Məhkəmə qərarları › İş №2(103)-3537/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3537/2022

17.08.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3537/2022 17.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Səfərli Xədicə Əlicabbar qızının katibliyi, 1-ci iş üzrə iddiaçı, 2-ci iş üzrə cavabdeh olan İddiaçı iştirakı ilə, Birləşdirilmiş iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 07 yanvar 2022-ci il tarixli qətnaməsindən və Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 03 noyabr 2021-ci il tarixli qətnaməsindən 1-ci iş üzrə iddiaçı, 2-ci iş üzrə cavabdeh olan İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə baxaraq müəyyən etdi: 1-ci iş üzrə: İddiaçı Cavabdeh Bank Olmayan Kredit X1 Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 0653/14/ÇF/PB-İ nömrəli ipoteka müqaviləsinə 1 nömrəli əlavənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 07 yanvar 2022-ci il tarixli qətnaməsi ilə (hakim A.İbadzadə, iş № 2(006)-105/22) iddia təmin edilməmişdir. İddiaçı qətnamədən narazı qalaraq apellyasiya şikayəti vermiş və şikayətində qətnamənin ləğv edilməsini, iddiasının təmin olunmasını xahiş etmişdir. 2-ci iş üzrə: İddiaçı "xxxx" ASC cavabdeh İddiaçı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 37564,80 ABŞ dolları əsas, 13168,59 ABŞ dolları faiz, 19915,29 ABŞ dolları cərimə olmaqla, cəmi 70648,68 ABŞ dolları borcun, ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmetinin 60000 manat qiymətləndirilməsi və borcun əvəzinin bu qiymətlə ipoteka predmetinə yönəldilməsi, mənzilin açıq hərracdan satılaraq tələb edilən borcun ödənilməsi, mənzildə qeydiyyatda olanların 1 ay ərzində mənzili könüllü tərk etmədikdə məcburi çıxarılmaları və mənzilin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 03 noyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim A.Paşayeva, iş № 2(008)-33/21) iddia qismən təmin edilərək, İddiaçı ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2016-cı il tarixli, 0758/16ÇF/PB saylı kredit razılaşması üzrə cavabdeh İddiaçı 37411.84 ABŞ dolları əsas, 5057.15 ABŞ dolları faiz borcu, 1850 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 44318.99 ABŞ dolları ödəniş gününə olan manat məzənnəsi ilə pul vəsaiti, məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin tutularaq iddiaçı "xxxx" ASC-nin hesabına köçürülməsi, tələbin İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 112 saylı mənzilinə yönəldilərək açıq hərracdan satılması və satışdan əldə edilən vəsaitin "xxxx" ASC-nin hesabına ödənilməsi, satışdan əldə olunan vəsaitin borc məbləğindən artıq qalan hissəsinin cavabdehə qaytarılması, ipoteka predmetinin ilkin satış qiymətinin 90000 manat müəyyən edilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehdən iddiaçının xeyrinə tutulması, cavabdeh İddiaçı 145 manat ekspertiza xərcinin tutularaq Məhkəmə Ekspertiası Mərkəzinin hesabına ödənilməsi, cavabdehdən 200 manat tutularaq "xxxx" MMC-yə ödənilməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək qətnamənin tutulmalı olan pulun məbləği hissəsində ləğv olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3857/22 saylı, 27 may 2022-ci il tarixli qərardadı ilə iddiaçı "xxxx" ASC-nin cavabdeh İddiaçı qarşı “borcun ipoteka predmetinə yönəldilməsi” tələbinə dair 2(103)-3857/2022 saylı mülki iş, onunla əlaqəli olan İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı (üçüncü şəxs 7 saylı notariat kontoru) “ipoteka müqaviləsinə əlavənin etibarsız hesab edilməsi” tələbinə dair 2(103)-3537/2022 saylı mülki işlə bir icraatda baxılması üçün birləşdirilmişdir. İşin halları: 1-ci iş üzrə: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında əvvəl bağlanmış kredit müqaviləsinin təminatı olaraq, xx.xx.2016-cı il tarixində İpoteka müqaviləsinə 1 nömrəli əlavə bağlanmışdır. Hesab edir ki, qeyd edilən xx.xx.2014-cü il tarixli, 0653/14/ÇF/PB-İ nömrəli İpoteka müqaviləsinə 1 nömrəli əlavə cavabdeh tərəfindən iddiaçının aldadılması yolu ilə bağlandığından etibarsız hesab edilməlidir. Belə ki, xx.xx.2014-cü il tarixli ipoteka müqaviləsi üzrə 1 il 7 ay ödəniş etdikdən sonra, cavabdeh iddiaçını aldadaraq manatla daha uzun müddətli kredit müqaviləsi bağlayacağını vəd etmişdir. Cavabdeh iddiaçının 1 il 7 ay ərzində ödədiyi kredit ödənişlərini qanunsuz şəkildə kreditin faizlərinə və cərimələrə silməklə yenidən müqavilə bağlamışdır. Lakin cavabdeh yenidən bağladığı müqavilədə yenə də, iddiaçını aldadaraq, krediti manatla deyil, artıq məzənnəsi qalxmış olan ABŞ dolları ilə verməklə iddiaçını əlverişsiz vəziyyətə salmışdır. 2-ci iş üzrə: İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehə xx.xx.2016-cı il tarixli kredit müqaviləsinə illik 18 faizlə 120 ay müddətinə 37927 ABŞ dolları kredit verilmişdir. Borcun təminatı olaraq ipoteka predmeti ipoteka ilə yüklü edilmiş, xx.xx.2017-ci ilədək cavabdehin Banka tələb olunan həcmdə borcu yaranmışdır. İşlər üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Apellyasiya şikayətlərinin dəlilləri: İddiaçı 1-ci iş üzrə iddia ərizəsi ilə eyni məzmun daşıyan apellyasiya şikayətlərini əlavə olaraq onunla əsaslandırmışdır ki, iddia müddətinin keçməsi məhkəmə tərəfindən üzürlü hesab olunmalıdır. İpoteka predmeti olan mənzil ailəsinin yeganə yaşayış yeridir. Apelyator 2-ci iş üzrə apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, ekspert rəyi ilə razı deyil. Belə ki, götürdüyü 44500 ABŞ dolları müqabilində 22000 ABŞ dolları ödəsə də, məbləğ 37411 ABŞ dolları göstərilib. Hesab edir ki, təkrar ekspertiza keçirilməlidir. 1-ci iş üzrə iddiaçı, 2-ci iş üzrə cavabdeh olan İddiaçı məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətlərini müdafiə edərək onların məzmununa uyğun izahat verdi və təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsa da, nümayəndəsi üzrlü səbəb göstərmədən məhkəməyə gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq gəlməyən tərəfin iştirakı olmadan işə baxılmasını mümkün saydı. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Yuxarıda qeyd olunduğu kimi, 1-ci iş üzrə iddiaçı, 2-ci iş üzrə cavabdeh İddiaçı apellyasiya şikayətlərində Nəsimi Rayon Məhkəməsinin 07 yanvar 2022-ci il tarixli qətnaməsin tam həcmdə, Sabunçu Rayon Məhkəməsinin 03 noyabr 2021-ci il tarixli qətnaməsini isə kredit borcunun tutulması hissəsində mübahisələndirmişdir. Məhkəmə kollegiyası bunu nəzərə alaraq qətnamələrin əsaslılığını yalnız apellyasiya qaydasında mübahisələndirilən hissələrdə yoxlamışdır. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, İddiaçı izahatını dinləyib, apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, birinci instansiya məhkəmələrinin qətnamələri mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İşin müəyyən edilmiş hallarından göründüyü kimi, xx.xx.2016-cı il tarixli 0759/16/ÇF/PB nömrəli kredit müqaviləsinə əsasən cavabdeh tərəfindən iddiaçıya illik 18 faizlə 120 ay müddətinə 37927 ABŞ dolları məbləğində kredit verilmişdir. xx.xx.2014-cü il tarixli, 0653/14/ÇF/PB-İ nömrəli İpoteka müqaviləsinə xx.xx.2016-cı il tarixli 1 nömrəli əlavədən görünür ki, iddiaçı ilə cavabdeh arasında əvvəl bağlanmış kredit müqaviləsinin təminatı olaraq İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 112 saylı mənzil ipoteka ilə yüklü edilmişdir. 1-ci iş üzrə: İddiaçının 1-ci iş üzrə tələbi xx.xx.2014-cü il tarixli 0653/14/ÇF/PB-İ nömrəli ipoteka müqaviləsinə xx.xx.2016-cı il tarixli 1 nömrəli əlavənin etibarsız hesab edilməsi barədədir. Birinci instansiya məhkəməsi iddianı əsassız sayaraq rədd etmiş və gəldiyi nəticəni maddi hüquq norması kimi Mülki Məcəllənin 324, 354.2, 377, 389-cu maddələri ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsi sadalanan maddi hüquq normalarını hazırkı iş üzrə mübahisəli hüquq münasibətinə tətbiq edərək bu qənaətə gəlmişdir ki, tərəflər arasındakı mübahisəyə 1 illik müddət tətbiq edilməli və iddia rədd olunmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. Mülki Məcəlləyə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər (maddə 337.1). Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır (maddə 389.1). İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və yaxud bilməli olduğu vaxtdan hesablanır (maddə 377.1). Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər (maddə 354.2). Məhkəmə qeyd edir ki, hazırda mübahisələndirilən müqavilə xx.xx.2016-cı il tarixdə bağlanmış, lakin həmin tarixdən 4 ildən artıq müddət keçdikdən sonra iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir (xx.xx.2020-ci il tarixdə). Apellyasiya şikayətinin dəlillərinə münasibətdə Kollegiya qeyd edir ki, iddiaçı yetkinlik yaşın çatmış şəxs kimi ipoteka müqaviləsini öz iradəsinə uyğun bağladığından ipoteka müqaviləsini bağladığı gün həmin müqavilə ilə onun hüquqlarının pozulduğunu bilməli idi. Lakin iddiaçı hazırkı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə ipoteka müqaviləsi bağlandıqdan 4 ildən artıq müddət keçdikdən sonra müraciət etmişdir. Digər tərəfdən, nəzərə alınmalıdır ki, hazırkı mübahisəyə 1 illik müddətin tətbiq edilib-edilməməsindən asılı olmayaraq iddia tələbi özü-özlüyündə əsassızdır. Belə ki, hazırkı işdə iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülmüşdür. İddiaçı və cavabdeh öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir. 2-ci iş üzrə: Kollegiya ilk növbədə nəzərə alır ki, ikinci iş üzrə apellyasiya baxışının hədlərini qətnamənin kredit borcunun tutulması hissəsində əsaslılığı və qanuniliyinin yoxlanılması təşkil edir. Belə ki, qətnamədən yalnız cavabdeh şikayət vermiş və şikayətində qətnaməni kredit borcunun tutulması hissəsində mübahisələndirmişdir, iddiaçı isə qətnaməni apellyasiya qaydasında mübahisələndirməmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2019-cu il tarixli rəyi ilə xx.xx.2017-ci il tarixə cavabdehin Banka olan əsas borcu 37411,84 ABŞ dolları, faiz borcu 5057,15 ABŞ dolları müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi iddianı əsaslı sayaraq qismən təmin etmiş və gəldiyi nəticəni Mülki Məcəllənin 269.1, 295, 319, 449, 462, 465, 467, 739-cu, “İpoteka haqqında” Qanunun 34-cü maddələri ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsi sadalanan maddi hüquq normalarını hazırkı iş üzrə mübahisəli hüquq münasibətinə tətbiq edərək ekspert rəyi ilə müəyyən edilmiş həcmdə əsas və faiz borcunun və 1850 ABŞ dolları azaldılmış cərimə borcunun cavabdehdən tutulması barədə nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə ekspert rəyi əsassız olduğundan iş üzrə təkrar məhkəmə mühasibatlıq ekspertizası təyin olunmalıdır. Məhkəmə kollegiyası işin tam, obyektiv, hərtərəfli araşdırılmasını təmin etmək və apellyasiya şikayətinin dəlillərinə düzgün hüquqi qiymət verilməsini təmin etmək məqsədilə apellyasiya baxışı zamanı təkrar mühasibatlıq ekspertizası təyin etdi, lakin təkrar ekspertiza əvvəlki ekspertizanın nəticələrini bir daha təsdiq etdi. Belə ki, təkrar ekspertizanın nəticələrinə görə İddiaçı xx.xx.2017-ci il tarixə Banka olan əsas borcu 37411,84 ABŞ dolları, faiz borcu 5057,15 ABŞ dolları təçkil edir. Göründüyü ki, ekspert rəyinin əsassız olması ilə bağlı apellyasiya şikayətinin dəlili öz təsdiqini tapmadı. Bundan əlavə, apelyator apellyasiya şikayətinin dəlili kimi ipoteka müqaviləsi bağlanarkən aldadıldığına istinad etsə də, işə baxan məhkəməyə bunu təsdiq edən hər hansı mötəbər sübut təqdim edə bilməmişdir. Beləliklə, apellyasiya şikayətlərinin dəlilləri hazırkı iş üzrə qətnamələrin dəyişdirilməsi üçün əsas ola bilməz və ona görə də birinci instansiya məhkəmələrinin qətnamələri mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətləri təmin edilməməlidir. Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəmələri tərəflər arasında yaranmış mübahisələri apellyasiya baxışının predmeti olan hissələrdə düzgün həll etmiş, qətnamələr həmin hissələrdə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 07 yanvar 2022-ci il tarixli qətnaməsi və Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 03 noyabr 2021-ci il tarixli qətnaməsi həmin apellyasiya şikayətləri üzrə mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar