Məhkəmə qərarları › İş №2(103)-3521/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3521/2024

05.06.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3521/2024 05.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” Publik Hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsini cəlb etməklə Cavabdeh qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-3521/2024 (Açar sözlər: mirasda məcbüri payın müəyyən edilməsi və çıxarışın ləğvi və s.) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X14 və X8 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, İddiaçı Cavabdeh qarşı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” Publik Hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsini cəlb etməklə “mirasda məcbüri payın müəyyən edilməsi və çıxarışın ləğvi və s.” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(004)-973/2024 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə 05 iyun 2024-cü il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Vəsiyyət edən X13 xx.xx.1995-ci il tarixdə vəfat etmiş, şəxsin vəfatı ilə miras əmlak açılmış və vəsiyyət edənin 18 yanvar 1995-ci il tarixdə təsdiq edilmiş vəsiyyətnaməsinə əsasən mübahisəli fərdi yaşayış evinin ona məxus hissəsi Cavabdeh vəsiyyət edilmişdir. İddiaçının atası X17 xx.xx.2010-cu il tarixdə vəfat etmişdir.

2. İddiaçı hazırda həmin evin nənəsindən atasına miras qaldığı hesab edilən hissədən məcburi pay tələb edir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı Cavabdeh qarşı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” Publik Hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsini cəlb etməklə “mirasda məcburi payın müəyyən edilməsi və çıxarışın ləğvi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X12 vərəsəsi İddiaçı ünvan 1 saylı daşınmaz əmlak üzərində cavabdehə məxsus 1⁄2 hissədə payından 1⁄4 hissədə payının müəyyən edilməsini, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən Cavabdeh Firudin qızına verilmiş xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsini, ünvan 1 saylı daşınmaz əmlak üzərində iddiaçının 1⁄2 hissədən 1⁄4 hissə payının müəyyən edilməsinə dair çıxarışın verilməsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı atası X17 xx.xx.1950-ci il tarixdə doğulmuş və 1964-cü il tarixdə mübahisələndirilən mənzilə köçmüşdür. O, xx.xx.2010-cu il tarixdə vəfat etmiş və xx.xx.2010-cu il tarixdə ölüm haqqında akt qeydləri kitabında 1457 nömrəsi ilə qeyd edilmişdir. Mərhum X17 öldüyü tarixədək ünvan 1 ünvanında yerləşən mənzildə qeydiyyatda olmaqla yaşamış və həmin ev onun anasına məxsus olmuşdur. İddiaçı da doğulduğu andan hal-hazıradək həmin mənzildə qeydiyyatda durmaqla yaşayır. Hal-hazırda mübahisələndirilən mənzil iddiaçının mərhum atasının anası olan Qəmbərоvа Məlеykə Nəsir qızına məxsus olmuşdur. Vərəsəlik qaydasında mülkiyyət cavabdehə keçsə də, iddiaçının ona mərhum atasından qalan payı müəyyən edilməyərək cavabdehə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən ********** qeydiyyat nömrəli, qеydiyyаt tаriхi xx.xx.2023 olan çıxarış verilmişdir. Hesab edir ki, verilmiş çıxarış ləğv edilməli və iddiaçının payı müəyyən edilərək mübahisəli mənzilə dair yeni çıxarış tərtib edilməlidir. Bildirilir ki, iddiaçının mərhum atasının anası Qəmbərоvа Məlеykə Nəsir qızı xx.xx.1995-ci il tаriхdə vəfat edərkən mirası faktiki olaraq qəbul etmiş və ünvan 2 ünvanında yerləşən mənzildə qeydiyyatda olmaqla vəfat etdiyi tarixədək yaşamışdır. İddiaçı da həmin evdə doğulmuş və hal-hazıradək o evdə yaşamaqdadır.

5. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(004)- 973/2024 saylı qətnaməsi ilə (hakim Gülnar Babazadə) iddia ərizəsinin rədd edilməsi qət edilmişdir.

6. Məhkəmə öz mövqeyini xx.xx.2000-ci il tarixinədək qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 537, 538-ci maddələri və Mülki Prosessual Məcəllənin 77.1, 77.3, 78.1, 78.2, 80, 88, 119.1-ci maddələri ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

7. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Apellyasiya şikayəti iddia ərizəsinin dəlillərinə uyğun olaraq əsaslandırılmış və əlavə olaraq göstərilmişdir ki, qətnamədə hakim ehtimala əsaslanıb ki, mübahisəyə 1995ci il tarixdə qüvvədə olan Mülki Məcəllə tətbiq edilməlidir. Lakin iddia tələbi və təqdim edilmiş sübutlarda, ümumiyyətlə həmin vəsiyyətnamənin qanuni və ya qanunsuz olması mübahisələndirilməyib. Yalnız ona istinad edilib ki, vəsiyyətnamədən xəbəri olmayıb, kimsə məlumat verməyib. Amma həmin sənəd mübahisələndirilməyib. Əmlak tələbi ona istinad edilib ki, nənənin doğma nəvəsi olduğu üçün və atası nənənin övladı olduğu üçün onun da məcburi pay hüququ var. Sonuncu çıxarış 2023-cü ilin tarixində verilmiş və cavabdeh tərəf 2023-cü ilin sonunda iddiaçının yaşayış evindən çıxarılmasını tələb edib. 2023-cü ilin sonunda iddiaçı bilib ki, keçmişdə onun iradəsindən kənarda onun əmlak hüququ, vərəsəlik hüququ kobud pozulmuşdur. İddiaçının hüququnun bildiyi vaxt 2023-cü il olub. Hakimin hansı ehtimala istinad edərək belə qərara gəlməsi aydın deyil, hüquqi dəyərləndirmə qətnamədə yoxdur.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Proses iştirakçılarının izahatı

10. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 məhkəməyə ərizə ünvanlayaraq Ali Məhkəmənin icraatında olan və saat 10:10-a təyin edilən cinayət işi üzrə məhkəmə prosesində iştirak etməyi ilə əlaqədar məhkəmə iclasını təxirə salınmasını xahiş etmişdir.

11. İşin halları, həmçinin prosesin təxirə salınmasını xahiş edən nümayəndə və vəkilin ərizəsində qeyd etdiyi halla bağlı hər hansı sübut təqdim etmədiyi (kimin nümayəndə və vəkili olması barədə müvafiq etibarnamə və ya order, məhz həmin şəxsin qeyd edilən gün və saatda müdafiəsi üçün məhkəmə prosesinin keçirilməsinə dair hər hansı sübut), hazırki apellyasiya baxışının saatı ilə (saat 09:30) və nümayəndə-vəkilin iştirak edəcəyini göstərdiyi prosesin (saat 10:10) üst-üstə düşmədiyini, eləcə də şikayətə işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmasının mümkünlüyü nəzərə alınaraq məhkəmə kollegiyası tərəfindən Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəflərin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

Tətbiq edilən hüquq

xx.xx.2000-ci ilə qədər qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsi

12. Maddə 527. Vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyata keçirilir. Nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsələr yoxdursa, yaxud vərəsələrin heç biri mirası qəbul etməyibdirsə, yaxud vərəsələrin hamısı vəsiyyət edən tərəfindən vərəsəlikdən məhrum ediliblərsə, ölmüş şəxsin əmlakı vərəsəlik hüququ üzrə dövlətə keçir.

13. Maddə 528. Vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud ölmüş elan edilməsi ilə açılır. Vərəsəliyin açılması vaxtı, miras qoyan şəxsin öldüyü gün, o, ölmüş elan edildikdə isə, Bu Məcəllənin 21-ci maddəsində göstərilən gün hesab olunur.

14. Maddə 537. Hər bir vətəndaş öz əmlakının hamısını və ya onun bir hissəsini (adi ev avadanlığı və məişət predmetləri istisna edilməməklə) qanun üzrə vərəsələr dairəsinə həm daxil olan və həm də daxil olmayan bir və ya bir neçə vətəndaşa, habelə dövlətə və ayrı-ayrı dövlət kooperativ və sair ictimai təşkilatlara vəsiyyət üzrə verə bilər. Vəsiyyət edən, vəsiyyətnamədə qanun üzrə vərəsələrdən birini, bir neçəsini və ya hamısını vərəsəlik hüququndan məhrum edə bilər.

15. Maddə 538. Miras qoyanın həddi-buluğa çatmamış və ya əmək qabiliyyəti olmayan uşaqları (o cümlədən övladlığa götürülənlər), habelə əmək qabiliyyəti olmayan əri (arvadı), valideynləri (övladlığa götürənlər) və ölənin himayəsində olanlar, vəsiyyətnamənin məzmunundan asılı olmayaraq, onlardan hər birinə qanun üzrə vərəsəlik zamanı çatası payın (məcburi payın) üçdə iki hissədən az olmayan hissəsini alırlar. Məcburi payın miqdarı müəyyən edilərkən adi ev avadanlığı və məişət predmetlərindən ibarət olan əmlakın dəyəri də nəzərə alınır.

16. Maddə 561.1. Qanun üzrə və ya vəsiyyət üzrə vərəsəliyə çağırılmış vərəsələr, vərəsəlik açılan yerin notariat kontorundan onların vərəsəlik hüququnu təsdiq edən şəhadətnamənin (vərəsəlik hüququ haqqında şəhadətnamənin) verilməsini xahiş edə bilərlər.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

17. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

18. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

19. Maddə 217.2. Qətnamə mübahisəli münasibətin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

20. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

21. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

24. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

25. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

26. Birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tərtib olunmuşdur və qətnamənin mübahisələndirilən hissədə dəyişdirilməsinə hər hansı hüquqi əsas yoxdur.

27. İlk növbədə məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda qeyd olunduğu kimi mülki-prosessual qanunvericiliyin tələblərinə əsasən qətnamə mübahisəli münasibətin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. (MPM-nin 217.2-ci maddəsi). Vəsiyyət edən X13 18 yanvar 1995-ci il tarixdə vəsiyyətnamə verdiyindən və xx.xx.1995-ci il tarixdə vəfat etdiyindən hazırki iş üzrə birinci instansiya məhkəməsi mübahisəyə xx.xx.2000-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsini tətbiq etməklə düzgün nəticəyə gəlmişdir.

28. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Yasamal rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2010-cu il tarixli, AZ-İİ 254477 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X13 xx.xx.1995-ci il tarixdə vəfat etmişdir, bu barədə akt qeydləri kitabında xx.xx.1995-ci il tarixdə, 410 nömrə ilə qeydiyyat aparılmışdır.

29. xx.xx.2023-cü il tarixli 2V-133 reyestr nömrəli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən müəyyən edilir ki, xx.xx.1995-ci il tarixdə təsdiq edilən və reyestrdə 2V-1/40 № ilə qeyd olunan - vəsiyyətnaməyə əsasən xx.xx.1995-ci il tarixdə vəfat etmiş-X3 vəsiyyətnamədə göstərilən əmlakının vərəsəsi: ünvan 3 ünvanında qeydiyyatda olan Cavabdehdır və miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak: Bakı şəhəri Planlaşdırma İdarəsi yanında şəhər uçot müxəlləfat bürosu tərəfindən xx.xx.1966 tarixdə verilmiş, qeydəalma nömrəsi ilə 2.37 nömrəli kitabın 15675-ci səhifəsində qeyd edilmiş çıxarışa əsasən ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 76.7 kv.m., yaşayış. sahəsi 65,5 kv-.m., yardımçı sahəsi 11.2 kv.m. olan fərdi yaşayış evindən mərhum X5 məxsus olan 1/2 hissədən ibarətdir.

30. 3 saylı Bakı “Asan xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş 23 noyabr 2023-cü il tarixli 3-16-5-8/69-2242/2023 saylı arayışdan görünür ki, X17 ilə X9 31 avqust 1976-cı il tarixdə nikaha daxil olmuş və bu barədə 898 saylı akt qeydi tərtib edilmişdir. Nikah bağlandıqdan sonra ərə “Nəsirov”, arvada “Nəsirova” soyadı verilmişdir.

31. Yasamal rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.1978-ci il tarixli, V-ЖГ 466595 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X19 xx.xx.1978-ci il tarixdə doğulmuşdur. Bu barədə akt qeydləri kitabında xx.xx.1978-ci il tarixdə, 1530 nömrə ilə qeydiyyat aparılmışdır. Atası X17, X1r.

32. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məslələri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestri tərəfindən verilmiş çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evin 1/2 hissədən 1 otaq X27, 1/2 hissədən 1 otaq X2 və 1/2 hissədə Cavabdeh adına xüsusi mülkiyyət hüququ üzrə rəsmiləşdirilmişdir.

33. Yasamal rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2010-cu il tarixli, AZ-İ 443757 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X17 xx.xx.2010-cu il tarixdə vəfat etmişdir, bu barədə akt qeydləri kitabında xx.xx.2010-cu il tarixdə, 1457 nömrə ilə qeydiyyat aparılmışdır.

34. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı arayışdan görünür ki, X23, xx.xx.1989; X15, xx.xx.1988; X20, xx.xx.1981; İddiaçı, xx.xx.1978; X16, xx.xx.1968; X4, xx.xx.1958; X41, xx.xx.1982; X35, xx.xx.2008; X10, xx.xx.2006; X21, xx.xx.1957; X11, xx.xx.1994; X22, xx.xx.2012 ünvan 2 ünvanında qeydiyyatdadırlar.

35. Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti MənzilKommunal Təsərrüfatı Departamenti Yasamal Rayon Mənzil Kommunal Təsərrüfat Birliyi 56 nömrəli Mənzil Komunal İstismarı Sahəsinin 19.12..2023-cü il tarixli 274 nömrəli arayışından görünür ki, vətəndaş İddiaçı ünvan 2 mənzilində qeydiyyatdadır və yaşayır. X17 xx.xx.2010-cu il tarixdə vəfat etmiş, ölənə qədər bu ünvanda yaşamışdır.

36. Beləliklə, işin halları ilə müəyyən edilmişdir ki, vəsiyyət edən X13 xx.xx.1995-ci il tarixdə vəfat etmiş, şəxsin vəfatı ilə miras əmlak açılmış və vəsiyyət edənin 18 yanvar 1995-ci il tarixdə təsdiq edilmiş vəsiyyətnaməsinə əsasən mübahisəli fərdi yaşayış evinin ona məxus hissəsi Cavabdeh vəsiyyət edilmişdir. İddiaçının atası X17 xx.xx.2010-cu il tarixdə vəfat etmişdir və iddiaçı həmin evin nənəsindən atasına miras qaldığı hesab edilən hissədən məcburi pay tələb edir.

37. İddiaçının qeyd etdikləri ilə bağlı apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə qeyd edir ki, X7 ölümündən sonra irsi transmissiya baş verməmişdir. Belə ki, hazırki işin faktiki hallarından görünür ki, mərhumun ölümü ilə əlaqədar vəsiyyət üzrə vərəsəlik açılmışdır. xx.xx.1995-ci il tarixdə təsdiq edilən və reyestrdə 2V-1/40 № ilə qeyd olunan vəsiyyətnaməyə əsasən xx.xx.1995-ci il tarixdə vəfat etmiş-X3 vəsiyyətnamədə göstərilən əmlakının vərəsəsi: ünvan 3 ünvanında qeydiyyatda olan Cavabdehdır və miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak: Bakı şəhəri Planlaşdırma İdarəsi yanında şəhər uçot müxəlləfat bürosu tərəfindən xx.xx.1966 tarixdə verilmiş, qeydəalma nömrəsi ilə 2.37 nömrəli kitabın 15675-ci səhifəsində qeyd edilmiş çıxarışa əsasən ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 76.7 kv.m., yaşayış. sahəsi 65,5 kv-.m., yardımçı sahəsi 11.2 kv.m. olan fərdi yaşayış evindən mərhum X5 məxsus olan 1/2 hissədən ibarətdir.

38. Həmin dövrdə qüvvədə olan qanunvericiliyə əsasən mərhum ona məxsus olan bütün əmlakını vəsiyyət etdiyindən və onun vəsiyyətdən kənar əmlakı olmadığından miras kütləsi üzrə qanun üzrə vərəsəlik açılmamışdır. İddiaçı hazırki iddianı atasının öz anasının, yəni iddiaçının nənəsinin qanun üzrə vərəsəsi olması və özünün də atasının qanun üzrə vərəsəsi olması əsası ilə irəli sürərək, mübahisəli mənzil üzərində onun da məcburi pay hüququnun tanınmasını tələb etsə də, iddiaçının atasının sağlığında qanun üzrə vərəsəlik açılmadığından və atası tərəfindən məcburi payın tələb edilməsi ilə bağlı hər hansı addım atılmadığından hazırda iddiaçının da tələbinin hər hansı hüquqi əsası mövcud deyildir.

39. Eyni zamanda, vəsiyyət üzrə vərəsəlik zamanı iddiaçının atasının öz sağlığında da miras əmlakdan məcburi pay hüququnun olması işin faktiki halları və qanunvericiliyin tələblərinə əsasən müəyyən edilmir. Belə ki, həmin dövrdə qüvvədə olan mülki qanunvericilik miras qoyanın yalnız həddi-buluğa çatmamış və ya əmək qabiliyyəti olmayan uşaqları (o cümlədən övladlığa götürülənlər), habelə əmək qabiliyyəti olmayan əri (arvadı), valideynləri (övladlığa götürənlər) və ölənin himayəsində olanların vəsiyyətnamənin məzmunundan asılı olmayaraq, onlardan hər birinə qanun üzrə vərəsəlik zamanı çatası payın (məcburi payın) üçdə iki hissədən az olmayan hissəsinə məcburi pay hüququnu tanıyırdı. İddiaçının atası isə bu kateqoriyadan olan şəxslər qrupuna daxil deyil və ya ən azından bu xüsusiyyətlərdən birinə məxsus olması iddiaçı tərəfindən hər hansı mötəbər dəlillə sübuta yetirilməmişdir.

40. Halbuki nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir.

41. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar birbirini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.

42. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında isə həmin Məhkəmə qeyd etmişdir ki, “sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir”.

43. Kollegiya iddiaçının həm atası, həm də özü tərəfindən miras əmlaka sahiblənərək onu idarə etməsi ilə bağlı şikayətinin dəlillərinə münasibətdə isə qeyd edir ki, göstərilənlər də qanunvericiliyin tələblərinə əsasən hazırki iddianın təmin edilməsi üçün əsas vermir. Belə ki, qeyd edildiyi kimi, miras qoyan vəsiyyətnamə ilə mübahisəli fərdi yaşayış evinin ona məxus hissəsini Cavabdeh vəsiyyət edilmişdir və həmin şəxs vərəsəliyi qəbul edərək xx.xx.2023-cü il tarixdə miras əmlaka daxil olan fərdi yaşayış evinin ½ hissəsinə dair vərəsəlik şəhadətnaməsi almışdır. Bu da o deməkdir ki, vəsiyyət edilən şəxs tərəfindən vəsiyyətnamənin məzmununa uyğun olaraq mirasdakı pay hüququ bütövlüklə tanınmışdır.

44. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, iddiaçının, ümumiyyətlə, mərhum nənəsinin əmlakından hər hansı pay tələb etmək və vəsiyyət üzrə vərəsənin, o cümlədən onun vərəsələrinin adına verilmiş hüquqmüəyyənedici sənədlərin qanuniliyini mübahisələndirmək hüququ mövcud deyil.

45. Məhkəmə kollegiyası iddiaçının mərhum atasının və özünün də əvvəldən mübahisəli mənzildə qeydiyyatda olmasının nəzərə alınmalı olduğu ilə bağlı apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, bu fakt iddiaçının mərhum atasının həmin mənzildə yaşaması və oradan məcburi pay almaq hüququnun olması mənasına gəlməməlidir. Belə ki, qeydiyyat anlayışının məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Bu hal şəxsin qeydiyyatda olduğu yerdə yaşamalı olduğu və həmin əmlak üzərində mülkiyyət hüquqlarının olması anlamına gəlmir və sadəcə uçot məlumatı xarakteri daşıyır. Buna görə də kollegiya hesab edir ki, iddiaçının mərhum atasının və özünün də əvvəldən mübahisəli mənzildə qeydiyyatda olması səbəbindən mübahisəli mənzilə vərəsəlik hüquqlarının mövcudluğuna dair dəlilləri əsassızdır.

46. Beləliklə, qeyd olunanlara əsasən kollegiya belə qənaətə gəlir ki, apelyasiya şikayətinin dəlilləri əsassız olmaqla, qanuni və əsaslı olan qətnamənin ləğv edilməsinə əsas vermir.

47. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).

48. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

49. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.

50. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

51. Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

52. Kollegiya hesab edir ki, apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onu ödəmiş tərəfin özünə aid edilməlidir.

53. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(004)-973/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onu ödəmiş tərəfin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Fuad Babayev Hakimlər: Günay Axundova Cəmilə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar