Məhkəmə qərarları › İş №2(103)-3521/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3521/2025

05.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3521/2025 05.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-yə qarşı “müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi və zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: şikayət vermə müddətinin bərpası barədə ərizə təmin edilməmişdir) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X4 (sədrlik edən və məruzəçi), X3 və X1 ibarət tərkibdə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4178/2024 saylı, xx.xx.2025-ci il tarixli qərardadından Cavabdeh MMC tərəfindən verilmiş şikayət üzrə mülki işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları:

1. İddiaçı Cavabdeh MMC-yə qarşı “müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi və zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4178/2024 saylı, xx.xx.2024cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh MMC-dən 24500 (iyirmi dörd min beş yüz) manat pul vəsaiti, 495,8 manat illik 5% vurulmuş zərərin əvəzi, vəkilə göstərdiyi hüquqi yardıma görə ödənilmiş 300 manat və 169 manat dövlət rüsumu olmaqla, cəmi 25464,8 manat (iyirmi beş min dörd yüz altmış dörd manat səksən qəpik) məbləğində pul vəsaiti İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir.

3. Cavabdeh MMC xx.xx.2025-ci il tarixdə elektron kabinet vasitəsilə apellyasiya şikayəti təqdim edərək Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4178/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ləğv edilməklə iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(005)- 4178/2024 saylı qərardadına əsasən Cavabdeh MMC tərəfindən Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4178/2024 saylı xx.xx.2024-cü il tarixli . qətnaməsindən verilmiş apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verildiyindən apellyasiya şikayətinin ona geri qaytarılması qərara alınmışdır.

5. Cavabdeh MMC məhkəməyə elektron kabinet vasitəsi ilə xx.xx.2025-ci il tarixdə müraciət edərək, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 17 dekabr 2024-cü il tarixli, e-2(005)-4178/2024 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün ötürülmüş müddətin üzrlü hesab edilməsini və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 17 dekabr 2024–cü il tarixli e-2(005)–4178/2024 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün prosessual müddətin Cavabdeh MMC-yə münasibətdə bərpa edilməsini xahiş etmişdir.

6. Ərizə onunla əsaslandırılmışdır ki, qətnamə “Elektron Sistem”ə xx.xx.2024-cü il tarixdə yerləşdirilmişdir. Cavabdeh olaraq apellyasiya şikayətini xx.xx.2025-ci il tarixdə “Elektron Sistem”ə yerləşdirmişdir. Hesab edir ki, apellyasiya şikayəti müddət daxilində verilib, ancaq buna baxmayaraq məhkəmə müddətin keçməsi kimi qiymətləndirib. Hazırda qeyd etdiyi qətnamədən apellyasiya şikayəti vermək istəyir. Bu səbəbdən də cəmi 1 gün keçməsi baxımından müddət bərpa oluna bilər.

7. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4178/2024 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e- 2(005)- 4178/2024 nömrəli qətnaməsindən şikayətin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi barədə Cavabdeh MMC tərəfindən verilmiş ərizənin təmin edilməməsi qərara alınmışdır.

Şikayətin dəlilləri, birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə və şikayətə etirazın dəlilləri:

8. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4178/2024 saylı, xx.xx.2025-ci il tarixli qərardadından Cavabdeh MMC tərəfindən verilmiş şikayət həmin məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə təmin edilməmiş, işlə bilikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. 9.Şikayətdə qeyd olunur ki, qərardad qanunsuz və əsassız olaraq qəbul edilmişdir və ləğv edilərək qətnamədən apellyasiya şikayəti verilməsi üçün prosessual müddət bərpa edilməlidir.

10. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır.

11. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq normaları:

12. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 135.6.-cı maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.

13. Həmin Məcəllənin 135.5-cı maddəsinə əsasən bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. 14.Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər.

15. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 128.1-cı maddəsinə əsasən, prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir.

16. Həmin Məcəllənin 130.1-ci maddəsinin tələblərinə görə, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.

17. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.

18. Mülki Prosessual Məcəllənin 133.2-ci maddəsinə əsasən buraxılmış müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə verilir və məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilir. Onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həllinə maneçilik törətmir. Müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.) (Maddə 133.3)

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

19. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

20. Belə ki, iş materiallarından göründüyü kimi Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-4178/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi xx.xx.2025-ci il tarixdə Cavabdeh MMC-nin şəxsi elektron kabinetində yerləşdirilmiş, apellyasiya şikayəti isə qanunla müəyyən edilmiş 1 aylıq müddət ötürülərək xx.xx.2025-ci il tarixdə elektron kabinetə yerləşdirilmişdir. 21.Müddətin bərpa edilməsi haqqında ərizəsində isə cavabdeh müddətin yalnız bir gün ötürüldüyünü qeyd edərək bunun üzürlü hesab edilməsini və ötürülmüş müddətin bərpa edilməsini xahiş edir.

22. “X2 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarındakı hüquqi mövqe ondan ibarət olmuşdur ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhədində dayanan elə inkarolunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın.

23. Beləliklə, üzürlü səbəblər müvafiq prosessual hərəkətin vaxtında edilməsini qeyrimümkün edən elə hallardır ki, onların mövcudluğu tərəfə nəzərdə tutduğu prosessual hərəkəti etməyə imkan vermir və ya əhəmiyyətli dərəcədə çətinləşdirir. Odur ki, elə obyektiv və ya subyektiv halların mövcudluğu üzürlü səbəblər kimi qəbul edilə bilər ki, onların mövcudluğu şəxsə müvafiq prosessual hərəkəti etməyə mane olsun. Bir qayda olaraq şəxsin özünün və ya yaxın ailə üzvünün prosessual hərəkətin həyata keçirilməli olduğu dövr ərzində xəstə olması, xidməti ezamiyyətdə olma və s. kimi hallar üzürlü səbəblər kimi qəbul edilir.

24. Hazırki işin halları baxımından isə belə hallar mövcud deyildir. Belə ki, qanunla müəyyən edilmiş müddətin 1 gün ötürülməsi, özlüyündə bu halın üzrlü səbəb kimi qəbul edilməsinə əsas vermir.

25. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi buraxılmış prosessual müddətin bərpa edilməməsi barədə qərardad qəbul etməkdə haqlı olmuşdur.

26. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır.

27. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 397, 398, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Q Ə R A R A A L D İ:

Şikayət təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4178/2024 saylı, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Fərrux Qasımov Musayeva Cəmilə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar