Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3483/2023 01.08.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “pul tələbi barədə” iddiasına dair Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər oğlunun katibliyi ilə, hazırki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 09 mart 2023-cü il tarixli qətnamədən İddiaçı verdiyi apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia tələbi barədə məlumat
1. İddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət etmiş iddiaçı, ona məxsus bir baş iribuynuzlu inəyin dəyəri olan 2.800 məbləğində pul vəsaitinin sığorta ödənişini üzrə cavabdeh ASC-dən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh ASC tərəfindən sığortalanmış sürücüsü X1 özünə məxsus “Mercedes-Benz E 220 CDİ” markalı, **-RS-*** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2020-ci il tarixdə, saat 21:00 radələrində Bərdə şəhərində, Nazırlı kəndi istiqamətinə idarə edərkən, yol-nəqliyyat hadisəsi törətmiş, onun idarə etdiyi avtomobil iddiaçıya məxsus inəyi vurmuşdur. Nəticədə inək tələf olmuşdur. İddiaçı bildirir ki, ona məxsus həmin inək 7 aylıq boğaz olmuş, qiyməti isə 2.800 manat idi. Yol-nəqliyyat hadisəsi ilə bağlı Bərdə Rayon Polis Şöbəsində araşdırma aparılmış, aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, sürücü Məhəmməd Hüseynov Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 338.5.5-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirlidir. Eyni zamanda, qeyd edilən yol-nəqliyyat hadisəsi ilə əlaqədar cavabdeh ASC tərəfindən də müvafiq araşdırma aparılmış və bundan sonra ASC-də xx.xx.2022-ci il tarixli, xx/xx-2201 saylı məktubla iddiaçıya müraciət edərək bildirmişdir ki, ASC tərəfindən sığortalanmış Məhəmməd Hüseynovun iddiaçıya vurduğu zərərin əvəzinin ödənilməsi məqsədi ilə ASC iddiaçıya 600 manat məbləğində sığorta ödənişi etməyə hazırdır. İddiaçı həmin təklif ilə razılaşmamışdır. Çünki ona 2.800 manat məbləğində ziyan dəymişdir. b) iddia tələbinə qarşı cavabdehin etirazı barədə məlumat
3. Cavabdeh ASC-nin iddia tələbinə qarşı verdiyi etirazda göstərilmişdir ki, ASC tərəfindən sığortalınmış Məhəmməd Hüseynovun törətdiyi yol-nəqliyyat hadisəsi zamanı iddiaçıya məxsus inək tələf olsa və bununla da iddiaçıya maddi zərər dəysə də, iddiaçının ASC tərəfindən ona ödənilməsini tələb etdiyi məbləğ real məbləğ deyil. Bundan başqa nəzərə alınmalıdır ki, iddiaçının özü də ona məxsus inəyi nəzarətsiz saxlamaqla inzibati xəta törətmişdir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası qanununun 58.3-2ci maddəsinə görə isə, fiziki şəxsin həyatına və ya sağlamlığına zərər vurulduğu hallar istisna olmaqla, sığorta hadisəsinin baş verməsində sığorta olunanla yanaşı, üçüncü şəxsin də təqsiri müəyyənləşdirilərsə, vurulmuş zərərə görə sığorta ödənişi üçüncü şəxsin təqsirinin dərəcəsinə mütənasib məbləğdə azalır. Göstərilənləri nəzərə alan ASC hesab edir ki, onun tərəfindən iddiaçıya cəmi 600 manat məbləğində sığorta ödənişi verilməlidir. c) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat
4. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, cavabdeh ASC-dən iddiaçının xeyrinə 1.200 manat məbləğində pulun tutulmasını, iddianın qalan hissəsinin təmin edilməməsini qət etmişdir.
5. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh ASC tərəfindən sığortalınmış Məhəmməd Hüseynovun törətdiyi yol-nəqliyyat hadisəsi zamanı iddiaçıya məxsus inəyin tələf olması və bununla da iddiaçıya maddi zərərin dəyməsi işin mübahisəsiz halıdır. Yuxarıda qeyd edilən yol-nəqliyyat hadisəsini törətmiş Məhəmməd Hüseynovun hazırki iş üzrə iddiaçı İsrail Hüseynova qarşı irəli sürdüyü “avtomobilə dəymiş zərərin əvəzinin ödənilməsi tələbi barədə” ilk iddiasına və İsrail Hüseynov tərəfindən Məhəmməd Hüseynova qarşı irəli sürülmüş “vurulmuş maddi zərərin əvəzinin ödənilməsi tələbi barədə” qarşılıqlı iddiasına dair Bərdə Rayon Məhkəməsinin icraatında olmuş 2(021)-421/2021 saylı mülki iş üzrə qəbul etdiyi xx.xx.2021-ci il tarixli qətnamədən görünür ki, həmin qətnamə ilə hər iki iddianın qismən təmin edilməsi, İsrail Hüseynovdan 3.255 manat məbləğində pulun tutularaq Məhəmməd Hüseynova, Məhəmməd Hüseynovdan isə 1.200 manat məbləğində pulun tutularaq İsrail Hüseynova verilməsi, hər iki iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən İsrail Hüseynovun verdiyi apellyasiya şikayətinə əsasən işə baxmış Gəncə Apellyasiya Məhkəməsi apellyasiya şikayətinin qismən təmin edilməsini və hər iki iddianın rədd edilməsini qət etmişdir. Bərdə Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, məhkəmənin sorğusuna cavabdeh olaraq Bərdə Şəhər İctimai İaşə Birliyi tərəfindən verilmiş rəydə qeyd edilmişdir ki, iddiaçıya məxsus olmuş inəyin orta bazar qiyməti 1.200 manat olmuşdur. Hazırki iş üzrə iddiaçı ona məxsus inəyin qiymətinin 2.800 manat olmasını bildirsə də, buna dair hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Buna görə də, iddia qismən təmin edilməli və cavabdeh ASC-dən iddiaçının xeyrinə 1.200 manat məbləğində pul tutulmalıdır. d) apellyasiya şikayəti barədə məlumat
6. İddiaçı həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın tam həcmdə təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. Belə ki, Bərdə Şəhər "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli, 51 saylı arayışından görünür ki, MMC-nin mal-qara satışı bazarında çəkisi 400 kq. olan 1 baş diri boğaz inəyin satış qiyməti 2.600 – 2.800 manatdır. Lakin işə baxmış Rayon Məhkəməsi bunu nəzərə almamışdır. e) apellyasiya baxışı iclasında iş üzrə tərəflərin iştirakı və iclasda iştirak etmiş şəxslərin izahatları barədə məlumat
8. İş üzrə tərəflər işə apellyasiya qaydasında baxılmanın vaxtı və yeri haqqında lazımı qayada xəbərdar edilmələrinə baxmayaraq məhkəmənin iclaslarında iştirak etməmişlər. İddiaçı teleqramla Məhkəməyə müraciət edərək işə onun iştirakı olmadan baxılmasını xahiş etsə də, iş üzrə cavabdeh apellyasiya baxışı iclasında iştirak etməməsinin səbəbi barədə Məhkəməyə məlumat verməmişdir. Göstərilənləri nəzərə almış Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. f) hazırki iş üzrə apellyasiya baxışının hədləri barədə məlumat
9. Məhkəmə, hazırki iş üzrə apellyasiya baxışının hədləri ilə bağlı qeyd edir ki, Rayon Məhkəməsinin qətnaməsi ilə iddia tələbinin bir qismi təmin edilsə də, iş üzrə cavabdeh olan ASC qətnamədən apellyasiya şikayəti verməmişdir.
10. Bundan başqa Məhkəmə qeyd edir ki, cavabdeh ASC qətnamədən apellyasiya şikayəti vermədiyindən qəbul edilməlidir ki, ASC, etiraf edir ki onun tərəfindən sığortalınmış şəxsin törətdiyi yol-nəqliyyat hadisəsi zamanı iddiaçıya dəymiş zərər ödənilməldir və həmin zərərin ödənilməsi məqsədi ilə o, iddiaçıya sığorta ödənişi verməlidir.
11. Qətnamədən apellyasiya şikayətini iddiaçı vermişdir. İddiaçı, qətnamədən verdiyi apellyasiya şikayətində qətnamənin tam ləğv edilib, iddianın təmin edilməsi barədə iş üzrə yeni qətnamənin qəbul edilməsini xahiş etsə də apellyasiya şikayətinin məzmunundan görünür ki, iddianın bir qisminin təmin edilməsi barədə Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticəni mübahisələndirmir. O, iddia tələbinin bir qisminin təmin edilməməsi barədə Rayon Məhkəməsinin mövqeyi ilə razılaşmır.
12. Göstərilənləri nəzərə alan Məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
13. Məhkəmə, mübahisə predmetinin bölünməz olmadığını nəzərə alaraq qətnamənin mübahisələndirilməyən hissəsinin əsaslılığını yoxlamamışdır. g) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi
14. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
15. Belə ki, işin hallarından müəyyən edilir və tərəflər arasında mübahisə doğurmur ki, cavabdeh ASC tərəfindən sığortalanmış şəxsin xx.xx.2020-ci il tarixdə törətdiyi yolnəqliyyat hadisəsi zamanı iddiaçıya məxsus inək tələf olmuş, bununla da sığorta hadisəsi baş vermişdir.
16. Cavabdeh ASC-nin Rayon Məhkəməsinə təqdim etdiyi “iddiaya qarşı etirazdan” və iddiaçıya ünvanlandığı xx.xx.2022-ci il tarixli, xx/xx-2201 saylı məktubdan görünür ki, ASC, etiraf edir ki onun tərəfindən sığortalınmış şəxsin törətdiyi yol-nəqliyyat hadisəsi zamanı iddiaçıya dəymiş zərər ödənilməldir və həmin zərərin ödənilməsi məqsədi ilə o, iddiaçıya sığorta ödənişi verməlidir. Cavabdeh ASC-nin Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamədən apellyasiya şikayəti verməməsindən bəlli olur ki, ASC, Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə, yəni ondan iddiaçının xeyrinə 1.200 manatın tutulması ilə razılaşmışdır.
17. İddiaçı isə hesab edir ki, həmin ödəniş 1.200 manat deyil, 2.600 manat məbləğində olmalıdır. İddiaçı bu mövqeyini Bərdə Şəhər "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli, 51 saylı arayışı ilə əsaslandırır. Yuxarıda artıq qeyd edildiyi kimi, həmin arayışda qeyd edilir ki, MMC-nin mal-qara satışı bazarında çəkisi 400 kq. olan 1 baş diri boğaz inəyin satış qiyməti 2.600 – 2.800 manatdır.
18. Göstərilənləri nəzərə alan Məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinin tələblərinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
19. “İcbari sığortalar haqqında” Qanunun 6.2, 6.6, 7, 15.1, 15.3.1, 52.1 və 53.4-cü maddələrinə görə, mülki məsuliyyətin icbari sığortası müqaviləsində göstərilmiş əmlakı qanuni əsaslarla istismar edən istənilən şəxs, həmçinin sığortalı özü həmin əmlakı istismar etdiyi anda, sığorta olunan hesab edilir. Fərdi qəza sığortası üzrə sağlamlığına zərər dəymiş sığorta olunan, mülki məsuliyyətin sığortası üzrə isə əmlakına və (və ya) sağlamlığına zərər dəymiş üçüncü şəxs zərərçəkən hesab edilir. Sığortalı və (və ya) sığorta olunanın ailə üzvləri istisna olmaqla, bu Qanuna görə mülki məsuliyyətin icbari sığortası üzrə sığorta müqaviləsinin tərəfi olmayan, sığorta olunanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində zərər çəkən, eyni zamanda sığorta ödənişi almaq hüququna malik olan fiziki şəxslər – fiziki şəxs öldüyü halda, onun ailə üzvləri – və ya hüquqi şəxslər, yaxud onların hüquq varisləri üçüncü şəxs sayılırlar. İcbari sığorta növlərində əmlaka dəyən zərər həmin əmlakın zədələnməsi, məhv olması və ya hər hansı digər formada itkisi ilə bağlı onun əmlak mənafelərinə dəyən zərərlərdir. Əmlaka dəyən zərərin məbləği zərər dəymiş əmlakın təmiri və ya bərpası üçün birbaşa çəkilən xərclər, yaxud həmin əmlak məhv olmuş hesab edildikdə, onun sığorta hadisəsinin baş verməsindən bilavasitə əvvəlki dəyərindən ibarətdir.
20. MPM-nin 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
21. Bərdə Rayon Məhkəməsinin 2(021)-421/2021 saylı mülki iş üzrə qəbul etdiyi xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, yuxarıda qeyd edilən yol-nəqliyyat hadisəsini törətmiş Məhəmməd Hüseynovun hazırki iş üzrə iddiaçı İsrail Hüseynova qarşı irəli sürdüyü “avtomobilə dəymiş zərərin əvəzinin ödənilməsi tələbi barədə” ilk iddiası, İsrail Hüseynov tərəfindən Məhəmməd Hüseynova qarşı irəli sürülmüş “vurulmuş maddi zərərin əvəzinin ödənilməsi tələbi barədə” qarşılıqlı iddiası həmin məhkəmənin baxışı predmeti olmuşdur. Bərdə Rayon Məhkəməsi həmin qətnamə ilə hər iki iddianın qismən təmin edilməsini, İsrail Hüseynovdan 3.255 manat məbləğində pulun tutularaq Məhəmməd Hüseynova, Məhəmməd Hüseynovdan isə 1.200 manat məbləğində pulun tutularaq İsrail Hüseynova verilməsini, hər iki iddianın qalan hissədə təmin edilməməsini qət etmişdir.
22. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli qətnaməsindən (İş № 2(104)-1305/2022) görünür ki, Bərdə Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsindən İsrail Hüseynovun verdiyi apellyasiya şikayətinə əsasən işə baxmış Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyası apellyasiya şikayətinin qismən təmin edilməsini və hər iki iddianın rədd edilməsini qət etmişdir. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyası iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, həm Məhəmməd Hüseynov, həm də İsrail Hüseynov baş vermiş yolnəqliyyat hadisəsinin törədilməsinə təqsirli olduqları üçün hər iki iddia rədd edilməlidir.
23. Bərdə Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, məhkəmənin sorğusuna cavabdeh olaraq Bərdə Şəhər İctimai İaşə Birliyi tərəfindən verilmiş rəydə qeyd edilmişdir ki, iddiaçıya məxsus olmuş inəyin orta bazar qiyməti 1.200 manat olmuşdur.
24. İddiaçı ona məxsus inəyin qiymətinin 2.800 manat olmasını bildirsə də, buna dair hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir.
25. İddiaçının istinad etdiyi və Bərdə Şəhər "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli, 51 saylı arayışında göstərilənlərə gəldikdə isə, Məhkəmə bildirir ki, həmin arayış hazırki iddianın əsaslı olmasını təsdiq etmir. Çünki iddiaçı ona məxsus inəyin 400 kq. çəkidə və boğaz olmasını təsdiq edə biləcək sübutları nəinki birinci instansiya məhkəməsinə, hətta apellyasiya instansiya məhkəməsinə təqdim etməmişdir.
26. Sübuta söykənməyən tələb və apellyasiya şikayəti isə əsaslı hesab edilə bilməz.
27. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin iş üzrə gəldiyi və hazırki apellyasiya baxışının predmetini təşkil edən nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Apellyasiya baxışının predmeti olan hissədə qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
28. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
29. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
30. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir.
31. Məhkəmə həmçinin qeyd edir ki, hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Çünki MPM-nin 402-ci maddəsinin mənasına görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə kassasiya şikayəti verilə bilməz.
32. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan və MPM-nin 384, 392, 393, 402-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə
QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 09 mart 2023-cü il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Hakimlər