Məhkəmə qərarları › İş №2(103)-3505/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3505/2025

05.08.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3505/2025 05.08.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “istifadə hüququna kompensasiya verməklə xitam verilməsi və mənzildən çıxarılma” tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “istifadə hüququna kompensasiya verməklə xitam verilməsi və mənzildən çıxarılma”) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şanmil oğlu və X3 ibarət tərkibdə, Nuri Bəsti Qurban qızının katibliyi ilə, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh nümayəndəsi Nümayəndə iştirakları ilə, Yasamal Rayon Məhkəməsinin 2(004)-60/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin faktiki halları:

1. İddiaçı Cavabdeh qarşı “istifadə hüququna kompensasiya verməklə xitam verilməsi və mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ünvan 1 ünvanında yerləşən 8 saylı mənzil üzərində istifadə hüququna 8.000 (səkkiz min) manat kompensasiya ödənilməklə xitam verilməsi və cavabdehin mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, İddiaçı Cavabdeh ilə xx.xx.2007-ci il tarixdə nikaha daxil olmuş, nikahları Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. Onlar nikaha daxil olmamışdan əvvəl onun (iddiaçının) valideyinlərinin maliyyə vəsaiti hesabına 2004-cü ildə bağlanmış müqavilə ilə onun (iddiaçının) adına ünvan 1, 8 saylı mənzil alınmışdır. Həmin mənzil "xxxx" MTK tərəfindən inşa edilmiş, MTK üzvlərinin ümumi iclasının 30 saylı xx.xx.2011ci il tarixli protokolundan çıxarışa, "xxxx" MTK tərəfindən verilmiş 012/133 nömrəli xx.xx.2011-ci il tarixli maliyyə arayışına, 01/132 nömrəli xx.xx.2011-ci il tarixli forma 2 arayışına əsasən xx.xx.2011-ci il tarixdə onun, yəni İddiaçı adına qeydiyyatdan keçmiş və hazırda xüsusi mülkiyyətindədir. Buna dair onun (iddiaçının) hüquqları daşınmaz əmlakın dövlət reyestrində ********** № ilə xx.xx.2011- ci il tarixdə qeydiyyata alınmış, Seriya MA №0307666 Çıxarış verilmişdir. Cavabdeh ona qarşı Bakı şəhəri Yasamal Rayon Məhkəməsində iddia qaldıraraq ünvan 1, 8 saylı mənzilin birgə nikahda olan əmlak kimi üzərində payının tanınması barədə iddia qaldırmış, lakin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, həmin mənzil birgə nikah dövründə əldə olunmamışdır, belə ki, mənzilin alınmasına dair müqavilə 2004-cü ildə bağlanmış, mənzilin tam dəyəri isə 2006-cı ildə tam ödənilmişdir. Bu isə o deməkdir ki, 2007-ci ildə biz nikaha daxil olarkən artıq həmin mənzil mövcud idi və birgə nikahda alına bilməzdi. Məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi həmin mənzilin iddiaçının atası X4 tərəfindən alınması tam sübuta yetirilmişdir, cavabdeh ilə ailə qurduqdan sonra həmin mənzilə köçüb hazır evdə yaşamışdır. Bu əsasla Cavabdeh iddia tələbi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin iş № e2(004)-261/2023, xx.xx.2023-cü il qətnaməsi ilə rədd edilmişdir. Cavabdehin verdiyi apellyasiya şikayəti Bakı Dövlət rüsumunun ödənilməsi haqqında məlumat Apellyasiya Məhkəməsinin2(103)-5077/2023 xx.xx.2023cü il tarixli qətnaməsi ilə təmin edilməmiş və ünvan 1, 8 saylı mənzil tam şəkildə onun (iddiaçının) xüsusi mülkiyyəti olması müəyyən edilmişdir. Cavabdeh ilə onların nikahı xx.xx.2021-ci ildə pozulmuş, övladı X9 Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin iş № e-2(004)-2248/2022, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə onun (iddiaçının) himayəsinə verilmiş, həmin qətnamə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1429/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə qüvvədə saxlanılmışdır. Hazırda Cavabdeh ona (iddiaçıya) xüsusi mülkiyyət hüququ əsasında məxsus olan ünvan 1, 8 saylı mənzildən çıxarılması və istifadə hüququna xitam verilməsi zərurəti yaranmışdır. Onların yaşayış sahəsindən birgə istifadə etməyi qeyri-mümkün edir, digər tərəfdən də mülkiyyətçi kimi onun öz əmlakından istədiyi kimi istifadə etmək hüquqlarını əsassız məhdudlaşdırır. Həmçinin cavabdeh əmək qabiliyyətlidir, Gənclik Metro stansiyasının yaxınlığında 14 saylı X6 stamatoloqu kimi daimi iş yeri və əmək haqqısı vardır. Qeyd olunanlarla əlaqədar mediasiyada aramızda heç bir razılaşma əldə olunmamışdır, buna dair MŞB/13/2023-01795 saylı xx.xx.2023 tarixli Arayış verilmiş, bu səbəbdən məhkəməyə müraciət etmişdir.

3. Cavabdeh İddiaçı qarşı “istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılması nəticəsində 43.200 manat kompensasiya ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət edərək, e-2(004)- 1457/2024 nömrəli mülki iş üzrə ilkin iddianın rədd olunmasını, Cavabdeh Bakı şəhəri Yasamal rayonu Mətbuat prospekti 3141-ci məhəllə 35A nömrəli evin 8 nömrəli mənzili üzərində istifadə hüququna xitam verilməsi və Cavabdeh mənzildən çıxarılması nəticəsində 43.200 manat kompensasiya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(004)- 1457/2024 nömrəli qərardadı ilə Cavabdeh tərəfindən verilmiş qarşılıqlı iddia ərizəsi geri qaytarılmışdır.

5. Qərardad belə əsaslandırılmışdır ki, qarşılıqlı iddia hazırkı iş üzrə ilkin iddia tələbi ilə qarşılıqlı əlaqəli olmadığından icraata qəbul edilmədən geri qaytarılmalıdır. Cavabdehin qarşılıqlı iddiada göstərdiyi hallar onun iddia ərizəsinə etiraz və mülahizələri olmaqla, iddiaçının təklif etdiyi 8.000 manat kompensasiyanın məbləği ilə razılaşmadığını və onun 43.200 manat ödəniləcəyi təqdirdə iddia tələbi ilə razı olmasını ifadə edir.

6. Cavabdeh xx.xx.2024-cü il tarixdə elektron kabinet vasitəsilə şikayət verərək, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(004)-1457/2024 nömrəli qərardadının ləğv edilməsini, qarşılıqlı iddianın icraata qəbul edilməsini xahiş etmişdir.

7. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(004)- 1457/2024 nömrəli qərardadı ilə Cavabdeh iş üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(004)-1457/2024 nömrəli qərardadından verdiyi şikayət rədd edilərək, şikayət mülki işlə birlikdə baxılması üçün 7 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

8. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(103)- 2774/2024 nömrəli qərardadı ilə, şikayət təmin edilməyərək, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(004)-1457/2024 nömrəli qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

9. İddiaçı xx.xx.2024-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, Cavabdeh onun xüsusi mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu Mətbuat prospekti 3141-ci məhəllə 35A nömrəli evin 8 nömrəli mənzilinə olan istifadə hüququna 20.000 (iyirmi min) manat kompensasiya ödənilməklə xitam verilməsi və cavabdehin mənzildən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

10. Cavabdehin nümayəndəsi Nümayəndə xx.xx.2025-ci il tarixdə məhkəməyə iddia tələbinə etiraz ərizəsi ünvanlayaraq, iddiaçı onun tələb etdiyi 48.600 (qırx səkkiz min altı yüz) manat məbləğində pul kompensasiyasını ödəmədiyi təqdirdə iddia tələbinin rədd olunmasını xahiş etmişdir.

11. Etiraz onunla əsaslandırılmışdır ki, cavabdeh 2007-ci ildən indiyədək ünvan 2 ünvanda yerləşən 8 saylı mənzildə yaşayır və həmin ünvanda pasport qeydiyyatındadır. Bu barədə qonşularının aktı işə əlavə edilmişdir. Əlavə olaraq bildirmək istəyir ki, kompensasiya ödənilməklə mənzildən istifadə hüququna xitam vermək dedikdə bazar qiyməti ilə həmin ərazidə yerləşən mənzilin eynisinin icarə haqqının ən azı 3 (üç) ili götürülməklə kompensasiya ödənilməsi nəzərdə tutulur. Onun cehiz mebellərinin, avadanlıq və əşyalarının coxluğunu, həmçinin qabaritcə çox böyük olmasını və həmin mənzilin eynisinin kirayə qiymətini nəzərə alaraq həmin ərazidə mənzillərin kirayə qiymətinin baha olduğuna görə əlbəttə ki, təklif edilən 20.000 (iyirmi min) manat kompensasiya məbləği iddia üzrə iddiaçı tərəfindən azaldılmış məbləğdir. Həmin ərazidə yeni tikili hündürmərtəbəli çoxmənzilli binalarda sözü gedən 3 otaqlı, ümumi sahəsi müqavilə üzrə 144,81 kv.m, çıxarışla 129,3 kv.m olan əla təmirli və bütün şəraitlə və əşyalarla təchiz edilmiş mənzilə bərabər sayılan evlərin kirayə qiyməti daşınmaz əmlak ekspertinin təqdim etdiyi arayışa və daşınmaz əmlak saytlarından təqdim edilən məlumatlara əsasən ayda minimum 1350 (bir min üç yüz əlli) manatdan aşağı deyil və bu da illik 16.200 (on altı min iki yüz) manat təşkil edir. Ümumi məbləğ 3 (üç) il üçün 48.600 (qırx səkkiz min altı yüz) AZN təşkil edir. Hətta Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi həmin mənzilin aylıq kirayə qiymətini 1200(bir min iki yüz) AZN təsdiq etmişdir ki, bu da 3 il üçün 43.200 AZN təşkil edir. Onu da qeyd edir ki, hazırda mənzillərin kirayə qiymətinin günbəgün artdığı indiki zamanda ona təklif edilən kompensasiyanın da məbləği artmalıdır çünki, 20.000 manat ona 2024-cü ilin may-iyun aylarında təklif edilmişdir ki, onda da mənzillərin kirayə qiymətləri indikindən xeyli aşağı idi. Buna görə də hesab edir ki, mənə təklif edilən 20.000 manat məbləğ reallığı əks etdirmir.

12. Yasamal Rayon Məhkəməsinin 2(004)-60/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi (hakim Ayşən Sultanova-Məmmədova) ilə İddiaçı iddiası təmin edilməmişdir.

13. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti vemişdir. Apellyasiya şikayəti və onun dəlilləri:

14. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, qeyd etmişdir ki, rayon məhkəməsində maddi və prosessual hüquq normalarının tələbləri pozulmaqla qətnamə qəbul edilmişdir. Belə ki, məhkəmə qətnamədə kompensassiyanın az olması qərarına hansı səbəbdən bu nəticəyə gəlməsini əsaslandırmır. Birinci instansiya məhkəməsinin qətnaməsində 20.000 manat kompensassiyanın az olması göstərilsə də bu nəticə işin hallarına uyğun gəlmir. Belə ki, işdə 3 ədəd mütəxəsis rəyi var ki, bunlar da onu göstərir ki, təqdim olunan pula cavabdeh 3 il oxşar şəraitdə mənzil kirayə götürüb yaşaya bilər. Beləliklə, Bakı şəhər Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(004)- 60/2025 saylı Qətnaməsini ləğv edib, apellyasiya şikayətimi təmin edərək, Cavabdeh ünvan 2, mənzil 8 ünvanında yerləşən mənzildən 20.000 manat kompensassiya ödənilməklə istifadə hüququna xitam verilərək mənzildən çıxarılması barədə iddia tələbimin təmin edilməsi barədə yeni Qətnamə qəbul edilməsini xahiş etmişdir.

15. Cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz təqdim edərək etirazı belə əsaslandırmışdır ki, iddiaçının onun mənzildən istifadə hüququna xitam verməklə mənə təklif etdiyi 20000 AZN bu günkü bazar qiymətinə uyğun olaraq daşınmaz əmlak bazarındakı tələb və təklifi real olaraq əks etdirmir. Hətta daşınmaz əmlak üzrə əmlak ekspertləri, o cümlədən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi və “X10 Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin əmlak ekspertləri də həmin ərazidə sözü gedən üç otaqlı mənzilə bərabər tutulan mənzilin kirayə qiymətinin 1100-1350 manat olmasını yazılı surətdə məhkəməyə təqdim etmişlər. Apellyasiya şikayətilə razı deyildir, ona görə də apellyasiya şikayətinin rədd olunmasını və Yasamal rayon məhkəməsinin qətnaməsinin qüvvədə saxlamağınızı etmişdir. O, 2007-ci ildən indiyədək yuxarıda qeyd olunan ünvanda yaşayır və həmin ünvanda pasport qeydiyyatındadır. Bu barədə qonşularının aktı işə əlavə edilmişdir. Əlavə olaraq bildirmək istəyirəm ki, kompensasiya ödənilməklə mənzildən istifadə hüququna xitam vermək dedikdə bazar qiyməti ilə həmin ərazidə yerləşən mənzilin eynisinin icarə haqqının ən azı 3 (üç) ili götürülməklə kompensasiya ödənilməsi nəzərdə tutulur. Onun cehiz mebellərinin, avadanlıq və əşyalarının çoxluğunu, həmçinin qabaritcə çox böyük olmasını və həmin mənzilin eynisinin kirayə qiymətini nəzərə alaraq həmin ərazidə mənzillərin kirayə qiymətinin baha olduğuna görə əlbəttə ki, təklif edilən 20000(iyirmi min) manat kompensasiya məbləği iddia üzrə iddiaçı tərəfindən azaldılmış məbləğdir. Həmin ərazidə yeni tikili hündürmərtəbəli çoxmənzilli binalarda sözü gedən 3 otaqlı, ümumi sahəsi müqavilə üzrə 144,81 kvm, çıxarışla 129,3 kvm olan əla təmirli və bütün şəraitlə və əşyalarla təchiz edilmiş mənzilə bərabər sayılan evlərin kirayə qiyməti daşınmaz əmlak üzrə müstəqil ekspertinin təqdim etdiyi arayışa və daşınmaz əmlak saytlarından təqdim edilən məlumatlara əsasən ayda minimum 1350 (bir min üç yüz əlli) manatdan aşağı deyil və bu da illik 16200 (on altı min iki yüz) manat təşkil edir. Ümumi məbləğ 3(üç) il üçün 48600 (qırx səkkiz min altı yüz) AZN təşkil edir. Hətta Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi də həmin mənzilin aylıq kirayə qiymətini 1200(bir min iki yüz) AZN təsdiq etmişdir ki, bu da 3 il üçün 43200 AZN təşkil edir. Əlavə olaraq məhkəmə sorğusuna əsasən “X10 Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin də təqdim etdiyi qiymətləndirmə sənədində də qeyd olunan mənzilə bərabər tutulan üç otaqlı mənzilin kirayə qiymətinin 1100 (bir min yüz) AZN təşkil etməsi qeyd olunmuşdur ki, bu da 3 il üçün 39.600AZN təşkil edir. Qeyd edir ki, hazırda mənzillərin kirayə qiymətinin günbəgün artdığı indiki zamanda ona təklif edilən kompensasiyanın da məbləği artmalıdır, çünki, 20000 manat mənə 2024-cü ilin may-iyun aylarında təklif edilmişdir ki, onda da mənzillərin kirayə qiymətləri indikindən xeyli aşağı idi. Nigahları pozulduqda ilkin olaraq xx.xx.2008-ci il təvəllüdlü oğlumuz Kənan İsmayılzadənin onunla qalması barədə qətnamə çıxarılmişdır. Sonra isə iddiaçı yenidən Yasamal rayon məhkəməsinə iddia ilə müraciət edərək məhkəmə qərarı ilə oğlunu ondan almış və hətta ondan hər ay 160 manat aliment tutulmasına nail olmuşdur ki, bu da oğlunun yetkinlik yaşına çatanadək onun iddiaçıya ödədiyi alimentin ümumi məbləğinin təxminən 9500 (doqquz min beş yüz) AZN təşkil etməsi deməkdir və bu məbləğin yarısından çoxunu artıq ödəmişdir. Nəticədə iddiaçının ona təklif etdiyi 20000 (iyirmi min) manatın demək olar ki, yarısını onun özünə qaytarır. Hesab edir ki, ona təklif edilən 20000 manat kompensasiya məbləği reallığı əks etdirmir. Ona görə də iddiaçı o tələb etdiyi 48600(qırx səkkiz min altı yüz) manat məbləğində pul kompensasiyasını ödəmədiyi təqdirdə iddia tələbinin rədd olunmasını xahiş edir. Tərəflərin izahatı:

16. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinə uyğun izahat verərək bildirdi ki, cavabdeh ünvan 2, mənzil 8 ünvanında yerləşən mənziində yaşamır, cavabdeh tərəf ona mənzilinə gəlməyə imkann vermir, iddiaçı təklif edilən məbləği artıra da bilərdi, rayon məhkəməsi qətnamə çıxararkən bunlara qiymət verməmişdir. Məhkəmədə güzəştə gedən tərəf onlar olmuşdur, hazırda kompensasiyanın məbləğinio 28000 manat artırılması mümkün hesab edir və buna dair ərizəni məhkəməyə təqdim edir.

17. Cavabdehin nümayəndəsi Nümayəndə məhkəmə iclasında izahat verərək bildirdi ki, 28.000 manat kompensasiya onları qane etmir, həmin məbləğlə razı deyil. Sübutların tədqiqi:

18. İddiaçı (payçı) ilə "xxxx" MTK (podratçı) arasında bağlanmış xx.xx.2004-cü il tarixli, 97 nömrəli müqavilədən görünür ki, sifarişçi İddiaçı yaşayış evinin tikintisini Podratçıya həvalə edir, podradçı tikintiquraşdırma işlərini layihə sənədlərinə uyğun qüsursuz və Dövlət Tikinti Komitəsi tərəfindən təsdiq olunmuş tikinti norma və qaydalarına və qəbul olunmuş standartlara uyğun yüksək keyfiyyətlə yerinə yetirir. Payçı ona düşən 3 otaqlı, tam sahəsi eyvan qarışıq 144,81 kv.m olan mənzilin sahəsinin hər kvadrat metri üçün 345 (üç yüz qırx beş) ABŞ dolları olmaqla, cəmi 50.000 (əlli min) ABŞ dollarını Azərbaycan Respublikasının Milli Bankının kursuna uyğun ekvivalent olaraq manatla ödəyir.

19. "xxxx" MTK üzvlərinin ümumi iclasının xx.xx.2011-ci il tarixli, 30 saylı protokolundan Çıxarışın məzmunundan görünür ki, İddiaçı MTK-ya ərizə ilə müraciət edərək, onun kooperativinə üzv qəbul edilməsini xahiş etmişdir. Qərara alınmışdır ki, İddiaçı MTK-ya üzv qəbul edilsin və ona MTK-nın Mətbuat prospekti, 3141-ci məhəllə, ev 35 A Kooperativ yaşayış binasında, 1-ci giriş, 4-cü mərtəbə, yaşayış sahəsi 77,68 kv.m, ümumi sahəsi 144,81 kv.m olan 3 otaqlı, 8 saylı mənzil verilsin və dövlət reyestrində daxil edilsin.

20. "xxxx" MTK tərəfindən verilmiş 012/133 saylı, xx.xx.2011-ci il tarixli maliyyə arayışından görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti 3141-ci məhəllədə yerləşən 18 mərtəbəli kooperativ yaşayış binası 35 nömrəli ev "xxxx" MTKyə məxsusdur. Həmin binanın İ giriş 4-ci mərtəbəsinin ümumi sahəsi – 144,81 kv.m, yaşayış sahəsi – 77,68 kv.n olan 8 saylı 3 otaqlı mənzilin tam dəyəri 16.312,80 AZN payçı İddiaçı tərəfindən tam ödənimişdir. MTK-ya borcu yoxdur.

21. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin verdiyi MA seriyalı ******* nömrəli xx.xx.2011-ci il tarixli **********8 qeydiyyat nömrəli **********89-05301- 093036 reyestr nömrəli çıxarışa əsasən Bakı şəhəri Yasamal rayonu Mətbuat prospekti 3141-ci məhəllə 35A nömrəli evin ümumi sahəsi 129,3 kv.m, yaşayış sahəsi 78,4 kv.m, yardımçı sahəsi 50,9 kv.m olan 3 otaqlı 8 nömrəli mənzili tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2011-ci il tarixdə qeydiyyata alınmışdır.

22. Bakı şəhəri Yasamal rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı, 380437 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin sürətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış nikah Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 19 fevral 2021-ci il tarixli qətnaməsinə əsasən 19 aprel 2021-ci il tarixdə pozulmuşdur. Bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında 198 nömrə ilə qeyd edilmişdir.

23. Cavabdeh Ələskər qızının qonşuları X2, X5 və X7 tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli aktın məzmunundan görünür ki, Cavabdeh Ələskər qızı 2007-ci ildən indiyədək Mətbuat prospekti, 3141-ci məhəllə, ev 35A ünvandakı 8 saylı mənzildə pasport qeydiyyatındadır və 2007-ci ildən indiyədək həmin mənzildən istifadə edir. Onlar aktın doğruluğu öz imzaları ilə təsdiq etmişlər.

24. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-944/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadına əsasən iddiaçı Cavabdeh İddiaçı qarşı “nikah dövründə əldə edilmiş əmlakın bölünməsi” tələbinə dair mülki iş üzrə cavabdeh İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 22 sentyabr 2023-cü il tarixli, 2(103)-5077/2023 nömrəli qətnaməsi iddianın avtomobillərin dəyərinin ½ hissəsinin cavabdeh alınaraq iddiaçıya verilməsi hissəsinin təmin edilən hissəsinə aid hissədə ləğv edilməsi və iş həmin hissədə yenidən baxılmaq üçün Apellyasiya Məhkəməsinə göndərilməsi, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 22 sentyabr 2023-cü il tarixli, 2(103)-5077/2023 nömrəli qətnaməsi iddia tələbinin mənzilin cavabdehlə aralarında ½ paya bölünməsi hissəsinin təmin edilməməsinə aid hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İddiaçı Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmişdir.

25. "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli, 016/KS/24 nömrəli qiymətləndirmə hesabatından görünür ki, ünvan 4 ünvanında 8 saylı mənzilin yerləşdiyi ərazidə uyğun şəraitdə orta aylıq kirayə haqqını müəyyən etmək üçün qiymətləndirmə işi "xxxx" MMCnin mütəxəssisləri tərəfindən həyata keçirilmişdir və həmin əmlakın xx.xx.2024-cü il tarixə olan orta aylıq kirayə haqqı 500-600 (beş yüz-altı yüz) manat təşkil edir.

26. AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 15 oktyabr 2024-cü il tarixli, 9/56xx-xx/5500 nömrəli ekspert rəyinə əsasən, ekspertiza tədqiqatına təqdim edilmiş Bakı şəhəri, Yasamal rayonu Mətbuat prospekti 3141-ci məhəllə 35A, 8 nömrəli təmirli mənzilin analoji mənzillərlər müqayisədə hazırkı orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 293.511,00 manat (129,3 kv.m x2270man) məbləğində müəyyən edilir. Qərardadda qeyd edilən digər sual üzrə Bakı şəhəri, Yasamal rayonu Mətbuat prospekti 3141 -ci məhəllə 35A, 8 nömrəli təmirli mənzilin analoji mənzillərlə müqayisədə 2024-cü il tarixinə kirayə haqqı təxminən - 1200,00 manat müəyyən edilir. 2022-ci il və 2023-cü illər üzrə həmin ərazidə kirayə evlər haqqında yerli internet saytlarında və Mərkəzdə məlumat olmadığından qiymətləndirmə aparmaq mümkün olmamışdır.

27. “X10 Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin YDQM seriyalı, 004-003/2025 saylı, 12 fevral 2025-ci il tarixli rəyinə əsasən, qiymətləndirməyə təqdim edilmiş qiymətləndirmə obyektinin orta aylıq kirayə haqqı dəyərini müəyyən etmək üçün müqayisə yanaşmalından istifadə etməklə, yerinə yetirilən hesablamalar təhlillər nəticəsində uyğun müqaisə vahidləri müəyyən edilmiş, vacib müqayisə elementləri üzrə vahidin dəyəri korrektə edilmiş və nəticədə qiymətləndirmə obyektinin yekun orta aylıq kirayə haqqının dəyəri müəyyən edilmişdir. Beləliklədə aparılmış hesablamalar nəticəsində, Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti 3141-ci məhəllə 35a nömrəli evin ümumi sahəsi 129.3 kv.m, yaşayış sahəsi 78.40 kv.m, yardımçı sahəsi 50.90 kv.m sahəsən ibarət 3 oraqlı 8 saylı mənzilin aylıq kirayə haqqı qiymətləndirmə obyektinin ümumi sahəsi üzrə 1 aylıq kirayə haqqısı 1100 manat (bir min bir yüz), 1 otaqlı 1 aylıq kirayə haqqı 500-550 manat, 2 otaqlı 1 aylıq kirayə haqqı 600-750 manat kimi müəyyən olunmuşdur.

28. Elektron məhkəməyə xx.xx.2025-ci il tarixdə iddiaçının nümayəndəsi və vəkili Vəkil1 tərəfindən yerləşdirilmiş iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizədən görünür ki, cavabdeh X1 ünvan 1 ünvanında yerləşən 8 saylı mənzil üzərində istifadə hüququna 23.000 (iyirmi üç min) manat kompensasiya ödənilməklə xitam verilməsi və cavabdehin mənzildən çıxarılması barədə Qətnamə edilməsini xahiş etmişdir. Tətbiq edilən maddi hüquq normaları: Azərbaycan Respublikasinin Konstitusiyası

29. Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

30. Maddə 29.İİİ. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasinin Mülki Məcəlləsi:

31. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

32. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

33. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

34. Maddə 228.1. yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış olsun.

35. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.

36. Maddə 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır.

37. “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli qərarında məhkəmə qeyd etmişdir ki, “...Mülki Məcəllənin 228.2-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə hüququna - xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsinin mümkünlüyünün təsbit edilməsi tərəflərin hüquqlarının və qanunla qorunan mənafelərinin daha yüksək müdafiəsini təmin edir. ...Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır.”

38. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, ...Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, məhkəmələr Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verərkən hər bir halda müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığını gözləyərək, konstitusiya hüquqlarının əsassız və həddindən artıq məhdudlaşdırılmasının qarşısını almalıdırlar. Buna görə də məhkəmələr tərəfindən bu mübahisələrə baxılarkən işin faktiki halları dəqiq müəyyənləşdirilməli və araşdırılmalı, o cümlədən yaşayış binasının tərkib hissəsindən istifadə hüququ həyata keçirilmədikdə, onun səbəbləri aydınlaşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. Bu mənada xüsusilə qeyd olunmalıdır ki, keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə etmək zərurətinin mövcudluğuna baxmayaraq, mülkiyyətçinin və digər mənzil sakinlərinin onun bu hüququndan istifadə etməsini mümkünsüz etdiyi qanuna zidd hallar müəyyən olunduqda, keçmiş ailə üzvünün istifadə hüququna kompensasiya ödənilmədən xitam verilə bilməz...”

39. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 oktyabr 2013-cü il tarixli qərarına görə yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir.

40. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə görə əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Azərbaycan Respublikasının Ailə Məcəlləsi:

41. Maddə 1.4. Azərbaycan Respublikasında nikah və ailə münasibətlərinin hüquqi baxımdan tənzimlənməsi dövlət tərəfindən həyata keçirilir və yalnız müvafiq icra hakimiyyəti orqanında bağlanmış nikah tanınır.

42. Maddə 2.3. Nikah kişi ilə qadının ailə qurmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınan könüllü ittifaqıdır.

43. Maddə 9.1. Nikah müvafiq icra hakimiyyəti orqanı tərəfindən nikaha daxil olmaq istəyən şəxslərin, bu Məcəllənin 13.3-cü maddəsinə uyğun olaraq, tibbi müayinədən keçdiklərini təsdiq edən arayış əlavə edilməklə, bu barədə ərizə verdikləri gündən 1 ay sonra onların iştirakı ilə bağlanır.

44. Maddə 9.4. Ər-arvadın hüquq və vəzifələri müvafiq icra hakimiyyəti orqanı tərəfindən nikahın bağlanmasının dövlət qeydiyyatı günündən yaranır.

45. Maddə 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır.

46. Maddə 32.2. Ər-arvadın ümumi birgə mülkiyyətinə: a. 32.2.1. onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (xəsarət, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); b. 32.2.2. ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Tətbiq edilən prosessual hüquq normaları: Azərbaycan Respublikasinin Mülki Prosessual Məcəlləsi:

47. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

48. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

49. Maddə 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.

50. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

51. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

52. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.

53. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.

54. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

55. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

56. Maddə 380.1. Tərəflərin izahatlarından sonra məhkəmə zərurət olduqda işdə olan sübutları elan edir, habelə yeni təqdim olunmuş sübutları, əgər onların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu hesab edərsə, araşdırır.

57. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi:

58. Maddə 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər;

59. 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya Məhkəməsinin baxışının hədləri:

60. Hazırkı halda, Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının verdiyi apellyasiya şikayətinə əsasən tam yoxlayır.

61. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:

62. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsaslı olduğundan təmin edilməli, rayon məhkəməsinin qətnaməsi ləğv edilməklə yeni qətnamə qəbul edilməlidir.

63. Hazırkı mülki işin mübahisəsiz halıdır ki, ünvan 1 ünvanında yerləşən mənzilin mülkiyyətçisi İddiaçıdur. Onunla Cavabdeh arasında bağlanmış nikah Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 19 fevral 2021-ci il tarixli qətnaməsinə əsasən 19 aprel 2021-ci il tarixdə pozulmuşdur, cavabdehin həmin mənzilə istifadə hüququ mövcuddur.

64. Məhkəmə iclasında İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək cavabdeh X1 ünvan 1 ünvanında yerləşən 8 saylı mənzil üzərində istifadə hüququna 23.000 (iyirmi üç min) manat kompensasiya ödənilməklə xitam verilməsi və cavabdehin mənzildən çıxarılması barədə qətnamə edilməsini xahiş etmişdir.

65. Məhkəmə kollegiyası işin hallarını nəzərdən keçirib, tərəfləri dinləyərək belə qənətə gəlir ki, 28.000 (iyirmi səkkiz min) manat kompensasiya cavabdehin maddi vəziyyəti, hazırkı dövrdə həmin ərazidə bir nğfərin yaşaması üçün mənzillərin kirayəsinin orta bazar qiymətləri nəzərə alınanda cavabdehin özünü başqa yaşayış sahəsi ilə təmin etməyə və kirayədə müəyyən müddət yaşamağına imkan verir və məhkəmə təklıif edilən 28.000 manat məbləği ağlabatan, eləcə də mülkiyyətçi ilə istifadə hüququ olan şəxs arasında mütənasibliyin qorunması baxımından da ədalətli hesab edir.

66. “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” AR Konstitusiya Məhkəməsinin Plenumunun 26 sentyabr 2007-ci il tarixli Qərarın əsasən Mənzil Məcəlləsinin müddəalarından fərqli olaraq, Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləndirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır.

67. Məhkəmə hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, rayon məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməlidir. Nəticə:

68. Göstərilənlərə əsasən, Məhkəmə hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməli, Yasama Rayon Məhkəməsinin e-2(004)-60/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi ləğv edilməli və 28.000 manat məbləğində kompensasiya ödənilməklə cavabdehin iddiaçının mənzilinə olan istifadə hüququna xitam verilməsinə dair yeni qətnamə qəbul edilməlidir.

69. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin olunduğundan şikayətin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.

70. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Yasamal Rayon Məhkəməsinin 2(004)-60/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı tərəfindən Cavabdeh 28.000 (iyirmi səkkiz min) manat məbləğində kompensasiya verilməklə ünvan 6 ünvanında yerləşən 8 saylı mənzilə cavabdehin istifadə hüququna xitam verilsin. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: Kassasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə MPM-in 408.1.7-ci maddəsinə əsasən geri qaytarılacaqdır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar