Məhkəmə qərarları › İş №2(103)-3478/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3478/2024

25.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3478/2024 25.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı “İcbari Sığorta Bürosu” X7 Cavabdeh qarşı iş üzrə (Açar sözlər: subroqasiya qaydasında pulun tutulması) X1 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və X2 ibarət tərkibdə, Məhkəmə iclasının katibi X5 iştirakı ilə, İddiaçı “İcbari Sığorta Bürosu” X7 Cavabdeh qarşı “subroqasiya qaydasında pulun tutulması” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(011)-1266/2024 nömrəli qətnaməsindən iddiaçı “İcbari Sığorta Bürosu” X9 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. "xxxx" Sığorta Şirkəti ASC ilə X6 arasında bağlanmış PST********** nömrəli sığorta şəhadətnaməsinə əsasən “VAZ 21074” markalı, ** XJ *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalanmışdır. xx.xx.2020-ci il tarixdə həmin avtomobil Cavabdeh tərəfindən etibarnaməsiz idarə olunarkən Bakı şəhəri, Tbilisi prospektində yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə “Hyundai Sonata” markalı, ** OH *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə zərər dəymişdir. Cavabdeh yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli bilinmiş və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci və 332.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilmişdir. "xxxx" Sığorta Şirkəti ASC-nin əmlaka dair qiymətləndirmə aktına əsasən “Hyundai Sonata” markalı, 90OH440 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dəymiş zərər 1.500 manat məbləğində müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Mərkəzi Bankının ərizəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, e-2-2(113)-1575/2020 nömrəli qətnaməsi ilə ASC "xxxx" Sığorta Şirkətinin müflis elan edilməsi qət olunmuşdur. PST********** nömrəli sığorta şəhadətnaməsinə əsasən “İcbari Sığorta Bürosu” X9 tərəfindən zərərçəkmiş X3 xx.xx.2020-ci il tarixli ödəniş tapşırığına əsasən 1.500 manat məbləğində sığorta ödənişi (kompensasiya) ödənilmişdir.

Birinci instansiya məhkəməsindəki icraat

2. İddiaçı “İcbari Sığorta Bürosu” X9 Cavabdeh qarşı sadələşdirilmiş icraat qaydasında ərizə ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh subroqasiya qaydasında sığorta ödənişinin əvəzi olaraq 1.500 manat və ödənilmiş dövlət rüsumuna görə 35 manat, ümumilikdə 1.535 manat pulun iddiaçı “İcbari Sığorta Bürosu” HŞİ-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddia tələbi işin yuxarıda göstərilən faktiki halları göstərilməklə onunla əsaslandırılmışdır ki, cavabdehin yol-nəqliyyat hadisəsi zamanı nəqliyyat vasitəsini istifadə etməyə və ya digər qaydada istismar etməyə hüququ olmamışdır. Belə ki, sözügedən yol nəqliyyat hadisəsi ilə əlaqədar Bakı şəhər DYPİ tərəfindən verilmiş TP ******* saylı, xx.xx.2020-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” Qərardan məlum olur ki, yol nəqliyyat hadisəsi baş verərkən Cavabdeh tərəfindən VAZ 21074 markalı, 90XJ034 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi etibarnaməsi olmadan, onu istifadə etməyə hüququ olmadan istismar edilmiş və buna səbəbə görə də Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək “60” manat məbləğində cərimə olunmuşdur. Cavabdeh İXM-nin 332.1-ci maddəsinə görə təqsirli bilinmişdir. Həmin maddənin dispozisiyasının məzmunundan görünür ki, nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə həmin maddəyə əsasən məsuliyyətə cəlb edilir. Belə olan halda, “İcbari sığortalar haqqında” Qanunun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlak onu istifadə etməyə, idarə etməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilərkən sığorta hadisəsi baş verdikdə Sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı subroqasiya hüququ yaranır. “İcbari sığortalar haqqında” Qanunun 32.4-cü maddəsinə əsasən Büro həmin Qanunun 25.4-cü və 63.3-cü maddələrində nəzərdə tutulmuş subroqasiya hüququnun həyata keçirilməsi ilə bağlı sığortaçılara aid bütün hüquqlarından istifadə edir. Azərbaycan Respublikası Mərkəzi Bankının ərizəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə ASC "xxxx" Sığorta Şirkətinin müflis elan edilməsi qət olunmuşdur. “İcbari Sığortalar haqqında” Qanunun 32.1.1-ci maddəsinə əsasən sığortaçı müvafiq icbari sığorta müqavilələri üzrə sağlamlığa və (və ya) əmlaka dəyən zərərlə bağlı öhdəliklərini ödəmə qabiliyyətinin olmamasına görə yerinə yetirə bilmədikdə Büro tərəfindən kompensasiya ödənişi verilir. “İcbari Sığortalar haqqında” Qanunun 25.4-cü maddəsinə əsasən Bu Qanunun 32.1.1-ci maddəsində nəzərdə tutulmuş halda kompensasiya ödənişi həyata keçirildikdə, müvafiq icbari sığorta müqaviləsi üzrə faydalanan şəxsin sığortaçı və ya müvafiq hallarda sığortaçının ləğvetmə komissiyası qarşısındakı tələb hüququ verilmiş kompensasiya ödənişi həcmində bu Qanunun 27-ci maddəsində nəzərdə tutulmuş İcbari Sığorta Bürosuna keçir.

4. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(011)-1266/2024 nömrəli qətnaməsi ilə iddiaçı “İcbari Sığorta Bürosu” X7 Cavabdeh qarşı “subroqasiya qaydasında pulun tutulması” tələbinə dair iddiası rədd edilmişdir. (hakim X12)

5. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, istinad edilən qanunvericilik normasının dispozisiyasında nəzərdə tutulan hüququ olmayan şəxs dedikdə, nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan, başqa sözlə, sürücülük vəsiqəsi olmayan şəxs nəzərdə tutulur. Avtomobili etibarnamə olmadan idarə etməsi onun avtomobili istifadəyə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs kimi qəbul etməyə əsas vermir və buna görə də sığorta şirkətinin bu əsasla subroqasiya hüququ yarana bilməz. Göstərilənlərə əsasən məhkəmə hesab etmişdir ki, iddia tələbi rədd edilməlidir.

6. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936-cı, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun 25.1.3-cü, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

7. İddiaçı “İcbari Sığorta Bürosu” X9 qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir.

8. İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi “İcbari sığortalar haqqında” Qanunun 25.1.3-cü maddəsini səhv təfsir edərək, tətbiq etmişdir. Məhkəmə hesab etmişdir ki, guya “idarə etməyə və sair hərəkətlərə hüququ olmayan şəxs” dedikdə nəqliyyat vasitəsini idarə etmək hüququ, yəni sürücülük vəsiqəsi olmayan şəxsi nəzərdə tutulur. “Hüquqi olmayan şəxs” yalnız sürücülük hüququ olmayan şəxsdir, həmçinin nəqliyyat vasitəsini mülkiyyətçinin razılığı olmadan və onun iradəsinə zidd olaraq idarə edən şəxsdir. Qanunun 25.1.3-cü maddəsində avtomaşının təkcə sürücülük hüququ olmayan şəxs tərəfindən idarə olunması nəzərdə tutulmamışdır. Heç təsadüfi deyildir ki, qanunverici yuxarıda sözügedən maddənin məzmununda əmlakdan istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə dair ifadələrinin hamısından istifadə etmiş, burada istifadə, istismar, işlətmə və idarə etməni bir-birindən fərqləndirmişdir. Əgər bu ifadələrin hamısı eyni məzmunu ifadə edirdisə, o zaman bunların hamısını sadalamağı qanunverici zəruri hesab etməzdi. İcbari sığorta üzrə subroqasiya hüququnun yaranmasının əsasları “İcbari sığortalar haqqında” Qanun təsdiq edilərkən qanunverici tərəfindən konkret şəkildə artıq müəyyən edilmişdir. Məhkəmənin qanunvericinin konkret normasının şərh etməsinə lüzum qalmamışdır. Nəzərə alınması zəruridir ki, cavabdehin etibarnaməsi və yaxud digər qanuni əsası olmamışdırsa, o, avtomaşını avtonəqliyyat vasitəsinin hərəkəti ilə bağlı işlətmək, ondan istifadə etmək, eləcə də digər qaydada onu istismar etməyə hüququna malik olmamışdır. Nəqliyyat vasitəsinə dair hüquqlar qeydiyyata alınmalı, nəqliyyat vasitəsinin sürücüsü isə nəqliyyat vasitəsinin sahibi olmadıqda, icarə və ya digər əşya hüquqlarına dair müqaviləsini, nəqliyyat vasitəsini idarə etmək hüququna dair müəyyən edilmiş qaydada təsdiqlənmiş etibarnaməsini və ya nəqliyyat vasitəsinə ümumi mülkiyyət hüququna dair şəhadətnaməsini özündə saxlamalıdır. Mübahisələndirilməyən haldır ki, artıq qanuni qüvvəsini almış xx.xx.2020-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla müəyyənləşir ki, Cavabdeh yol nəqliyyat hadisəsini törədərkən icbari sığortalanmış avtomobili etibarnamə olmadan idarə etmişdir. Cavabdeh həmin qərarı mübahisələndirməmiş, icarə və ya digər əşya hüquqlarına dair müqaviləsini, nəqliyyat vasitəsini idarə etmək hüququna dair müəyyən edilmiş qaydada təsdiqlənmiş etibarnaməsini və ya nəqliyyat vasitəsinə ümumi mülkiyyət hüququna dair şəhadətnaməsini təqdim etməmiş, hadisə zamanı qeyd olunan avtomaşından istifadə etmək hüququnun mövcudluğunu təsbit etməmişdir. Cavabdehin adına sürücülük vəsiqəsi olsa da, onun məhz VAZ 21074 markalı, ** XJ *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsini istifadə etməyə hüququ olmamışdır, həmin hüququn olmaması isə iş materialları ilə sübuta yetirilir. Cavabdehin sürücülük hüququnun, yəni avtomobil idarə etməyə hüququnun olması onun etibarnamə, icarə müqaviləsi və digər qanuni əsaslar olmadan avtomaşını işlətməsi, istismar etməsi və ondan istifadə etməyə hüququ olmasını ehtiva etmir. “İcbari sığortalar haqqında” Qanunun 17-ci maddəsi sığorta ödənişinin verilməsi üçün tələb olunan sənədlərin siyahısını müəyyən edir. Qanunun 17.1.4-cü maddəsində bu Qanunun Xüsusi bölməsində ayrı qayda nəzərdə tutulmamışdırsa, sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları (hadisənin baş vermə vaxtı, yeri, hadisəsinin baş verməsində təqsirli olan və (və ya) zərərçəkən şəxs (şəxslər), həmçinin zərər dəymiş əmlak, zərərin xüsusiyyətləri) barədə səlahiyyətli orqanın təqdim etdiyi arayış sığorta ödənişinin vеrilməsi üçün tələb olunan sənədlər siyahısına daxil edilmişdir. Sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışdan göründüyü kimi, hadisənin baş vermə vaxtı, yeri, hadisəsinin baş verməsində təqsirli olan və (və ya) zərərçəkən şəxs (şəxslər), həmçinin zərər dəymiş əmlak, zərərin xüsusiyyətləri, sürücünün avtonəqliyyat vasitəsini idarə etmək hüququ sığortaçı tərəfindən yox, müvafiq orqan tərəfindən müəyyən olunur və təsdiq edilir. Nəqliyyat vasitəsindən istifadə hüququnun sığortaçı tərəfindən yox, Daxili İşlər Nazirliyi tərəfindən qeydiyyata alındığını, nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsinə görə sürücünün inzibati məsuliyyətə cəlb edilməsi sığortaçı tərəfindən deyil, Daxili İşlər Nazirliyi tərəfindən həyata keçirildiyini və sığorta ödənişinin Daxili İşlər Nazirliyi tərəfindən təqdim edilən “sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” arayış əsasında vеrilməsini nəzərə alınaraq Məhkəmənin “sığortaçıların mənafeyinin qorunub-qorunmaması” ilə bağlı mülahizələri əsassız hesab edilməlidir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsinin “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndi ilə əlaqəli şəkildə şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun normaları qanunverici orqan tərəfindən təkmilləşdirilənədək, nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olmadığı hallarda, nəqliyyat vasitəsinin etibarnaməsiz idarə edilməsi (ər-arvadın ümumi mülkiyyət hüququna dair şəhadətnaməsinin olduğu hallar istisna olmaqla) həmin Məcəllənin 332.1-ci maddəsi ilə müəyyən edilən inzibati məsuliyyətə səbəb olur. Şərh olunanlardan göründüyü kimi, avtonəqliyyat vasitəsinin etibarnamə olmadan idarə olunmasını Konstitusiya məhkəməsi qanuna zidd hesab etmişdir. Sözügedən hüquqi mövqedən də yanaşıldıqda iş üzrə mübahisəsiz qaydada müəyyən edilir ki, cavabdehin VAZ 21074 markalı, ** XJ *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsini istifadə etməyə qanuni əsası olmamışdır

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

10. İddiaçı “İcbari Sığorta Bürosu” X9 “Elektron” məhkəmə informasiya sistemi vasitəsi ilə ərizə ilə məhkəməyə müraciət edərək, apellyasiya şikayətini müdafiə etdiyini bildirmiş və işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir.

11. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, hər hansı üzürlü səbəb göstərmədən cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə uyğun olaraq, məhkəmə kollegiyası apellyasiya şikayətinə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

12. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır; 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır; 926.1-ci maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır; 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir; 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər; 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

13. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun: 25.1 və 25.1.3-cü maddələrinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi halında sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ aşağıda göstərilən hallarda yaranır. 25.2-ci maddəsinə əsasən bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxs işlərin təhlükəsiz aparılmasına əmək müqaviləsi, mülki hüquqi müqavilə və ya muzd əsasında müəyyən tapşırığın yerinə yetirilməsi üçün müvafiq əmlakı işlətməsi, idarə etməsi və ya digər qaydada istifadəsi üçün ona verən sığortalının (sığorta olunanın) nəzarəti altında fəaliyyət göstərdiyi və ya fəaliyyət göstərməli olduğu halda, subroqasiya hüququ həmin sığortalıya (sığorta olunana) qarşı da istifadə edilə bilər.

14. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 33-cü maddəsinin İ hissəsinə əsasən bu maddənin ikinci hissəsində nəzərdə tutulan yaş həddinə çatmış, sağlamlıq cəhətdən sürücülüyə yararlı, yol hərəkəti qaydalarını bilən, sürmə vərdişi və sürücülük vəsiqəsi olan hər bir fiziki şəxs Azərbaycan Respublikasının ərazisində nəqliyyat vasitələrini idarəetmə hüququna malikdir.

15. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1 maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəssinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; 394-1.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər apellyasiya şikayətinin surəti onlara rəsmi qaydada verildiyi vaxtdan 10 iş günü müddətində apellyasiya şikayətinə qarşı əsaslandırılmış etirazını və ona əlavə edilmiş sənədləri məhkəməyə göndərə bilər; 394-1.3-cü maddəsinə əsasən apellyasiya şikayəti məhkəməyə daxil olduğu gündən 30 iş günü ərzində işə yazılı icraat qaydasında işdə olan sənədlər əsasında baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir; 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

17. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

18. Hazırkı apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi xahiş olunduğundan, qətnamə tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

19. Məhkəmə kollegiyası аpеllyаsiyа şikаyətinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırаrаq hеsаb еdir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və ya dəyişdirilməsinə hər hansı əsas yoxdur. Bu səbəbdən qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

20. Məhkəmə kollegiyası qanunvericiliyin yuxarıda sadalanan və bu sahəni tənzimləyən aidiyyəti müddəalarına istinad edərək ilk növbədə qeyd edir ki, “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə subroqasiya hüququ sığorta şirkətinə sığortalıya (sığorta olunana), o cümlədən sığortalı avtomobili idarə edən sürücüyə qarşı ödədiyi sığorta ödənişi həddində pulu geriyə tələb etmək hüququ verir. Subroqasiya qaydasında geriyə tələb hüququnun əsasları icbari sığorta qanunvericiliyində dəqiq müəyyən edilmişdir.

21. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və işin hallarına istinadən qeyd edir ki, “VAZ 21074” markalı, ** XJ *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin iştirakı ilə xx.xx.2020-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsinin sığorta hadisəsi olması, baş vermiş hadisədə cavabdehin təqsirli olması, sığorta hadisəsi nəticəsində “Hyundai Sonata” markalı, ** OH *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dəymiş zərərə görə iddiaçı tərəfindən 1.500 manat məbləğində sığorta ödənişinin edilməsi işin mübahisə edilməyən hallarını təşkil edir.

22. Hazırda iddiaçı “İcbari sığortalar haqqında” qanunun 25.1.3-cü maddəsinə istinadən sığorta hadisəsi baş verən zaman cavabdehin avtomobili etibarnaməsi (idarə etmək hüququ) olmadan idarə etdiyini, bu halın da subroqasiya hüququnun yaranma əsaslarından biri kimi müəyyən edildiyini iddia edir. Bu səbəbdən də sığorta hadisəsi nəticəsində ödənilmiş 1.500 manatın cavabdehdən tutulmasını tələb edir.

23. Qeyd olunmalıdır ki, xx.xx.2020-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı cavabdehin VAZ 21074 markalı, 90XJ034 dövlət nömrə nişanlı nəqliyyat vasitəsini etibarlılıq müddəti qurtarmamış sürücülük vəsiqəsi əsasında idarə etmişdir.

24. Məhkəmə kollegiyası vurğulayır ki, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsində göstərilən “Hüququ olmayan şəxs” ifadəsi nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxsi nəzərdə tutur. Belə ki, nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs avtomobilin idarə edilməsi ilə bağlı nəzəri və təcrübi biliklərə malik olmur. Belə şəxsin avtomobili idarə etməsi sığorta hadisəsinin baş verməsi riskini artırır. Sığorta hadisəsi baş verdikdə isə sığortaçı sığorta ödənişi verməli olur və son nəticədə sığortaçının əsaslı mənafeləri pozulmuş olur.

25. Bununla belə, qanunverici sığortaçının əsaslı mənafeyinin müdafiəsini təmin etmək üçün belə bir normanı qanuna daxil etmişdir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 13.4-cü maddəsinə əsasən sığorta şəhadətnaməsinin kimin adına verilməsindən asılı olmayaraq, fərdi qəza və ya mülki məsuliyyət üzrə sığorta təminatı, müvafiq sığorta müqaviləsində göstərilmiş əmlakı qanuni əsaslarla təyinatına uyğun istismar edən istənilən şəxsin hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş vermiş müvafiq hadisələrə, hallara şamil olunur.

26. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, sözügedən maddədə “qanuni əsaslar” dedikdə yalnız etibarnaməni və ya digər yazılı sənədi deyil, avtomobilin istismar edilməsi üçün mülkiyyətçinin şifahi razılığını da nəzərdə tutur. İradənin yazılı və ya şifahi formada ifadə edilməsindən asılı olmayaraq avtomobilin istismarı mülkiyyətçinin iradəsinə uyğun olması kifayətdir ki, qanuni əsas mövcud olsun.

27. Hazırki halda isə cavabdehin sözügedən avtomobili onun mülkiyyətçisinin razılığı olmadan və ya onun iradə ifadəsinə zidd şəkildə idarə etməsi müəyyən edilməmişdir. İddiaçının nümayəndəsi də buna dair hər hansı sübutu məhkəməyə təqdim etməmişdir.

28. Nəzərə almaq lazımdır ki, avtomobili idarə etmək hüququ olmayan şəxs tərəfindən idarə edilməsinə görə məsuliyyəti inzibati xətalar qanunverciliyi müəyyən etmişdir (İXM-nin 332-ci maddəsi). Bu məsuliyyəti müəyyən etməkdə inzibati xətalar qanunverciliyinin iki məqsədi vardır: birincisi, avtomobil mülkiyyətçilərinin mənafeyi müdafiə olunsun və başqa şəxslər mülkiyyətçinin iradəsi olmadan avtomobilə sahiblənə bilməsinlər; ikincisi, yol hərəkəti sahəsində hüquqpozmalara qarşı mübarizə imkanları gücləndirilsin, yəni qayda pozuntusu zamanı avtomobili idarə edən şəxsin (sürücünün) şəxsiyyətinin müəyyən edilməsi və məsuliyyətə cəlb olunması mümkün olsun.

29. Göründüyü kimi, bu normanın sığortaçıların mənafeyinin qorunması ilə bağlı məqsədi yoxdur və ola da bilməz. Belə ki, əvvəla, sığorta münasibəti inzibati xətalarla bağlı münasibət deyil, mülki münasibətdir və mülki hüquqa aid qanunlarla tənzimlənir. Mülki hüququn tələbi isə ondan ibarətdir ki, əşyanın başqasının sahibliyinə verilməsi üçün istifadə müqaviləsi bağlanmalıdır.

30. Mülki hüquqa görə avtomobil əşyadır və onun idarə edilməsi əşyadan istifadə edilməsi kimi qəbul olunur. Əgər avtomobilin başqa şəxs tərəfindən idarə edilməsi mülkiyyətçinin razılığına əsasən həyata keçirilirsə, bu o deməkdir ki, mülkiyyətçi ilə həmin şəxsin arasında istifadə müqaviləsi mövcuddur.

31. Eyni zamanda mülki hüquq inzibati hüququn müəyyən etdiyi avtomobilin idarə edilməsinə dair etibarnaməni tanımır. Belə ki, mülki hüquqda etibarnamə təmsilçilik münasibətlərinin yaranması üçün əsasdır (MM-nin 362-ci maddəsi). Avtomobilin idarə edilməsi isə mülki hüquqda əşyadan istifadə etmək kimi qəbul olunur. Mülki hüquqda “əşyadan istifadə etmək” deyəndə əşyanın faydalı təbii xassələrinin hasil edilməsi başa düşülür, avtomobilin təbii xassəsini nəql etməkdir, çünki o, nəqliyyat vasitəsidir. Ona görə də, şəxs avtomobildən istifadə edərkən onun nəqletmə imkanlarından yararlanır, nəqletmə zamanı təmsilçiliyin yaranması (avtomobil mülkiyyətçisinin üçüncü şəxs qarşısında təmsil edilməsi) mümkün deyil. Təmsilçilik avtomobil üzərində sərəncam verilməsi və üçüncü şəxslərlə əlaqədar digər bu kimi hərəkətlərin həyata keçirilməsi zamanı mümkündür.

32. Bundan başqa yol hərəkəti münasibətlərində avtomobilin idarə edilməsi ilə bağlı təmsilçilik münasibətinin yaranması mümkün deyil. Çünki avtomobili idarə edən şəxs yol hərəkəti iştirakçısına çevrilir və bu münasibətdə başqa şəxsin nümayəndəsi kimi deyil, “sürücü” kimi iştirak edir.

33. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 33-cü bəndində yol hərəkəti iştirakçılarının anlayışı verilib və orada “sürücü”nün nümayəndəsi anlayışı yoxdur və ümumiyyətlə “sürücü”nün nümayəndəsi institutu nəzərdə tutulmamışdır.

34. Bununla belə, məhkəmə kollegiyasının qənaətinə əsasən nəqliyyat vasitəsini etibarnamə olmadan, lakin mülkiyyətçinin razılığı və iradə ifadəsinə uyğun olaraq idarə edən şəxs “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun 25.1.3-cü maddəsində göstərilən “hüquqi olmayan şəxs” kimi qəbul edilə bilməz. Həmin şəxslərə yalnız sürücülük hüququ olmayan şəxslər və nəqliyyat vasitəsini mülkiyyətçinin razılığı olmadan və onun iradəsinə zidd olaraq idarə edən şəxslər aiddir. Bu baxımdan cavabdeh “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsində göstərilən “hüququ olmayan şəxs” hesab edilmir və bu səbəbdən də iddiaçının cavabdehə qarşı subroqasiya hüququ yaranmamışdır.

35. Beləliklə, məhkəmə kollegiyası göstərilənləri nəzərə alıb hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddianı rədd etmişdir. Cavabdehin apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir. Faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə görə dəyişdirilə bilməz. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçının apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.

36. Eyni zamanda, məhkəmə kollegiyası vurğulayır ki, hazırkı iş üzrə iddianın qiyməti 1.500 manat təşkil etdiyindən, yəni məbləğ etibarı ilə 5.000 manatdan az olduğundan qətnamədən kassasiya şikayəti verilə bilməz.

37. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384-cü, 392-ci, 394-1-ci, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

İddiaçı “İcbari Sığorta Bürosu” X7 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(011)-1266/2024 nömrəli qətnaməsi iddiaçı “İcbari Sığorta Bürosu” X7 apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçı “İcbari Sığorta Bürosu” X8 aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar