Məhkəmə qərarları › İş №2(103)-3546/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3546/2023

26.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3546/2023 26.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pul tələbi barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Talışınski Fuad Şəmsəddin oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, hazırki mülki iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 12 aprel 2023-cü il tarixli qətnamədən İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin verdiyi apellyasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia barədə məlumat

1. İddiaçı QSC-nin buna səlahiyyətli olan nümayəndəsi cavabdehə qarşı kiçik mübahisələr üzrə iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə cavabdeh arasında dəyərinin hissə-hissə ödəməklə “Philips BRL 140/00” markalı trimmerin cavabdeh tərəfindən satın alınması barədə bağlanmış xx.xx.2022-ci il tarixli müqavilə üzrə ödənilməmiş qalan əsas borcun ödənilməsi məqsədi ilə 109,99 manat, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzinin ödənilməsi məqsədilə 30 manat məbləğinə pulun cavabdehdən alınaraq QSC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh, onunla "xxxx" MMC aralarında bağlanmış xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən MMC-dən, dəyərini 6 ay müddətində, hissə-hissə ödənilməsi şərti ilə ümumi qiyməti 109,99 manat olan bir ədəd “Philips BRL 140/00” markalı trimmer almışdır. Cavabdeh həmin müqavilə şərtlərini pozmuş, trimmerin dəyərini MMC-yə ödəməmişdir. İddiaçı QSC ilə həmin MMC arasında xx.xx.2019-cu il tarixdə bağlanmış "xxxx" əsasən MMC-nin öz müştəriləri ilə bağlayacağı müqavilələr üzrə yaranacaq tələb hüququ QSC-yə güzəşt edilmişdir. QSC, qeyd edilən müqavilənin şərtlərindən çıxış edərək, yuxarıda qeyd edilən borcun ödənilməsini cavabdehdən tələb etsə də, cavabdeh bunu etməmişdir. Bu səbəbdən də, MMC, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək və bu zaman 30 manat məbləğinə dövlət rüsumu ödəmək məcburiyyətində qalmışdır. b) cavabdehin iddia tələbinə dair münasibəti barədə məlumat

3. Cavabdeh ərizə ilə Rayon Məhkəməsinə müraciət edərək iddia tələbinə etiraz etmiş və bildirmişdir ki, o, onunla "xxxx" MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən dəyərinin 6 ay müddətində, hissə-hissə ödənilməsi şərti ilə ümumi qiyməti 109,99 manat olan bir ədəd “Philips BRL 140/00” markalı trimmerə görə borcu yoxdur. Bu hal həmin MMC tərəfindən verilmiş arayışla təsdiq edilir.

4. "xxxx" MMC tərəfindən verilmiş və ərizəyə əlavə edilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, cavabdeh, MMC ilə bağladığı xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən aldığı “Philips BRL 140/00” markalı trimmerdən imtina etmiş, trimmeri MMC-yə qaytarmış, bu səbəbdən müqavilə ləğv edilmişdir. Həmin müqavilə üzrə cavabdehin borcu “0” manat təşkil edir (borc yoxdur). Həmin müqavilə üzrə İddiaçı QSC-nin cavabdehdən tələb etdiyi 109,99 manat məbləğində borc artıq cavabdehin deyil, MMC-nin öhdəliyidir. c) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat

5. İşə sadələşdirilmiş icraat qaydasında baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnamə ilə iddianın təmin edilməməsini qət etmişdir.

6. Rayon Məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsini 194.1, 600.1, 601.1, 655.1, 657.4, 657.5, 657.6 və 657.7-ci maddələrinin tələblərinə istinad edərək hesab etmişdir ki, iddia tələbi əsassız olduğundan təmin edilə bilməz. Belə ki, iddiaçı QSC, onunla "xxxx" MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli "xxxx" əsasən MMC-nin öz müştəriləri ilə bağladığı müqavilələr üzrə yaranmış borcların ödənilməsini tələb etmək hüququna malik olsa da, onun hazırki iş üzrə cavabdehə qarşı irəli sürdüyü tələb təmin edilə bilməz. Çünki "xxxx" MMC ilə cavabdeh arasında bağlanmış “Alğı-satqı müqaviləsi” ləğv edilmiş, cavabdeh həmin müqavilənin predmeti olan əşyanı MMC-yə qaytarmış, bununla da cavabdehin həmin müqavilə üzrə icra edilməmiş öhdəliyi qalmamışdır. d) apellyasiya şikayəti barədə məlumat

7. İddia QSC həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.

8. Əsasları iddia tələbinin əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq qeyd edilir ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. Belə ki, QSC, onunla "xxxx" MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli “Faktorinq müqaviləsinin” şərtlərindən çıxış edərək, həmin MMC ilə cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqavilənin predmeti olan trimmerin dəyərini – 109,99 manat məbləğində pulu MMC-yə ödəmişdir. Qeyd edilən xx.xx.2019-cu il tarixli “Faktorinq müqaviləsinin” şərtinə görə də, qeyd edilən xx.xx.2022-ci il tarixli “Alğı-satqı müqaviləsi” üzrə borcun ödənilməsini cavabdehdən tələb etmək hüququ QSC-yə keçmişdir. Belə olan halda "xxxx" MMC həmin borc ilə bağlı hər hansı sübutu məhkəməyə təqdim etmək hüququna malik deyil. MMC-nin verdiyi arayışın sübut kimi qəbul edilməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 193.2-ci maddəsinə ziddir. e) Mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi

9. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

10. Belə ki, hazırki iş üzrə cavabdeh ilə hazırki iş üzrə tərəf olmayan "xxxx" MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqavilədən görünür ki, cavabdeh həmin müqaviləyə əsasən dəyərini 6 ay müddətində, hissə-hissə ödənilməsi şərti ilə ümumi qiyməti 109,99 manat olan bir ədəd “Philips BRL 140/00” markalı trimmeri MMC-dən almışdır.

11. İddiaçı QSC ilə "xxxx" MMC arasında xx.xx.2019-cu il tarixdə bağlanmış “Faktorinq müqaviləsindən” görünür ki, MMC, öz müştəriləri ilə bağlayacağı müqavilələr üzrə yaranacaq tələb hüququnu QSC-yə güzəşt etmişdir.

12. İddiaçı QSC bildirir ki, cavabdeh, qeyd edilən xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən ödəməli olduğu 109,99 manat məbləğində pulu ödəməmişdir. Buna görə də həmin məbləğ cavabdehdən onun xeyrinə tutulmalıdır.

13. Cavabdehin Rayon Məhkəməsinə təqdim etdiyi “iddia tələbinə etiraz” ərizəsinə əlavə edilmiş, "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, cavabdeh, MMC ilə bağladığı xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən aldığı “Philips BRL 140/00” markalı trimmerdən imtina etmiş, trimmeri MMC-yə qaytarmış, bu səbəbdən müqavilə ləğv edilmişdir. Həmin müqavilə üzrə cavabdehin borcu “0” manat təşkil edir (borc yoxdur). Həmin müqavilə üzrə İddiaçı QSC-nin cavabdehdən tələb etdiyi 109,99 manat məbləğində borc artıq cavabdehin deyil, MMC-nin öhdəliyidir.

14. Göstərilənlərə və apellyasiya şikayətində göstərilənlərə əsasən müəyyən edilir ki, iddiaçı QSC, onunla "xxxx" MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli "xxxx" əsasən MMC-nin öz müştəriləri ilə bağladığı müqavilələr üzrə yaranmış borcların ödənilməsini tələb etmək hüququna malikdir. Cavabdeh, "xxxx" MMC ilə bağladığı xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən aldığı trimmerdən imtina etmiş, trimmeri MMC-yə qaytarmış, bu səbəbdən müqavilə ləğv edilmişdir. Həmin müqavilə üzrə cavabdehin borcu “0” manat təşkil edir (borc yoxdur).

15. İşin müəyyən edilmiş hallarını nəzərə alan Məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə görə, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir (maddə 600.1.). Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun (maddə 601.1.). Tələb sahibi (kreditor) borclunun razılığı olmadan tələbi üçüncü şəxsə güzəşt edə bilər (tələbin güzəşti), bu şərtlə ki, həmin güzəşt öhdəliyin mahiyyətinə, onun borclu ilə razılaşmasına və ya qanunvericiliyə zidd olmasın. Güzəştin yolverilməzliyi barədə borclu ilə razılaşma yalnız borclunun üzrlü mənafeyi olduqda mümkündür (maddə 194.1.). Faktorinq pul tələbinin güzəşt edilməsi müqabilində maliyyələşdirmədir. Faktorinq müqaviləsinə görə bir tərəf (faktor) üçüncü şəxs (borclu) barəsində müştərinin (kreditorun) üçüncü şəxsə mal verməsindən, işlər görməsindən və ya xidmətlər göstərməsindən irəli gələn pul tələbinin hesabına digər tərəfə (müştəriyə) pul vəsaiti verir və ya verməyi öhdəsinə götürür, müştəri isə bu pul tələbini faktora güzəşt edir və ya güzəşt etməyi öhdəsinə götürür (maddə 655.1.). Əgər borclu müştəridən və ya müştərinin vəkaləti ilə faktordan güzəşt barəsində yazılı bildiriş almışdırsa, ödənişi faktora həyata keçirməlidir. Bildiriş yalnız o halda etibarlıdır ki, güzəşt edilmiş tələbləri və borclunun ödənişi həyata keçirdiyi və ya hesabına həyata keçirdiyi faktoru kifayət qədər dəqiq göstərsin və bildirişin verildiyi an və ya daha əvvəl bağlanmış müqavilədən irəli gələn tələblərə aid olsun (maddə 657.4.). Əgər borclu başqa şəxsin ödənişi həyata keçirməkdə üstünlük hüququndan xəbərdardırsa, bu Məcəllənin 657.4-cü maddəsinə uyğun ödənişi həyata keçirmək vəzifəsi aradan qalxır (maddə 657.5.). Borclunu faktora ödəniş nəticəsində borcdan azad edən digər əsaslardan asılı olmayaraq, borcdan azad edilmə o halda ödənişin nəticəsi olur ki, həmin ödəniş bu Məcəllənin 657.4-cü maddəsinə uyğun həyata keçirilir (maddə 657.6.). Əgər faktor borcludan müqavilə əsasında əmələ gəlmiş tələb üzrə məbləğ ödəməyi tələb edirsə, borclu həmin müqavilədən irəli gələn və müştərinin ondan ödəniş tələb etdiyi halda irəli sürə biləcəyi bütün etirazları faktora bildirə bilər. Borclu güzəşt haqqında yazılı bildirişin verildiyi məqamda müştəriyə qarşı olan tələblərinin ödənilməsinə dair hər hansı hüququ da qarşılıqlı əvəzləşdirmə çərçivəsində faktora qarşı etiraz kimi irəli sürə bilər (maddə 657.7.).

16. Qeyd edilən maddi hüquq normaların tələblərini nəzərə alan Məhkəmə bildirir, iddiaçı QSC, onunla "xxxx" MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli "xxxx" əsasən MMC-nin öz müştəriləri ilə bağladığı müqavilələr üzrə yaranmış borcların ödənilməsini tələb etmək hüququna malik olsa da, onun hazırki iş üzrə cavabdehə qarşı irəli sürdüyü tələb təmin edilə bilməz. Çünki "xxxx" MMC ilə cavabdeh arasında bağlanmış “Alğı-satqı müqaviləsi” ləğv edilmiş, cavabdeh həmin müqavilənin predmeti olan əşyanı MMC-yə qaytarmış, bununla da cavabdehin həmin müqavilə üzrə icra edilməmiş öhdəliyi qalmamışdır. "xxxx" MMC tərəfindən verilmiş və yuxarıda qeyd edilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, cavabdehin, onunla MMC arasında bağladığı xx.xx.2022-ci il tarixli müqavilə üzrə, müqavilənin predmeti olan trimmerin MMC-yə qaytarılması səbəbindən borcu yoxdur. Həmin müqavilə üzrə İddiaçı QSC-nin cavabdehdən tələb etdiyi 109,99 manat məbləğində borc artıq cavabdehin deyil, MMC-nin öhdəliyidir.

17. Bunu nəzərə alan Məhkəmə bildirir ki, Mülki Məcəllənin tələblərinə görə, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir (maddə 425.1.). Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (maddə 442.). Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1.). Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2.).

18. Qeyd edilən maddi hüquq normalarının tələblərindən işin hallarına yanaşdıqda müəyyən edilir ki, cavabdehin nə iddiaçı MMC, nədə ki, hazırki iş üzrə tərəf olmayan "xxxx" MMC qarşısında icra edilməmiş öhdəliyi mövcud deyil. Cavabdeh mövcud olmayan öhdəliyə görə mülki məsuliyyət daşıya bilməz.

19. Buna görə də hesab edilməlidir ki, Rayon Məhkəməsi qeyd əsasla eyni nəticəyə gəlməkdə haqlı olmuşdur. İddiaçı QSC tərəfindən verilmiş apellyasiya şikayətinin Rayon Məhkəməsinin bu nəticəsinə aid dəlilləri əsassızdır.

20. Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamədən verdiyi apellyasiya şikayətində iddiaçı QSC həmçinin bildirir ki, "xxxx" MMC xx.xx.2019-cu il tarixli "xxxx" əsasən MMC ilə cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli “Alğı-satqı müqaviləsi” üzrə borcun ödənilməsini cavabdehdən tələb etmək hüququnu QSC-yə ötürdüyündən, MMC həmin borc ilə bağlı hər hansı sübutu məhkəməyə təqdim etmək hüququna malik deyil. MMC-nin verdiyi arayışın sübut kimi qəbul edilməsi Mülki Məcəllənin 193.2-ci maddəsinə ziddir.

21. Bununla bağlı Məhkəmə bildirir ki, Mülki Məcəllənin 193.2-ci maddəsinə görə, əvvəlki sahib tələblərə və hüquqlara aid öz sərəncamında olan bütün sənədləri və həmin tələblərdən və hüquqlardan istifadə üçün zəruri olan bütün məlumatı yeni sahibə verməlidir.

22. Göründüyü kimi iddiaçı QSC-nin istinad etdiyi maddi hüquq normasında nəzərdə tutulmamışdır ki, əmlakın əvvəlki sahibi onun sahibliyindən yeni sahibə keçmiş əmlak ilə bağlı məlumatı həmin əmlak ilə bağlı yaranmış mübahisəyə baxan məhkəməyə və ya məhkəməyə təqdim edilməsi üçün maraqlı şəxsə təqdim edə bilməz.

23. Bu baxımdan Məhkəmə hesab edir ki, iddiaçı QSC-nin müzakirə edilən bu dəlili əsassızdır.

24. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

25. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

26. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

27. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün iddiaçı QSC tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir.

28. Məhkəmə həmçinin qeyd edir ki, hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Çünki MPM-nin 402-ci maddəsinin mənasına görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə kassasiya şikayəti verilə bilməz.

29. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan və MPM-nin 384, 392, 393 və 402 maddələrini rəhbər tutan Məhkəmə

QƏT ETDİ:

İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 12 aprel 2023-cü il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün iddiaçı QSC tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar