Məhkəmə qərarları › İş №2(103)-3487/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3487/2025

02.06.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3487/2025 02.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Səlimova Səadət Rəşid qızından və X1 ibarət tərkibdə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 17 mart 2025-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh "xxxx" Mənzil-Tikinti Koorperativinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vərəsə olmağını nəzərə alaraq, mərhum atası X2 ilə Cavabdeh MTK arasında bağlanılmış xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən əldə edilən, yəni – Bakı şəhəri, Yeni Günəşli qəsəbəsi, “A-B” massivində inşa edilmiş yaşayış binasının 12-ci mərtəbəsində ümumlikdə 71.2 kv.m. ibarət olan 1 otaqlı 122 saylı, eləcə də həmin binanın 1-ci mərtəbəsində ümumlikdə 117 kv.m-dən ibarət olan 3 otaqlı 10 saylı mənzillərin ona təhvil verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması, həmçinin tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-264/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatında olan 1(101)-56-2025 nömrəli cinayət işi üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatında olan e-2(005)-264/2025 nömrəli mülki iş üzrə icraat dayandırılmışdır. Həmin qərardaddan iddiaçı tərəfindən verilmiş şikayət məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə təmin edilməmiş və baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, atası Əzimov Abbas 2022-ci ilin dekabrında vəfat etmişdir. Onun ölümü ilə əlaqədar vərəsəlik işi açılmış və bütün vərəsələr (iddiaçı daxil) müvafiq notariat ofisinə müraciət edərək qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almışdır. Lakin hazırki iş üzrə olan mübahisə predmeti olan 3 və 1 otaqlı mənzillər üzrə çıxarış olmadığından onlar şəhadətnamədə qeyd olunmamış və onlara dair çıxarış da alınmamışdır. Məhz buna görə iddia bu formada verilmişdir. Çünki, həmin əmlaklar üzrə müvafiq alqı-satqı müqaviləsi imzalanmış, lakin onlar nə miras qoyana, nə də ki, iddiaçıya təhvil verilməmişdir. , Bakı Ağır Cinayətlər Məhkəməsindən daxil olan cavab məktbundan bəlli olur ki, 3 otaqlı mənzillə bağlı hər iki şəxs, yəni Abbas Əzimov və Sevinc Pənahova zərərçəkmiş şəxs qismində tanınmışdırlar. 1 otaqlı mənzilə isə hər hansı bir zərərçəkmiş şəxs müəyyən olunmadığı bildirilir. Lakin buna baxmayaraq işə baxan məhkəmə mövcud olan cinayət işi üzrə yekun məhkəmə aktı qəbul olunmadığına qədər hazırki məhkəmə işi üzrə icraatının dayandırılması qənaətinə gəlmişdir. Bundan əlavə olaraq qeyd edilir ki, 3 otaqlı mənzillə bağlı Sevinc Pənahova və Abbas Əzimov (hüquqi varisi) zərərçəkmiş şəxs qismində ümumiyyətlə Bakı Ağır Cinayətlər Məhkəməsində iştirak etmir. Bu da onu bir daha göstərir ki, adıçəkilən məhkəmədə aparılan cinayət işi üzrə çıxarılacaq məhkəmə aktının hər hansı bir preyudisiya əhəmiyyəti də yoxdur. Həmçinin məhkəmə tərəfindən Sevinc Pənahova bu iş üzrə 3-cü şəxs qismində işə cəlb olunmasına və keçirilmiş iclas haqqında məlumatlandırılmasına baxmayaraq iştirak etmir və ümumiyyətlə işlə maraqlanmır. Ona görə də hesab edilir ki, bu qərardad qəbul olunması üçün hüquqi əsas yoxdur və o, ləğv olunmalıdır. Məhkəmə kollegiyası sədrlik edənin məruzəsini dinləyərək, şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət təmin edilməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 17 mart 2025-ci il tarixli qərardadı ləğv edilməli, iş üzrə icraatın dayandırılması barədə məsələyə yenidən baxılması üçün mülki iş birinci instansiya məhkəməsinə göndərilməlidir. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) əsasən Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət, inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa iş üzrə icraatı dayandırmalıdır (maddə 254.1.4). Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(101)-56/2025 saylı məktubundan görünür ki, Bakı şəhəri, Yeni Günəşli qəsəbəsi, “A-B” massivində inşa edilmiş yaşayış binasının 1-ci mərtəbəsində ümumlikdə 117 kv.m. ibarət olan 3 otaqlı 10 saylı mənzillə bağlı Bakı Ağır Cinayətlər Məhkəməsində 1(101)-56/2025 saylı cinayət işinə baxılır, həmin iş üzrə Sevinc Pənahova və Abbas Əzimov zərərçəkmiş şəxs qismində tanınmışlar. Həmin ünvanda 1 otaqlı 122 saylı mənzilə dair zərərçəkmiş şəxs qismində tanınmış hər hansı şəxs müəyyən edilmir. Kollegiya 1 otaqlı 122 saylı mənzilə dair epizod üzrə cinayət işində zərərçəkmiş şəxsin müəyyən edilmədiyini nəzərə alaraq belə qənaətə gəlir ki, qərardad ləğv edilməli, iş icraatın dayandırılması barədə məsələyə yenidən baxılması üçün birinci instansiya məhkəməsinə geri qaytarılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, işə obyektiv baxılması və süründürməçiliyə yol verilməməsi məqsədilə birinci instansiya məhkəməsi MPM-in 169-cu maddəsini rəhbər tutaraq iddiaçının 3 otaqlı və 1 otaqlı mənzillərlə bağlı tələblərinə ayrıca baxılmasının məqsədəmüvafiq olub-olmadığını müzakirə etməli və nəticəsindən asılı olaraq qərar qəbul etməlidir. MPM-in 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququna malikdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 398.0.2, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı şikayəti təmin olunsun. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 17 mart 2025-ci il tarixli qərardadı ləğv edilsin və icraatın dayandırılması barədə məsələyə yenidən baxılması üçün mülki iş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar