Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3497/2025 10.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X2 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2937/2025 saylı işi üzrə xx.xx.2025- ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı: İddiaçı cavabdeh Bakı şəhəri 32 saylı Dövlət Notariat Kontoruna qarşı “vəsiyyət üzrə vərəsəlik hüququnun tanınması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən bir otaqlı mənzil mülkə müddəti ötürülməmiş hesab etməklə vəsiyyətnamə üzrə vərəsəlik hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2937/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh Bakı şəhəri 32 saylı Dövlət Notariat Kontoruna qarşı “vəsiyyət üzrə vərəsəlik hüququnun tanınması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması, iddiaçıya qərardadda göstərilən nöqsanlar aradan qaldırmaqla hazırki iddia tələbi ilə bağlı özünün olduğu ərazi üzrə rayon məhkəməsinə müraciət etmə hüququ izah edilmişdir. Qərardadda Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1,37, 149.2.2, 152.1.1, 152.1.3, 152.2, 306.2-ci maddələrinə istinadən qeyd edilmişdir ki, Hazırkı iddia ərizəsinin tələbindən görünür ki, ərizənin mahiyyəti hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsidir. Belə olan halda, ərizəçi hazırkı ərizə ilə özünün olduğu yer üzrə məhkəməyə müraciət etməlidir. Mülki prosessual qanunvericiliyin tələblərindən göründüyü kimi, xüsusi icraat işləri ərizəçi və maraqlı şəxsin iştirakı ilə baxılmalıdır. Hazırki ərizədə isə ərizəçi və maraqlı şəxs iddiaçı və cavabdeh kimi qeyd olunmuşdur. Onu da vurğulmağı zəruri hesab edir ki, qeyd edilən nöqsanlar məhkəmənin xx.xx.2025-ci il tarixli, 2(001)-2796/2025 saylı qərardadı ilə də ərizəçiyə izah edilmişdir. Apelyasiya şikayəti, etiraz, məhkəmənin mövqeyi: İddiaçı qərardaddan şikayət verərək, məhkəmənin qərardadının ləğv edilməsini və iddia ərizəsinin icraata qəbul edilməsi barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35, 37-ci maddələrinə istinadən qeyd edilmişdir ki, Bakı şəhəri,Nəsimi rayonu,Hüseyin Seyidzadə küçəsi, ev 16A, 80 saylı mənzil anası, X1 adına Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətində xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəsi ilə qeydiyyatdan keçmişdir və hal hazırda onun mülkiyyətindədir. Anasıyla birlikdə həmin mənzildə oğlu olaraq o yaşamış və anasına baxaraq onun qulluğunda durmaqla qayğı göstərmişdir.Ailə üzvləri və qonşularda bunu təsdiq edə bilər. Anası, X3 ömrünün son dövürlərində özünü narahat hiss edirdi və onu çağırıb vəsiyyətnamə vermək istəyini bildirdi, O buna etiraz edərək hər şeyin yaxşı olacağını bildirsə də o vəsiyyətnamə yazmaq fikrindən daşınmadı və şahidlərin iştirakı ilə 21 avqust 2022-ci il tarixli vəsiyyətnaməni yazaraq imza etdi. Göründüyü kimi Bakı şəhəri, Hüseyin Seyidzadə küçəsi.ev 16A, mənzil 80 saylı mübahisəli mənzili anası ona vəsiyyət etmişdir, ömrünün sonuna qədər sözü gedən mənzildə yaşamış və 05 sentyabr 2023-cü ildə dünyasını dəyişmişdir. O bir oğul kimi anasının ömrünün son gününə qədər qulluğunda dayanaraq ona baxmışdır. Mənzil göstərilən çıxarışa əsasən bu günə qədər onun adında qalmaqdadır. Hazırda mülkü faktiki idarə edərək, mirası qəbul edərək o, İddiaçı yaşayır. O vəsiyyət üzrə vərəsə kimi mübahisəli mənzili adına sənədləşdirmək üçün 32 saylı notariat ofisinə müraciət etmiş, lakin 29 oktyabr 2024-ci il tarixli X-5496 saylı məktubla miras əmlakı sənədləşdirməkdən imtina edildi və məsələ mübahisəli olduğundan miras əmlakı sənədləşdirməkdən imtina edildi və məsələ mübahisəli olduğundan məhkəməyə müraciət etmək tövsiyə olundu. Hesab edir ki, qərardad ləğv edilməli və mülki işə mahiyyəti üzrə icraata qəbul edilməlidir. Məhkəmə MPM-nin 35-ci maddəsinin pozulması ilə qərardad çıxarmışdır, belə ki, mübahisənin predmeti vəsiyyət üzrə vərəsəlik hüququnun tanınmasına dair iddiadır, belə iddialar ümumi məhkəmələrdə baxılır və cavabdehin rəsmi qeydə alındığı yerin yerləşdiyi məhkəmələrdə baxılmalıdır.Göründüyü kimi iş üzrə cavabdeh 32 saylı notariat ofisi olmaqla Binəqədi rayon ərazisində qeydə alınmaqla yerləşir.Ona görə də qərardad ləğv edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 37-ci maddəsinə istinad edərək məhkəmə prosesinin ərizəçinin qeydiyyatda olduğu yerin məhkəməsində baxılması qənaətinə gələrək ərizəni geri qaytarmışdır, lakin bu yanlış mövqe olduğundan qərardad ləğv edilərək iddia ərizəsi icraata qəbul edilməlidir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2937/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya baxışında müəyyən edilən hallar və Mülki Kollegiyanın mövqeyi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə istinadən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə əsasən: Azərbaycan Respublikası Mülki Prosessual Qanunvericiliyin tələblərinə əsasən: 35.1. Qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. 37.Tikintiyə, qurğuya, torpaq sahəsinə sahiblik faktının müəyyən edilməsinə dair həmin tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerdə baxılan işlər istisna olmaqla, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi barədə işlərə ərizəçinin olduğu yerdə baxılır. . 149.2. Ərizədə: (149.2.2.) iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); 149.2.3. iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. 149.4. Ərizədə mübahisənin düzgün həll edilməsi üçün zəruri olan digər məlumatlar, həmçinin iddiaçının vəsatətləri də göstərilir. 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir.307.2. Məhkəmə (307.2.9.) mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır. 309.1. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Beləliklə, işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası qeyd edilənlərə və Azərbaycan Respublikası Konstitusiyasının 24 (İİİ), 80 və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385, 387, 397-ci maddələrinə əsasən, birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir, qərardadın dəyidirilməsi və ya ləğv edilməsi üçün əsaslar müəyyən edilmir. Bununla yanaşı qeyd edilməlidir ki, AZEMİS vasitəsi ilə əldə edilmiş çıxarışıdan görünür ki, İddiaçı Füzuli Qaraxanbəyli ərazi dairəsi,Qaraxanbəyli kəndində qeydiyyatdadır. İddiaçı şikayətində hazırkı işə xüsusi icraat qaydasında deyil, iddia icraatı qaydasında baxılmalı olduğunu və cavabdeh olan Bakı şəhəri 32 saylı Notariat Kontoru Binəqədi rayonu ərazisində yerləşdiyindən, iddia ərizəsini haqlı olaraq Binəqədi rayon Məhkəməsinə verdiyini qeyd etmişdir. Şikayətin bu dəlilinə münasibətdə isə qeyd edilməlidir ki, məhkəmə kollegiyası tərəfindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Rəsmi internet saytından əldə edilmiş çıxarışdan görünür ki, Bakı şəhəri 32 saylı Notariat Kontoru ünvan 2 ünvanında yerləşir. Digər tərəfdən iş materialları ilə təsdiq edilir ki, mübahisəli əmlak da Nəsimi rayonunun ərazisində yerləşir. Belə olduğu təqdirdə, işə xüsusi icraat qaydasında deyil, iddia icraatı qaydasında baxılmalı olsa belə cavabdehin rəsmi qeydiyyat ünvanı Nəsimi rayonunda olduğundan Binəqədi rayon Məhkəməsi tərəfindən mülki işin icraata qəbul edilməsi yolverilməzdir. Bununla belə, o da qeyd edilməlidir ki, notariusun imtina məktubunda məhkəməyə müraciət etmək əsası ilə deyil, ərizə yazılı formada olmadığından və hüquqmüəyyənedici sənədlər ərizəyə əlavə edilməməsi səbəbindən imtina edilməsi müəyyən edilir. Ona görə, ilk olaraq zəruri sənədləri toplayıb müvafiq notariat orqanına müraciət edilməli, mübahisə müəyyən edildiyi təqdirdə qeyd edilən xüsusatlara, o cümlədən ərizənin məzmun və forma tələblərinə tam riayət edilərək, yenidən aidiyyəti məhkəməyə müraciət etmək hüququ vardır. Diqqətə çatdırılmalıdır ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 402.2-ci maddəsinə əsasən hazırki iş üzrə qəbul edilmiş Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qərardadından kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Qeyd edilənlərə əsasən, şəxsin məhkəmə müdafiə hüququnun təmin edilməsi və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 395-403-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qəraraaldı: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2937/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №2(103)-3497/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3497/2025
10.06.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vəsiyyət üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver