Məhkəmə qərarları › İş №2(103)-348/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-348/2025

15.01.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-348/2025 15.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “kompensasiya ödənilməsi yolu ilə yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi, mənzildən çıxarılma və mənzilə köçürülmə” tələbinə dair mülki iş üzrə Açar sözlər: (mənzildən istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimlər Xəyal Əjdər oğlu Sarıyevin (sədrlik edən və məruzəçi), X8 və X2 ibarət tərkibdə, Rüfanə Elxan qızı Əzizzadənin katibliyi, Cavabdeh, onun nümayəndəsi (vəkili) Vəkil2 iştirakı ilə, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 02 noyabr 2023-cü il tarixli, 2(002)-2668/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.2010-cu ildə X6 ilə Cavabdeh faktiki nikah münasibətinə girmiş və onların faktiki nikah münasibətindən 05 iyul 2014-cü il tarixdə X7 adlı övladları doğulmuşdur. 2.10 yanvar 2015-ci il tarixli Çıxarışa əsasən Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Dostluq küçəsində yerləşən 3 saylı evin, 3 otaqlı, ümumi sahəsi 72,85 kv.metr olan 26 saylı mənzili daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə X3 adına qeydə alınmışdır. 3.2016-cı ildən X6 ilə Cavabdeh arasında faktiki ər-arvad münasibətləri pozulmuş və onlar ayrılmışlar. 4.Bakı Şəhəri, Qaradağ Rayon Məhkəməsinin 20 fevral 2017-ci il tarixli, 2(002)-818/2017 saylı qətnaməsi ilə X3 Cavabdeh qarşı “mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi” barədə iddiası təmin edilərək Cavabdeh Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Dostluq küçəsində yerləşən 3 saylı evin, 26 saylı mənzilindən istifadə hüququ itirilmiş hesab edilmişdir.

5. 09 aprel 2017-ci il tarixli notarial qaydada təsdiq edilmiş bağışlama müqaviləsinə əsasən, X6 Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Dostluq küçəsində yerləşən 3 saylı evin 26 saylı mənzilini bacısı İddiaçı bağışlamışdır.

6. 12 aprel 2017-ci il tarixli Çıxarışa əsasən Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Dostluq küçəsində yerləşən 03 saylı evin 26 saylı mənzili daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə İddiaçı adına qeydə alınmışdır.

7. Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 19 dekabr 2017-ci il tarixli, 2(002)-818/2017 saylı qətnaməsi ilə X3 Cavabdeh qarşı “mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi” barədə iddiası rədd edilmişdir. 8.Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 20 fevral 2018-ci il tarixli, 2(002)- 53/2018 saylı qətnaməsi ilə Cavabdeh X4 qarşı “mənzilin birgə nikah dövründə əldə edilmiş əmlak hesab edilməsi, mənzildən payların müəyyən olunması, mənzilə dair İddiaçı adına verilmiş Çıxarışın etibarsız hesab edilməsi, mənzildən qeydiyyatdan çıxarılma” barədə iddiası rədd edilmişdir. 9.Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 aprel 2019-cu il tarixli, 2(103)-3318/2018 saylı qərardadı ilə Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 20 fevral 2017-ci il tarixli, 2(002)- 818/2017 saylı qiyabi qətnaməsinin icrasına dönüş edilərək, Cavabdeh Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Dostluq küçəsində yerləşən 3 saylı evin, 26 saylı mənzilinə istifadə hüququ və qeydiyyatı bərpa edilmişdir. 10.Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 01 may 2019-cu il tarixli, 2(002)- 898/2019 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma və kirayə pulu tələbinə dair” iddiası rədd edilmişdir. 11.Bakı Şəhəri, Qaradağ Rayon Məhkəməsinin 12 fevral 2020-ci il tarixli, 2(002)-127/2020 saylı qətnaməsi ilə Cavabdeh X4 qarşı “mənzilə dair bağlanmış bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və Çıxarışın ləğv edilməsi” barədə iddiası rədd edilmişdir.

a)Birinci instansiya məhkəməsində icraat

12.İddiaçı (bundan sonra-iddiaçı) Cavabdeh (bundan sonra-cavabdeh) qarşı iddia ərizəsi və iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehin 05 iyul 2014-cü il tarixdə doğuluş azyaşlı övladı X7 ilə birlikdə ona məxsus olan Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Dostluq küçəsi 3 saylı evin 26-cı mənzilinə görə 20.000 manat kompensasiya ödənilməklə istifadə hüquqlarına xitam verilməsi və cavabdehin azyaşlı övladı ilə birlikdə həmin mənzildən çıxarılması və onun həmin mənzilə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 13.İddiaçı tələbini onunla əsaslandırmışdır ki, mübahisəli mənzil üzərində mülkiyyət hüququ olmasına baxmayaraq həmin mənzildə cavabdeh öz azyaşlı övladı ilə birlikdə yaşayır və mülkiyyətçi kimi öz mənzilindən heç bir formada istifadə edə bilmir. 14.Birinci instansiya məhkəməsi tərəfindən 11 oktyabr 2023-cü il tarixdə "xxxx" MMC-nə sorğu verilmiş və Mülki Məcəllənin 228.2-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehə bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi üçün mübahisəli mənzilin qiymətləndirilməsi aparılmış və müəyyən edilmişdir ki, həmin mənzilə oxşar ərazidə və şəraitdə olan mənzilin aylıq kirayə haqqı əşyasız 200 manat, əşyalı 300 manat, mənzilin vizual orta bazar qiyməti 75000 – 80000 manat təşkil edir. 15.Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 02 noyabr 2023-cü il tarixli, 2(002)-2668/2023 saylı qətnaməsi ilə (hakim-Kamran Əsədov) iddia təmin edilərək, cavabdehin və övladı 05 iyul 2014-cü il tarixdə doğulmuş X5 iddiaçının mülkiyyətində olan Bakı Şəhəri, Qaradağ Rayonu, Sahil qəsəbəsi Dostluq küçəsi 3 saylı evin, 26-cı mənzilindən istifadə hüquqlarına 20.000 manat kompensasiya ödənilməklə xitam verilməsi, cavabdehin və övladının həmin mənzildən çıxırılması və iddiaçının həmin mənzilə köçürülməsi qət edilmişdir. 16.Birinci instansiya məhkəməsi öz hüquqi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı cavabdehdən kompensasiya ödənilməklə mənzilə istifadə hüququna xitam verilməsi tələbinə dair iddia irəli sürmək hüququna malikdir və iddia tələbinin hüquqi əsasını Mülki Məcəllənin 228.2-ci və 228.5-ci maddələrinin tələbləri təşkil edir. 17.Bundan başqa cavabdehin mübahisəli yaşayış sahəsindən istifadə hüquqlarının saxlanılması mülkiyyətçi kimi iddiaçının Mülki Məcəllənin 152.5-ci maddəsində nəzərdə tutulan əmlaka sərbəst surətdə sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə hüquqlarının pozulmasına da gətirib çıxarır. Bu səbəbdən də iddia təmin edilməlidir. 18.Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələrinə, Mülki Məcəllənin 152.1, 152.5, 158.1.2, 158.4, 228.2 və 228.5-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsində birinci icraat

19.Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. 20.Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, kompensasiya məbləği cavabdehin azyaşlı uşağı ilə birlikdə əvvəlki yaşayış şəraitinə uyğun mənzillə təmin edilməsi üçün yetərli deyildir. Bundan başqa, məhkəmə tərəfindən kompensasiya məbləğinin hesablanması üçün əsas hesab edilən mənzilin kirayə dəyəri bazar qiymətinə uyğun şəkildə müəyyən edilməmişdir. 21.Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 21 fevral 2024-cü il tarixli, 2(103)-1411/2024 saylı qətnaməsi ilə (hakimlər–Akif İsgəndərov (sədrlik edən və məruzəçi), Vahid Sadıqov və Məhəmməd Rüstəmli) apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 02 noyabr 2023-cü il tarixli, 2(002)-2668/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. 22.Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Mülki Məcəllənin 228.2-ci maddəsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsinin mümkünlüyünü əks etdirir. Ona görə də iddiaçı, cavabdehə kompensasiya ödənilməklə mənzildən istifadə hüququna xitam verilməsi barədə iddia irəli sürmək hüququna malikdir və iddia tələbinin hüquqi əsasını Mülki Məcəllənin 228.2-ci və 228.5-ci maddələri təşkil edir. Bundan başqa, cavabdehin mübahisəli yaşayış sahəsindən istifadə hüquqlarının saxlanılması mülkiyyətçi kimi iddiaçının Mülki Məcəllənin 152.5-ci maddəsi ilə nəzərdə tutulan əmlaka sərbəst surətdə sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə hüquqlarının pozulmasına gətirib çıxarır. 23.Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. 24.Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir.

25. Apellyatorun kompensasiya məbləğinin hesablanması üçün əsas hesab etdiyi mənzilin kirayə dəyərinin bazar qiymətinə uyğun şəkildə müəyyən edilməməsi barədə dəlillinə münasibətdə apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdeh bununla bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Birinci instansiya məhkəməsi tərəfindən 11 oktyabr 2023-cü il tarixdə "xxxx" MMC-nə sorğu verilmiş və Mülki Məcəllənin 228.2-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehə bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi üçün mübahisəli mənzilin qiymətləndirilməsi aparılmış və müəyyən edilmişdir ki, həmin mənzilə oxşar ərazidə və şəraitdə olan mənzilin aylıq kirayə haqqı əşyasız 200 manat, əşyalı 300 manat, mənzilin vizual orta bazar qiyməti isə 75.000-80.000 manat təşkil edir. 26.Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, iddiaçının mülkiyyətində olan mənzilin yerləşdiyi ərazidə oxşar şəraitli mənzillərin aylıq kirayə haqları həmin yaşayış sahəsinin yerindən (yol infrastrukturuna yaxınlığı, yaxınlıqda dükan, bazar, məktəb, bağça, xəstəxana və bu tip sosial, təhsil, səhiyyə və iaşə obyektlərinin yerləşməsi, binanın mərtəbəsi, günçıxan yaxud günbatan tərəfə baxması, mənzərə görünüşlərini izləməyə imkan verib verməməsi), təmirindən və şəraitindən (yeni tikilidə yerləşib yerləşməməsi, otaqların genişliyi, otaqların planlaşdırılması, yaşayış sahəsinin hər bir yerindən rahat istifadə etmək imkanının olub-olmaması və s.) asılı olaraq 250-450 manat arasında dəyişir. 27.Cavabdehin əvvəlki şəraitə oxşar mənzildə 3 il ərzində normal şəraitdə yaşaması üçün hər ay 450 manat kirayə haqqı ödəməsi şərti ilə yaşamalı olmasını nəzərə aldıqda, riyazi hesablamaya görə bu dövr ərzində ödənilməli kirayə haqqının ümumi məbləği 16.200 manat təşkil edir. Birinci instansiya məhkəməsi kompensasiya məbləğini göstərilən qaydada müəyyən etsə də, iddiaçı tərəfindən bundan artıq məbləğdə kompensasiya təklif olunduğunu və işin digər hallarını qiymətləndirərək təklif olunan 20.000 manat kompensasiya məbləğinin daha qənaətbəxş olduğu qənaətinə gəlmişdir. 28.Cavabdeh tərəfindən bunun əksini, yəni kompensasiya məbləğinin 20.000 manat deyil, 50.000 manat təşkil etməli olmasını sübuta yetirən hər hansı dəlil məhkəməyə təqdim edilməmişdir. Bu səbəbdən də birinci instansiya məhkəməsi mənzildən istifadə hüququna görə iddiaçı tərəfindən cavabdehə ödəniləcək kompensasiya məbləğini 20.000 manat məbləğdə müəyyən etməklə düzgün nəticəyə gəlmişdir.

Kassasiya instansiyası məhkəməsindəki icraat

29.Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və mülki işin yeni apellyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 30.Kassasiya şikayəti apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, cavabdehin mənzildən istifadə hüququ müvafiq məhkəmə qətnaməsinə əsasən tanınmışdır. Cavabdeh 2014-cü ildən hazırkı vaxtadək fasiləsiz olaraq azyaşlı övladı ilə birlikdə həmin mənzildə yaşayır. Həmin mənzil cavabdehin yeganə yaşayış sahəsidir. İddiaçı tərəfindən təklif olunan kompensasiya məbləği cavabdehə azyaşlı övladı ilə birlikdə əvvəlki yaşayış sahəsinə uyğun mənzillə təmin edilməsi üçün yetərli deyil. Məhkəmə tərəfindən kompensasiya məbləği bazar qiymətinə uyğun şəkildə müəyyən edilməlidir. Bu zaman məhkəmə tərəfindən müqayisəli təhlil metodundan istifadə olunmaqla həmin ərazidə yerləşən mənzillərin bazar qiymətləri dəqiq müəyyən edilməli idi. Cavabdehin mənzilə olan istifadə hüququna xitam verilməsi üçün yetərli məbləğ 50.000 manat müəyyən edilməli idi, lakin işə baxan məhkəmələr iddiaçı tərəfindən cavabdehə ödəniləcək kompensasiyanın məbləğini 20.000 manatdan 50.000 manatadək artırmaqdan əsassız olaraq imtina etmişlər. 31.Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-2197/2024 saylı, 23 iyul 2024-cü il tarixli qərarı ilə kassasiya şikayətinin təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 21 fevral 2024-cü il tarixli, 2(103)-1411/2024 saylı qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması qərara alınmışdır. 32.Kassasiya instansiyası məhkəməsi qərarında qeyd etmişdir ki, işin mübahisə olunmayan hallarına görə 2010-cu ildə iddiaçının qardaşı Rəhim Piriyev cavabdehlə faktiki nikah münasibətinə girib və onların faktiki ər-arvad münasibətindən 5 iyul 2014-cü il tarixdə Əli adlı övladları doğulub. 15 yanvar 2015-ci il tarixdə mübahisəli mənzil daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə Rəhim Piriyevin adına qeydə alınıb və həmin vaxtdan mənzildə fasiləsiz və etirazsız olaraq Rəhim Piriyev, cavabdeh və onların azyaşlı övladı Əli yaşayıblar. 2016-ci ildə onların faktiki ər-arvad münasibətləri pozulduqdan sonra Rəhim Piriyev mənzili 9 aprel 2017-ci il tarixli bağışlama müqaviləsinə əsasən bacısı Gülxar Orucovaya bağışlayıb və həmin müqaviləyə əsasən mənzil 12 aprel 2017-ci il tarixdə mülkiyyət hüququ üzrə sonuncunun adına qeydə alınıb. 33.Bundan sonra tərəflər arasında mənzillə bağlı çoxsaylı məhkəmə mübahisələri olub və son nəticədə mənzilin iddiaçının mülkiyyətində, cavabdehin isə mənzildə istifadə hüququnun olduğu müəyyən edilib. 34.Hazırda iddiaçı, mənzildən istifadə hüququna xitam verilməsi ilə bağlı cavabdehlə aralarında hər hansı razılaşmanın olmadığını göstərib, onun bu hüququna bazar qiymətinə uyğun olaraq 20.000 manat kompensasiya ödənilməklə xitam verilməsini, habelə cavabdehin azyaşlı övladı ilə birlikdə həmin mənzildən çıxarılmasını və özünün həmin mənzilə köçürülməsini iddia edir. 35.Cavabdeh isə ona təklif olunan 20.000 manat kompensasiya məbləğinin iddiaçının hesabına ona davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə mübahisəli mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı vermədiyini, onun mənzildən istifadə hüququna xitam verilməsinə yalnız bazar qiymətinə uyğun 50.000 manat kompensasiya ödənildiyi halda razı olduğunu göstərib, iddiaya etiraz edir. 36.Mülki Məcəllənin 228.2-ci maddəsində göstərilir ki, yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda, bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilə bilər. 37.Digər tərəfdən, qüvvədə olan qanunvericiliyə görə eyni mənzildə ailə üzvləri və onlara bərabər tutulan şəxslər yaşadıqları halda, onlardan birində (və yaxud bir neçəsində) mənzilə mülkiyyət hüququ (o cümlədən, yaşayış sahəsindən istifadə etmək hüququ), digərlərində isə yalnız yaşayış sahəsindən istifadə etmək hüququnun mövcud olması mümkündür. Bu şəxslər arasında yaranan mübahisələrin həlli zamanı mülkiyyət hüququ və yaşayış sahəsindən istifadə etmək hüququnun təbiəti, onların mütənasibliyi və həyata keçirilməsinə dair qüvvədə olan Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları nəzərə alınmalıdır. 38.İlk növbədə qeyd olunmalıdır ki, mülkiyyət hüququ və yaşayış sahəsindən istifadə etmək hüququ müxtəlif hüquqi kateqoriyalardır. 39.Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrində mülkiyyətin toxunulmazlığına, növündən asılı olmayaraq dövlət tərəfindən bərabər müdafiə olunmasına, mülkiyyət hüququnun qanunla qorunmasına, bu hüququn mülkiyyətçinin əmlaka sahib olmaq, ondan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarına təminat verilib. 40.Həmçinin, mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. 41.Mülkiyyət hüququnun ümumi müddəaları, sahiblik hüququ, mülkiyyət hüququnun əldə edilməsinə, həyata keçirilməsinə, məhdudlaşdırılmasına və itirilməsinə, habelə bu hüququn növlərinə dair müddəalar Mülki Məcəllə ilə tənzimlənir. 42.Eyni zamanda, nəzərə alınmalıdır ki, mülki qanunvericilikdə mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüququ sayılır. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. 43.Adətən, mənzildə, evdə və sair müvafiq yerlərdə yaşamaq hüququ kimi göstərilən yaşayış sahəsindən istifadə etmək hüququ mənzil hüququnun bir elementi qismində çıxış edir. Mənzil hüququ beynəlxalq hüquqda faktiki olaraq tanınmasa da, bu Azərbaycan Respublikasının qanunvericiliyində uzun müddətdir ki, tanınmış hüquqdur. 44.Göründüyü kimi, mülkiyyət hüququ yaşayış sahəsindən istifadə etmək hüququndan fərqlənsə də, hər iki hüquq müəyyən mənada mütənasib şəkildə tarazlaşdırılmaqla təmin olunmalıdır. 45.Bu baxımdan Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləndirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır. 46.Eyni hüquqi mövqe “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli Qərarında da ifadə olunub. 47.Göstərilənlərə əsasən kassasiya instansiyası məhkəməsi cavabdehin kassasiya şikayətinin dəlillərini əsaslı saymış və hesab etmişdir ki, hazırkı iddia tələbinin düzgün həlli üçün ilk növbədə cavabdehin mənzildən istifadə hüququna xitam verilməsi üçün iddiaçının ona təklif etdiyi 20.000 kompensasiya məbləğinin bazar qiymətinə uyğun olub-olmadığı və cavabdehin azyaşlı övladı ilə birlikdə həmin kompensasiya hesabına davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə mübahisəli mənzildə onlara xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı veribvermədiyi tam, hərtərəfli və obyektiv araşdırılmalıdır. 48.Digər tərəfdən işin hallarına görə mübahisəli 26 saylı mənzil 3 otaqlı, ümumi sahəsi 72,85 kv.metr olmaqla Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Dostluq küçəsi 3 saylı evdə yerləşir və "xxxx" MMC-nin qiymətləndirmə hesabına görə, sözügedən mənzilin vizual orta bazar qiyməti 75.000-80.000 manat; eyni ərazidə, eyni şəraitli mənzilin orta aylıq kirayə haqqı 200-300 manat təşkil edir. 49.Apellyasiya və kassasiya şikayətlərinin dəlillərindən, habelə cavabdehin izahatından görünür ki, o azyaşlı övladı ilə birlikdə 2014-cü ildən hal-hazıradək fasiləsiz və etirazsız olaraq mübahisəli mənzildə yaşayır və onun istifadəsində digər yaşayış sahəsi yoxdur. İddiaçı tərəfindən ona təklif olunan 20.000 manat kompensasiya məbləği isə özündə bazar qiymətini əks etdirmir. 50.Əvvəla, Qiymətləndiricinin hesabatında sözügedən mənzilə qiymət vizual (latın sözü olub-gözlə görünən deməkdir) qoyulub. 51.Digər tərəfdən, mübahisəli mənzilə 75.000-80.000 manat qiymət qoyulsa da və eyni ərazidə, eyni şəraitli mənzilin orta aylıq kirayə haqqı 200-300 manat müəyyən olunsa da, hesabatda bu barədə hər hansı təhlil aparılmayıb və qiymətləndirmə dəyərləri yoxdur. 52.Bundan başqa Sahil qəsəbəsində yerləşən 3 otaqlı mənzildən istifadə hüququna xitam verilməsinə görə iddiaçı tərəfindən cavabdehə 20.000 manat kompensasiyanın təklif olunması da, sonunucunun etirazının əsası kimi istinad etdiyi halların açıq-aşkar əsassız olmaması nəticəsinə gəlməyə əsas verir. 53.Apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşarkən, cavabdehin 20.000 manat kompensasiya məbləğinin ona azyaşlı övladı ilə birlikdə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə mübahisəli mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı verməməsinə dair apellyasiya şikayətinin dəlili üzrə lazımi araşdırma aparmadan, başqa sözlə cavabdehə ödəniləcək kompensasiyanın məbləğini bazar qiymətinə uyğun müəyyən etməməklə Mülki Məcəllənin 228.2-ci maddəsinin tələblərini pozub. 54.Yaddan çıxarmaq olmaz ki, Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulan kompensasiya verilməsi yolu ilə mənzildən istifadə hüququna xitam verilməsi, bir tərəfdən mülkiyyət hüququnun qorunmasına yönəlsə də, digər tərəfdən də mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinin mənzildən istifadə hüquqlarının itirilməsini tənzimləyir. Hər bir halda qanunverici Mülki Məcəllənin 228.2-ci maddəsində istifadə hüququna xitam verilməsi zamanı kompensasiyanın məhz bazar qiymətinə uyğun ödənilməsini müəyyən edir. 55.Həmçinin mülki qanunvericilikdə mülkiyyətçinin üzərinə mənzildən istifadə hüququ olan şəxsi daimi olaraq yaşayış sahəsi ilə təmin etmək öhdəliyi qoyulmayıb. Eləcə də mövcud qanunvericilikdə mənzildən istifadə hüququna xitam verilməsi üçün istifadəçiyə ödənilməli olan kompensasiyanın məbləğinin həddi barədə də hər hansı norma yoxdur. Qanunvericilikdə, həmin kompensasiya məbləğinin bazar qiymətləri ilə, yalnız məhkəmə tərəfindən tənzimlənməsi nəzərdə tutulub. 56.Bu baxımdan kassasiya instansiyası məhkəməsi hesab edir ki, işə yenidən baxılarkən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutları araşdırmalı, onlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməli, iddiaçı tərəfindən cavabdehə təklif edilən 20.000 manat kompensasiya məbləğinin yetərli olub-olmadığını araşdırmalı və bundan sonra iddianın əsaslı olub-olmamasına düzgün hüquqi qiymət verməlidir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

57.Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Apellyasiya instansiya məhkəməsindəki ikinci icraat

Məhkəmə icraatı iştirakçılarının izahatları

58.Məhkəmə kollegiyasının iclasında Cavabdeh, onun nümayəndəsi (vəkili) Vəkil2 apellyasiya şikayətini müdafiə edərək, şikayətin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etdilər. 59.İş üzrə İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, iddiaçının nümayəndəsi və vəkili elektron kabinet vasitəsi ilə ərizə təqdim edərək övladının səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirərək nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq:

Azərbaycan Respublikası Konstitusiyasının: 60.13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 61.29-cu maddəsinin 1-ci və 2-ci hissələrinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır, mülkiyyətin heç bir növünə üstünlük verilmir, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 62.Maddə 152.1.Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 63.Maddə 152.5.Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 64.Maddə 228.2.Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 65.Maddələr 14.2, 77.1, 217.4.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 66.Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 67.Maddə 107.Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 68.Maadə 115.0.1. Şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 69.Maddə 119.1.Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 70.Maddə 385.2.Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 71.Maddə 384.0.3.Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.

Apellyasiya baxışının hədləri

72.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 73.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının apellyasiya şikayətinin dəlilləri həcmində tam olaraq yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

74.Məhkəmə kollegiyası cavabdeh tərəfi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə təklin olunan kompensasiyanın məbləği hissəsində dəyişdirilməlidir. 75.Məhkəmə araşdırması zamanı tədqiq edilmiş sübutlar əsasında işin mübahisəsiz halı olaraq müəyyən olunmuşdur ki, 2010-cu ildə iddiaçının qardaşı Rəhim Piriyev cavabdehlə faktiki nikah münasibətinə girib və onların faktiki ər-arvad münasibətindən 5 iyul 2014-cü il tarixdə Əli adlı övladları doğulub. 15 yanvar 2015-ci il tarixdə mübahisəli mənzil daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə Rəhim Piriyevin adına qeydə alınıb və həmin vaxtdan mənzildə fasiləsiz və etirazsız olaraq Rəhim Piriyev, cavabdeh və onların azyaşlı övladı Əli yaşayıblar. 2016ci ildə onların faktiki ər-arvad münasibətləri pozulduqdan sonra Rəhim Piriyev mənzili 09 aprel 2017-ci il tarixli bağışlama müqaviləsinə əsasən bacısı Gülxar Orucovaya bağışlayıb və həmin müqaviləyə əsasən mənzil 12 aprel 2017-ci il tarixdə mülkiyyət hüququ üzrə sonuncunun adına qeydə alınıb. 76.Bundan sonra tərəflər arasında mənzillə bağlı çoxsaylı məhkəmə mübahisələri olub və son nəticədə mənzilin iddiaçının mülkiyyətində, cavabdehin isə mənzildə istifadə hüququnun olduğu müəyyən edilib. 77.İddiaçı, mənzildən istifadə hüququna xitam verilməsi ilə bağlı cavabdehlə aralarında hər hansı razılaşmanın olmadığını göstərib, onun bu hüququna bazar qiymətinə uyğun olaraq 20.000 manat kompensasiya ödənilməklə xitam verilməsini, habelə cavabdehin azyaşlı övladı ilə birlikdə həmin mənzildən çıxarılmasını və özünün həmin mənzilə köçürülməsini iddia edir. 78.Cavabdeh isə ona təklif olunan 20.000 manat kompensasiya məbləğinin iddiaçının hesabına ona davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə mübahisəli mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı vermədiyini, onun mənzildən istifadə hüququna xitam verilməsinə yalnız bazar qiymətinə uyğun 50.000 manat kompensasiya ödənildiyi halda razı olduğunu göstərib, iddiaya etiraz edir. 79.İşin faktiki hallarına qiymət verərək və qeyd olunan maddi hüquq normalarına əsaslanaraq kollegiya hesab edir ki, iddiaçı tərəfindən irəli sürülmüş kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi barədə tələbin qanuni əsasını Mülki Məcəllənin 228.2-ci maddəsi təşkil edir. Həmin maddənin tələblərinə görə yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Qanunun bu müddəası yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda həmin hüquqa mülkiyyətçinin könüllü iradəsi əsasında məhkəmə qaydasında tələbinə əsasən kompensasiya verilməklə xitam verilməsinin mümkünlüyünü birmənalı təsbit edir. Bununla belə, qeyd olunan maddənin dispozitiv şərtlərinə görə iddia irəli sürmüş şəxs (iddiaçı) yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi olmalı və iddia irəli sürülmüş şəxsin (cavabdehin) həmin yaşayış sahəsinə istifadə hüququ olmalıdır. Bu şərtlər mövcud olduqdan sonra isə təklif olunan kompensasiyanın məbləği araşdırılmalıdır. 80.Kollegiya qeyd edir ki, hazırki iş üzrə iddiaçı cavabdehə qarşı kompensasiya ödənilməklə onun mülkiyyətində olan mənzilə istifadə hüququna xitam verilməsi tələbinə dair iddia irəli sürməkdə haqlı olmuşdur. Belə ki, iddiaçı mübahisəli mənzilin mülkiyyətçisidir, cavabdehin isə həmin mənzilə istifadə hüquqları vardır. İddiaçı ilə cavabdeh arasında mübahisəli mənzildən istifadə hüququna xitam verilməsi haqqında razılaşma mövcud deyil. 81.Belə olan halda kollegiya qeyd edir ki, iddia tələblərinin təmin edilməsinin mümkünlüyü təklif edilən kompensasiyanın məbləğinin adekvatlığının müəyyən edilməsindən asılıdır. Nəzərə alınmalıdır ki, kompensasiyanın məbləği mülkiyyətçinin malik olduğu mənzilin dəyərinin tərkib hissəsi kimi deyil, müəyyən müddət, eyni şəraitdə davamlı yaşamaq üçün yetərlilik baxımından müəyyən edilməlidir. 82.Həmçinin istinad olunan norma mülkiyyətçinin hüquqularının qorunmasına yönəlməklə həm də istifadə hüququna malik şəxsin mənafeyini də nəzərə alır. Xitam zamanı kompensasiya təmin etmək, mübahisənin həllində ədalət prinsipini təmin edir. 83.Belə ki, R.Ağalarovun şikayəti üzrə Konstitusiya Məhkəməsinin Plenumu 26 sentyabr 2007-ci il tarixli qərarında Mülki Məcəllənin 228.2-ci maddəsi ilə bağlı olaraq mülkiyyət hüququnun yaşayış sahəsindən istifadə hüququndan fərqləndiyini qeyd etmiş eyni zamanda, hər iki hüququn müəyyən mənada mütənasib şəkildə tarazlaşdırılmaqla təmin edilməli olması nəticəsinə gəlmişdir. Həmin qərarda göstərilmişdir ki, eyni mənzildə ailə üzvləri (və ya onlara bərabər tutulan şəxslər) yaşadığı halda, onlardan birində (və yaxud bir neçəsində) mənzilə mülkiyyət hüququ (o cümlədən mənzildən istifadə hüququ) digərlərində isə yalnız mənzildən istifadə hüququnun mövcud olması mümkündür. Bu şəxslər arasında yaranan mübahisələrin həlli zamanı mülkiyyət hüququ və mənzildən istifadə hüququnun təbiəti, onların mütənasibliyi və həyata keçirilməsinə dair qüvvədə olan Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları nəzərə alınmalıdır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Mülki Məcəllənin 228.2-ci maddəsində təsbit olunmuş “bazar qiyməti ilə müvafiq kompensasiya” ifadəsi mənzilin dəyərinə münasibətdə deyil, davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı vermək üçün zəruri olan vəsait kimi başa düşülməlidir. 84.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2016-cı il tarixli qərarında qeyd etmişdir ki, kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi barədə iddianın predmetini iddiaçının mülkiyyət hüququ təşkil edir və iddiaçı, başqasının istifadə hüququ ilə yüklü olan evini yüklülükdən azad etməklə ev üzərindəki mülkiyyət hüququnu müdafiə etmək istəyir. Bu səbəbdən kompensasiyanın məbləğinin iddianın predmetinə aid edilməsini düzgün hesab etmək olmaz. Həmçinin, kompensasiya verməklə istifadə hüququna xitam verilməsi barədə iddia verərkən mülkiyyətçi maddi nemət əldə etməyə çalışmır. Odur ki, kompensasiya həmin iddianın obyekti sayıla bilməz və Mülki Prosessual Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan iddia tələbinin həcminin artırılması və ya azaldılması kompensasiyanın məbləği ilə əlaqədar deyildir. Eyni zamanda, Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən istifadə hüququna kompensasiya verməklə xitam verilməsi mülkiyyətçinin subyektiv hüququdur. Bu halda kompensasiya tələb kimi yox, yalnız təklif kimi çıxış edir. Mülki prosessual qanunvericilik iddianın predmetini dəqiq göstərməklə prosessual qənaət prinsipini qorumuş olur. Prosessual qənaət prinsipi məhkəmə prosesin uzadılmasının aradan qaldırılmasına, bir sıra prosessual institutların münasib hala gətirilməsinə, onların qanunvericiliklə daha dəqiq tənzimlənməsinə və tərəflərin tarazlaşdırılmış vəziyyətə gətirilməsinə yönəlmişdir. Mülki Məcəllənin 228.2-ci maddəsində göstərilən kompensasiya məbləğinin iddianın predmetinə aid edilməməsi həmh işlərə baxılarkən məhkəmə prosesinin əsassız uzadılmasının qarşısının alınmasına xidmət edəcəkdir. Kompensasiyanın məbləği iddianın predmetinə aid olmadığı üçün həmin məbləğin yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilməsi mümkündür. Lakin bu zaman məhkəmələr nəzərə almalıdırlar ki, kompensasiya məbləğinin bazar qiymətinə uyğun olması birinci instansiya məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyin tələləblərinə əsasən tədqiq olunmuş sübutlar əsasında müəyyən edilir. Bu baxımdan yuxarı instansiya məhkəmələri birinci instansiya məhkəməsinin müəyyən etdiyi kompensasiya məbləğini yalnız Mülki Prosessual Məcəllə ilə nəzərdə tutulan səlahiyyət hədləri çərçivəsində dəyişdirə bilərlər. 85.Nümayiş etdirilən bu hüquqi mövqeyə uyğun olaraq Konstitusiya Məhkəməsi Plenumu tərəfindən qərara alınmışdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən istifadə hüququna xitam verlməsi üçün kompensasiyanın məbləği iddianın predmetinə daxil deyildir. Birinci instansiya məhkəməsi belə işlərə baxarkən, iddia ərizəsində kompensasiya məbləğinin göstərilib-göstərilməməsindən asılı olmayaraq, kompensasiyanın məbləğini bazar qiymətinə uyğun olaraq müəyyən etməlidir. Bazar qiymətinə uyğun olaraq kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilməsi haqqında iddianı təmin edərkən məhkəmə, mülkiyyətçinin həmin məbləğin ödənilməsinə dair razılığını nəzərə almalıdır. 86.Həmin qərarın mənası belə bir nəticəyə gəlməyə əsas verir ki, məhkəmə təklif olunan kompensasiyanın məbləğindən asılı deyildir. Mübahisə yarandıqda məhkəmə özü kompensasiyanın məbləğini bazar qiymətinə uyğun müəyyən etməli və mülkiyyətçi həmin məbləğlə razılaşdıqda iddianı təmin etməlidir. Əks halda iddia təmin edilmədən saxlanılmalıdır. 87.Konstitusiya Məhkəməsinin göstərilən qərarından aydın olur ki, kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi mülkiyyətçinin birmənalı olaraq qanunla müəyyən edilən hüququdur. Yəni istifadə hüququnun yaranması səbəbindən (məhkəmə qərarı, müqavilə və s.) asılı olmayaraq, mülkiyyətçi kompensasiya verməklə onun xitamını tələb etmək hüququna malikdir və bu hüquq, qanunda heç bir şərtlə məhdudlaşdırılmayıb. 88.Təklif olunan kompensasiyanın məbləğinin yetərli olub-olmamasının qiymətləndirilməsi isə hər bir konkret işə xas xarakterik halların müəyyənləşdirilməsini və buna uyğun olaraq kompensasiya ödəniləcək şəxsin həmin məbləğlə konkret hansı müddət ərzində əvvəlki yaşayış şəraitinə uyğun olan mənzillə təmin edilə biləcəyinin dəqiqləşdirilməsini tələb edir. 89.Kassasiya instansiyası Məhkəməsi Qərarında qeyd etmişdir ki, Qiymətləndiricinin hesabatında sözügedən mənzilə qiymət vizual (latın sözü olub-gözlə görünən deməkdir) qoyulub. Digər tərəfdən, mübahisəli mənzilə 75.000-80.000 manat qiymət qoyulsa da və eyni ərazidə, eyni şəraitli mənzilin orta aylıq kirayə haqqı 200-300 manat müəyyən olunsa da, hesabatda bu barədə hər hansı təhlil aparılmayıb və qiymətləndirmə dəyərləri yoxdur. 90.Hazırda məhkəmə kolegiyası tərəfindən əldə edilmiş "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli, CVN/O05-108/24 nömrəli hesabatından görünür ki, ünvan 1 ünvanında yerləşən mənzilin 15 oktyabr 2024-cü il tarixə bazar dəyəri 97000 (doxsan yeddi min) manat müəyyən edilir. -Həmin Hesabata əsasən ünvan 1 ünvanının şəraitinə uyğun həmin ərazidə oxşar mənzilin aylıq kirayə haqqı bazara uyğun 15 oktyabr 2024-cü il tarixinə əşyalı olduqda 1 ayı 400 (dörd yüz) manat; əşyasız vəziyyətdə 1 ayı 350 (üç yüz əlli) manat təşkil edir. 91.Kollegiya hesab edir ki, "xxxx" MMC-nin rəyi kifayət qədər əsaslandırılmış, qiymətləndirmə X1 (BQS) və “Qiymətlindərmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, mənzilin yerləşdiyi ərazidə olan oxşar mənzillərə uyğun qaydada qəzet və internet məlumatlarına istinad olunmaqla, bazara uyğun şəkildə qiymətləndirmə həyata keçirilmişdir. 92.Buna görə də, kollegiya hesab edir ki, "xxxx" MMC-nin rəyi mötəbər sübut kimi qəbul olunmalıdır. 93.xx.xx.2024-cü il tarixdə iddiaçının nümayəndəsi və vəkili Vəkil1 elektron kabinet vasitəsi ilə ərizə təqdim edərək qeyd etmişdir ki, işin məhkəmələrdə uzanan mübahisələrinə yekun vurmaq naminə kompensasiya məbləğinə əlavə 2000 (iki min) manat da əlavə təklif edir, cəmi 22000 (iyirmi iki) min manat ödəməyə razıdır. 94.Kollegiya hesab edir ki, bu cür mübahisələrdə kompensasiyanın miqdarını müəyyən edərkən ilk növbədə yaşayış binasının tərkib hissəsindən istifadə hüququ sahibinin bu hüququna xitam verilməzdən əvvəl, həmin yaşayış sahəsində qaldığı şəraitə, yaşayış sahəsinin yerləşdiyi əraziyə diqqət yetirilməsi zəruridir. Belə ki, yaşayış binasının tərkib hissəsindən istifadə hüququ sahibinin, mülkiyyətçinin mənzilində qaldığı şərtlər daxilində özünə başqa bir yaşayış yerini təmin edə bilməsi üçün nə qədər bir məsrəfə qatlanmalı olduğu nəzərə alınmalıdır. 95.Kollegiya qeyd olunanlara əsasən hesab edir ki, iddiaçının iddia tələbi üzrə cavabdehə ödənilməli olan kompensasiya məbləğinin 22000 manat müəyyən edilməsi daha ədalətli və məqsədəmüvafiqdir. 96.Məhkəmə kollegiyası bu qənaətə gələrkən həmçinin nəzərə alır ki, mübahisəli mənzilin yerləşdiyi ərazidə oxşar mənzillərdə əşyalı vəziyyətə aylıq kirayə haqqı məbləğinin 400 manat olması nəzərə alındıqda, təklif olunan 22000 manat cavabdehə həmin ərazidə 5 ilə yaxın oxşar şəraitdə yaşamağa imkan verir. 97.Kollegiya hesab edir ki, təklif olunan 22000 manat kompensasiya məbləği mülkiyyətçinin hesabına istifadəçi olan cavabdehə davamlı sürətdə və 5 ilə yaxın müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı vermiş olur. Kollegiya həmçinin məhkəmə təcrübəsində kompensasiyanın üç illik müdət üçün verilməsi hallarını da nəzərə alır. 98.Cavabdeh tərəfin mübahisəli mənzilin bazar qiymətinə istinad etməsi isə mövcud mübahisənin həllində heç bir əhəmiyyət kəsb etmir. Başqa sözlə, yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi üçün ödəniləcək kompensasiyanın məbləği mübahisəli mənzilin bazar qiymətindən asılı deyildir. Məhkəmə bu qənaətə gələrkən Mülki Məcəllənin 228-ci maddəsini və həmin maddənin şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən qəbul edilmiş “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” 27 may 2008-ci il tarixli və “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə Məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair “26 sentyabr 2007-ci il tarixli qərarlardakı hüquqi mövqeləri rəhbər tutmuşdur. 99.Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İX hissəsinə görə Konstitusiya Məhkəməsinin qərarları Azərbaycan Respublikasının ərazisində məcburi qüvvəyə malikdir, eləcə də Mülki Prosessual Məcəllənin 13.7-ci maddəsində təsbit edilmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. 100.Qeyd edilənləri nəzərə alaraq kollegiya hesab edir ki, iddiaçı tərəfindən cavabdehə təklif olunan 22000 manat məbləğində kompensasiya cavabdehin mülkiyyətçinin mənzilində qaldığı şərait nəzərə alınmaqla, özünə davamlı surətdə ona uyğun başqa bir yaşayış yerini təmin edə bilməsi üçün kifayətedici hesab edilə bilər. 101.Kollegiya apellyatorun ona 50000 manat məbləğində kompensasiyanın verilməsi ilə bağlı dəlillərini yuxarıda qeyd olunanlara əsasən əsaslı hesab etmir. 102.Buna görə də kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi təklif olunan kompensasiyanın məbləği hissəsində dəyişdirilməli, kompensasiya məbləği 22000 (iyirmi iki) min manat müəyyən edilməli, kompensasiyanın ödənilməsi ilə Cavabdeh və övladı xx.xx.2014-cü il təvəllüdlü X5 həmin mənzildən istifadə hüquqlarına xitam verilməklə mənzildən çıxarılmaları eyni vaxtda icra edilməlidir. 103.Beləliklə məhkəmə kollegiyası qeyd olunanları ümumiləşdirərək hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 02 noyabr 2023-cü il tarixli, 2(002)-2668/2023 nömrəli qətnaməsi təklif olunan 20000 manat kompensasiya məbləği hissəsində dəyişdirilməli, İddiaçı tərəfindən ödənilən kompensasiya məbləği 22000 (iyirmi iki min) manat müəyyən edilməli, kompensasiyanın ödənilməsi ilə Cavabdeh və övladı xx.xx.2014-cü il təvəllüdlü X5 həmin mənzildən istifadə hüquqlarına xitam verilməklə mənzildən çıxarılmaları eyni vaxtda icra edilməlidir. 104.Həmçinin qiymətləndirmə hesabatının alınmasına görə ödənilməli olan 250 manat İddiaçı tutularaq "xxxx" MMC-nin hesabına köçürülməlidir. 105.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. 106.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 02 noyabr 2023-cü il tarixli, 2(002)-2668/2023 nömrəli qətnaməsi təklif olunan 20000 manat kompensasiya məbləği hissəsində dəyişdirilsin. İddiaçı tərəfindən ödənilən kompensasiya məbləği 22000 (iyirmi iki min) manat müəyyən edilsin. Kompensasiyanın ödənilməsi ilə Cavabdeh və övladı xx.xx.2014-cü il təvəllüdlü X5 həmin mənzildən istifadə hüquqlarına xitam verilməklə mənzildən çıxarılmaları eyni vaxtda icra edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qiymətləndirmə hesabatının alınmasına görə ödənilməli olan 250 (iki yüz əlli) manat İddiaçı tutularaq "xxxx" MMC-nin hesabına köçürülsün. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər.

Sədrlik edən Xəyal Sarıyev

Hakimlər Günay Axundova

Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar