Məhkəmə qərarları › İş №2(103)-3548/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3548/2022

20.04.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3548/2022 20.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Əbdürəhmanov Aqşin Qasım oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı qanunsuz tikililərin sökülməsi və s. tələblərə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 06 yanvar 2022-ci il tarixli 2(006)-271/2022 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlüyünü açıq məhkəmə iclasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 06 yanvar 2022-ci il tarixli 2(006)- 271/2022 saylı qətnaməsindən İddiaçı apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinə daxil olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti Mülki Prosessual Məcəllənin 361-ci maddəsinin tələblərinə əməl edilmədən verildiyindən apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdur. Belə ki, 01 oktyabr 2021-ci il tarixdən qüvvəyə minmiş Mülki Prosessual Məcəlləyə edilmiş 2 saylı Əlavəyə əsasən, apellyasiya şikayətinin yeni forması müəyyən edilmişdir. Apellyasiya şikayəti nəzərdən keçirilərkən müəyyən edilmişdir ki, şikayət həmin formaya uyğun şəkildə rekvizitlər üzrə düzgün tərtib edilməmişdir. Apellyasiya şikayətində maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmamasının nədə ifadə olunması göstərilməmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan hansı faktiki halların aydınlaşdırılmadığı, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsinin nədə ifadə olunması qeyd olunmamış, apellyasiya şikayəti formal olmaqla ümumi sözlərlə ifadə olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 361.1.5-ci maddəsinə əsasən apellyasiya şikayətində şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar, 361.1.6-cı maddəsinə əsasən isə şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar göstərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363.1.1-1-ci maddəsinə görə apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. Həmin Məcəllənin 366.2-ci maddəsinə görə əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o qəbul olunmamış hesab edilə bilər. Apellyatora izah olunmalıdır ki, apellyasiya şikayətini mülki prosessual qanunvericiliyin tələblərinə uyğunlaşdırmaqla yenidən apellyasiya şikayəti ilə müraciət edə bilər. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 361, 363, 366 və 402.2.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 06 yanvar 2022-ci il tarixli 2(006)- 271/2022 saylı qətnaməsindən İddiaçı apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və apellyasiya şikayətinin geri qaytarılması üçün şikayət mülki işlə birlikdə həmin məhkəməyə qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar