Məhkəmə qərarları › İş №2(103)-353/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-353/2022

14.12.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-353/2022 14.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçı Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Birliyinin nümayəndəsi X2, Cavabdeh X4, Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs (iddiaçı) Bağır X9 iştirakları ilə, İddiaçı Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Birliyinin cavabdeh X8 qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs BağırX13 cəlb edilməklə) “qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs (iddiaçı) Bağır X9 cavabdeh X8 qarşı “özbaşına tikilinin sökdürülməsi” tələbinə dair iddiası üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1412/2019 saylı, 17 dekabr 2019-cu il tarixli qətnaməsindən cavabdeh X11 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Birliyi cavabdeh X8 qarşı (mübahisə predmeti üzrə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs BağırX12 cəlb edilməklə) “qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən ünvan 1 ünvanda heç bir icazə sənədi olmadan inşa etdiyi qanunsuz tikilinin sökülməsi və həmin ərazinin cavabdehin vəsaiti hesabına əvvəlki vəziyyətinə qaytarılması haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi baxışı zamanı üçüncü şəxs (iddiaçı) Bağır X12 cavabdeh X8 qarşı “özbaşına tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh barəsində özbaşına tikili apardığı üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 222.1-ci maddəsi ilə cinayət işi qaldırılması, ona məxsus ünvan 2 ünvanda yerləşən, çiy kərpicdən inşa edilən, ara hasarın üstündə cavabdeh X11 tərəfindən özbaşına ev tikintisi inşa etdiyi mənzilini öz vəsaiti hesabına sökdürülməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1412/2019 saylı, 17 dekabr 2019cu il tarixli qətnaməsi ilə hər iki iddia tələbi təmin edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 17 dekabr 2019-cu il tarixli 2(006)-1412/2019 saylı qətnaməsinin ləğv olunmasını, hər iki iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4916/2020 saylı, 21 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə cavabdeh X11 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmuş, Bakı şəhəri şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1412/2019 saylı, 17 dekabr 2019-cu il tarixli qətnaməsi qismən – müstəqil tələb irəli sürən üçüncü şəxs BağırX6 iddia tələbi hissəsində ləğv edilərək, həmin hissədə yeni qətnamə qəbul edilmiş, üçüncü şəxs (iddiaçı) Bağır X6 cavabdeh X8 qarşı “özbaşına tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi təmin edilməmiş, qətnamə iddiaçı Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Birliyinin cavabdeh X8 qarşı ünvan 1 ünvanda inşa edilən qanunsuz tikilinin sökülməsi tələbinin təmin edilməsinə dair hissədə onun apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-3205/2021 saylı, 20 may 2021-ci il tarixli qərarı ilə cavabdeh X11 və üçüncü şəxs BağırX13 tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)- 4916/2020 nömrəli iş üzrə 21 oktyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına qaytarılmışdır. Təkrar apellyasiya baxışı zamanı Bakı Apellyasiya Məhkəməsinin 15 sentyabr 2021-ci il tarixli qərardadı ilə iş üzrə əlavə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və ekspert(lər) qarşısında aşağıdakı suallar qoyulmuşdur: - Bakı şəhəri, Nəsimi rayonu, Əbilov küçəsi, 77 ünvanda cavabdeh X11 tərəfindən aparılmış tikinti işləri tikinti-texniki norma və qaydalara uyğundurmu? - Həmin tikili Nəsimi rayon İcra Hakimiyyətinin 13 oktyabr 2016-cı il tarixli 190 saylı sərəncamında öz əksini tapmışdırmı? - ünvan 3 ünvanda cavabdeh X11 tərəfindən hər hansı tikinti işləri aparılmışdırmı, əgər aparılmışdırsa tikinti işləri tikinti-texniki norma və qaydalara uyğundurmu? - X1 məxsus evin divarının üzərində, yoxsa iki qonşu arasında olan ümumi həmsərhəd divarın üzərində inşa edilmişdir? - Həmin tikilinin mövcudluğu Bağır X9 hüquqlarına toxunurmu?. Ekspert rəyi məhkəməyə təqdim edildikdən sonra iş üzrə icraat təzələnmişdir. Həmçinin rəydən görünür ki, aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir. Bakı Apellyasiya Məhkəməsinin 30 mart 2022-ci il tarixli qərardadı ilə mülki iş üzrə əlavə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və ekspert(lər) qarşısında aşağıdakı suallar qoyulmuşdur: - ünvan 3 ünvanda cavabdeh X11 tərəfindən hər hansı tikinti işləri aparılmışdırmı, əgər aparılmışdırsa tikinti işləri tikinti-texniki norma və qaydalara uyğundurmu? - X1 məxsus evin divarının üzərində, yoxsa Bağır X10 məxsus evin divarının üzərində, yoxsa iki qonşu arasında olan ümumi həmsərhəd divarın üzərində inşa edilmişdir? Tikilinin mövcudluğu Bağır X10 və X8 məxsus yaşayış sahələri üçün təhlükəli vəziyyət yaradırmı? - X11 tərəfindən inşa edilən tikili Bağır X9 yaşayış sahəsinin işıqlandırılması və havalandırılmasının qarşısını alırmı, inşa edilən tikili Bağır X9 evinin damına yağış sularının yığılmasına səbəb olurmu, bunun nəticəsində evdə su sızma, nəmişlik halları, həmçinin Maraqlı şəxs mülkiyyət hüququna toxunan hər hansı digər hallar mövcuddurmu?. Ekspert rəyi məhkəməyə təqdim edildikdən sonra iş üzrə icraat təzələnmişdir. Həmçinin rəydən görünür ki, aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir. Məhkəmə iclasında iştirak edən cavabdeh X11 ərizə təqdim etməklə, izahatında bildirdi ki, hazırda mülki iş üzrə mübahisə predmeti aradan qalxmışdır, belə ki, tərəfindən inşa edilmiş tikili sökülmüşdür və bundan sonra mübahisəli divarın üzərində, eləcə də həmin ərazidə heç bir tikinti işləri aparmayacaqdır. Məhkəmə iclasında iştirak edən iddiaçı Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti Mənzil- Kommunal Təsərrüfatı Birliyinin nümayəndəsi X5 iddiadan imtina barədə ərizə təqdim edərək, mübahisə predmeti barəsində tərəflər arasında razılaşma olmasını və cavabdeh tərəfindən orada hər hansı bir tikinti işi aparmayacağına söz verilməsini nəzərə alaraq, həmçinin ərazidə aparılan tikinti işləri söküldüyünə görə iddia tələbindən Bağır X9 razılığı ilə imtina edilir. Həmçinin qeyd edir ki, mübahisəli yerə dair təqdim edilmiş fotoşəkillərdə olan vəziyyətə olduğu kimi saxlanılmalıdır. Məhkəmə iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs (iddiaçı) Bağır X13 iddiadan imtina barədə ərizə təqdim edərək, izahatında əlavə olaraq bildirdi ki, cavabdeh tərəfindən aparılmış tikinti işləri sökülmüş və gələcəkdə həmin ərazidə hər hansı tikinti işləri aparılmayacaqdır. Hazırda mübahisəli ərazi məhkəməyə təqdim etdiyi fotoşəkillərə uyğun vəziyyətdə qalmalıdır və həmin ərazidə hər hansı bir tikinti işləri aparılmamalıdır. Ona görə də bu şərtlər daxilində iddia tələbindən imtina edir. Qeyd etdiyi şərtlər qəbul edilsə bundan sonra belə bir iddiası olmayacaqdır və iddia tələbindən imtinanın nəticələri barədə məlumatlandırılmışdır. Məhkəmə kollegiyası iş materiallarını tədqiq edərək hesab edir ki, iddiaçı Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Birliyinin və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs (iddiaçı) Bağır X9 iddiadan imtinaları qəbul edilərək birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə iş üzrə icraata xitam verilməlidir. Mülki Prosessual Məcəllənin 370-ci maddəsinə əsasən apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. Ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilib-edilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilib-edilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. Həmin Məcəllənin 191.2-ci maddəsinə görə hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Mülki Prosessual Məcəllənin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Təkrar apellyasiya baxışı zamanı cavabdehin izahatı eləcə də təqdim edilmiş fotoşəkillərlə müəyyən edilmişdir ki, cavabdeh tərəfindən həyata keçirilmiş tikinti işləri sökülmüşdür. Belə olan halda prosessual qanunvericiliyin qeyd olunan müddəalarını rəhbər tutmaqla, eləcə də təkrar apellyasiya baxışı zamanı işin müəyyən edilmiş hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iddiaçı Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Birliyinin və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs (iddiaçı) Bağır X9 iddialarında imtinaları qanuna zidd olmadığından və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığından qəbul edilməli, mübahisəyə dair çıxarılmış birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə mülki işin icraatına xitam verilməlidir. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, hazırki iş üzrə birinci instansiya məhkəməsi baxışı zamanı eləcə də hazırki apellyasiya baxışı təyin edilmiş ekspertiza tədqiqatlarının xərcləri müştərək qaydada tərəflərə aid edilməlidir. Eyni zamanda iddia ərizələrinin və apellyasiya şikayətinin verilməsinə görə ödənilmiş dövlət rüsumlarının məbləği onları ödəmiş tərəflərin özlərinə aid edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191, 261, 370, 400, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçı Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Birliyinin və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs (iddiaçı) Bağır X9 iddialarından imtinaları qəbul edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1412/2019 saylı, 17 dekabr 2019-cu il tarixli qətnaməsi ləğv edilərək, iddiaçı Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti Mənzil- Kommunal Təsərrüfatı Birliyinin cavabdeh X8 qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs BağırX13 cəlb edilməklə) “qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs (iddiaçı) Bağır X9 cavabdeh X8 qarşı “özbaşına tikilinin sökdürülməsi” tələbinə dair mülki işin icraatına xitam verilsin. Tərəflərə izah olunsun ki, iş üzrə icraata xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Birinci instansiya məhkəməsi baxışı zamanı eləcə də hazırki apellyasiya baxışı təyin edilmiş ekspertiza tədqiqatlarının xərci, ümumilikdə 300 (üç yüz) manatın, 100 (bir yüz) manat hissəsi iddiaçı Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Birliyindən, 100 (bir yüz) manat hissəsi cavabdeh X3, 100 (bir yüz) manat hissəsi isə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs (iddiaçı) Bağır X7 bərabər qaydada alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Eyni zamanda iddia ərizələrinin və apellyasiya şikayətinin verilməsinə görə ödənilmiş dövlət rüsumlarının məbləği onları ödəmiş tərəflərin özlərinə aid edilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar