Məhkəmə qərarları › İş №2(103)-3525/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3525/2025

01.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3525/2025 01.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: pul tələbi) hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi və məruzəsi ilə, hakimlər Kazımov Elşən Cələddin oğlu və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Ayşən Saəddin qızının katibliyi, iddiaçı "xxxx" MMC-nin nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “alğı-satqı müqaviləsi üzrə pul ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1177/2025 saylı 11 mart 2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında xx.xx.2024-cü il tarixdə 12 ay ərzində hər ay 266,67 manat (500 manat ilkin ödəniş olmaqla) ödəmək şərtilə ümumi dəyəri 3.700,04 manat olan İMEİ kodu **********64026 olan İPHONE 14 markalı telefon, 2 ədəd VİNİL şəffaf məhsullara dair 16403647 nömrəli alqı-satqı müqaviləsi bağlanılmışdır.

2. xx.xx.2024-ci il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhviltəslim aktına əsasən cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır.

3. xx.xx.2024-cü il tarixli maliyyə ödəniş cədvəlinə əsasən Cavabdeh 3.700,04 manat dəyərində 12 ay müddətinə, 500 manat ilkin ödəniş etməklə İmei kod **********64026 İPHONE 14 markalı telefon, 2 ədəd VİNİL Şəffaf əldə etmiş və 2.250 (iki min iki yüz əlli) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,6 (iyirmi üç manat altmış qəpik) manat rüsum, 675 (altı yüz yetmiş beş) manat cərimə ümumilikdə, 2.948,6 manat borcu yaranmışdır.

Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən İmei kodu **********64026 İPHONE 14 markalı telefon, 2 ədəd VİNİL şəffaf üçün 2.250 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,6 manat rüsum, 675 manat cərimə ümumilikdə, 2.948,6 manat borc və 49,49 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məhsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, İmei kodu **********64026 İPHONE 14 markalı telefon, 2 ədəd VİNİL şəffaf almış və nəticədə 2948.6 (iki min doqquz yüz qırx səkkiz manat, 60 qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 3700.04 (üç min yeddi yüz manat, 4 qəpik) manat (yəni 12 ay x 266.67 manat + 500 manat ilkin ödəniş) olan İmei kod **********64026 İPHONE 14 markalı telefon, 2 ədəd VİNİL şəffaf üçün ümumilikdə, 2948.6 (iki min doqquz yüz qırx səkkiz manat, 60 qəpik) manat olmaqla ondan 2250 (iki min iki yüz əlli) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 (iyirmi üç manat altmış qəpik) manat rüsum,müştəriyə güzəşt olunaraq 675 (altı yüz yetmiş beş) manat cərimə pulu borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1450.04 manat təşkil edir. Cavabdehlə aralarında bağlanılmış ilə xx.xx.2024-ci il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirilsə də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir.

6. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1177/2025 saylı 11 mart 2025ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, xx.xx.2024-cü tarixli müqaviləyə əsasən, İmei kod **********64026 İPHONE 14 markalı telefon, 2 ədəd VİNİL şəffaf üçün 2.250 (iki min iki yüz əlli) manat əsas borc, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 (iyirmi üç manat altmış qəpik) manat rüsum, 150 (bir yüz əlli) manat dəbbə ümumilikdə, 2.423,6 (iki min dörd yüz iyirmi üç manat altmış qəpik) manat borcun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulması qət edilmişdir.

7. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, Cavabdeh nisyə alqı-satqı müqavilələri üzrə götürdüyü öhdəliyi icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir, bununla da müqavilənin şərtlərini pozmuşdur.

8. Həmçinin məhkəmə iddiaçı tərəfindən ərizəyə əlavə edilən və xx.xx.2024-cü il tarixə cavabdehin banka olan borcunu əks etdirən maliyyə ödəniş cədvəlini əsas götürüb, hesab etmişdir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, məhkəmə cərimə məbləğinin tənasübsüz surətdə çox olduğu qənaətinə gəlmişdir.

9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442, 443.1, 448.1, 462.1, 465.2, 567 və 600.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin dəlilləri

10. Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1177/2025 saylı 11 mart 2025-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iş üzrə yeni və qanuni qətnamə çıxarılmasını xahiş etmişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməni qəbul edərəkən bütün sübutlara obyektiv şəkildə qiymət verməmiş, iş üzrə bütün faktiki halları aydınlaşdırmadan qətnamə qəbul etmişdir. İddiaçı ilə arasında olan borc münasibəti müqavilə ilə tənzimlənməsinə baxmayaraq, ödənilmiş pul məbləğini əsas borca deyil, cərimə ödənişinə şamil edilmiş və qanunsuz olaraq iddiaçı əsas borc məbləğini silməmişdir. Apellyasiya şikayətinə əlavə edilmiş materiallardan görünür ki, “Whatsapp” yazışmalarında iddiaçı hüquqi şəxsin əməkdaşına tərəfindən kart vasitəsilə ödənişlər edilmişdir. Apellyasiya şikayətinə əlavə olunan qəbzi müayinə etdikdə tərəfindən xx.xx.2024-cü il tarixdə 16403647 faktura nömrəsi ilə, bank ödəniş növü ilə 150 manat ödəniş edilmiş, ödənilmiş məbləğ cərimə məbləğinə şamil edilərək əsas borcdan silinməmişdir. İddiaçının etdiyi qanunsuz hərəkətlərin heç biri birinci instansiya məhkəməsi tərəfindən araşdırılmamışdır.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

13. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Qeyd etmişdir ki, o, birinci instansiya məhkəməsində səhhəti ilə bağlı məhkəmə prosesində iştirak edə bilmədi. O, işə 8-də gedib, 5-də çıxır. 5-də onların kassası bağlanır, işçiləri ilə danışdı dedi ki, kart atacaq. Ödəniş etdikcə həmin işçi ona çek atırdı, bu da onda daxili inam yaratmışdı, bu qaydada hər ay ödəniş edirdi. Bir gün bacısının qızı zəng vurdu ki, telefon bağlanıb. Əlaqə saxlayanda oğlan dedi ki, narahat olmayın, telefon açılacaq, sonradan açıldı. Dedilər 5 gün gecikmə olub, 81 manat gecikmə var. Telefon açılsın deyə 81 manatı göndərdi. Lakin onlar 41 manatın çekini göndərdilər. Çekləri də var. Telefon 3.700 manatlıq deyil, şişirdilmiş qiymət yazılıb. Heç yerdə 3.700 manata İphone 14 yoxdur. Qiyməti 2.400 manat idi.

14. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etmişdir. Qeyd etmişdir ki, İphone 14 256 gb-ın qiyməti olub 3.040 manat 4 qəpik, paket xxl 149.99, qızıl zəmanətlə birgə toplam 3.700 manat. Tərəfin imzası da var. Aapellyasiya şikayətinin müddəaları ilə tamamilə razı deyil. Hansı ayda nə qədər pul ödənilməlidir yazılıb müqavilədə. 4 aprel 2024-cü ildə 266,67 ödəməli idi, tərəf 70 gün gecikmədən sonra ödəniş edib. Müqaviləyə əsasən 50 faizədək cəriməyə çıxıla bilər. 70 gün sonra 14 may 2024-cü ildə 200 manat pul ödəyib, 100 manat gedib cəriməyə. Hətta müştəri məmnuniyyətini nəzərə alaraq, məbləği azaldaraq məhkəməyə müaciət etmişlər.

Apellyasiya baxışının hədləri

15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

16. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

17. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır.

18. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsini və yeni qətnamə qəbul edilməsini xahiş edilmişdir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin bütövlükdə yoxlanılması təşkil edir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

19. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 20.421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.

21. 425-ci maddəsinin tələblərinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

22. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

23. 567, 568.1 və 597.1-ci maddələrinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə, alıcı isə əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulmuş qiymətlə ödəməyə borcludur. 24.601.1 və 600.4-cü maddələrinə görə əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

25. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

26. İşin məhkəmə tərəfindən müəyyən edilən hallarından görünür ki, tərəflər arasında hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə alqı-satqısı müqaviləsinin bağlanmasından irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır.

27. Belə ki, əşyanın alqı-satqısına dair xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən satıcı (iddiaçı) müqavilə predmetini alıcıya (cavabdehə) verməyi, cavabdeh isə müqavilədə müəyyən edilən ödəmə cədvəli üzrə əşyanın qiymətini ödəməyi öz öhdəsinə götürmüşdür. Satıcı əşyanı alıcıya vermək vəzifəsini icra etsə də, alıcı həmin əşyanı ödəmək üzrə vəzifəsini icra etməmiş, iddiaçı tərəfindən təqdim olunmuş xx.xx.2024-cü il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən onun əsas borc üzrə 2.250 manat, cərimə borcu üzrə 675 manat borcu yaranmışdır.

28. Beləliklə cavabdeh müəyyən olunmuş qrafik əsasında ödənişləri vaxtında həyata keçirməməklə, MM-nin 425.1-ci maddəsinin tələblərini pozaraq, müqavilə üzrə öhdəliyini lazımınca icra etməmişdir. Yəni vicdanlılığın tələb etdiyi tərzdə - şərtləşdirilmiş vaxtda lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməyərək, öhdəliyi vaxtında icra etməmişdir (MM, maddə 442). Halbuki tərəflər müəyyən nəticələrə nail olmaq üçün öhdəlik hüquq münasibətlərinə daxil olurlar və öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (MM, maddə 385.1).

29. Mülki Məcəllənin yuxarıda qeyd edilən maddələrinin məzmunundan anlaşıldığı kimi əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Belə ki, alqı-satqı müqaviləsi müəyyən qiymət müqabilində əmlakın əvəzli özgəninkiləşdirilməsini nəzərdə tutur və satıcı tərəfindən əmlakın verilməsi, alıcı tərəfindən qarşılıqlı olaraq müqavilə qiymətinin ödənilməsini şərtləndirir.

30. İş materiallarından göründüyü kimi cavabdeh müqavilə ilə üzərinə düşən öhdəliyi icra etmədiyindən, yəni satıcının müəyyən məbləğdə pul-müqavilə qiymətini almaq hüququnu pozduğundan satıcının əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb etmək üzrə hüququ yaranmışdır. Belə ki, alıcı tərəfindən müqavilə şərtləri pozulduğu halda qeyd edilən hüquq iddiaçıya aid olur və iddiaçı əşyanın ödənilməsini tələb etməklə həmin hüququn realizəsi üsullarından bu formanı seçməklə hər hansı qanun normasının pozulmasına yol vermir. Beləliklə də hazırkı halda iddiaçı cavabdehdən əşyanın ödənilməsini tələb etmək üzrə subyektiv hüquqa malikdir. Cavabdeh isə müqavilə ilə üzərinə düşən öhdəliyi icra etməməklə, iddiaçının bu hüququnu pozmuş, sonuncunun MPM-nin 4.1-ci maddəsinə əsasən, qanunla qorunan hüququnun və marağının təmin edilməsi üçün məhkəmə müdafiəsindən istifadə etmək hüququ yaranmışdır.

31. Apellyasiya şikayətində istinad edilənlərlə əlaqədar isə məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin sadaladığı arqumentlər əsassızdır. O, müqavilə öhdəliklərini yerinə yetirdiyinə, müəyyən vaxtlarda etdiyi ödənişləri iddiaçı tərəfindən nəzərə alınmadığına istinad etsə də, qeyd edilənləri təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir.

32. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

33. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 34.Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan mübahisələndirilən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

35. MPM-nin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

36. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. 37.Digər tərəfdən məhkəmə kollegiyası qeyd edir ki, hazırda iddia tələbinin təmin edilən hissəsində iddianın qiyməti 2.948,6 manat olmaqla beş min manatdan az olduğundan hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Belə ki, MPM-nin 402.1ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

38. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 384, 392, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1177/2025 saylı 11 mart 2025ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün Cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Elşən Kazımov Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar