdən də abonentə noyabr ayının 4 günü üçün 6.687.36 manat borcun əsassız hesablanması ilə bağlı Rayon Məhkəməsinin mövqeyi işin hallarına uyğundur.

24. İddiaçının qaz xəttinə qanunsuz qoşulma barədə etirafı nəzərə alınmış olsa da, hesablanmış borcun əsaslı olmasını sübut etmə vəzifəsi cavabdeh Birliyin üzərinə düşür. Lakin cavabdeh Birlik qanunsuz qoşulmanın mövcudluğunu sübut etməyə çalışmış, hesablanmış borcun məbləği ilə bağlı hər hansı əsaslandırma təqdim etməmişdir.

25. İddiaçıya məxsus və yuxarıda qeyd edilən ünvanında yerləşən fərdi yaşayış evinə cavabdeh Birlik tərəfindən **********00000 abonent kodu verilməklə iddiaçı ilə Bilik arasında təbii qazın alqı-satqısı barədə müqavilə bağlanılmışdır. Müqaviləyə əsasən abonentin cihazları (4 gözlü qaz piltələri (pQ-4)(1/1), samovar (1Ə1), qızıdırıcı radiator sobası (2/2)) qeydə alınmışdır.

26. Buna görə də, göstərilənləri nəzərə alan Məhkəmə, yuxarıda qeyd edilən akt əsasında hesablanmış borcun silinməsi barədə Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticəni əsaslı hesab edir.

27. Digər tərəfdən Məhkəmə qeyd edir ki, cavabdeh Birliyin əməkdaşlarının tərtib etdikləri və yuxarıda qeyd edilən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktda sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə edilməsi qeyd edildiyindən, Birlik, yuxarıda qeyd edilən maddi hüquq normaların tələblərinə əsasən, istehlakçının (hazırki halda – iddiaçının) təbii qazın talanmasında təqsirli olmasını müvafiq icra hakimiyyəti orqanının və ya məhkəmənin qüvvəyə minmiş qərarının mövcudluğu ilə sübuta yetiriməli və ona (Birliyə) dəymiş zərərin əvəzinin ödənilməsini tələb etməlidir. Lakin Birlik iddiaçının təbii qazdan qeyri-qanunu istifadə etməsi, yəni təbii qazın talamasını sübuta yetirilmədən yuxarıda qeyd edilən məbləğində zərərin ödənilməsini iddiaçıdan tələb etmişdir.

28. Nəzərə alınsa ki, iddiaçının təbii qazdan qeyri-qanunu istifadə etməsini təsdiq edən hər hansı sübut cavabdeh Birlik tərəfindən məhkəmələrə təqdim edilməmişdir, o zaman müəyyən edilir ki, Rayon Məhkəməsi iş üzrə yuxarıda qeyd edilən (apellyasiya baxışının predmeti olan) nəticəyə gəlməkdə haqlı olmuşdur. Bu baxımdan hesab edilməlidir ki, cavabdeh Birliyin qətnamədən verdiyi apellyasiya şikayətinin dəlilləri formal xarakter daşımaqla əsassızdır. i) apellyasiya instansiyası məhkəməsinin nəticəsi

29. Beləliklə də apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsi apellyasiya baxışının predmeti olan hissədə iş üzrə qanuni, əsaslı və işin hallarına uyğun nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Apellyasiya baxışının predmeti olan hissədə qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur.

30. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

31. Məhkəmə, MPM-in 384-cü maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

32. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün Birlik tərəfindən ödənilmiş dövlət rüsumu MPM-in 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir.

33. Məhkəmə həmçinin bildirir ki, iddiaçı tərəfindən Rayon Məhkəməsinin qətnaməsi mübahisələndirilmədiyindən və qətnamə apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanıldığından, iddiaçı hazırki qətnamədən kassasiya şikayəti verə bilməz.

32. Cavabdeh Birliyin apellyasiya şikayəti təmin edilmədiyindən və iddia tələbi qiyməti kassasiya şikayəti verməyə imkan verən həddə ona qarşı təmin edildiyindən cavabdeh Birlik MPM-in tələbləri və “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilməklə qətnamədən kassasiya şikayəti vermək hüququna malikdir.

33. Odur ki göstərilənlərə əsaslanan və MPM-in 384, 392, 393, 402, 405-ci maddələrini rəhbər tutan Məhkəmə

QƏT ETDİ:

Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 15 mart 2024-cü il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün cavabdeh Birlik tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Cavabdeh hazırki qətnamədən, qətnamə ona rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-in tələblərinə və “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verə bilər. İddiaçı hazırkı qətnamədən kassasiya şikayəti verə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar