Məhkəmə qərarları › İş №2(103)-3466/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3466/2020

20.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3466/2020 20.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Aida Əli qızı Hüseynin sədrliyi və məruzəsi ilə, X5 və X1 ibarət tərkibdə, Nərminə Sahib qızı Murğuzovanın katibliyi ilə, İddiaçının nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 ASC-yə (3-cü şəxslər: Yasamal Rayon İcra və Probasiya Şöbəsi və ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı şəhər Ərazi İdarəsi) qarşı “hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-389/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 ASC-yə (3-cü şəxslər: Yasamal Rayon İcra və Probasiya Şöbəsi və ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı şəhər Ərazi İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətindən qanunsuz yollarla məhrum edildiyi Bakı şəhəri, Yasamal rayonu, T.Şahbazi küçəsində yerləşən 104 saylı evin 10 saylı mənzilinin satılmasına dair xx xxxxx 2018-ci il tarixdə qanunsuz təşkil edilmiş hərrac və hərracın yekunları barədə tərtib edilmiş 57 saylı Protokolun etibarsız hesab edilməsi və yekun protokol əsasında cavabdeh “Cavabdeh2” adına verilmiş mülkiyyət hüququnu təsdiq edən çıxarışın ləğv edilərək mənzilinin üzərində mülkiyyət hüququnun bərpa olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(005)- 389/2019 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Həmin qətnamədən iddiaçı apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Yasamal Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi ilə “xxxx” MMC-dən 33000 manat və 3847,31 manat, ümumilikdə 36847,31 manat pulun tutulması və tutmanın Bakı şəhəri, T.Şahbazi küçəsində yerləşən 104 saylı evin 10 saylı mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılaraq borcun ödənilməsi, mənzilin ilkin satış qiymətinin 55000 manat müəyyənləşdirilməsi qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə Yasamal Rayon Məhkəməsinin qətnaməsi borc məbləği hissəsində dəyişdirilərək 32982,19 manat əsas və 3640,76 manat faiz borc müəyyən edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Qətnamə əsasında icra vərəqəsi verilmişdir. O, icra şöbəsinə gedən zaman icra məmuru ona bildirmişdir ki, evlə bağlı heç bir icra tədbiri həyata keçirilmir, çünki bank məktub verərək icra işinin məhkəməyə geri qaytarılmasını xahiş edib. Ancaq sentyabr ayının təxminən 15-də bankın nümayəndəsi Aynur Şıxıyevadan mənzilinə xx.xx.2018-ci il tarixli məktub gələrək 10 gün müddətində mənzili tərk etməyi tələb edilmişdir. Dərhal araşdırma aparmış və müəyyən etmişdir ki, mənzili hərrac vasitəsilə bank alıb və hərracı da “X2” MMC təşkil etmişdir. O, xx.xx.2018-ci il tarixdə cavabdehə rəsmi ərizə ilə müraciət etmiş və onlar tərəfindən mənzillə bağlı bütün aparılmış hərraclar və qəbul edilmiş alqı-satqı və yekun protokol təqdim edilmişdir. Nəticədə onun əmlakın mülkiyyətçisi kimi qanunla qorunan hüquqlarına qəsd edilmişdir. Çünki hərracın təşkilatçısı olan Cavabdeh1 MMC qanunun tələbinə əsasən hərracın keçirilmə tarixinə 1 ay qalmış ona bu barədə rəsmi məlumat verməli idi. Ən azından məhkəmə nəzərə almamışdır ki, hərracın keçirilməsi ilə bağlı onun ünvanına bildiriş göndərilməsi onun bildirişi almağı anlamına gəlmir. Hətta cavabdeh bankın icra şöbəsinə ünvanladığı məktubdan görünür ki, onlar hətta hərracın dayandırılmasını və məhkəmə qətnaməsinin icra olunmamasını xahiş ediblər. Belə olan halda hansı hərrac keçirilə bilərdi. Qeyd olunanlara əsasən apelyasiya şikayətinin təmin edilməsi xahiş edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(103)-7327/2019 saylı qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmış, iddiaçı tərəfindən kassasiya şikayəti verilmiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(102)-96/2020 saylı qərarına əsasən iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli 2(103)-7327/2019 saylı qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Yeni apelyasiya baxışı zamanı iddiaçının nümayəndəsi Vəkil apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi və izahatında bildirdi ki, bankın nümayəndəsi məktub ünvanlayıb ki, evdən çıxın. İcraçının yanına gedib, icraçı deyib ki, narahat olmayın. Kredit götürənlə bank arasında ödəniş qrafiki açılıb. Siz evinizdə rahat oturun. Məhkəmə xəbəri olmağını onunla götürüb ki, KİV-də məlumat verilib. İş üzrə cavabdehlər və üçüncü şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq cavabdehlərin və üçüncü şəxslərin iştirakları olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsini dinləyib, mülki işin materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apelyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbi təmin edilməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Baxılan iş üzrə apelyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir. İş materiallarından görünür ki, Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(103)-689/2017 saylı qətnaməsi ilə Yasamal Rayon Məhkəməsinin 2-(004)-524/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsi borc məbləği hissəsində dəyişdirilərək, tutulacaq borcun 32.982,19 manat əsas və 3.640,76 manat faiz borcu olması müəyyən edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamə icraya yönəldilmişdir. “Hərracın yekunları barədə” 57 nömrəli protokoldan müəyyən olunur ki, Yasamal Rayon İcra Şöbəsinin sifarişi əsasında xx.xx.2018-ci il tarixdə cavabdeh MMC tərəfindən hərrac keçirilmiş, iddiaçıya məxsus mənzilin satışı təşkil olunmuşdur. Əmlakın ilkin satış qiyməti 55.000 manat müəyyən edilmiş, “İpoteka Haqqında” Azərbaycan Respublikasının Qanununun 43.5-ci maddəsinə əsasən təkrar hərracda 15% və 43.7-ci maddəsinə əsasən 25% endirilmişdir. Əmlakın satılmış son qiyməti 35.062,50 manat olmuşdur. İpoteka saxlayan Bank əmlakı 35.062,50 manat müqabilində almışdır. “Hərracın yekunları üzrə əmlak alğı-satqısı barədə” müqavilədən müəyyən olunur ki, mübahisəli mənzilin satın alınması barədə cavabdeh MMC ilə cavabdeh Bank arasında xx.xx.2018-ci il tarixdə müqavilə bağlanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Ali Məhkəmə öz qərarında qeyd edir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası qanununun 42.1-ci maddəsinin mübahisə yaranan dövrdə qüvvədə olan redaksiyasına əsasən hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, forması, onun predmeti və keçirilmə qaydası, ilkin satış qiyməti, hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi miqdarında beh ödəməlidir. Qanunverici hərracın keçirilməsinə dair bildirişin tərəflərə göndərilməsini (həm də müəyyən müddət daxilində göndərilməsini) müəyyən etməklə, onsuz da ipoteka qoymaqla, məhrumiyyətə məruz qalmış borcluya (ipoteka qoyana) müəyyən müddət verməklə, məhz onun özü tərəfindən ipoteka predmetinin alınmasına şərait yaradır. Hərracın təşkilatçısı tərəfindən qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əməl olunmaması (bildirişin göndərilməməsi və ya lazımi qaydada göndərilməməsi) ipoteka qoyanı qanunvericilik tərəfindən ona verilmiş bu imkandan mərhum edərək, bu normanı əhəmiyyətsiz edir. Məhkəmə kollegiyası hesab edir ki, hərracın keçirilməsi barədə iddiaçıya qanunvericiliyin tələblərinə uyğun qaydada məlumat verilməməsinə apelyasiya instansiyası məhkəməsi düzgün hüquqi qiymət verməmişdir. Belə ki, apelyasiya instansiyası məhkəməsinin istinad etdiyi “Hərracın keçirilməsi barədə” xx.xx.2018-ci il tarixli, xx.xx.2018-ci il tarixli bildirişlərin iddiaçı tərəfindən alınmasını təsdiq edən sübutlar iş materiallarında yoxdur. Kollegiyanın qənaətinə görə iddiaçının hərracın təşkilatçısı olan MMC tərəfindən hərracın yeri və vaxtı barədə onu lazımi qaydada xəbərdar etməməsi nəticəsində onun da hərracda iştirak etmək kimi hüququnun reallaşdırılmasının qarşısı alınmışdır. “Kaspi” qəzetinin xx.xx.2018ci il və xx.xx.2018-ci il tarixli buraxılışlarında elan verilməsi də iddiaçının hərracın təşkilatçısı olan MMC tərəfindən hərracın yeri və vaxtı barədə onu lazımi qaydada xəbərdar etməməsi də hərracın təşkilatçısı olan MMC-nin qanunvericiliyin tələblərini pozmaması anlamına gəlməyə əsas vermir. Belə ki, qəzetlərdə olan hərraca çıxarılan əmlakı almaq niyyətində olan digər şəxslər üçündür və bu elanların verilməsi mütləq mənada iddiaçının hərracın yeri və vaxtı barədə onu lazımi qaydada xəbərdar edilməsi kimi qiymətləndirilə bilməz. Bundan əlavə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə hüquqi qiymət verməkdə davam edərək hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən iddia tələbinin əsası kimi istinad edilən digər dəlil olan Bankla borclu şirkət razılıq əldə etdiklərindən, Bankın məktub verərək icra işinin məhkəməyə geri qaytarılmasının göstərilməsi ilə bağlı araşdırma aparılmamışdır. Bu hal iddia ərizəsinin əsasları ilə eynilik təşkil edən apelyasiya şikayətində də öz əksini tapmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmələrin iclas protokollarından Cavabdeh2 ASC-nin nümayəndəsi X3 rayon İcra Şöbəsinə ünvanladığı xx.xx.2018-ci il tarixli 07/24 saylı məktubunun yazılması ilə bağlı iddia dəlilinin müzakirə edilməsi görünmür. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi qeyd edilən məktubunun yazılmasının səbəbləri, İcra Şöbəsinə göndərilib göndərilməməsini, icra məmurunun qeyd edilən məktubla hərrac mərkəzinə müraciət edib-etməməsini araşdırmamışdır. Məhkəmə kollegiyası Mülki Məcəllənin 415.2, 416.1, 416.2-ci, “İpoteka haqqında” qanunun 42.1, 42.3 və 46.1-ci maddələrinə istinad edərək və Ali Məhkəmənin mövqeyi ilə razılaşaraq hesab edir ki, Cavabdeh1 MMC tərəfindən keçirilən hərrac və ipoteka predmetinin ipoteka saxlayana satılması qanunvericiliyin tələblərinə uyğun həyata keçirilmədiyindən hərracın yekunları barədə tərtib edilmiş protokol etibarsız hesab edilməli və yekun protokol əsasında Cavabdeh2 ASC-nin adına verilmiş mülkiyyət hüququnu təsdiq edən çıxarışın ləğv edilməli və mənzilinin üzərində iddiaçının mülkiyyət hüququ bərpa olunmalıdır. Məhkəmə kollegiyası Ali Məhkəmənin öz qərarında Cavabdeh2 ASC-nin nümayəndəsi X3 rayon İcra Şöbəsinə ünvanladığı xx.xx.2018-ci il tarixli 07/24 saylı məktubunun yazılması ilə bağlı iddia dəlilinin müzakirə edilməsi ilə bağlı göstərişinə uyğun olaraq qeyd edir ki, xx.xx.2020-ci il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən Cavabdeh2 ASC-nin nümayəndəsi X4 izahatında bildirmişdir ki, birinci hərrac keçirilməsi barədə 17 yanvarda bildiriş göndərilmişdir. Onlar fevralda dayandırma barədə məktub vermişlər. Onlar məktubu başqa bir banka borcu olan şəxs var ki, o xahiş etmşdi ki, borcu ödəyəcək. Lakin borcu ödəmədi. Onlar icra ilə əlaqə saxlamış, demişlər ki, məktub daxil olmayıb. Sonra isə icraya rəsmi məktub yazmışlar. Həmin məhkəmə iclasında Aynur Şıxıyeva tərəfindən məhkəməyə təqdim edilən bank tərəfindən Yasamal rayon İcra Şöbəsinə ünvanlanan xx.xx.2018-ci il tarixli 02/955 saylı məktubdan görünür ki, xx.xx.2018-ci il tarixdə göndərilən ərizə ilə “İcra haqqında” qanunun 23.1.1-ci maddəsinə əsasən, həmin icra sənədini borclularla borcun ödənilməsinə dair razılaşma olduğunu nəzərə alaraq məhkəməyə geri qaytarılması xahiş olunmuşdur. Lakin, daha sonra borclularla şifahi barışıq razılaşmasının pozulmasını, eyni zamanda icra hərəkətlərinin və hərracın davam etdirilməsini, əmlakın tələbkar-banka təklif olunma mərhələsində xx.xx.2018-ci il tarixdə bank tərəfindən alınmasını nəzərə alaraq xx.xx.2018-ci il tarixdə göndərilən icra sənədinin məhkəməyə geri qaytarılması haqqında olan ərizənin etibarsız hesab edilməsi xahiş edilmişdir. Bank tərəfindən Yasamal rayon İcra Şöbəsinə göndərilən xx.xx.2018-ci il tarixli 07/24 saylı məktubda isə qeyd edilir ki, “İcra haqqında” Qanunun 23.1.1-ci maddəsinə əsasən, həmin icra sənədinin məhkəməyə geri qaytarılmasını və həmin icra işi ilə əlaqədar ipoteka predmeti olan, göstərilən qətnamə ilə üzərinə tutma yönəldilmiş Bakı şəhəri, Yasamal rayonu, T.Şahbazi küçəsində yerləşən 104 saylı evin 10 saylı mənzilinin hərracının dayandırılması xahiş edilmişdir. Kollegiya qeyd edir ki, yuxarıdakı məktublardan da göründüyü kimi cavabdeh bank ikinci məktubu göndərdikdə artıq hərrac baş tutmuş və ipoteka predmeti bank tərəfindən əldə edilmişdir. Yəni hərrac keçirilən dövrdə bank tərəfindən icra hərəkətlərinin davam etdirilməsinə dair hər hansı məktub ünvanlanmamış, əksinə icra sənədinin geri qaytarılması və hərracın dayandırılması xahiş edilmişdir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbi təmin edilməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 385.1.1, 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-389/2019 saylı, xx xxxx 2019cu il tarixli qətnaməsi ləğv edilsin. İddia tələbi təmin edilsin. Bakı şəhəri, Yasamal rayonu, T.Şahbazi küçəsində yerləşən 104 saylı evin 10 saylı mənzilinin satılmasına dair xx xxxxx 2018-ci il tarixdə təşkil edilmiş hərrac və hərracın yekunları barədə tərtib edilmiş 57 saylı Protokol etibarsız hesab edilsin, yekun protokol əsasında Cavabdeh2 ASC-nin adına verilmiş mülkiyyət hüququnu təsdiq edən çıxarış ləğv edilsin və mənzilinin üzərində iddiaçının mülkiyyət hüququ bərpa edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Hakim: Aida Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar