Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3538/2024 10.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı işi üzrə Açar sözlər: (“bağışlama müqaviləsinin etibarsız edilməsi”) hakimlər X1 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi, iddiaçı, iddiaçının nümayəndəsi Vəkil2, cavabdeh, cavabdehin nümayəndəsi Vəkil1 və tərcüməçi X2 qızının iştirakları ilə, İddiaçı Cavabdeh (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı 2 saylı “Asan Xidmət” Mərkəzi olmaqla) qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 408/2024 saylı işi üzrə xx.xx.2024-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı:
1. İddiaçı Cavabdeh ilə 2 saylı "ASAN Xidmət” mərkəzində yerləşən notariat ofisində Bakı şəhəri, Suraxanı rayonu, Y.Günəşli qəsəbəsi, V yaşayış massivi, ev 26, 114 saylı mənzilə dair aralarında bağlanmış 17 avqust 2019-cu il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Cavabdeh nümayəndəsi (vəkili) Vəkil1 tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizəyə əsasən, cavabdehin nümayəndəsi iddiaçı tərəfindən müvafiq mübahisə ilə əlaqədar verilmiş iddia ərizəsi üzrə iddia müddətinin keçməsi ilə əlaqədar olduğundan iddiadan imtina barədə qərar çıxarılmasını xahiş etmişdir.
3. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 408/2024 saylı işi üzrə xx.xx.2024-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Qətnamədə Azərbaycan Respublikası Konstitusiyasının 13.1, 29; Mülki Məcəlləsinin 6, 14.2, 140, 152.1, 324.1, 324.2, 337.1, 337.5, 339.2, 339.3, 354.2, 404.1, 404.2, 666, 668, 673; Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 77.1, 78.1, 88, 89.1, 89.3, 107, 119.1, 217.3, 218.3-cü maddələrinə istinadən qeyd edilmişdir ki, iddiaçının iddia tələbini əsaslandırdığı faktiki hal ondan ibarətdir ki, o, qızı Cavabdeh tərəfindən aldadılmış, iradəsinin ziddinə evini qızına bağışlamışdır. Yazılı və notariat qaydada bağlanmış əqdlərə münasibətdə prezumpsiya ondan ibarətdir ki, müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi məhz əqdin özündə yazılı formada göstərilən qaydada olmuşdur. Belə ki, tərəflər yazılı müqaviləni imzalamaqla orada göstərilən şərtlərin özlərinin iradə ifadələrini əks etdirdiyini qəbul edirlər, eləcə də, əgər müqavilə notariat orqanında bağlanmışdırsa, notarius müqaviləni təsdiq etmədən əvvəl onun məzmununu tərəflərə izah edir. Odur ki, notariat qaydasında bağlanılmış əqdin aldatma nəticəsində bağlanıldığı nəticəsinə gələ bilmək iş üzrə həmin halları təsdiq edən çox ciddi və təkzibolunmaz mötəbər sübutlar mövcud olmalıdır. Eyni zamanda iddiaçı dili bilmədiyini, notariusda ona izah edilmədiyini qeyd etsə də, bağışlama müqaviləsinin sonunda iddiaçı özü imzası, mobil nömrəsi ilə yanaşı, rus dilində "согласна” (razıyam) sözünü də qeyd etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, bağışlama müqaviləsi xx.xx.2019-cu il tarixində bağlanmış, tərəflər arasında münasibət normal olmuş, lakin son iki ildə iddiaçının yanında cavabdeh tərəfindən arzu olunmayan şəxs qalmağa başlamış, ana qız arasında mübahisə də məhz həmin şəxsin iddiaçı ilə yaşamasından qaynaqlanmışdır. Cavabdeh tərəf İddiaçı ünvan 1 ünvanında yerləşən ona məxsus mənzildə ömrünün axırına kimi yaşamasına etiraz etmədiyini bildirmiş və onun yaşadığı dövrdə qeyd olunan mənzili başqa şəxslərə özgəninkiləşdirməyəcəyinə dair təklif versə də, iddiaçı tərəf bu təkliflə razılaşmamışdır. Məhkəmə araşdırması zamanı MM-nin 673-cü maddəsində qeyd edilən hallar da müəyyən edilməmişdir. Cavabdeh tərəf iddia tələbinin əsassız olduğunu qeyd etmiş, eyni zamanda iddia müddətinn tətbiq edilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. Hazırki işə iddia müddəti deyil kəsici müddət tətbiq edilməlidir. Belə ki, AR Konstitusiya Məhkəməsinin 02 aprel 2021-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqedə qeyd edilir ki, MM-in 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasın məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Göründüyü kimi, normada şəxsə qarşı tələb hüququnun deyil, əqdi mübahisələndirmək hüququnun realizəsi ilə bağlı müddət nəzərdə tutulmuşdur. Başqa sözlə, əqdin bağlanması zamanı iradə ifadəsi zədələnmiş şəxsin məhz maddədə göstərilən müddətlər ərzində həmin əqdi mübahisələndirmək hüququ tanınmışdır. İradə ifadəsi zədələnmiş şəxsin əqdi mübahisələndirməsinə qədər həmin əqd etibarlı əqd kimi qəbul edilir və müvafiq hüquqi nəticələrə səbəb olur. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsız hesab edilir. Beləliklə, mübahisə edilən əqdlər bir tərəfdən mübahisələndirilənədək etibarlı əqdlər kimi hüquqi nəticələri yaradır, digər tərəfdən isə mübahisələndirildikləri təqdirdə geriyə şamil olunaraq bağlandığı andan əqdin etibarsız sayılmasına səbəb olur. Məhz bu ikili xüsusiyyəti olduğuna görə hüquqi müəyyənlik nöqteyinəzərindən mübahisləndirmənin yalnız konkret və kəsici müddətlər daxilində həyata keçirilməsi zərurəti vardır. Bu baxımdan qanunvericilikdə mübahisə edilən əqdlərlə bağlı xüsusi olaraq fərqli müddət nəzərdə tutulmadığı təqdirdə, Mülki Məcəllənin 354.2-ci maddəsində göstərilmiş kəsici müddətlər ərzində mübahisələndirmənin mümkün olduğu müəyyən edilmişdir. Oxşar hüquqi mövqe Konstitusiya Məhkəməsi Plenumunun B.Mürsəlovun şikayəti üzrə 2020-ci il 12 mart tarixli Qərarında da ifadə edilmişdir. Qərarda göstərilmişdir ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Belə ki, kəsici müddət - şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. İddiaçı ilə cavabdeh arasında münasibətlər son iki ildə pisləşmiş, cavabdeh evin ona məxsus olduğunu, yad adamın onun evində yaşamasını istəmədiyini bildirməsi ilə iddiaçı bu məsələdən məlumatlı olduğundan, bağışlama müqaviləsinin etibarsızlığı ilə bağlı kəsici müddət tətbiq edilməli, iddia tələbinin hüquqi əsasını Mülki Məcəllənin 354.2-ci maddəsi təşkil etməlidir.
4. İşin icraatı zamanı müəyyən edilmişdir ki: - xx.xx.2019-cu il tarixli daşınmaz əmlakın bağışlama müqaviləsinə əsasən, hədiyyə verən (İddiaçı) ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 33,42 kv/m olan mənzilin tam mülkiyyət üzrə tam hissədə (33,42 kv/m) qızı olan hədiyyə alana (Cavabdeh) bağışlamışdır; - Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2017-ci il qeydiyyat tarixli çıxarışa əsasən, ünvan 2 ünvanında yerləşən mənzil xüsusi mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur; - AZ-İ 850332 №-li Ölüm haqqında şəhadətnaməyə əsasən, X3 xx.xx.2017-ci il tarixində ölmüşdür və bu barədə ölüm haqqında akt qeydləri kitabında 48 № ilə qeyd edilmişdir; - A35-160214 №-li Doğum haqqında şəhadətnaməyə əsasən, xx.xx.1971 -ci il təvəllüdlü Cavabdeh anası İddiaçı, atası X4r; - Daxili İşlər Nazirliyi Suraxanı RPİ 33-cü polis bölməsi tərəfindən verilmiş 3-13- 54-4/2-6548/2023 №-li, xx.xx.2023-cü il tarixli məlumata əsasən, ünvan 1 ünvanında yaşayan vətəndaş Cavabdeh tərəfindən mütamadi olaraq onu narahat etməsi, hədə-qorxu gələrək qeyd olunan ünvandan çıxmasını tələb etməsi barədə şifahi olaraq müraciət etmişdir. - Elektron məhkəmə informasiya sistemindən əldə edilmiş çıxarışa əsasən Bakı şəhəri, Suraxanı rayonu, V yaşayış sahəsi, ev 26, 114 saylı mənzil Cavabdeh mülkiyyətindədir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:
5. İddiaçı apellyasiya şikayəti verərək, Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(011)-408/2024saylı qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.5, 339.2, 339.3, 354.2,; "Notariat haqqında" Azərbaycan Respublikasının Qanunun 13-cü maddələrinə; “Notarial hərəkətlərinin aparıılmasına dair" Təlimata istinadən qeyd edilmişdir ki, mübahisələndirilən bağışlama müqaviləsi bağlanan zaman iddiaçı notariat ofisinə, bu hazırki halda ASAN Xidmətə vəsiyyətnamənin tərtib edilməsi üçün getmiş, öz qızı olan cavabdeh isə onu aldadaraq ona bağışlama müqaviləsinə imza etdirməyə nail olmuşdur. Belə ki, iddiaçı həm yaşlı qadın olmaqla hüquqi savadsızdır, həm də milliyətcə rus olduğu üçün azərbaycan dilini bilmir. Ona tərtib edilən sənəd öz başa düşdüyü dildə izah edilməmiş və sənədin mahiyyətini anlamamışdır. Sözügedən mənzil ona vərəsəliklə keçmişdir, həmin mənzildə tək yaşayır. 2023-cü ilin yaz aylarında isə qızı ilə aralarında məişət zəminində mübahisə yaranan zaman, qızını evdən qovmaq istəmiş, o isə artıq mənzil mənimdir demişdir. Bundan sonra ASAN Xidmətə gedən iddiaçı 2019-cu ildə vəsiyyətnamə deyil, mənzilin bağışlanma müqaviləsini imzaladığını bilmişdir. Bu zaman qızının hərəkətlərindən həm Polisə şikayət etmiş, həm də hazırki iddianı qaldırmışdır. Hesab edir ki, o aldadılıb, onun mülkiyyət hüquqları pozulub və bərpa edilməlidir. İşə baxan məhkəmə iddia tələbini təmin etməmiş və iddia müddətinin ötməsi qənaətinə gəlmişdir. Mübahisələndirilən bağışlama müqaviləsi 2019-cu ildə bağlansa da, iddiaçı əvvəlki kimi öz mənzilində tək yaşamağa davam etmiş və əslində mənzilin mülkiyyətçisinin dəyişdiyini bilməmişdir. İlk dəfə bu hal ona 2023-cü ilin yaz aylarında qızı ilə mübahisə zamanı məlum olmuşdur. Hazırki bağışlama müqaviləsi azərbaycan dilində tərtib edilmiş, iddiaçının ana dili olan və daimi olaraq yeganə istifadə etdiyi rus dilinə tərcümə edilməmişdir. Məhkəmənin gəldiyi nəticə işin faktiki hallarına uyğun deyildir. Belə ki, məhkəmə mübahisələndirilən bağışlama müqaviləsinin bağlandığı zaman, sənədin mətninin iddiaçıya izah edilib-edilməməsi məsələsinə aydınlıq gətirməmişdir. Çünki cavabdeh iddiaçının yeganə vərəsəsidir. İddiaçının bütün əmlakları gələcəkdə miras olaraq cavabdehə çatacaq. Belə olan halda, iddiaçının yaşamaqda davam etdiyi mənzilini cavabdehə bağışlamaq istəməsi inandırıcı və məntiqi deyil. Apellyasiya icraatında müəyyən edilən hallar və məhkəmə prosesi iştirakçılarının izahatları:
6. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil2 apellyasiya şikayətini müdafiə edərək, tərəflər arasında 2023-cü ildə məişət zəminində mübahisə yaranandığını, o zaman qızının mənzil mənimdir deməsindən sonra iddiaçının ASAN Xidmətə getdiyini və bundan sonra 2019-cu ildə vəsiyyətnamə deyil, mənzilin bağışlanma müqaviləsini imzaladığını bildiyini qeyd etmiş, iddiaçının azərbaycan dilini bilmədiyini və Asan Xidmət mərkəzində müqaviləni imzalayarkən ona rus dilində izah verilmədiyini, bununla bağlı qanunvericiliyin tələbinə əsasən hər hansı bir qeydin müqavilədə əks etdirilmədiyini bildirmişdir. Qızına etibar edib inandığından iddiaçının müqaviləni imzaladığını və öz niyyətinə münasibətdə “coгласна” yazdığını qeyd etmişdir. Sədrlik edənin suallarına cavab olaraq isə iddiaçının öz hüquqlarının pozulduğunu bilməli olduğu anın 2023-cü il mart ayının 1-i tarixindən, yəni onun polisə müraciət etdiyi tarixdən hesablanmalı olduğunu bildirmiş, müqavilə bağlanarkən tərəflər arasında hər hansı şərtin olmadığını, iddiaçının yalnız o öldükdən sonra evi qızına vəsiyyət etmək niyyətində olduğunu qeyd etmişdir.
7. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı milliyyətçə rus olduğunu, Azərbaycan dilini bilmədiyini, 50 ildir Azərbaycanda yaşadığını, 30 il dayə işlədiyini, sovet dövründə VTEK-də (Tibbi Sosial Ekspert Komissiyasında) katib vəzifəsində çalışdığını, arayışları rus dilində yazdığını qeyd etmiş, Asan Xidmətdə notariusla şəxsən görüşmədiyini, dəhlizdə gözlədiyini, təfərruatları yaddan çıxardığını, lakin ona rus dilində heç bir şey izah edilmədiyini qeyd etmiş, bağışlama müqaviləsindəki imzanın ona məxsus olduğunu təsdiqləmişdir.
8. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Vəkil1 apellyasiya şikayətini əsassız hesab etdiklərini, Asan Xidmət Mərkəzində qaydalara ciddi riayət edildiyini, iddiaçıya hər şeyin izah edildiyini, onun öz imzası ilə “coгласна” yazısı ilə bunun təsdiq edildiyini, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslı olduğunu və qüvvədə saxlanılmasını xahiş etməklə, birinci instansiya məhkəməsi icraatı zamanı məhkəməyə ərizə təqdim etdiklərini və iddiaçının ömrünün axırına kimi cavabdehə məxsus mənzildə yaşamasına etiraz etmədikləri, o yaşadığı dövrdə mənzilin özgəninkiləşdirilməyəcəyini qeyd ediklərini, lakin mənzildə başqa şəxslərin iddiaçı ilə birlikdə yaşamasına etiraz etdiklərindən iddiaçının həmin təkliflə razılaşmadığını bildirmişdir. İddiaçının bağışlama müqaviləsindən məlumatlı olduğunu, 2019-cu ildə bağışlama müqaviləsinin bağlandığını, iddia tələbinin isə 4 il sonra verildiyini və həmin müddət ərzində iddiaçının hər hansı narazıçılığının olmadığını qeyd etmişdir.
9. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh mübahisənin anası ilə birlikdə yaşayan şəxsin mənzildən çıxarılmasını tələb etməsindən sonra yarandığını bildirməklə, Asan Xidmət Mərkəzində iddiaçıya hər şeyin izah edildiyini, notariusun rus dilində müqavilənin nəticələri barədə ona məlumat verdiyi və iddiaçının razılığını bildirdiyini qeyd etmişdir.
10. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs ünvan 3 ünvanlamaqla onların iştirakı olmadan işə baxılmasını və mülki mübahisənin məhkəmənin mülahizəsindən asılı olaraq həll edilməsini xahiş etmişdir. Mülki Prosessual Məcəllənin 376-cı maddəsinə əsasən Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı 2 saylı “Asan Xidmət” Mərkəzinin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri:
11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə və əsasən: məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apelyasiya instansiyası məhkəməsinin mövqeyi:
12. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin tələblərinə əsasən: 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 347.1. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd belə yanılmanın təsiri altında hərəkət etmiş şəxs tərəfindən mübahisələndirilə bilər. 347.2. Vacib əhəmiyyətli yanılma aşağıdakı hallardır: 347.2.1. şəxs razılıq verdiyi əqdi deyil, başqa əqdi bağlamaq istəmişdir; 347.2.2. şəxs bağlamağı arzuladığı əqdin məzmunu barəsində səhv etmişdir; 347.2.3. tərəflərin vicdanlılıq prinsipini rəhbər tutmaqla əqdin əsası kimi nəzərdən keçirdikləri hallar mövcud deyildir. 347.3. Əqdin motivləri barəsində yanılma, onun razılaşma predmeti olduğu hallar istisna edilməklə, vacib əhəmiyyətə malik deyildir. 347.4. Kontragentin şəxsiyyəti barəsində yanılma yalnız o zaman vacib sayılır ki, əqdin bağlanması üçün kontragentin şəxsiyyəti və ya şəxsi keyfiyyətlərinin nəzərə alınması başlıca əsas olmuşdur. 347.5. Predmetin əsas xüsusiyyətləri barəsində yanılma yalnız o zaman vacib sayılır ki, predmetin dəyərinin müəyyənləşdirilməsi üçün əhəmiyyət kəsb edir. 347.6. Yazılı əqdlər bağlanarkən buraxılmış xırda səhvlər düzəlişə hüquq verir, lakin mübahisə etməyə hüquq vermir. 347.7. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqdi mübahisələndirmiş tərəf yanılmanın digər tərəfin təqsiri üzündən əmələ gəldiyini sübuta yetirərsə, özünə dəymiş real zərərin əvəzini ödəməyi digər tərəfdən tələb edə bilər. Bu, sübuta yetirilməsə, vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqdi mübahisələndirmiş tərəf digər tərəfin tələbi ilə ona dəymiş real zərərin əvəzini ödəməyə, hətta yanılmanın yanılan tərəfdən asılı olmayan səbəblərdən əmələ gəldiyi hallarda da borcludur. 354.1. Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. 354.2. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. 666. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. 668.1. Bağışlama aşağıdakı hallarda etibarlıdır. 668.1.1. daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə; 668.1.2. rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyaların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə; 668.1.3. daşınar əşyaların bağışlanması zamanı hədiyyə verən əşyanı hədiyyə alana verdikdə; 668.1.4. tələblərin və digər hüquqların bağışlanması zamanı onlar bu Məcəllənin tələblərinə uyğun yazılı surətdə keçirildikdə; 668.1.5. gələcəkdə bağışlama vəd edildikdə bu vəd notariat qaydasında təsdiqləndikdə.
13. Notariat haqqında Azərbaycan Respublikasının Qanununun tələbinə əsasən: 1 3 . Azərbaycan Respublikasında notariat fəaliyyəti üzrə kargüzarlıq Azərbaycan Respublikasının dövlət dilində aparılır. Notariat hərəkətlərinin aparılması üçün müraciət etmiş şəxs kargüzarlığın aparıldığı dili bilmirsə və ya notariat hərəkətinin hər hansı dildə aparılmasını xahiş edirsə, notarius imkan daxilində tərəfindən rəsmiləşdirilən sənədlərin mətnlərini arzu edilən dildə tərtib edir və ya mətn tərcüməçi tərəfindən ona tərcümə edilir.
14. "Notarial hərəkətlərinin aparılmasına dair" Təlimatın tələblərinə görə: 9. "Notariat haqqında" Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq notariat fəaliyyəti üzrə kargüzarlıq Azərbaycan Respublikasının dövlət dilində aparılır.Əgər notariat hərəkətinin aparılması üçün müraciət etmiş şəxs dövlət dilini bilmirsə, rəsmiləşdirilmiş sənədin mətni ona notarius, yaxud tərcüməçi tərəfindən tərcümə olunmalıdır. Həmin sənədin notarius tərəfindən edilmiş tərcüməsinin düzgünlüyü və ya sənədi tərcümə etmiş tərcüməçinin imzasının həqiqiliyi təsdiq olunur. Notariat hərəkəti aparılarkən, eyni zamanda başqa dilə də tərcümə edilərsə, bu Təlimatın 134-cü və 135-ci hissələrində göstərilmiş qaydaya riayət olunmalıdır.
15. Hazırki mübahisəli münasibətlər üzrə bağışlama müqaviləsinin etibarsızlığı tələbi iddiaçının dövlət dilinin bilməməsi əsası ilə yanılması olmuşdur. Burada ilk olaraq iddiaçı tərəfindən iki əsas dəlil sübut olunmalıdır. Birincisi - 50 il bir dövlətdə yaşayan və işləyən şəxsin Azərbaycan dilinin bilməməsi, ikincisi isə - onun imza etdiyi sənəd üzrə yanılması. Bunların biləvasitə yoxlamaq imkanına malik olmayan məhkəmə iddiaçının öz dediyinə görə rus dilli tərcümə ilə təmin etsə də, bu, iddiaçını Azərbaycan dilinin bilməməsi barədə sübutetmə yükündən azad etməmiş və bununla yanaşı iddiaçı məhz yanılaraq bağışlama müqaviləsin deyil, başqa bir sənədin imzalanmasını sübut etməmişdir. Qeyd edilən şübhələrin təsdiq edildiyi təqdirdə belə, iddiaçı əqdin etibarsız sayılmasına əsas verən halları bilməli olduğu gündən kəsici müddətləri də ötürmüşdür. Burada “bilməli olduğu gün” məsələsi xüsusi önəm kəsb edir. Belə ki, şəxs tərəfindən şəxsən rəsmi sənədin imzalanması onun imzalandığı sənəddən məlumatlı olmalı olmasını müəyyən edir. Qanunvericilik, iddiaçının vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd üzrə mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə etməsini ehtiva edir. İddiaçı (nümayəndəsi) isə onun yanılmadan məhz 2023-cü ilin mart ayının 1-dən xəbərdar olmasını qeyd etsə də, təkzibedilməz sübutedici dəlilləri belə, müzakirəyə təqdim edə bilməmişdir.
16. Mülki Məcəllənin tələblərinə: 9.1. Mülki qanunvericilik Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən bütün fiziki və hüquqi şəxslər üçün qüvvədədir. 9.2. Mülki qanunvericiliklə müəyyənləşdirilmiş qaydalar, əgər qanunda ayrı hal nəzərdə tutulmayıbsa, əcnəbilərin, vətəndaşlığı olmayan şəxslərin və xarici hüquqi şəxslərin iştirak etdiyi münasibətlərə də tətbiq olunur. 9.3. Qanunu bilməmək və ya onu yanlış başa düşmək qanunun tətbiq edilməməsinə və ya nəzərdə tutulmuş məsuliyyətdən azad edilməyə əsas verə bilməz.
17. Azərbaycan Respublikasında dövlət dili haqqında Azərbaycan Respublikası Qanununun tələblərinə görə: 1.1. Azərbaycan Respublikasının dövlət dili Azərbaycan Respublikası Konstitusiyasının 21-ci maddəsinin İ hissəsinə müvafiq olaraq Azərbaycan dilidir. Dövlət dilini bilmək hər bir Azərbaycan Respublikası vatəndaşının borcudur. 1.2. Azərbaycan Respublikasının dövlət dili kimi Azərbaycan dili ölkənin siyasi, ictimai, iqtisadi, elmi və mədəni həyatının bütün sahələrində işlədilir. 1.3. Azərbaycan Respublikası dövlət dilinin işlənməsini, qorunmasını və inkişafını təmin edir. 1.4. Azərbaycan Respublikasında dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanlarında, dövlət qurumlarında, siyasi partiyalarda, qeyri-hökumət təşkilatlarında (ictimai birlik və fondlarda), həmkarlar təşkilatlarında, digər hüquqi şəxslərdə, onların nümayəndəliklərində və filiallarında, idarələrdə dövlət dilinin tətbiqi ilə bağlı fəaliyyət bu Qanuna uyğun olaraq həyata keçirilir, o cümlədən kargüzarlıq işləri dövlət dilində aparılır
18. İddiaçının dəlillərinə münasibətdə əlavə olaraq diqqətə çatdırılmalıdır ki, dövlət dilinin bilməməsi iddiaçının tərcüməçi ilə təmsil olunmaq üçün müraciət hüququnu istisna etməmiş, bu hallar dövlət dili haqqında qnunvericiliklə tənzimlənərək hər bir vətəndaşın dövlət dilini bilmək vəzifəsini əhatə edir, qanunu bilməmək və ya onu yanlış başa düşmək isə qanunun tətbiq edilməməsinə və ya nəzərdə tutulmuş məsuliyyətdən azad edilməyə əsas verə bilməz. Bununla bərabər, iddiaçını rəsmi sənədin imzalanmasına məcbur edən digər hallar müəyyən edilməmişdir. Hər iki tərəf mübahisənin əsasını başqa şəxsin iddiaçının mənzilində yaşaması ilə əlaqələndirmiş və göründüyü kimi, bu halların da hazırki mübahisəyə aidiyyəti müəyyən edilməmişdir.
19. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 347, 354, 375, 666-674; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləninin 14.2, 76.1, 77.1, 80-82, 106.2, 119, 217.4, 385-390-cı maddələrinə və iş üzrə təqdim edilmiş sübutlara əsasən apellyasiya şikayəti üzrə mübahisələndirilən hissəyə münasibətdə araşdıran məhkəmə kollegiyası diqqətə çatdırır ki, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin hazırkı mübahisəli münasibətlərinə uyğun əsaslandırılmışdır, apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilən dəlil əks edilməmişdir. Qeyd edilməlidir ki, əqdin bağlanması zamanı münasibətlərin etibarlılığı müqavilənin etibarsızlığına dəlalət etmir.
20. Kollegiya məhkəmə xərcləri barədə məsələni müzakirə edərək qeyd edir ki, əsassız apellyasiya şikayətlərinin verilməsi üçün dövlət rüsumuna ödənilmiş məhkəmə xərcləri onları ödəyən şəxslərə aid edilməlidir.
21. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-408/2024 saylı işi üzrə xx.xx.2024-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.