Məhkəmə qərarları › İş №2(103)-3473/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3473/2025

17.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3473/2025 17.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Sığorta Şirkəti ASC-yə qarşı ("xxxx" ASC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) «sığorta ödənişinin verilməsi» tələbinə dair mülki iş üzrə (Açar sözlər: Sığorta ödənişinin tutulması) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X8 (sədrlik edən və məruzəçi), X5 və X1 ibarət tərkibdə, Şahbazlı Nəzrin Elmar qızının katibliyi, Cavabdeh Sığorta Şirkəti ASC-nin nümayəndəsi X2, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi və vəkili X6 iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 18 mart 2025-ci il tarixli, 2(006)-1431/2025 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.X7 ilə "xxxx" ASC-nin Sumqayıt filialı arasında xx.xx.2013-cü il tarixdə bağlanılmış kredit müqaviləsinə əsasən, kreditor illik 8 faiz olmaqla 48.300 manat məbləğində vəsaiti 204 ay müddətində borc vermişdir. Həmin kredit müqaviləsinin təminatı olaraq sığortalı X7 ilə Cavabdeh Sığorta Şirkəti ASC arasında xx.xx.2014-cü il tarixdən xx.xx.2017-ci il tarixədək və xx.xx.2017-ci il tarixdən xx.xx.2031-ci il tarixədək qüvvədə olan Həyat sığortası müqavilələri imzalanmışdır. Sonuncu şəhadətnamədə sığorta məbləği 48187.13 manat olmuşdur. Faydalanan şəxs qismində Xalqbank ASC Sumqayıt filialı göstərilmişdir. 08 may 2024-cü il tarixdə X7 vəfat etmişdir. X3 vəfat etdiyi tarixə borc öhdəliyi 26881.61 manat məbləğində olmuşdur.

2. Cavabdeh Sığorta Şirkəti ASC sığorta ödənişinin etməkdən imtina etmişdir. İmtinanın əsası kimi sığorta olunan X3 bilavasitə ölümünə səbəb olmuş xəstəliyin dəqiqləşdirilməmiş qaraciyər çatışmazlığı olması, müqavilə bağlanan zaman X3 özündə Hepatit C xəstəliyin olmadığını bəyan etməsi olmuşdur.

