Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3460/2024 03.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: “subroqasiya qaydasında pul, etibarnamə əsasında idarəetmə”) Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, Cavabdeh iştirakı ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-715/2024 saylı, 02 aprel 2024-cü il tarixli qətnaməsindən iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:
1. "xxxx" ASC tərəfindən sığortalı X2 məxsus “Kia Cerato” markalı, **-SM-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək 55.000 manat məbləğində sığortalanmışdır.
2. xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarla müəyyən edilib ki, Cavabdeh xx.xx.2023-cü il tarixdə “Kia Serato” markalı **-SM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə nəticəsində yolnəqliyyat hadisəsi törətmiş, baş vermiş yolnəqliyyat hadisəsində təqsirli hesab olunaraq Azərbaycan Respublikası İXM-nın 327.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmiş və barəsində 40 manat cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir.
3. Yol-nəqliyyat hadisəsi baş verərkən avtomobilin mülkiyyətçisi X4 da avtomobildə olmuşdur. Bu hal X4, eləcə də hadisə nəticəsində zərərçəkən və özünün idarə etdiyi “Skoda Fabia” markalı, **-FM-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi olan X3 tərəfindən təsdiqlənmişdir.
Birinci instansiya məhkəməsində icraat:
4. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında subroqasiya qaydasında pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 450 manat məbləğində vurulmuş zərər və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 480 manat pulun alınaraq iddiaçı "xxxx" ASC-nin hesabına köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. Tələbdə göstərilir ki, “Kia Cerato” markalı, **-SM-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2023-cü ildən xx.xx.2024-cü ilədək "xxxx" ASC-də icbari sığorta növündə sığortalanmışdır. Sığortalı ilə PXA ********** nömrəli sığorta müqaviləsi bağlanılmışdır. 2023-cü il avqustun 10-da Cavabdeh etibarnamə olmadan idarə etdiyi “Kia Cerato” markalı, **-SM-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Ə.Nəzmi küçəsində “Skoda Fabia” markalı, **-FM-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Səbail DYPŞ-nin xx.xx.2023-cü il tarixli TP3918612 nöməli inzibati tənbeh vermə haqqında qərara əsasən Cavabdeh Azərbaycan Respublikası İXM-nin 332.1-ci (nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə) maddəsi ilə təqsirli bilinmişdir. Vurulmuş zərərin məhz cavabdehin təqsirli nəticəsində baş verməsi inzibati xəta ilə müəyyən edilərək, təsdiqini tapmışdır. Avtomobillərin Texniki Xidmət Mərkəzi tərəfindən xx.xx.2023-cü il tarixində verilmiş qüsur aktına əsasən hadisə nəticəsində “Skoda Fabia” markalı, **-FM-*** dövlət nömrə nişanlı avtomobillə 450 manat məbləğində ziyan dəymişdir. İddiaçı xx.xx.2023-ci ildə 450 manat məbləğində sığorta ödənişini zərərçəkmiş şəxs X1 ödəmişdir.
6. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-715/2024 saylı, 02 aprel 2024cü il tarixli qətnaməsi ilə (hakim Şahin Abdullayev) iddia tələbinin təmin edilməməsi və məhkəmə xərclərinin iddiaçının özünə aid edilməsi qət edilmişdir.
7. Birinci instansiya məhkəməsi qənaətində göstərir ki, Cavabdeh idarə etdiyi və icbari sığorta üzrə "xxxx" ASC-də sığortalanmış “Kia Serato” markalı, **-SM-*** dövlət qeydiyyat nişanlı avtomobillə xx.xx.2023-cü il tarixdə yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, yol-nəqliyyat hadisəsi nəticəsində “Skoda Fabia” markalı, ** FM *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə ziyan dəymişdir. İddiaçı sığorta təşkilatı tərəfindən “Skoda Fabia” markalı, ** FM *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə X1 450 manat məbləğində sığorta ödənişi ödənilmişdir. Məhkəmə iclasında eyni zamanda müəyyən edilmişdir ki, Bakı şəhəri Səbail RPİ DYPŞ tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərara əsasən yolnəqliyyat hadisəsini törətmiş Cavabdeh Azərbaycan Respublikası İXMnin 327.1-ci maddəsi ilə təqsirli bilinərək 40 manat cərimə edilmişdir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, xx.xx.2023-cü il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində “Skoda Fabia” markalı, ** FM *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş maddi ziyana görə 450 manat məbləğində ziyan sığortaçı tərəfindən ödənilmişdir. Yol-nəqliyyat hadisəsi törətmiş sürücü hadisə zamanı avtomaşını etibarnamə olmadan idarə etmiş və İXM-nin 332.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmişdir. Bu səbəbdən iddiaçı “Skoda Fabia” markalı, ** FM *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanı ödədiyindən vurulmuş ziyanın ödənilməsi ilə bağlı onun subroqasiya hüququnun yaranmasını əsas gətirərək, ödənilmiş cəmi 450 manat sığorta ödənişinin tutulması ilə bağlı məhkəmədə iddia qaldırmışdır. İş materiallarında olan sənədlərdən məlum olur ki, Bakı Səbail RPİ DYPŞ tərəfindən tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərara əsasən Cavabdeh törətdiyi yolnəqliyyat hadisəsində təqsirli olması təsdiq olunmuş və o, AR İXM-nin 327.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək 40 manat məbləğində cəlb edilmişdir. İddiaçı iddiasının əsası kimi, yəni onun hazırkı cavabdehə qarşı subroqasiya qaydasında tələb hüququnun yaranmasını əsası kimi yol-nəqliyyat hadisəsində təqsirli olan sürücü Cavabdeh İXM-nin 332.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi göstərilmişdir. AR İXM-nın 332.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulur. İnzibati xəta haqqında qanunvericiliyin tələblərindən də göründüyü kimi nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması zamanı həmin nəqliyyat vasitəsinin digər şəxs tərəfindən idarə edilməsi inzibati məsuliyyət yaratmır. Məhkəmə iclasında tədqiq olunan sübutlarla və şahid ifadələri ilə sürücü Cavabdeh AR İXM-nin 332.1-ci maddəsi ilə deyil, 327.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi və hadisə zamanı nəqliyyat vasitəsinin sahibinin həmin nəqliyyat vasitəsində olması müəyyən edilmişdir. Yəni cavabdehin nəqliyyat vasitəsini qanuni əsaslarla idarə etməsi müəyyən edilmişdir. İddiaçı tərəfindən təqdim olunan sənədlərdə isə cavabdehin nəqliyyat vasitəsini etibarnamə olmadan idarə etməsini təsdiq edən sübutlar mövcud deyil. Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ-ci bəndinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:
a) apellyasiya şikayətinin dəlilləri
8. İddiaçı "xxxx" ASC apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddianın isə təmin edilməsini xahiş edib şikayəti bununla əsaslandırmışdır ki, icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi dedikdə sürücülük vəsiqəsini, etibarnaməsini və ya nəqliyyat vasitəsinə ümumi mülkiyyət hüququna dair şəhadətnaməsini özündə saxlaması deməkdir. Qeyd olunan maddədə yalnız əmlakı idarə etmək deyil, həm də istifadə edilməsi və istismar edilməsi nəzərdə tutulmuşdur. İstifadə edilməsi dedikdə isə nəqliyyat vasitəsini idarə etmək hüququ olan yəni sürücülük vəsiqəsi olan lakin etibarnamə olmadan avtomobilin idarə olunması kimi başa düşülür. Bundan başqa qeyd olunan maddənin dispozitiv şərtində həmçinin icbari sığorta şəhadətnaməsində göstərilən əmlakdan istifadə edilməsi, bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır müddəası da, yer almışdır ki, bu halın sübut olunması isə əmlakı istifadə etməyə hüququ olmayan şəxsin üzərinə düşür. İnzibati Xətalar Məcəlləsinin göstərilən normasının təmin edilməməsi, yəni etibarnaməsz avtomobilin idarə edilməsinin qarşısının alınmamasının sığorta hadisəsinə gətirib çıxarması məhkəmə tərəfindən qiymətləndirilməmişdir. Göstərilən maddənin düzgün tətbiq edilməməsi nəticəsində sığorta ödənişini vermiş sığorta şirkətinin qanunla nəzərdə tutulmuş subroqasiya hüququ pozulmuşdur. Qanunun hal-hazırda qüvvədə olan norması (“İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsi) məhkəmə tərəfindən sanki qüvvədən düşmüş kimi qəbul edilmişdir. Konstitusiya Məhkəməsinin etibarnaməsiz avtomobilin idarə edilməsinin mülki məsuliyyət yarartmamsı haqqında gəldiyi nəticə, qanunun 25.1.3-cü maddəsinin qüvvədən düşmüş hesab edilməsi demək deyildir. Bu norma isə, sığorta şirkətinin subroqasiya hüququnu nəzərdə tutur. “Yol hərəkəti haqqında” Azərbaycan RespublikasıQanununun 37-ci maddəsi: Mexaniki nəqliyyat vasitəsinin sürücüsü: 1) sürücülük vəsiqəsini (fərdi nəqliyyat vasitəsinin sahibi olmadıqda, sürücünün icarə və ya digər əşya hüquqlarına dair müqaviləsini, nəqliyyat vasitəsini idarə etmək hüququna dair müəyyən edilmiş qaydada təsdiqlənmiş etibarnaməsini və ya nəqliyyat vasitəsinə ümumi mülkiyyət hüququna dair şəhadətnaməsini), sürücülük vəsiqəsi müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən alınmış olduqda isə onu əvəz edən xüsusi arayışı, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsini, bu Qanunun 6-1-ci maddəsinin İ hissəsində nəzərdə tutulmuş daşımaları həyata keçirən nəqliyyat vasitələrinə münasibətdə taxoqrafın yoxlanması haqqında şəhadətnaməni (taxoqrafın yoxlanmasına dair möhür vurulmadığı halda), avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası və sərnişin daşımaları xidmətini həyata keçirən avtonəqliyyat vasitələri ilə daşınan sərnişinlərin (şəhərdaxili və ya qəsəbədaxili daşınan sərnişinlər istisna olmaqla) fərdi qəza sığortası müqaviləsinin “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq bağlanmasını təsdiq edən icbari sığorta şəhadətnaməsini, nəqliyyat vasitələrindən kommersiya məqsədləri üçün istifadə edildikdə xüsusi razılıq və ya yol (marşrut) vərəqəsini və daşınan yüklərə dair sənədləri özündə saxlamalıdır. Həmin Qanunun 27-ci maddəsinin Xİİİ-İ. Nəqliyyat vasitəsinin icarə və ya digər əşya hüquqlarına dair müqaviləni, yaxud nəqliyyat vasitəsindən istifadə edilməsi və ya ona dair sərəncam verilməsi hüquqları ilə bağlı etibarnaməni təsdiq edərkən notarius müqavilənin və ya etibarnamənin təsdiq edilməsi barədə məlumatı, habelə bu Qanunun 27-ci maddəsinin Vİ-İ hissəsində nəzərdə tutulmuş məlumatları dərhal müvafiq icra hakimiyyəti orqanına göndərir. Müvafiq icra hakimiyyəti orqanı texniki vasitələrdən istifadə etməklə həmin məlumatı bir gün müddətində müvafiq icra hakimiyyəti orqanına göndərir. Daxil olmuş məlumat əsasında müvafiq icra hakimiyyəti orqanı üç gün müddətində nəqliyyat vasitəsinin təkrar dövlət qeydiyyatını həyata keçirir və müvafiq məlumatı daşınar əmlakın rəsmi reyestrinə daxil edir.
b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları.
9. Məhkəmə iclasında Cavabdeh apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin olunmamasını və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
10. İddiaçı "xxxx" ASC (nümayəndəsi Nümayəndə) tərəfindən elektron kabinet vasitəsilə məhkəməyə təqdim edilmiş ərizədə apellyasiya şikayətinə əlavələrinin olmadığı bildirilmiş, hazırki mülki işə nümayəndəsinin iştirakı olmadan baxılması və apellyasiya şikayətinin təmin edilməsi xahiş edilmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsasən, mülki işə iddiaçı Bankın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:
11. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
Maddə 21.1. Hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 922.1. Sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Maddə 936.1. Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Maddə 936.2. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Maddə 936.3. Faydalanan şəxs sığorta ödənişini aldıqda subroqasiya hüququnun həyata keçirilməsi üçün özündə olan bütün lazımi sənədlərlə sığortaçını təmin etməlidir. Maddə 936.4. Faydalanan şəxs zərərvuran şəxsə qarşı iddiadan və ya tələbi təmin edən hüquqlardan, yaxud lazımi sənədləri sığortaçıya verməkdən imtina etdikdə sığortaçı sığorta ödənişi verməkdən zərərvuran şəxsdən subroqasiya qaydasında ala biləcəyi məbləğ həcmində azad edilir. Maddə 936.5. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər.
12. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi:
Maddə 332.1. Nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulur.
13. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu:
Maddə 25.1. Bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxs işlərin təhlükəsiz aparılmasına əmək müqaviləsi, mülki hüquqi müqavilə və ya muzd əsasında müəyyən tapşırığın yerinə yetirilməsi üçün müvafiq əmlakı işlətməsi, idarə etməsi və ya digər qaydada istifadəsi üçün ona verən sığortalının (sığorta olunanın) nəzarəti altında fəaliyyət göstərdiyi və ya fəaliyyət göstərməli olduğu halda, subroqasiya hüququ həmin sığortalıya (sığorta olunana) qarşı da istifadə edilə bilər. Maddə 25.1.3. İcbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Maddə 50.1. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası mexaniki avtonəqliyyat vasitələrinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində fiziki şəxslərin sağlamlığına, həmçinin fiziki və hüquqi şəxslərin əmlakına vurduğu zərərlərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir. Maddə 52.1. Avtonəqliyyat vasitəsinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində zərərçəkən üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına dəymiş zərərin əvəzinin ödənilməsi üzrə mülki məsuliyyətin yaranması faktı sığorta hadisəsi hesab olunur. Maddə 53.1. Mülkiyyətində avtonəqliyyat vasitəsi olan, yaxud avtonəqliyyat vasitəsinə faktiki sahibliyi həyata keçirən, yəni onu icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya etibarnamə əsasında idarə edən, yaxud digər qanuni əsaslarla istismar edən şəxslər bu Fəslin məqsədləri üçün avtonəqliyyat vasitəsinin sahibi hesab olunurlar.
14. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0 və 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri:
15. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi üçün əsas ola bilməz.
16. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
17. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.
18. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də, şikayətin məzmunundan görünür ki, şikayətin obyektini iddia təmin edilmədiyi üçün qətnamənin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.
19. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə tam yoxlanılmalıdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi:
20. Əvvəla, iddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dispozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.
21. Çünki, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə iddianın faktiki halları yuxarıda qeyd olunan normaların dispozisiya şərtləri ilə uzlaşmadığından, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxdığından iddia haqlı sayılmır.
22. Belə ki, “İcbari sığortalar haqqında” Qanunun 25.1, 25.1.3-cü maddəsinə əsasən, iddiaçı mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində Cavabdeh qarşı subroqasiya hüququ ilə sonuncunun icbari sığorta şəhadətnaməsində göstərilən avtomobili istifadəyə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs kimi istismar etməsinə görə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
23. Lakin iş materiallarından görünür ki, Cavabdeh avtomobili idarə etmək üçün qanuni əsas olmuşdur. Qanuni əsas isə “İcbari sığortalar haqqında” Qanunun 53.1-ci maddəsində nəzərdə tutulub. Həmin maddədə qeyd olunur ki, mülkiyyətində avtonəqliyyat vasitəsi olan, yaxud avtonəqliyyat vasitəsinə faktiki sahibliyi həyata keçirən, yəni onu icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya etibarnamə əsasında idarə edən, yaxud digər qanuni əsaslarla istismar edən şəxslər bu Fəslin məqsədləri üçün avtonəqliyyat vasitəsinin sahibi hesab olunurlar. xx.xx.2023-cü il tarixdə yol-nəqliyyat hadisəsi baş verərkən avtomobilin mülkiyyətçisi X4 da avtomobildə olmuşdur. Bu hal X4, eləcə də hadisə nəticəsində zərərçəkən və özünün idarə etdiyi “Skoda Fabia” markalı, **-FM-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi olan X3 tərəfindən təsdiqlənmişdir. Ona görə də Cavabdeh etibarnamə olmadan avtomobilin idarə edilməsi hələ onun hüququ olmayan şəxs tərəfindən idarə edilməsi demək deyil. Etibarnamə şəxsin iradəsini təsdiq edən, yəni hüquqi formaya salan rəsmi sənəddir. Hazırki halda isə “Kia Serato” markalı, **- SM-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi X4 avtomobil idarə olunarkən avtomobilində olmaqla iradəsini bilavasitə və əyani olaraq ifadə etmişdir. 24.Birinci instansiya məhkəməsi iddianı təmin etməməklə doğru nəticəyə gəlmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
25. Şərh olunanlara əsasən, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və hazırki mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-715/2024 saylı, 02 aprel 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
26. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392 və 393-cü maddələrini rəhbər tutaraq apellyasiya instansiyası məhkəməsi
q ə t e t d i:
İddiaçı "xxxx" ASC-nin apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-715/2024 saylı, 02 aprel 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.