Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3532/2025 15.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: kompensasiya ödəmək şərti ilə mənzildən istifadə hüququna xitam verilməsi, mənzildən çıxarılma) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X9 (sədrlik edən və məruzəçi), X3 və X4 ibarət tərkibdə, məhkəmə iclasının katibi oğlunun katibliyi, İddiaçı, onun vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(003)-46/2025 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Vəlixan Orucov küçəsi, ev 18 küçəsində 31.50 kv.m. sahəsi olan fərdi yaşayış evinə və 0.0318 ha torpaq sahəsinə İddiaçı mülkiyyət hüququ xx.xx.2021-ci il tarixdə dövlət reyestrində qeydiyyatdan keçmişdir. Həyətda cavabdehin yaşadığı daha bir fərdi yaşayış evi var, həmin ev dövlət reyestrindən qeydiyyatdan keçməmişdir.
a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı cavabdehlər X1 və Cavabdeh qarşı mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
3. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən yaşayış evi mülkiyyət hüququ əsasında ona məxsusdur. Hazırda həmin evdə cavabdehlər X2 və Cavabdeh yaşayırlar. O isə özünə mənsub əmlaka öz istəiyi kimi sahib ola bilmir, mülkiyyət hüquqları pozurlur. İddia ərizəsinə əlavə edilmiş "xxxx" MMC-nin 020/23 saylı qiymətləndirmə hesabatına əsasən ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin həyatyanı tikintilərlə birlikdə hazırki dövrə olan orta aylıq kirayə qiyməti 300 manat müəyyən edilmişdir. Ona görə də, onun cavabdehlərə kompensasiya ödəməklə evə istifadə hüququna xitam verilməsi tələbi ilə iddia irəli sürmək hüqüqu vardır. Məhkəmə müdafiəsi hüququndan istifadə edərək məhkəmə vasitəsi ilə kompensasiya ödəməklə cavabdehlərin istifadə hüququna xitam verə bilmə hüqüqunu reallaşdırmaqla hazırki mübahisənin ədalətli həllinə nail ola bilər.
4. Daha sonra iddiaçı iddia ərizəsinə dəqiqləşdirmə verərək iş üzrə cavabdeh X2 vəfat etdiyindən iddia ərizəsini yalnız Cavabdeh qarşı 15.000 manat kompensasiya məbləği ödəməklə istifadə hüququna xitam verilməsini xahiş etmişdir.
5. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli və xx.xx.2024cü il tarixli qərardadları ilə iş üzrə əmlakın qiymətləndirilməsi ekspertizası təyin edilmişdir.
6. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-cü il tarixli, 9/77xx-xx/7411 nömrəli rəyindən aydın olur ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən ünvan 3 ünvanında yerləşən, yuxarıda qeyd edilen analoji xüsusiyyətlərə malik fərdi yaşayış evlərinin satışına və qiymətinə dair məlumat olmadığı müəyyən edildi. Bu səbəbdən də ekspertiza qarşısında qoyulmuş suala cavab vermək mümkün olmadı.
7. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(003)- 46/2025 nömrəli qətnaməsi ilə (hakim R.H.Xəzri) iddia təmin edilmiş, İddiaçı tərəfindən Cavabdeh 15.000 manat məbləğində kompensasiya ödənilməklə Cavabdeh Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Vəlixan Orucov küçəsi, ev 18-dən istifadə hüququna xitam verilərək, Cavabdeh həmin mənzildən çıxarılması, ekspertiza tədqiqatlarının dəyəri olan 100 manat məbləğində ekspertiza xərcinin Cavabdeh tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir.
8. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı mübahisəli mənzilin mülkiyyətçisi olduğundan, cavabdeh isə mübahisəli mənzilə istifadə hüququna malik olduğundan, İddiaçı mübahisəli mənzilin mülkiyyətçisi kimi, həmin mənzildən istifadə hüququna malik olan cavabdehin mübahisəli mənzilə istifadə hüquqlarına kompensasiya verməklə xitam verilməsini tələb etməkdə haqlıdır
9. Məhkəmə qeyd etmişdir ki, iddia tələbinin hüquqi əsasını Mülki Məcəllənin 228.2-ci maddəsi təşkil edir.
10. Məhkəmə ödəniləcək kompensasiya məbləğinin miqdarına hüquqi qiymət verərək hesab etmişdir ki, iddianın təmin edilməsinin mümkünlüyü təklif edilən kompensasiyanın məbləğinin adekvatlığının müəyyən edilməsindən asılıdır.
11. İşin həqiqi halları ilə məhkəmə iclasında müəyyən edilmişdir ki, mübahisəli mənzilin yerləşdiyi ərazi üzrə və yaxın ərazidə həmin mənzillə eyni xüsusiyyətlərə malik mənzillərin orta aylıq kirayə haqqı 300 manat təşkil edir. Yəni həmin ərazidə eyni xüsusiyyətli mənzilin aylıq kirayə haqqı bir il üçün 3.600 manat, üç il üçün 10.800 manat təşkil edir. İddiaçı cavabdehin istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılması üçün daha çox, yəni 15.000 manat məbləğində kompensasiya təklif edir.
12. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab etmişdir ki, iddia əsaslıdır. Məhkəmə hesab etmişdir ki, cavabdehin yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi müqabilində iddiaçı tərəfindən təklif edilən kompensasiya, ona davamlı surətdə və uzun müddət daxilində başqa yerdə mübahisəli mənzillə müqayisədə oxşar yaşayış sahəsində və oxşar şəraitdə yaşamaq imkanı təmin edə biləcək məbləğdir və yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi nəticəsində o yaşayış sahəsi ilə təminatlı olacaqdır. Yuxarıda sadalanmış meyar və prinsiplərə əsaslanmaqla məhkəmə belə hesab etmişdir ki, Cavabdeh mübahisəli mənzildən istifadə hüququna xitam verilməsi müqabilində ona 15.000 manat məbləğində kompensasiyanın ödənilməsi hazırki mübahisə üzrə adekvat bazar qiyməti kimi qəbul edilə bilər. Məhkəmə hesab etmişdir ki, qətnamənin real icrasını təmin etmək məqsədilə Cavabdeh mübahisəli mənzildən istifadə hüquqlarına görə ödənilməli olan pul kompensasiyası kimi iddiaçının bildirdiyi 15.000 manat həcmində müəyyən edilməli və Cavabdeh mübahisəli mənzildən istifadə hüququna görə 15.000 manat kompensasiya ödənilməklə, Cavabdeh Bakı şəhəri Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsi Vəlixan Orucov küçəsi ev 18 saylı mənzildən istifadə hüququna xitam verilərək, Cavabdeh həmin mənzildən çıxarılmalıdır.
13. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə, 29-cu maddəsinə, Mülki Məcəllənin 152, 152.5, 228.1, 228.2, 228.5-ci maddəsinə, Avropa İnsan Hüquqları Məhkəməsinin “Marks Belçikaya qarşı” iş üzrə, “Sporronq və Lonnpot İsveçə qarşı” iş üzrə qərarlarına, “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 26 sentyabr 2007-ci il tarixli Plenumunun qərarına, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 115.0.1, 119.1, 217.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
14. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
15. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, cavabdehin mübahisəli əmlakda irsi transmissiya qaydasında mülkiyyət hüquqlarının olmasına baxmayaraq faktaraşdırıcı məhkəmə işin bu halını müəyyən etməmiş, tərəflərə bu barədə heç nə bildirməmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli qərarı ilə Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı (həmin qərarla iddiaçı bu ünvanda qeydiyyatda olan 26 nəfərin qeydiyyatdan çıxarılmasına nail olmuşdur: X7, X5, X6 və qeyriləri-cəmi 26 nəfər), iddianın təmin edilmiş hissəsində ləğv edilmiş, həmin məhkəmənin xx.xx.2024-cü il tarixli qərarı ilə həmin şəxslərin Şüvəlan qəsəbəsi, Vəlixan Orucov küçəsi ev 18 ünvanında yerləşən yaşayış sahəsinə qeydiyyatının bərpası Xəzər RPİ-nə həvalə edilmişdir. Mübahisəli ev 1935-ci ildə İbrahimov Həmid adlı şəxs tərəfindən inşa edilmişdir. X15 adlı qadınla nikahda olmuş və onların Ağaəli, Səbiyyə, Suğra adlı övladları olmuşdur. Mülkün sahibi olmuş X10 adlı vərəsəsi ilə Ağaəli adlı oğlu münasibətlərin korlanması ucbatından həyətyanı sahədə hasar çəkmiş, guya bölgü aparmışlar. Lakin sənədləşmə başa çatmamış, “bölünmüş həyətyanı sahəyə” yeni ünvanlar verilməmişdir. Hazırkı iş üzrə iddiaçı Səbiyyənin qızıdır. Cavabdeh isə Suğranın nəvəsi – Fikrət adlı oğlunun övladıdır. Fikrət xx.xx.2007-ci il tarixdə vəfat etmişdir. Səbiyyə adlı vərəsənin adına heç bir mülki əqd olmasa da, o, Həmidin bütün əmlakını adına rəsmiləşdirmiş, bu zaman digər vərəsələrin qanunla qorunan hüquq və mənafeləri, o cümlədən mülkiyyət hüququ kobud şəkildə pozulmuşdur. Hazırkı iş üzrə Nəzakət mübahisəli əmlakı tam mülkiyyət hüququ əsasında “əldə etmişdir”. Yuxarıda qeyd edildiyi kimi, tərəflər arasında ümumi yurisdiksiyalı, habelə inzibati məhkəmələrdə müxtəlif səpkidə mübahisə olmuşdur. Mövcud məhkəmə qərarları maddiləşib icraya yönəldiyindən normativ hüquqi akta bərabər tutulur, o cümlədən mübahisə edən tərəflər üçün imperativ xarakter daşıyır. Məhkəmə bu halı nəzərə almadığından iş üzrə nəticəyə gələrkən səhv nəticəyə gəlmiş, iş üzrə tətbiq etməli olan normanı tətbiq etməmişdir. Məhkəmə mübahisə üzrə nəticəyə gələrkən səhvən Mülki Məcəllənin 228.2-ci maddəsinə və R.Ağalarovun şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2007-ci il tarixli qərarına istinad etmişdir, halbuki, mübahisə vərəsəlik institutuna dair normalarla tənzimlənməlidir. İddiaçının adına olan qeydiyyat vəsiqəsinin ləğvi tələb olunmuş və bu sənədin verilməsinə əsas olmuş sənədlərin mötəbərliliyi şübhə altına alınmışdır. Məhkəmə iş üzrə gəldiyi nəticəni subyektiv mülahizələri ilə əsaslandırmışdır. Nikah bağlanması haqqında şəhadətnamə, ölüm haqqında şəhadətnamələr, habelə məhkəmə qərarları hesab edilmişdir ki, baxılan işə aidiyyatı yoxdur.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
17. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və onun vəkili apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdilər. İddiaçı həmçinin məhkəməyə ərizə təqdim edərək, cavabdehə 20.000 manat kompensasiya ödəməyə razı olduğunu bildirdi.
18. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə rəsmi qaydada məlumat verilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
19. İddiaçı əvvəlki məhkəmə iclaslarında bildirmişdir ki, əmlak vərəsəlik qaydasında ona keçmişdir. Hətta anası ölməmişdən əvvəl vəsiyyətnamə də tərtib etmişdi. Həmin dövrdə mirasın qəbulu ilə bağlı altı aylıq müddət tətbiq edilirdi. Ailə məsələləri ilə bağlı müddət keçdi. Sonra ASAN Xidmətə müraciət etdi. Anasının adına texniki pasport olub. Həyətdə bir ev var. Cavabdehin anadan olduğu vaxt ailə böyüdüyü üçün darlıq oldu. Hazırda cavabdehin yaşadığı sahəni ev formasında anası tikdirib. Texniki pasportda ora qeydiyyata alınmır. Cavabdeh orada doğulub. Əmlak özünündür və cavabdehin orada yaşamağını istəmir. Cavabdeh çıxarışda göstərilən evdə yaşamır, oranın qapısı bağlıdır. Cavabdehin ümumiyyətlə həmin ünvandan çıxmasını istəyir. Cavabdehin atası Fikrət onun xalasıoğlu idi. Fikrət evlənmək istəyirdi. Anası bildirdi ki, yetim uşaqdır, kirayə qalmaqdansa gəlsin, həyətdə yaşasın. Özü evlənib oradan getmişdir. Ancaq anası orada tək yaşayırdı. Anası bildirirdi ki, Fikrət ailəsi ilə orada yaşasa ona qulaq yoldaşı olar, tək qalmaz. Oranı anası ev halına salıb. Onlar anasına qarşı mənəvi zərbələr vurdular. Sonra anasını öz yanına apararaq, ona qulluq etdi. Hazırda o, həyətə girə bilmir və oraya getməyə belə qorxur. Cavabdehin qardaşı onunla yaşasa da, başqa ünvanda qeydiyyatdadır. Evin dəyəri ən yuxarı 20.000 manat olar, ondan baha bilməz.
20. İddiaçının vəkili həmçinin bildirmişdir ki, Cavabdeh tərəfindən çıxarışın etibarsızlığı ilə bağlı verilmiş iddia rədd olunub.
21. Məhkəmənin əvvəlki iclaslarında iştirak etmiş cavabdehin nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, təmsil etdiyi şəxs iddia predmetini təşkil edən ünvanda doğulmuş və orada yaşamışdır, onun başqa yaşayış yeri yoxdur. Onun həmin əmlak üzrə irsi transmisiya qaydasında mülki hüquqları var, belə ki, əmlak onun ulu babası tərəfindən inşa edilmişdir. Sənədsiz evə iddiaçının subyektiv hüququ yoxdur, hesab edir ki, cavabdehin atasının pay hüququ var, amma məhkəmə qaydasında müəyyən edilməyib.
22. Məhkəmənin əvvəlki iclaslarında iştirak etmiş cavabdeh ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, doğulandan həmin evdə yaşamışdır, 1986-cı ildə anadan olmuşdur. Ora ümumi həyət olub. Oranı kimin ev halına salmasından məlumatı yoxdur. Orda qardaşı ilə yaşayır. O evdən çıxmır, ora ata yurdudur.
Tətbiq edilən hüquq
23. Azərbaycan Respublikası Konstitusiyası Maddə 13.İ hissə. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29.2. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət qanunla qorunur.
24. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 11.1. Mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Maddə 135.4. Əşyalar daşınmaz və daşınar ola bilər. Torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri, meşələr, çoxillik əkmələr, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər daşınmaz əşyalardır. Torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir. Maddə 135.9. Əgər müxtəlif növlü əşyalar ümumi təyinat üzrə istifadə edilməsini nəzərdə tutan vahid tam yaradırlarsa, bir əmlak (mürəkkəb əmlak) sayılırlar. Maddə 135.10. Adi anlamda əşyanın tərkibinə daxil olan və dağıdılmadan, zədələnmədən və ya dəyişdirilmədən ondan ayrıla bilməyən hər şey əşyanın tərkib hissəsidir. Maddə 140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.
25. R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə Məhkəmə Kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli qərarı: “...Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır”.
26. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 12 iyul 2016-cı il tarixli Qərarı: Birinci instansiya məhkəməsi belə işlərə baxarkən, iddia ərizəsində kompensasiya məbləğinin göstərilib-göstərilməməsindən asılı olmayaraq, kompensasiyanın məbləğini bazar qiymətinə uyğun olaraq müəyyən etməlidir. Bazar qiymətinə uyğun olaraq kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilməsi haqqında iddianı təmin edərkən məhkəmə, mülkiyyətçinin həmin məbləgin ödənilməsinə dair razılığını nəzərə almalıdır.
27. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 220.6. Məhkəmə qətnamənin icra qaydası və müddətini müəyyən etdiyi və ya onun icrasının təmin edilməsi üçün tədbirlər gördüyü hallarda, bunu qətnamənin nəticə hissəsində göstərməlidir. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Maddə 392.2. Apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Apellyasiya baxışının hədləri
28. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
29. Hazırkı işdə iddia təmin olunduğundan və apellyasiya şikayətinə əsasən qətnamə bütövlükdə mübahisələndirildiyindən, qətnamənin əsaslılığı bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
30. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iddiaçının təqdim etdiyi ərizəyə əsasən birinci instansiya məhkəməsinin qətnaməsi verilməli olan kompensasiya məbləği hissəsində dəyişdirilməli, həmin məbləğ 20.000 manat məbləğində müəyyən edilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalı, eyni zamanda qətnamədə onun icra qaydası müəyyən edilməlidir.
31. İş materialları və tərəflərin izahatları ilə müəyyən edilir ki, iddiaçı Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Vəlixan Orucov küçəsi, ev 18 küçəsində 31.50 kv.m. sahəsi olan fərdi yaşayış evinin və evin yerləşdiyi 0.0318 ha torpaq sahəsinin mülkiyyətçisidir.
32. Həmin torpaq sahəsində daha bir fərdi yaşayış evi mövcuddur və cavabdeh həmin evdə yaşayır. Ev dövlət reyestrində qeydiyyatdan keçməmişdir.
33. İddiaçının bildirdiyinə görə, sözügedən ev anası tərəfindən inşa edilmişdir. Cavabdeh doğulandan həmin evdə yaşamış və məhkəmə kollegiyasının evin kim tərəfindən inşa olunduğu barədə sualına cavab verərək bundan məlumatsız olduğunu bildirmişdir.
34. Apellyasiya araşdırması zamanı iş üzrə qiymətləndirmə ekspertizaları təyin edilmiş, "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli, MEB-268-0825 nömrəli rəyinə əsasən, ünvan 6 ünvanında dövlət reyestrindən çıxarışda əks olunan sahəsi 31,4 kv metrdən ibarət fərdi yaşayış evinin bazar dəyəri 88.100 manat, oxşar fərdi yaşayış evlərinin aylıq kirayə haqqı 280 manat, onunla bir həyətdə yerləşən reyestrdə qeydə alınmayan digər fərdi yaşayış evinin bazar dəyəri 33.300 manat, oxşar fərdi yaşayış evlərinin aylıq kirayə haqqı isə 300 manat müəyyən edilmişdir.
35. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, mülki qanunvericiliyin yuxarıda sadalanan normalarına əsasən torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu da xx.xx.2023-cü il tarixli qərarında bildirmişdir ki, qanunverici son zamanlar istər Mülki Məcəllənin özündə, istərsə də digər aidiyyəti Məcəllələrdə vahid mülkiyyət yanaşmasına üstünlük vermişdir.
36. Belə olan halda, məhkəmə kollegiyası hazırkı mübahisənin qanuni həlli üçün vahid mülkiyyət qaydasına uyğun olaraq, cavabdehin yaşadığı fərdi yaşayış evini onun yerləşdiyi torpaq sahəsinin tərkib hissəsi, dolayısı ilə onları vahid daşınmaz əşya hesab edir. Tərəflər cavabdehin torpaq sahəsindən və fərdi yaşayış evindən istifadə hüququnun mövcudluğunu mübahisələndirmirlər.
37. Kollegiya qeyd edir ki, formalaşmış məhkəmə təcrübəsinə əsasən kompensasiyanın məbləği müəyyən edilərkən məhkəmələr tərəfindən mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə oxşar şəraitə malik olan yaşayış sahəsində üç illik müddət daxilində yaşamaq imkanı nəzərə alınır.
38. Ekspert rəyinə əsasən həmin məbləğ 10.800 manat (36 ay x 300 manat) təşkil edir.
39. Bununla belə, iddiaçı kollegiyanın iclasında ərizə təqdim edərək cavabdehə təklif edilən kompensasinın məbləğini artırmış və cavabdehə 20.000 manat məbləğində kompensasiya ödəməyə razı olduğunu bildirmişdir.
40. Məhkəmə kollegiyası hesab edir ki, hazırda iddiaçı tərəfindən təklif edilən 20.000 manat kompensasiya məbləği ədalətlidir. Belə ki, həmin məbləğ cavabdehin yaşadığı fərdi yaşayış evinin bazar dəyərinin yarısından çoxunu təşkil edərək cavabdehə beş ildən artıq müddətdə oxşar şəraitə malik olan yaşayış sahəsində yaşamağa imkan verir (20.000 / 300 = 66 ay).
41. Bununla yanaşı, məhkəmə kollegiyası hesab edir ki, kompensasiya olaraq cavabdehə 20.000 manat vəsaitin ödənilməsi ilə onun iddiaçının mülkiyyətində olan evdən istifadə hüququna xitam verilməsi və həmin sahədən çıxarılması eyni vaxtda icra edilməlidir.
42. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı həmçinin qeyd edir ki, iddiaçının torpaq sahəsi və fərdi yaşayış evi üzərində mülkiyyət hüququ dövlət reyestrində xx.xx.2021-ci il tarixində qeydiyyata alınmışdır. Mülki qanunvericiliyin tələblərinə əsasən daşınmaz əmlakın dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Hazırki iş üzrə reyestrin məzmununun qeyri-dəqiqliyi müəyyən edilmir.
43. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.3, 392, 393, 402.1, 405 və 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(003)-46/2025 nömrəli qətnaməsi kompensasiyanın məbləği ilə bağlı hissədə dəyişdirilərək 20.000 manat müəyyən edilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Cavabdeh 20.000 manat məbləğində kompensasiyanın ödənilməsi ilə onun iddiaçının mülkiyyətində olan Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsi Vəlixan Orucov küçəsi ev 18-dən istifadə hüququna xitam verilməsi və həmin sahədən çıxarılması eyni vaxtda icra edilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği cavabdehin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
HAKİMLƏR