a)Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı Cavabdeh Sığorta Şirkəti ASC-yə qarşı ("xxxx" ASC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) «sığorta ödənişinin verilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X3 ölümünə görə sığorta ödənişinin verilməsi öhdəliyinin Cavabdeh SŞ ASC-nin üzərinə qoyulması, hüquqi yardıma görə ödənilmiş 340 manat və ödənilmiş 100 manat dövlət rüsumunun Cavabdeh SŞ ASC-dən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 4.İddia tələbi onunla əsaslandırılmışdır ki, X7 ilə "xxxx" ASC-nin Sumqayıt filialı arasında xx.xx.2013-cü il tarixdə bağlanılmış kredit müqaviləsinə əsasən, kreditor illik 8 faiz olmaqla 48.300 manat məbləğində vəsaiti 204 ay müddətində borc verir. Həmin kredit müqaviləsinin təminatı olaraq sığortalı X7 ilə Cavabdeh Sığorta Şirkəti ASC arasında xx.xx.2014-cü il tarixli, MAP-140221-B09 saylı və xx.xx.2016-cı il tarixli, MAP-164815 saylı həyat sığortası şəhadətnamələri bağlanılmışdır. X7 xx.xx.2024-cü il tarixdə ölmüşdür. Sığorta şirkətinə edilmiş müraciətə cavab olaraq xx.xx.2024-cü il tarixli, O-H2024-0364 saylı məktubla sığorta ödənişinin verilməsindən imtina edildiyi bildirilmişdir. İmtina səbəbi kimi sığorta olunan X3 bilavasitə ölümünə səbəb olmuş xəstəliyin «dəqiqləşdirilməmiş qaraciyər çatmamazlığı» olduğu, bu xəstəliyin isə öz növbəsində 14 il öncədən diaqnozu qoyulmuş «virus mənşəli xroniki C hepatiti» və 10 il davam edən «digər və dəqiqləşdirilməmiş qaraciyər sirrozu» xəstəliyi nəticəsində baş verdiyi qeyd edilmişdir. İddiaçı tərəf bununla bağlı bildirir ki, mərhum X7 Cavabdeh Sığorta Şirkəti ASC ilə xx.xx.2014-cü il tarixli, MAP-140221- B09 saylı və xx.xx.2016-cı il tarixli, MAP- 164815 saylı həyat sığortası şəhadətnamələrini bağlayarkən onda yuxarıda qeyd olunan xəstəliklər mövcud olmamışdır və sığorta olunan özündə olmayan xəstəliyin mövcudluğu ilə bağlı sığorta şirkətinə məlumat verə bilməzdi. Cavabdehin imtina məktubunda sığorta ödənişindən imtina verilməsinə əsas kimi xx.xx.2016-cı il tarixli MAP-164815 saylı həyat sığortası müqaviləsinin 4-cü bəndində Hepatit C xəstəliyindən əziyyət çəkən xəstələrlə sığorta müqaviləsinin bağlanmadığını, müqavilə bağlandığı zaman X7 özündə Hepatit C xəstəliyinin olmadığını bəyan etməsi ilə sığortaçını sığorta riskini qiymətləndirmə imkanından məhrum etdiyini və bu səbəbdən müqavilənin tərkib hissəsi olan «Fiziki şəxslərə təqdim edilən kredit müqaviləsi üzrə borcalanın həyatının ölüm halından və əmək qabiliyyətinin itirilməsi hallarından sığortası Qaydaları»nın 4.3 və 18.1.3-cü maddələrinə əsasən sığorta ödənişinin verilməsindən imtina olunduğu qeyd edilmişdir. İddiaçı tərəf qeyd edir ki, sığorta olunan X7 MAP-164815 saylı həyat sığortası müqaviləsi bağlanarkən tam sağlam idi və Hepatit C xəstəliyindən əziyyət çəkmirdi. Göründüyü kimi Cavabdeh Sığorta Şirkəti ASC-nin sığorta ödənişinin verilməsindən imtina etməsi formal mülahizələrə əsaslanır və tam olaraq qanunsuz və əsassızdır.

5. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1431/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməməsi, ödənilmiş 100 manat dövlət rüsumu və digər məhkəmə xərclərinin iddiaçıya aid edilməsi qət edilmişdir. 6.Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair sübutlar məhkəməyə təqdim edilməmişdir. Əksinə, cavabdeh tərəfin təqdim etdiyi etirazda istinad edilənlərə əsasən iddiaçının tələbləri əsassızdır. Belə ki, yuxarıda qeyd edilən sığorta müqaviləsinin bağlanması zamanı rəhbər tutulmuş Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının 23 sentyabr 2014-cü il tarixli Q-21 saylı qərarı ilə təsdiq edilmiş «Fiziki şəxslərə təqdim edilən kredit müqavilələri üzrə borcalanın həyatının ölüm halından və əmək qabiliyyətinin itirilməsi hallarından sığortası Qaydaları»nın 4.3.4-cü bəndinə əsasən, sığorta müqaviləsində başqa cür müəyyən edilmədiyi hallarda, Hepatit C, onkoloji, xroniki ürək-damar xəstəliklərindən əziyyət çəkən xəstələr, QİÇS olan xəstələr, İÇV daşıyıcıları olan xəstələrlə bağlı sığorta müqaviləsi bağlanmır. Məhkəməyə təqdim edilmiş 04 fevral 2017-ci il tarixli MAP-164815 saylı sığorta şəhadətnaməsində qeyd olunmuşdur ki, sığortalı (sığortaolunan) sığorta müqaviləsi bağlanan zaman özünün aşağıdakı şəxslər siyahısına aid olmadığını bəyan edir: Hepatit C, onkoloji, xroniki ürək-damar xəstəliklərindən əziyyət çəkən xəstələr, QİÇS olan xəstələr, İÇV daşıyıcıları olan xəstələr. Lakin bu, həqiqətə uyğun olmamışdır. Belə ki, sığorta olunan sığorta müqaviləsi bağlanan andan illər öncədən Hepatit C xəstəliyindən əziyyət çəkdiyini bilirdi və bu hal, sığorta şirkətindən gizlədilmişdir. Sığortaçıya qəsdən yanlış məlumat verilməsi nəticəsində sığortaçı sığorta riskini qiymətləndirmək imkanından məhrum olmuşdur. İşin faktiki hallarından göründüyü kimi, Cavabdeh Sığorta Şirkəti sığorta ödənişinin verilməsindən haqlı olaraq imtina etmişdir. Göründüyü kimi, iddia əsassızdır və təmin edilə bilməz. 7.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 917, 935.1.6-cı; Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının 23 sentyabr 2014-cü il tarixli Q-21 saylı qərarı ilə təsdiq edilmiş «Fiziki şəxslərə təqdim edilən kredit müqavilələri üzrə borcalanın həyatının ölüm halından və əmək qabiliyyətinin itirilməsi hallarından sığortası Qaydaları»nın 4.3.4 və 6.6 və 18.1.3-cü bəndinə; Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4 və 216-220ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

b) Apellyasiya şikayətinin dəlilləri

8. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Apellyasiya şikayəti, iddia ərizəsi ilə eyni qaydada əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə tərəfindən iddianın təmin edilməməsinin əsası kimi qeyd olunmuşdur ki, “yuxarıda qeyd edilən sığorta müqaviləsinin bağlanması zamanı rəhbər tutulmuş Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının 23 sentyabr 2014-cü il tarixli Q-21 saylı qərarı ilə təsdiq edilmiş «Fiziki şəxslərə təqdim edilən kredit müqavilələri üzrə borcalanın həyatının ölüm halından və əmək qabiliyyətinin itirilməsi hallarından sığortası Qaydaları»nın 4.3.4-cü bəndinə əsasən, sığorta müqaviləsində başqa cür müəyyən edilmədiyi hallarda, Hepatit C, onkoloji, xroniki ürək-damar xəstəliklərindən əziyyət çəkən xəstələr, QİÇS olan xəstələr, İÇV daşıyıcıları olan xəstələrlə bağlı sığorta müqaviləsi bağlanmır. Həmin Qaydaların 6.6-cı bəndinə əsasən, sığorta müqaviləsi bağlanarkən sığortalı özünə məlum olan, habelə sığortaçının yazılı surətdə tələb etdiyi və müqavilədən imtina etmək, yaxud onun məzmunu dəyişdirilmiş şəkildə bağlamaq qərarına təsir göstərə bilən bütün hallar barədə sığortaçıya məlumat verməlidir. Məhkəməyə təqdim edilmiş 04 fevral 2017-ci il tarixli MAP-164815 saylı sığorta şəhadətnaməsində qeyd olunmuşdur ki, sığortalı (sığortaolunan) sığorta müqaviləsi bağlanan zaman özünün aşağıdakı şəxslər siyahısına aid olmadığını bəyan edir: Hepatit C, onkoloji,xroniki ürək-damar xəstəliklərindən əziyyət çəkən xəstələr, QİÇS olan xəstələr, İÇV daşıyıcıları olan xəstələr. Lakin bu, həqiqətə uyğun olmamışdır. Belə ki, sığortaolunan sığorta müqaviləsi bağlanan andan illər öncədən Hepatit C xəstəliyindən əziyyət çəkdiyini bilirdi və bu hal, sığorta şirkətindən gizlədilmişdir. Sığortaçıya qəsdən yanlış məlumat verilməsi nəticəsində sığortaçı sığorta riskini qiymətləndirmək imkanından məhrum olmuşdur. Həmçinin məhkəmə tərəfindən qeyd olunmuşdur ki, “İddiaçı tərəfindən iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair sübutlar məhkəməyə təqdim edilməmişdir.” Təəssüf ki, məhkəmə tərəfindən iş üzrə qərar verilərkən yalnız cavabdeh tərəfindən təqdim edilən sənədlərə istinad edilmiş, iddianın əsaslı olmasını təsdiq edən iddiaçı tərəfindən təqdim edilmiş ən vacib sənədlərə (iddiaçının sığorta müqaviləsi bağlanan anda və ondan bir neçə il əvvəlki tarixlərdə də xəstə olmaması, tam sağlam vəziyyətdə olması ilə bağlı müvafiq arayışlara) hüquqi qiymət verilməmiş, məhkəmə qətnaməsində həmin arayışlar barəsində ümumiyyətlə fikir bildirilməmişdir. Belə ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş müayinə rəylərindən, arayışlardan açıq aşkar görünür ki, sığortalı müqavilə bağlanan ildə, 2017-ci ildə və ondan əvvəlki illərdə, 2015 və 2016-cı illərdə sözügedən xəstəliyin daşıyıcısı olmamışdır və tam sağlam olmuşdur. Həmin sənədlər birinci instansiya məhkəməsinə təqdim edilmişdir, iş materiallarında mövcuddur. Lakin məhkəmə tərəfindən iddia tələbinin əsaslılığı müəyyən edilərkən ən əsas sübutlar kimi həmin sübutlara hüquqi qiymət verilməmişdir. Məhkəmə tərəfindən cavabdehin sığorta ödənişinin verilməsindən imtina barədə qərarının əsaslı olması bildirilərkən sığortalının öz xəstəliyi barədə sığortaçıya məlumat verməməsinin sığortaçının sığorta müqaviləsi üzrə riski qiymətləndirmək hüququndan məhrum edildiyi və bu səbəbdən ödənişdən imtina edilməməsinin qanunauyğun olduğu qeyd edilmişdir. Halbuki, sığortalı müqavilə bağlanan zaman həmin xəstəliyin daşıyıcısı olmamışdır və özündə olmayan bir xəstəlik barəsində sığorta şirkətinə məlumat verməməsi tam təbii bir haldır. Xüsusilə qeyd etmək istəyir ki, sığorta müqaviləsində qeyd olunmuşdur. Sığortalı sığorta müqaviləsi bağlanan zaman özünün aşağıda sadalanan şəxslər siyahısına aid olmadığını bəyan edir: Hepatit C, onkoloji, xroniki ürək-damar xəstəliklərindən əziyyət çəkən xəstələr. Göründüyü kimi, sığortalıdan nə vaxtsa, indiyədək hər hansı zaman həmin xəstəlikdən əziyyət çəkməsi deyil, sırf müqavilə bağlanan zaman həmin xəstəlikdən əziyyət çəkib-çəkməməsi sorğu edilir. Sığortalı da tam təbii olaraq müqavilə bağlanan zaman və ondan bir neçə il öncə həmin xəstəlikdən əziyyət çəkməməsini bilərək özündə həmin zaman mövcud olmayan bir xəstəlik barəsində məlumat verməməli idi. Sığortalı müqavilə bağlanan zaman müqavilədə təsbit olunmuş xəstəliklərin daşıyıcısı olmadığından onun tərəfindən müqavilə şərtləri pozulmamışdır və sığortaçının MM-nin 936.1.6-cı maddəsinə əsasən vermiş olduğu imtina qərarı tam qanunsuz və əsassızdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 10.Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

11. Məhkəmə kollegiyasının iclasında Cavabdeh Sığorta Şirkəti ASC-nin nümayəndəsi X4 izahatında qeyd etdi ki, Sığorta şirkəti tərəfindən imtina müvafiq sənədlər əsasında verilir. "xxxx" MMC tərəfindən verilmiş analiz nəticəsində qeyd edilib ki, “Hepatit C” təyin edilmir. Laboratoriyanın cavabı sadəcə analiz nəticəsidir. Bununla bağlı həkim diaqnozu yoxdur. Analizə baxıb həkim diaqnoz qoymalıdır. Buna görə də ekspertiza keçirilməlidir ki, “Hepatit C” təyin edilmir dedikdə tibbi cəhətdən nə başa düşülür. Cabbarov Samir yanlış məlumat verib. Sığortalı qəsdən sığrotaçıya belə bir məlumatı verməmişdir. Vaxtında onlara məlumat verilsə idi sığortaçı riski dəyərləndirəcəkdi. Sığortaçının hüququ pozulub. Müqaviləni imzalayanda xəstəliyi barədə məlumat verə bilərdi. “Hepatit C” təyin edilmir dedikdə onun tam sağalması deməkdir, yoxsa yox bunu bilmirlər. Bəlkə də tərəfdə passiv formada həmin xəstəlik olub. Bunları aydınlaşdırmaq üçün ekspertiza keçirilməsini xahiş edir. Həkim diaqnozu yoxdur. İmtina etmə səbəbləri həkim diaqnozları əsasında olub, laboratoriyanın təkcə cavabı nəticəsində olmayıb. Virus bəlkə də Cabbarov Samirdə passiv dozada ola bilər. “Hepatit C” xəstəliyi həm aktiv, həm passiv formada ola bilər. Bu hallar aydınlaşdırılmalıdır. Vətəndaşın ümumi yoxlanışdan keçirilməsi isə mümkün deyil, həm də belə öhdəlikləri də yoxdur. 12.Məhkəmə kollegiyasının iclasında mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi və vəkili X10 izahatında qeyd etdi ki, Cabbarov Samir ilə "xxxx" ASC arasında kredit müqaviləsi bağlanılıb. Vətəndaş həyatını sığortalayıb. Müqaviləni sığortaçı bağlamasa idi onlar da kredit müqaviləsi bağlamazdı. Sığorta şirkəti müqavilə bağlayan zaman Cabbarov Samiri ümümi yoxlanışdan keçirdə bilərdi. Rayon məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia təmin edilməlidir. 13.Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil izahatında qeyd etmişdir ki, Cabbarov Samir ilə "xxxx" ASC arasında kredit müqaviləsi bağlanmışdır. Cabbarov Samir ilə Cavabdeh Sığorta şirkəti arasında həyat sığortası müqaviləsi bağlanmışdır. Cabbarov Samir 2024-cü ildə vəfat etmişdir. Sığorta şirkəti sığorta ödənişi etməkdən imtina edib. İmtina səbəbi də xəstəlik barədə onlara bildirilməməsi olmuşdur. Şəxs müqaviləni bağlayarkən onda bu xəstəliklər olmayıb, tam sağlam olub, Hepatit C xəstəliyindən əziyyət çəkmirdi. Cabbarov Samir neft sektorunda işləyib, vaxtaşırı müayinələrdən keçib. Məhkəməyə müayinədən tez-tez keçməsi barədə arayışları təqdim etmişlər. 2017-ci və ondan əvvəlki illərdə Hepatit C xəstəliyindən əziyyət çəkməyib, daşıyıcı olmayıb. Məhkəmənin gəldiyi nəticə ilə razı deyilər. Şəxs xəstəlikdən əziyyət çəkmirsə, virusun daşıyıcısı deyilsə o, necə sığorta şirkətinə məlumat verə bilərdi. Hesab edirlər ki, məhkəmə bu nəticəyə düzgün gəlməyib. Həmin siyahıda sırf Hepatit C onkoloji, xroniki ürək-damar xəstəliklərindən əziyyət çəkən şəxslərin adı keçir. Hər il şəxs müayinədən keçib arayış alıb. Onda heç bir virus olmayıb. Müqavilə bağlanan zaman virus daşıyıcı olmayıb. Sığorta şirkətinin imtinası tam əsassızdır. Sual müqavilədə konkret qoyulub ki, hazırda xəstəliyin-virusun daşıyıcısıdırmı? Cabbarov Samir heç bir halı gizlətməyib. 14.Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən İddiaçı vəkiliinin izahatına əlavə olaraq qeyd etmişdir ki, o özü pediatrdır, onun səhhətinə qarşı çox həssas olub, yoldaşı çox dəqiq adam idi, yalanla arası yox idi, o bilsə idi ki, onda Hepatit C var, bunu gizlətməzdi. İkinci müqavilənin əsli onlarda yoxdur. İkincidə yoldaşının ad familyası da yoxdur, ondakı imza bəlkə heç yoldaşının da deyil.

15. Hazırki məhkəmə iclasının vaxtı və yeri barədə İddiaçı lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş, onun nümayəndəsi və vəkili elektron kabinet vasitəsi ilə ərizə təqdim edərək məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir. verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən iddiaçı tərəfin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

16. Azərbaycan Respublikası Mülki Məcəlləsi:

884.2. Sığorta və ya təkrarsığorta müqaviləsinin tərəfi olan, yaxud belə müqavilənin həyata keçirilməsi üzrə hüquqlara və (və ya) vəzifələrə malik olan şəxslər sığorta münasibətlərinin subyektləridir. 884.4. Sığortalı sığorta haqqı ödəyən, sığorta obyektinin sığorta etdirilməsində sığorta marağı olan sığorta müqaviləsinin tərəfidir. 884.6. Faydalanan şəxs icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığorta ödənişi verilməli olan şəxsdir. Sığorta müqaviləsində faydalanan şəxs qismində başqa şəxs nəzərdə tutulmamışdırsa, sığortalı və (və ya) sığorta olunan faydalanan şəxs sayılır. 911.2. Sığorta müqaviləsi bağlanarkən sığortalı özünə məlum olan, habelə sığortaçının yazılı surətdə tələb etdiyi və müqavilədən imtina etmək, yaxud onu məzmunu dəyişdirilmiş şəkildə bağlamaq qərarına təsir göstərə bilən bütün hallar barədə sığortaçıya məlumat verməlidir. 917.2. Sığortalının həyat sığortası müqaviləsinin bağlanması zamanı özünün məlumat vermək vəzifəsini icra etməməsi müqavilənin bağlandığı vaxtdan 5 il müddət keçdikdən sonra sığortaçının müqavilə üzrə vəzifələrinin icrasından imtina etməsi üçün əsas ola bilməz. Bu halda sığortalı məlumat vermək vəzifəsini qəsdən icra etməmişdirsə, müqavilədən imtinaya yol verilir. 935.1.6. bu Məcəllənin 935.2-ci maddəsi nəzərə alınmaqla, sığorta predmeti, həmçinin sığorta olunan şəxs və (və ya) sığorta hadisəsi barəsində sığortalının sığortaçıya qəsdən yanlış məlumat verməsi nəticəsində sığortaçının sığorta riskini qiymətləndirmək, həmçinin sığorta hadisəsinin səbəblərini və (və ya) dəyən zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum olması; 935.2. Bu Məcəllənin 911.2-ci maddəsində nəzərdə tutulmuş məlumatların yanlışlığı sığorta müqaviləsi bağlanarkən sığortaçıya məlum olduqda və ya sığortalı yanlış məlumatların verilməsində təqsirli olmadıqda, habelə tələb olunan məlumata sığortalının cavab verməməsinə baxmayaraq sığorta müqaviləsi bağlanmış olduğu halda sığortaçı sığorta ödənişinin verilməsindən imtina üçün yanlış məlumatın verilməsi və ya tələb olunan məlumatın verilməməsi faktına əsaslana bilməz.

17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddələr 14.2, 77.1, 217.4.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 119.1.Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1, 385.1.2, 385.1.4-cü maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsiməhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır.

Apellyasiya baxışının hədləri

18.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 19.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırkı halda apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam olaraq yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

20.Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və işin materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 18 mart 2025-ci il tarixli, 2(006)-1431/2025 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən təmin edilməlidir. 21.Belə ki, X7 ilə "xxxx" ASC-nin Sumqayıt filialı arasında xx.xx.2013-cü il tarixdə bağlanılmış kredit müqaviləsinə əsasən, kreditor illik 8 faiz olmaqla 48.300 manat məbləğində vəsaiti 204 ay müddətində borc vermişdir. Həmin kredit müqaviləsinin təminatı olaraq sığortalı X7 ilə Cavabdeh Sığorta Şirkəti ASC arasında xx.xx.2014-cü il tarixdən xx.xx.2017-ci il tarixədək və xx.xx.2017-ci il tarixdən xx.xx.2031-ci il tarixədək qüvvədə olan Həyat sığortası müqavilələri imzalanmışdır. Sonuncu şəhadətnamədə sığorta məbləği 48187.13 manat olmuşdur. Faydalanan şəxs qismində Xalqbank ASC Sumqayıt filialı göstərilmişdir. 08 may 2024-cü il tarixdə X7 vəfat etmişdir. X3 vəfat etdiyi tarixə borc öhdəliyi 26881.61 manat məbləğində olmuşdur.

22. Cavabdeh Sığorta Şirkəti ASC sığorta ödənişini etməkdən imtina etmişdir. İmtinanın əsası kimi sığorta olunan X3 bilavasitə ölümünə səbəb olmuş xəstəliyin dəqiqləşdirilməmiş qaraciyər çatışmazlığı olması, müqavilə bağlanan zaman X3 özündə Hepatit C xəstəliyin olmadığını bəyan etməsi olmuşdur.

23. Cavabdeh sığorta şirkətinin sığorta ödənişini verməkdən imtinasını əsassız hesab edən iddiaçı X3 həyat yoldaşı İddiaçı məhkəməyə müraciət edərək mövqeyini belə əsaslandırmışdır ki, sığorta olunan X7 MAP-164815 saylı həyat sığortası müqaviləsi bağlanarkən tam sağlam idi və Hepatit C xəstəliyindən əziyyət çəkmirdi. 24.Birinci instansiya məhkəməsi cavabdehin mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, sığorta olunan sığorta müqaviləsi bağlanan andan illər öncədən Hepatit C xəstəliyindən əziyyət çəkdiyini bilirdi və bu hal, sığorta şirkətindən gizlədilmişdir. Sığortaçıya qəsdən yanlış məlumat verilməsi nəticəsində sığortaçı sığorta riskini qiymətləndirmək imkanından məhrum olmuşdur. 25.Kollegiya birinci instansiya məhkəməsinin möqeyini əsassız hesab edərək qeyd edir ki, işdən göründüyü kimi tərəflər arasında sonuncu sığorta müqaviləsi xx.xx.2017-ci il tarixdən xx.xx.2031-ci il tarixədək bağlanmışdır. İş materaillarında olan "xxxx" MMC klinikasının xx.xx.2015-ci il, xx.xx.2016-cı il, xx.xx.2017-ci il, xx.xx.2019-cu il, xx.xx.2021-ci il, xx.xx.2022-ci il tarixli analizlərin nəticələrinə dair cavab kazığlarından görünür ki, X3 müəyinə nəticələri aşağıdakı kimi müəyyən edilmişdir. - Hepatit C (keyfiyyət) RNT – neqativ - Hepatit C (virus yükü) İU/ml RNT – təyin olunmur - Hepatit C (virus yükü) cop/ml RNT – təyin olunmur. (i/v səh 40-45)

26. Mülki Məcəllənin 935.1.6-cı maddəsinə əsasən bu Məcəllənin 935.2-ci maddəsi nəzərə alınmaqla, sığorta predmeti, həmçinin sığorta olunan şəxs və (və ya) sığorta hadisəsi barəsində sığortalının sığortaçıya qəsdən yanlış məlumat verməsi nəticəsində sığortaçının sığorta riskini qiymətləndirmək, həmçinin sığorta hadisəsinin səbəblərini və (və ya) dəyən zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum olması sığorta ödənişinin verilməsindən imtina əsaslarından biri kimi müəyyən edilmişdir.

27. Normadan göründüyü kimi sığortalının sığorta olunan şəxs və (və ya) sığorta hadisəsi barəsində sığortaçıya qəsdən yanlış məlumat verməsi sığorta ödənişinin verilməsindən imtina əsası kimi nəzərdə tutulmuşdur. 28.Hazırki işin hallarından göründüyü kimi X3 işi ilə əlaqədar 2015-2022-ci illərdə hər il keçdiyi müayinələrin nəticələrində Hepatit C virusunun daşıyıcılığı təsdiq edilməmiş, virus təyin olunmamışdır.

29. Əgər sığortalı sığorta müqaviləsi bağlanan tarixdə Hepatit C virusunun daşıyıcısı deyildisə və bu xəstəliyə dair hər hansı klinik və laborator təsdiq mövcud deyildisə, onun həmin faktı sığortaçıdan gizlətməsi və bununla sığorta riskini qəsdən təhrif etməsi kimi cavabdehin dəlili əsassızdır. 30.Digər tərəfdən Mülki Məcəllənin 917.2-ci maddəsinə əsasən sığortalının həyat sığortası müqaviləsinin bağlanması zamanı özünün məlumat vermək vəzifəsini icra etməməsi müqavilənin bağlandığı vaxtdan 5 il müddət keçdikdən sonra sığortaçının müqavilə üzrə vəzifələrinin icrasından imtina etməsi üçün əsas ola bilməz. Bu halda sığortalı məlumat vermək vəzifəsini qəsdən icra etməmişdirsə, müqavilədən imtinaya yol verilir. 31.İş materiallarından müəyyən olunduğu kimi tərəflər - X7 ilə Cavabdeh Sığorta Şirkəti ASC arasında sonuncu müqavilə xx.xx.2017-ci il tarixdən qüvvədə olmuş, sığortalı 08 may 2024-cü il tarixdə vəfat etmişdir. 32.Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən sığortalının tibbi sənədlərə əsasən Hepatit C virusunun daşıyıcısı olmamasını nəzərə almamış, həmçinin sığorta müqaviləsinin bağlanmasından sonra 5 ildən artıq müddət keçməsinə baxmayaraq, sığortaçının bu əsaslara istinad etməklə öhdəlikdən azad olması üçün hüququnun olmadığını düzgün qiymətləndirməmişdir. Bu səbəbdən də birinci instansiya məhkəməsinin qətnaməsi maddi hüquq normalarının yanlış tətbiqi və işin faktiki hallarının natamam araşdırılması ilə müşayiət olunduğundan ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul olunmalıdır. 33.Beləliklə yuxarıda qeyd olunan xüsusatlar Cavabdeh Sığorta Şirkəti ASC-nin sığorta ödənişini ödəməkdən imtina etməsinin əsassız olduğunu təsdiq etdiyindən kollegiya hesab edir ki, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur.

34. Bundan əlavə, sığorta müqaviləsi üzrə faydalanan şəxs qismində "xxxx" ASC Sumqayıt filialı göstərilmişdir. 35.Məhkəmə sorğusuna əsasən əldə edilmiş "xxxx" ASC-nin xx.xx.2025-ci il tarixli, SQ-XO- 1.7.2025-001 nörməli arayışına əsasən X7 ilə ASC “Xalq Bankı arasında bağlanmış 25 dekabr 2013-cü il tarixli **********58013 saylı Kredit müqaviləsi üzrə X3 Bank qarşısında 08 may 2024cü il tarixinə 26881,61 manat (iyirmi altı min səkkiz yüz səksən bir manat, altmış bir qəpik) ümumi borc öhdəliyi yaranmışdır.

36. Belə olan halda kollegiya hesab edir ki, iddia tələbi qismən təmin edilməli, 26881,61 manat (iyirmi altı min səkkiz yüz səksən bir manat, altmış bir qəpik) məbləğində sığorta ödənişini ödəmək öhdəliyi Cavabdeh Sığorta Şirkəti ASC-nin üzərinə qoyulmalıdır. 37.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin istinad olunan normalarına əsasən hesab edir ki, iddiaçı tərəfindən vəkil xidmətlərindən istifadəyə görə ödənilmiş 340 manat vəkil xərci və iddia ərizəsinin veriməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi 99.6 manat, habelə apellyasiya şikayətinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi 50 manat məbləğində vəsait Cavabdeh Sığorta Şirkəti ASC-dən İddiaçı xeyrinə tutulmalıdır. 38.Beləliklə, məhkəmə kollegiyası qeyd olunan xüsusatları ümumiləşdirərək belə qənaətə gəlir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 18 mart 2025-ci il tarixli, 2(006)-1431/2025 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən təmin edilməli, 26881,61 manat (iyirmi altı min səkkiz yüz səksən bir manat, altmış bir qəpik) məbləğində sığorta ödənişini ödəmək öhdəliyi Cavabdeh Sığorta Şirkəti ASC-nin üzərinə qoyulmalı, iddiaçı tərəfindən vəkil xidmətlərindən istifadəyə görə ödənilmiş 340 manat vəkil xərci, iddia ərizəsinin veriməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi 99.6 manat, habelə apellyasiya şikayətinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi 50 manat məbləğində pul Cavabdeh Sığorta Şirkəti ASC-dən İddiaçı xeyrinə tutulmalıdır. 39.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,

Qət etdi: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 18 mart 2025-ci il tarixli, 2(006)-1431/2025 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. 26881,61 manat (iyirmi altı min səkkiz yüz səksən bir manat, altmış bir qəpik) məbləğində sığorta ödənişini ödəmək öhdəliyi Cavabdeh Sığorta Şirkəti ASC-nin üzərinə qoyulsun. İddiaçı tərəfindən vəkil xidmətlərindən istifadəyə görə ödənilmiş vəkil xərcinin əvəzi 340 manat və iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi 99.6 manat, habelə apellyasiya şikayətinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi 50 manat məbləğində pul Cavabdeh Sığorta Şirkəti ASC-dən İddiaçı xeyrinə tutulsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən Günay Axundova Hakimlər Cəmilə Musayeva Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar