Məhkəmə qərarları › İş №2(103)-3524/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3524/2022

20.04.2022 · Notariat hərəkətlərindən və ya həmin hərəkətlərin aparılmasından imtinaya dair şikayətlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3524/2022 20.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, Məmmədova Şərafət Asif qızı və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Ərizəçi notariat kontorunun hərəkətlərindən (hərəkətsizliyindən) şikayətinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2098/2022 saylı, 26 mart 2022-ci il tarixli qərardadından Ərizəçi tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, Müəyyən etdi: Ərizəçi “notariat kontorunun notariusunun hərəkətlərinin (hərəkətsizliyinin)”nə dair şikayət ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Nəsimi Rayon Məhkəməsinin 2(006)-2098/2022 saylı, 14 mart 2022-ci il tarixli qərardadı ilə şikayət qanunla müəyyən edilmiş məbləğdə dövlət rüsumu ödənilmədiyindən eləcə də, hazırki şikayət ərizəsi iddia icraatı qaydasında məhkəməyə təqdim edilməli olduğundan geri qaytarılmışdır. Həmin qərardaddan ərizəçi şikayət verərək 14 mart 2022-ci il tarixli qərardadın ləğv edilməsinə xahiş etmişdir. Şikayət rus dilində tərtib edildiyi üçün Məhkəmənin eyni saylı, 26 mart 2022-ci il tarixli qərardadı ilə geri qaytarılmışdır. Həmin qərardaddan ərizəçi şikayət verərək onun ləğv edilməsini xahiş etmişdir Birinci instansiya məhkəməsinin 29 mart 2022-ci il tarixli qərardadı ilə şikayət təmin olunmayaraq baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsinin 26 mart 2022-ci il tarixli qərardadı ləğv edilməli və Ərizəçi şikayətinə yenidən baxılması üçün iş həmin məhkəməyə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 11.2-ci maddəsinə əsasən işdə iştirak edən, məhkəmə icraatının aparıldığı dili bilməyən şəxslərə işin bütün materialları ilə tanış olmaq, izahat, ifadə və rəy vermək, məhkəmədə çıxış etmək, vəsatət qaldırmaq, ana dilində şikayət etmək, həmçinin bu Məcəlləyə uyğun olaraq pulsuz tərcüməçi xidmətindən istifadə etmək hüququ izah və təmin olunur. Qanunvericiliyin tələbindən də göründüyü kimi şəxsə öz ana dilində şikayət verilməsi üçün məhdudiyyət müəyyən olunmamışdır. Bundan başqa iş materiallarından görünür ki, Ərizəçi iddia ərizəsini azərbaycan dilinə tərcümə edərək məhkəməyə təqdim etmişdir. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, qərardad ləğv edilməklə şikayətə yenidən baxılması üçün iş məhkəməyə göndərilməlidir. Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Şikayət təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2098/2022 saylı, 26 mart 2022-ci il tarixli qərardadı ləğv olunsun və iş Ərizəçi şikayətinə yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Fuad Babayev Hakimlər: Şərafət Məmmədova Rafael Eyvazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar