Məhkəmə qərarları › İş №2(103)-3533/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3533/2023

07.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3533/2023 07.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı mülki iş üzrə (Açar sözlər: pul) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-211/2023 nömrəli, 13 fevral 2023cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İşin hallarından görünür ki, “Təbriz” firmasının 274 saylı, xx.xx.2022-ci il tarixli ziyan aktından görünür ki, “Mersedes Benz C 200” markalı, **-CK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş ziyanın məbləği cəmi 1795 manat məbləğində müəyyən edilmişdir. “Təbriz” firmasının 489996 saylı, xx.xx.2022-ci il tarixli mədaxil qəbzinə əsasən İbrahimov Namik İsmayıl oğlu “Mersedes Benz C 200” markalı, **-CK-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin müəyyən olunmasına görə “Təbriz” firmasına 35 (otuz beş) manat pul ödəmişdir. "xxxx" ASC-nin İddiaçı ünvanladığı xx/xx-1475 saylı, 30 iyun 2022-ci il tarixli cavab məktubuna əsasən xx.xx.2022-ci il tarixində Quba rayonu ərazisində sığortalı “VAZ 21074” markalı, **-ST-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə İddiaçı idarə etdiyi “Mercedes Benz C200” markalı, **-CK-*** dövlət qeydiyyat nişanlı avtomobilin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində avtomobilinə maddi zərər dəymişdir. Avtomobilə dəymiş zərər tərəfilərindən qiymətləndirilmiş, lakin dəymiş zərərlə bağlı qarşılıqlı razılıq əldə olunmadığından “Sığorta fəaliyyəti haqqında” Qanununun 10.10-cu maddəsinin tələbi nəzərə alınmaqla müstəqil ekspert tərəfindən qiymətləndirmə həyata keçirilmişdir. Müstəqil ekspert tərəfindən avtomobilə dəymiş zərər 990 (doqquz yüz doxsan) manat olaraq qiymətləndirilmişdir. Odur ki, dəymiş zərərə görə hesablanmış sığorta ödənişi ilə razı olduğu təqdirdə sığorta ödənişinin tərəflərindən ödənilməsi mümkündür.

2. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 9/8081 nömrəli, xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli qüsur aktlarındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 1998-ci il buraxılışlı “Mercedes Benz C200” markalı, **-CK-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmirbərpa xərci hadisə baş verən tarixə təxminən 990,0 manat müəyyən edilir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC Sığorta şirkətində sığortalı olan **-ST-*** dövlət qeydiyat nişanlı, VAZ 21074 minik markalı avtomobilin sürücüsünün təqsiri üzündən baş vermiş yol nəqliyyat hadisəsi zamanı ona məxsus **-CK-*** dövlət qeydiyat nişanlı, “Mersedes Benz C 200” minik markalı avtomobilinə dəymiş 1795 (min yeddi yüz doxsan beş) manat məbləğində zərərin, ziyan aktının tərtib olunması üçün ödədiyi 35 manat rüsumu və 30 manat məhkəmə rüsumu olmaqla, ümumi olaraq 1860 (min səkkiz yüz altmış) manat məbləğin "xxxx" ASC Sığorta şirkəti tərəfindən ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddiaçı tələbi onunla əsaslandırmışdır ki, 30 aprel 2022-ci il tarixdə Quba şəhəri ərazisində **-ST-*** dövlət qeydiyat nişanlı VAZ 21074 minik markalı və ona məxsus 99- CK-487 dövlət qetdiyat nişanlı, “Mersedes Benz C 200” minik markalı avtomobillərin iştirakı ilə yol nəqliyyat hadisəsi baş vermişdir. Qeyd etmişdir ki, baş vermis yol nəqliyyat hadisəsi "xxxx" ASC Sığorta şirkətində sığortalı olan **-ST-*** dövlət qeydiyat nişanlı, VAZ 21074 markalı avtomobilin sürücüsünün təqsiri üzündən baş vermişdir. Yol nəqliyyat hadisəsi nəticəsində onun avtomobilinə 1795 (min yeddi yüz doxsan beş) manat dəyərində zərər dəymişdir. Bu zərər məbləği hadisədən sonra Quba şəhərində fəaliyyət göstərən avto təmir stansiyasının ustaları tərəfindən avtomobilinə baxış keçirərək müəyyən olunmuş və bu barədə ziyan aktı tərtib edilmişdir. Bildirmişdir ki, yol nəqliyyat hadisəsindən bir neçə gün sonra "xxxx" ASC Sığorta şirkətindən onun mobil nömrəsinə mesaj vasitəsilə avtomobilinə dəymiş zərərin 950 manat məbləğində müəyyən olunması haqqında bildiriş göndərildi. O, məbləğ az olduğuna görə şirkətin qaynar xətt nömrəsinə zəng vuraraq, yenidən qiymətləndirmə keçirilməsini və real məbləğ ayrılmasını xahiş etmişdir. Amma, avtomobilinə dəymiş zərər məbləğini artırmadılar. Belə olan halda o, rəsmi olaraq maşına baxış keçirilməsi üçün ekspert göndərilməsini xahiş etmişdir. Ekspert gəlib avtomobilə baxış keçirdikdən sonra, şirkət tərəfindən mobil nömrəsinə mesaj vasitəsi ilə avtomobilinə dəymiş zərərin 990 manat olduğu barədə bildiriş daxil oldu və rəsmi olaraq məktub ünvanına məktub göndərilmişdir. O, dəfələrlə sığorta şirkətinin əməkdaşları ilə danışıqlar aparmağına baxmayaraq, ayrılmalı olan sığorta ödənişinin məbləğində dəyişiklik edilmədi.

5. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" ASC-nin nümayəndəsi və eyni zamanda vəkili Vəkil iddianı qismən qəbul edərək izahatında göstərmişdir ki, o, ekspert tərəfindən verilmiş rəy ilə razıdır. Belə ki, əvvəl "xxxx" ASC iddiaçıya məktub ünvanlayaraq müstəqil ekspertin avtomobilə dəymiş zərərin 990 (doqquz yüz doxsan) manat olaraq qiymətləndirilməsini və iddiaçının dəymiş zərərə görə hesablanmış sığorta ödənişi ilə razı olduğu təqdirdə sığorta ödənişinin tərəflərindən ödənilməsinin mümkün olduğunu bildirmişdir. Hal-hazırda da iş üzrə keçirilmiş ekspertizanın rəyinə əsasən avtomobilə dəymiş ziyanın məbləği ümumilikdə 990 manat məbləğində müəyyən edilmişdir. Qeyd edilənlərə əsasən yuxarıda sadalananları nəzərə alaraq iddianın qismən 990 manat məbləğində təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-211/2023 nömrəli, 13 fevral 2023-cü il tarixli qətnaməsi ilə (hakim Toğrul Axundov) iddianın qismən təmin edilməsi, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən maddi zərərin əvəzi olaraq 990 (doqquz yüz doxsan) manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi, iş üzrə ödənilmiş 38 (otuz səkkiz) manat dövlət rüsumunun 50%-i, yəni 19 (on doqquz) manatının İddiaçı aid edilməsi, qalan 50%-i, yəni 19 (on doqquz) manatının isə cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq İddiaçı xeyrinə ödənilməsi, iş üzrə məhkəmə məsrəfi olan 50 (əlli) manat ekspertiza xərcinin 50%-i, yəni 25 (iyirmi beş) manat İddiaçı, digər 50%-i, yəni 25 (iyirmi beş) manat məbləğində pul vəsaiti cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

7. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 883.1, 884.3 və 897.4-cü maddəsinə, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 13.2, 15.1, 15.2, 16.4, 20.2, 20.3, 56.1.2-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

8. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək qətnamənin iddia tələbinin təmin edilməyən hissədə ləğv edilərək, iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ona vurulmuş zərərin əvəzini tələb etmək hüququ olduğu halda zərərin əvəzinin tam alınmasından məhrum olmuşdur. Zərərin vurulması, zərərin məhz sığortalı avtomobilin sürücüsünün təqsirli hərəkəti nəticəsində vurulması, həmin əməllə zərərin vurulması arasında səbəbli əlaqənin olması iş materiallarından məlum olur. İcbarı sığorta haqqında qanunvericilikdə əmlaka dəymiş zərərin ədalətli şəkldə qiymətləndirilməsi və aradan qaldırılması nəzərdə tutulmuşdur. Ödənilməsi müəyyən edilən 990 manat məbləğində sığorta ödənişi ona məxsus avtomobilə dəymiş zərərin əvəzinin yarısı qədərdir. Bu barədə tərəfindən çəklən xərclərin qəbzləri vardır, məhkəməyə təqdim edilmişdir. Amma həmin qəbzlərdəki məbləğlər nəzərə alınmayıb. Ekspertiza keçirildikdən sonra isə qəbzlər rəylə birlikdə ona qaytarılmalı olduğu halda qaytarılmayıb. Bu isə ona əsas verir ki, ekspertiza zamanı qəbzlərə baxış keçirilməyib. Ona görə də təkrar ekspertiza keçirilməli idi. Məhkəmədə işə baxılarkən işin faktiki halları tam və hərtərəfli aydınlaşdırılmamışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

11. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh "xxxx" ASC-nin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.

12. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə İddiaçı məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən mülki işə İddiaçı iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

13. Maddə 883.1 sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır.

14. Maddə 884.3 sığortaçı icbari sığorta üzrə icbari sığorta növlərinin həyata keçirilməsini tənzimləyən qanunlarda (bundan sonra - icbari sığorta qanunları), könüllü sığorta üzrə sığorta müqaviləsində nəzərdə tutulan sığorta hadisəsi baş verdiyi halda sığorta ödənişini vermək öhdəliyi daşıyan sığorta müqaviləsinin tərəfidir.

15. Maddə 897.4 İcbari sığorta qanunlarında fərqli müddəaların nəzərdə tutulduğu hallar istisna olmaqla, icbari sığorta növlərinin həyata keçirilməsindən irəli gələn münasibətlər bu Məcəllə və “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.

“İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun

16. Maddə 13.2 bu Qanunun məqsədləri üçün mülki məsuliyyətin icbari sığortasında müvafiq sığorta şəhadətnaməsində göstərilən əmlakın (binanın, tikilinin, avtonəqliyyat vasitəsinin, cihazın, qurğunun, avadanlığın və s.) sığorta olunan tərəfindən istismar edilməsi nəticəsində üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına vurulmuş zərərin əvəzinin ödənilməsi üzrə sığortalının və ya sığorta olunanın mülki məsuliyyətinin yaranması faktı sığorta hadisəsi sayılır.

17. Maddə 15.1 icbari sığorta növlərində əmlaka dəyən zərər həmin əmlakın zədələnməsi, məhv olması və ya hər hansı digər formada itkisi ilə bağlı onun əmlak mənafelərinə dəyən zərərlərdir.

18. Maddə 15.2 zərər dəymiş əmlakın təmiri və ya bərpası texniki və digər səbəblərdən mümkün olmadıqda, yaxud səmərəsiz olduqda, o, məhv olmuş hesab edilir.

19. Maddə 16.4 sığortaçı sığorta hadisəsinin baş verməsi barədə məlumatlandırıldığı tarixdən 7 iş günü müddətində əmlaka dəymiş zərərin məbləğinin qiymətləndirilməsini təşkil etmədikdə sığortalı və sığorta olunan, həmçinin zərər çəkmiş üçüncü şəxs təyin etdiyi qiymətləndirmə fəaliyyəti ilə məşğul olan müstəqil ekspert və ya mütəxəssis vasitəsilə əmlaka dəymiş zərərin ədalətli şəkildə qiymətləndirilməsinə və aradan qaldırılmasına başlaya bilər. Bu halda əgər sığortaçı əmlaka dəymiş zərərin vaxtında qiymətləndirilməməsini əmlak sahibinin ölümü və ya xəstəliyi, həmçinin sığortalının, sığorta olunanın və ya zərər çəkmiş üçüncü şəxsin əmlakın qiymətləndirilməsi üçün şərait yaratmaması nəticəsində baş verdiyini sübut edə bilməsə, o, zərər çəkmiş üçüncü şəxs tərəfindən bu maddədə nəzərdə tutulmuş qaydada həyata keçirilmiş qiymətləndirmənin nəticələrini qəbul etməlidir.

20. Maddə 20.2 bu Qanunun 21-ci maddəsində nəzərdə tutulmuş müvafiq hallar istisna olmaqla, sığortaçı mülki məsuliyyətin icbari sığortası üzrə sığorta hadisəsinin baş verməsində sığortalının və ya sığorta olunanın təqsirinin dərəcəsindən asılı olmayaraq, hər bir halda üçüncü şəxsin əmlakına dəyən zərərin əvəzini bu Qanunla müəyyən edilmiş qaydada ödəməlidir.

21. Maddə 20.3 əmlaka dəyən zərər üzrə sığorta ödənişi sığortaçının seçimi əsasında əmlakın təmirinə, bərpasına və ya yenisi ilə əvəz edilməsinə xərclərin çəkilməsi, yaxud qiymətləndirilmiş zərər məbləğinin faydalanan şəxsə birbaşa ödənilməsi yolu ilə həyata keçirilir.

22. Maddə 56.1.2 isə üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasına dair standart və sərhəd sığorta müqavilələri üzrə sığorta məbləğləri 5000 manat məbləğində müəyyən edilir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin

23. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

24. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

25. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

26. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

27. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

28. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

29. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

30. Hazırki halda, iddiaçı apellyasiya şikayətində qətnamənin iddia tələbinin təmin edilməməsi hissəsində ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsini xahiş etdiyindən qətnamə yalnız apellyasiya şikayəti həddində yoxlanılır. Başqa sözlə iddia tələbi təmin edilən hissədə qətnamə cavabdeh tərəfindən mübahisələndirilmədiyindən həmin hissədə yoxlanılmır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

31. Məhkəmə kollegiyası izahatı dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayət təmin edilmədən, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-211/2023 nömrəli, 13 fevral 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

32. Kollegiya ilkin olaraq qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

33. İş materialları ilə müəyyən edilir ki, İddiaçı iddia tələbində "xxxx" ASC Sığorta şirkətində sığortalı olan **-ST-*** dövlət qeydiyat nişanlı, VAZ 21074 minik markalı avtomobilin sürücüsünün təqsiri üzündən baş vermiş yol nəqliyyat hadisəsi zamanı ona məxsus **-CK-*** dövlət qeydiyat nişanlı, “Mersedes Benz C 200” minik markalı avtomobilinə 1795 (min yeddi yüz doxsan beş) manat məbləğində zərərin dəydiyini qeyd etmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 9/8081 nömrəli, xx.xx.2022-ci il tarixli rəyi ilə nəzəri hesablama yolu ilə, iş materiallarında olan xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli qüsur aktlarındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 1998-ci il buraxılışlı “Mercedes Benz C200” markalı, **-CK-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir bərpa xərci hadisə baş verən tarixə təxminən 990,0 manat müəyyən edilmişdir.

34. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək haqlı olaraq hesab etmişdir ki, iddia qismən təmin edilməli, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən maddi zərərin əvəzi olaraq 990 (doqquz yüz doxsan) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməlidir.

35. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı yoxlanılan hissədə təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətində qeyd edilənlər yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.

36. Məhkəmə kollegiyası həmçinin izah edir ki, qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olduğundan qətnamədən Azərbaycan Respublikası MPM-in 402-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz.

37. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-211/2023 nömrəli, 13 fevral 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar