Məhkəmə qərarları › İş №2(103)-349/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-349/2022

29.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-349/2022 29.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 ASC, "xxxx" MMC-yə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi) “hərracın nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 15.04.2021-ci il tarixli, 2(005)-898/2021 saylı qətnaməsindən İddiaçı tərəfindən və iddiaçı Cavabdeh1 ASC-nin cavabdeh İddiaçı qarşı “mənzilə istifadə hüququna xitam verilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 17.05.2021-ci il tarixli, 2(006)- 2137/2021 saylı qətnaməsindən cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 ASC, "xxxx" MMC-yə qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxs Əmlak məsələləri Dövlət Xidməti yanında Daçınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi cəlb edilməklə hərracın nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 08.04.2019-cu il tarixli, 2(004)-103/2019 saylı qətnaməsinə əsasən Bakı şəhəri, Nəsimi rayonu, Hüseyn Seyidzadə küçəsi, ev 2A ünvanında yerləşən 29 nömrəli mənzil açıq hərracdan satılması ilə bağlı 26 fevral 2020-ci il tarixdə və 11 mart 2020-ci il tarixdə keçirilən hərracın və həmin hərracın nəticələri olan “hərracın yekunları barədə” 19 mart 2020-ci il tarixli, 49/1 saylı protokolun və “hərracın yekunları üzrə əmlakın alğı-satqısı barədə 19 mart 2020-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi və onun hüquqi nəticələrinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 08.04.2019-cu il tarixli, 2(004)-103/2019 saylı qətnaməsinə əsasən X3 291.000 ABŞ dolları məbləğində pulun Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin xeyirinə tutulması, tutmanın iddiaçıya məxsus olan və ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Nəsimi rayonu, Hüseyn Seyidzadə küçəsi, ev 2A ünvanında yerləşən 29 nömrəli mənzilə yönəldilməsi qərara alınmışdır. Həmin qətnamə icra olunması üçün Nəsimi rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. Sonradan icra məmuru tərəfindən vəkilinə verilən şifahi məlumat əsasında ona məlum olmuşdur ki, icra məmurunun sifariş məktubu əsasında mənzillə bağlı hərraclar keçirilmişdir. Bu məsələnin dəqiqləşdirilməsi üçün vəkil tərəfindən 25 avqust 2020-ci il tarixdə "xxxx" MMC-yə sorğu göndərilmiş və sənədlər əldə edilmişdir. Həmin sənədlərdən görünür ki, "xxxx" MMC icra şöbəsinin sifariş məktubunu aldıqdan sonra əmlakın hərracdan satılması üçün 26 fevral 2020-ci il tarixə mənzilin 155.000 manat ilkin satış qiyməti ilə birinci hərrac, həmin hərrac baş tutmadığına görə isə 11 mart 2020-ci il tarixə mənzilin ilkin satış qiymətinin 15 % aşağı qiyməti ilə, yəni 131.750 manatla təkrar hərrac təyin etmişdir. Lakin 11 mart 2020-ci il tarixə təyin edilmiş təkrar hərrac da baş tutmamış və bundan sonra "xxxx" MMC tərəfindən 13 mart 2020-ci il tarixdə Cavabdeh1 ASC-yə 279 nömrəli təklif məktubu göndərilərək əmlakın əldə edilməsi banka təklif olunmuşdur. Həmin təklif bank tərəfindən qəbul edilmiş, 19 mart 2020-ci il tarixdə hərracın nəticələri barədə 49/1 nömrəli protokol tərtib olunmuş və eyni tarixli “hərracın yekunları üzrə əmlakın alğı-satqısı barədə müqavilə bağlanmışdır. Beləliklə 08.04.2019-cu il tarixli, 2(004)-103/2019 saylı qətnamə ilə ilkin satış qiyməti 155.000 manat müəyyən olunan və iddiaçiya məxsus Bakı şəhəri, Nəsimi rayonu, Hüseyn Seyidzadə küçəsi, ev 2A ünvanında yerləşən 29 nömrəli mənzil 98.813 manat müqabilində Cavabdeh1 ASCnin mülkiyyətinə keçmişdir. Məhkəmənin nəzərinə çatdırır ki, "xxxx" MMC tərəfindən hərraclar onun hüquqlarının pozulması ilə həyata keçirilmişdir. Ona görə ki, bu hərracların heç birindən xəbəri olmamış, hərraclarda iştirakı təmin edilməmiş və əmlakı əldə etmək üçün ona şərait yaradılmamışdır. Belə ki, hərrac təşkilatı tərəfindən təqdim olunan sənədlərdən görünür ki, guya "xxxx" MMC tərəfindən ona 07 fevral 2020-ci il tarixdə göndərilən məktub 10 fevral 2020-ci il tarixdə “bu ünvanda yaşamır” qeydi ilə geri qayıtmış, 28 fevral 2020-ci il tarixdə göndərilən məktub isə 06 mart 2020-ci il tarixdə “Dadaşovaya çatır” qeydi yazılmaqla Ələkbərov soyadlı şəxs tərəfindən qəbul edilmişdir. Halbuki, ünvanına hər hansı məktub çatdırılmamışdır. Qeyd olunan mənzildə pasport qeydiyyatında olmaqla həmin ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. Bu ünvana gələn bütün məktublar şəxsən və ya ailə üzvləri tərəfindən qəbul edilir. Əgər həqiqətən də məktublar ünvanına göndərilsəydi, həmin poçt göndərişləri şəxsən və ya ailə üzvləri tərəfindən qəbul edilərdi. Bununla yanaşı yuxarıda qeyd edildiyi kimi məktubun biri 001856 qaimənin üzərində “Dadaşovaya çatır” qeydi yazılmaqla Ələkbərov soyadlı şəxs tərəfindən qəbul edilmişdir. Lakin “Ələkbərov” soyadlı şəxsi tanımır və belə bir qonşu və ya qohumu yoxdur. Məktubun kimə təqdim edildiyi məlum deyil. İş materiallarından məlumdur ki, 08.04.2019-cu il tarixli, 2(004)-103/2019 saylı icra sənədi üzrə borcalan və ipoteka qoyan fərqli-fərqli şəxslərdir, borcalan X5 götürdüyü kredit borcuna görə tutma iddiaçıya məxsus əmlaka yönəldilmişdir. Hərrac təşkilatı tərəfindən verilən sənədlərdən görünür ki, bildirişlər X7 təqdim edilməsinə baxmayaraq, ona çatdırılmamışdır. Halbuki, bu bildirişlərin ilk növbədə ona çaldırılması təmin edilməli idi. Çünki, mənzilinin satılıbsatılmamasından və ya hansı qiymətlə satılmasından Elnur Cabbarlıdan daha çox o, maraqlıdır, mənzillə bağlı aparılan əməliyyatlar onun əmlak mənafelərinə toxunmaqdadır. Odur ki, əgər həqiqətən də hərraclar barəsində ona məlumat verilsəydi, hərraclarda mütləq iştirak edərək əmlakını əldə edərdi. Bildirir ki, hərraclarda iştirak edə bilməməyi sadəcə mənzilinin əlindən çıxmasına deyil, eyni zamanda mənzilin olduqca aşağı qiymətlə və dəyər-dəyməzinə bankın mülkiyyətinə keçməsinə səbəb olmuşdur. Belə ki, birinci hərracda iştirak etmiş olsaydı, əmlak təkrar hərraca 15 %, - 23.250 manat aşağı qiymətlə, yəni 131.750 manata deyil, elə ilkin satış qiyməti ilə, yəni 155.000 manata çıxarılardı. Məhz 28 fevral 2020-ci il tarixdə keçirilən birinci hərracda hərracın iştirakçısı olmadığına görə hərrac baş tutmamış və buna görə də ipoteka predmeti təkrar hərraca 15 % aşağı qiymətlə çıxarılmışdır. Göründüyü kimi, hərrac təşkilatı tərəfindən lazımi qaydada məlumatlandırılmamağı nəticəsində ilkin hərracda iştirak edə bilməməyi ipoteka predmetinin təkrar hərraca 15 % (23.250 manat) aşağı qiymətlə, yəni 131.750 manata satışa çıxarılmasına səbəb olmuşdur. Daha sonra təkrar hərrac baş tutmadıqda əmlakın təkrar hərracdakı satış qiymətinin 25 % (32.937 manat) aşağı qiyməti ilə, yəni 98.813 manat müqabilində mənzil bankın mülkiyyətinə verilmişdir. Odur ki, hesab edir ki, keçirilən hərraclar barəsində məqsədli şəkildə məlumatlandırılmamış və bank hərrac təşkilatı ilə birlikdə hərəkət edərək bu şəkildə mənzilin ən ucuz məbləğlə onun (bankın) mülkiyyətinə verilməsinə nail olmuşlar. Bundan başqa hərrac işi materiallarına əlavə edilmiş “Mega Post Service” sürətli poçt xidmətinin digər qaimələrindən (001816, 001855 və 001874 nömrəli) fərqli olaraq, məktubların iddiaçıya göndərilməsi ilə bağlı 001815 və 001856 qaimələrdə məktubu çatdıran kuryerin şəxsiyyəti barədə heç bir məlumat yoxdur. Belə ki, qaimələrdəki qeydlərdən görünür ki, poçt göndərişləri "xxxx" MMCdən “Tamer” və “Cavid” adlı kuryerlər tərəfindən götürülmüşdür. Halbuki, qaimələrdə poçt göndərişinin alıcının ünvanına hansı kuryer tərəfindən çatdırıldığı qeyd edilməmişdir. Məlumdur ki, qaimələrin “alıcı” xanasındakı qeydlər məhz həmin qaimə ilə müşayiət olunan poçt göndərişini çatdırmağa məsul edilmiş kuryerin iştirakı ilə edilməlidir. Hesab edir ki, alıcıya məktubu çatdıran kuryerin şəxsiyyətinin qaimələrdə göstərilməməsi məhz gələcəkdə pozuntular aşkarlandığı təqdirdə məsuliyyətdən yayınmaq məqsədi daşımışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 15 aprel 2021-ci il tarixli, 2(005)-898/2021 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Qeyd olunan qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddianın təmin edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17 avqust 2021-ci il tarixli, 2(103)- 7450/2021 saylı qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin icraatında olan iddiaçı "xxxx" ASCnin cavabdeh İddiaçı qarşı “borcun tutulması və ipoteka predmetlərinə yönəldilməsinə” dair mülki iş üzrə preyudisial əhəmiyyət kəsb edən faktlar müəyyən edilməli olduğundan və həmin mübahisə nizamlanandək hazırkı mülki işə baxılması mümkün olmadığından işin icraati dayandırılmışdır. Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 08 aprel 2019-cu il tarixli, 2(004)-103/2019 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh1 ASC-nin cavabdeh İddiaçı qarşı “borcun tutulması və ipoteka predmetlərinə yönəldilməsi” tələbinə dair iddia qismən təmin edilmişdir. Qətnamədən cavabdeh tərəfindən apellyasiya şikayəti verilmiş və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 14 sentyabr 2021-ci il tarixli, 2(103)-8530/2019 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, qətnamə isə dəyişdirilmədən saxlanılmışdır. Qətnamədən cavabdeh tərəfindən kassasiya şikayəti verilmiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 15 fevral 2022-ci il tarixli, 2(102)-813/2022 saylı qətnaməsi ilə kassasiya şikayəti təmin edilməmiş, qətnamə isə dəyişdirilmədən saxlanılmışdır. Daha sonra Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 dekabr 2021-ci il tarixli, 2(103)-11273/2021 saylı qərardadı ilə iddiaçı “Muğanbank" ASC-nin cavabdehlər İddiaçı və X8 qarşı “mənzilə istifadə hüququna xitam verilməsi tələbi” tələbinə dair 2(103)- 11273/2021 saylı mülki iş, İddiaçı cavabdehlər Cavabdeh1 ASC, "xxxx" MMC-yə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi) hərracın nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair 2(103)-7450/2021 saylı mülki işlə bir icraatda birləşdirilmişdir. İddiaçı Cavabdeh1 ASC cavabdehlər İddiaçı və X8 qarşı “mənzilə istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər X9 və X6 Cavabdeh1 ASC-nin mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Hüseyn Seyidzadə küçəsində yerləşən 2A saylı evin 29 nömrəli mənzilinə dair istifadə hüquqlarına xitam verilməsi və həmin sahənin boşaldılması barədə qətnamə qəbul edilməsi xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nəsimi rayonu, Hüseyn Seyidzadə küçəsində yerləşən 2A saylı evin 29 nömrəli mənzili "xxxx"nin hərracın nəticələri haqqında Y-49/1 nömrəli, 19 mart 2020-ci il tarixli protokoluna əsasən Cavabdeh1 ASC-nin mülkiyyətindədir. Azərbaycan Respublikası DİN-nin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışından məlum olur ki, X9 və X10 ünvan 1 ünvanında qeydiyyatdadırlar. Bunun nəticəsində mülkiyyətçinin qanunla qorunan daşınmaz əmlaka dair mülkiyyət hüququ, yəni əmlaka sahiblik, ondan istifadə etmək və sərəncam vermək hüquqları məhdudlaşır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 17 may 2021-ci il tarixli, 2(006)-2137/2021 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmiş, cavabdehlər İddiaçı və X6 Cavabdeh1 ASC-nin mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Hüseyn Seyidzadə küçəsində yerləşən 2A saylı evin 29 nömrəli mənzilinə dair istifadə hüquqlarına xitam verilməsi və həmin sahənin boşaldılması qət edilmişdir. Qətnamədən cavabdeh İddiaçı nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 15 aprel 2021-ci il tarixli, 2(005)-898/2021 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin qətnaməsində mənzilin likvid dəyəri 145.000 manat göstərilsə də, hərrac keçiriləkən ilkin satış qiyməti 155.000 manat (bazar dəyəri) əsas götürülməklə satışa çıxarılmışdır. Halbuki, "İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən, ilkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi uçun müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair 20 iyul 2020-ci il tarixli qərardadında göstərilmişdir ki. "İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. Göründüyü kimi, hərrac keçirilərkən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 08.04.2019-cu il tarixli qətnaməsində ilkin satış qiyməti olaraq müəyyən edilən likvid dəyər əsasında deyil, real bazar dəyəri əsasında satılması qanunvericiliyin tələblərinə uyğun olmamışdır. Bu isə həmin hərracın etibarsız hesab edilməsi üçün əsasdır. Bundan başqa, hərracın keçirilməsi ilə bağlı iddiaçıya məlumat verilməmiş və o, hərracda iştirak edərək əmlakı özü əldə edə bilməkdən, eləcə də digər hüquqlarından məhrum olmuşdur. Məhkəmə bu dəlilə hüquqi qiymət verərkən Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarına əsaslanaraq hesab etmişdir ki, hərracın keçirilməsi bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edilməmişdir. Bundan əlavə, məhkəmə bildirişlərin iddiaçıya göndərildiyini qeyd etsə, həmin bildirişlərin göndərilməsi barədə poçt qaimələrinin mötəbərliyinə və həmin bildirişlərin iddiaçıya çatıb-çatmamasına hüquqi qiymət verməmişdir. Halbuki, həmin qaimələrdən görünür ki, bildirişlər ünvana çatdırılmamışdır. Həmçinin, qaimələrdə qaralamalar aparılmış və vacib xanalar doldurulmamışdır ki, həmin halların mövcudluğu onun mötəbər qəbul edilməsini istisna edir. Odur ki, hərracın keçirilməsi ilə bağlı hərracın təşkilatçısı tərəfindən ipoteka qoyana yazılı bildiriş göndərilməməsi iddiaçının hüquqlarının pozulması ilə nəticələndiyindən hərracın nəticələri etibarsız hesab edilməlidir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 17 may 2021-ci il tarixli, 2(006)-2137/2021 saylı qətnaməsindən cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mülki iş üzrə keçirilən məhkəmə iclaslarından xəbəri olmamış, məhkəmə bildirişləri, yekun məhkəmə aktı ona rəsmi qaydada təqdim edilməmiş və ya digər hər hansı formada məlumatlandırılmamışdır. Bu hal iddiaçı tərəfə bəlli olsa da, nədənsə iddiaçının nümayəndəsi məhkəməni məlumatlandırmamış və nəticədə işə cavabdeh tərəfin iştirakı olmadan baxılmış, çəkişmə prinsipinin tələbləri pozularaq iş üzrə araşdırma birtərəfli aparılmışdır. Buna görə də mülki iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi MPM-nin 387.2.2-ci maddəsinə əsasən şikayətin dəlillərindən asılı olmayaraq ləğv edilməlidir. Bununla yanaşı birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamışdır. Proses iştirakçılarının izahatları: İşə baxılma vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasına gəlmədiklərindən və bunun səbəbləri barədə məhkəməyə məlumat vermədiklərindən, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Beləliklə məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayətləri təmin edilməməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəmələrinin qətnamələri dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 15 aprel 2021-ci il tarixli, 2(005)- 898/2021 saylı qətnaməsi üzrə apellyasiya şikayəti əsasında məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 08.04.2019-cu il tarixli 2(004)- 103/2019 saylı qətnaməsi ilə ilk iddianın qismən təmin edilməsi, cavabdeh X3 19.12.2013-cü il tarixli 448/13 nömrəli kredit müqaviləsi üzrə yaranmış 209.233,85 ABŞ dolları əsas borc, 80.769,14 ABŞ dolları faiz (90.788.80 ABŞ dolları faiz borcundan 29.08.2013-cü il tarixli 340/13 nömrəli kredit müqaviləsi üzrə artıq ödənilmiş 16.987,52 manat, yəni 03.04.2019-cu il tarixə olan məzənnəyə uyğun olaraq 9.992,66 ABŞ dolları çıxılmaqla) və 997.01 ABŞ dolları dəbbə pulu olmaqla, cəmi 291.000 (iki yüz doxsan bir min) ABŞ dolları (ödəniş günü manat məzənnəsi ilə) və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutularaq iddiaçı ‘Muğanbank” ASC-yə ödənilməsi, tutmanın cavabdeh İddiaçı mülkiyyətində olan ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Nəsimi rayonu, Hüseyn Seyidzadə küçəsi 2A nömrəli evin ümumi sahəsi 79.32 kv.m, yaşayış sahəsi 63.32 kv.m, yardımçı sahəsi 16,0 kv.m olan 4 otaqlı 29 nömrəli mənzilinə və cavabdeh X5 mülkiyyətində olan Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən 0.10 hektar torpaq sahəsinə yönəldilməsi, cavabdeh İddiaçı mülkiyyətində olan ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Nəsimi rayonu, Hüseyn Seyidzadə küçəsi, 2A nömrəli evin 29 nömrəli mənzilin ilkin satış qiyməti bazar dəyəri 155.000 (yüz əlli beş min) manat, likvid dəyəri 145.000 (yüz qırx beş min) manat müəyyən edilməklə açıq hərracda satılması, mənzil satıldıqdan bir ay sonra cavabdeh İddiaçı ailə üzvləri ilə birlikdə həmin mənzildən çıxarılması, cavabdeh X5 mülkiyyətində olan Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən 0.10 hektar torpaq sahəsinin ilkin satış qiyməti bazar dəyəri 75.000 (yetmiş beş min) manat, likvid dəyəri 67.000 (altmış yeddi min) manat müəyyən edilməklə açıq hərracda satılması, torpaq sahəsi satıldıqdan bir ay sonra cavabdeh X5 arvadı ilə birlikdə həmin torpaq sahəsindən çıxarılması, məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi, ilk iddianın qalan hissədə rədd edilməsi, qarşılıqlı iddianın təmin edilməsi, "xxxx" ASC ilə X11 arasında bağlanmış 29.08.2013-cü il tarixli 340/13 nömrəli kredit müqaviləsi üzrə “Muğanbank" ASC ilə borcalan X11 və ipoteka qoyan X4 arasında bağlanmış 29.03.2013-cü il tarixli 340/13 nömrəli ipoteka müqaviləsi əsasında ipoteka ilə yüklü edilmiş X1 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsindəki 108 nömrəli evin C girişi, 4 otaqlı 9 nömrəli mənzilinin üzərində olan ipotekaya xitam verilməsi qət edilmişdir. İpoteka ilə yüklü edilmiş əmlakın hərracın keçirilməsi "xxxx" MMC-yə həvalə edilmişdir. MMC tərəfindən hərracın keçirilməsi barədə 07.02.2020-ci il tarixli, 28.02.2020- ci il tarixli, 02 saylı bildirişin surətindən görünür ki, tərəflərə hərracın vaxtı və yeri barədə məlumat verilmişdir. “Market” qəzetinin 28.02.2020-06.03.2020, 07.02.2020- 14.02.2020-ci il tarixli buraxılışlarında Bakı şəhəri, Nəsimi rayonu, Hüseyn Seyidzadə küçəsi, ev 2A ünvanında yerləşən 29 nömrəli mənzil "xxxx" MMC tərəfindən hərraca çıxarılacağına dair elan yerləşdirilmişdir. Bundan sonra, hərracın yekunları barədə 19.03.2020-ci il tarixli, Y-49/1 №- li protokol tərtib edilmiş, Bakı şəhəri, Nəsimi rayonu, Hüseyn Seyidzadə küçəsi, ev 2A ünvanında yerləşən 29 nömrəli mənzili ilkin satış qiyməti 155.000 manat, son satış qiyməti 98.813 manat qiymətləndirilmiş "xxxx" MMC tərəfindən açıq hərraca çıxarılmışdır. Hərracın yekunları üzrə 19.03.2020-ci il tarixli müqaviləyə əsasən, Bakı şəhəri, Nəsimi rayonu, Hüseyn Seyidzadə küçəsi, ev 2A ünvanında yerləşən 29 nömrəli mənzil "xxxx" tərəfindən hərraca çıxarılmış və Cavabdeh1 ASC tərəfindən 98.813 manata əldə edilmişdir. Birinci instansiya məhkəməsinin mövqeyinə görə, mübahisəli mənzilin hərracda satılması zamanı hərracın təşkilini və aparılmasını tənzimləyən qanunların tələblərinin pozulması məhkəmə tərəfindən müəyyən edilməmişdir. Belə ki, işdə olan sənədlərdən görünür ki, iddiaçıya hərrac təşkilatçısı tərəfindən hərracın keçirilməsi ilə bağlı bildirişlər göndərilmiş, kütləvi informasiya vasitələrində elanlar verilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq, qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 269-cu maddəsinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. (269.5. maddə) “İpoteka haqqında” Azərbaycan Respublikasmın Qanunun 1.0.1-ci maddəsinə əsasən ipoteka-öhdəliyin icrasının təmin edilməsi üsulu olaraq daşınmaz əşyaların və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyaların girovudur. Həmin Qanununun 34-cü maddəsinə əsasən, ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda. Həmin Qanunun 41.1-ci maddəsinə əsasən, ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. Qanunun 41.2-ci maddəsinə əsasən, məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir. Həmin Qanunun 41.3-cü maddəsinə əsasən, hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. Həmin Qanunun 42.1-ci maddəsinə əsasən, hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir. Həmin Qanunun 42.3-cü maddəsinə əsasən, istənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan hərracda alıcı qismində iştirak edə bilər. Hərracı sifariş edən icra qurumunun və hərrac təşkilatının əməkdaşlarının, habelə əmlakın qiymətləndirilməsini həyata keçirən şəxslərin birbaşa və ya dolayı yolla hərracda alıcı qismində iştirak etməsinə yol verilmir. Həmin Qanunun 44-cü maddəsinə əsasən, bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415.2-ci maddəsinə əsasən, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. İş materiallarından da, görünür ki, hərracın keçirilməsi qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq təşkil edilmiş, hərracın keçiriləcəyi yer və vaxtı barədə tərəflərə bildirişlər göndərilmişdir. Belə ki, iş materiallarından göründüyü kimi "xxxx" MMC tərəfindən təyin edilmiş hərrac barədə tərəflərə hərracların yeri və vaxtı barədə bildirişlər göndərilmişdir. Hərracın keçirilməsi barədə bildirişin alınmasına dair qəbzlər iş materiallarına əlavə olunmuşdur. Bundan başqa hərracın keçirilmə vaxtı və yeri barədə “Market” qəzetində elanlar verilmişdir. Beləliklə, iddiaçı hərrac barədə məlumatlı olmadığına istinad etsə də, məhkəməyə istinad etdiyi halları təsdiq edən hər-hansı sübut təqdim etməmiş, əksinə hərrac mərkəzi qanunvericilikdə nəzərdə tutulmuş qaydada hərracın vaxtı və yeri barədə tərəflərə sifarişli poçtla bildiriş göndərmişdir. Hərracın keçiriləcəyinə dair 06.03.2022-ci il tarixli bildirişi ünvan sahibi poçt xəbərnaməsinə imza edərək qəbul etmiş və bu da onun hərracın keçirilməsi barədə məlumatlı olduğunu sübut edir. Məhkəmə kollegiyası hesab edir ki, hərrac qanunvericiliyin tələblərinə riayət edilməklə, hərhansı qanun pozuntusu olmadan təşkil edilmişdir. Bundan başqa, apelyasiya şikayətinin dəlillərinin birini “mənzilin hərraca likvid dəyəri 145.000 manat göstərilsə də, hərrac keçirilərkən ilkin satış qiymətinin 155.000 manat (bazar dəyəri) əsas götürülməklə satışa çıxarılması” təşkil edir. Kollegiya qeyd edir ki, evin ilkin satış qiymətinin 145000 manat məbləğində təşkil edilməklə hərraca çıxarılması əksinə apelyatorun mənafeyinə zidd olardı. Bu dəlil isə həmin hərracın etibarsız hesab edilməsi üçün əsas deyildir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən düzgün nəticəyə gəlmişdir. Kollegiya hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal xarakter daşıyır və apellyatorun subyektiv mülahizələrinə əsaslanır. Bundan başqa, Bakı şəhəri Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 17 may 2021-ci il tarixli, 2(006)-2137/2021 saylı qətnaməsi üzrə apellyasiya şikayəti əsasında məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş 09.01.2021-ci il tarixli Çıxarışın surətindən görünür ki, ünvan 1 "xxxx" ASC-nin adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə reyestr kitabında ********** nömrə ilə qeydiyyat aparılmışdır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin “Yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* saylı, 12.01.2021-ci il tarixli arayışına əsasən İddiaçı, X14 və X10 ünvan 1 ünvanında pasport qeydiyyatındadırlar. Birinci instansiya məhkəməsinin mövqeyinə görə, iddiaçı Cavabdeh1 ASC Bakı şəhəri, Nəsimi rayonu, Hüseyn Seyidzadə küçəsi, ev 2a, 29 saylı mənzili mülkiyyətinə qəbul etdiyinə görə cavabdehlərin həmin mənzildə istifadə hüquqlarının qalması iddiaçının mülkiyyət hüquqlarının pozulmasına səbəb olmuşdur. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələrinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur, mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən, xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzilindən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “V.Q. Teryoxinin şikayəti üzrə qərarında göstərilmişdir ki, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin daşınmaz əmlaka mülkiyyət hüququnun yaranmasının və dövlət tərəfindən müdafiə olunmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi belə əmlakı qanunvericiliyə müvafiq olaraq əldə etmiş şəxslərin mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarına malik olmasını istisna etmir. Sahiblik və istifadə hüquqlarını həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurətini doğurur. Belə ki, Mülki Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, Mülki Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Əks yanaşma mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı konstitusiya prinsiplərinin, mülki qanunvericiliyin bir sıra prinsip və müddəalarının, eləcə də Azərbaycan Respublikasının beynəlxalq müqavilələrə əsasən üzərinə götürdüyü öhdəliklərin pozulması ilə nəticələnə bilər.” Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyası mülkiyyət hüququnu təsbit etməklə yanaşı, onun ümumi və xüsusi məhdudiyyətlərinin hüdudlarını müəyyən etmişdir. Lakin xüsusi nəzərə alınmalıdır ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, qoyulan məhdudiyyətlər həmin hüququn mahiyyətini dəyişməməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafıəsi məqsədilə tətbiq edilməli, qanuni məqsədə yönəlməli və həmin məqsədə mütənasib olmalıdır. Avropa Məhkəməsinin presedent hüququna əsasən, mülkiyyətə edilən istənilən müdaxilə qanuni olmalıdır. Mülkiyyət hüququna qanuni müdaxilə mütənasib olmalı, cəmiyyətin və ya dövlətin ümumi maraqları ilə fərdin konstitusiya hüquqlarının qorunması arasında ədalətli tarazlığa nail olunmaqla həyata keçirilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Broniovski Polşaya qarşı iş üzrə qərarında göstərilmişdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfındən edilən istənilən müdaxilə qanuni olmalıdır.. Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun. Konvensiya tərəfındən tanınan hüququn və ya azadlığın həyata keçirilməsinə hər hansı müdaxilə qanuni məqsəd daşımalıdır. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən də, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz." Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfındən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 152.1-ci maddəsinin tələbinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Mülki Məcəllənin 568.1-ci maddəsinə əsasən, satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Mülki Məcəllənin 569.1-ci maddəsinə əsasən, satıcının əşyanı alıcıya vermək vəzifəsinin icrası müddəti alğı-satqı müqaviləsi ilə, müqavilə həmin müddəti müəyyənləşdirməyə imkan vermədikdə isə bu Məcəllənin 427-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, "xxxx" MMC tərəfindən keçirilmiş hərracın yekunları barədə 19.03.2020-ci il tarixli, Y-49/1 №- li protokol tərtib edilmiş, Bakı şəhəri, Nəsimi rayonu, Hüseyn Seyidzadə küçəsi, ev 2A ünvanında yerləşən 29 nömrəli mənzili ilkin satış qiyməti 155.000 manat, son satış qiyməti 98.813 manat qiymətləndirilmiş "xxxx" MMC tərəfindən açıq hərraca çıxarılmışdır. Hərracın yekunları üzrə 19.03.2020-ci il tarixli müqaviləyə əsasən, Bakı şəhəri, Nəsimi rayonu, Hüseyn Seyidzadə küçəsi, ev 2A ünvanında yerləşən 29 nömrəli mənzil "xxxx" tərəfindən hərraca çıxarılmış və Cavabdeh1 ASC tərəfindən 98.813 manata əldə edilmişdir. Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş 09.01.2021-ci il tarixli Çıxarışa əsasən, ünvan 1 "xxxx" ASC-nin xüsusi mülkiyyətindədir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin “Yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* saylı, 12.01.2021-ci il tarixli arayışına əsasən İddiaçı, X14 və X10 ünvan 1 ünvanında pasport qeydiyyatındadırlar. Kollegiya qeyd edir ki, ünvan 1 iddiaçının mülkiyyətində olmasına baxmayaraq, cavabdehin qanunsuz hərəkətləri nəticəsində hal-hazıradək mənzilinə sahib olmaq, ondan istifadə etmək və ona dair sərancam vermək hüquqlarını həyata keçirə bilmir. Kollegiya apellyasiya şikayətinin digər dəlilləri ilə bağlı qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən cavabdehin qeydiyyatda olduğu ünvanına məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişləri göndərilmişdir, lakin “qapının bağlı olması” səbəbindən zərflər çatdırılmamışdır. Məhkəmə bildirişləri cavabdehə çatdırılmadığından məhkəmənin baxış iclası 2 dəfə təxirə salınmışdır. Məhkəməyə cavabdehin faktiki yaşadığı ünvan məlum olmadığından və SMS-bildiriş vasitəsilə məlumat vermək üçün cavabdehin adına hər hansı mobil telefon nömrəsi də aşkar edilmədiyindən, məhkəmə cavabdehin yalnız qeydiyyatda olduğu ünvana bildiriş göndərməkdə haqlı olmuşdur. Apellyasiya baxışı zamanı cavabdehin adına mobil telefon nömrələrinin olub-olmamasına dair EMİS vasitəsilə elektron sorğu edilmiş, lakin cavabdehin adına mobil telefon nömrələri aşkar edilməmişdir. Beləliklə, birinci instansiya məhkəməsi haqlı olaraq işə cavabdehin iştirakı olmadan Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllə 185-ci maddəsinə uyğun olaraq baxmışdır. Göründüyü kimi apelyasiya şkayətinin dəlilləri formal xarakter daşıyır və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə əsas ola bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, məhkəmə məsrəfləri tərəflərin özlərinə aid edilməlidir. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 88, 217.1 və 217.3-cü maddələri). Azərbaycan Respublikası MPM-nin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə aparılmış araşdırma zamanı birinci instansiya məhkəmələri tərəfindən prosessual-hüquq normalarının pozulması müəyyən edilməmiş və bu səbəbdən də, apelyatorun ayrı-ayrılıqda verdiyi şikayətlərdəki dəlilləri əsaslı sayıla bilməz. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəmələrinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnamələri yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 217, 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 15 aprel 2021-ci il tarixli, 2(005)-898/2021 saylı qətnaməsi və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 17 may 2021-ci il tarixli, 2(006)-2137/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar