Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3498/2021 06.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Rəşad Məhəmməd oğlu Həsənov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi: Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, İddiaçı şirkətinin nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2(001)-1673/2018 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı şirkəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111.2 və 111.3 maddələrinin, “Yerin təki haqqında” Azərbaycan Respublikasının Qanununun 23-cü maddəsinin və Azərbaycan Respublikası Mülkü Məcəlləsinin 180-ci maddəsinin tələblərinə əsasən, Cavabdeh Şirkətin Saziş ərazisi hüdudları, 2 saylı mədənin 3-cü sahəsində yerləşən 236042, 236043, 236031, 236037, 236017 saylı neft quyusunun təhlükəsizlik zolağı daxilində inşa edilmiş özbaşına tikilidən çıxarılması, özbaşına tikilinin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin boşaldılaraq Şirkətin qanuni istifadəsinə qaytarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh tərəfindən İddiaçı şirkətinin saziş üzrə istifadəsinə verilmiş Kontrakt sahəsinin ərazisində 2 saylı mədənin 3-cü sahəsində yerləşən 236042, 236043, 236031, 236037, 236017 saylı neft quyusunun təhlükəsizlik zolağı daxilində lazımi icazələr alınmadan şəhərsalma və tikinti normaları və qaydaları ciddi surətdə pozulmaqla özbaşına tikili inşa edilmişdir. Tikinti şirkətinin ərazisində neft-qaz əməliyyatlarının həyata keçirilməsinə maneə yaratdığından İddiaçı şirkətinin qanunla qorunan hüquqları və Dövlət tərəfindən verilmiş təminatları kobud surətdə pozmuşdur. xx xxxxxxxx 2004-cü il tarixində “Azərbaycan Respublikasında Bınəqədı, Qırməkı, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayi, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti, X10 Bi.Vi. və ARDNŞ-nin Ortaq Neft Şirkəti arasında saziş imzalanmış və xx xxxxx 2005-ci il tarixində Azərbaycan Respublikasının Prezidentinin imzaladığı 901 saylı Qanuna əsasən Saziş qanun statusunu almışdır. Həmin Qanunun 4-cü bəndinə əsasən, bu Qanun qüvvəyə mindikdən sonra Saziş Hökümət təminatı və Əlavələr qanun olurlar. Sazişdə konkret surətdə başqa hallar göstərılməyıbsə, Saziş, Hökümət təminatı və Əlavələr Sazişin qüvvədə olduğu müddət ərzində bu Sazişə, Hökümət təminatına və Əlavələrə uyğun gəlməyən və ya zidd olan Azərbaycan Respublikasının hər hansı başqa mövcud və ya qəbul oluna biləcək qanunlarının, fərmanlarının, yaxud inzibatı sərəncamlarının (və ya onların hissələrinin) müddəalarından üstündür.Sazişin 2 və 8-cı maddələrinin və AZEN Oyl Kompanı Bİ. Vİ., ARDNŞ-nin Ortaq Neft Şirkəti (Podratçı Tərəflər) və Binəqədı OYL Kompanı Şirkətləri arasında imzalanmış X4 3-cü maddəsinin müddəalarına əsasən, Sazışin 2-ci Əlavəsində göstərilən koordinat perimetrləri daxilində ayrılmış Kontrakt sahəsində, Əməliyyat şirkəti qısmində fəaliyyət göstərən Şirkət neft-qaz əməliyyatlarının həyata keçirilməsi üçün müstəsna hüquq verilmişdir. Azərbaycan Respublikası Hökuməti tərəfindən Saziş üzrə verilən Təmmat və öhdəliklərin 1 (a) bəndində Hökumət Saziş üzrə ARDNŞ-nin verdiyi hüquqlara, o, cümlədən neft-qaz əməliyyatları üçün Podratçıya gərək olan torpaq sahələrindən istifadə etməsinə təminat verir. 1 (e) bəndində isə Hökumət təminat verir kı, Podratçı tərəflərin heç bir hüququ, mənafeyi və ya əmlakı Azərbaycan Respublikasının hər hansı hakimiyyət orqanlarının hər hansı hərəkətləri nəticəsində qəsb edilə, milliləşdirilə və ya başqa şəkildə özgə tərəfindən mənimsənilə bilməz. Cavabdeh dövlətin müstəsna mülkiyyətində olan sənaye təyinatlı torpaq sahəsinin qanunsuz zəbt etməklə Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 9, 11, 20, 22, 46, 48, 62, 65, 66, 67, 82-cı maddələrinin müddəalarını pozmuşdur. İddiaçı tələbin hüquqi əsası kimi, Azərbaycan Respublikası Mülkü Məcəlləsinin 180.1, 180.2, 180.3, 180.4 maddələrinə həmçinin “Memarlıq fəaliyyəti haqqında” Qanuna, “Torpaqların alqı-satqı Qaydaları”na, “Yerin təki haqqında” Qanuna, “Texniki təhlükəsizlik haqqında” Qanuna və digər normativ hüquqi aktlara istinad etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2(001)- 1673/2018 saylı qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh Şirkətin Saziş ərazisi hüdudları, 2 saylı mədənin 3-cü sahəsində yerləşən 236042, 236043, 236031, 236037, 236017 saylı neft quyusunun təhlükəsizlik zolağı daxilində və şirkətin saziş ərazisi hüdudları daxilində inşa edilmiş özbaşına tikilidən çıxarılması, tikilinin onun öz hesabına sökülməsi və ərazinin boşaldılaraq “X8” şirkətinin qanuni istifadəsinə qaytarılması qət edilmişdir. Birinci instansiya məhkəməsi iddianın təmin edilməsi barədə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh dövlətin müstəsna mülkiyyətində olan sənaye təyinatlı torpaq sahəsində, lazımi icazələr olmadan, şəhərsalma və tikinti normalarını və qaydalarını pozmaqla özünə yaşayış evi tikimşdir. Cavabdeh həmin özbaşına tikintiyə mülkiyyət hüququ əldə etməmişdir. Özbaşına tikilinin inşa edildiyi torpaq sahəsi halhazırda iddiaçının qanuni istifadəsindədir və iddiaçı həmin tikilinin sökülməsi tələbi ilə müraciət etmişdir. Məhkəmə gəldiyi nəticəni hüquqi cəhətdən Azərbaycan Respublikası Mülkü Məcəlləsinin 180-ci, Torpaq Məcəlləsinin 111-ci maddələrinin, Azərbaycan Respublikası Milli Məclisinin xx xxxxxxxx 2003-cü il tarixli Qanununun tələbləri ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşmayan cavabdeh apelyasiya şikayəti vermiş və şikayətini onunla əsaslandırmışdır ki, o, heç bir qanunsuz tikinti aparmamış, iddiaçının mübahisələndirdiyi torpaq sahəsi onun təsisçisi olduğu “Aysel” firmasına sahibkarlıq məqsədilə, NQÇU “Kirov neft”in xx.xx.1990-cı il tarixli razılıq məktubu nəzərə alınaraq, Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.1990-cı il tarixli qərarı ilə ayrılmış və o, həmin torpaq sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş, sonradan Bakı şəhər İcra Hakimiyyətinin xx xxxxxx 1991-ci il tarixli qərarı ilə həmin torpaq sahəsi və əmlaklar “Aysel” firmasının balansında yaradılmış “Boyat” firmasının balansına verilmiş və hal-hazırda da “Boyat” firmasının balansında və istifadəsindədir. İşə baxan birinci instansiya məhkəməsinə mübahisələndirilən torpaq sahəsi və tikililərin “Boyat” firmasının qanuni istifadəsində olması məhkəməyə təqdim edilmiş sənədlərlə məlum olsa da, məhkəmə həmin sənədlərə heç bir qiymət verməmiş, mübahisənin məhkəmə aidiyyəti qaydalarının pozulmasına əhəmiyyət vermədən qətnamə çıxardığından, qətnamə ləğv edilməli və iddia rədd edilməlidir. Cavabdeh məhkəmə kollegiyasının iclasında apelyasiya şikayətini müdafiə edərək, şikayətin dəlillərinə uyğun izahat verərək, mübahisələndirilən torpaq sahəsi və tikililərə dair hüquqmüəyyənedici sənədlərin surətini (Torpaq sahəsinin “Aysel” firmasına ayrılması barədə Bakı şəhər X5 İcraiyyə Komitəsinin xx xxxxxx 1990-cı il tarixli qərarı, “Azneft”, “Azərneft” İB, “Binəqədineft”in xx.xx.1999-cu il tarixli məktubları, Bakı şəhər X5 İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli Qərarı, torpaq sahəsinin ayrılması barədə 1991-ci il yanvar tarixli akt, qeyri-yaşayış sahəsinin xx.xx.2002-ci il tarixli Texniki pasportu, “Boyat” firmasının nizamnaməsi, “Boyat” firmasının Nizamnaməsinə dəyişiklik edilməsi barədə Qeydiyyat sənədi,”Boyat” firmasına dair Dövlət Reyestrindən Çıxarış) məhkəməyə təqdim edərək, qətnamənin ləğv edilib, iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iddiaçı “X9” şirkətinin nümayəndəsi X3 apelyasiya şikayətinə etiraz təqdim edərək, etirazın dəlillərinə uyğun izahat verərək, bildirdi ki, cavabdeh birinci instansiya məhkəməsinə dəvət edilsə də iştirak etməmiş və sübutlarını birinci instansiya məhkəməsinə təqdim etmədiyindən, onun apelyasiya icraatında təqdim etdiyi sübutlar qəbul edilməməli, iddia tələbində sökülməsi tələb olunan tikililər iddiaçının qanuni sahibliyində olan torpaq sahəsində özbaşına inşa edildiyindən həmin tikililərin sökülməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuş, ona görə də apelyasiya şikayətinin təmin edilməməsi və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kolegiyasi hesab edir ki, apelyasiya sikayəti qətnamənin ləğv edilərək, iddia tələbinin rədd edilməsinə yönəldildiyindən qətnamə tam yoxlanılmalıdir. Kollegiya apelyasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli yoxlayıb, tərəflərin izahatlarını qiymətləndirərək hesab edir ki, apelyasiya şikayəti qismən təmin olunaraq, qətnamə ləğv edilərək, iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmalıdır. İşin müəyyən olunmuş hallarına görə iddiaçı iddia tələbində Cavabdeh Şirkətin saziş ərazisi hüdudlarında, neft quyularının təhlükəsizlik zolağı daxilində inşa edilmiş özbaşına tikilidən çıxarılması, özbaşına tikilinin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin boşaldılaraq Şirkətin qanuni istifadəsinə qaytarılmasına dair qətnamə çıxarılması barədə müraciət etmiş və sübut qismində tikintinin fotoşəkillərini, ərazinin fotoşəkillərini və saziş ərazisinin xəritəsini təqdim etmişdir. Kollegiya qeyd edir ki, iddiaçı tərəfindən təqdim edilmiş sübutlarla həmin tikilinin Cavabdeh aid olması, onun tərəfindən qanunsuz tikilməsi müəyyən edilmir. Birinci instansiya məhkəməsinə təqdim edilmiş və iş materiallarının 31-ci vərəqəsində olan yanvar 1991-ci il tarixli aktla, iş vərəqi 33-də olan xx.xx.1991-ci il tarixli, dekabr 1990-cı il tarixli qərarlarla, iş vərəqi 35-də olan şəhadətnamə, iş vərəqi 36-da olan dövlət qeydiyyatı haqqında xx.xx.2015-ci il tarixli sənədlə, iş vərəqi 39-40-da olan reyestrdən çıxarışla müəyyən edilir ki, Cavabdeh “Aysel” kooperativi təsis etmiş və müraciət əsasında “Kirov neft” NQÇU-nun məktubu nəzərə alınaraq Bakı şəhər X5 İcraiyyə Komitəsinin xx xxxxxx 1990-cı il tarixli Qərarı ilə “Aysel” kooperativinə təsərrüfat fəaliyyəti üçün torpaq sahəsi ayrılmış və 0,52 ha torpaq sahəsi aktla kooperativə verilmiş, xx.xx.1991-ci il tarixdə isə Bakı şəhər X5 İcraiyyə Komitəsinin Qərarı ilə “Aysel” kooperativinin bütün əmlakları “Boyat” firmasının balansına verilmişdir. Qeyd edilən sənədlər birinci instansiya məhkəməsində işə baxılarkən iş materiallarında mövcud olsa da, məhkəmə həmin sənədlərə heç bir qiymət verməmiş, bu da cavabdehin apelyasiya şikayətinin əsas dəlili olduğundan, həmin dəlil qətnamənin ləğvi üçün əsas yaratmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsinin tələblərinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76-cı maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 218-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir. Qeyd edilən prosessual qanunvericiliyin tələblərini nəzərə alan kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi mübahisəni həll edərkən həmin tələbləri pozduğundan, qətnamə qanuni hesab edilmir. Kollegiya Cavabdeh apelyasiya icraatı zamanı təqdim etdiyi sənədləri və işdə olan sənədləri bir daha təhlil edib müəyyən etmişdir ki, Cavabdeh “Aysel” kooperativini təsis etmiş, sahibkarlıq fəaliyyətini həyata keçirmək üçün torpaq sahəsinin ayrılması barədə müraciət etmiş və Bakı şəhər X5 İcraiyyə Komitəsinin xx xxxxxx 1990-cı il tarixli Qərarı ilə kooperativə təsərrüfat fəaliyyəti üçün “Kirov neft” NQÇU-nun məktubu nəzərə alınaraq 0,52 ha torpaq sahəsi ayrılaraq, 1991-ci il tarixli aktla təhvil verilmiş, Bakı şəhər X5 İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli Qərarı ilə “Aysel” kooperativinin bütün əmlakları onun balansında yaradılmış “Boyat” firmasının balansına verilmiş, xx.xx.2002-ci ildə Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi BDTİ və MHQİ tərəfindən qeyri-yaşayış sahəsinin “Texniki pasportu” tərtib edilmişdir. (həmin texniki pasportun tərtib olunması üçün əsas Bakı şəhər X5 İcraiyyə Komitəsinin xx xxxxxx 1990-cı il tarixli 7/436 saylı Qərarı, “Azneft” İB-nin xx.xx.1999-cu il tarixli 1/60 saylı məktubu olmuşdur) Texniki pasportda sahibkar kimi “Boyat” firması qeyd edilmiş və firmanın istifadəsində olan ərazi 10432,4 kimi qeyd edilmişdir. Həmçinin müəyyən edilir ki, “Boyat” firması xx.xx.1999-cu il tarixdə qeydiyyata alınmış və təsisçilər Cavabdeh və X2r. Göstərilənlərdən aydın olur ki, iddiaçının mübahisələndirdiyi tikililər və torpaq sahəsi Cavabdeh deyil, “Boyat” firmasına məxsusdur. Kollegiya qeyd edir ki, iddiaçı irəli sürdüyü iddia tələbinə münasibətdə məhkəmə müdafiəsi hüququna malik olsa belə, həmin tələb buna cavab verməli olan şəxsə qarşı yönəldilmədiyindən və iddiaçı cavabdehin əvəz edilməsi üçün heç bir təşəbbüs göstərmədiyindən təmin edilə bilməz. İddianın əsaslılığı məsələsinə gəldikdə isə iddiaya cavab verməli olan subyektə qarşı tələb irəli sürüldüyü təqdirdə müvafiq məhkəmə qərar verə bilər. Nəzərə alınmalıdır ki, mülki işlər üzrə məhkəmə icraatı iddiaçının məhkəməyə təqdim etdiyi ərizə əsasında başlanan icraatdır və iddiasına cavab verməli olan subyekti müəyyənləşdirmək bilavasitə iddiaçının müstəsna hüququdur. Bu zaman həm də nəzərə alınmalıdır ki, mülki-prosessual qanunvericilik yalnız iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslərin cavabdeh hesab olunduğunu nəzərdə tutur (MPM-nin 50-ci maddəsi). Həmçinin qeyd olunmalıdır ki, Mülki Prosessual Məcəllənin 51-ci maddəsinə görə, başqa cavabdehin cəlb edilməsi zərurəti olarsa, məhkəmə qətnamə çıxarana kimi iddiaçının razılığı ilə həmin cavabdehi işə cəlb edə bilər, lakin digər cavabdehin işə qoşulması məsələsi hər bir halda iddiaçı tərəfindən ona qarşı tələb irəli sürülməsi qaydasında həyata keçirilməlidir. Həmin Məcəllənin 54-cü maddəsinə görə isə iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. İddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki tələb üzrə cavab verməli olan şəxs Cavabdeh deyil, “Boyat” firması olmalıdır. Lakin apellyasiya icraatı mərhələsində əsl olmayan cavabdehin əsl cavabdehlə əvəz olunması mümkün olmadığından, iddiaçı hazırki tələblə “Boyat” firmasına qarşı yeni iddia qaldırmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə görə, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən isə apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna əsasən kollegiya hesab edir ki, iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumlarının məbləğləri iddiaçının özünə aid olunmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2(001)-1673/2018 saylı qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı şirkətinin Cavabdeh qarşı Cavabdeh Şirkətin Saziş ərazisi hüdudları, 2 saylı mədənin 3-cü sahəsində yerləşən 236042, 236043, 236031, 236037, 236017 saylı neft quyusunun təhlükəsizlik zolağı daxilində inşa edilmiş özbaşına tikilidən çıxarılması, özbaşına tikilinin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin boşaldılaraq Şirkətin qanuni istifadəsinə qaytarılması tələbinə dair iddiası rədd edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Rəşad Həsənov Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2(103)-3498/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3498/2021
06.04.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver