Məhkəmə qərarları › İş №2(103)-3509/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3509/2022

25.05.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3509/2022 25.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, Cavabdeh ASC-nin nümayəndəsi X5 iştirakı ilə İddiaçı Cavabdeh ASC-yə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-147/2022 saylı, 03 mart 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: İddiaçı Cavabdeh ASC-yə qarşı iddia ərizəsi və iddia ərizəsinə dəqiqləşmə barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC-nin 24 iyun 2021-ci il tarixli 600570 nömrəli aktının ləğv edilməsini və həmin akta müvafiq olaraq əsasız hesablanmış 4104 manat borc məbləğinin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 700 kv.m. olan qeyri-yaşayış sahəsi ‘‘YENİ YASAMAL” MTK arasında bağlanmış “Yaşayış binasında mənzil tikintisi haqında” 18.07.2008-ci il tarixli Müqaviləyə əsasən ona məxsusdur. Adı çəkilən əmlaka dair onunla "xxxx" ASC-nin Yasamal rayon Sukanal İdarəsi arasında 10.07.2017-ci il tarixli "Su təhcizatı və tullantı sularının axıdılması xidmətlərinə dair” Müqavilə imzalanmış və müvafiq su sayğacı quraşdırılmışdır. Adı çəkilən qeyri-yaşayış sahəsi açıq sahə olaraq market kimi fəaliyyət göstərmiş və orada daimi bir sanuzel otağı mövcud olmuşdur. Market 14 aydır bağlı olduğundan və fəaliyyət göstərmədiyindən qeyri-yaşayış sahəsi də bağlı olmuşdur. Bu yaxınlarda həmin sahədə təmir işləri aparmağa başlamış və sayğac koda düşdüyündən, cavabdehin əməkdaşlarını sahəyə dəvət edərək sayğaca baxış keçirilməsini, sayğaçı koddan çıxarılmasını xahiş etmişdir. Cavabdeh ASC-nin Yasamal rayon Su Kanal İdarəsinin əməkdaşları tərəfindən sahəyə baxış keçirildiyi zaman, sahədə söküntü və yenidənqurma işləri aparılırdı. Cavabdehin əməkdaşları qeyri-yaşayıs sahəsinə bitişik diametri 20 mm olan su xəttinin aşkar edildiyini bildirərək, həmin xəttə baxış keçirilən zaman bu xəttin ona aid olmamasını, xəttin işlək olmamasını və bina inşa olunduğu zaman binanın işçiləri tərəfindən quraşdırıla biləcəyini onlara bildirsələr də, cavabdehin əməkdaşları onun dediklərinə əhəmiyyət verməmişlər. Cavabdehin əməkdaşları heç bir söz bildirmədən sahədən uzaqlaşmışlar. Sonradan ona məlum olmuşdur ki, cavabdehin əməkdaşları tərəfindən 24.06.2021- ci il tarixli akt tərtib edilmiş və bunun əsasında ona əsassız olaraq 2052 m3 su və 2052 m3 çirkab suyun istifadəsi kimi göstərərək ümumilikdə 4.104 manat məbləğində əsassız pul vəsaiti hesablanmış və həmin vəsaitin ödənilməsinə dair 30.06.2021-ci il tarixli faktura verilmişdir. Qeyd edir ki, o, bir fiziki şəxs kimi daim istifadə etdiyi suyun, enerjinin dəyərini ödəmiş və heç bir zaman qanunsuz istifadələrə yol verməmişdir. Bununla bağlı şifahi qaydada cavabdehin əməkdaşlarına müraciət edərək araşdırmanın aparılmasını istəsə də, ondan əsassız olaraq hesablanmış borcun ödənilməsini tələb etmişlər. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-147/2022 saylı, 03 mart 2022-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, Cavabdeh ASC tərəfindən ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 700 kv.m olan qeyri-yaşayış sahəsinə dair 24.06.2021ci il tarixdə 600570 nömrə ilə tərtib edilmiş aktın ləğv edilməsi və həmin akta əsasən hesablanmış 4104 (dörd min yüz dörd) manat borc məbləği əsassız olduğundan silinməsi və iş üzrə məhkəmə məsrəfi olan 102 (bir yüz iki) manat ekspertiza xərcinin Cavabdeh ASC-dən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək qətnamənin ləğv edilməsi, iddia tələbinin rədd edilməsinə və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 30.52 manat dövlət rüsumunun iddiaçıdan cavabdehin xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş edilmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı sayğacdan kənar d=20 mmlik boru vasitəsi ilə qoşulma edərək sudan qeyri-qanuni istifadə etmiş, bunun nəticəsində Cavabdeh ASC-yə 4104 manat məbləğində ziyan vurmuşdur. Ziyanın məbləği qaydaların 8.7-ci bəndinə əsasən hesablanmışdır. Qanunsuz qoşulma faktını təsdiq edən akt tərtib edilmiş və video çəkiliş aparılmışdır. Cavabdeh ASC-nin əməkdaşları tərəfindən çəkilmiş video görüntülərdə sayğacdan kənar qoşulma yeri öz əksini tapmışdır. Həmin video görüntü məhkəməyə təqdim edilmişdir. Lakin birinci instansiya məhkəməsi iş üzrə bu kimi sübutların olmasına baxmayaraq, iddiaçının mülahizələrinə əsaslanaraq əsassız qətnamə qəbul etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən məhkəmə prosesində sudan qeyriqanuni istifadə faktını sübut edən video görüntü ətraflı araşdırılmamışdır. Eyni zamanda həmin faktın doğruluğunu yoxlamaq üçün aktı tərtib edən əməkdaşlar şahid kimi dindirilməmişdir. Video görüntünün araşdırılmaması birinci instansiya məhkəməsinin yanlış nəticəyə gəlməsinə səbəb olmuşdur. Məhkəmə iclasında iştirak edən Cavabdeh ASC-nin nümayəndəsi X8 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, əlavə olaraq bildirdi ki, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən iddiaçıya məxsus obyektə baxış keçirilən zaman sayğacdan kənar boru vasitəsi ilə sudan qeyri-qanuni istifadə faktı aşkar edilmişdir. Bu barədə akt tərtib edilmiş, faktı təsdiq edən video çəkiliş aparılmışdır. Birinci instansiya məhkəməsi tərəfindən isə əsassız ekspert rəyinə istinad edilmişdir. Hesab edir ki, video çəkiliş aparan əməkdaşların dindirilməsi iddiaçının sudan qeyri-qanuni istifadə etməsinin müəyyən edilməsində xüsusi əhəmiyyətə malikdir. Qeyd olunanlara əsasən birinci instansiya məhkəməsinin qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı məhkəmə iclasına gəlməmiş, kollegiya iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci hissəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Cavabdehin apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən kollegiya qətnamənin əsaslılığını tam yoxlayır. Məhkəmə kollegiyası cavabdeh tərəfin izahatını dinləyərək, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materiallarında olan "xxxx" MTK-nın Yaşayış binasında mənzil tikintisi haqqında 18.07.2008-ci il tarixli Müqavilədən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində yerləşmiş "xxxx" MTK-nın tikilməkdə olan binasının 1-ci mərtəbəsində yerləşəm qeyri-yaşayış sahəsindən (market) 700 kv.m alıcıya verməyi, alıcı isə həmin qeyri-yaşayış sahəsinin qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş pay haqqını vaxtında ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan “Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair hüquqi şəxslərlə və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərlə bağlanan” 10.07.2017-ci il tarixli, 37265388 nömrəli müqavilədən görünür ki, həmin müqavilə Cavabdeh ASC ilə istehlakçı İddiaçı arasında içməli suyun buraxılması, tullantı sularının kanalizasiya sisteminə qəbulu, təmizlənməsi və axıdılması ilə əlaqədar hüquq və öhdəliklərin müəyyən olunmasına dair bağlanmışdır. İş materiallarında olan qeyri-yaşayış sahəsinin icarəyə verilməsi haqqında 01.09.2019-cu il tarixli müqavilədən görünür ki, “icarəyə verən” İddiaçı ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsini “icarəçi” "xxxx" MMC-yə icarəyə verir. Bu müqavilə 01.09.2019-cu il tarixindən 1 il müddətinə qüvvədədir. İş materiallarında olan Cavabdeh ASC-nin Yasamal rayon Sukanal İdarəsi tərəfindən tərtib edilmiş 24.06.2021-ci il tarixli “Akt”dan görünür ki, ünvan 3 ünvanında 24.06.2021-ci il tarixdə su təchizatı və kanalizasiya sisteminə baxış keçirilmiş və obyektə su sayğacından kənar d-20 mm-lik qeyri-qanuni xətt aşkar olunmuş, foto və videosu qeydə alınmış və bundan sonra qanunsuz xətt kəsilərək ləğv olunmuşdur. “Abonent haqqında məlumat”dan görünür ki, fiziki şəxs İddiaçı yekun sərfiyat üzrə 4104,00 manat qalıq borc hesablanmışdır. İş materiallarında olan 01.01.2020-30.07.2021-ci il tarixli Cavabdeh ASC-nin Yasamal rayon Sukanal İdarəsi üzrə X1 görünür ki, ünvan 3 ünvanı üzrə abonent İddiaçı hər ay üzrə müvafiq məbləğlərdə olmaqla, cəmi 200 manat məbləğində su təchizatı ilə bağlı ödənişləri tam icra etmişdir. İş materiallarında olan 02.08.2021-ci il tarixli aktdan görünür ki, akta imza edənlər: X4, X2, X3, İskəndərov Sənan Vəkil oğlu təsdiq edirlər ki, ünvan 3 ünvanda "xxxx" MTK tərəfindən inşa olunan yüksəkmərtəbəli yaşayış binasının 1-ci qeyri-yaşayış sahəsində yerləşən İddiaçı məxsus sahə 15 may 2020-ci idən fəaliyyətini dayandırmışdır və bu günə qədər də fəaliyyət göstərmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın 8.6-cı bəndinə əsasən su təchizatı sisteminə özbaşına qoşulma halları aşkar edildikdə STKM qanunsuz xətti dərhal su təchizatı sistemindən ayırmaqla suyun verilməsini dayandırmalı və dəymiş ziyanın ödənilməsini həmin şəxsdən tələb etməlidir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3- cü maddəsinə əsasən istehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər. Həmin Qanunun 18-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət siyasəti malların (xidmətlərin, işlərin) istehlakçılarının (istifadəçilərinin) qanuni maraqlarının qorunması məqsədi ilə özündə istehlak bazarında satılan malların (xidmətlərin, işlərin) texniki, təhlükəsizlik standartlarına, ticarət norma və qaydalarına uyğun olmasına dövlət nəzarətini ehtiva edir. Həmin Qanunun 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulan hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. Su Məcəlləsinin 98-ci maddəsinə əsasən xüsusi mülkiyyətdə olan su obyektlərinə sudan istifadə haqqı mülkiyyətçilərlə su istehlakçıları arasında bağlanmış müqavilə əsasında müəyyən olunur. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 30cu maddəsinin 1-ci bəndinə əsasən su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən suyun hesabı tam ödənildikdən sonra, su təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış suyun dəyərini su təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. “Su təchizatı və tullantı suları” haqqında qanunun 59.3-cü maddəsinə əsasən su təchizatı və kanalizasiya müəssisələrinin xidmətlərinə görə ödəmələrin məbləği suölçən cihazların göstəricilərinə görə verilən suyun həcminin və ya obyektlərdən axıdılan tullantı sularının miqdarının uçotuna və müvafiq normativ hüquqi aktlarla müəyyənləşdirilmiş qaydalara əsasən hesablanır. “Sudan istifadə Qaydaları”nın 5.1.5-ci bəndinə əsasən verilən suyun və axıdılan tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmini əks etdirən hesabın təqdim edilməsini, dəqiqləşdirilməsini, yol verilmiş qeyri-dəqiqliyin aradan qaldırılmasını və ya yenidən hesablama aparılmasını tələb etmək istehlakçıların hüquqlarındandır. Kollegiya qeyd edir ki, birinci növbədə iddiaçıdan tələb edilən borcun real, həqiqətən sərf olunmuş suya görə hesablanmış borc olduğu sübuta yetirilməlidir. Bu halda sübutetmə yükü su təchizatçısının, yəni borcu hesablamış təşkilat olan Cavabdeh ASC-nin üzərinə düşür. Məhz cavabdeh, hesablanmış borcun həqiqətən sərf olunmuş suya görə hesablanmış borc olduğunu sübuta yetirilməlidir. Bununla bağlı cavabdeh tərəfindən akt və sözügedən qeyri-yaşayış sahəsində cavabdehin əməkdaşları tərəfindən aşkar edilmiş “əlavə xətt” ilə bağlı fotoşəkil və videonun əks olunduğu disk təqdim edilmişdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, həmin foto və video çəkilişlərə əsasən, “su sayğacından kənar d-20 mm-lik qeyri-qanuni xətt”in hansı xəttə birləşdirilməsini müəyyən etmək, qeyri-yaşayış sahəsində bil il müddətində sözügedən “kənar xətt”dən istifadə olunması, iddiaçıya hesablanan cərimə məbləğinni həmin borcunun diametrinə uyğun hesablanması ilə bağlı cavabdehin dəlillərinin həqiqiliyini müəyyən etmək olmur. Bununla yanaşı, mübahisəli aktı tərtib edənlər bilavasitə Cavabdeh ASC-nin əməkdaşları olduqları, iddiaçı və ya kənar şəxslər tərəfindən imzalanmadığı və iddiaçının akta imza etməkdən imtina etməsinə dair qeyd mübahisələndirilən aktın etibarlılığını şübhə altına qoyur. Həmin dəlillərə qiymət verilməsi üçün birinci instansiya məhkəməsi baxışı zamanı 05.08.2021-ci il tarixli qərardadı ilə məhkəmə-mühəndis texniki ekspertizası təyin edilmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin 27.12.2021-ci il tarixli 10/6424 nömrəli məhkəmə mühəndis-texniki ekspertizasının rəyi ilə birinci və ikinci suallar üzrə müəyyən edilmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsi ev 5 ünvanında yerləşən qeyri-yaşayış sahəsini su ilə təmin edən su xəttinin sayğaca qədər olan hissəsində hər hansı qeyri-leqal müdaxilə halları (əlavə qoşulmalar) müəyyən edilməmişdir. Göründüyü kimi təqdim edilmiş sübutların ekspert rəyi ilə müqayisəli tədqiqi nəticəsində iddiaçının “kənar xətt”dən istifadə edərək, sayğaca qeyri-qanuni müdaxilə etməsi öz təsdiqini tapmamışdır. Apellyasiya şikayətinin dəlilləri isə əsassız olmuşdur, belə ki, işin qeyd olunan halları ilə iddiaçıya məxsus qeyri-yaşayış sahəsində olan sayğaca qeyri-qanuni müdaxilə hallarının olması müəyyən edilməmiş, cavabdeh tərəfindən təqdim edilmiş sübutlar isə ekspert rəyi ilə təkzib edilmişdir. Eləcə də həmin rəyin şübhə altına alınması eyni zamanda sübut kimi qiytmətləndirilməməsi üçün əsaslar olmamışdır. MPM-nin 77.2-ci maddəsinin mənasına görə, dövlət hakimiyyəti və yerli özünüidarə orqanlarının, habelə başqa orqanların aktlarının və qərarlarının qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi aktı və ya qərarı qəbul etmiş orqanın üzərinə düşür. MPM-nin 14.2-ci maddəsinə görə isə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən iddiaçıya 4104 manat məbləğində borcun əsassız hesablandığı tam təsdiq olunduğundan, həmin vəsaitin silinməsi eləcə də Cavabdeh ASC tərəfindən ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 700 kv.m olan qeyri-yaşayış sahəsinə dair 24.06.2021-ci il tarixdə 600570 nömrə ilə tərtib edilmiş aktın ləğv edilməsi barədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə kollegiyasının qənaəti bundan ibarətdir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı və apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, hazırki qətnamədən kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Belə ki, Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırki iş üzrə iddianın qiyməti 4104 (dörd min yüz dörd) manat olmaqla beş min manatdan az olduğundan, istinad edilən normanın tələbləri baxımından həmin qətnamələrdən kassasiya şikayətinin verilməsi istisna edilmişdir, bir sözlə apellyasiya instansiya məhkəməsinin qeyd olunan qətnaməsindən kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdeh ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-147/2022 saylı, 03 mart 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar