Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3458/2022 14.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlu və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Qaraşarlı Layla Çingiz qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi vəmənzildən çıxarılma tələbinə dair” 2(004)-91/2022 saylı iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 09 fevral 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi və mənzildən çıxarılma tələbinə dair” iddia ərizəsi və xx.xx.2021-ci il tarixli “iddia tələbinin dəqiqləşdirilməsinə dair” ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh ünvan 1 ünvanında yerləşən 32 saylı mənzildən istifadə hüququna 15000 (on beş min) manatkompensasiya verilməklə xitam verilməsi və onu həmin mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 203302 saylı, ÖM seriyalı qeydiyyat vəsiqəsindən də göründüyü kimi, ünvan 2 ünvanında yerləşən mənzil hal-hazırda onun mülkiyyətindədir. Cavabdeh onun doğma oğludur və hal-hazırda onunla birgə sözügedən mənzildə qeydiyyatda olmaqla yaşayır. Cavabdeh 22 il ərzində sözügedən mənzildə yaşamamışdır. Cavabdeh 9 iyul 2020-ci il tarxidə onun yanına köçmüşdür. Lakin o, oğlunun onunla bir mənzildə yaşamasını qəti şəkildə iştəmir, onun cavabdehlə bir mənzildə yaşaması mümkün deyildir. Cavabdeh ilə onun xarakteri üst-üstə düşmür, artıq ailələrində övlad və valideyn münasibətlərində problem vardır. Bu səbəbdən də birgə yaşayışları qeyri-mümkündür. O yaşlı və xəstədir. Cavabdehlə aralarında olan gərgin münasibət onun səhhətinə pis təsir göstərir. O artıq öz mənzilində bu qədər stress içində yaşamaq istəmir. Bu səbəbdən dəfələrlə onun evdən çıxmasını tələb etsə də, cavabdeh onun evini tərk etməkdən imtina etmişdir. Bundan başqa cavabdeh həm də onun öz mənzilinin müqəddəratı barədə sərəncam verməyinə mane olur. Bu isə bir mülkiyyətçi kimi onun hüquqlarını pozur, mənzildən öz istədiyi kimi istifadə etmək və sərəncam vermək hüququnu məhdudlaşdırır. Belə ki, o aldığı bu mənzildə hər hansı rəsmi əməliyyat aparmaq istəsə mütləq qanunvericiliyin tələblərinə görə mənzildə daimiqeydiyyatda olanların razılığını almalıdır, cavabdehlə aralarında olan gərgin münasibət isə ona bununla bağlı əlavə maneələr yaratmışdır. Bu səbəbdən də mübahisəli məsələnin həlli üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 09 fevral 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, Cavabdeh ünvan 3 ünvanında yerləşən 32 saylı mənzil üzərində istifadə hüququna 15000 (on beş min) manat kompensasiya ödənilməklə xitam verilməsi və cavabdehin mənzildən çıxarılması qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilərək, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, R.Ağalarovun şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2007-ci il tarixli qərarında qeyd olunmuşdur ki, “kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin”. Birinci instansiya məhkəməsinin də öz qətnaməsində istinad etdiyi “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli qərarında qeyd olunmuşdur ki, “Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi üçün kompensasiyanın məbləği iddianın predmetinə daxil deyildir. Birinci instansiya məhkəməsi belə işlərə baxarkən, iddia ərizəsində kompensasiya məbləğinin göstərilib-göstərilməməsindən asılı olmayaraq, kompensasiyanın məbləğini bazar qiymətinə uyğun olaraq müəyyən etməlidir”. Lakin birinci instansiya məhkəməsi Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarının tələblərinə əməl etməyərək, yaşayış sahəsindən istifadə hüququma xitam verilməsi üçün iddiaçı tərəfindən təklif olunan kompensasiya məbləğinin bazar qiymətinə uyğun olub-olmadığını müəyyən etmək üçün tədbir görməmişdir. Hesab edir ki, iddiaçının təklif etdiyi kompensasiyanın məbləği bazar qiymətinə uyğun olmayaraq istifadəçıya davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı vermir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 14.1-cimaddəsinin tələblərini pozaraq, işin hərtərəfli, tam və obyektiv tədqiqi, iddiaçı tərəfindən təklif olunan kompensasiya məbləğinin bazar qiymətinə uyğun olub-olmadığını müəyyən etmək üçün zəruri olan müvafiq ekspertiza təyin etməmiş, qiymətləndirici-mütəxəssisi dəvət etməmiş, yalnız iddiaçının əsassız dəlillərinə istinad edərək kompensasiyanın məbləğini təyin etmişdir. Apellyasiya baxışı zamanı cavabdeh apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi. İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etdi və bildirdi ki, Bakı Dövlət Universitetinin müəlliməsidir, onun başqa qazanc yeri yoxdur. Məzuniyyətə çıxmalıdır və alacağı məzuniyyət pulunu tam olaraq təklif etdiyi kompensasiya məbləğinə əlavə edərək 17000 manat məbləğində kompensasiya təklif edir. Bundan əlavə kompensasiya məbləği təklif etməyə maddi imkanı yoxdur. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Birinci instansiya məhkəməsi iş üzrə tədqiq edilmiş sübutlar əsasında müəyyən etmişdir ki, İddiaçı Cavabdeh anasıdır. Bakı şəhəri, Yasamal rayonu, 518-ci məhəllə, H.Cavid prospekti, məhəllə 518, ev 13, 32 saylı mənzil İddiaçı mülkiyyətindədir. Bundan əlavə məhkəmə iclasında müəyyən olunmuşdur ki, cavabdehin mübahisəli mənzil üzərində istifadə hüququ var. Bu onun yeganə yaşayış yeridir. İddiaçı tərəf 15000 manat pul kompensasiyası müqabilində cavabdehin müvafiq mənzilə dair istifadə hüququna xitam verilməsi və cavabdehin həmin mənzildən məhkəmə qaydasında çıxarılmasını xahiş etmişdir. Cavabdeh tərəf təklifi qəbul etməmişdir. Cavabdehin əvvəlki məhkəmə iclasında verdiyi izahatından görünür ki, azadlıqdan məhrum etmə cəzası ilə əlaqədar cəza çəkdiyi çəzaçəkmə müəssisəsindən çıxdıqdan sonra ata mülkündə yaşamaq istəyir, qarşı tərəfin ona 15000 manatverib, onu evdən çıxarmaq tələbi ilə razılaşmır. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini cavabdehin istifadə hüququna kompensasiya verilməklə xitam verilməsi hissəsində düzgün qənaətə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158.1.2-ci maddəsinə əsasən əmlakdan istifadə hüququ mülkiyyət hüququ ilə yanaşı əmlak hüququ sayılır. Həmin Məcəllənin 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli qərarında məhkəmə qeyd etmişdir ki, “...Mülki Məcəllənin 228.2ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır”. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 12 iyul 2016-cı il tarixli qərarına əsasən birinci instansiya məhkəməsi belə işlərə baxarkən, iddia ərizəsində kompensasiya məbləğinin göstərilib-göstərilməməsindən asılı olmayaraq, kompensasiyanın məbləğini bazar qiymətinə uyğun olaraq müəyyən etməlidir. Bazar qiymətinə uyğun olaraq kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilməsi haqqında iddianı təmin edərkən məhkəmə, mülkiyyətçinin həmin məbləğin ödənilməsinə dair razılığını nəzərə almalıdır. Həmin Plenum qərarında qeyd olunmuşdur ki, mülki qanunvericilikdə kompensasiya maddi və mənəvi xüsusiyyət daşıyır və mülki hüquq münasibətlərində bir neçə formada çıxış edir: - mülki-hüquq öhdəliklərinin pozulması nəticəsində zərəri naturada qaytarmaq imkanı olmadıqda həmin zərərin əvəzinin ödənilməsi; - sifarişçinin öhdəliyi yerinə yetirənin təqsiri nəticəsində həmin öhdəliyin icrasına marağının itirildiyi halda; - qanunvericiliklə nəzərdə tutulan digər hallarda “əmlak itkilərinin” pulla əvəzinin ödənilməsi və s.; - mənəvi zərərin ödənilməsi; - habelə qanunvericiliklə nəzərdə tutulan əmlak, qeyri-əmlak, əmək və digər münasibətlərdə dəymiş zərərin əvəzinin ödənilməsi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər; 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər; 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarında Mülki Məcəllənin 228.5-ci maddəsinin “həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır” müddəasının Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrinə uyğun hesab edildiyini, yaşayış binasının tərkib hissəsindən digər şəxslərin istifadə hüququna xitam verilməsi ilə bağlı məsələlərin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə uyğun həll edildiyi göstərilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü, 149.2.3-cü və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2016-cı il tarixli qərarında qeyd etmişdir ki, kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi barədə iddianın predmetini iddiaçının mülkiyyət hüququ təşkil edir və iddiaçı, başqasının istifadə hüququ ilə yüklü olan evini yüklülükdən azad etməklə ev üzərindəki mülkiyyət hüququnu müdafiə etmək istəyir. Bu səbəbdən kompensasiyanın məbləğinin iddianın predmetinə aid edilməsini düzgün hesab etmək olmaz. Həmçinin, kompensasiya verməklə istifadə hüququna xitam verilməsi barədə iddia verərkən mülkiyyətçi maddi nemət əldə etməyə çalışmır. Odur ki, kompensasiya həmin iddianın obyekti sayıla bilməz və Mülki Prosessual Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan iddia tələbinin həcminin artırılması və ya azaldılması kompensasiyanın məbləği ilə əlaqədar deyildir. Eyni zamanda, Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən istifadə hüququna kompensasiya verməklə xitam verilməsi mülkiyyətçinin subyektiv hüququdur. Bu halda kompensasiya tələb kimi yox, yalnız təklif kimi çıxış edir. Mülki prosessual qanunvericilik iddianın predmetini dəqiq göstərməklə prosessual qənaət prinsipini qorumuş olur. Prosessual qənaət prinsipi məhkəmə prosesinin uzadılmasının aradan qaldırılmasına, bir sıra prosessual institutların münasib hala gətirilməsinə, onların qanunvericiliklə daha dəqiq tənzimlənməsinə və tərəflərin tarazlaşdırılmış vəziyyətə gətirilməsinə yönəlmişdir. Mülki Məcəllənin 228.2-ci maddəsində göstərilən kompensasiya məbləğinin iddianın predmetinə aid edilməməsi həmin işlərə baxılarkən məhkəmə prosesinin əsassız uzadılmasının qarşısının alınmasına xidmət edəcəkdir. Kompensasiyanın məbləği iddianın predmetinə aid olmadığı üçün həmin məbləğin yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilməsi mümkündür. Lakin bu zaman məhkəmələr nəzərə almalıdırlar ki, kompensasiya məbləğinin bazar qiymətinə uyğun olması birinci instansiya məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyin tələləblərinə əsasən tədqiq olunmuş sübutlar əsasında müəyyən edilir. Bu baxımdan yuxarı instansiya məhkəmələri birinci instansiya məhkəməsinin müəyyən etdiyi kompensasiya məbləğini yalnız Mülki Prosessual Məcəllə ilə nəzərdə tutulan səlahiyyət hədləri çərçivəsində dəyişdirə bilərlər. Konstitusiya Məhkəməsi Plenumu tərəfindən qərara alınmışdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi üçün kompensasiyanın məbləği iddianın predmetinə daxil deyildir. Birinci instansiya məhkəməsi belə işlərə baxarkən, iddia ərizəsində kompensasiya məbləğinin göstərilib-göstərilməməsindən asılı olmayaraq, kompensasiyanın məbləğini bazar qiymətinə uyğun olaraq müəyyən etməlidir. Bazar qiymətinə uyğun olaraq kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilməsi haqqında iddianı təmin edərkən məhkəmə, mülkiyyətçinin həmin məbləgin ödənilməsinə dair razılığını nəzərə almalıdır. Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulan mənzildən istifadə hüququna müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsini də müəyyən qədər əmlak itkilərinə aid etmək olar. Belə ki, kompensasiya verilməsi yolu ilə yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi bir tərəfdən mülkiyyət hüququnun qorunmasına yönəlir, digər tərəfdən isə əmlakdan istifadə hüququnun itirilməsi ilə nəticələnir. Bu baxımdan qanunverici Mülki Məcəllənin 228.2-ci maddəsində istifadə hüququna xitam verilməsi zamanı kompensasiyanın bazar qiymətinə uyğun ödənilməsini müəyyən etmişdir. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instasiya məhkəməsi cavabdehin istifadə hüququna kompensasiya verilməklə xitam verilməsində haqlı olmuşdur. Lakin Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi kompensasiya ödənilməsi hissəsində düzgün nəticəyə gəlsə də, kompenasasiya məbləğinin 15000 manat müəyyən edilməsinə dair mövqeyi qanuni və əsaslı deyildir. Belə ki, apellyasiya baxışı zamanı iddiaçı ərizə verərək, cavabdehin istifadə hüququna 17000 (on yeddi min) manat məbləğində kompensasiya verilməklə xitam verilməsinə razı olmuşdur. Ona görə apellyasiya şikayəti qismən təmin edilməli və qətnamə ödəniləcək kompesasiya məbləği hissəsində dəyişdirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-91/2022 saylı iş üzrə 09 fevral 2022-ci il tarixli qətnaməsi cavabdehə ödəniləcək kompensasiyanın məbləği hissəsində dəyişdirilsin. Cavabdehə ödəniləcək kompensasiyanın məbləği 17000 (on yeddi min) manat məbləğində müəyyən edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-3458/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3458/2022
14.06.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver