Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3508/2023 17.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Sarıyevin sədrliyi ilə, X2 və X1 ibarət tərkibdə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 29 mart2023-ciil tarixli, 2(001)-2653/2023 saylı qərardadından Ərizəçi nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ehtimal olunur ki, texniki səhv olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyini maraqlı şəxs qismində cəlb etməklə ərizə ilə məhkəməyə müraciət edərək, Müdafiə Nazirinin xx.xx.1992-ci il tarixli, 1 Q-524 nömrəli arayışında Ərizəçi adı ilə qeyd olunan şəxsin o, yəni Ərizəçi olması; xx.xx.1993-cü il tarixdən xx.xx.1993-cü il tarixinədək Laçın, Kəlbəcər, Ağdərə rayonlarında döyüş əməliyyatları bölgəsinə xidməti ezamiyyətdə olmağı və Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etməyi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(001)-2653/2023 saylı qərardadı ilə Ərizəçi (maraqlı şəxs qismində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi cəlb edilməklə) “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” barədə ərizəsinin icraata qəbulundan imtina edilmişdir. Ərizəçinin nümayəndəsi və vəkili Vəkil Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 29 mart 2023-ci il tarixli, 2(001)-2653/2023 saylı qərardadından verdiyi şikayət, məhkəmənin 17 aprel 2023-cü il tarixli qərardadı ilə təmin edilməmiş və şikayət baxılması üçün mülki iş materialları ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə hesab edir ki, “müharibə veteranı” adının və vəsiqəsinin alınması ilə bağlı inzibati orqanının imtinasından qanunvericilikdə nəzərdə tutlmuş qaydada inzibati icraat qaydasında müvafiq inzibati məhkəməyə iddia tələbi ilə müraciət edilməlidir. Bu əsasla da ərizə əlavə edilmiş sənədlərlə ona qaytarılmışdır. Hesab edir ki, məhkəmə sənədləri qaytarmaqda haqlı olmamışdır. Belə ki, hüquqi faktının müəyyən olunması barədə verdiyi ərizədə 2 məsələ ilə bağlı iki məsələ ilə bağlı hüquqi faktının müəyyən edilməsi xahiş edilmişdir. Bunlardan biri- Müdafiə nazirinin xx.xx.1992-ci il tarixli 1Q524 №-li arxiv arayışında Ərizəçi adı ilə qeyd olunan şəxsin Ərizəçi olması, xx.xx.1993-cü il tarixdən xx.xx.1993cü il tarixinədək Laçın rayonu döyüş əmaəliyyatları bölgəsinə xidməti ezamiyyətdə olmağı digəri isəAzərbaycanın Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etməyi kimi hüquqi əhəmiyyətli faktların müəyyən olunmasıdır. Məhkəmənin istinad etdiyi “hüquqi əhəmiyyətli faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarında qeyd etdiyi hala görə onun ərizədə hüquqi fakt kimi tanınmasını istədiyi Müdafiə nazirinin arxiv arayışında Ərizəçi adı ilə qeyd olunan şəxsin Ərizəçi olmasınının müəyyən olması biləvasitə hüquqi fakt olmaqla ümumi məhkəmə aidiyyəti olsa da,məhkəmə bu məsələyə diqqət yetirmədən, ümumilikdə işin inzibati məhkəməyə aidiyyəti olması qənaətinə gəlmişdir. Halbuki, məhkəmə bir məsələni bu məhkəməyə aidiyyəti olması, digər məsələnin, yəni Azərbaycanın Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etməyi ilə bağlı məsələnin inzibati məhkəmədə baxılmalı olması barədə qərardad qəbul edə bilərdi və ya ona hüquqi yardım kimi hazırlıq iclasında tələbin həcminin azaltmaqla, ikinci məsələnin ərizədən çıxarılması təklif edilə bilərdi. Ümumilikdə qoyduğu məsələlərlə ərizənin geri qaytarılması qəbul edilən hesab oluna bilməz. Bu səbəbdən hesab edir ki, Bakı şəhəri. Binəqədi Rayon Məhkəməsinin 2(001)-2653/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ləğv edilməlidir. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdırıb, iş materiallarını tədqiq edərək hesab edir ki, iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 29 mart 2023-ci il tarixli, 2(001)-2653/2023 saylı qərardadıqanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, şikayət təmin edilməməlidir. Belə ki, ərizədən də görünür ki, ərizəçi həm sənəddə qeyd edilən şəxsin eyni şəxs olması, həm də döyüş əməliyyatlarında iştirak etmə faktının müəyyən edilməsini xahiş edir. Eyni zamanda həmin faktların müharibə veteranı adı alması üçün lazım olduğunu bildirir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 14-cü bəndində göstərilmişdir müvafiq qanunvericiliklə başqa qaydada müəyyən edilməsi nəzərdə tutulan hərbi xidmət keçmə, döyüş əməliyyatlarında iştirak etmə, döyüşlərdə yaralanma, müharibə iştirakçısı, müharibə veteranı kimi tanınma, əmək qabiliyyətinin itirilməsinin səbəb və dərəcəsi, əlilliyin baş verməsi anı və əlillik qrupları, xəstəyə qulluq etmə, yaşın müəyyən edilməsi, eləcə də, hər hansı təhsil müəssisəsini bitirmə kimi hüquqi əhəmiyyətli faktların məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. Lakin qeyd edilməlidir ki, hərbi xidmət dövründə döyüşlərdə yaralanma, müalicədə olma və s. barədə hərbi hissələr, hərbi komissarlıqlar, hospitallar tərəfindən verilmiş arayışların, bildirişlərin və digər sənədlərin şəxsə məxsus olması faktı məhkəmələr tərəfindən xüsusi icraat qaydasında müəyyən oluna bilər. Bundan başqa həmin Plenum qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Eyni bir şəxsin adının, atasının adının və ya soyadının bir neçə sənəddə müxtəlif cür yazılması hallarında hüquqmüəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi əvəzinə, müxtəlif sənədlərdə göstərilmiş şəxsin həmin şəxs olmasının məhkəmə tərəfindən müəyyən edilməsi yolverilməzdir, çünki belə bir faktın müəyyən edilməsi hüquqi nəticə doğurmur. Bundan başqa iş materiallarında görünür ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Şəxsi heyət Baş İdarəsinin xx.xx.2017-ci il tarixli məktubu ilə ərizəçiyə “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsindən imtina edilmişdir. Kollegiya hesab edir ki, məhkəmə düzgün qeyd etmişdir ki, “Müharibə veteranı” adının və vəsiqəsinin alınması ilə bağlı inzibati orqanın imtinasından qanunvericilikdə nəzərdə tutulmuş qaydada inzibati icraat qaydasında müvafiq inzibati məhkəməyə iddia tələbi ilə müraciət edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 114.1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, şikayət əsassız olmaqla, qərardadın ləğv edilməsi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyin tələblərinə düzgün əməl olunmuşdur, ona görə də, məhkəmə qərardadı dəyişdirilmədən saxlanmalı, şikayət isə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2, 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Ərizəçi nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayət təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 29 mart 2023-ci il tarixli, 2(001)- 2653/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Fuad Abdıyev Fərrux Qasımov
Məhkəmə qərarları › İş №2(103)-3508/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3508/2023
17.05.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Döyüş əməliyyatlarında iştirak faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver