Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3487/2022 17.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ İş № 2(103)-3487/2022 (Açar sözlər:”tikilinin qanunsuz sayılan hissəsinin sökülməsi və ara məsafəsinin saxlanılması”) Bakı şəhəri 17 oktyabr 2022-ci il Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Rafael Əmir oğlu Eyvazov və Fuad Fikrət oğlu Babayevdən ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil1, Cavabdeh vəkili və nümayəndəsi Vəkil2 iştirakları ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-365/2022 saylı 06 yanvar 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 17 oktyabr 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsində yerləşən 5041a saylı bağ evi üzərində xüsusi mülkiyyət hüququ xx.xx.2021-ci il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır.
2. Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsində yerləşən 5041a saylı bağ evinə dair xx.xx.2021-ci il tarixdə tərtib edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin texniki pasportuna əsasən, həmin bağ evi 1 mərtəbədən, 3 yaşayış otağından ibarət olub, ümumi sahəsi 64,74 m2 -dir.
3. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan məlum olur ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsində yerləşən 5042a saylı bağ evi üzərində xüsusi mülkiyyət hüququ (evin yerləşdiyi torpaq sahəsi dövlətin mülkiyyətində olmaqla) xx.xx.2020-ci il tarixdə Cavabdeh adına qeydiyyata alınmışdır.
4. Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsində yerləşən 5042a saylı bağ evinə dair xx.xx.2019 və xx.xx.2020-ci il tarixlərdə tərtib edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin texniki pasportlarına əsasən, həmin bağ evinin texniki göstəriciləri mərtəbə sayı 1, yaşayış otağının sayı 3, ümumi sahə 238,9 m2 -dir.
5. İş üzrə keçirilmiş Məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2021-ci il tarixli 10/5268 saylı ekspert rəyi ilə müəyyən edilmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsində yerləşən 5042a saylı bağ evinin 5041a saylı bağ sahəsi ilə arasında olan sərhəd xəttinin üzərində inşa edildiyini nəzərə alaraq, 5042a saylı bağ evi ilə 5041a saylı bağ sahəsi arasında ara məsafəsi saxlanılmamışdır. Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsində yerləşən 5042a saylı bağ evinin faktiki vəziyyəti həmin bağ sahəsinə dair tərtib olunmuş texniki pasportun göstəricilərinə uyğun deyil, bağ evində daxili və xarici konstruktiv dəyişikliklərin edildiyini, aparılmış konstruktiv dəyişikliklərə dair müvafiq icra hakimiyyəti orqanlarından hər hansı bir icazə sənədlərinin olmadığını nəzərə alaraq, 5042a saylı bağ evində aparılmış tikinti işləri ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli, 160 saylı qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırılma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişiklik edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydaları”nın 3-cü və 4-cü bəndlərinin tələbləri pozulmuşdur. 5041a və 5042a saylı bağ sahələri arasında olan sərhəd hasarı həmin bağ sahələrinə dair tərtib olunmuş texniki pasportlarda qeyd olunan yerdə inşa olunmuşdur. Lakin hasarın hündürlüyünün 2.2 metrdən çox olmasını nəzərə alaraq, həmin hasar Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 73-cü maddəsinin tələblərinə uyğun deyil. Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsində yerləşən 5042a saylı bağ evinin iddiaçıya tərəf olan hissəsində xarici divarın hündürlüyünün 8,8 metr olduğunu və həmin tikilinin məlumatlandırma icraatı tətbiq edilməli olan tikililərə aid olduğunu nəzərə alaraq, Şəhərsalma və Tikinti Məcəlləsinin 69.5.2-1-ci bəndinin tələbinə əsasən 5042a saylı bağ sahəsində mövcud olan tikili ilə torpaq sahəsinin sərhəddinə qədər ara məsafəsi 2.64 metr olmalıdır. 5041a və 5042a saylı bağ sahələrinin faktiki vəziyyətdə en ölçülərinin və torpaq sahələrində yerləşən bağ evlərinin yerləşmə vəziyyətinin həmin bağ sahələrinə dair tərtib olunmuş texniki pasportda qeyd olunan göstəricilər ilə uyğun olduğunu nəzərə alaraq, 5042a saylı bağ evində aparılan tikinti işləri zamanı iddiaçıya məxsus torpaq sahəsinin hüdudlarını aşmamışdır.
6. Bakı Apellyasiya Məhkəməsinin 06 iyun 2022-ci il tarixli, 2(103)-3487/2022 saylı qərardadı ilə mülki iş üzrə məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsi qərara alınmışdır.
7. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14 sentyabr 2022-ci il tarixli, 10/3976 saylı məhkəmə tikinti-texniki ekspertizasının rəyindən görünür ki, qərardadın birinci sualı üzrə 5042 a saylı bağ sahəsində yerləşən tikilinin nə zaman inşa edilməsinin müəyyən olunmasına dair metodika olmadığına görə qərardadın bu sualını cavablandırmaq mümkün olmamışdır. Qərardadın ikinci sualı üzrə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə nəzarət Dövlət Agentliyinin mütəxəssis rəyinə əsasən, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsində yerləşən 5042 a saylı bağ sahəsində inşa edilmiş tikilinin məhkəmə qətnaməsi ilə sökülməsi qət edilməli olan 2.64 m hissəsinin evin əsas yükdaşıyan konstruksiyalarından olduğu müəyyən olunmuşdur. Qərardadın üçüncü sualı üzrə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə nəzarət Dövlət Agentliyinin mütəxəssis rəyinə əsasən, yaşayış evinin 2.64 metrlik hissəsinin söküləcəyi halda evin 1-ci və 2-ci mərtəbələrinin bir hissəsinin və dam konstruksiyasının tamamilə qəzalı vəziyyətə düşə biləcəyi müəyyən olunmuşdur. Həmçinin qeyd olunur ki, yaşayış evinin qəzalı vəziyyətə düşməməsi üçün 4.6 metrlik aşırımı sökülə bilər ki, buda müvafiq qaydada hazırlanmış və aidiyyatı orqanlar ilə razılaşdırılmış gücləndirmə və yenidən qurma layihəsi əsasında aparılmalıdır.
İş üzrə qəbuledilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı Cavabdeh qarşı “tikilinin qanunsuz sayılan hissəsinin sökülməsi və ara məsafəsinin saxlanılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin qanunsuz tikilisinin sökülməsi, onun bağı ilə cavadehin bağı arasında ara məsafəsinin qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsində yerləşən 5042a saylı bağın iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsində yerləşən 5041a saylı bağ sahəsinə tərəf olan hissədə sökülməsi, həmin bağın torpaq sərhəddi ilə cavabdehə məxsus 5042a saylı bağ sahəsində tikilmiş tikili arasında ara məsafəsi qoyulması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul çıxarılmasını məhkəmədən xahiş etmişdir.
10. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 5041a saylı bağ evi onun xüsusi mülkiyyətindədir. Həmin bağ sahəsini aldığı zaman üç tərəfdən hasara alınmış, bir tərəfdən isə qonşunun kiçik bir tikilisi onun bağı ilə Cavabdeh bağını ayırmışdır. 2020-ci ildə cavabdeh həmin tikilini sökərək, üstündə ikimərtəbəli ev tikmişdir. Evin altı pəncərəsi birbaşa olaraq onun həyətinə açılır. Cavabdehin evi ilə onun bağı arasında heç bir hasar qoyulmamış, ümumiyyətlə hasar üçün qonşu yer qoyulmamış, ara məsafəsi saxlanılmamışdır. Eyni zamanda, cavabdeh tikilini onun xüsusi mülkiyyətində olan torpağı zəbt etməklə tikmişdir. Bundan başqa, cavabdehin çıxarışına əsasən, tikdiyi evin altında yerləşən torpaq sahəsi dövlət mülkiyyətidir. Cavabdeh tikinti qaydalarını pozmaqla tikinti işləri aparmışdır. Cavabdehin bağ sahəsi ilə onun bağ sahəsi arasında hasarın tikilməsi üçün heç bir ara məsafəsi saxlanılmamışdır. Dəfələrlə onun tərəfindən həm Cavabdeh, həm də Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyətinə müraciətlər olunsa da, müraciətlərinə heç bir cavab verilməmişdir.
11. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.
12. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir.
13. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 06 yanvar 2022-ci il tarixli, 2(008)- 365/2022 saylı qətnaməsi ilə iddia tələbi təmin edilərək, Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsində yerləşən 5042a saylı bağ evinin İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsində yerləşən 5041a saylı bağ evinin yerləşdiyi torpaq sahəsinin sərhəd xəttinə qədər inşa edilmiş 2,64 metr hissəsinin sökülməsi, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsində yerləşən 5041a saylı bağ evinin yerləşdiyi torpaq sahəsinin sərhəddi ilə Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsində yerləşən 5042a saylı bağ evi arasında 2,64 metr ara məsafəsinin saxlanılması barədə Cavabdeh üzərinə öhdəliyin qoyulması, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olaraq 50 (əlli) manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) hesabına keçirilməsi qət edilmişdir.
14. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı mövqeyini belə əsaslandırmışdır ki, iddia tələbinin əsası araşdırılarkən, həmçinin ekspert rəyinə əsasən müəyyən olunmuşdur ki, iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsində yerləşən 5041a saylı bağ evinin yerləşdiyi torpaq sahəsi, cavabdehin mülkiyyətində olan həmin ərazidə yerləşən 5042a saylı bağ evinin yerləşdiyi torpaq sahəsinə bitişik yerləşməklə qonşudurlar. Cavabdehə məxsus bağ evinin texniki göstəriciləri ilə iş materiallarında olan həmin bağ evinə dair tərtib olunmuş texniki pasportda qeyd olunan ölçülər arasında uyğunsuzluq mövcuddur və iş materiallarından görünür ki, cavabdehin bağ evində daxili və konstruktiv dəyişikliklərə dair hər hansı icazə sənədi yoxdur. Belə ki, texniki pasportda qeyd olunan tikilinin zirzəmi və bir mərtəbədən ibarət olduğu göstərilsə də, faktiki vəziyyətdə zirzəmi və iki mərtəbədən ibarətdir. Texniki pasportda öz əksini tapmayan 2-ci mərtəbədə yerləşən dörd ədəd pəncərə iddiaçının bağ sahəsi istiqamətindədir. Baxmayaraq ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli, 160 saylı qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırılma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişiklik edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydaları”nın tələbinə görə, müvafiq icra hakimiyyəti orqanından bununla bağlı icazə alınmalı idi.
15. Məhkəmə vurğulamışdır ki, ekspert tərəfindən mübahisə predmeti olan 5042a saylı bağ evi ilə 5041a saylı bağ sahəsi arasında ara məsafəsinin saxlanılmadığı müəyyən edilmişdir. Halbuki, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 69.5.2-1-ci maddəsinin tələbinə əsasən, cavabdehə məxsus tikili ilə yerləşdiyi torpaq sahəsinin sərhəddinə qədər ara məsafəsi 2.64 metr olmalıdır.
16. Həmçinin həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş hallar istisna olmaqla, hasarların hündürlüyü 2 metr 20 santimetrdən çox olmamalıdır.
17. Hazırkı iş üzrə isə mübahisə predmeti olan tikililər arasındakı sərhəd hasar texniki pasportlarda göstərildiyi yerdə inşa edilməsinə baxmayaraq, hündürlüyünün 2.2 metrdən çox olduğu ekspert tərəfindən müəyyən edilmiş, bununla da Şəhərsalma və Tikinti Məcəlləsinin tələbləri pozulmuşdur.
18. Bununla belə, ekspert tərəfindən o da müəyyən tədqiq edilmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsində yerləşən 5042a saylı bağ evi iddiaçıya məxsus torpaq sahəsinin hüdudlarına keçməmişdir.
19. Məhkəmə qeyd etmişdir ki, iş üzrə alınmış ekspert rəyi elmi metodlara tam uyğun və prosessual qaydalara riayət olunmaqla tərtib edilmişdir və işin məhkəmə araşdırması zamanı müəyyən olunmuş halları ilə üst-üstə düşür.
20. Beləliklə, məhkəmə hesab etmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsində yerləşən 5042a saylı bağ evi Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli, 160 saylı qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırılma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişiklik edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydaları”nın tələblərinə uyğun olmadığından, iddiaçının qanunla təminat verilmiş mülkiyyət hüququ pozulmuşdur. Ona görə də, İddiaçı Cavabdeh qarşı “tikilinin qanunsuz sayılan hissəsinin sökülməsi və ara məsafəsinin saxlanılması” tələbinə dair iddiası əsaslıdır və təmin edilməlidir.
21. Məhkəmə öz mövqeyini, Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü və 60-cı maddələrinin 1-ci hissəsinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 152.2, 152.3, 152.4, 152.5, 157.4, 180.4-cü maddələrinə, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 69.5.2-1, 73.1-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
22. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-365/2022 saylı iş üzrə xx.xx.2022-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
a) Apellyasiya şikayətinin dəlilləri
23. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə işə baxarkən bir sıra maddi və prosessual hüquq normalarını pozmuşdur, bir sıra maddi hüquq normalarını düzgün tətbiq etməmişdir.Hazırki mübahisənin həllinə dair qanunvericilikdə birbaşa müddəalar olduğu halda, işə baxan məhkəmə müvafiq Məcəllələrə deyil, məsələn Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli, 160 saylı qərarı xx.xx.2000-ci il tarixli 160 saylı Qərarına istinad etmişdir. Cavabdeh tərəfindən inşaat işləri məlumatlandırma icraatı çərşivəsində aparıldığı halda, tikilinin qanunsuz olduğu qənaətinə gəlmişdir. Həmin tikili torpaq sahəsinin öncəki mülkiyyətçisi tərəfindən inşa edilmiş, daha sonra torpaq sahəsinin bir hissəsi cavabdehə satılmış, cavabdeh yenidənqurma və bərpa işləri görmüşdür. Bundan sonra torpağ sahəsinin qalan hissəsi 1 il sonra iddiaçıya satılmış, iddiaçı həmin sahəni alarkən həmin tikilinin orada olmasını görmüş, əqdi bəyənərək alqı-satqı etmişdir.Yəni cavabdeh tərəfindən iddiaçının hüquqlarını pozacaq hər hansı hərəkət edilməmişdir. İddiaçı iddia ərizəsində bildirir ki, cavabdeh 2020-ci ildə söküntü-tikinti işləri aparmaqla onun hüquqlarını pozmuşdur. Halbuki, iddiaçının mülkiyyət hüquqları xx.xx.2021-ci il tarixdə qeydə alınmışdır. Yəni, iddiaçı həmin bağ sahəsini alanda mübahisəli tikinti artıq mövcud idi. İddiaçı torpaq sahəsini alanda həmin tikilini görüb, bəyənib, razılığını ifadə edib. Lakin iddia ərizəsində və qətnamədə bu barədə hər hansı qeyd edilməmişdir. İddiaçı və məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən tikinti işləri lazımi icazələr alınmadan aparılıb, halbuki, cavabdeh məlumatlandırma icraatı çərçivəsində tikinti işlərini görmüşdür. İcazənin alınması qanunla nəzərdə tutulmamışdır. İddiaçı və məhkəmə hesab etmişdir ki, cavabdeh tərəfindən hasar çəkilməmişdir və gələcəkdə belə hasarın çəkilməsi üçün ara məsafəsi saxlanılmamışdır.Halbuki, mübahisəli tikili həmin hasar rolunu oynamışdır və həm cavabdeh həmdə iddiaçı həmin torpaq sahəsini alanda həmin tikili mövcud idi və qonşu bağ sahələrinin sərhəddi kimi çıxış edirdi. Cavabdeh tərəfindən tikiliyə qoyulmuş pəncərələr insolyasiya məqsədi ilə qoyulmuşdur və tikinti normalarına uyğundur. İddiaçı tərəfindən məhkəməyə iddia verilənə qədər hər hansı etiraz daxil olmamışdır. Belə ki, cavabdeh mülkiyyət hüququna zərər vurulmadan istənilən danışıqlara razı idi. Alqı-satqı müqaviləsi və mülkiyyət hüquqları barədə Çıxarışdan sübut olunur ki, iddiaçı hüquqları əldə etdikdə mübahisəli tikili artıq mövcud idi. Fotolardan müəyyən olunur ki, ekspert rəyi qərəzlidir, torpaq sahələri arasında hasar mövcuddur, hasarın olmadığı hissədə isə hasar rolunu mübahisəli tikili oynayır. Həmin tikili inşa edilərkən torpaq sahəsi iki yerə bölünməmişdir və nə iddiaçı nə də cavabdehin mülkiyyətində olmamışdır. Tikilinin 2,64 m hissəsinin sökülməsi tikilinin ümumiyyətlə sökülməsi deməkdir, çünki həmin hissə konstruktiv daşıyıcı xüsusiyyətə malik divardan ibarətdir, mülkiyyətində olan qanuni tikilinin sökülməsini qətt edəcək əsasları yoxdur. Tikilinin hissəvi sökülməsi bütün tikilinin sökülməsi deməkdir. Məhkəmə çəkişmə prinsipini pozmuş və cavabdeh tərəfin məhkəmə iclasında iştirakını təmin etməmiş, Cavabdeh dəlilləri və iddiaya qarşı etirazı ilə tanış olmamışdır. Məhkəmə formal mülahizələrə əsaslanaraq qətnamə qəbul etmişdir. Qətnamə qəbul edilərkən tətbiq edilməli normalara istinad edilməmiş, əksinə işin mahiyyətinə aid olmayan normalar sadalanmışdır. Belə təəssürat yaranır ki, Mülki Məcəllənin 171, 172, 173-cü, Şəhərsalma və Tikinti Məcəlləsinin 80-ci maddələrindən məlumatı yoxdur. İddiaçı məhkəməyə qeyri-dəqiq məlumat vermiş, məhkəmə yoxlanılmamış məlumat əsasında qətnamə qəbul etmişdir. İddiaçı iddia ərizəsində hadisələrin 2020-ci ildə cərəyan etdiyini bildirir, halbuki həmin torpağı 2021-ci ilin may ayında əldə etmişdir. Onun mülkiyyət hüquqları qeydə alınarkən mübahisəli tikili artıq mövcud idi. Mübahisəli tikilinin yenilənməsi (təmir-bərpası, üst mərtəbəsinin artırılması) üçün əlavə icazınin alınması tələb edilmir, bütün işlər qanuna uyğun şəkildə məlumatlandırma icraatı ilə aparılmışdır. İddiaçının bu iddianı irəli sürməkdə subyektiv hüququ yoxdur. Əgər tikili qanunsuzdursa, torpağın mülkiyyətçisi dövlət olduğu üçün belə iddianı da dövlət qaldırmalıdır. İddiaçının insolyasiya və hava axımının kəsilməsi ilə bağlı iddiaları sübut olunmamışdır, ekspert rəyində bu barədə hər hansı qeyd olunmamışdır.
b)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
24. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə etiraz daxil olmamışdır.
c) Prosses iştirakçılarının izahatları
25. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh vəkili və nümayəndəsi Vəkil2 apellyasiya şikayətinin dəlillərinə istinad edərək, apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
26. Məhkəmə kollegiyasının iclasında İddiaçı vəkili və nümayəndəsi Vəkil1 iddia ərizəsinin dəlillərinə istinad edərək, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvəsində saxlanılmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsi:
27. 80-ci maddəsinə əsasən mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən (binanın hündürlüyü “ 0” səviyyəsindən, yəni birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək (çardaqaltı döşəmənin alt hissəsi) və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanması tələb olunur.
28. 80.2-ci maddəsinə əsasən barəsində məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektlərinin tikintisinə icazənin alınması tələb olunmur.
Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
29. 171.1-ci maddəsinə əsasən torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz.
30. 172.3-cü maddəsinə əsasən əgər torpaq sahəsinin mülkiyyətçisi tikinti zamanı qonşu sahənin sərhədlərini qərəzsiz pozarsa, həmin sahənin mülkiyyətçisi, pozuntu aşkar edilməzdən qabaq və ya aşkar edilən kimi pozucuya etiraz bildirildiyi hallardan başqa, həmin pozuntuya dözməlidir. Sərhədi pozmuş qonşu pul kompensasiyası ödəməli və bundan sonra onu hər il ödəməlidir.
31. 173.1-ci maddəsinə əsasən başqa daşınmaz əmlaka keçən çıxıntıları olan binalar və digər qurğular yerləşdikləri daşınmaz əmlakın tərkib hissəsi kimi qalırlar, bu şərtlə ki, həmin əmlakın mülkiyyətçisi onlara əşya hüququna malik olsun. Qonşu ya üst tikiliyə qarşı etirazını bildirə bilər, ya da bununla barışaraq ağlabatan əvəz ödənilməsini tələb edə bilər.
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi
32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
34. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
35. Maddə 217.3. Qətnamə iş üzrə+ müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
36. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
37. Maddə 384.0.2. Apelyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
38. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
39. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
40. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
Apellyasiya baxışının hədləri
41. Apellyasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
42. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırır. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
43. Məhkəmə kollegiyası mübahisənin həlli ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi qənaətlə razılaşmayaraq qeyd edir ki, apellyasiya şikayəti təmin olunmalı və birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməlidir.
44. Məhkəmə kollegiyası işin müəyyən edilən hallarını tətbiq edilən normalar baxımından qiymətləndirərək hesab edir ki, iddia tələbi əsassızdır.
45. Belə ki, iddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 5041a saylı bağ evi onun xüsusi mülkiyyətindədir. Həmin bağ sahəsini aldığı zaman üç tərəfdən hasara alınmış, bir tərəfdən isə qonşunun kiçik bir tikilisi onun bağı ilə Cavabdeh bağını ayırmışdır. 2020-ci ildə cavabdeh həmin tikilini sökərək, üstündə ikimərtəbəli ev tikmişdir. Evin altı pəncərəsi birbaşa olaraq onun həyətinə açılır. Cavabdehin evi ilə onun bağı arasında heç bir hasar qoyulmamış, ümumiyyətlə hasar üçün qonşu yer qoyulmamış, ara məsafəsi saxlanılmamışdır. Eyni zamanda, cavabdeh tikilini onun xüsusi mülkiyyətində olan torpağı zəbt etməklə tikmişdir. Bundan başqa, cavabdehin çıxarışına əsasən, tikdiyi evin altında yerləşən torpaq sahəsi dövlət mülkiyyətidir. Cavabdeh tikinti qaydalarını pozmaqla tikinti işləri aparmışdır. Cavabdehin bağ sahəsi ilə onun bağ sahəsi arasında hasarın tikilməsi üçün heç bir ara məsafəsi saxlanılmamışdır. Dəfələrlə onun tərəfindən həm Cavabdeh, həm də Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyətinə müraciətlər olunsa da, müraciətlərinə heç bir cavab verilməmişdir.
46. Cavabdeh isə iddianı qəbul etməyərək bildirir ki, həmin tikili torpaq sahəsinin öncəki mülkiyyətçisi tərəfindən inşa edilmiş, daha sonra torpaq sahəsinin bir hissəsi cavabdehə satılmış, cavabdeh yenidənqurma və bərpa işləri görmüşdür. Bundan sonra torpağ sahəsinin qalan hissəsi 1 il sonra iddiaçıya satılmış, iddiaçı həmin sahəni alarkən həmin tikilinin orada olmasını görmüş, əqdi bəyənərək alqı-satqı etmişdir. Yəni cavabdeh tərəfindən iddiaçının hüquqlarını pozacaq hər hansı hərəkət edilməmişdir. İddiaçı iddia ərizəsində bildirir ki, cavabdeh 2020-ci ildə söküntü-tikinti işləri aparmaqla onun hüquqlarını pozmuşdur. Halbuki, iddiaçının mülkiyyət hüquqları xx.xx.2021-ci il tarixdə qeydə alınmışdır. Yəni, iddiaçı həmin bağ sahəsini alanda mübahisəli tikinti artıq mövcud idi.Cavabdeh məlumatlandırma icraatı çərçivəsində tikinti işlərini görmüşdür. İcazənin alınması qanunla nəzərdə tutulmamışdır.Mübahisəli tikili həmin hasar rolunu oynamışdır və həm cavabdeh, həm də iddiaçı həmin torpaq sahəsini alanda həmin tikili mövcud idi və qonşu bağ sahələrinin sərhəddi kimi çıxış edirdi. Cavabdeh tərəfindən tikiliyə qoyulmuş pəncərələr insolyasiya məqsədi ilə qoyulmuşdur və tikinti normalarına uyğundur. İddiaçı tərəfindən məhkəməyə iddia verilənə qədər hər hansı etiraz daxil olmamışdır. Belə ki, cavabdeh mülkiyyət hüququna zərər vurulmadan istənilən danışıqlara razı idi. Alqı-satqı müqaviləsi və mülkiyyət hüquqları barədə Çıxarışdan sübut olunur ki, iddiaçı hüquqları əldə etdikdə mübahisəli tikili artıq mövcud idi.Fotolardan müəyyən olunur ki, ekspert rəyi qərəzlidir, torpaq sahələri arasında hasar mövcuddur, hasarın olmadığı hissədə isə hasar rolunu mübahisəli tikili oynayır. Həmin tikili inşa edilərkən torpaq sahəsi iki yerə bölünməmişdir və nə iddiaçı nə də cavabdehin mülkiyyətində olmamışdır. Tikilinin 2,64 m hissəsinin sökülməsi tikilinin ümumiyyətlə sökülməsi deməkdir, çünki həmin hissə konstruktiv daşıyıcı xüsusiyyətə malik divardan ibarətdir, mülkiyyətində olan qanuni tikilinin sökülməsini qət edəcək əsasları yoxdur.Tikilinin hissəvi sökülməsi bütün tikilinin sökülməsi deməkdir.
47. Apellyasiya şikayətinin dəlilləri baxımından Bakı Apellyasiya Məhkəməsinin 06 iyun 2022-ci il tarixli, 2(103)-3487/2022 saylı qərardadı ilə mülki iş üzrə məhkəmə tikintitexniki ekspertizasının keçirilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14 sentyabr 2022-ci il tarixli, 10/3976 saylı məhkəmə tikinti-texniki ekspertizasının rəyindən görünür ki, qərardadın birinci sualı üzrə 5042 a saylı bağ sahəsində yerləşən tikilinin nə zaman inşa edilməsinin müəyyən olunmasına dair metodika olmadığına görə qərardadın bu sualını cavablandırmaq mümkün olmamışdır. Qərardadın ikinci sualı üzrə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə nəzarət Dövlət Agentliyinin mütəxəssis rəyinə əsasən, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi yerləşən 5042 a saylı bağ sahəsində inşa edilmiş tikilinin məhkəmə qətnaməsi ilə sökülməsi qət edilməli olan 2.64 m hissəsinin evin əsas yükdaşıyan konstruksiyalarından olduğu müəyyən olunmuşdur. Qərardadın üçüncü sualı üzrə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə nəzarət Dövlət Agentliyinin mütəxəssis rəyinə əsasən, yaşayış evinin 2.64 metrlik hissəsinin söküləcəyi halda evin 1-ci və 2-ci mərtəbələrinin bir hissəsinin və dam konstruksiyasının tamamilə qəzalı vəziyyətə düşə biləcəyi müəyyən olunmuşdur. Həmçinin qeyd olunmuşdur ki, yaşayış evinin qəzalı vəziyyətə düşməməsi üçün 4.6 metrlik aşırımı sökülə bilər ki, buda müvafiq qaydada hazırlanmış və aidiyyatı orqanlar ilə razılaşdırılmış gücləndirmə və yenidən qurma layihəsi əsasında aparılmalıdır.
48. Məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçı iddia ərizəsində bildirir ki, cavabdeh 2020ci ildə söküntü-tikinti işləri aparmaqla onun hüquqlarını pozmuşdur.Halbuki, iddiaçının mülkiyyət hüquqları xx.xx.2021-ci il tarixdə qeydə alınmışdır. Yəni, iddiaçı həmin bağ sahəsinə mülkiyyət hüququ əldə edəndə mübahisəli tikinti artıq mövcud idi.
49. Daha sonra iddiaçı hesab etmişdir ki, cavabdeh tərəfindən hasar çəkilməmişdir və gələcəkdə belə hasarın çəkilməsi üçün ara məsafəsi saxlanılmamışdır.
50. Halbuki, mübahisəli tikili həmin hasar rolunu oynamışdır və həm cavabdeh, həm də iddiaçı həmin torpaq sahəsini alanda mübahisəli tikili mövcud idi və qonşu bağ sahələrinin sərhəddi kimi çıxış edirdi.Həmin tikili inşa edilərkən torpaq sahəsi iki yerə bölünməmişdir və nə iddiaçı nə də cavabdehin mülkiyyətində olmamışdır.
51. Həmçinin, iddiaçı tərəfindən mübahisəli tikiliyə dair (həmçinin pəncərələrin açılması ilə bağlı) məhkəməyə iddia verilənə qədər hər hansı etiraz edilməsinə dair iş materiallarında sübutlar aşkar olmamışdır.
52. Nəhayət, Məhkəmə Kollegiyası qeyd edir ki, cavabdehə məxsus tikilinin 2,64 m hissəsinin sökülməsi tikilinin ümumiyyətlə sökülməsi deməkdir, çünki həmin hissə konstruktiv daşıyıcı xüsusiyyətə malik divardan ibarətdir.
53. Məhkəmə Kollegiyasının cavabdehin mülkiyyətində olan qanuni tikilinin sökülməsi qənaətinə gəlməsi üçün isə əsasları yoxdur.Belə ki, tikilinin hissəvi sökülməsi bütün tikilinin sökülməsi deməkdir.
54. Başqa daşınmaz əmlaka keçən çıxıntıları olan binalar və digər qurğular yerləşdikləri daşınmaz əmlakın tərkib hissəsi kimi qalırlar, bu şərtlə ki, həmin əmlakın mülkiyyətçisi onlara əşya hüququna malik olsun. Qonşu ya üst tikiliyə qarşı etirazını bildirə bilər, ya da bununla barışaraq ağlabatan əvəz ödənilməsini tələb edə bilər.(Mülki məcəllənin 173.1-ci maddəsi.)
55. Daha sonra Kollegiya qeyd edir ki, tikili qanunsuzdursa, torpağın mülkiyyətçisi dövlət olduğu üçün müvafiq dövlət orqanlarının Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun olaraq tikilinin sökülməsinə dair iddia qaldırmaq hüququ vardır. 56.Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı, iddia tələbi rədd olunmalıdır.
57. Həmçinin, məhkəmə Kollegiyası hesab edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən apellyasiya baxışı zamanı keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının xərci olaraq 50 (əlli) manat məbləğində pul İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə (X2, kod: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZO136010000**********; SWİFT BİK: CTREAZ22) VÖEN:**********; Hesab AZ34CTRE******************** ödənilməlidir. 58.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qət etdi:
Apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 06 yanvar 2022-ci il tarixli, 2(008)- 365/2022 saylı qətnaməsi ləğv olunsun. İddia tələbi rədd olunsun. Apellyasiya baxışı zamanı keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının xərci olaraq 50 (əlli) manat məbləğində pul İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə (X2, kod: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZO136010000**********; SWİFT BİK: CTREAZ22) VÖEN:**********; Hesab AZ34CTRE********************ödənilsin. Birinci instansiya məhkəməsində iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olaraq 50 (əlli) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) hesabına keçirilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.