Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3521/2022 25.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Səfərli Xədicə Əlicabbar qızının katibliyi, iddiaçının nümayəndəsi (vəkili) Vəkil1 və Cavabdeh2 nümayəndəsi (vəkili) Vəkil2 iştirakları ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 04 noyabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1nə qarşı (üçüncü şəxslər: X7, X5) şəhadətnamənin və onun hüquqi nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 tərəfindən mərhum X1 miras qalmış Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi ev 47 a, 7 saylı mənzilə dair digər Cavabdeh2 adına verilmiş ər-arvadın ümumi əmlakındakı paya sağ qalmış ərə (arvada) mülkiyyət hüququ haqqında 15 aprel 2021-ci il tarixli şəhadətnamənin və onun hüquqi nəticələrinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 04 noyabr 2021-ci il qətnaməsi ilə (hakim K.Əmirxanova, 2(005)-3785/21) iddia tələbi rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. İşin halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, mübahisəli mənzil iddiaçının atası X2 xüsusi mülkiyyətində olmuşdur. N.Qasımov 26.04.2020-ci il tarixdə başqa dövlətdə rəhmətə getmişdir. Mərhumdan sözügedən ev və qeyri-yaşayış sahəsi (qaraj) miras qalmışdır. Cavabdeh2 iddiaçının anası, üçüncü şəxslər isə bacı-qardaşlarıdır. İddiaçı və üçüncü şəxslərdən bacısı -Cavabdeh2 Azərbaycanda, anası və qardaşı isə illərdir başqa dövlətdə yaşayırlar. Üçüncü şəxs Cavabdeh2 mübahisəli evin çox hissəsinə mülkiyyət hüququ əldə etmək üçün iddiaçının xəbəri olmadan anasına və qardaşına təsir edərək, onlar tərəfindən onun adına etibarnamə göndərilməsinə nail olmuş, həmin etibarnamə əsasında cavabdeh notariusa müraciət edərək, mübahisəli miras əmlakın guya valideynlərinin birgə nikahı dövründə əldə olunması ilə bağlı analarının adına şəhadətnamə, eyni zamanda qanun üzrə vərəsəlik haqqında şəhadətnamə əldə etmişdir. Üçüncü şəxslərin hər birinə miras əmlakın 1/8 hissəsində pay hüququ haqqında şəhadətnamə verilmiş, iddiaçının payı isə açıq saxlanılmışdır. İddiaçı tərəfindən 21 saylı Notariat Ofisindən vərəsəlik işinin təsdiq edilmiş surəti əldə olunmuşdur. İddiaçı hesab edir ki, cavabdeh notarius digər Cavabdeh2 ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında şəhadətnamə verməkdə haqlı olmamışdır. Çünki həmin əmlak iddiaçının valideynlərinin birgə nikahı dövründə əldə olunan əmlak hesab oluna bilməz. Həmin əmlak iddiaçının mərhum atası tərəfindən əvəzsiz qaydada əldə edilmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı iddia ərizəsilə eynilik təşkil edən apellyasiya şikayətini iddia ərizəsinin yuxarıda göstərilən məzmununa uyğun əsaslandırmış, əlavə olaraq göstərmişdir ki, mənzilin iddiaçının atasına əvəzsiz qaydada verildiyinə dair sübutları – Nərimanov Rayon İcra Hakimiyyətinin 09.07.2002-ci il tarixli sərəncamını, 06.08.2022-ci il tarixli forma-2 arayışı məhkəməyə təqdim edib. Lakin məhkəmə sübutlara düzgün qiymət verməyib. Notarius miras əmlakın təkcə xronoloji-tarixi baxımdan birgə nikah dövründə əldə edilməsinə əsaslanaraq digər əsasın, əmlakın hansı qaydada əldə edildiyini araşdırmamış, nəticədə miras əmlaka dair ər-arvadın ümumi əmlakdakı paya mülkiyyət hüququ haqqında şəhadətnamə verməklə pozuntuya yol vermişdir. Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 birinci instansiya məhkəməsində işə baxılarkən iddia ərizəsinə etiraz verərək Cavabdeh2 ilə X2 25.05.1975-ci il tarixdə nikaha daxil olduğunu, sonuncunun 26.04.2020-ci il tarixdə vəfat etdiyini, ondan mübahisəli mənzilin miras qaldığını, həmin əmlak üzrə mülkiyyət hüquqlarının tanındığını, daha sonra üçüncü şəxslərin öz paylarından cavabdehin xeyrinə imtina etdiyini, iddiaçının payının isə açıq saxlanıldığını, mənzilin birgə nikah dövründə əldə edildiyini, məhz nikaha görə X3 2 otaqlı mənzil verildiyini, həmin mənzilin onun adına Nərimanov rayon İcra Hakimiyyətinin 555 saylı 09.07.2002-ci il tarixli sərəncamı əsasında 11.09.2018-ci il tarixdə qeydiyyatdan keçdiyini, cavabdehin artıq 12 ildir ki, Azərbaycan Respublikasında daimi olaraq yaşamadığını, 20 ilə yaxındır ki, mənzildə üçüncü şəxs X4 mənzili əsaslı təmir edərək ailəsi ilə birlikdə yaşadığını bildirmişdir. İddiaçının nümayəndəsi (vəkili) məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi. Cavabdehin nümayəndəsi apellyasiya şikayətini qəbul etməyərək rədd olunmasını xahiş etdi. İşdə iştirak edən digər şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsalar da, heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq gəlməyən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün saydı. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində düzünə və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasənapellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, nümayəndələrin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İşin mübahisəsiz halları ilə müəyyən olunur ki, X6 26.04.2020-ci il tarixdə vəfat etmiş və onun ölümündən sonra Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 47A, mənzil 7 (yeni qaydalarla: Bakı şəhəri, Nərimanov rayonu, Əbdüləzəl Dəmirçizadə küçəsi, 30, M2, m3) miras qalmışdır. Mənzil 2 otaqlı olmaqla 52,1 kvm ümumi sahəyə malikdir. Miras qoyanın 4 vərəsəsi vardır: arvadı Cavabdeh2, oğlu Murad Qasımbəyli, qızları Fidan Qasımova və İddiaçı (Qasımova). Miras qoyanın ölümündən sonra 15.04.2021-ci il tarixdə Cavabdeh1 tərəfindən miras qoyanın arvadı Cavabdeh2 miras mənzilin ½ hissəsi üçün mülkiyyət hüququ haqqında şəhadətnamə verilmiş, qalan ½ hissə qanun üzrə vərəsələr arasında bərabər paylarla bölünməklə Fərzanə, Murad, Fidan Qasımovların hər birinin mənzilin 1/8 hissəsinə qanun üzrə vərəsəlik qaydasında pay hüquqları olduğu müəyyən edilmiş, miras qoyanın qızı İddiaçı müraciət etmədiyindən ona çatası pay, yəni 1/8 hissə miras qoyanın adında açıq saxlanılmışdır. Elə həmin gün, yəni 15.04.2021-ci il tarixdə Cavabdeh2 mülkiyyə hüququ üzrə qəbul etdiyi ½ hissəni və qanun üzrə vərəsəlik qaydasında qəbul etdiyi 1/8 hissəni, Murad Qasımbəyli isə qanun üzrə vərəsəlik qaydasında ona çatan 1/8 hissəni digər vərəsə Fidan Qasımovaya bağışlamışlar. Bununla da, Fidan Qasımovanın mübahisəli mənzildə payı 7/8 hissəyə yüksəlmiş və onun həmin hissə üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. İddiaçı anası Cavabdeh2 miras mənzilin ½ hissəsinə mülkiyyət hüququ olmadığını, miras mənzilin birgə nikahı dövründə əldə olunan əmlak sayılmadığını, notarius tərəfindən mənzilin ½ hissəsinə mülkiyyət hüququ haqqında şəhadətnamə verilməsinin yanlış olduğunu bildirərək hazırkı iddianı qaldırmışdır. İddiaçının tələbi ər-arvadın ümumi əmlakındakı paya sağ qalmış ərə (arvada) mülkiyyət hüququ haqqında 15 aprel 2021-ci il tarixli şəhadətnamənin və onun hüquqi nəticələrinin etibarsız hesab edilməsi barədədir. Birinci instansiya məhkəməsi iddianı əsassız sayaraq rədd etmiş və mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı mənzilin atasına əvəzsiz qaydada verildiyinə dair sübut təqdim etməmiş, mənzil birgə nikah dövründə əldə edildiyindən notarius haqlı olaraq onun ½ hissəsi üzərində Cavabdeh2 mülkiyyət hüququnu tanımış, cavabdeh və üçüncü şəxslər vərəsə kimi öz hüquqlarından istifadə edərək miras əmlakdakı paylarını rəsmiləşdirmiş və sonradan Fidan Qasımovaya bağışlamışlar. Birinci instansiya məhkəməsinin qənaətinə görə istər mülkiyyət hüququ haqqında şəhadətnamə verilərkən, istərsə də bağışlama müqavilələri bağlanarkən hər hansı pozuntuya yol verilməmişdir. Məhkəmə öz mövqeyini hüquqi cəhətdən əsaslandırarkən Ailə Məcəlləsinin 32.1, 37.1-ci və Mülki Məcəllənin 1133.1, 1133.2 , 1134.1, 1159, 1162 , 1261-ci maddələrinə istinad etmişdir. Məhkəmə kollegiyası aşağıdakılara görə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, istər Ailə Məcəlləsinin 32-ci, istərsə də Mülki Məcəllənin 225-ci maddələrinin tələblərinə əsasən əmlakın ər-arvadın birgə mülkiyyəti sayılması üçün iki şərtin eyni zamanda mövcud olması vacibdir: • əmlakın ər-arvadın nikah müddətində əldə olunması; • əmlakın ər-arvadın ümumi gəlirləri hesabına əldə olunması. İkinci şərt müvafiq əmlakın ər-arvadın birgə mülkiyyəti kimi tanınması üçün onun əvəzli, yəni nikah müddətində ər-arvadın əvəzli əqdlər əsasında əldə etmələrini tələb edir. Digər tərəfdən, Ailə Məcəlləsinin 34-cü maddəsinin məzmununa görə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında və digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 1 və 3-cü maddələrinin məzmununa görə isə mənzillər (evlər) əvəzsiz (pulsuz) olaraq şəxsi mülkiyyətə keçirilir. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun 21 dekabr 2012-ci il tarixli Qərarında ifadə edilmiş hüquqi mövqeyə görə Ailə Məcəlləsinin 32.1-ci maddəsində və Mülki Məcəllənin 225.1-ci maddəsində müəyyən edilmiş ər-arvadın birgə (ümumi) mülkiyyətinin əldə olunmasının hüquqi əsaslarından fərqli olaraq, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 1 və 5-ci maddələrinə əsasən özəlləşdirilən mənzillər əvəzsiz əldə edildiyindən və ər və ya arvad həmin mənzilin onlardan birinin adına özəlləşdirilməsinə (mülkiyyətinə verilməsinə) könüllü razılıq verdiyindən həmin mənzil ərarvadın birgə (ümumi) mülkiyyəti sayıla bilməz. Özəlləşdirilən mənzildə faktiki yaşayan ailə üzvlərinin həmin mənzilin onlardan birinin mülkiyyətinə verilməsi haqqında razılığının olması, onların həmin mənzildə yaşamaq hüququndan imtinası kimi qiymətləndirilə bilməz. Baxılan iş üzrə mübahisəli mənzilin iddiaçının atası mərhum Natiq Qasımova əvəzsiz verildiyi Bakı şəhəri Nərimanov Rayonu İcra Hakimiyyəti Başçısının 09.07.2002-ci il tarixli sərəncamı ilə təsdiq olunur. Sözügedən sərəncamla mərhum Natiq Qasımovun 6 nəfər ailə üzvü ilə mənzilin icarədarı sayılması qərara alınmış, bundan sonra icarədarın (Natiq Qasımovun) ailə üzvləri mənzilin onun adına özəlləşdirilməsinə etiraz etməmiş, bu barədə müvafiq ərizələr vermiş, nəticədə mənzil Natiq Qasımovun adına özəlləşdirilmiş və Natiq Qasımovun mənzil üzərində tam mülkiyyət hüququ ilkin olaraq 22.10.2002-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir (i.v.97-115). Məhkəmə kollegiyasının qənaətinə görə mübahisəli mənzil Natiq Qasımov tərəfindən özəlləşdirilərkən əvəzsiz əldə edildiyindən və Cavabdeh2 mənzilin Natiq Qasımovun adına özəlləşdirilməsinə (mülkiyyətinə verilməsinə) könüllü razılıq verdiyindən həmin mənzil ərarvadın birgə (ümumi) mülkiyyəti sayıla bilməz. Bu baxımdan 21 saylı notariat ofisi miras mənzilin ½ hissəsi üçün sağ qalmış arvada mülkiyyət hüququ haqqında şəhadətnamə verməklə səhvə yol vermişdir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi mübahisəli mənzilin miras qoyana əvəzsiz qaydada verildiyinə dair sübut təqdim olunmaması əsası ilə iddianı rədd etməklə haqlı olmamışdır. Belə ki, həmin sübutlar birinci instansiya məhkəməsində işə baxılarkən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən təqdim olunmuş və iş materiallarına əlavə edilmişdir (i.v.97-115). Göründüyü kimi, Cavabdeh2 adına miras mənzilin ½ hissəsi üçün notariat ofisi tərəfindən mülkiyyət hüququ haqqında şəhadətnamənin verilməsinin qanunsuz olması öz təsdiqini tapır və ona görə həmin şəhadətnamə etibarsız sayılmalıdır. Məhkəmə kollegiyası iddia tələbinin digər hissəsi olan mülkiyyət hüququ haqqında şəhadətnamənin etibarsızlığının hüquqi nəticələrinin, yəni həmin şəhadətnamə əsasında aparılmış digər əməliyyatların etibarsızlığı ilə bağlı aşağıdakıları qeyd edir: Məhkəmə kollegiyasının qənaətinə görə hazırkı işdə mülkiyyət hüququ haqqında şəhadətnamənin etibarsızlığının hüquqi nəticələri dedikdə həmin şəhadətnamə əsasında mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı və bu barədə çıxarışın verilməsi başa düşülməlidir. Lakin işdən göründüyü kimi, Cavabdeh2 mübahisəli mənzilin ½ hissəsinə mülkiyyət hüququ haqqında şəhadətnamə aldıqdan sonra öz mülkiyyət hüququnu daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçirmədən həmin ½ hissədə payını birbaşa qızı Fidan Qasımovaya bağışlamışdır. Məhkəmə kollegiyası bunu nəzərə alaraq hesab edir ki, belə olan vəziyyətdə iddia tələbi “hüquqi nəticələrin etibarsız hesab olunması” hissəsində rədd edilməlidir. İddiaçıya izah edilməlidir ki, o, bağışlama müqaviləsini və onun hüquqi nəticələrini ümumi qaydada ayrıca icraatda mübahisələndirə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qətnaməsi Azərbaycan Respublikası MPM-nin 385.1.1 və 385.1.4-cü maddələrində nəzərdə tutulmuş əsaslarla ləğv edilərək yeni qətnamə çıxarılmalı və iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 04 noyabr 2021-ci il tarixli qətnaməsi ləğv olunsun. İş üzrə yeni qətnamə çıxarılsın. İddia qismən təmin edilsin. Cavabdeh1 tərəfindən mərhum X1 miras qalmış Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi ev 47 a, 7 saylı mənzilə dair Cavabdeh2 adına verilmiş ər-arvadın ümumi əmlakındakı paya sağ qalmış ərə (arvada) mülkiyyət hüququ haqqında 15 aprel 2021-ci il tarixli şəhadətnamə etibarsız hesab edilsin. İddia qalan hissədə təmin olunmasın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-3521/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3521/2022
25.05.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver