Məhkəmə qərarları › İş №2(103)-3472/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3472/2023

05.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair müb
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3472/2023 05.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının Cavabdeh qarşı iş üzrə (Açar sözlər: kredit borcunun tutulması) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X2 (sədrlik edən və məruzəçi), İxoğlu və Sx oğlundan ibarət tərkibdə, Sadıqov Mehman Norəs oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının Cavabdeh qarşı əsas və faiz borcunun qaytarılması, tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(010)-862/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. "xxxx" ASC ilə Cavabdeh arasında xx.xx.2012-ci il tarixdə 0819 saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdehə illik 17% olmaqla 36 ay müddətinə 10.810 ABŞ dolları məbləğində kredit verilmişdir.

2. Kredit müqaviləsinin təminatı olaraq Cavabdeh mülkiyyətində olan “GELLY MK” markalı, **-VB-*** dövlət qeydiyyat nişanlı minik avtomobili xx.xx.2012-ci il tarixli ipoteka müqaviləsinə əsasən yüklü edilmişdir. İpoteka Müqaviləsi Azərbaycan Respublikası DİN BDYPİ QİŞ tərəfindən qeydiyyata alınmışdır.

3. xx.xx.2015-ci il tarixli müqaviləyə əsasən "xxxx" ASC problemli kreditlərlə bağlı tələbetmə hüququnu "xxxx" QSC-yə güzəşt etmişdir.

4. Cavabdehin kredit müqaviləsi üzrə hazırda 8.191 ABŞ dolları məbləğində əsas, 3.210,67 ABŞ dolları məbləğində faiz, cəmi 11.401,67 ABŞ dolları məbləğində borcu var.

a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı "xxxx" QSC Cavabdeh qarşı əsas və faiz borcunun qaytarılması, tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 8.191 ABŞ dolları məbləğində əsas borc, 3.210,67 ABŞ dolları məbləğində faiz borcu, ümumilikdə 11.401,67 ABŞ dolları məbləğində kredit borcunun, həmçinin ödənilmiş 148,15 manat məbləğində dövlət rüsumunun İddiaçı QSC-nin xeyrinə ödənilməsi, tutmanın Cavabdeh mülkiyyətində olan **-VB-*** dövlət qeydiyyat nişanlı, “GELLY MK” markalı (buraxılış ili 2012, Ban - LB37624S4CL041308, rəngi - Ağ) minik avtomobilinə yönəldərək açıq hərracda satılması və satışdan əldə edilən vəsaitin İddiaçı QSC-nin hesabına ödənilməsi, satışdan əldə olunan vəsaitin borc məbləğindən artıq qalan hissəsinin Cavabdeh qaytarılması, satışdan əldə olunan vəsait borcun ödənilməsinə kifayət etmədikdə isə əksik qalan borc məbləğinin Cavabdeh tutulub İddiaçı QSC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194cü maddəsinə uyğun olaraq "xxxx" ASC ilə İddiaçı QSC arasında bağlanmış, Tələb hüququnun güzəşt edilməsinə dair xx.xx.2015-ci il tarixli Müqaviləyə görə "xxxx" ASC-nin problemli aktivlərinin tələb hüququ İddiaçı QSC-yə keçmişdir. İddiaçı QSC-nin Nizamnaməsinə edilmiş 12 oktyabr 2015-ci il tarixli ********** saylı dəyişiklikdəki 2.5-ci maddəsinə əsasən Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanında nəzərdə tutulmuş aktivlərin idarə edilməsi Kredit Təşkilatının tabeliyində yaradılmış hüquqi şəxs statuslu qurum (“Bank Aktivlərinin X4” MMC) vasitəsilə həyata keçirilir. Qeyd edilmiş dəyişikliyə əsasən "xxxx" ASC-nin problemli aktivləri üzrə tələb hüququnun idarə edilməsini “Bank Aktivlərinin X4” MMC həyata keçirir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli, 101S saylı Sərəncamının icrası ilə əlaqədar İddiaçı QSC tərəfindən "xxxx" ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı borclu şəxs Cavabdeh dair sənədlər S-AVK-1491 saylı, xx.xx.2017-ci il tarixli təhvil-təslim aktına əsasən İddiaçı QSC-yə verilmişdir. "xxxx" ASC-nin Sənaye filialı ilə (bundan sonra Bank) Cavabdeh (bundan sonra “Borcalan”) arasında xx.xx.2012-ci il tarixdə 0819 saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdehə illik 17 % tətbiq edilməklə, 36 ay müddətinə 10.810 ABŞ dolları məbləğində kredit verilmişdir. xx.xx.2013-cü il tarixli kassa məxaric orderindən də göründüyü kimi cavabdehə ayrılmış kredit hesabından istifadə etmişdir. Kredit müqaviləsinin təminatı olaraq Cavabdeh mülkiyyətində olan **-VB-*** dövlət qeydiyyat nişanlı, “GELLY MK” markalı minik avtomobili (buraxılış ili 2012, Ban - LB37624S4CL041308, rəngi - Ağ) ipoteka müqaviləsi ilə yüklü edilmişdir. X3 Azərbaycan Respublikası DİN BDYPİ QİŞ tərəfindən qeydiyyata alınaraq, cavabdehə məxsus nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsində müvafiq qeydiyyat aparılmış və xx.xx.2012-ci il tarixli, AA seriyalı, 065623 №-li «İpoteka müqaviləsinin qeydiyyatı haqqında» şəhadətnamə verilmişdir. Kredit Müqaviləsinin 2.2-ci bəndinə əsasən, Bank nəqliyyat vasitəsinin alınması üçün “Borcalan”a 10.810 ABŞ dolları məbləğində kreditin verilməsini öhdəsinə götürmüşdür. (2.2. bənd) “Borcalan” bu Müqaviləyə əsasən krediti qəbul etməyi, bu Müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri Banka qaytamağı öhdəsinə götürür. Həmin Müqavilənin 5.3-cü bəndinə əsasən kredit vəsaitindən istifadə müddətinin axımı “Borcalan”ın ssuda hesabına kredit vəsaitnin köçürüldüyü təqvim tarixdən başlanır. (5.4. bəndi) “Borcalan”a verilən vəsaitindən istifadə müddəti 36 aydır. (5.5. bənd) kreditin vəsaitnin istifadə müddəti 07 dekabr 2015-ci il tarixdə bitir. Qeyd olunan kredit müqaviləsinin 6.1-ci bəndinə əsasən kredit üzrə faizlər şərti olaraq 360 gün götürülən illik faiz dövrünün kreditdən istifadə edilmiş günlərinin faktiki sayma görə kredit verənə illik 17 faiz ödəyir. Cavabdeh bank qarşısındakı öhdəliklərini bu günə kimi lazımınca yerinə yetirməmişdir. Bank tərəfindən öz növbəsində pul məbləğinin ödənilməsi tələbi ilə dəfələrlə cavabdehə şifahi formada, o cümlədən yazılı bildirişlərin göndərilməsi yolu ilə xəbərdarlıqlar edilmiş və qeyd olunan kredit müqaviləsi üzrə əsas, kreditdən istifadəyə və öhdəliyin icrasının gecikdirilməsinə görə hesablanmış faiz borcu haqqında məlumat verilmiş və onların tez bir zamanda banka ödənilməsi qarşı tərəfdən tələb olunmuşdur. Lakin qeyd olunan öhdəlik bugünədək yerinə yetirilməmişdir.

7. Cavabdehin nümayəndəsi və vəkili məhkəməyə ərizə təqdim edərək göstərmişdir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinin icra müddəti xx.xx.2015-ci il tarixdə bitmişdir. Cavabdeh tərəfindən kredit müqaviləsi üzrə sonuncu ödəniş 2014-cü ildə olmuşdur. İddiaçı tərəfindən isə hazırki iddia ilə məhkəməyə 2023-cü ilin fevralında müraciət olunmuşdur. Göründüyü kimi, qanunla nəzərdə tutulmuş 3 illik iddia müddəti iddiaçı tərəfindən ötürülmüşdür. Göstərilənlərə əsasən iddia müddətinin tədbiq edilərək iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

8. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(010)- 862/2023 nömrəli qətnaməsi ilə (hakim T.N.Məmmədov) iddia təmin edilməmiş, iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilmişdir.

9. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı müqavilə üzrə öz üzərinə düşən öhdəlikləri lazımi qaydada icra etsə də, cavabdeh öz öhdəliklərini lazımi qaydada icra etməmişdir. Buna baxmayaraq, iddiaçı tərəfindən iddia tələbi ilə bağlı iddia müddəti ötürüldüyü üçün hazırkı tələb təmin edilməməlidir.

10. Məhkəmə qeyd etmişdir ki, tərəflər arasında müqavilə xx.xx.2012-ci il tarixdə bağlanmışdır, müqavilənin icra müddəti 36 ay, yəni – xx.xx.2015-ci ilə kimi müəyyən edilmişdir. Hazırkı iddia ərizəsi isə xx.xx.2023-cü ildə məhkəməyə daxil olmuş, yəni müqavilə münasibətləri üçün qanunla müəyyən edilmiş 3 illik iddia müddəti ötürülmüşdür. Bu hal isə iddianın rədd edilməsi üçün əsasdır.

11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 443.1, 448.2, 372.1, 373.2, 377.1, 377.2, 375.2-ci maddələrinə, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “Mülki Məcəllənin 373-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2001-ci il tarixli Qərarına, Konstitusiya Məhkəməsinin Plenumu «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx.xx.2008-ci il tarixli Qərarına, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1, 119.1 və 217.4-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

12. İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, dövlət vəsaitinin geri qaytarılması iddiaçı tərəfindən 2015-ci il tarixdən başlanılmışdır. "Bank Аktivlərinin X4" ММС xx.xx.2019-сu il tarixdə cavabdeh Каzımov İlham Şakir oğlundan "əsas və faiz borcunun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi" tələbinə dair iddia ərizəsi ilə Suraxanı Rayon Məhkəməsinə müraciət etmiş, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(010)-5894/2019 saylı qərardadı ilə iddia baxılmamış saxlanılmışdır. Həmin iddia ərizəsinə əlavə edilmiş sənədlərin əsillərinin geri qaytarılması barədə xx.xx.2022-ci ildə rəsmi qaydada müraciət edilsə də, sənədlərin əsilləri "Bank Aktivlərinin X4" ММС-уə xx.xx.2022-ci il tarixdə təqdim edilmişdir. Bundan başqa borclunun kredit borcu Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-сu il tarixli, Аzərbaycan Respublikasının "fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında " Fərmаnının təsir dairəsinə düşmüşdür. Qeyd оlunan Fərmanın 6-cı bəndində Banklara tövsiyyə edilir ki, 6.1 Bu Fərmanın 7.1-ci bəndində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslrlə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etsinlər; 6.2 Fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görsünlər; 6.3. borcları restrukturizasiya olunmuş fiziki şəxslərin borc yükünün yüngülləşdirilməsini təmin edən digər tədbirlər görsünlər. Fərmanda göstərilən məsələlər öz həllini tapanadək Fərmanın müəyyən etdiyi qaydalara riayət etdikdən sonra borcun ödənilməsi ilə bağlı həll yenidən iddia tələbi ilə məhkəməyə müraciət etməyə mane olmur. Belə ki, anoloji mübahisələr mübahisənin hazırki məhkəmədən kənar həlli qaydası qeyd olunan Fərmanla müəyyən edildiyindən həmin işlər üzrə zəruri prosedurlara sərf edilmiş ağlabatan müddət iddia müddətinə daxil olmamışdır. Çünki həmin fərman məhz fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə üzləşmiş olduğu maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyi göstərilməsi məqsədi ilə verilmişdir. Yəni Fərman vətəndaşların mənafeyi üçün verildiyindən həmin prosedurlara sərf edilmiş müddət bankların ziyanına ola bilməz. Bundan başqa, borclu Cavabdeh restrukturizasiya müqaviləsi bağlanılması üçün xx.xx.2020-ci il tarixdə təklif məktubu ünvanlanaraq məlumat verilmiş, lakin borclu tərəfindən restrukturizasiya müqaviləsi bağlanması üçün cəmiyyətə rəsmi heç bir münasibət bildirilməmişdir. Odur ki, iddiaçı tərəfindən cavabdehə qarşı iddia verilməsi üçün nəzərdə tutulmuş iddia müddəti ötürülməmişdir. Mülki iş üzrə Suraxanı Rayon Məhkəməsi qətnamə qəbul edərkən düzgün nəticəyə gəlməmişdir, belə ki, məhkəmə kredit müqaviləsinin qüvvədə olma müddətini xx.xx.2015-ci il göstərmiş və həmin iddia müddətinin axımını xx.xx.2018-ci il tarixdən hesablamışdır. Müqavilənin 14.2-ci bəndində tərəflərin müqavilə üzrə vəzifələrini tam həcmdə icra etdikləri andan öhdəliklərinə xitam verilməsi göstərilsə də, cavabdeh tərəfindən kreditin tam ödənilməməsi müəyyən olunur. Bele olan halda, məhkəmə tərəfindən iddia müddəti tətbiq edilməli deyil.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

15. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdi.

16. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə rəsmi qaydada məlumat verilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbələri barədə məlumat verməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq

17. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 372. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Maddə 373.3. Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Maddə 376. Əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər üzrə də iddia müddəti keçir. Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir Maddə 377.2. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443.1. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməlidir. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir pozuntusu üçün məsuliyyət daşıyır. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

18. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2013-cü il tarixli Qərarı: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır.

19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

21. Hazırkı işdə iddia təmin edilmədiyindən və apellyasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən qətnamənin əsaslığı tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

22. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsini dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

23. Belə ki, işin müəyyən olunmuş faktiki hallarına və işdə olan sübutlara əsasən "xxxx" ASC ilə Cavabdeh arasında xx.xx.2012-ci il tarixdə 0819 saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdehə illik 17% olmaqla 36 ay müddətinə 10.810 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq Cavabdeh mülkiyyətində olan “GELLY MK” markalı, **-VB-*** dövlət qeydiyyat nişanlı minik avtomobili xx.xx.2012-ci il tarixli ipoteka müqaviləsinə əsasən yüklü edilmişdir. İpoteka Müqaviləsi Azərbaycan Respublikası DİN BDYPİ QİŞ tərəfindən qeydiyyata alınmışdır. xx.xx.2015-ci il tarixli müqaviləyə əsasən "xxxx" ASC problemli kreditlərlə bağlı tələbetmə hüququnu "xxxx" QSC-yə güzəşt etmişdir.

24. Cavabdeh kredit müqaviləsi üzrə öz üzərinə götürdüyü öhədlikləri tam və vaxtında icra etməmiş, nəticədə müqavilə üzrə 8.191 ABŞ dolları məbləğində əsas, 3.210,67 ABŞ dolları məbləğində faiz, cəmi 11.401,67 ABŞ dolları məbləğində kredit borcu yaranmışdır.

25. Bununla belə, məhkəmə kollegiyası hesab edir ki, işə baxan birinci instansiya məhkəməsi düzgün olaraq nəticəyə gəlmişdir ki, iddiaçı tərəfindən iddia mülki qanunvericilikdə nəzərdə tutulmuş üç illik iddia müddəti ötürülməklə verildiyindən iddia təmin edilə bilməz.

26. Belə ki, xx.xx.2012-ci il tarixli kredit müqaviləsi üzrə irəli gələn öhdəliklərin icra müddəti müəyyənləşdirilmiş və həmin müddət xx.xx.2015-ci il tarixdə bitmişdir. İddia müddətinin axımının həmin tarixdən başlanmasına baxmayaraq, iddiaçı bu növ müqavilələr üzrə müəyyən edilmiş 3 illik tələb etmə müddəti ərzində (xx.xx.2018-ci il tarixinədək) öhdəliyin icrasını tələb etmə hüququndan istifadə etməmiş və hüquqi nəticə etibarı ilə iddia müddətini ötürmüş, məhkəməyə xx.xx.2021-ci il tarixdə iddia ərizəsi ilə müraciət etmişdir.

27. Məhkəmə kollegiyası onu da qeyd edir ki, kredit borcunun tutulması, yəni əsas tələb üzrə iddia müddəti keçdiyindən, əlavə tələb – tutmanın ipoteka predmetinə yönəldilməsi tələbi üzrə də iddia müddəti keçmiş olur.

28. İddiaçı apellyasiya şikayətində xx.xx.2019-cu il tarixdə eyni tələblə məhkəməyə iddia ərizəsi ilə müraciət etdiyini, lakin iddia ərizəsinin məhkəmə tərəfindən baxılmamış saxlanıldığını bildirir. Göründüyü kimi, iddiaçı tərəfindən hətta bundan əvvəl də məhkəməyə müraciət edilərkən iddia müddəti ötürülmüşdür.

29. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas ola bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmuşdur.

30. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 402.1, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının apellyasiya şikayəti təmin olunmasın. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(010)-862/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar