Məhkəmə qərarları › İş №2(103)-3528/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3528/2024

11.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3528/2024 11.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı pul tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (açar sözlər: pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), X2 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Hacıyeva Kəmalə Hafiz qızının katibliyi, iddiaçının nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı pul tələbinə dair iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 06 mart 2024-cü il tarixli, e-2(005)-510/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İddiaçı ilə "xxxx" ASC arasında bağlanmış 29 fevral 2012-ci il tarixli barışıq sazişindən görünür ki, tərəflərin razılığına əsasən cavabdeh "xxxx" ASC ilə İddiaçı arasında Abşeron rayonu, Xırdalan qəsəbəsi, Sumqayıt şossesinin 7-ci km.-də inşa edilmiş 1 saylı binanın 44-cü blokunun 38 saylı mənzilinə dair bağlanmış 9405 saylı, 25 fevral 2009-cu il tarixli alqı-satqı müqaviləsi ləğv edilir və həmin mənzil İddiaçı tərəfindən Cavabdeh "xxxx" ASC-yə qaytarılır (təhvil verilir). Cavabdeh "xxxx" ASC bu Sazişin 2-ci bəndində göstərilən mənzilin əvəzində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, V.Əliyev küçəsi, 2595-ci məhəllə, 8-ci binanın, 1-ci blokunun 1-ci mərtəbəsindəki 1 saylı mənzili İddiaçı təhvil verməyi, mənzilə dair müqavilənin bağlanmasını, mənzillə bağlı maliyyə arayışının verilməsini, o cümlədən 7000 manat məbləğində pul vəsaitini İddiaçı ödəməyi öhdəsinə götürmüşdür.

2. İddiaçı ilə "xxxx" ASC arasında bağlanmış 29 fevral 2012-ci il tarixli, 15472 saylı mənzilin alqı-satqı müqaviləsindən görünür ki, satıcı Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi, 2595-ci məhəllə, 8 saylı binanın, 1 blok, 1 saylı 2 otaqdan ibarət, ümumi sahəsi 82.1 kv.metr olan mənzili alıcıya satmağı, mənzili binanın tikinti işləri tam başa çatdıqdan sonra alıcıya təhvil verməyi, alıcı isə mənzili qəbul edib mənzilin razılaşdırılmış dəyərini Müqavilə ilə müəyyən edilmiş qaydada satıcıya ödəməyi öhdəsinə götürmüşdür.

3. 29 fevral 2012-ci il tarixli, 6619 nömrəli maliyyə arayışdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, V.Əliyev küçəsi, 2595-ci məhəllə, 8-ci binanın, 1-ci blokunun 1-ci mərtəbə, 82,1 m2 ümumi sahəsi olan 2 otaqdan ibarət 1 saylı mənzilə dair heç bir borc mövcud deyildir.

4. ƏMDK yanında DƏDRX-in çıxarışından görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, V.Əliyev küçəsi, 2595-ci məhəllə, ev 8, mənzil 1 ( Yeni qaydalarla AZ 1040, ünvan 1 ünvanında yerləşən mənzil İddiaçı adına xüsusi mülkiyyət hüququ ilə 16 noyabr 2020-ci il tarixində qeydə alınmışdır.

5. 02 mart 2012-ci il tarixli akdan görünür ki, "xxxx" ASC-nin və Bakı şəhəri, Sabunçu rayonu, ünvan 2 ünvanda inşa etdiyi mənzili 29 fevral 2012-ci il tarixli, 15472 saylı müqavilənin 3.1.2.3-cü maddəsinə uyğun olaraq təhvil verir, alıcı İddiaçı isə təhvil alır.

Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 5000 manat məbləğində pul və iddianın verilməsi üçün ödənilmiş 70 manat məbləğində rüsumun tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

7. İddia onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Xırdalan qəsəbəsi, Sumqayıt şossesi, 7-ci km-də inşa edilmiş 1 saylı yaşayış binasının 44-cü blokunun 10-cu mərtəbəsində yerləşən 2 otaqlı 38 nömrəli mənzilə dair onunla “X5" Açıq Səhmdar Cəmiyyəti arasında 25 fevral 2009-cu il tarixdə 405 №-li müqavilə bağlanmışdır. Müqavilə üzrə mənzilin razılaşdırılmış dəyəri 55600 manat məbləğində pul tərəfindən “X5" ASC-yə ödənilmişdir. Lakin müqavilənin bağlanmasından uzun müddət keçməsinə baxmayaraq “X5" Açıq Səhmdar Cəmiyyəti, üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş, mənzili ona təhvil verməmişdir. Bu səbəbdən o, “müqavilənin ləğv edilməsi və pul tələbi barədə” iddia ərizəsi ilə Nərimanov Rayon Məhkəməsinə müraciət etmişdir. Nərimanov Rayon Məhkəməsinin 17 noyabr 2011-ci il tarixli, 2(005)-2117/2011 nömrəli qətnaməsi əsasında Abşeron rayonu, Xırdalan qəsəbəsi, Sumqayıt şossesi, 7-ci km-də inşa edilmiş 1 saylı yaşayış binasının 44-cü blokunun 10-cu mərtəbəsində yerləşən 2 otaqlı 38 nömrəli mənzilə dair onunla “X5” ASC arasında bağlanmış 25 fevral 2009-cu il tarixli müqavilə ləğv edilmiş, 55600 manat məbləğində pul onun xeyrinə tutulmuşdur. Həmin qətnamədən “X5” ASC-nin verdiyi apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsində baxılan zaman onunla "xxxx" ASC arasında 29 fevral 2012-ci il tarixdə barışıq sazişi bağlanmışdır. Həmin barışıq sazişinin şərtlərinə uyğun olaraq əvvəlki mənzil əvəzinə ona Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi, 2595-ci məhəllə, 8-ci binanın 1-ci blokunun 1-ci mərtəbəsindəki 1 saylı mənzil verilmişdir. Barışıq sazişi imzalandıqdan sonra onunla "xxxx" ASC arasında 29 fevral 2012- ci il tarixdə 15472 saylı müqavilə bağlanmışdır. 16 noyabr 2020-ci il tarixdə isə onun həmin mənzil üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış və bu barədə onun adına ********** çıxarış verilmişdir. Sözügedən çıxarışda mülkiyyətinə verilmiş mənzilin ümumi sahəsi 72,1 kv. metr qeyd olunmuşdur. Halbuki, onunla "xxxx" ASC arasında bağlanmış 29 fevral 2012-ci il tarixli müqavilədə həmin mənzilin ümumi sahəsi 82,1 kv.metr təşkil edir. Göründüyü kimi, "xxxx" ASC ona mənzili satarkən mənzilin real sahəsindən 10 kv.m artıq sahə qeyd edərək, hər kv.m üçün 500 manat olmaqla, ümumilikdə 5000 məbləğində artıq ödəniş almışdır. Belə ki, onunla "xxxx" ASC arasında bağlanmış müqavilənin aidiyyəti bəndlərinə əsasən, müqavilənin predmetini təşkil edən mənzilin qiyməti ümumi şəkildə deyil, məhz həmin mənzilin sahəsi əsas götürülməklə müəyyən edilmişdir. Başqa sözlə, meyar qismində mənzilin 1 kv.m. sahəsinin dəyəri əsas götürülmüş və belə bir sahə üçün cavabdeh tərəfindən 500 manat məbləğində qiymət müəyyən edilmişdir. Müqavilənin 1.1ci bəndində mənzilin ümumi sahəsinin 82,1 kv.m. olduğu göstərilmiş, lakin bu sahənin hesablanması qaydası (mənzilin daxilində divardan divara, divarlarının və arakəsmələrinin yerləşdiyi sahələr nəzərə alınmaqla və ya alınmamaqla və sair) dəqiq qeyd edilməmiş, ümumi tikinti sahəsi əsas götürülmüşdür. Müqavilənin 1.1-cü bəndindən də belə nəticəyə gəlmək olur ki, cavabdeh ona məhz 82,1 kv.m. ölçüdə sahə təhvil verməlidi. Eyni zamanda, müqavilə üzrə onun üzərinə mənzilin sahəsini ölçməklə təhvil alması barədə vəzifə (öhdəlik) qoyulmamışdır. Bu baxımdan o, mənzilin ümumi sahəsini 82,1 kv.m. kimi qəbul etmişdir. Lakin mənzil təhvil alındıqdan sonra həmin mənzil mülkiyyət olaraq dövlət qeydiyyatına alınan, habelə onun bu mənzilə münasibətdə mülkiyyət hüququ tanınan zaman aparılmış ölçmə nəticəsində mənzilin 72,1 kv.m. ölçüdə olduğu müəyyən edilmiş və məhz bu ölçüdə sahəyə dair nəticə etibarı ilə çıxarış verilmişdir. Göstərilənlərə əsasən müəyyən edilir ki, cavabdeh qeyd edilən müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, ona müqavilə üzrə müəyyən edilmiş sahədə mənzil təhvil verməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli və cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, təhvil verilməmiş sahənin dəyərini ona qaytarmalıdır. Bu baxımdan cavabdeh tərəfindən ona 5000 manat məbləğində ziyan vurulmuşdur ki, bu ziyanın məbləğini ona ödəməlidir

8. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehdən 29 fevral 2012-ci il tarixli, 15472 saylı alqı-satqı müqaviləsi əsasında Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi, 2595-ci məhəllə, 8-ci binanın 1-ci blok, 1 saylı mənzilini almışdır. Cavabdeh mənzilləri satarkən alqı-satqı müqavilələrində mənzillərin sahəsini layihədə qeyd olunan sahələrə uyğun göstərir. Layihə 25 may 2012-ci il tarixdə Bakı şəhəri İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsi ilə razılaşdırılmış, layihədə qeyd olunan mənzilin sahəsi o dövrdəki ölçmə qaydaları əsasında hesablanaraq 82,1 kv.m. müəyyən edilmişdir. Bina layihəyə uyğun tikilmiş, müvafiq dövlət qurumları tərəfindən qəbul edilmiş və istismarına icazə verilmişdir. Azərbaycan Respublikası Prezidentinin 29 iyun 2012-ci il tarixli 392-İVQ nömrəli fərmanı ilə təsdiq olunmuş Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında Azərbaycan Respublikasının Qanununun 6-cı bəndinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək qüvvədə olan ərazi planlaşdırılması sənədləri həmin sənədlərdə müəyyən edilmiş müddətdə qüvvəsini saxlayır. Qeyd olunan Qanunun 7-ci bəndinə əsasən Məcəllə qüvvəyə minənədək hazırlanmış və ya hazırlanmaqda olan, lakin təsdiq edilməmiş ərazi planlaşdırılması sənədlərinə Məcəllənin müddəaları şamil olunmur. Həmin Qanunun 9-cu bəndinə əsasən Məcəllə qüvvəyə minənədək verilmiş tikinti icazələri Məcəllənin qüvvəyə mindiyi gündən 3 il müddətinə qüvvədədir. Hazırda mənzillərin sahəsi bu gün qüvvədə olan Azərbaycan Respublikası Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04 dekabr 2012-ci il tarixli qərarı ilə təsdiq edilmiş tikinti obyektlərinin sahəsinin və həcminin hesablanması qaydaları əsasında müəyyən edilir. Həmin qaydalara əsasən mənzillərin ümumi sahəsi hesablanarkən balkon və terrasların sahələri -0,3; şüşəbənd və lociyalar0,5; eyvanlar(verandalar)-1,0 azaltma əmsallarına vurulmaqla hesablanır. İddiaçı mənzilə çıxarış alarkən mənzilin sahəsi hazırda qüvvədə olan ölçmə qaydaları əsasında hesablandığı üçün mənzilin sahəsi müqavilədə göstərilən ölçüdən az gəlir. Mənzil iddiaçıya təhvil verilmiş, iddiaçı xx.xx.2012-ci il tarixli təhvil-təslim aktında və mənzilə baxış aktında binanın və mənzilin inşa olunmasına və layihəyə dair heç bir pretenziyasının olmadığını imzası ilə də təsdiq etmişdir.

9. İşə birinci instansiya məhkəməsində baxılarkən cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə vermişdir.

10. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 06 mart 2024-cü il tarixli, e- 2(005)-510/2024 nömrəli qətnaməsi ilə rədd edilmişdir.

11. Qətnamə onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən təqdim edilmiş sübutlarla və iddiaçının özünün izahatı ilə müəyyən edilir ki, mübahisələndirilən mənzil iddiaçıya 02 mart 2012-ci il tarixdə akta imza edilməklə təhvil verilmişdir. Həmin il iddiaçı mənzilə köçərək yaşamağa başlamışdır. Mənzilə dair çıxarış isə 16 noyabr 2020-ci il tarixdə alınmışdır. İddiaçı mənzili təhvil aldıqdan 11 il sonra müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Nəzərə alınmalıdır ki, mənzil, sahibinə təhvil verildikdən sonra o, ağlabatan sayıqlıq və ehtiyat nümayiş etdirməklə mənzilin müqavilədə göstərilən ölçülərə uyğun olubolmadığını vaxtında yoxlamalıdır. Lakin iddiaçı qeyd edilən tədbirlərdən heç birini görməmiş, bununla da yuxarıda göstərilənləri tələb etmək hüququnu itirmişdir.

12. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 390.4.2, 425.1, 752.1, 762.1, 766-cı maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

13. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

14. Şikayətin dəlillərinə görə, sözügedən mənzil 02 mart 2012-ci il tarixdə cavabdeh ASC tərəfindən İddiaçı təhvil verilməsini təsdiq edən aktda, yalnız mənzilin fiziki olaraq təhvil verilməsi göstərilmişdir. Təhvil-təslim zamanı mənzilin ölçüləri ölçülməmişdir. Mənzilin ölçülərinin müqavilə şərtlərinə uyğun olmamasını iddiaçı bilə bilməzdi. Çünki, birincisi o, ASC-yə güvənib mənzili təhvil almış, ikincisi isə iddiaçı mənzil sahəsinin ölçülərinin hansı qaydada hesablanmasını, bu sahədə xüsusi biliyə malik olmadığı üçün bilə bilməzdi. İddiaçı mənzilin ölçülərinin müqavilədə göstərilən ölçülərdən az olmasını yalnız həmin mənzilə çıxarış aldıqdan sonra, yəni 16 noyabr 2020-ci il tarixdə aldıqdan sonra məlumatı olmuşdur. Belə olan halda, iddiaçının hüquqlarının pozulduğunu bildiyi tarix 2020-ci ilin noyabr ayının 16-dır. Digər tərəfdən bildiririk ki, iddiaçının iddia tələbi – mülkiyyətçinin hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələblərinə aiddir ki, bu kimi tələblərə isə iddia müddəti şamil edilmir. Göstərilənlərə əsasən hesab edirik ki, birinci instansiya məhkəməsi işin hallarını tam, hərtərəfli və obyektiv araşdırmadan, maddi hüquq normalarını düzgün tətbiq etmədən, iş üzrə əsassız və qanunsuz nəticəyə gəlmişdir. Bildirir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsi və hər bir tərəfin öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halların özlərinin sübut etməli olmaları AzərbaycanRespublikası MPM-nin 77.1-ci maddəsində təsbit olunmuşdur. İşə baxan məhkəmə işin hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış, cavabdeh tərəfin izahatında göstərilənləri nəzərə almamış, nəticədə isə iş üzrə ədalətsiz, qanunsuz və əsassız qətnamə qəbul etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Apellyasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

16. İddiaçının nümayəndəsi Vəkil2 apellyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etdi.

17. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh (onun nümayəndəsi) məhkəmə iclasına gəlmədiyi üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmışdır.

Tətbiq edilən hüquq

18. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir Maddə 390.4. Tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 427.1. Əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər; Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448.1 Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Maddə 762.1. Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. Maddə 766. Sifarişçi müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra əlavə icranı qəbul etmədikdə və müqavilədən imtina etdiyini bildirmədikdə muzdun miqdarını qüsur məmulatın dəyərini nə qədər azaldırsa, o qədər azalda bilər. Maddə 773. Əgər sifarişçi məmulatın qüsurlu olduğunu bilə-bilə pretenziya irəli sürmədən onu qəbul edirsə, bu qüsurlarla bağlı tələb hüququ əmələ gəlmir. Maddə 776.1. Sifarişçi icranın qüsuru barəsində tələbi işin qəbul edildiyi gündən bir il ərzində, binaya aid tələbi isə beş il ərzində irəli sürə bilər.

19. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi: Maddə 59.2. Yaşayış binalarında mənzillərin ümumi sahəsi otaqların, yerləşgələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri), habelə lociyaların, eyvanların, şüşəbəndlərin və terrasların sahəsi də daxil olmaqla hesablanır Maddə 59.3. Yaşayış binalarında mənzillərin ümumi sahəsi bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanır. Sobanın (buxarının) yerləşdiyi sahə də mənzilin ümumi sahəsinə aid edilmir.

20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

21. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 2001-ci il 27 dekabr tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 3 iyun tarixli Qərarlar: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu iddia müddəti institutunun mahiyyətinə, qanunvericilikdə təsbit edilmə məqsədinə və yerinə yetirdiyi hüquqi funksiyaya aydınlıq gətirməklə göstərmişdir ki, iddia müddəti institutu tələb haqlarına şamil olunmaqla mülki münasibət iştirakçılarına pozulmuş hüquqlarının məhkəmə vasitəsi ilə müdafiəsi (borclunun öhdəliyini icra etməyə məcbur edilməsi) imkanının müəyyən müddətlə (zaman kəsiyi) məhdudlaşdırılmasını nəzərdə tutur. İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir)

22. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli Qərarı: “Hər hansı bir mülki mübahisənin qanuni həlli baxımından iddia müddətlərinin axımının başlanğıcının müəyyənləşdirilməsi ilə yanaşı mübahisəyə aid bütün digər hallar da nəzərə alınmalıdır. İddia müddətinin tətbiqi qaydalarına riayət edilməsi üçün ilk növbədə nəzərə alınmalıdır ki, iddia etmək hüququ iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarından ibarətdir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. Bu hüququn həyata keçirilməsi hər hansı iddia müddətinin keçməsindən asılı deyil. Buna görə də, iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəməyə iddianı təqdim etmək mümkündür (MM-in 375.1-ci maddəsi). İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. İddia müddətinin keçməsi məhz bu mümkünlüyün qarşısını alır və məhkəmə tərəfindən iddiadan imtina edilməsinə əsas kimi götürülür (MM-in 375.2-ci maddəsi). İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. İddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Buna görə, məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir.”

23. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Stanyo Belçikaya qarşı” iş üzrə 07 iyul 2009-cu il tarixli Qərarı: “Qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir.”

24. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04 dekabr 2012-ci il tarixli qərarı ilə təsdiq olunmuş “Tikinti obyektlərinin sahəsinin və həcminin hesablanması” Qaydaları: Bənd 3.8. Mənzillərin ümumi sahəsi - yaşayış otaqların, köməkçi otaqların (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri) sahələrinin, eləcə də balkon, lociya, terras, şüşəbənd və eyvanların azaltma əmsallara vurulmuş sahələrinin məcmusundan ibarətdir. Mənzillərin ümumi sahəsi hesablanarkən balkon və terrasların sahələri - 0,3; şüşəbənd və lociyalar - 0,5; eyvanlar (verandalar) - 1,0 azaltma əmsallarına vurulmaqla hesablanır

Apellyasiya baxışının hədləri

25. Apellyasiya şikayəti ilə qətnamənin ləğv edilib, iddianın təmin edilməsi tələb edildiyindən, məhkəmə aktı şikayətin dəlilləri üzrə tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

26. Birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları, o cümlədən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir.

27. İşin müəyyən olunmuş hallarına görə, iddiaçı ilə cavabdeh arasında Abşeron rayonu, Xırdalan qəsəbəsi, Sumqayıt şossesi, 7-ci km-də inşa edilmiş 1 saylı yaşayış binasının 44-cü blokunun 10-cu mərtəbəsində yerləşən 2 otaqlı 38 nömrəli mənzilə dair 25 fevral 2009-cu il tarixdə 405 №-li müqavilə bağlanmışdır. Müqavilə üzrə mənzilin razılaşdırılmış dəyəri 55600 manat məbləğində pul iddiaçı tərəfindən cavabdehə ödənilmişdir. İddiaçı ilə cavabdeh arasında bağlanmış müqavilədə həmin mənzilin ümumi sahəsi 82,1 kv.metr təşkil etsə də, 16 noyabr 2020-ci il tarixli ********** nömrəli çıxarışa əsasən iddiaçının mülkiyyətinə verilmiş mənzilin ümumi sahəsi 72,1 kv. metr qeyd olunmuşdur.

28. Göstərilən xüsusatlarla təsdiq olunur ki, iddiaçı hazırkı iddianı irəli sürmək üçün subyektiv hüquqa malik olmuşdur.

29. Qanunvericiliyinin sadalanan normaları və Konstitusiya Məhkəməsinin Plenumunun hüquqi mövqeyi baxımından qeyd olunmalıdır ki, məhkəmə iddia müddətinin keçməsi əsası ilə iddianı rədd edərkən yalnız iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələlərini araşdırmaqla kifayətlənməlidir. Çünki, iddia müddəti institunun məqsədi məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaq zərurətindən azad etməkdir (İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Stanyo Belçikaya qarşı” iş üzrə 07 iyul 2009-cu il tarixli Qərarı). Bu konteksdə tələbin əsaslı olub-olmaması məsələsini isə yalnız işdəki sübutların məcmusu ilə mahiyyəti üzrə baxılan zaman qiymətləndirilmək mümkündür.

30. İddia müddətinin tətbiqinə dair gəlinən hansı müddətin tətbiq edilməli olmasına dair isə qeyd edilməlidir ki, hazırkı iddia tələbinin qanuni əsasını podrat hüquq münasibətlərini tənzimləyən mülki qanunvericilik normaları təşkil edir, tərəflər arasında podrat müqaviləsindən irəli gələn münasibətlər yaranmışdır. Mülki Məcəllənin 776.1-ci maddəsində podrat müqaviləsi üzrə icranın qüsurları barədə tələblər üzrə xüsusi iddia müddətləri nəzərdə tutulmuşdur.

31. Həmin maddənin dispozisiyası podrat müqaviləsi üzrə sifarişçinin icranın qüsuru barəsində tələblərinin iddia müddətinin axımını işin qəbul edildiyi günlə əlaqələndirmişdir.

32. Bu baxımdan mübahisəli sahə binanın tərkib hissəsi olan mənzillə bağlıdır və belə olan halda bu qəbildən olan iddialar həll edilərkən və cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə ərizə verilərkən istinad olunan normada nəzərdə tutulmuş binaya münasibətdə icranın qüsuru barədə müəyyən olunmuş 5 illik müddət tətbiq edilir.

33. Apellyasiya şikayətinin dəlillərindən birini o təşkil edir ki, İddiaçı mənzilin ölçülərinin müqavilədə göstərilən ölçülərdən az olmasını yalnız həmin mənzilə çıxarış aldıqdan sonra, yəni 16 noyabr 2020-ci il tarixdə aldıqdan sonra məlumatı olmuşdur.

34. Apellyasiya şikayətinin bu dəlilinə münasibətdə məhkəmə kollegiyası onu qeyd edir ki, bu dəlil inandırıcı olmamaqla faktiki olaraq artıq ötürülmüş müddətinin müəyyən formal əsaslarla aradan qaldırılmasına yönəlmiş dəlildir. İşin halları ilə mənzilin 2012-ci ildə iddiaçıya təhvil verilməsi aşkardır. Deməli, iddiaçıya bu zaman real sahənin nə qədər olması barədə məlumatlı olmalı idi. Hətta bu hal olmasa belə mənzilin təhvil verilməsi zamanı və ondan sonra keçən müddət ərzində iddiaçı ağlabatan sayıqlıq və ehtiyat nümayiş etdirməklə mənzilin müqavilədə göstərilən ölçülərə uyğun olub-olmadığını yoxlaya bilərdi. Lakin o, qeyd edilən tədbirlərdən heç birini görməmiş, bununla da, heç bir üzrlü səbəb olmadan qanunvericiliklə müəyyən edilmiş müddəti ötürmüşdür.

35. Bundan başqa, iddiaçının apellyasiya şikayətinin bir digər dəlilini “mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir” təşkil edir.

36. Bununla bağlı məhkəmə kollegyası onu qeyd edir ki, işə baxan məhkəmə tərəfindən sübutlar birlikdə dəyərəndirilmişdir. Belə ki, iş materiallarından da göründüyü kimi, tərəflər arsaında alqı-satqı müqaviləsi hələ 29 fevral 2012-ci ildə bağlansa və 02 mart 2012-ci il tarixli akta əsasən iddiaçıya təhvil verilsə də, iddiaçı 11 il ərzində cavabdehə heç bir irad və ya tələb bildirmədiyi halda göstərilən uzun heçdə ağlabatan olmayan müddət sonra cavabdehin öz öhdəliklərini lazımınca yerinə yetirmədiyinə istinad etmişdir. Göründüyü kimi iş materiallarında olan müqavilə və akt iddiaçının həmin mənzili təhvil aldığını və özünündən qeyd etdiyi, həmçinin bu illər ərzində həmin mənzildə yaşadığı işin mübahisəsiz halının təşkil edir.

37. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın rədd edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə və ya dəyişdirilməsinə əsas vermir. Bu səbəbdən qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.

38. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 06 mart 2024-cü il tarixli, e- 2(005)- 510/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 06 mart 2024-cü il tarixli, e- 2(005)- 510/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

HAKİMLƏR Fərrux Qasımov

Fuad Abdıyev

Xəyal Sarıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar