Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3466/2025 12.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Sadıqov Vahid Nəriman oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin nümayəndəsi Nümayəndə2, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kirayə müqaviləsinin ləğv edilməsi, cavabdehlərin mənzildən çıxarılması və mənzilin boşaldılaraq təhvil verilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 07 aprel 2025-ci il tarixli, 2(002)-547/2025 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları: Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin 2019-cu il 29 may tarixli bina 6/9 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən Laçın rayonundan məcburi köçkün Cavabdeh1 ailə üzvləri ilə birlikdə Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı çərçivəsində Bakı şəhəri Qaradağ rayonu Ümid qəsəbəsi ərazisində məcburi köçkünlər üçün inşa edilmiş 300 mənzilli Yeni Yaşayış kompleksi 6 nömrəli binada 9 nömrəli 3 otaqlı mənzil ilə təmin edilmişdir. Eyni zamanda Dövlət Proqramı çərçivəsində və ünvan 1 ünvanda yerləşən dövlət tərəfindən bərpa edilən 118 kodlu evə köçmək üçün Cavabdeh1 Qaçqınların və X3 üzrə Dövlət Komitəsi tərəfindən bildiriş göndərilmişdir. Bununla belə cavabdehlər müvəqqəti məskunlaşdıqları Bakı şəhəri ünvan 2 ünvandakı dövlətə məxsus olan yaşayış sahəsini təhvil verməyəcəyini bildirmişdir. Hazırda iddiaçı, kirayə müqaviləsinin ləğv edilməsi, cavabdehlərin mənzildən çıxarılması və mənzilin boşaldılaraq təhvil verilməsini tələb edir. Birinci instansiya məhkəməsində icraat İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti arasında bağlanmış 29 may 2019-cu il tarixli bina 6/9 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi; Cavabdeh1 və ailə üzvləri Cavabdeh2 və Cavabdeh3 Bakı şəhəri Qaradağ rayonu Ümid qəsəbəsi Yeni Yaşayış kompleksi ev 6-da yerləşən 9 nömrəli 3 otaqlı mənzildən çıxarılması və mənzilin boşaldılaraq Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinə təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh2 və Cavabdeh3 digər cavabdehlər qismində mülki işə cəlb edilmişlər. İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti iddia ərizəsini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin 2019-cu il 29 may tarixli bina 6/9 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən Laçın rayonundan məcburi köçkün Cavabdeh1 ailə üzvləri ilə birlikdə qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı çərçivəsində Bakı şəhəri Qaradağ rayonu Ümid qəsəbəsi ərazisində məcburi köçkünlər üçün inşa edilmiş 300 mənzilli Yeni Yaşayış kompleksi 6 nömrəli binada 9 nömrəli 3 otaqlı mənzil ilə təmin edilmişdir. Dövlət Proqramı çərçivəsində və ünvan 1 ünvanda yerləşən dövlət tərəfindən bərpa edilən 118 kodlu evə köçmək üçün Cavabdeh1 Qaçqınların və X3 üzrə Dövlət Komitəsi tərəfindən bildiriş göndərilməsinə baxmayaraq, müvəqqəti məskunlaşdıqları Bakı şəhəri ünvan 2 ünvandakı dövlətə məxsus olan yaşayış sahəsini təhvil verməyəcəyini bildirmişdir. Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri qismində məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmiş Azərbaycan Respublikası Prezidentinin fərmanlarına, sərəncamlarına və dövlət proqramlarına əsasən tikilərək, həmçinin dövlət vəsaiti hesabına məcburi köçkünlərin müvəqqəti yaşaması üçün alınaraq xüsusi təyinatlı mənzil fonduna daxil edilmiş yaşayış sahələri istifadə edilir. Həmin yaşayış sahələrinin verilməsi Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsi tərəfindən həyata keçirilir. Komitə Azərbaycan Respublikası Mənzil Məcəlləsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 65 saylı qərarı ilə təsdiq edilmiş Qaydalara və “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”na əsaslanaraq mənzilə daha çox ehtiyacı olan, ağır, qəzalı şəraitdə məskunlaşmış məcburi köçkünlərə müvəqqəti yaşamaları üçün yaşayış sahələri vermişdir. Əlavə olaraq bildirilmişdir ki, Komitə məcburi köçkünlərin müvəqqəti istifadəsinə verilmiş qəsəbələrdəki yaşayış sahələrinin təyinatı üzrə istifadə edilməsinə xüsusi diqqət yetirməklə daim nəzarətdə saxlayır. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 16 noyabr tarixli 3587 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair İ Dövlət Proqramı”nın müvafiq fəaliyyət istiqamətlərinə dair Tədbirlər Planının 3.1-ci bəndinin “Əhalinin geri qayıdışının və ərazilərə inteqrasiyanın təmin edilməsi” üzrə Fəaliyyət istiqamətinin 3.1.4-cü yarımbəndinə uyğun olaraq, tərtib edilmiş planlar üzrə bərpa qrafikinə uyğun olaraq mərhələli formada inşa edilmiş evlərə ailələrin köçürülməsini Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsi həyata keçirir. Tədbirlər Planının 3.1-ci bəndinin “Əhalinin geri qayıdışının və ərazilərə inteqrasiyasının təmin edilməsi” üzrə Fəaliyyət istiqamətinin 3.1.4-cü yarımbəndinə uyğun olaraq, Laçın rayonundan olan bir qrup rayon sakinlərinin evləri dövlət tərəfindən tam bərpa olunmuşdur. Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsi tərəfindən Cavabdeh1 ailə üzvləri ilə birlikdə müvəqqəti yaşaması üçün verilmiş, kirayə müqaviləsi əsasında müvəqqəti məskunlaşdığı dövlətə məxsus olan Bakı şəhəri Qaradağ rayonu Ümid qəsəbəsi ərazisində məcburi köçkünlər üçün salınmış 300 mənzilli Yeni Yaşayış kompleksi bina 6-da yerləşən 9 nömrəli 3 otaqlı mənzildən ailə üzvləri ilə birlikdə çıxarılması və mənzilin boşaldılaraq Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinə təhvil verməyi və ünvan 1 ünvanına tam təmirli olan evə ailə üzvləri ilə birlikdə köçməsi barədə geniş məlumat verilmişdir. Lakin Cavabdeh1 ünvan 1 ünvanına yerləşən təmir edilmiş evə müxtəlif bəhanələr gətirərək köçməkdən imtina etmişdir. Odur ki, Azərbaycan Respublikası Prezidentinin 16 noyabr 2022-ci il tarixli 3587 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair İ Dövlət Proqramı”nın müvafiq fəaliyyət istiqamətlərinə dair Tədbirlər Planının 3.1-ci bəndinin “Əhalinin geri qayıdışının və ərazilərə inteqrasiyasının təmin edilməsi” üzrə Fəaliyyət istiqamətinin 3.1.4-cü yarımbəndi əsas götürərək dövlət tərəfindən tam təmir edilmiş abadlaşdırılmış yaşayış sahəsinə köçməyən vətəndaş Cavabdeh1 ilə Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsi arasında Bakı şəhəri Qaradağ rayonu Ümid qəsəbəsi ərazisində məcburi köçkünlər üçün salınmış 300 mənzili Yeni Yaşayış kompleksi bina 6-da yerləşən 9 nömrəli 3 otaqlı mənzilə bağlanmış xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqavilələri ləğv edilməli, mənzillər boşaldılaraq komitəyə təhvil verilməsi barədə qətnamə qəbul edilməlidir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 07 aprel 2025-ci il tarixli, 2(002)- 547/2025 saylı qətnaməsi ilə iddianın təmin edilməsi, Cavabdeh1 ilə Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti arasında bağlanmış 29 may 2019-cu il tarixli bina 6/9 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Bakı şəhəri Qaradağ rayonu Ümid qəsəbəsi Yeni Yaşayış kompleksi ev 6da yerləşən 9 nömrəli 3 otaqlı mənzildən çıxarılmaları və mənzilin boşaldılaraq Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinə təhvil verilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri qismində məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmiş Azərbaycan Respublikası Prezidentinin fərmanlarına, sərəncamlarına və dövlət proqramlarına əsasən tikilərək, həmçinin dövlət vəsaiti hesabına məcburi köçkünlərin müvəqqəti yaşaması üçün alınaraq xüsusi təyinatlı mənzil fonduna daxil edilmiş yaşayış sahələri istifadə edilir. Həmin yaşayış sahələrinin verilməsi Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsi tərəfindən həyata keçirilir. Komitə Azərbaycan Respublikası Mənzil Məcəlləsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 65 saylı qərarı ilə təsdiq edilmiş Qaydalara və “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”na əsaslanaraq mənzilə daha çox ehtiyacı olan, ağır, qəzalı şəraitdə məskunlaşmış məcburi köçkünlərə müvəqqəti yaşamaları üçün yaşayış sahələri vermişdir. Komitə məcburi köçkünlərin müvəqqəti istifadəsinə verilmiş qəsəbələrdəki yaşayış sahələrinin təyinatı üzrə istifadə edilməsinə xüsusi diqqət yetirməklə daim nəzarətdə saxlayır. Azərbaycan Dövləti Qarabağ bölgəsindən olan vətəndaşlar qarşısında Konstitusiyada təsbit olunmuş vəzifələrini icra edərək, işğal altında olan torpaqları düşmən tapdağından azad etmiş, böyük yenidənqurma və bərpa işlərinə başlamış, vətəndaşların dədə-baba yurdlarına qaytarılması üçün müvafiq tədbirləri görmüşdür. Hazırda da bu tədbirlər davam etdirilir. Lakin cavabdehlər vətəndaş olaraq xüsusi təyinatlı yaşayış sahəsini tərk etmələrinə dair qanuni tələbləri icra etməkdən boyun qaçırırlar və bunun üçün heç bir əsaslı, üzürlü səbəblər mövcud deyil. Qeyd olunan qətnamədən narazı Cavabdeh1 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia təmin edilməklə vətəndaş kimi dövlətlə qorunan hüquqları pozulmuşdur. Belə ki, Laçın rayonunda əvvələr 4 otaqlı mənzili olmuş, sonradan həmin evi bərpa edərək 3.30x3.60 sahəli iki otaq etmişlər. Ailə üzvüləri 3 nəfərdən ibarətdir. Oğlu ailə qurmalıdır. Laçın rayonunda verilmiş evdə oğlunun ailəsi və onların yaşamaqları qeyri-mümkündür. Laçın rayonunda verilmiş ev hazırda yaşadıqları evdən daha kiçikdir. Bu səbəbdən də həmin evə köçüb yaşamaqları mümkün deyildir. Həmçinin Laçın rayonunda yaşadığı ev əvvəl geniş idi, lakin həmin evin otaqlarını bölmüş, otaqların birini isə hamam və sanitar qovşağı etmişlər. Bu səbəbdən də ona ata-babadan məxsus olan ev çox kiçildilmişdir. Laçın rayonunda təqdim olunan evdə çatlar vardır, bərpa işləri tam aparılmamış, evə gedən yol isə çox yarasız vəziyyətdir. Gələcəkdə qonşu tərəfindən orada ev tikilərsə yolu ümumiyyətlə bağlanacaqdır. Göründüyü kimi Laçın rayonundan məcburi köçkün olmaqla mübahisəli mənzil onlara 29 may 2019-cu il tarixdə ailə üzvülərinə verilmiş və həmin vaxtdan da mübahisəli mənzildə yaşayırlar. Hazırda Laçın rayonunda verilmiş mənzil ailə üzvülərinin yaşayışı üçün darısqaldır və hazırkı yaşadıqları mənzildən sahəsi azdır. Bu səbəbdən də hazırda yaşadıqları evi təhvil verməmişlər. Lakin qeyd edilən hallar məhkəmə tərəfindən tam araşdırılmamışdır. Bununla yanaşı qeyd edir ki, məhkəmə iclasında iddiaçı təşkilat onlara verilmiş mənzilə kirayə müqaviləsinin ləğv edilməsini tələb etsə də, Laçın rayonunda verilmiş mənzilin yaşayış sahəsinin az olmasını və ailə üzvülərinin yaşamasına darısqal olduğunu nəzərə almamışdır. Hazırda yaşadıqları evdə uzun müdət yaşamaqla ailə üzvləri həmin mənzilin yaşayışına öyrəşmiş, yenidən başqa şəraitda yaşamaqları müəyyən çətinliklər yarada bilər. Yəni, hazırki vəziyyətdə ailəsi ilə birlikdə hazırda yaşadıqları evdən çıxarılmaları onların yaşayış sahəsinə olan ehtiyaclarının aradan qalxmasından deyil, iddiaçı təşkilatın mənafeyinə xidmət edir. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar tam aydınlaşdırılmamışdır. Belə ki, kirayə müqaviləsi bağlanmış və mənzil şəraitinin yaxşılaşdırılmasına kimi həmin mənzildən istifadə etmələri nəzərdə tutulmuşdur. Lakin hazırkı mənzildən daha darısqal olan mənzillə təmin edildikləri halda hazırkı mənzildən çıxarılmaları əsassızdır. Ailə üzvlərinin hazırda verilmiş mənzildə yaşamağı mümkün deyildir. Uzun müddətdir ki, mübahisəli mənzildə yaşayırlar və mənzil şəraiti buna uyğun olduğu halda mənzil təhvil verilə bilər. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə Kollegiyasının iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə Kollegiyasının iclasında iştirak edən Cavabdeh2 Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə Kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə Kollegiyasının iclası barədə lazimi qaydada xəbərdar edilmiş digər cavabdeh məhkəmə kollegiyasının iclasında iştirak etmədiyindən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq hesab edir ki, qətnamə - apellyatora aid hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 16 noyabr tarixli 3587 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair İ Dövlət Proqramı”nın müvafiq fəaliyyət istiqamətlərinə dair Tədbirlər Planının 3.1-ci bəndinin “Əhalinin geri qayıdışının və ərazilərə inteqrasiyanın təmin edilməsi” üzrə Fəaliyyət istiqamətinin 3.1.4-cü yarımbəndinə uyğun olaraq, tərtib edilmiş planlar üzrə bərpa qrafikinə uyğun olaraq mərhələli formada inşa edilmiş evlərə ailələrin köçürülməsini Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsi həyata keçirir. Tədbirlər Planının 3.1-ci bəndinin “Əhalinin geri qayıdışının və ərazilərə inteqrasiyasının təmin edilməsi” üzrə Fəaliyyət istiqamətinin 3.1.4-cü yarımbəndinə uyğun olaraq, Laçın rayonundan olan bir qrup rayon sakinlərinin evləri dövlət tərəfindən tam bərpa olunmuşdur. Mənzil Məcəlləsi: 82.3-cü maddəsinə əsasən kirayəçi və onun ailə üzvləri başqa yaşayış yerinə köçdükdə, yaşayış sahəsinin sosial kirayə müqaviləsi həmin şəxslərin köçdükləri gündən ləğv edilmiş hesab edilir. 83-cü maddəsinə əsasən məhkəmə qaydasında vətəndaşlar sosial kirayə müqavilələri ilə verilmiş yaşayış sahələrindən: sosial kirayə müqavilələri ilə digər abadlaşdırılmış yaşayış sahələri verilməklə; sosial kirayə müqavilələri ilə digər yaşayış sahələri verilməklə; digər yaşayış sahələri verilmədən çıxarılırlar. 91.2-ci maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahələri qismində dövlət və bələdiyyə mənzil fondunun yaşayış sahələri istifadə edilir. Yaşayış sahəsinin xüsusi təyinatlı yaşayış sahəsi qismində istifadəsinə yalnız həmin sahə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qayda və tələblərə riayət etməklə xüsusi təyinatlı mənzil fonduna aid edildikdən sonra yol verilir. Yaşayış sahəsinin xüsusi təyinatlı yaşayış sahələrinin növlərindən birinə aid edilməklə xüsusi təyinatlı mənzil fonduna daxil edilməsi və ondan çıxarılması dövlət və ya bələdiyyə mənzil fondunun idarəetməsini həyata keçirən orqanın qərarı əsasında həyata keçirilir. 91.3-cü maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahələri özgəninkiləşdirilə, icarəyə və kirayəyə verilə bilməz. 98.1-ci maddəsinə əsasən ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün əvəzsiz istifadə müqavilələri əsasında verilən yaşayış sahələri istisna olmaqla, xüsusi təyinatlı yaşayış sahələri onların mülkiyyətçilərinin (mülkiyyətçilərin adından çıxış edən səlahiyyətli dövlət orqanı və ya bələdiyyələrin) və ya onların səlahiyyətli şəxslərinin qərarları ilə xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqavilələri əsasında verilir. 99.1-ci maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə görə bir tərəf xüsusi təyinatlı yaşayış sahəsinin mülkiyyətçisi (mülkiyyətçinin adından çıxış edən səlahiyyətli dövlət və ya bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayəyə verən) həmin yaşayış sahəsini haqqı ödənilməklə müvəqqəti yaşamaq üçün digər tərəfə- vətəndaşın (kirayəçinin) sahibliyinə və istifadəsinə verir. 99.2-ci maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi həmin sahənin verilməsi haqqında qərar əsasında bağlanılır. 99.3-cü maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsində müqavilənin predmeti, xüsusi təyinatlı yaşayış sahəsindən istifadə üzrə tərəflərin hüquq və vəzifələri müəyyən edilir. 99.4-cü maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahəsinin kirayəçisi kirayəyə götürülmüş yaşayış sahəsini dəyişdirə, habelə digər şəxslərin istifadəsinə verə bilməz. 100.3-cü maddəsinə əsasən kirayəçi və onunla birgə yaşayan ailə üzvləri tərəfindən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi üzrə vəzifələr yerinə yetirilmədikdə, habelə bu Məcəllənin 82-ci maddəsində nəzərdə tutulmuş digər hallarda xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi kirayəyə verənin tələbi ilə məhkəmə qaydasında ləğv edilə bilər. Mülki Prosessual Məcəllə: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.
Məhkəmə Kollegiyasının mövqeyi
Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, apellyasiya şikayətində göstərilən dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, işin faktiki halları ilə müəyyən edilir ki, Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin 2019-cu il 29 may tarixli bina 6/9 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən müvəqqəti olaraq Laçın rayonundan məcburi köçkün Cavabdeh1 ailə üzvləri ilə birlikdə qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı çərçivəsində Bakı şəhəri Qaradağ rayonu Ümid qəsəbəsi ərazisində məcburi köçkünlər üçün inşa edilmiş 300 mənzilli Yeni Yaşayış kompleksi 6 nömrəli binada 9 nömrəli 3 otaqlı mənzil ilə təmin edilmişdir. Hazırki vəziyyətdə Azərbaycan Dövləti Qarabağ bölgəsindən olan vətəndaşlar qarşısında Konstitusiyada təsbit olunmuş vəzifələrini icra edərək, işğal altında olan torpaqları düşmən tapdağından azad etmiş, böyük yenidənqurma və bərpa işlərinə başlamış, vətəndaşların dədə-baba yurdlarına qaytarılması üçün müvafiq tədbirləri görmüşdür. Hazırda da bu tədbirlər davam etdirilir. Bu baxımdan Dövlət Proqramı çərçivəsində və ünvan 1 ünvanda yerləşən dövlət tərəfindən bərpa edilən 118 kodlu evə köçmək üçün Cavabdeh1 Qaçqınların və X3 üzrə Dövlət Komitəsi tərəfindən bildiriş göndərilmişdir. Buna baxmayaraq, Cavabdeh1 ailə üzvləri ilə müvəqqəti məskunlaşdığı Bakı şəhəri ünvan 2 ünvandakı dövlətə məxsus olan yaşayış sahəsini təhvil verməyəcəyini bildirmişdir. Göründüyü kimi, cavabdeh vətəndaş olaraq xüsusi təyinatlı yaşayış sahəsini tərk etməsinə dair qanuni tələbləri icra etməkdən boyun qaçırır və bunun üçün heç bir əsaslı, üzürlü səbəblər mövcud deyil. Belə olan halda Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməsi barədə düzgün nəticəyə gəlmişdir. Məhkəmə Kollegiyası qeyd etməyi zəruri hesab edir ki, 44 gün davam edən Vətən müharibəsi nəticəsində torpaqlarımız işğaldan azad olunmuş, ölkəmizin ərazi bütövlüyü bərpa edilmişdir. Azərbaycan Respublikası öz torpaqlarını azad etməklə tarixi inkişafının irimiqyaslı bərpa-quruculuq layihələri ilə səciyyələnən, dayanıqlı sülhə, tərəqqiyə əsaslanan və bir çox ölkələr üçün nümunə olan yeni mərhələsinə qədəm qoymuşdur. Vətən müharibəsindən ötən müddət ərzində işğaldan azad olunmuş ərazilərin minalardan və partlamamış hərbi sursatdan təmizlənməsi, müasir yaşayış, istehsal və xidmət infrastrukturunun qurulması, iqtisadi fəaliyyətin, o cümlədən nəqliyyat-kommunikasiya xətlərinin bərpası istiqamətində mühüm işlər görülmüşdür. Həyata keçirilən məqsədyönlü və genişmiqyaslı layihələr Qarabağ rayonlarının sürətlə dirçəlməsinə, əhalinin dayanıqlı məskunlaşmasına və davamlı iqtisadi aktivliyinin təmin olunmasına xidmət edir, habelə həmin ərazilərin yüksək inkişaf etmiş regiona çevrilməsi üçün sağlam bünövrə yaradır. Bu baxımdan Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir. Çünki hazırda Laçın şəhəri işğaldan azad olunmuşdur. Bu baxımdan qanuniliyindən asılı olmayaraq, cavabdehin mübahisəli mənzildə məskunlaşmasının əsasında onun yaşayış sahəsinə olan ehtiyacının aradan qaldırılması dururdusa, hazırda bu ehtiyac da aradan qalxmışdır. Azərbaycan ordusunun qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən sonra könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıtmasına imkan yaranıb. X6 Əliyevin tapşırığına uyğun olaraq, Laçın şəhərinə köçürülmə prosesinə başlanılıb və davam etdirilir. Cavabdehə mübahisəli mənzildə yaşamasına əsas vermiş müqavilədən də aydın görünür ki, mənzildən istifadə müvəqqətidir və müqavilə tərəfinin müvəqqəti məskunlaşmış şəxslərə azad olunmuş torpaqlara qayıdış ilə əlaqədar mənzili təhvil verilməsini təklif olunması ilə tərəflər arasında müqavilə münasibətlərinə son verilir ki, bu halda həmçinin Mənzil Məcəlləsinin müvafiq maddələrinin tələbləri baxımından müqavilə ləğv edilməsinə əsas yaranır. Qeyd olunanlara əsasən müəyyən olunur ki, qəbul edilmiş qətnamənin nəticə hissəsi ilə işin faktiki halları arasında heç bir uyğunsuzluq olmamış, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, apellyasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Beləliklə Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gəlmiş, məhkəmə tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş və qətnamənin ləğvi üçün Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsində nəzərdə tutulmuş əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq Məhkəmə Kollegiyası,
Qət etdi:
Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 07 aprel 2025-ci il tarixli, 2(002)- 547/2025 saylı qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Vahid Sadıqov Sabit Bəhrəmzadə