Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3475/2020 17.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Bayramova Fidan Rafiq qızının katibliyi, Cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-yə qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmişapellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı, cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC ilə arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 751 saylı əmanət hesabı müqaviləsinə görə, ona ödənilməli olan 1845 ABŞ dollarının, vəkil xidmətinə görə ödədiyi 100 manatın və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən alınıb, ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qeyd edilən qətnaməsi ilə, İddiaçı ilə cavabdeh «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» ASC arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 751 saylı əmanət hesabı müqaviləsinə görə iddiaçıya ödənilməli olan 1489,67 ABŞ dolları pulun və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC, apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın rədd olunmasını xahiş etmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin İdarə Heyətinin xx.xx.2015-ci il tarixli, 82 nömrəli qərarı ilə depozit faizləri və bir sıra depozit məhsulları ləğv edilmişdir. Bu barədə iddiaçıya da lazımi qaydada məlumat verilmişdir. Həmçinin, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin dövlətə məxsus səhmlərinin özəlləşdirməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Fərmanı ilə bankın sağlamlaşdırılma prosesi başlanılmışdır. Həmin Fərmana əsasən, sağlamlaşdırma prosesi keçən bankın maliyyə vəziyyətinin yaxşlaşdırılması üçün yüksək faiz xərclərinin azaldılması qarşıya qoyulan əsas məqsədlərdən biri olduğu üçün bank iddiaçının əmanətə qoyulan məbləğinin faizlərini artırmaqdan imtina etməkdə haqlı olmuşdur. Tərəflər arasında bağlanmış əmanət müqaviləsinin “fors major” adlanan hissəsində də qeyd olunmuşdur ki, qarşısı alınmaz qüvvə hallarına o hadisələr aiddir ki, tərəflər onlara təsir göstərə bilmir və onların meydana gəlməsi üçün məsuliyyət daşımırlar, məsələn, zəlzələ, daşqın, yanğın, habelə tətil, dövlət orqanlarının qərarları, bu müqavilənin yerinə yetirilməsinə mane olan hər hansı xarakterli hərbi əməliyyatlar, terror aktları nəticəsində müqavilə üzrə öhdəliklərini yerinə yetirmək mümkün olmadıqda, tərəflər onların yerinə yetirilməməsi üçün məsuliyyət daşımırlar. Tərəflər arasında müqavilə bağlandıqdan sonra, yəni 2015-ci ilin fevral ayında, daha sonra isə 2015-ci ilin dekabr ayında Azərbaycan manatının devalvasiyaya uğraması hamıya bəlli olan haldır. İddiaçı müqavilənin qeyd olunan bəndinə zidd olaraq, əmanət faizini dolların yeni məzənnəsi ilə hesablayaraq, əsassız olaraq Bankdan pul tələb etmişdir. Halbuki, Bank, Prezidentin xx.xx.2017-ci il tarixli Fərmanını və “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin İdarə Heyətinin xx.xx.2015-ci il tarixli qərarını rəhbər tutaraq, əmanət məbləğini və faizləri tam şəkildə iddiaçıya ödəmişdir. Birinci instansiya məhkəməsi isə, müqavilənin şərtlərinə və Prezidentin xx.xx.2017-ci il tarixli Fərmanın göstərişinə əhəmiyyət vermədən iddianı təmin etməklə qanuni əsası olmayan qətnamə qəbul etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, həmçinin bildirmişdir ki, tərəflər arasında əmanət hesabı müqaviləsi bağlandıqdan sonra iki dəfə devalvasiya olmuş, bununla da müqavilə bağlanarkən mövcud olmuş şərait əhəmiyyətli dərəcədə dəyişmişdir. Belə olan halda, Bank tərəfindən haqlı olaraq, faizlər azaldılmaqla iddiaçıya köhnə məzənnəyə uyğun olaraq ödənilmişdir. Odur ki, göstərilənlərə əsasən, şikayətin təmin olunmasını xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlmədiyindən, MPM-in 376.2-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası, qətnaməni cavabdehin mübahisələndirdiyi hissədə yoxlamışdır. Başqa sözlə, aşağıda aparılan hüquqi dəyərləndirmə şikayətin həddi və dəlilləri ilə bağlıdır. Kollegiya, cavabdehin nümayəndəsini dinləyib, apellyasiya şikayətini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət rədd edilməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İşin müəyyən edilmiş faktiki hallarına görə, İddiaçı ilə cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC xx.xx.2014-cü il tarixli, 751 saylı klassik əmanət (depozit) hesabı haqqında müqaviləyə əsasən, əmanətçi (iddiaçı) 30.000 ABŞ dolları məbləğində pulu 48 ay müddətinə Banka müddətli depozitə qoyur, Bank isə həmin pulu əmanətçidən qəbul edərək, bu müqavilənin şərtlərinə uyğun qaydada əmanətçiyə faizlərin hesablanması, ödənilməsi və əmanətçinin tələbinə əsasən, depozitə qoyulan pulun ona qaytarılmasını təmin edir. Müqavilənin 3.1-ci bəndinə əsasən, əmanətçiyə illik 10,2 % olmaqla faiz ödənilməlidir. xx.xx.2019-cu il tarixli hesabdan çıxarışa əsasən, Bank tərəfindən əmanətçiyə xx.xx.2017-ci il tarixdək hər ay müqaviləyə uyğun olaraq 10,2 % dərəcəsi ilə 255 ABŞ dolları, xx.xx.2017-ci il tarixdə 200,33 ABŞ dolları, xx.xx.2017-ci il tarixdən müqavilənin müddətinin başa çatdığı xx.xx.2018-ci il tarixədək isə hər ay 5 % dərəcəsi ilə 50 ABŞ dolları ödəniş edilmişdir. Hazırda iddiaçı, aralarında bağlanmış əmanət hesabı müqaviləsi üzrə ona ödənilməli olan razılaşdırılmış faiz dərəcəsi Bank tərəfindən müqaviləyə birtərəfli qaydada edilmiş dəyişikliyə əsasən aşağı salındığına görə əmanətçi kimi hüquqlarının pozulmasına istinad edərək, tələbdə göstərilən fərq məbləğinin ödənilməsini tələb edir. Kollegiya, mübahisənin hüquqi həlli ilə bağlı bildirir ki, iddiaçı, aşağıdakılara əsasən bu tələbini irəli sürməkdə haqlıdır. Mülki Məcəllənin 421.1-ci və 421.2-ci maddələrinə əsasən, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 423.1-ci və 423.2-ci maddələrinə əsasən, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Göründüyü kimi, qanunda müqavilənin dəyişdirilməsinin yalnız tərəflərin razılaşması, razılaşma olmadıqda isə məhkəmə qaydasında mümkün olacağı və müqavilənin dəyişdirilməsi haqqında razılaşmanın müqavilənin özü ilə eyni formada bağlanması qaydası nəzərdə tutulmuşdur. Bank əmanəti müqaviləsi isə yazılı formada bağlanır (Mülki Məcəllənin 946.1-ci maddəsi). Həmin maddəyə görə, bank əmanəti müqaviləsinin yazılı formasına o halda riayət olunmuş sayılır ki, əmanətin qoyulması bank kitabçası ilə, bank və ya depozit sertifikatı ilə və ya bank tərəfindən əmanətçiyə verilmiş digər sənədlə, özü də qanunda bu cür sənədlər üçün nəzərdə tutulmuş tələblərə, qanuna uyğun müəyyənləşdirilmiş bank qaydalarına və bank praktikasında tətbiq olunan işgüzar dövriyyə adətlərinə uyğun gələn sənədlə təsdiq edilsin. Bundan əlavə, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır (Mülki Məcəllənin 405.1-ci maddəsi). Göründüyü kimi, yazılı formada bağlanması nəzərdə tutulan müqavilənin bağlanmış sayılması üçün müqavilə tərəflərinin iştirakı ilə sənəd tərtib olunmalı və həmin sənəddə onların əmələ gətirmək istədikləri hüquqi nəticə (mühüm şərtlər) barədə iradələri bəyan və təsdiq edilməlidir. O cümlədən, bank əmanəti müqaviləsinin dəyişdirilməsi də yazılı sənəd tərtib olunmaqla həyata keçirilməli, orada razılaşdırılan mühüm şərt (o cümlədən faizin hansısa həddə endirilməsi) qeyd olunmalıdır. Bu qaydalara əməl olunmadığı halda müqavilə dəyişdirilmiş sayılmır. Baxılan işdə isə, xx.xx.2017-ci il tarixli bank əmanəti müqaviləsinin dəyişdirilməsi barədə nə qanunvericilikdə nəzərdə tutulmuş formada bağlanmış razılaşma, nə də bu barədə tərəflərdən birinin tələbi üzrə qəbul edilmiş məhkəmə qərarı mövcud deyil. Belə olan halda, şərtləşdirilmiş faiz dərəcəsini birtərəfli qaydada aşağı salmaqla Bank, müqavilə üzrə götürdüyü öhdəliyini lazımınca icra etməmişdir. Mülki Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci və 448.1-ci maddələrinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Qeyd olunanları nəzərə alaraq, Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin cavabdendən iddiaçının xeyrinə qətnamədə göstərilən məbləğdə pulun tutulması barədə gəldiyi qənaət əsaslıdır. Cavabdeh isə, apellyasiya şikayətində X4 xx.xx.2015-ci il tarixli qərarına əsasən, depozit faizləri və bir sıra depozit məhsullarının ləğv edildiyinə və tərəflər arasında müqavilə bağlandıqdan sonra 2015-ci ildə milli valyutanın xarici valyutaya nisbətdə iki dəfə dəyərdən düşməsi nəticəsində baş vermiş fors major halla (nümayəndəsi isə izahatında: şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi ilə) əlaqədar faiz dərəcəsini azaltmaqda haqlı olduğunu bildirir. Kollegiya, şikayətin dəlillərinə münasibətdə ilk növbədə bildirir ki, tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli müqavilənin 3.6-cı bəndinə əsasən, Bankın fəaliyyəti ilə bağlı əmanətlər üzrə faizlər dəyişdikdə, yeni faiz dərəcələri yalnız müqavilə 1.6-cı bəndinə uyğun olaraq yeni müddətə uzadıldıqda və 4.3-cü bəndinə uyğun olaraq depozitin qalığına yeni müqavilə bağlandıqda tətbiq edilir. Bank bu barədə kütləvi informasiya vasitələrində müvafiq elan dərc etməklə əmanətçiləri xəbərdar edir. Hazırkı işdə isə sözügedən müqavilənin yeni müddətə uzadılması, yaxud da depozit qalığına dair yeni müqavilə bağlanması faktları aşkar olunmadığından, Bankın faiz dərəcələrini dəyişməsi barədə daxili qərarının bu müqavilə üzrə müəyyənləşdirilmiş faizlərə də şamil edilməsi, müqavilənin qeyd olunan bəndinə ziddir. Digər tərəfdən cavabdeh, müqavilədə nəzərdə tutlmuş faiz dərəcəsinin aşağı salınmasını ABŞ dollarına nisbətdə manatın dəyərinin azalması ilə izah etsə də, Kollegiya, bu halı nə fors major, nə də şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi kimi qəbul etmir. Ona görə ki, Mülki Məcəllənin 422.1-ci maddəsinə görə, tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur. Göründüyü kimi, qanunverici, şəraitin əhəmiyyətli dərəcədə dəyişməsinə görə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsini müqavilədə ayrı qayda nəzərdə tutulmaması və ya onun mahiyyətindən ayrı qayda irəli gəlməməsi şərtlərindən aslı etmişdir. Bundan əlavə, tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin dəyişməsi öz-özlüyündə sözügedən normanın tətbiqi üçün əsas deyil. Belə ki, şərait yalnız əhəmiyyətli dərəcədə dəyişdiyi halda müqavilə ləğv edilə və ya dəyişdirilə bilər. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, onların müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlacaqları və ya ümumiyyətlə bağlamayacaqları aşkar olsun. Başqa sözlə, əgər tərəflər müqavilə bağlayarkən mövcud şəraitinin dəyişəcəyini görmüşlərsə, yaxud lazımi diqqət və ağlabatan ehtiyatlılıqla bunu görməli idilərsə, o zaman baş verən dəyişiklik onlara münasibətdə əhəmiyyətli hesab və müqavilənin dəyişdirilməsi, yaxud ləğv edilməsinin əsası kimi çıxış edilə bilməz. Azərbaycan Respublikası Kostitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinin şərh edilməsinə dair xx xxxxxxxx 2018ci il tarixli Qərarında isə qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinin mənasına uyğun olaraq, Azərbaycan Respublikasının pul vahidi olan manatın xarici valyutalara nisbətdə məzənnəsinin dəyişməsinin tərəflər üçün gözlənilməz hesab edilmədiyini və borc alanın krediti xarici valyutada götürməklə maliyyə riskini öz üzərinə götürdüyünü nəzərə alaraq, manatın məzənnəsinin dəyişməsi şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi kimi qiymətləndirilə bilməz. Qərarda, həmçinin vurğulanmışdır ki, şəraitin əhəmiyyətli dərəcədə dəyişməsini qarşısıalınmaz qüvvədən (fors-major hadisə) fərqləndirmək lazımdır. Belə ki, qarşısıalınmaz qüvvə müqavilə öhdəliklərinin icrasını qeyri-mümkün etdiyi halda, şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi öhdəliklərin son dərəcə ağır şərtlərlə icrasını şərtləndirir və onun icrası imkanını aradan qaldırmır. Bu halda öhdəliyin icrası mümkündür. Lakin bu cür icra tərəflərdən biri və ya müqavilədə iştirak edən bütün tərəflər üçün müqaviləni bağladıqları an mövcud olmuş şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi səbəbindən iqtisadi cəhətdən yüklü olur. Şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi dedikdə, müqavilənin bağlandığı vaxt ölkədə mövcud olan, tərəflərdən asılı olmayan iqtisadi, hüquqi və digər faktorların əhəmiyyətli dərəcədə dəyişməsi başa düşülməlidir. Eyni zamanda, qeyd etmək lazımdır ki, manatın məzənnəsinin dəyişməsini tərəflər üçün gözlənilməz olan və ya qabaqcadan görmək mümkün olmayan hal kimi qiymətləndirmək olmaz. Belə ki, “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikası Qanununun 5.0.3-cü maddəsinə əsasən, Mərkəzi Bank manatın xarici valyutalara nisbətdə rəsmi məzənnəsini mütəmadi müəyyən edir və elan edir. Göründüyü kimi, manatın xarici valyutalara nisbətdə məzənnəsinin dəyişməsinin mümkünlüyü qanunvericilikdə təsbit edilmişdir. Odur ki, qeyd olunanlara əsasən, Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi qətnamənin mübahisələndirilən hissəsində işin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 32005-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-6552/2019 saylı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın (mübahisələndirilən hissədə). Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: imza Hakimlər: imzalar Əsli ilə düzdür. Hakim Ziya Şirinov
Məhkəmə qərarları › İş №2(103)-3475/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3475/2020
17.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver