Məhkəmə qərarları › İş №2(103)-352/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-352/2021

16.04.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-352/2021 16.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, İddiaçı cavabdehlər Bakı Şəhəri 40 saylı Notariat Ofisi və Cavabdeh2 qarşı “vəsiyyətnamənin etibarsız hesab edilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 15 yanvar 2020-ci il tarixli qətnamədən iş üzrə iddiaçının verdiyi apellyasiya şikayətinə əsasən işə, Cavabdeh2 vəkili (nümayəndəsi) Nümayəndə iştirakı ilə, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə Xətai Rayon Məhkəməsinə müraciət edərək, ögey qardaşı olan Cavabdeh2 adına anaları X5 tərəfindən miras əmlaka dair verilmiş vəsiyyətnamənin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının anası X5, atası X14, qardaşı X15, bacısı İsmayılova (Bayramova) Zəhra Oruc qızı, ögey qardaşı Cavabdeh2dur. İddiaçının anası Mirxanım İsmayılova 20.05.2018-ci il tarixdə insult keçirmiş, 2 ay ərzində yataq xəstəsi olmuşdur. Xəstə olduğu ərəfədə o, nə tam danışa, nə də insanları tanıya bilmirdi. Mirxanım İsmayılova 22.11.2018-ci il tarixdə yıxılmış, onun ayağı sınmış və o, 20 gün müddətində huşsuz olmuşdur. Həmin ərəfədə notarius evə gələrək Mirxanım İsmayılovanın adından etibarnamə verilməsini qeydə alacağını bildirmişdir. İddiaçı anasının halını nəzərə alıb etibarnamə verilməsinə qarşı çıxmış və bu səbəbdən də etibarnamənin verilməsi baş tutmamışdır. Mirxanım İsmayılova 21.12.2018-ci il tarixdə vəfat etmişdir. Mirxanış İsmayılovanın vəfatından sonra qanun üzrə vərəsəlik zamanı məlum olmuşdur ki, Mirxanım İsmayılova, iddiaçının ögey qardaşı (cavabdeh) Cavabdeh2 adına miras əmlaka dair vəsiyyətnamə qoymuşdur. X7 sağlığında Cavabdeh2 xeyrinə vəsiyyətnamə qoyması real deyil, çünki vəsiyyətnamə yazılan zaman Mirxanım İsmayılova xəstə olmuşdur. Bundan başqa nəzərə alınmalıdır ki, Mirxanım İsmayılova sağlığında həmişə deyirdi ki, əmlaklarını oğluna- Nizami İsmayılova vəsiyyət edəcək. Bunları və Mirxanım İsmayılovanın gözlərindən İİ qrup əlil olması, bir gözünün tam görməməsi, digər gözünün isə 20-30% görməsi, vəsiyyətnamə yazılan zaman iflic vəziyyətdə yataq xəstəsi olması, latın əlifbasını bilməməsi nəzərə alındıqda müəyyən edilir ki, vəsiyyətnamə etibarsızdır. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 15.01.2020-ci il tarixli qətnamə ilə iddianın rədd edilməsini qət etmişdir. İddiaçı həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iş üzrə yeni qətnamə qəbul edilərək iddianın təmin olunmasını xahiş etmişdir. Əsasları iddia tələbinin əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq göstərilir ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. Apellyasiya baxışının əvvəlki iclasında iştirak etmiş iddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin və iddia ərizəsinin məzmununa uyğun izahat vermişdir. İşə apellyasiya qaydasında baxılmanın növbəti iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunsa da, iddiaçı, növbəti apellyasiya baxışı iclasına gəlməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişdir. Məhkəmə, qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki, qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. İş üzrə Cavabdeh2 vəkili (nümayəndəsi) Nümayəndə apellyasiya baxışı iclasında iştirak edərək şikayətin dəlillərinə etiraz etdi və Rayon Məhkəməsinin qətnaməsinin əsaslarına uyğun izahat verdi. İş üzrə digər cavabdeh olan 40 saylı Notariat Ofisi işə apellyasiya qaydasında baxılmanın iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunsa da, məhkəmə iclaslarında nümayəndəsinin iştirakını təmin etməmiş, Məhkəməyə etdiyi yazılı müraciətdə işə baxılması prosesində işlərinin çoxluğu ilə əlaqədar iştirak edə bilmədiklərini bildirmiş və işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə, qeyd edilən halın işin baxılmasına mane olmadığını və MPM-nin 376.2ci maddəsinin tələbini nəzərə alaraq işə həmin Notariat Ofisinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Rayon Məhkəmənin sorğusuna əsasən 40 saylı Notariat Ofisi tərəfindən təqdim olunmuş 09.06.2018-ci il tarixli vəsiyyətnamənin məzmunundan görünür ki, X5 ünvan 1 ünvanında yerləşən 85 saylı mənzilin paylı mülkiyyət üzrə özünə məxsus 1/4 hissə payını oğlu Cavabdeh2 vəsiyyət etmişdir. Vəsiyyətnamə hal şahidləri X16 və X19 iştirakları ilə tərtib edilmişdir. Vəsiyyətnamə reyestrdə 2V-131 nömrə ilə qeyd edilmişdir. 38 nömrəli Şəhər Poliklinikası tərəfindən verilmiş 26.08.2019-cu il tarixli, 231 saylı arayışdan görünür ki, vəkil Y.lsmayılovun 19.08.2019-cu il tarixli, 996 saylı sorğusuna cavab olaraq bildirilmişdir ki, 1941-ci il təvəllüdlü X6 26.11.2018-ci il tarixindən poliklinikada ambulator qeydiyyatda olmuşdur. 7 saylı TYS-nın verdiyi məlumata əsasən, sahə həkimi tərəfindən 26.11.2018-ci il tarixindən evə aktiv gediş olmuşdur. Sahə həkimi tərəfindən 26.11.2018-ci il tarixdə evə aktiv gediş omuşdur. Sahə həkiminin məlumatına əsasən “Sağ bud sümüyünün sınığı” diaqnozu ilə xəstəni T.Y-la 3 saylı ŞKX-na aparıldığı bildirilmişdir. 04.12.2018-ci il tarixində nevropatoloqun xəstəyə evdə baxışı olmuş və xəstəyə “Serebral ateroskleroz, psixi çatmamazlıq” diaqnozu ilə müalicə təyin edilmişdir. (Aktoveqin, piraçetam, serebralizin, triftazin). 06.12.2018-ci il tarixdə xəstənin hərarəti qalxmış və yenidən evə həkim çağırılmışdır. Sahə həkimi tərəfindən evə gediş olmuş, xəstə müayinə edilmiş və “Kəskin bronxit” diaqnozu ilə təyinat verilmişdir. (Seftriaksion, sulfakamfokain, Vit Ç, ACC), 24.12.2018-ci il tarixində isə 7 saylı Təcili yardım stansiyasının həkimi tərəfindən verilmiş 21.12.2018-ci il tarixli ölüm haqqında xəbərdarlıq vərəqəsi əsasında nevropatoloq tərəfindən ölüm haqqında şəhədatnamə verilmişdir. Sənədə əsasən ölümə səbəb “Beyin qan dövranının kəskin pozulması. Beyin ödemi. Serebral ateroskleroz” göstərilmişdir. AZ-İ seriyalı, 991384 saylı “Ölüm haqqında şəhadətnamədən” görünür ki, Mirxanım İsmayılova 21.12.2018-ci ildə vəfat etmişdir. Rayon Məhkəməsi tərəfindən şahid qismində dindirilmiş X17 öz ifadəsində bildirmişdir ki, o, iddiaçının bacısıdır. Mərhum Mirxanım İsmayılova onların anasıdır. Anası notariatda olanda huşu başında olmuşdur. Bircə əli əsirdi. Yeriyə bilirdi. Anaları demişdir ki, evdə olan payını oğlu Zəkəriyyəyə vermək istəyir. Rayon Məhkəməsi tərəfindən şahid qismində dindirilmiş X16 və X22 ifadələrində bildirmişlər ki, vəsiyyətnamə tərtib olunarkən notariat ofisində hal şahidi kimi iştirak etmişlər. Vəsiyyətnamə ofisin işçisi tərəfindən tərtib olunaraq oxunmuş, vəsiyyətedən Mirxanım İsmayılova vəsiyyətnaməni şəxsən imza etmişdir. Mirxanım İsmayılova özü demişdir ki, evdə olan payını oğlu Zəkəriyyə vəsiyyət etmək istəyir. Rayon Məhkəməsi iclasında şahid qismində dindirilmiş X11 ifadəsində göstərmişdir ki, o, iddiaçının qonşusudur. İddiaçının anası Mirxanım İsmayılova xəstə olduğu üçün iddiaçı anasına qulluq etmək üçün işdən çıxmışdır. Mirxanım İsmayılova yataq xəstəsi idi və heç kimi tanımırdı. Rayon Məhkəməsi tərəfindən şahid qismində dindirilmiş X10 ifadəsində göstərmişdir ki, o, iddiaçının qonşusu olmuşdur. 2017-ci ildə iddiaçının anası Mirxanım İsmayılovanın səhhəti hələ yaxşı idi. O, iddiaçıgilə qonaq gedəndə Mirxanım İsmayılova onu tanıyırdı. Sonralar Mirxanım İsmayılova insult keçirmiş, get-gedə vəziyyəti pisləşmişdir. Rayon Məhkəməsi tərəfindən şahid qismində dindirilmiş X18 və X20 ifadələrində göstərmişlər ki, onlar iddiaçı ilə bir məktəbdə, bir sinifdə təhsil almışlar. İddiaçının anası Mirxanım İsmayılova uzun müddət xəstə olmuşdur, heç kimi tanımırdı, özü yeyə bilmirdi, onu iddiaçı yedizdirirdi. Həmin vəziyyətdə Mirxanım İsmayılova Notariat Ofisinə gedə bilməzdir. Göstərilənləri nəzərə alan Məhkəmə mövcud mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlilləri ilə bağlı bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1ci maddəsinə görə, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Mülki Məcəllənin 1243.1-ci maddəsinə görə, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Məcəllənin 1243.2-ci maddəsinə görə, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirasın qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Məcəllənin 1167-ci maddəsinə görə, vəsiyyətnamənin tərtib edildiyi məqamda öz hərəkətləri barəsində şüurlu mühakimə yürüdə bilən və öz iradəsini aydın ifadə edə bilən yetkinlik yaşına çatmış fəaliyyət qabiliyyətli şəxs vəsiyyət edə bilər. Məcəllənin 1168-ci maddəsinə görə, vəsiyyətnaməni şəxsən vəsiyyət edən tərtib etməlidir. Vəsiyyətnamənin nümayəndə vasitəsilə tərtibinə yol verilmir. Məcəllənin 1180.1-ci maddəsinə görə, vəsiyyətnaməni vəsiyyət edənin sözlərindən notariusun iki şahidin yanında yazmasına yol verilir. Vəsiyyətnamənin yazılması zamanı hamılıqla qəbul olunmuş texniki vasitələr tətbiq edilə bilər Məcəllənin 1180.2-ci maddəsinə görə, vəsiyyət edənin sözlərindən notariusun yazdığı vəsiyyətnaməni vəsiyyət edən oxumalı və notariusun, şahidlərin yanında imzalamalıdır. Məcəllənin 1225.3-cü maddəsinə görə, əgər vəsiyyətnamə bu Məcəllə ilə müəyyənləşdirilmiş qaydalar pozulmaqla, habelə şəxsin öz hərəkətinin mənasını başa düşə bilmədiyi və öz hərəkətini idarə edə bilmədiyi vəziyyətdə tərtib edilmişdirsə, məhkəmə tərəfındən etibarsız sayıla bilər. Məcəllənin 1230-cu maddəsinə görə, qanun üzrə vərəsələr və digər əlaqədar şəxslər əqdin etibarsızlığına səbəb olan hallar üzrə vəsiyyətnamənin etibarlığı barəsində mübahisə edə bilərlər. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18.03.2019-cu il tarixli qərarına görə, proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. İşin hallarından materiallarından müəyyən olunur ki, ünvan 1 ünvanında yerləşən 85 saylı mənzilin paylı mülkiyyət üzrə 1/4 hissə payı X5 tərəfindən 09.06.2018-ci il tarixdə verilmiş, 2-V-131 nömrəli vəsiyyətnaməyə əsasən övladı (cavabdeh) Cavabdeh2 vəsiyyət edilmişdir. İş üzrə iddiaçının dəlillərindən biri ondan ibarətdir ki, 09.06.2018-ci il tarixdə vəsiyyətnamə qoymuş və 21.12.2018-ci il tarixdə “Serebral steroskleroz” xəstəliyindən ölmüş (iddiaçının anası) M.İsmayılova 2018-ci ilin may ayında insult keçirdikdən sonra psixi vəziyyəti normal olmamış və Cavabdeh2 bundan öz xeyrinə istifadə edərək mübahisələndirilən vəsiyyətnamənin qoyulmasına və vəsiyyətnamənin 40-cı Notariat Ofisi tərəfindən qeydə alınmasına nail olmuşdur. Məhkəmənin sorğusu əsasında 38 №-li Şəhər Poliklinikası tərəfindən Məhkəməyə ünvanlanmış 19.06.2020-ci il tarixli 46 №-li məktuba əlavə edilmiş tibbi sənədlərdən görünür ki, M.İsmayılovaya “Serebral steroskleroz, psixi çatışmamazlıq” diaqnozu qoyulmuşdur. Bu baxımdan M.İsmayılovanın vəsiyyət qoyduğu zaman öz hərəkətlərinin mənasını dərk edə bilib-bilməməsinin, hərəkətlərinə rəhbərlik edə bilib-bilməməsinin araşdırılması işin həlli üçün əhəmiyyətli olduğundan iş üzrə iddiaçının vəsatəti əsasında Məhkəmənin 04.09.2020-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-psixiatrik ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin 13.01.2021-ci il tarixli 69 saylı ekspert rəyini almışdır. Həmin rəylə müəyyən edilmişdir ki, 38 nömrəli Şəhər Poliklinikası tərəfindən təqdim edilmiş sənədlərə və işdə olan digər sənədlərə əsasən X1 psixi xəstəlikdən əziyyət çəkibçəkməməsini müəyyən etmək mümkün olmur. Ekspertizaya təqdim olunmuş sənədlərdə X3 26.11.2018-ci il tarixdən poliklinikanın ambulator qeydiyyatında olduğu göstərilmişdir. Qeyd olunan tibbi sənəddə olan qeydlərdə yalnız nevropatoloqun 04.12.2018-ci il tarixli müayinəsi zamanı tarixi pozuntudan şübhələnməyə əsas verən diaqnoz göstərilmişdir. X8 Ağacan qızının müayinələri onun 09.06.2018-ci il tarixdən sonrakı dövrlərə təsadüf edir. Bu səbəbdən təqdim olunmuş tibbi sənədlərə əsasən X4 09.06.2018-ci il tarixdə vəsiyyətnaməni imzalayarkən hansı psixi vəziyyətdə olduğunu müəyyən etmək mümkün deyil. MPM-nin 77.1 və 14.2-ci maddələrinin mənasına görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilənlərə əsasən Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi iddianın sübuta yetməməsi əsası ilə rədd olunması qənaətinə gəlməkdə haqlı olmuşdur. vəsiyyətnamənin qnunvericiliyin tələblərinə müvafiq qaydada tərtib olunaraq təsdiq edilməsi müəyyən olunmuşdur. Həmçinin, iddiaçı tərəfindən vəsiyyətnamə tərtib olunarkən vəsiyyət edən X3 xəstə olması, onun ögey qardaşına evi vəsiyyət etmək kimi heç vaxt niyyətinin (iradə ifadəsi) olmaması, latın qrafikalı əlifbanı bilməməsi kimi dəlilləri məhkəmə iclasında təsdiq olunmamış, iddiaçı həmin dəlillərini əsaslandıra bilməmişdir. Rayon Məhkəməsi şahid ifadələrinə münasibətdə də düzgün qeyd etmişdir ki, iddiaçı tərəfin vəsatəti əsasında dindirilmiş şahidlərin verdikləri məlumatlar işin faktiki halları ilə uyğunluq təşkil etməməklə, yaxın münasibətdə olduqları iddiaçı tərəfin iradəsinə uyğun məlumatlardır, məhkəmə tədqiqi ilə tam təkzib olunmuşdur. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 15 yanvar 2020-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar