Məhkəmə qərarları › İş №2(103)-3464/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3464/2024

23.05.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3464/2024 23.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və Ərizəçi4 ərizələri ilə bağlı mülki iş üzrə (Açar sözlər: prosessual müddətin ötürülməsi, müddətin ötürülməsinin üzrsüz hesab olunması) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (məruzəçi), Mərdanova Xumar Afət qızından və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və Ərizəçi4 “sənədin şəxsə məxsus olması faktının müəyyən olunması” barədə ərizələri üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 22 aprel 2024-cü il tarixli qərardadından Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinin nümayəndəsi tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi: İşin halı

1. Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və Ərizəçi4 (ərizəçilər) Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsini maraqlı şəxs kimi göstərməklə Qazax Rayon Məhkəməsinə müraciət etmiş, “sənədin şəxsə məxsus olması faktının müəyyən olunması” barədə qətnamə çıxarılmasını istəmişlər.

2. Qazax Rayon Məhkəməsinin müvafiq qərardadı ilə mülki iş ərazi aidiyyəti üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) göndərilmişdir.

Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktları

3. Məhkəmənin xx.xx.2024-ci il tarixli qətnaməsi ilə ərizənin təmin olunması qət edilmişdir.

4. Həmin qətnamədən maraqlı şəxsin nümayəndəsi xx.xx.2024-cü il tarixdə apellyasiya şikayəti vermiş, eyni zamanda şikayət üzrə buraxılmış prosessual müddətin bərpa olunmasını xahiş etmişdir.

5. Ərizə onunla əsaslandırılmışdır ki, qətnamə elektron kabinetə xx.xx.2024-cü il tarixdə yerləşdirilsə də, iş yükünün çoxluğu və texniki problemlər səbəbindən müddət üzrlü olaraq ötürülmüşdür.

6. Məhkəmənin 27 mart 2024-cü il tarixli qərardadı ilə müddətin bərpasına dair ərizənin təmin olunmaması və apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır.

7. Həmin qərardaddan maraqlı şəxsin verdiyi şikayət, qanunla nəzərdə tutulmuş formaya əməl edilməməsi əsas göstərilməklə məhkəmənin 09 aprel 2024-cü il tarixli qərardadı ilə geri qaytarılmışdır.

8. Məhkəmə vurğulamışdır ki, məhkəmə aparatının əməkdaşları tərəfindən maraqlı şəxsin işçilərinə mobil telefon vasitəsilə zəng edilərək sözügedən nöqsanın aradan qaldırılması onlara izah ediləsə də müsbət nəticə əldə olunmamış, maraqlı şəxs şikayəti yenidən düzgün formada tərtib edərək məhkəməyə ünvanlamalı olduğu halda, məlumat xarakterli ərizəni “Elektron məhkəmə” informasiya sisteminə yerləşdirmişdir.

9. 17 aprel 2024-cü il tarixdə maraqlı şəxsin nümayəndəsi xx.xx.2024-cü il tarixli qərardaddan növbəti dəfə şikayət vermiş, məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayətin geri qaytarılması qərara alınmışdır.

10. Məhkəmə hesab etmişdir ki, xx.xx.2024-cü il tarixli qərardadı xx.xx.2024-cü il saat 16:01-də maraqlı şəxsə rəsmi şəkildə təqdim edilmiş, qərardaddan şikayət verilməsinin son günü xx.xx.2024-cü il olmuş, lakin müddət ötürülməklə xx.xx.2024-cü il tarixdə verilmişdir.

11. Həmin qərardaddan maraqlı şəxsin nümayəndəsinin verdiyi şikayət də təmin olunmayaraq baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

Apellyasiya baxışı

12. Şikayətə məhkəmə iclasında baxılmasını zəruri edən MPM-in 397.2-ci maddəsində nəzərdə tutulan hallar aşkar edilməmiş, işə yazılı icraat qaydasında baxılmışdır.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

13. Maddə 128.1. Prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir.

14. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.

15. Maddə 130.3. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır.

16. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.

17. Maddə 135.1. Bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri "Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər.

18. Maddə 135.2. Məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər.

19. Maddə 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər "Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış "elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.

20. Maddə 268.1. Şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir.

21. Maddə 398.0.3. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır.

Apellyasiya baxışının həddi

22. Mülki Prosessual Məcəllənin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

Məhkəmə kollegiyasının mövqeyi

23. İş materiallarından görünür ki, məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı elə həmin gün maraqlı şəxsin elektron kabinetinə yerləşdirilmiş, onun qərardaddan ikinci dəfə verdiyi şikayət isə 17 aprel 2024-cü il tarixdə elektron sistemə yüklənmişdir.

24. Buna görə də kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, maraqlı şəxsin nümayəndəsi xx.xx.2024-cü il tarixli qərardaddan şikayətini prosessual müddət keçdikdən sonra verdiyi, habelə bu zaman müddətin bərpa olunması barədə ərizə təqdim etmədiyi üçün məhkəmə əsaslı olaraq şikayəti geri qaytarmışdır və şikayətin dəlilləri xx.xx.2024-cü il tarixli qərardadın ləğvi üçün əsas təşkil etmir.

25. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 133, 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Şikayət təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-625/2024 saylı iş üzrə 22 aprel 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.

Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Məmməd Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar