Məhkəmə qərarları › İş №2(103)-3480/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3480/2022

11.05.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3480/2022 11.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi, Cavabdeh nümayəndəsi X2 iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-363/2022 saylı, 07 fevral 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçıya məxsus Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan (Qala) Südçülük Sovxozu ünvanda yerləşən fərdi yaşayış evinə (kod: **********02140) əsassız olaraq hesablanmış 2.817,40 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, o, Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan (Qala) Südçülük sovxozu ünvanda yerləşən fərdi yaşayış evində ailəsi ilə birlikdə yaşayır. Qaz hesabı iddiaçının atası X1 adınadır. Atası 14 sentyabr 2018-ci ildə vəfat etmişdir. 31 mart 2020-ci il tarixdə Cavabdeh əməkdaşları tərəfindən köhnə qaz sayğacı çıxarılaraq yenisi quraşdırılmışdır. İddiaçı yeni sayğacdan bir müddət istifadə etdikdən sonra ona 2.817,40 manat borc hesablandığını bilmişdir. O, yerli qaz idarəsinə müraciət etdikdə qaz sayğacına müdaxilə edildiyi və sayğacın çıxış plastmas borusu deşildiyi üçün ona 486 manat cərimə yazıldığı, atasının adına 7 ədəd təbii qazdan qeyri-qanuni istifadə haqqında akt tərtib edərək ümumi məbləğdə 1.555,20 manat cərimə hesablandığı məlum olmuşdur. Bundan sonra 2020-ci ilin may ayında əlavə olaraq heç bir əsas olmadan 776,20 manat borc hesablanmışdır. İddiaçının atasının adına əsassız aktlar tərtib edilmiş və ümumi 2.817,40 manat məbləğində borc hesablanmışdır. İddiaçı təbii qazdan qeyri-qanuni istifadə etməmişdir. Tərtib edilmiş aktlardan onun və ailə üzvlərinin xəbəri olmamışdır Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-363/2022 saylı, 07 fevral 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi və Cavabdehndən 48.17 (qırx səkkiz manat on yeddi qəpik) manat dövlət rüsumunun, eləcə də iş üzrə keçirilmiş ekspertiza xərci olan 102 (bir yüz iki) manatın alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməsi qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilərək iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayətində göstərir ki, əməkdaşları tərəfindən 05 iyul 2019-cu il tarixdə istehlakçının ailə üzvünün iştirakı ilə sayğac istismar müddəti bitməyi səbəbindən çıxarılan zamanı sayğacın mənfiyə işlədiyi, sayğacın mexaniki göstəricisində iddiaçının 3881 m3 qaz sərf etdiyi, lakin onun dəyərini ödəmədiyi müəyyən edilmişdir. Nəticədə iddiaçının 776,2 manat borcu yaranmış və saldosuna əlavə edilmişdir. Bu fakt “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” 05 iyul 2019-cu il tarixli ******* saylı aktla Cavabdeh İB və istehlakçının nümayəndələrinin imzaları ilə rəsmiləşdirilmişdir. Lakin məhkəmə yaranan borcu sayğacdan kənar qoşulma kimi qeyd etmiş, sayğacın mexaniki göstəricisinə uyğun olaraq hesablanan həmin borcun abonentin saldosuna əlavə edildiyini nəzərə almamışdır. Göstərilən ünvanda mövcud olmuş qeyri-qanuni qoşulma halları dəfələrlə, yəni 2019-2020-ci illərdə aşkar edilmiş, ******* saylı (295,20 manat), ******* saylı (295,20 manat), ******* saylı (295,20), ******* saylı (295,20), ******* saylı (142,20), ******* (32, 40 manat), ******* saylı (199,20) aktlarla rəsmiləşdirilmişdir. Apellyasiya məhkəməsinin nəzərinə çatdırır ki, həmin ünvanda ekspertiza 24 noyabr 2021-ci il tarixdə keçirilmişdir. Göstərilən ünvanda mövcud olmuş qeyri-qanuni qoşulma halları dəfələrlə, yəni 2019-2020-ci illərdə aşkar edilmiş, tərtib edilən aktlarla rəsmiləşdirilmişdir. Bununla bərabər, aktlara əlavə edilmiş fotoşəkillərdə məhz həmin ünvanda quraşdırılmış sayğaca küçə qaz xəttindən daxil olan, eyni zamanda sayğacdan çıxaraq fərdi yaşayış evinə daxil olmalı olan giriş-çıxış boruları sayğacdan tamamilə ayrılmış, küçə xəttinə sayğacdan tamamilə kənar şəkildə rezin boru vasitəsi ilə qoşulma etməklə təbii qazdan qeyri-qanuni istifadə etməsi faktı aydın şəkildə öz əksini tapmışdır. Məhkəmə iclasında Cavabdeh İB-nin nümayəndəsi X3 apellyasiya şikayətinin dəlillərini müdafiə edib onun məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etdi. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq İddiaçı oğlu məhkəmə iclasında iştirak etmir və səbəbi barədə məhkəməyə məlumat verməyib. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Birinci instansiya məhkəməsində icraat: Birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12.05.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 6.5-ci maddəsinə; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 119.1-ci maddələrinə istinad edərək qənaətini bununla əsaslandırmışdır ki, iddiaçıya məxsus evdə quraşdırılan sayğaca baxış keçirilən zaman təbii qazdan qeyri-qanuni istifadə edilməsi aşkar edilməsi əsası ilə aktlar tərtib edilmiş, itirilmiş qazın bərpası üçün hesabat aparılmış və hesablanmış 2.817,40 manat məbləğində borc iddiaçıdan tələb edilmişdir. Lakin məhkəmə iclasında iddiaçı tərəfindən qaz xəttinə qaz sayğacından kənar qeyri qanuni xətlə qoşulması halı öz təsdiqini tapmadı. Tətbiq edilməli hüquq. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 3. Öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. Maddə 18.1. Dövlət istehlakçıların mənafeylərinin müdafiəsinə təminat verir. Həmin maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfiyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. Maddə 26. İstehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. İstehlakçılar hüquqlarının pozulması barədə qaldırılan iddialara görə dövlət rüsumu verməkdən azad edilirlər. Nazirlər Kabinetinin 80 saylı, 12.05.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 6.5-ci maddəsinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Apellyasiya instansiya məhkəməsinin mövqeyi: Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də şikayətin məzmunundan görünür ki, şikayətin obyektini birinci instansiya məhkəməsinin qətnaməsinin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin edilmiş hissəsində ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissələrdə yoxlanılmalıdır. İddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dizpozisiya əlamətləri ilə uzlaşdığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. Əvvəla, iddia ərizəsinin məzmunundan bəlli olur ki, iddiaçı cavabdehdən 2817,40 manat ona əsassız hesablanmış borcun silinməsini tələb edir. Maddi zərər vurulması üçün iddiaçı cavabdehə qarşı təqsirli olaraq mülki hüquq pozuntusu törətməli və cavabdeh bundan zərər çəkməli, həmçinin təqsirli şəxsin hərəkəti yaxud hərəkətsizliyi ilə vurulan zərərin arasında səbəbli əlaqə olmalıdır. Belə ki, cavabdeh apellyasiya şikayətində 05 iyul 2019-cu il tarixdə istehlakçının ailə üzvünün iştirakı ilə sayğac istismar müddəti bitməyi səbəbindən çıxarılan zaman sayğacın mənfiyə işlədiyinin aşkar olunduğunu göstərsə də, buna dair məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. Başqa sözlə sayğacın mənfiyə işləməsinə və bunun nəticəsində cavabdehə hansı həcmdə ziyan dəyməsinə dair məhkəməyə heç bir mötəbər sübut təqdim olunmamışdır. Bundan əlavə, cavabdeh şikayətində 09 dekabr 2018-ci il tarixdə iddiaçının ünvanında sayğac dəyişdirilən zaman sayğaca baxış keçirilərək çıxış plastmas borusunun deşildiyi aşkar edilərək 28 dekabr 2018-ci il tarixli aktla rəsmiləşdirilərək dəymiş ziyana görə 486 manat borc hesablandığını göstərsə də bu halın həqiqiliyinə yaxud borunun həqiqətən iddiaçı tərəfindən deşilməsinə dair də məhkəməyə heç bir sübut təqdim olunmamışdır. Başqa sözlə iddiaçı törətmədiyi hüquq pozuntusuna görə mülki hüquqi məsuliyyətə cəlb edilə bilməz. Göstərilənlərdən əlavə, iddia ərizəsinə əlavə edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt və itirilmiş təbii qazın dəyərinin hesablanması barədə sənədlər iddia tələbini əsaslı edən sübutlar kimi qiymətləndirilə bilməz. Əvvəla, bu aktlar məhz iddiaçının saygaca müdaxilə etməsini yaxud sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə etməsini bilavasitə təsdiq etmir. Çünki, bu akt yalnız cavabdeh tərəfin maraqlı şəxsləri tərəfindən tərtib edilmişdir. İtirilmiş təbii qazın dəyəri hesablanarkən hər hansı bir normativ hüquqi akta, hansısa qaydalara da istinad edilməmişdir. Bu cür hesablama üsulu ilə nəinki iddiaçının, ümumiyyətlə hansısa şəxsin cavabdehə hansısa miqdarda maddi ziyan vurmasını müəyyən etmək mümkünsüzdür. Cavabdeh qeyd olunan dövrdə iddiaçının sayğac vasitəsilə hansısa həcmdə qaz istehlak etdiyinə dair də məhkəməyə sübut təqdim etməmişdir. Buna görə də iddiaçının qeyd olunan məbləğdə qaz istehlak etməsi də inandırıcı və ağlabatan görünmür. Dəymiş zərərin Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) kollegial idarəetmə orqanı olan Şuranın 14.03.2011-ci il tarixli, 11 №-li qərarı ilə təsdiqlənmiş “istehlakçılar tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması, hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması qaydaları”na əsasən müəyyən edilməsi isə mötəbər sayıla bilməz. Çünki, həmin sənədin normativ hüquqi akt kimi qeydə alınmasına dair də sübut təqdim edilməmişdir. Baxmayaraq ki, iddiaya etirazının əsası kimi istinad etdiyi bu halları sübut etmək yükü cavabdeh tərəfin üzərinə düşür. Şikayətində göstərdikləri isə sübuta yetirilmir. Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və hazırki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-363/2022 saylı, 07 fevral 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-363/2022 saylı, 07 fevral 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar