Məhkəmə qərarları › İş №2(103)-3480/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3480/2024

04.06.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3480/2024 04.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı borcun silinməsi tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (açar sözlər: borcun silinməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X2 (sədrlik edən və məruzəçi), X4 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Hacızadə Kəmalə Hafiz qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı borcun silinməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 04 mart 2024-cü il tarixli, 2(001)-989/2024 nömrəli qətnaməsindən cavabdeh "xxxx" ASC-nin apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. "xxxx" ASC tərəfindən verilmiş “Abunə haqqında” məlumatdan görünür ki, İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında (abonent kodu **********70044) iddiaçı tərəfindən mütamadi olaraq elektrik enerjisinə görə ödənişlər edilmiş və iddiaçıya 2024-cü ilin fevral ayının 1-i tarixinə olan borc ümumilikdə 386,86 manat borc hesablanmışdır.

2. 277686 nömrəli akta əsasən, EEİQ-na uyğun olaraq elektrik sayğaclarına baxış keçirən zaman məlum olmuşdur ki, elektrik sayğacından kənar xətt aşkar olunmuşdur, kənar xətt sayğaca gələn naqili qutunun içində zədələyib birbaşa qoşmuşdur. axan cərəyan tərəflərindən ölçülmüş, kənar xəttin ləğv olunması və sayğaca gələn naqilin yenisi ilə əvəz olunması tələb olunmuşdur.

3. 04 fevral 2022-ci il tarixli aktdan görünür ki, sayğaclara baxış zamanı müəyyən olunmuşdur ki, abonent sayğacı gələn giriş faza xəttini zədələyərək kənar xətt qoşmuşdur. Kənar xətdən axan yül tərəflərindən ampermaşa vasitəsilə ölçülmüşdür.

4. 04 fevral 2022-cü il tarixli və 14 oktyabr 2022-ci il icra vərəqələrinə əsasən qüsur kimi sayğacdan kənar xətt və abonent giriş xəttini zədələyərək kənar xətt istifadə edilməsi aşkar edilmişdir.

Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" İB tərəfindən əsassız olaraq yazılmış 597,51 manat borcun ləğv edilməsini və indiyədək tərəfindən ödədiyi vəsaitin geri qaytarması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddia onunla əsaslandırılmışdır ki, pandemiya dövründə elektrik enerjisinin ödənişlərin vaxtında etmədiyindən 250 manat borcu yaranmışdır. Onun razılığı olmadan "xxxx" ASC tərəfindən yeni nəsil elektrik tipli sayğac quraşdırmışdır. Ona "xxxx" ASC-nin mütəxəssis tərəfindən şifahi xəbərdarlıq edilərək sayğacın X8 Biləcəri ETSİ-dən təhvil ala biləcəyi bildirilmişdir. İddiaçı "xxxx" ASC Biləcəri ETSİ-yə müraciət etdikdə Smart Kart almağ üçün 80 manat ödəniş etdikdən sonra təhvil almışdır. Smart Kartı aldığı andan hər ödəniş etdikdə 50%-i "xxxx" ASC borca çıxaraq qalan hissəsini kart hesabına otuzdurulub. İddiaçı buna etirazı olmadığını və o, 190 manat artıq ödəniş etdiyindən "xxxx" ASC Biləcəri ETSİ-nə yaxınlaşaraq ödənişlərin çıxarışlarını istəmişdir. Çıxarışı əldə etdikdən sonra 190 manat cərmənin odənildiyini və cavabdeh tərəfindən iddiaçının xəbəri olmadan yeni cərimə tətbiq olunmasını, çıxarış aldıqdan sonra məlumatlı olmasını bildirir. İdarə işçisindən nə ilə əlaqədar cərimə oldunduğunu soruşduqda isə kənar xətt çəkildiyindən, cədvəl üzrə üç dəfə 126 manat, 65,45 manat və 406,51 manat cərimə tərtib olunduğu bildirilmişdir. İddiaçı qeyd edir ki, sayğac nə evin içində, nə də həyətdə olmadığından, yalnız küçə divarında yerləşdiyindən sayğaca müdaxilə edilə, plomblarını qıraraq onu zədələyə və sındıra da bilərlər.

7. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 04 mart 2024-cü il tarixli, 2(001)- 989/2024 nömrəli qətnaməsi ilə iddia qismən olunmuş, İddiaçı cavabdeh "xxxx" ASC tərəfindən əsassız hesablanmış 386,86 manat borc (cərimə) silinməsi, İddiaçı tərəfindən ödənilmiş 211,10 manat məbləğ "xxxx" ASC-dən tutularaq iddiaçıya qaytarılması qət edilmişdir.

8. Qətnamənin əsaslarına görə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair iddiası qismən təmin edilərək, cavabdeh tərəfindən elektrik enerjisi sərfinə görə əsassız olaraq hesablanmış 597,96 manat borcun (aktlar üzrə cərimələr 191,45+406,51=597,96) 386,86 manatı silinməli, 211,10 manat isə İddiaçı qaytarılmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir

9. Məhkəmə gəldiyi nəticəni “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli, 18 saylı qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydalarının” 1.1, 1.4, 6.3, 8.33, 7.6, 7.13-cü bəndlərinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

10. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilib, iddianın təmin olunan hissəsində rədd edilməsini xahiş etmişdir.

11. Şikayətin dəlillərinə görə, 04 fevral 2022-ci il tarixdə İddiaçı məxsus ünvan 2 ünvanında yerləşən yaşayış evinə (abunə kodu: **********70044) quraşdırılmış elektrik sayğacına baxış keçirmiş, baxış zamanı sayğaca gələn qiriş faza xəttini zədələyərək kənar fazanın qoşulmasımüəyyən edilmişdir. "xxxx" ASC-nin əməkdaşları(P.Yahyayev ,T.İbrahimli və T.Babalı) tərəfindən,abonentin (İddiaçı) iştiraki ilə 04 fevral 2022-ci il tarixli R 251261 saylımüvafiq akt tərtib olunmuşdur.Abonentin nümayəndəsi akta imza çəkməkdən imtina etdi. 14 oktyabr 2022-ci il tarixdə İddiaçı məxsus ünvan 3 ünvanında yerləşən yaşayış evinə (abunə kodu: **********70044) quraşdırılmış elektrik sayğacına baxış keçirmiş, baxış zamanı sayğaca qələn xəttini zədələyərək kənar xəttinin birbaşa qoşulmasımüəyyən edilmişdir. "xxxx" ASC-nin əməkdaşlar (C.Vəliyev,H.Əliyev və E.Namazov) tərəfindən abonentin iştiraki ilə 14 oktyabr 2022-ci il tarixli R 277686 saylımüvafiq akt tərtib olunmuşdur. Abonentin nümayəndəsi akta imza çəkməkdən imtina etdi. "xxxx" ASC-nin Akt komissiyasının Əhali istehlakçılar qrupuna aid olan abonentlərin uçot komplektlərinə dair Satış sahələri üzrə və Texniki sahələr üzrə tələblərə dair 08 fevral 2022-ci il tarixli qərarına əsasən 04 fevral 2022-ci il tarixli R 251261 saylı akt üzrə 595 kvts ” ASC-nin Akt komissiyasının Əhali istehlakçılar qrupuna aid olan abonentlərin uçot komplektlərinə dair Satış sahələri üzrə (2,52kvt*(0,22)*24saat*180qün) itirilmiş elektrik enerjisinin dəyəri 191,45 manat məbləğində müəyyən edilməklə abonentin (kod **********70044) abunə haqqında məlumatına daxil edilmiş və yaranmış borcun ödənilməsi üçün abonentin ünvanına müvafiq bildiriş göndərilmişdir. "xxxx" ASC-nin Akt komissiyasının Əhali istehlakçılar qrupuna aid olan abonentlərin uçot komplektlərinə dair Satış sahələri üzrə və Texniki sahələr üzrə tələblərə tələblərə dair qərarına əsasən 14 oktyabr 2022-ci il tarixli R 277686 saylı saylı akt üzrə 3.127 kvts (1,034kvt*(0,7)*24saat*180qün) itirilmiş elektrik enerjisinin dəyəri 406,51 manat məbləğində müəyyən edilməklə abonentin (kod **********70044) abunə haqqında məlumatına daxil edilmiş və yaranmış borcun ödənilməsi üçün abonentin ünvanına müvafiq bildiriş göndərilmişdir. Hesab edir ki, qeyd edilən aktlar qanunvericiliyin tələblərinə uyğun olaraq tərtib edilmiş və aktlara əsasən hesablanmış itirilmiş elektrik enerjisinin dəyəri iddiaçı tərəfindən ödənilməlidir. АR Mülki Prosessual Мəcəlləsinin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.1-ci və 217.3cü maddələrinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Lakin, məhkəmə AR MPM-nin qeyd edilən maddələrinin tələblərini pozaraq, iş üzrə toplanmış sübutlara obyektiv və qərəzsiz qiymət verilməsini təmin etməmiş, qətnaməni işin həqiqi hallarına və tərəflərin qarşılıqlımünasibətinə uyğun əsaslandırmamışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

13. Cavabdehin nümayəndəsi X3 apellyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etmişdir.

14. İddiaçı apellyasiya şikayətinin dəlilləri ilə razı olmadığını bildirərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq

15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli, 18 saylı qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”: Maddə 1.1 maddəsinə əsasən abonent (əsas istehlakçı) - elektrik qurğuları enerji təchizatı müəssisəsinin şəbəkələrinə qoşulmuş və elektrik enerjisinin alqı-satqı müqaviləsini enerji təchizatı müəssisəsi ilə bağlayan istehlakçı; subabonent - elektrik qurğuları abonentinin (əsas istehlakçı) elektrik şəbəkələrinə qoşulmuş istehlakçı; məişət abonenti (əhali) isə, yaşayış binalarının mənzillərində, yataqxanalarda, xüsusi yaşayış evlərində, həmçinin bağlarda, şəxsi qarajlarda məişət məqsədləri üçün elektrik enerjisindən istifadə edən istehlakçıdır. Maddə 1.4-cü maddəsinə əsasən abonentin (əsas istehlakçının) şəbəkəsinə qoşulmuş istehlakçılar (subabonentlər), elektrik enerjisinin alqı-satqı müqaviləsini onunla bağlayırlar. Abonent ilə enerji təchizatı müəssisəsi arasında bağlanılmış elektrik enerjisinin alqı-satqı müqaviləsində və bu müqaviləyə əlavədə onun şəbəkəsinə qoşulmuş subabonentlər haqqında məlumatlar, o cümlədən idarənin adı, elektrik enerjisi istehlakı, hesablaşma elektrik sayğacları, tarif və digər məlumatlar göstərilir. Maddə 6.3-cü maddəsinə əsasən Dövlət enerji nəzarətinin həyata keçirilməsi dövlət elektroenergetika müəssisəsini, enerjitəchizatı müəssisələrini, müstəqil enerji istehsalçılarını, istehlakçıları onların və ya tabeliklərindəki struktur bölmələrinin sərəncamında olan elektrik qurğularının texniki vəziyyətinə və istismarına görə nəzarətdən azad etmir və onlar “Elektrik qurğularının quraşdırılması qaydaları”na, “Elektrik qurğularının texniki istismar qaydaları”na, “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası qaydaları”na, bu Qaydalara və digər normativ sənədlərə əməl olunmasına görə cavabdehlik daşıyırlar. Maddə 7.6-cı maddəsinə əsasən enerji təchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri - cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerji təchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. Maddə 7.13-cü maddəsinin üçüncü abzasında göstərilir ki, məişət abonentləri ilə elektrik enerjisinə görə hesablaşmalar quraşdırıldığı yerdən asılı olmayaraq, hesablaşma elektrik sayğacının göstərişinə və bu istehlakçı qrupu üçün müəyyən edilmiş tarifə əsasən aparılır. Məişət abonentləri ilə hesablaşmalarda elektrik enerjisi itkiləri (texnoloji sərfiyyat) nəzərə alınmır və ona görə ödəniş tutulmur. Maddə 8.33. Məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur.

16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

17. İşdən müəyyən olunur ki, cavabdeh iddiaçının təqsirini sübuta yetirmədən elektrik enerjisi sərfiyyatına görə ona ziyan hesablamışdır.

18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.4-cü bəndinə əsasən enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır. Başqa sözlə, elektrik enerjisi üçün tələb olunan borcun real, həqiqətən sərf olunmuş enerjiyə görə hesablanmış borc olduğu sübuta yetirilməlidir. Bu halda sübutetmə yükü enerji təchizatçısının, yəni borcu hesablamış təşkilat olan "xxxx" ASC-nin üzərinə düşür. Məhz cavabdeh, hesablanmış borcun həqiqətən sərf olunmuş enerjiyə görə hesablanmış borc olduğunu sübuta yetirilməlidir.

19. Kollegiya hesab edir ki, iddiaçıya hesablanmış borc baxımından cavabdeh bunu sübut edə bilməmişdir, əksinə, işdəki sənədlər sözügedən borcun həqiqətən yaranmasını ciddi şübhə altına alır. Bu baxımdan birinci instansiya məhkəməsinin gəldiyi qənaəti məhkəmə əsaslı hesab edir.

20. Lakin birinci instansiya məhkəməsi 597,96 manat məbləğində borcun əsassız hesablandığı qənaətinə gəlsə də, 386,86 manat borcun silinməsi, ödənilmiş 211,10 manatın isə cavabdehdən tutularaq iddiaçıya qaytarılmasını qət etmişdir. Borcun silinmədiyi təqdirdə artıq ödənilmiş vəsaitini iddiaçıya qaytarılması mümkünsüzdür və qətnamənin icra prosesində də çətinliklər yaradacaqdır.

21. Bununla əlaqədar məhkəmə kollegiyası onu qeyd edir ki, iddia tələbində göstərilən borcun silinmədən abonentə qaytarılması mümükün olmadığından əsassız olaraq hesablanmış 597,51 manat borc silinməli və məhz bundan sonra İddiaçı tərəfindən ödənilmiş 211,10 manat məbləğ "xxxx" ASC-dən tutularaq iddiaçıya qaytarılmalıdır.

22. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 04 mart 2024-cü il tarixli, 2(001)- 989/2024 nömrəli qətnaməsindən cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 04 mart 2024-cü il tarixli, 2(001)- 989/2024 nömrəli qətnaməsi qismən – İddiaçı tərəfindən ödənilmiş 211,1 manat məbləğində pul vəsaitinin "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq ona qaytarılması hissəsində ləğv edilsin və həmin hissədə iş üzrə yeni qətnamə çıxarılsın. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı hesablanmış 211,1 manat məbləğində borc silinərək həmin məbləğ İddiaçı qaytarılsın. Qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar