Məhkəmə qərarları › İş №2(103)-3514/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3514/2021

04.05.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3514/2021 04.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Elsun Canməmməd oğlu Bəyalıyevin katibliyi, İddiaçı1 nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3211/2020 saylı, 30 noyabr 2020-ci il tarixli qətnaməsindən iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər ünvan 3, Cavabdeh1 və mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs DƏDRX-nin 1 saylı Bakı Ərazi idarəsinə qarşı “vərəsəlik şəhadətnaməsinin və hüquqi nəticələrinin etibarsızlığı tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri 31 saylı notariat ofisinin xüsusi notariusu X15 tərəfindən 26.10.2019-cu il tarixdə açılmış vərəsəlik işi ilə bağlı 14.03.2019-cu il tarixdə vəfat etmiş X9 məxsus Bakı şəhəri, S.Rüstəmov küçəsi ev 10, mənzil 29-a dair Cavabdeh1 2V-139 reyestr nömrəli vəsiyyət üzrə verilmiş 26.10.2019-cu il tarixli “Vərəsəlik hüququ haqqında şəhadətnamə”nin etibarsız hesab edilməsi, onun hüquqi nəticəsi olan ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi idarəsi tərəfindən Cavabdeh1 adına verilmiş qeyd olunan mənzilə dair 30.10.2019-cu il tarixli **********00-05101-093029 reyestr nömrəli ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, mübahisə predmeti olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 52,80 kv metr təşkil edən mənzil X2na məxsus olmuşdur. X2 14 mart 2019-cu il tarixdə vəfat etmişdir. Onun yeganə vərəsələri olaraq mirasın qəbulu ilə bağlı notariat orqanına müraciət edərkən məlum olmuşdur ki, bibilərindən miras qalmış əmlak 26.10.2019-cu il tarixdə 2V-139 nömrə reyestrlə vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə Cavabdeh1 - Ukrayna, Zaporojye vilayəti, Berdyansk şəhəri, Mendeleyev küçəsi, 3 (CB 615205, 24/09/2002-X8 DİN, Berdyansk) verilmiş, 30.12.2019-cu il tarixdə ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Cavabdeh1 adına çıxarış rəsmiləşdirilmişdir. Hazırda cavabdehin hansı üsulla bu vəsiyyətnaməni əldə etməsi məsələsi araşdırılmır, ancaq həmin vəsiyyətnamədən istifadə etməklə əmlakı vərəsəlik haqqında şəhadətnamə alması, nəticədə reyestrdən çıxarış almaqla özününküləşdirilməsi faktı ortadadır. Onlar - vərəsələr, bu məlumatları araşdırarkən, Bakı şəhəri 31 saylı notariat ofisinin xüsusi notariusu Ramiz Hümmətov 10 mart 2020-ci il tarixdə 124 nömrə ilə məktubla ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edərək bildirmişdir ki, 26.10.2019-cu il tarixdə açılmış vərəsəlik işi ilə bağlı 14.03.2019-cu il tarixdə vəfat etmiş X9 məxsus Bakı şəhəri, S.Rüstəmov küçəsi ev 10, mənzil 29-a dair Cavabdeh1 2V-139 reyestr nömrəli vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Vərəsəlik işi ilə əlaqədar Cavabdeh1 adından Ukrayna Respublikası, Zaporojye vilayəti, Berdyansk şəhəri xüsusi notariusu N.V.Senatorova tərəfindən təsdiq edilmiş 371,372 reyestr nömrəli etibarnamə X6 adına rəsmiləşdirilərkən onun ata adı yanlış olaraq Naib oğlu yazılmışdır. X4 şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi düzgün yazıldığından onun iştirakı ilə şəxsiyyət vəsiqəsi əsasında şəxsiyyəti müəyyən olunduğundan qeyd olunan nöqsan notariat ofisinin əməkdaşının və onların nəzərindən yayınmışdır. Vərəsəlik işində yeni halın açılmasını Cavabdeh1 adına verilmiş yuxarıda qeyd olunan mənzilə dair 30.10.2019-cu il tarixli **********00-**********9 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışın ləğv olunması barədə 10.03.2020-ci il tarixli 8İ-1174 nömrə reyestrlə təsdiq olunmuş rəsmi ərizəsini və etibarnamədə olan uyğunsuzluğu nəzərə alaraq Cavabdeh1 adına verilmiş qeyd olunan çıxarışın ləğv olunmasına sərəncam verməsini xahiş etmişdir. Eyni zamanda, Cavabdeh1 notariat ofisinə müraciət edərək onun adına verilmiş çıxarışın ləğv edilməsini xahiş etmiş, gələcəkdə bununla bağlı heç bir iddiası olmayacağını bildirmişdir. Cavabdehin onlara ünvanladığı Notariat hərəkətini aparmaqdan imtina edilməsi haqqında qərarda göstərilmişdir ki, o, Bakı şəhəri 31 saylı notariat ofisinin xüsusi notariusu X15, İddiaçı2 və İddiaçı1 14.03.2019-cu il tarixdə vəfat etmiş X2ndan miras qalmiş Bakı şəhəri, Səbail rayonu, S.Rüstəmov, B.10, M.29-dan mirasın qəbul edilməsi, onlara qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə verilməsi ilə bağlı təqdim edilən 19.05.2020-ci il tarixli ərizələri və həmin ərizələrə əlavə edilmiş digər sənədləri nəzərdən keçirərək, müəyyən etmişdir ki, İddiaçı2 və İddiaçı1 ərizələrinə baxılarkən müəyyən olundu ki, X13 həqiqətən 14.09.2019-cu il tarixdə vəfat etmişdir. X1 miras qalmış Bakı şəhəri, Səbail rayonu, S.Rüstəmov küçəsi, B.10, M.29-a dair 26.10.2019-ci il tarixdə 2V-139 reyestrlə vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə Cavabdeh1 -Ukrayna, Zaporojye vilayəti Berdyansk şəhəri, Mendeleyev küçəsi, ev 3 (CB 615205, 24/09/2002-X8 Dini Berdyansk) verilmiş, 30.10.2019-cu il tarixdə ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfmdən Cavabdeh1 adına çıxarış rəsmiləşdirilmişdir. Təqdim olunan ərizə və sənədləri nəzərə alaraq hal-hazırda qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamənin verilməsi aşağıdakı səbəblərə görə mümkün deyil: vərəsəliyin qəbuluna dair qanunla müəyyən edilmiş müddət buraxılmışdır; Bakı şəhəri, Səbail rayonu, S. Rüstəmov küçəsi, B.10, M.29-a dair Bakı şəhəri 31 saylı notariat ofis tərəfindən verilmiş 26.10.2019-cu il tarixli 2V-139 reyestrli Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və 30.10.2019-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarış məhkəmə tərəfindən ləğv edilməsi tövsiyyə edilir.» Xüsusi notarius «Notariat haqqında» Azərbaycan Respublikası Qanunun 40-cı maddəsinə istinad etmiş, lakin hansı bəndinin kokret olaraq tələbinə istinad etdiyini açıqlamamışdır. Əgər imtina 1-ci bəndə, yəni hərəkətin qanuna zidd olması ilə əsaslandırılırsa, bu da səhvdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3211/2020 saylı, 30 noyabr 2020-ci il tarixli qətnaməsi ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər ünvan 3 və Cavabdeh1 qarşı vərəsəlik şəhadətnaməsinin və hüquqi nəticələrinin etibarsızlığı tələbinə dair iddialarının təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan iddiaçılar İddiaçı1 və İddiaçı2 apelyasiya şikayəti vermiş və apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3211/2020 saylı, 30 noyabr 2020-ci il tarixli qətnaməsi qanunsuz və əsassızdır, maddi və prosessual hüquq normalarının kobud pozulması şəraitində çıxarılmışdır, məhkəmənin qətnamədə gəldiyi nəticə işin faktiki hallarına uyğun gəlmir, tətbiq edilməli olmayan maddi hüquq norması tətbiq edilmişdir, ona görə də, həmin qətnamə ləğv olunmalı və Azərbaycan Respublikasının qanunlarına və qanunvericilik aktlarının tələblərinə cavab verən iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmalıdır. Məhkəmə hesab etmişdir ki, Ukrayna Ədliyyə Nazirliyi Berdyansk şəhəri Notariat Dairənin Xüsusi notariusu X3 Bakı şəhəri 31 saylı Notariat ofisinin xüsusi notariusu X12 ünvanlanmış 16.10.2019-cu il tarixli 327 nömrəli məktubuna görə, 15.12.1937-ci il təvəllüdlü X13 tərəfindən 15.08.1965-ci il təvəllüdlü Cavabdeh1 adına verilmiş 15.11.2004-cü il tarixli, 723 nömrə ilə reyestrdə qeydiyyata alınmış miras haqqında iş etibarlı olduğundan, mübahisəli ev vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən Cavabdeh1 verilmişdir, İddiaçı2 və İddiaçı1 isə vərəsəlik hüququ haqqında şəhadətnaməni mübahisələndirməklə onun etibarsız hesab edilməsini və bununla yanaşı onun hüquqi nəticələrinin etibarsız hesab edilməsini xahiş edirlər. Məhkəmənin qənaətiə görə, iddiaçılar miras qoyana münasibətdə məcburi pay almaq hüququna malik şəxslər sırasına daxil deyildir. İddiaçılar yalnız vəsiyyətnamə olmadığı təqdirdə mirasqoyanın özlərindən öncə gələn vərəsələrin sağ olmaması halında miras əmakı qanun üzrə vərəsələr kimi qəbul edə bilər. Hazırki halda isə sözügedən əmlak vəsiyyətnamə üzrə cavabdehə vəsiyyət edilmiş və həmin vəsiyyətnamə qüvvədədir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehin mülkiyyət hüququnun əmələ gəlməsinə əsas olmuş vəsiyyətnamə qüvvədə olduğu halda (etibarsız hesab edilmədən) hüququn əmələ gəlməsinin tanınması və təsdiqi (yəni vərəsəlik hüququ haqqında şəhadətnamə, dövlət qeydiyyatı və həmin qeydiyyatın əsasında verilən reyestrdən çıxarış) etibarsız hesab edilə bilməz. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi təmin edilə bilməz.» Məhkəmənin gəldiyi qənaət səhv və yanlışdır. Belə ki, iş materiallarında olan Cavabdeh1 notariat ofisinə müraciət edərək, onun adına verilmiş çıxarışın ləğv edilməsini xahiş etmiş, gələcəkdə bununla bağlı heç bir iddiası olmayacağını bildirmişdir. Bu hal həm də prokurorluğa dəvət edilmələri və zərərçəkmiş şəxs qismində ifadələrinin alınmasından sonra əmlakın onlara de fakto təhvil verilməsi ilə nəticələnmişdir, ancaq hüquqi prosedurlar tamamlanmamışdır. Apelyasiya şikayətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3211/2020 saylı, 30 noyabr 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apelyasiya məhkəməsi tərəfindən apelyasiya şikayətinə məhkəmə iclasında baxılmasının vaxtı və yeri barədə xəbərdar edilmələrinə baxmayaraq İddiaçı2, cavabdehlər Cavabdeh1, Bakı şəhəri 31 saylı notariat ofisinin və mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs DƏDRX-nin 1 saylı Bakı Ərazi idarəsinin nümayəndələri məhkəmə iclasına gəlməmişlər, Bakı şəhəri 31 saylı notariat ofisinin nümayəndəsi istisna olmaqla, digərləri gəlməmələrinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər, Bakı şəhəri 31 saylı notariat ofisinin xüsusi notariusu X11 isə məhkəməyə müraciət ünvanlayaraq işə iştirakları olmadan baxılmasını xahiş etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələblərinə əsasən cavabdeh Xocasən Bələdiyyəsinin nümayəndəsinin iştirаkı оlmаdаn mülki işə baxılmasını mümkün hesab etmişdir. Apelyasiya məhkəməsinin iclasında İddiaçı1 nümayəndəsi və vəkili Nümayəndə İddiaçı1 tərəfindən verilmiş apelyasiya şikayətini müdafiə etdiyini bildirdi, iddia ərizəsində göstərilənlərə və apelyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək, apelyasiya şikayətinin təmin edilməsini, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3211/2020 saylı, 30 noyabr 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. Azərbaycan Respublikası MPM-nin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını оnun düzünə və ya dоlayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və оna etirazlarda ifadə оlunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz оlduqda isə tam yоxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı оlmayaraq, məhkəmənin maddi və prоsessual hüquq nоrmalarına riayət etməsini yоxlayır. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Hazırki halda iddiaçılar İddiaçı1 və İddiaçı2 apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən narazı qaldıqlarını bildirərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişlər. Оna görə də məhkəmə kоllegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi tam yоxlanılmalıdır. Kollegiya apelyasiya şikayətinin dəlillərini, iddiaçının nümayəndəsinin apelyasiya icraatında verdiyi izahatında göstərdiklərini və apelyasiya icraatına təqdim edilmiş və araşdırılmış sübutları, işin materiallarında olan sübutlarla əlaqəli yoxlayıb qiymətləndirərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilərək, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinin tələbinə görə apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmçinin həmin Məcəllənin 385.1.1, 385.1.2 və 385.1.4-cü maddələrinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə əsasən, maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Həmin Məcəllənin 388-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir. Həmin Məcəllənin 390-cı maddəsinə əsasən, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişsə, məhkəmənin qətnamədə göstərdiyi dəlillər işin hallarına uyğun hesab edilmir. Qeyd edilən prosessual hüquq normalarının tələblərini nəzərə alan kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədə gəlinən nəticə işin hallarına uyğun olmamış və məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş və bununla da maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Belə ki, birinci instansiya məhkəməsi qətnamədə işin materiallarında olan aşağıdakı sübutlara istinad etmişdir: İş materiallarında olan İddiaçı1 ünvan 3 ünvanlanladığı ərizənin surətindən görünür ki, ünvan 4 ev 27, mənzil 61-də yaşamış 14.03.2019-cu il tarixdə vəfat etmiş bibisi X5 qalmış ünvan 4 ev 10, mənzil 29-da olan miras əmlakı qəbul edir. Ondan başqa vərəsə İddiaçı2dur. İş materiallarında olan İddiaçı2 ünvan 3 ünvanlanladığı ərizənin surətindən görünür ki, ünvan 4 ev 27, mənzil 61-də yaşamış 14.03.2019-cu il tarixdə vəfat etmiş bibisi X5 qalmış ünvan 4 ev 10, mənzil 29-da olan miras əmlakı qəbul edir. Ondan başqa vərəsə İddiaçı1dır. İş materiallarında olan Bakı şəhəri 31 saylı notariat ofisinin xüsusi notariusu X10 15.07.2020-ci il tarixli notariat hərəkətlərini aparmaqdan imtina edilməsi qərarının surətindən görünür ki, İddiaçı2 və İddiaçı1 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. Həmin qərarda göstərilmişdir ki, X1 miras qalmış Bakı şəhəri, Səbail rayonu, S.Rüstəmov küçəsi ev 10, mənzil 29-a dair 26.10.2019cu il tarixdə 2V-139 reyestrlə vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə Cavabdeh1 verilmiş, 30.10.2019-cu il tarixdə ƏMDK yanında DƏDRXnin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Cavabdeh1 adına çıxarış rəsmiləşdirilmişdir. Təqdim olunan ərizə və sənədləri nəzərə alaraq hal-hazırda qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi vərəsəliyin qəbuluna dair qanunla müəyyən edilmiş müddətin buraxılması səbəbindən mümkün olmadığı bildirilməklə, Bakı şəhəri, Səbail rayonu, S.Rüstəmov küçəsi, ev 10, mənzil 29-a dair Bakı şəhəri 31 saylı notariat ofisi tərəfindən verilmiş 26.10.2019-cu il tarixli 2V-139 reyestrli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və 30.10.2019-cu il tarixli ********** qeydiyyat nömrəli çıxrışın məhkəmə tərəfindən ləğv edilməsi tövsiyyə edilmişdir. İş materiallarında olan 30.10.2019-cu il tarixdə ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, S.Rüstəmov küçəsi, ev 10, mənzil 29-un mülkiyyətçisi Cavabdeh1dur. İş materiallarında olan 26.10.2019-cu il tarixdə verilmiş vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, Bakı şəhəri 31 saylı notariat ofisinin xüsusi notariusu X16 təsdiq etmişdir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1159-cu maddəsinə əsasən 14.03.2019-cu il tarixdə ölmüş X7 vəsiyyətnamə üzrə vərəsəsi Cavabdeh1 miras qalmış əmalkı tam hissədə almalıdır. Miras əmlak Bakı şəhəri, Səbail rayonu, S.Rüstəmov küçəsi, ev 10, mənzil 29. İş materiallarında olan Bakı şəhəri 31 saylı Notariat ofisinin Ukrayna Respublikasının Zaporojye vilayəti Berdyansk şəhər notarial dairəsinin xüsusi notariusu V.V. Romançenkoya ünvanlanmış 538 nömrəli məktubundan görünür ki, vərəsəlik işi ilə əlaqədar 15.12.1937-ci il təvəllüdlü X13 tərəfindən 15.08.1965ci il təvəllüdlü Cavabdeh1 adına verilmiş 15.11.2004-cü il tarixli, 723 nömrə ilə reyestrdə qeyd edilmiş vəsaiyyətnamə işinin qüvvədə olub-olmaması barədə məlumat verilməsi xahiş olunmuşdur. İş materiallarına olan Ukrayna Ədliyyə Nazirliyi Berdyansk şəhəri Notariat Dairənin Xüsusi notariusu X3 Bakı şəhəri 31 saylı Notariat ofisinin xüsusi notariusu X12 ünvanlanmış 16.10.2019-cu il tarixli 327 nömrəli məktubundan görünür ki, 15.12.1937-ci il təvəllüdlü X13 tərəfindən 15.08.1965-ci il təvəllüdlü Cavabdeh1 adına verilmiş 15.11.2004cü il tarixli, 723 nömrə ilə reyestrdə qeydiyyata alınmış miras haqqında iş etibarlıdır. Birinci instansiya məhkəməsi qətnamədə istinad etdiyi sübutlar əsasında hesab etmişdir ki, iddiaçılar miras qoyana münasibətdə məcburi pay almaq hüququna malik şəxslər sırasına daxil deyildir. İddiaçılar yalnız vəsiyyətnamə olmadığı təqdirdə mirasqoyanın özlərindən öncə gələn vərəsələrin sağ olmaması halında miras əmakı qanun üzrə vərəsələr kimi qəbul ed bilər. Hazırki halda isə sözgedən əmlak vəsiyyətnamə üzrə cavabdehə vəsiyyət edilmiş və həmin vəsiyyətnamə qüvvədədir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehin mülkiyyət hüququnun əmələ gəlməsinə əsas olmuş vəsiyyətnamə qüvvədə olduğu halda (etibarsız hesab edilmədən) hüququn əmələ gəlməsinin tanınması və təsdiqi (yəni vərəsəlik hüququ haqqında şəhadətnamə, dövlət qeydiyyatı və həmin qeydiyyatın əsasında verilən reyestrdən çıxarış) etibarsız hesab edilə bilməz. İddiaçının nümayəndəsi apelyasiya şikayətində və apelyasiya icraatında verdiyi izahatında göstərmişdir ki, mübahisə predmeti olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 52,80 kv metr təşkil edən mənzil X2na məxsus olmuşdur. X2 14 mart 2019-cu il tarixdə vəfat etmişdir. Onun yeganə vərəsələri olaraq mirasın qəbulu ilə bağlı notariat orqanına müraciət edərkən məlum olmuşdur ki, bibilərindən miras qalmış əmlak 26.10.2019-cu il tarixdə 2V-139 nömrə reyestrlə vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə Cavabdeh1 - Ukrayna, Zaporojye vilayəti, Derdyansk şəhəri, Mendeleyev küçəsi, 3 (CB 615205, 2.4/09/2002- X8 DİN, Berdyansk) verilmiş, 30.12.2019ctı il tarixdə ƏMDKyanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Cavabdeh1 adına çıxarış rəsmiləşdirilmişdir. Cavabdehin vəsiyyətnaməni saxtalaşdırma yolla əldə etməsi faktı ilə bağlı prokurorluqda araşdırma aparılır. Bizi prokurorluğa dəvət edib zərərçəkmiş şəxs qismində ifadələrimizi də almışdılar. Biz vərəsələr bu məlumatları araşdırarkən, cavabdeh - Bakı şəhəri 31 saylı notariat ofisinin xüsusi notariusu Ramiz Hümmətov 10 mart 2020-ci il tarixdə 124 nömrə ilə məktubla ƏMDK yanında DƏDRX-nın 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edərək bildirmişdir ki, «26.10.2019-cu il tarixdə açılmış vərəsəlik işi ilə bağlı 14.03.2019-cu il tarixdə vəfat etmiş X9 məxsus Bakı şəhəri, S.Rüstəmov küçəsi ev 10, mənzil 29-a dair Cavabdeh1 2V-139 reyestr nömrəli vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Vərəsəlik işi ilə əlaqədar Cavabdeh1 adından Ukrayna Respublikası, Zaporojye vilayəti, Berdyansk şəhəri xüsusi notariusu N.V.Senatorova tərəfindən təsdiq edilmiş 371,372 reyestr nömrəli etibarnamə X6 adına rəsmiləşdirilərkən onun ata adı yanlış olaraq Naib oğlu yazılmışdır. X4 şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi düzgün yazıldığından onun iştirakı ilə şəxsiyyət vəsiqəsi əsasında şəxsiyyəti müəyyən olunduğundan qeyd olunan nöqsan notariat ofisinin əməkdaşının və mənim nəzərimizdən yayınmışdır. Vərəsəlik işində yeni halın açılmasını Cavabdeh1 adına verilmiş yuxarıda qeyd olunan mənzilə dair 30.10.2019- cu il tarixii **********00-05101-093029 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışın ləğv olunması barədə 10.03.2020-ci il tarixli 8İ-1174 nömrə reyestrlə təsdiq olunmuş rəsmi ərizəsini və etibarnamədə olan uyğunsuzluğu nəzərə alaraq Cavabdeh1 adına verilmiş qeyd olunan çıxarışın ləğv olunmasına sərəncam verməyinizi Xahiş edirəm». Eyni zamanda, Cavabdeh1 notariat ofisinə müraciət edərək onun adına verilmiş çıxarışın ləğv edilməsini xahiş etmiş, gələcəkdə bununla bağlı heç bir iddiası olmayacağını bildirmişdir. Məhkəmənin gəldiyi qənaət səhv və yanlışdır. Belə ki, iş materiallarında olan Cavabdeh1 notariat ofisinə müraciət edərək, onun adına verilmiş çıxarışın ləğv edilməsini xahiş etmiş, gələcəkdə bununla bağlı heç bir iddiası olmayacağını bildirmişdir. Bu hal həm də prokurorluğa dəvət edilmələri və zərərçəkmiş şəxs qismində ifadələrinin alınmasından sonra əmlakın onlara de fakto təhvil verilməsi ilə nəticələnmişdir, ancaq hüquqi prosedurlar tamamlanmamışdır. Əlavə olaraq, ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin rəis müavini Eldar Mirzəyevin **********60 nömrə ilə 04.05.2020-ci il tarixli cavabından görünür ki, «Sizin Bakı şəhəri, Səbail rayonu, Səid Rüstəmov küçəsi 10 saylı evin, 29 saylı mənzilinə dair verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi barədə 10.03.2020-ci il tarixli, 124 saylı məktubunuza 1 saylı Bakı Ərazi İdarəsində baxılmışdır. Bununla əlaqədar olaraq bildiririk ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 149-cu və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.4-cü maddəsinin tələblərinə əsasən Bakı şəhəri, Səbail rayonu, Səid Rüstəmov küçəsi 10 saylı evin, 29 saylı mənzilinə dair Cavabdeh1 adına verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğvi qanuni qüvvəyə minmiş məhkəmə qərarı əsasında ləğv edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 149.2-ci maddəsinə əsasən əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikiəri hüquqlan saxlanılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.3 və 2.4-cü maddələrinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir.» Göründüyü kimi, əsas cavabdehlər iddianı qəbul edirlər və qeydiyyatı aparan orqan sadəcə formal olaraq qeydin ləğvi ilə bağlı məhkəmə qətnaməsinin zəruriliyini bildirmişdir. İddianın cavabdehlər tərəfindən etiraf edilməsinin hüquqi nəticələri üçüncü şəxslərin maraqlarına toxunmur. Cavabdehin artıq istifadə edilmiş vəsiyyətnamə əsasında həyata keçirdiyi əməliyyatlarla aldığı daşınmaz əmlakın reyestrindən çıxarışdan imtina etməsi də vəsiyyətnamənin qüvvəsinin qalmamasını ehtiva edir. Apelyasiya icraatında şahid qismində dindirilmiş X14 ifadəsində göstərmişdir ki, Cavabdeh1 tanıyır, o, Ukrayna Respublikasının Berdyansk şəhərində yaşayır, 10 ilə yaxındır ki, onunla tanışdır, özü oraya alış-verişə gedib-gəlib, axırıncı dəfə Luqanski şəhərində olarkən infakt keçirdiyindən Aslandan borc pul götürüb Bakıya gəlmişdir. Həmin vaxtdan bir-iki ay keçmiş Aslan ona zəng vuraraq bildirmişdir ki, “sənə etibarnamə göndərsəm orada ev məsələsi var, məşğul olsan sənədə hörmət edəcəm, verdiyi borc pulnan əvəzləşərik. O, Aslanla razılaşmış, Aslan etibarnamə göndərmiş və həmin etibarnamə əsasında vərəsəni qəbul etmişdir. Mənzilin açarı İcra Hakimiyyətində olduğundan, ora getmiş, İcra Hakimiyyətində çıxarışı necə aldığı ondan soruşulmuş, köhnə çıxarış əsasında vərəsəni qəbul etdiyini bildirmişdir. Bütün işləri etibarnamə əsasında gördükdən sonra mübahisə olduğundan İcra Hakimiyyətinin şöbə müdiri prokurorluğa şikayət etmişdir. Sonra o, prokurorluğa çağırılmış, orada ona məlum olmuşdur ki, Ukraynada verilən vəsiyyətnamə saxtadır. O, ona verilən etibarnamənin qanuni olduğunu, vərəsəlik barədə məlumatsız olduğunu bildirmişdir. O, Aslanla əlaqə saxlamış, Aslan ona hər şeyin qanuni olduğunu demiş, lakin bir müddət sonra Aslan nömrəsini dəyişmiş, o, Ukraynada başqa şəxslərə zəng emiş və onlar vasitəsilə öyrənmişdir ki, sənədləri Aslana bir nəfər onun tanımadığı ölmüş şəxs vermiş, iş prokurorluğa düşməmişdən bir müddət əvvəl həmin şəxs ölmüşdür. Bunu biləndən sonra ərizə ilə müraciət edərək vərəsəlikdən və çıxarışdan imtina etmiş, bu barədə Cavabdeh1 də məlumatlandırmış, Aslan bilir ki, o, hər şeydən imtina etmiş, notariusa getmiş, Aslanın adından imtina etmişdir. Aslanla hazırda münasibəti yoxdur, Aslana bütün bunlar barədə bildirmişdir. Birinci instansiya məhkəməsinə təqdim edilmiş (i.v. 21-də olan, lakin sübut kimi qiymətləndirilməmiş), həmçinin apelyasiya məhkəməsinin sorğusuna əsasən 31 saylı notariat ofisinin xüsusi notariusu R.K.Hümmətov tərəfindən təqdim edilmiş “Ərizə”nin məzmunundan görünür ki, Cavabdeh1 etibarnamə əsasında nümayəndəsi olan X14 DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edərək, Bakı şəhəri, Səbail rayonu, S.Rüstəmov küçəsi, ev 10, mənzil 29-a dair onun adına verilmiş 30.10.2019-cu il tarixli **********00-05101-093029 reyestrli, ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsini xahiş etmiş və gələcəkdə bununla əlaqədar heç bir irad və təklifinin olmayacağını bildirmişdir. Həmin ərizə 10.03.2020-ci il tarixdə reyestrdə 8İ-1174 nömrəsi ilə qeydə alınmışdır. Birinci instansiya məhkəməsinə təqdim edilmiş və iş materiallarında olan (i.v. 13), lakin məhkəmə tərəfindən qiymətləndirilməyən 31 saylı notariat ofisinin xüsusi notariusu R.K.Hümmətovun ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə ünvanlanan, 10 mart 2020-ci il tarixli, 124 saylı məktubun məzmunundan müəyyən edilir ki, 26.10.2019-cu il tarixdə açılmış vərəsəlik işi ilə 14.03.2019-cu il tarixdə vəfat etmiş X9 məxsus Bakı şəhəri, Səbail rayonu, S.Rüstəmov küçəsi, ev 10, mənzil 29-a dair Cavabdeh1 2V-139 reyestr nömrəli vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Vərəsəlik işi ilə əlaqədar Cavabdeh1 - Ukrayna, Zaporojye vilayəti, Berdyansk şəhəri xüsusi notariusu N.V.Senatorova tərəfindən təsdiq edilmiş 371,372 reyestr nömrəli etibarnamə X6 adına rəsmiləşdirilərkən onun ata adı yanlış olaraq Naib oğlu yazılmışdır. X4 şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi düzgün yazıldığından onun iştirakı ilə şəxsiyyət vəsiqəsi əsasında şəxsiyyəti müəyyən olunduğundan qeyd olunan nöqsan notariat ofisinin əməkdaşının və notariusun nəzərindən yayınmışdır. Vərəsəlik işində yeni halın açılmasını, Cavabdeh1 adına verilmiş yuxarıda qeyd olunan mənzilə dair 30.10.2019-cu il tarixli **********00-05101-093029 reyestrli, ********** qeydiyyat nömrəli çıxarışın ləğv olunması barədə 10.03.2020-ci il tarixli 8İ-1174 reyestrlə təsdiq olunmuş rəsmi ərizəsini və etibarnamədə olan uyğunsuzluğu nəzərə alaraq Cavabdeh1 adına verilmiş qeyd olunan çıxarışın ləğv olunmasına sərəncam verilməsi xahiş edilmişdir. Birinci instansiya məhkəməsinə təqdim edilmiş və iş materiallarında olan (i.v. 11), lakin məhkəmə tərəfindən qiymətləndirilməyən Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı ünvan 6 ünvanlanan 04.05.2020-ci il tarixli məktubun məzmunundan müəyyən edilir ki, 31 saylı notariat ofisinin xüsusi notariusu R.K.Hümmətovun Bakı şəhəri, Səbail rayonu, S.Rüstəmov küçəsi, ev 10, mənzil 29-a dair verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi barədə 10.03.2020-ci il tarixli, 124 saylı məktubuna cavab olaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 149cu və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.4-cü maddəsinin tələblərinə əsasən Bakı şəhəri, Səbail rayonu, S.Rüstəmov küçəsi, ev 10, mənzil 29-a dair Cavabdeh1 adına verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğvi qanuni qüvvəyə minmiş məhkəmə qərarı əsasında ləğv edilə bilər. Apelyasiya Məhkəməsinin sorğusuna əsasən Bakı şəhəri Nizami RPİ-nin İstintaq Şöbəsinin rəisinin məhkəməyə təqdim etdiyi materiallarla müəyyən edilir ki, Bakı şəhər Prokurorunun 23 noyabr 2019-cu il tarixli qərarı ilə fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 308.1 və 320.2-ci maddələri ilə cinayət işi başlanmış və istintaq aparılır. Cinayət işinin materiallarına əsasən X13 Azərbaycan Respublikasının ərazisini tərk etməmişdir. Vəsiyyətnamə verilən vaxtda Ukrayna Respublikası, Zaporojye vilayəti, Berdyansk şəhəri xüsusi notariusu N.V.Senatorovanın fəaliyyət göstərmədiyi, həmçinin R.M.Hacıyevanın adından tərtib edilmiş vəsiyyətnamədəki imzanın onun öz imzası ilə kəskin şəkildə fərqli olmasını nəzərə alaraq xəttşünaslıq ekspertizasının təyin edilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1133-cü maddəsinə əsasən: 1133.1. Ölmüş şəxsin (miras qoyan) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir; 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1134.2-ci maddəsinə əsasən, vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1232-ci maddəsinə əsasən, vəsiyyətnamədə göstərişin olmadığı halda onun icrası vəsiyyət üzrə vərəsələrin öhdəsinə qoyulur. Vərəsələr vəsiyyətnamənin icrasını qarşılıqlı razılaşmaya əsasən özlərindən birinə və ya başqa şəxsə etibar edə bilərlər. Həmin Məcəllənin 1243-cü maddəsinə əsasən: 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir; 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1245-ci maddəsinə əsasən, vərəsə mirası şəxsən və ya nümayəndə vasitəsilə qəbul edə bilər. Həmin Məcəllənin 1256-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. Həmin Məcəllənin 1321-ci maddəsinə əsasən: 1321.1. Vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər; 1321.2. Qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir; 1321.3. Vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsin həmin şəhadətnamədə göstərilən hüquqa malik olması qəbul edilir. Bu, vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsdən onun miras payına aid olan hər hansı bir predmeti, belə predmetlə bağlı hüququ və ya miras payına daxil olan hər hansı bir hüquqdan azad etməni əldə edən şəxsin xeyrinə də qüvvədədir, bir şərtlə ki, əldə edən vərəsəlik şəhadətnaməsinin düzgün olmadığını bilməmiş olsun. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337-ci maddəsinə əsasən: 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir; 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır; 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Həmin Məcəllənin 359.1-ci maddəsinə əsasən, əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər. Həmin Məcəllənin 362.1-ci maddəsinə əsasən, bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. “Azərbaycan Respublikası Notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 2-ci bəndinin 3-cü hissəsinə görə notarius ..... vərəsəlik hüququ haqqında şəhadətnamə verir. Həmin Təlimatın 101-ci maddəsinə əsasən vərəsə mirası şəxsən və ya nümayəndəsi vasitəsilə qəbul edə bilər. Həmin Təlimatın 104-cü maddəsinə əsasən Notarius vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölümü faktını, vəsiyyətnamənin olub-olmadığını, vərəsəliyin açıldığı vaxtı və yeri, barəsində şəhadətnamə verilən miras əmlakın tərkibini və olduğu yeri yoxlayır....... Kollegiya qeyd edilən qanunvericilik normalarının tələblərini nəzərə alaraq, birinci instansiya məhkəməsinə və apelyasiya icraatı zamanı təqdim edilmiş və araşdırılmış sübutları məcmu halda qiymətləndirib belə qərara gəlir ki, mübahisələndirilən vərəsəlik şəhadətnaməsi verilərkən qanunvericiliyin tələbləri pozulmuşdur. Belə ki, işin araşdırılmış halları ilə müəyyən edilir ki, mübahisələndirilən miras əmlaka vəsiyyətnamə alan Cavabdeh1 tərəfindən verilmiş etibarnamədə etibar edilənən atasının adı ilə, notariat əməliyyatında onun adından çıxış etmiş şəxsin atasının adı fərqli olmuş (etibarnamədə etibar edilənin atasının adı Naib olduğu halda, notariat əməliyyatında iştirak edən şəxsin atasının adı Nəbi kimi göstərilib), lakin əməliyyat aparan notarius bu hala diqqət yetirməmişdir. Kollegiyanın qənaətinə görə bu hal notariat əməliyyatının aparılmasında iştirak etmiş şəxsin həmin əməliyyatın aparılmasında iştirak etməsini istisna edən hal hesab edilməli olduğuna baxmayaraq, notarius tərəfindən yuxarıda qeyd edilmiş qanunvericiliyin tələbləri pozulmuş və bu səbəbdən də verilmiş vərəsəlik şəhadətnaməsi qanunsuz olduğundan, həmin şəhadətnamə etibarlı hesab edilə bilməz. Kollegiya onu da qeyd edir ki, işin araşdırılmış halları ilə həmçinin müəyyən edilir ki, vəsiyyətnamə alan Cavabdeh1 adından hərəkət edən X14 notariat orqanına ərizə ilə iüraciət edərək, təmsil etdiyi şəxsin adına verilmiş çıxarışın ləğv edilməsini xahiş etdiyini bildirmiş və apelyasiya icraatı zamanı verdiyi izahatında bu imtinanı Cavabdeh1 ilə razılaşdırdığını bildirmişdir. İşin bu halı da kollegiyaya etibarnamə almış şəxsin həmin əməliyyatları aparmağa səlahiyyətli olmaması qənaətinə gəlməyə əsas verir. Kollegiya vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız olması qənaətinə gəldiyindən hesab edir ki, həmin vərəsəlik şəhadətnaməsi əsasında verilmiş çıxarış da ləğv edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 149-cu maddəsinin tələblərinə əsasən əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.3 və 2.4-cü maddələrinin tələblərinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Kollegiya iddiaçının vəsiyyətnaməsinin saxta olması barədə dəlili ilə bağlı qeyd edir ki, hazırda vəsiyyətnamənin qanuni olub-olmaması barədə cinayət təqibi qaydasında araşdırma aparılır və araşdırmanın nəticəsindən asılı olaraq həmin hala qiymət verilə bilər. Ona görə də iddia tələbi və apelyasiya şikayətinin həmin dəlili rədd edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 372, 382, 384.0.2, 385.1.1, 385.1.2, 385.1.4, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilsin. İş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3211/2020 saylı, 30 noyabr 2020-ci il tarixli qətnaməsi ləğv еdilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər ünvan 3, Cavabdeh1 və mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs DƏDRX-nin 1 saylı Bakı Ərazi idarəsinə qarşı “vərəsəlik şəhadətnaməsinin və hüquqi nəticələrinin etibarsızlığı tələbinə dair” iddiaları təmin edilsin. Bakı şəhəri 31 saylı notariat ofisinin xüsusi notariusu X15 tərəfindən 26.10.2019-cu il tarixdə açılmış vərəsəlik işi ilə bağlı 14.03.2019-cu il tarixdə vəfat etmiş X9 məxsus Bakı şəhəri, Səbail rayonu, S.Rüstəmov küçəsi ev 10, mənzil 29-a dair Cavabdeh1 2V-139 reyestr nömrəli vəsiyyət üzrə verilmiş 26.10.2019-cu il tarixli “Vərəsəlik hüququ haqqında şəhadətnamə” etibarsız hesab edilsin. Həmin Şəhadətnamə əsasında ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi idarəsi tərəfindən Bakı şəhəri, Səbail rayonu, S.Rüstəmov küçəsi ev 10, mənzil 29-a dair Cavabdeh1 adına verilmiş 30.10.2019-cu il tarixli **********00-05101-093029 reyestr nömrəli ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış ləğv edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar