Məhkəmə qərarları › İş №2(103)-350/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-350/2025

30.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-350/2025 30.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh Şirxan oğluna qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-350/2025 (Açar sözlər: borcun ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X3 və X2 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi İddiaçının nümayəndəsi X4 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “müqavilə üzrə borcun ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-2711/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə 30 yanvar 2025-ci il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1.İddiaçı MMC (“Satıcı”) və Cavabdeh (“Alıcı”) arasında Avtomobil Alqı-satqısına dair xx.xx.2022-ci il tarixli B-296-AAE-22 saylı Müqavilə imzalanmışdır. Müqaviləyə əsasən satıcı dəyəri ƏDV daxil 103730 manat müəyyən edilən Changan UNİ-K markalı, buraxılış ili 2022 olan (VİN: LS4ASE2A8NA707139, rəngi tünd göy) avtonəqliyyat vasitəsi Satıcı tərəfindən Alıcının istifadəsinə verilmişdir.

2. Cavabdeh müqavilə üzrə həyata keçirməli olduğu aylıq ödənişlərini icra etməmiş, nəticədə iddiaçı həmin müqaviləyə cavabdehin öhdəliklərin lazımi qaydada icra etməməsi səbəbindən birtərəfli qaydada xitam vermişdir.

3. Cavabdeh müqavilə predmetini (avtomobili) xx.xx.2023-cü il tarixdə iddiaçıya təhvil vermişdir.

4. İddiaçı hazırda cavabdehdən avtomobilin təhvil verildiyi tarixədək, yəni xx.xx.2023-cü il tarixədək müqavilə üzrə ödənilməli olan 7904 manat əsas borc, 4850 manat cərimə borcu (dəbbə pulu) və avtomobilin amortizasiyası nəticəsində dəyərdən düşməsi ilə iddiaçıya dəymiş real zərər olaraq 15559,50 manat olmaqla, ümumilikdə 28313,50 manat pul vəsaitinin və ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulmasını xahiş edir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı MMC Cavabdeh qarşı “müqavilə üzrə borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC və Cavabdeh arasında imzalanmış xx.xx.2022-ci il tarixli B-296-AAE-22 saylı Müqavilə üzrə 15988 manat məbləğində borcun və ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. Daha sonra, iddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC və Cavabdeh arasında imzalanmış xx.xx.2022-ci il tarixli B- 296-AAE-22 saylı Müqavilə üzrə İddiaçı MMC-yə dəymiş zərərin, yəni əldən çıxmış fayda kimi 11138 manat ödənilməyən məbləğ, 4850 manat cərimə borcu (dəbbə pulu), avtomobilin amortizasiyası nəticəsində dəyərdən düşməsi ilə iddiaçıya dəymiş real zərər olaraq 15559,50 manat olmaqla ümumilikdə 31547,50 manat pul vəsaitinin və ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Daha sonra, iddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC və Cavabdeh arasında imzalanmış xx.xx.2022-ci il tarixli B- 296-AAE-22 saylı Müqavilə üzrə İddiaçı MMC-yə dəymiş zərərin, yəni əldən çıxmış fayda kimi 7904 manat ödənilməyən məbləğ, 4850 manat cərimə borcu (dəbbə pulu), avtomobilin amortizasiyası nəticəsində dəyərdən düşməsi ilə iddiaçıya dəymiş real zərər olaraq 15559,50 manat olmaqla, ümumilikdə 28313,50 manat pul vəsaitinin və ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. İddiaçı tələbini belə əsaslandırmışdır ki, İddiaçı MMC (“Satıcı”) və Cavabdeh (“Alıcı”) arasında Avtomobil Alqı-satqısına dair xx.xx.2022-ci il tarixli B-296-AAE-22 saylı Müqavilə imzalanmışdır. Müqaviləyə əsasən satıcı dəyəri ƏDV daxil 103730 manat müəyyən edilən Changan UNİ-K markalı, buraxılış ili 2022 olan (VİN: LS4ASE2A8NA707139, rəngi tünd göy) avtonəqliyyat vasitəsi Satıcı tərəfindən Alıcının istifadəsinə verilmişdir. Müqavilənin 2.1-ci bəndinə əsasən, cavabdeh 6710 manat ilkin ödəniş etmiş, qalıq borc sayılacaq 97020 manat məbləği isə xx.xx.2022-ci il tarixindən etibarən 60 ay müddətinə, ayda 1617 manat olmaqla ödəməyi öz öhdəsinə götürmüşdür. İddiaçı MMC tərəfindən müqavilə üzrə öhdəliklərinin tam şəkildə icra edilərək nəqliyyat vasitəsinin cavabdehə qüsursuz şəkildə təhvil verilməsinə baxmayaraq, Cavabdeh tərəfindən Müqavilə üzrə ödəniş öhdəlikləri vaxtında icra edilməmişdir (sonuncu ödəniş xx.xx.2023-cü il tarixində olmuşdur). Öhdəliklərinin yerinə yetirilməyəcəyi təqdirdə tərəflərindən xx.xx.2022-ci il tarixli B296-AAE-22 saylı müqavilənin 3.2-ci bəndinə əsasən müqaviləyə birtərəfli qaydada xitam veriləcəyi barədə cavabdehə xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubu göndərilmişdir. Qarşı tərəfin öhdəliyini icra etməməsi səbəbindən xx.xx.2023-cü il tarixli növbəti xəbərdarlıq məktubu ilə tərəflərindən xx.xx.2022-ci il tarixli B-296-AAE-22 saylı müqaviləyə birtərəfli qaydada xitam verilmişdir. Müqaviləyə xitam verilən tarixədək cavabdeh tərəfindən ödəniş öhdəliklərinin vaxtında həyata keçirilməməsini nəzərə alaraq bildirirlər ki, Cavabdeh İddiaçı MMC qarşısında B-296-AAE- 22 saylı Müqavilə üzrə 15988 manat məbləğində maliyyə öhdəliyi yaranmışdır. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.4-cü maddəsi rəhbər tutularaq, 15988 manat məbləğində borcun ödənilməsi tələbi ilə iddiaçı tərəfindən cavabdehə dəfələrlə müraciətlər edilmişdir. Lakin, edilən müraciətlərə cavabdeh tərəfindən heç bir məhəl qoyulmamış, borcun ödənilməsi istiqamətində heç bir tədbir görülməmişdir. Tərəflər arasında imzalanmış xx.xx.2022-ci il tarixli B-296-AAE-22 saylı Müqavilənin 3.2.2, 3.2.5, 3.2.6 və 3.2.7-ci bəndlərinə əsasən, müqavilə bağlandığı tarixdən etibarən Alıcı Müqavilə üzrə müvafiq ödənişləri tam və vaxtında icra etməzsə, yaxud Satıcıya Müqavilə üzrə ödənişləri tam və vaxtında icra etməzsə, yaxud Satıcıya Müqavilənin tam məbləğini ödəmək üçün maliyyə qabiliyyəti haqqında mötəbər sübutu təqdim etməzsə, Satıcı müqaviləyə birtərəfli qaydada xitam vermək hüququna malikdir. Alıcı bundan imtina etdiyi təqdirdə, Satıcı məhkəmə yolu ilə bu məbləği tələb edəcəkdir. Həmin Müqavilənin 2.5-ci bəndinə əsasən “Alıcı nəqliyyat vasitəsinin dəyərini hazırkı müqavilənin ayrılmaz tərkib hissəsi olan 2.1-ci bəndinə uyğun olaraq “Satıcı”ya ödəməlidir. Gecikdirilən hər gün üçün X5 aylıq ödənişinin 1 faizi həcmində cərimə (dəbbə pulu) ödəyəcəkdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərkən bildirmişdir ki, cavabdeh tərəfindən avtomobil 2023-cü ilin oktyabr ayında iddiaçıya təhvil verilmişdir.

9. Birinci instansiya məhkəməsində keçirilmiş məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirmişdir ki, iddianı qəbul etmir. Avtomobil üçün 6710 manat ilkin ödəniş etmişdir. 5 il ərzində hər ay 1617 manat ödəniş etməli idi. Ümumilikdə ilkin ödəniş çıxılmaqla, 11000 manatdan çox ödəniş etmişdir. İddiaçı tərəflə şifahi razılaşmaya əsasən bəzən 2-3 aydan bir ödənişləri həyata keçirmişdir. Daha sonra, maddi vəziyyəti ilə əlaqədar ödənişləri həyata keçirə bilməmişdir. İddiaçı tərəf avtomobili təhvil verməyi tələb etmiş, o isə avtomobili təhvil vermişdir. Avtomobili şəxsi istifadə üçün almışdır. Maşının dəyəri 69900 manat olmuşdur.

10. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-2711/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakim Kərim Xudayev) iddia rədd edilmişdir.

11. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 600.4 və 600.5-ci maddələrinə, Azərbaycan Respublikası Prezidentinin 11 aprel 2007-ci il tarixli 564 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınar əmlakın rəsmi reyestrlərində qeydiyyata alınan əmlak növlərinin və onların qeydiyyatını aparan icra hakimiyyəti orqanlarının” Siyahısının 2-ci bəndinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 mart tarixli 39 nömrəli qərarı ilə təsdiq edilmiş “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında” Əsasnaməyə, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 119.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apelyasiya şikayətinin dəlilləri

12. Qətnamədən iddiaçı apelyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

13. Apelyasiya şikayətində göstərilmişdir ki, məhkəmə hesab etmişdir ki, “müqavilənin predmetini daşınar əşya kimi avtomobil təşkil etdiyi üçün və imzalanmış müqavilə dövlət yol polisində rəsmiləşdirilmədiyi üçün tərəflər arasında etibarlı alqı-satqı müqaviləsi bağlanılmamışdır. Belə olan halda isə iddiaçının müqaviləyə əsaslanmaqla pul tələb etməsi əsassızdır.” Halbuki etibarlı bir əqdin yaranması üçün hər şeydən əvvəl əqdi əmələ gətirən iradə mövcud olmalıdır. İradənin mövcudluğu üçün isə anlaqlılığın olması zəruridir. Şəxsin iradəsini əmələ gətirən onun anlaqlılığıdır, anlaqlılıq olmadığı təqdirdə şəxsin formalaşmışi radəsindən də bəhs oluna bilməz. Həm iş materiallarından, həm də tərəflərin məhkəmə iclaslarında verdikləri izahatlardan məlum olmuşdur ki, hər iki tərəf Changan UNİ-Kmodelli, buraxılış ili 2022 olan nəqliyyat vasitəsinin alqı-satqısına dair xx.xx.2022-ci il tarixli B-296-AAE-22 saylı müqavilə imzaladıqlarını və avtomobilin cavabdehin istifadəsinə verilməsi faktını təsdiq etmişdirlər. Eyni zamanda, cavabdeh tərəfindən nəqliyyat vasitəsinin istifadəyə qəbul edilməsi və xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2023-cü il,xx.xx.2023-cü il tarixlərində müqavilə üzrə ödənişlərin həyata keçirilməsi, cavabdehin əqdi əmələ gətirən iradəsinin mövcud olduğunu bir daha təsdiq etmişdir. Başqa sözlə, tərəflər arasında faktiki olaraq avtomobilə dair müqavilədə qeyd olunan münasibətlər yaranmışdır. Bu səbəbdən,hesab edirik ki, tərəflər arasında imzalanmış müqavilə etibarsız hesab edilə bilməz. Lakin, sözügedən əqd etibarsız hesab olunsa belə, hər iki tərəfin həmin əqdi təsdiq etməsini nəzərə alaraq, tərəflər onlara çatası hər şeyi bir-birinə verməyə borclu idilər. Bu səbəbdən Məhkəmə əqdietibarsız hesab etdiyi halda, Mülki Məcəllənin 337.5-ci maddəsinin tələblərini də nəzərə almalı idi. Lakin, məhkəmə tərəfindən sözügedən hallar nəzərə alınmamış və bu səbəbdən işə düzgün hüquqi qiymət verilməmişdir. Yasamal rayon Məhkəməsi qətnamə qəbul edərkən işin faktiki hallarına diqqət yetirməmiş və hər tərəfli araşdırmamışdır. Beləki, məhkəmə nəzərə almalı idi ki, tərəflər arasında baş tutan münasibətlərin xarakteri və şərtləri alqı-satqı müqaviləsindən daha çox, lizinq müqaviləsinin elementlərini özündə əks etdirir. Lizinq müqavilə münasibətlərində də olduğu kimi, cavabdeh tərəfindən avtomobilə görə müqavilədə qeyd olunan aylıq ödənişlər ödənilməyə başlamış, bu əsnada avtomobil üzərində mülkiyyət hüququ iddiaçıda olmuş, cavabdeh həmin avtomobili etibarnamə əsasında sürmüş, yalnız ödənişləri həyata keçirib qurtardıqdan sonra avtomobil üzərində mülkiyyət hüququnun cavabdehə keçməsi razılaşdırılmışdır. Bu mənada məhkəmə mübahisəyə lizinq müqaviləsi münasibətlərini tənzimləyən maddi hüquq normaları baxımından qiymət verilməli idi. İşin hallarından göründüyü kimi, məhz cavabdeh müqavilə üzrə öhdəliyini pozduğu, yəni aylıq ödənişləri həyata keçirmədiyi üçün iddiaçı avtomobili cavabdehdən geri alaraq müqavilədən birtərəfli qaydada imtina etmiş, onun müqavilədən birtərəfli qaydada imtina etməsi və avtomobili geri alması isə həm müqavilənin şərtlərinə, həm də qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə uyğun olmuşdur. Buna görə də hesab edir ki, cavabdeh, müqaviləyə xitam verilən (avtomobilin ondan geri alındığı) tarixədək icra etməli olduğu öhdəliyin icrasından, yəni ödəməli olduğu pul vəsaitlərinin ödənilməsindən yayına bilməz. Məhkəmənin digər yanaşması ondan ibarət olmuşdur ki, nəqliyyat vasitəsini Alıcıdan geri aldıqdan sonra Satıcı yalnız avtomobilə dəymiş real zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Lakin hesab edir ki, məhkəmənin bu qaydada olan yanaşması iddiaçının hüquqlarının məhdudlaşdırılmasına və kobud şəkildə pozulması gətirib çıxara bilər. Buna görə də formal bərabərlik baxımından müqavilədə onun qüvvədə olma müddətinin qurtarması ilə tərəflərin müqavilə üzrə öhdəliklərinin də xitamına səbəb olan şərt yoxdursa (yəni tərəflər MM-in 399.3-cü maddəsi ilə onlara təklif olunan dispozitiv hüquqdan istifadə etməmişlərsə), bir qayda olaraq, müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. İstənilən halda məhkəmələr bu kimi məsələlərə baxarkən müqavilə azadlığı, azad sahibkarlıq fəaliyyəti, sosial dövlət və s. kimi müxtəlif konstitusiya dəyərləri arasında balansı gözləməli, işlə əlaqədar hər hansı qərarı qəbul etməmişdən əvvəl onun iqtisadi və sosial nəticələrini qabaqcadan görməlidirlər.” Yasamal rayon Məhkəməsi qətnamə qəbul edərkən maddi hüquq norması kimi Mülki Məcəllənin 600.4-cü maddəsinə əsaslanaraq qeyd etmişdir ki,“Bundan sonra, iddiaçının artıq xitam verilmiş müqavilə üzrə müqaviləyə xitam verilən tarixədək alıcı tərəfindən ödənilməli olan məbləğləri tələb etməsi əsassızdır. Belə olduğu təqdirdə, iddiaçı yalnızca avtomobilin alıcının istifadəsində olduğu müddət ərzində avtomobilə hər hansı zərər dəymişsə onu tələb edə bilər” – Hakim bu əsasla qətnamə qəbul edərkən yuxarıda qeyd edilən müddəaları, həmçinin Mülki Məcəllənin 21-ci və 399.3-cü maddələrini nəzərə almamış və nəticə etibarı ilə iddiaçının “dəymiş zərərin əvəzinin tələb edilməsi”nə dair hüquqlarını məhdudlaşdırmışdır.

b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

15 Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. İzahatında bildir ki, iddia üzrə tələb olunan 7904 manat pul müqavilə üzrə ödənilməli olan, avtomobilin cavabdeh tərəfindən təhvil verildiyi anadək hesablanmış əsas borcdur.

16. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat verməmişdir.

17. İşin halları, eləcə də şikayətə işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmasının mümkünlüyü nəzərə alınaraq məhkəmə kollegiyası tərəfindən Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi

18. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

19. Maddə 14.2.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.

20. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

21. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

22. Maddə 181.1. Daşınar əşyaya mülkiyyət hüququnun əldə edənə verilməsi üçün mülkiyyətçi əşyaya sahibliyi həqiqi hüquq əsasında ona verməlidir.

23. Maddə 181.2. Əşyanın verilməsi bunlardır: əşyanın əldə edənin birbaşa sahibliyinə verilməsi, əşyaya dolayı sahibliyin müqavilə üzrə verilməsi, bu zaman əvvəlki mülkiyyətçi birbaşa sahib kimi qala bilər; mülkiyyətçinin üçüncü şəxsdən sahibliyi tələb etmək hüququnu əldə edənə verməsi.

24. Maddə 181.4. Mülkiyyətçisi olan əmlaka mülkiyyət hüququ başqa şəxs tərəfindən alğısatqı, dəyişdirmə, bağışlama müqaviləsi və ya bu əmlakın özgəninkiləşdirilməsinə dair digər əqd əsasında əldə edilə bilər.

25. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.

26. Maddə 351.1. Əhəmiyyətsiz əqd onun bağlandığı andan etibarsızdır.

27. Maddə 351.2. Əgər əhəmiyyətsiz əqdi bağlamış şəxs onu təsdiq edərsə, onun hərəkətləri əqdin yenidən bağlanması kimi qiymətləndirilir.

28. Maddə 351.3. Əgər əqdi onun barəsində mübahisə etmək hüququna malik şəxs təsdiq edirsə, bununla o, mübahisə etmək hüququnu itirir.

29. Əgər 351.4. Əgər əhəmiyyətsiz ikitərəfli əqdi hər iki tərəf təsdiq edirsə, şübhələrin olduğu halda onlar, əgər əqd lap əvvəldən etibarlı olsaydı, onlara çatası hər şeyi bir-birinə verməyə borcludurlar.

30. Maddə 351.5. Təsdiqetmə yalnız o zaman etibarlı olur ki, müqavilə və ya əqd əxlaq tələblərinə zidd olmasın və üçüncü şəxslərin mənafelərini pozmasın.

31. Maddə 385. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

32. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

33. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

34. Maddə 390.2. Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir.

35. Maddə 394. Bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir.

36. Maddə 399.4. Müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir.

37. Maddə 406.1. Müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin.

38. Maddə 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür;

39. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur

40. Maddə 422.1. Tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur.

41. Maddə 423.1. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır.

42. Maddə 425. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

43. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir.

44. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

45. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

46. Maddə 567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

47. Maddə 600.1. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427- ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

48. Maddə 650. Rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyalara daşınmaz əşyaların alqı-satqısı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir.

49. Maddə 747.1. Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur.

50. Maddə 748-1.12.4. Lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmədikdə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır.

51. Maddə 748-10.2. Lizinq ödənişlərinin məbləği, həyata keçirilməsi üsulu, forması və dövriliyi lizinq müqaviləsinə uyğun olaraq bu Məcəllənin müddəaları nəzərə alınmaqla həyata keçirilir.

52. Madə 748-1.8. Lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır.

53. Maddə 748-2.1. Lizinq alana müvəqqəti sahibliyə və ya istifadəyə verilmiş lizinq obyekti lizinq verənin mülkiyyətidir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 mart 1999-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında” Əsasnamə

54. Bənd 1.2. Bütün fiziki və hüquqi şəxslər mühərrikinin işçi həcmi 50 kub. santimetr və daha çox, konstruktiv maksimal sürəti saatda 50 km-dən artıq olan bütün tipli, markalı və modelli mexaniki nəqliyyat vasitələrini Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində Dövlət qeydiyyatından keçirməlidirlər.

55. Bənd 1.6. Nəqliyyat vasitələrinin dövlət qeydiyyatını aparan orqanlar (dövlət yol polisi) nəqliyyat vasitələrinin dövlət qeydiyyatı üzrə uçota alınması işi ilə bağlı, həmçinin nəqliyyat vasitələrinin qeydiyyatını, özgəninkiləşdirilməsinin sənədləşdirilməsini həyata keçirirlər.

56. Bənd 4.3. Nəqliyyat vasitəsinin sahibi dəyişdikdə təkrar qeydiyyat mülkiyyətçinin ərizəsi və bu Əsasnamənin 2.9.-cu bəndində sadalanan müvafiq sənədlərdən birinin əsasında 2.8-ci bəndinə müvafiq qaydada aparılır.

57. Bənd 4.3-1. Nəqliyyat vasitəsinin icarə və ya digər əşya hüquqlarına dair müqaviləni, yaxud nəqliyyat vasitəsindən istifadə edilməsi və ya ona dair sərəncam verilməsi hüquqları ilə bağlı etibarnaməni təsdiq edərkən, notarius müqavilənin və ya etibarnamənin təsdiq edilməsi barədə, habelə bu Əsasnamənin 2.8-3-cü bəndində nəzərdə tutulmuş məlumatları dərhal Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə göndərir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi texniki vasitələrdən istifadə etməklə, həmin məlumatı 1 (bir) gün müddətində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə göndərir. Daxil olmuş məlumat əsasında Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi 3 (üç) gün müddətində nəqliyyat vasitəsinin təkrar dövlət qeydiyyatını həyata keçirir və müvafiq məlumatı daşınar əmlakın rəsmi reyestrinə daxil edir. Nəqliyyat vasitəsinin icarə və ya digər əşya hüquqlarına dair müqavilə notarius tərəfindən təsdiq edilmədikdə, nəqliyyat vasitəsinin təkrar dövlət qeydiyyatı bu Əsasnamədə nəzərdə tutulmuş ümumi qaydada həyata keçirilir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

58. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

59. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

60. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

61. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi;

62. 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

63. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

64. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Hazırda iddiaçı tərəfindən tam mübahisələndirilərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi xahiş edildiyindən, qətnamə bütövlükdə yoxlanılır.

65. Hazırki apellyasiya baxışının predmetini qətnamənin bütövlükdə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

66. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia qisməmn təmin edilməlidir

67. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış münasibətlərin mahiyyətini qiymətləndirməkdə səhvə yol vermiş, tətbiq edilməli olan maddi hüquq normalarını düzgün müəyyənləşdirməmiş, bu səbəblə düzgün olmayan nəticəyə gəlmişdir.

68. Belə ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır.

69. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 02 aprel 2021-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir”.

70. Qanunvericilikdə bütün əqdlər üçün tələb olunan etibarlılıq şərtləri ilə yanaşı, yalnız müəyyən növ əqdlər baxımından tələb olunan xüsusi etibarlılıq şərtləri də nəzərdə tutulmuşdur. Predmetini avtomobilin təşkil etdiyi alqı-satqı müqaviləsi baxımından isə xüsusi etibarlılıq şərti olaraq onun notarial qaydada bağlanmalı olduğu müəyyənləşdirilmişdir (§ 35, 48). Bundan başqa məhkəmə qeyd edir ki, mövcud qanunvericilikdə nəqliyyat vasitələrinə dair alqı-satqı müqavilələrinin digər formada (dövlət yol polisi orqanında) bağlanması da nəzərdə tutulmuşdur. (§ 53, 54).

71. İşin hallarından aydın olur ki, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqavilə notarial qaydada təsdiqlənməmişdir, nə də dövlət yol polisi orqanında bağlanmamışdır – bu isə o deməkdir ki, əslində həmin müqaviləni etibarlı alqı-satqı müqaviləsi kimi qiymətləndirmək mümkün deyildir.

72. Bununla yanaşı hazırkı işin halları baxımından nəzərə alınmalıdır ki, hər iki tərəf, Changan UNİ-K markalı, buraxılış ili 2022 olan (VİN: LS4ASE2A8NA707139, rəngi tünd göy) avtonəqliyyat vasitəsinə dair xx.xx.2022-ci il tarixli müqaviləni imzaladıqlarını (bağladıqlarını) təsdiq edirlər və avtomobil müqavilə bağlandıqdan sonra cavabdehin istifadəsinə verilərək onun tərəfindən xx.xx.2022-ci il tarixdə 6710 manat məbləğində ilkin ödəniş və müxtəlif tarixlərdə digər ödənişlər həyata keçirilmişdir.

73. Başqa sözlə, tərəflər arasında faktiki olaraq avtomobilə dair müqavilədə qeyd olunan münasibətlər yaranmışdır və bu baxımdan kollegiyanın qənaətinə görə onlar, əgər iddiaçının iddia tələbini əsaslandırdığı əqd lap əvvəldən etibarlı olsaydı, onlara çatası hər şeyi bir-birinə verməyə borcludurlar (§ 27, 28, 29).

74. Kollegiya hesab edir ki, tərəflər arasında baş tutan münasibətlərin xarakteri və şərtləri alqı-satqı müqaviləsindən daha çox, lizinq müqaviləsinin elementlərini özündə əks etdirir.

75. Belə ki, lizinq müqavilə münasibətlərində də olduğu kimi, cavabdeh tərəfindən avtomobilə görə müqavilədə qeyd olunan aylıq ödənişlər ödənilməyə başlamış, bu əsnada avtomobil üzərində mülkiyyət hüququ iddiaçıda olmuş, cavabdeh həmin avtomobili etibarnamə əsasında sürmüş, yalnız ödənişləri həyata keçirib qurtardıqdan sonra avtomobil üzərində mülkiyyət hüququnun cavabdehə keçməsi razılaşdırılmışdır.

76. Bu mənada kollegiyanın qənaətinə görə, mübahisəyə lizinq müqaviləsi münasibətlərini tənzimləyən maddi hüquq normaları baxımından qiymət verilməlidir.

77. İşin hallarından göründüyü kimi, məhz cavabdeh müqavilə üzrə öhdəliyini pozduğu, yəni aylıq ödənişləri ödəmədiyi üçün iddiaçı avtomobili cavabdehdən geri alaraq müqavilədən birtərəfli qaydada imtina etmiş, onun müqavilədən birtərəfli qaydada imtina etməsi və avtomobili geri alması isə həm müqavilənin şərtlərinə, həm də qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə uyğun olmuşdur.

78. Buna görə də kollegiya hesab edir ki, cavabdeh, müqaviləyə xitam verilən (avtomobilin ondan geri alındığı) tarixədək icra etməli olduğu öhdəliyin icrasından, yəni ödəməli olduğu lizinq ödənişlərinin ödənilməsindən yayına bilməz.

79. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2023-cü il 29 mart tarixli Qərarında vurğulanmışdır ki, kredit müqaviləsi üzrə öhdəliyin pozulması səbəbindən kreditorun MM-in 447.1-ci maddəsinə əsasən müqavilədən imtina etdiyi təqdirdə, həmin anadək gecikdirilmiş annuitet ödənişlərinə yaranmış tələb müqavilənin ləğvindən sonra da qüvvədə qalır. Bu öhdəlik müqavilənin ləğv edilməsindən əvvəl yarandığı üçün kreditor onun ödənilməsini tələb etməkdə haqlıdır. Həmçinin, bir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə pozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (kontragentin) müqaviləni ləğv etməsi onun məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququndan məhrum olunması, hüquqa zidd hərəkət edən şəxsin isə mülki məsuliyyətdən azad edilməsi kimi qiymətləndirilə bilməz. Bu halda kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş əlavə müddət bitənədək (ləğv anınadək) pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər.

80. Apellyasiya baxışı zamanı Cavabdeh qeyd edilən müqavilə üzrə xx.xx.2023-cü il tarixinə olan əsas borcu və ona hesablanmış cərimə borcunun, eləcə də əldən çıxmış fayda məbləğinin (cavabdehin etdiyi bütün ödənişlər nəzərə alınmaqla) nə qədər olmasının araşdırılması məqsədilə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, nəticədə AR ƏN Məhkəmə Ekspertiza Mərkəzindən daxil olmuş xx.xx.2024-cü il tarixli ......9/7979/2024 saylı ekspert rəyi ndə qeyd edilmişdir ki, Cavabdeh iddiaçı "xxxx" MMCyə xx.xx.2023-cü tarixə olan ödənilməmiş əsas borcu (19404-11500) 7904 manat və həmin müqavilənin şərtlərinə əsasən ödənilməli olan cərimə borcu 3039,96 manat təşkil edir. Tərəflər arasında bağlanmış müqavilədə əldən çıxmış fayda ilə bağlı hər hansı qeyd olmadığından bu hissədə araşdırma aparılmamışdır.

81. Kollegiya qeyd edir ki, məhkəmə iclası zamanı iddiaçı tərəf də iddia ərizəsində qeyd olunan 7904 manat pul məbləğinin müqaviləyə xitam verilən anadək hesablanmış əsas borc olduğunu bildirmişdir.

82. Ekspert rəyi ilə cavabdehin müqavilə üzrə müvafiq tarixə olan cərimə borcunun 3039, 96 manat olduğu müəyyən edilsə də, kollegiya hazırki işin halları baxımından cavabdehdən 500 manat cərimənin tutulmasını məqsədəmüvafiq hesab edir.

83. Beləliklə, kollegiya qeyd edilənləri və ekspert rəyinin mötəbərliliyini təkzib edəcək hər hansı dəlil və sübutun olmadığını nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən əsaslı hesab olunmalı, cavabdehin xx.xx.2022-ci il tarixli müqavilə üzrə müqaviləyə faktiki xitam verildiyi, yəni avtomobilin ondan geri alındığı xx.xx.2023-cü il tarixinə qədər ödəməli olduğu ödənişlər, yəni 7904 manat əsas və 500 manat cərimə borcu olmaqla, cəmi 8404 manat ondan iddiaçının xeyrinə tutulmalıdır.

84. İddinın amortizasiya xərci ilə bağlı hissəsinə münasibətdə kollegiya bildirir ki, Mülki Məcəllənin normalarına görə lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır. Göründüyü kimi lizinq müqaviləsinə xitam verilməsi ilə əlaqədar llizinq alan obyekti lizinq verənə geri qaytardıqda onun istifadədən dolayı normal köhnəlməsi nəzərə alınmalıdır, başqa sözlə lizinq verən normal köhnəlməyə məruz qalan obyektə görə lizinq alandan hər hansı zərər tələb etməkdə haqlı deyildir. Bu baxımdan hazırda iddiaçı avtomobilin istismarı ilə əlaqədar cavabdehdən amortizasiya xərci qismində 15559,50 manat məbləğ tələb etsə də, avtomobilin istifadədə olduğu müddət ərizində normadan çox köhnəlməyə məruz qaldığını əsaslandıracaq hər hansı tutarlı dəlil və ya sübut məhkəməyə təqdim etməmişdir. Buna görə də həmin hissədə iddia əsassız hesab edilməlidir.

85. Kollegiya diqqətə çatdırır ki, məhkəmə aktlarının əsaslandırılmış olması iş üzrə tərəflərdə qəbul edilmiş qərarın qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir. Eyni zamanda, məhkəmə aktı elə şəkildə tərtib olunmalıdır ki, onun qanuniliyini yoxlayan yuxarı instansiya məhkəməsi ifadə olunmuş qənaətin əsaslı olub-olmadığını, habelə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilmədiyini müəyyənləşdirə bilsin.

86. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).

87. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

88. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.

89. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

90. Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

91. Həmin Məcəllənin 113.1-ci maddəsinə görə iddia verilən zaman qiymət qoyulması çətinlik törədən iddialar üzrə, habelə iddianın qiyməti düzgün göstərilmədiyi hallarda dövlət rüsumunun miqdarı hakim tərəfindən müəyyən edilən iddia qiymətinə müvafiq hesablanır, sonradan isə rüsumun kəsiri məhkəmə tərəfindən iş həll olunarkən müəyyən edilmiş iddia qiymətinə müvafiq olaraq alınır. 113.2-ci maddəsinə görə iddia tələbləri artırıldıqda, rüsumun kəsir məbləği artırılmış iddia qiymətinə müvafiq olaraq ödənilir.

92. İş materiallarından görünür ki, iddiaçı hazırki işlə bağlı ilk dəfə məhkəməyə müraciət edərkən rüsum ödəmiş, sonradan iddianın həcmini qaldırdıqdan sonra rüsumun kəsir qalan hissəsinə dair ödəmə aparmamışdır. Bu səbəbdən kollegiya hesab edir ki, rüsumun ödənilməmiş hissəsi iddiaçıdan dövlət büdcəsinin xeyrinə tutulmalı və sonuncu iddia qiymətinə uyğun ödənilməli olan rüsum nəzərə alınmaqla, həmin məhkəmə xərci təmin edilmiş tələbə müvafiq surətdə tərəflər arasında bölüşdürülməlidir.

93. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apelyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-2711/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia qismən edilsin. Cavabdeh müqavilə öhdəliyi üzrə 7904 (yeddi min doqquz yüz dörd) manat əsas, 500 (beş yüz) manat cərimə borcu olmaqla, cəmi 8404 (səkkiz min dörd yüz dörd) manat pul tutularaq İddiaçınə ödənilsin. İddia tələbi qalan hissədə təmin olunmasın. Apellyasiya icraatı zamanı keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının xərci olan 200 (iki yüz) manat pulun 59 (əlli doqquz) manatı Cavabdeh, qalan 141 (bir yüz qırx bir) manatı isə İddiaçındən alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (X1 kod: 2100005, VÖEN **********, müxbir hesabı: AZ41NABZ ********************, SFİFT BİK: CTREAZ22, VÖEN: **********, hesab: AZ34CTRE ********************) keçirilsin. İddia tələbinin artırılmasına görə əlavə olaraq ödənilməli olan 37 (otuz yeddi) manat dövlət rüsumu İddiaçındən alınaraq Dövlət büdcəsinə köçürülsün. İddia ərizəsinin verilməsi üçün ödənilməli olan 175 (bir yüz yetmiş beş) manat dövlət rüsumunun 52 (əlli iki) manatı Cavabdeh tutularaq İddiaçınə ödənilsin, qalan məbləğ iddiaçının özünə aid edilsin. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş 87 (səksən yeddi) manat rüsumun 26 (iyirmi altı) manatı Cavabdeh tutularaq İddiaçınə ödənilsin, qalan məbləğ iddiaçının özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar