Məhkəmə qərarları › İş №2(103)-3548/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3548/2024

06.06.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3548/2024 06.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" açıq səhmdar cəmiyyətinə qarşı iddia tələbinə dair iş üzrə (Açar sözlər: elektrik enerjisinin təchizatı, elektrik enerjisindən istifadə qaydalarının pozulması, əsassız hesablanmış borc, borcun silinməsi, sübutetmə, maddi hüquq normasının düzgün tətbiq edilməməsi, qətnamənin düzgün əsaslandırılmaması) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, Qasımov Ramil Rəşid oğlunun katibliyi, İddiaçı nümayəndəsi (həyat yoldaşı) X1, cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X2 iştirakı ilə İddiaçı "xxxx" ASC-nə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 28 mart 2024-cü il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları

1. İddiaçı ünvan 1 ünvanında **********70015 abonent kodu ilə 2006-cı ildən "xxxx" ASC-nin abonenti kimi qeydə alınmışdır.

2. "xxxx" ASC-nin əməkdaşlarının tərtib etdikləri 19 yanvar 2024-cü il tarixli 037993 saylı aktda göstərilmişdir ki, “ünvan 1 ünvanında elektrik saygacına baxış keçirilərkən saygacın faz xətlərindən keçən yükü qeyd etmədiyi müəyyənləşdirilmiş, sayğacın quraşdırıldığı qurğu sökülərək arxasına baxış keçirilmiş, məlum olmuşdur ki, divarda dəlik açılaraq həmin dəlikdən sayğacın arxasına xüsusi qurğu qoyulmaqla sayğac dayandırılmışdır”.

3. “Məişət istehlakçılarında sayğacların dəyişdirilməsi, yoxlanılması və quraşdırılması” haqqında xx.xx.2024-cü il tarixli 594371 seriyalı protokola görə, abonentin mənzilində sayğac 037993 nömrəli akta əsasən dəyişdirilmişdir.

4. Abunə Haqqında bildirişdən görünür ki, 19 yanvar 2024-cü il tarixli 037993 saylı akt əsasında İddiaçı 5699,72 manat borc hesablanmışdır.

5. “Sayğacların və cərəyan transformatorlarının yoxlanılması haqqında” xx.xx.2024-cü il tarixli akt-protokola görə, İddiaçı mənzilindən çıxarılmış sayğac laboratoriya şəraitində yoxlanılmış, sayğacın dövlət möhürünün normal olduğu, sayğacın normal xəta ilə işlədiyi müəyyənləşdirilmişdir.

6. "xxxx" ASC ilə İddiaçı arasında elektrik enerjisinin alqı-satqısına dair xx.xx.2024-cü il tarixdə müqavilə bağlanmışdır.

7. "xxxx" ASC tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda borcun 3 gün müddətində ödənilməsi tələb olunmuşdur.

Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

8. İddiaçı (iddiaçı) "xxxx" ASC-yə (cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, cavabdeh tərəfindən ünvan 2 ünvanında əsassız hesablanmış borca görə 5699,72 manat məbləğin (**********70015) hesab kodundan silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, ünvan 2 ünvanında ona məxsus evə cavabdehin nümayəndələri tərəfindən ********* nömrəli sayğac quraşdırılmış və **********70015 saylı hesab kodu verilmişdir. Bu günə qədər evdə istifadə etdiyi işıq sərfiyatına görə hər ay hesab koduna aylıq gecikmələr olmadan ödəniş etmiş, heç bir borcu olmamışdır. "xxxx" ASC tərəfindən borcla bağlı heç bir rəsmi bildiriş verilməmişdir. 19 yanvar 2024-cü il tarixdə "xxxx" ASC-nin nümayəndələri tərəfindən ünvan 2 ünvanına onun iştirakı olmadan baxış keçirilmiş, baxış zamanı elektrik sayğacının faza xətlərindən keçən yükü elektrik sayğacının qeyd etməməsi barədə 037993 nömrəli akt tərtib olunmuş, akt əsasında hesab koduna 5699,72 manat dəymiş ziyan hesablanmışdır. Hesab edir ki, "xxxx" ASC-nin yazdığı borc əsassızdır. Belə ki, qeyd olunan evdə istifadə etdiyi işıq sərfinə görə hər ay ödəniş etmişdir. Eyni zamanda akt tərtib olunarkən iştirakı olmamış, iddiaçının, hal şahidlərinin, üçüncü nəzarətçinin iştirakı olmamış, akt imzası olmadan tərtib edilmişdir. Yeni qoyulmuş elektrik sayğacının üzərində 4070 kv.saat olmuşdur. Bu göstərici tərtib olunmuş protokolda qeyd olunmuşdur. Sayğac dövlət yoxlamasında keçərkən 026415 saylı protokol əsasında sayğacın dövlət möhürünün normada olması və qüsurun olmaması qeyd olunmuşdur. Bu əsassız və qanunsuz hesablanmış borcun hesab kodundan silinməsi ilə bağlı tərəfindən müraciət edilmiş, lakin bugünə kimi cavabdeh tərəfindən hesab koduna əsassız olaraq yazılmış 5699,72 manat borc silinməmişdir.

10. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə etmiş, cavabdeh isə nümayəndəsini məhkəməyə göndərməmişdir.

11. Birinci instansiya məhkəməsinin 28 mart 2024-cü il tarixli qətnaməsi ilə iddia tələbinin təmin olunması qət edilmişdir.

12. Məhkəmə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iddiaçıya məxsus evdə 24 yanvar 2024-cü il tarixdə elektrik sayğacı quraşdırılmış, cavabdeh tərəfindən iddiaçının abonent hesabına 22 yanvar 2024-cü il tarixdə 5699,72 manat borc hesablanmış və həmin məbləğ iddiaçıdan tələb edilmişdir. Halbuki, sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi iddiaçı deyil, cavabdeh özü daşıyır. Məhkəmə araşdırması zamanı sayğacın yararsız hala düşməsində iddiaçının təqsiri müəyyən edilməmişdir.

13. Gəldiyi qənaətin hüquqi əsaslandırması zamanı məhkəmə, Mülki Məcəllənin 551.1-ci, 551.2.1-ci, 560.1-ci, “Elektroenergetika haqqında” Qanunun 8-ci və 11-ci, Mülki Prosessual məcəllənin 14.2-ci, 77.1-ci, 88-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.33-cü bəndinə istinad etmişdir.

14. Qətnamədən cavabdehin nümayəndəsi apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini, məhkəmənin sübutlara düzgün qiymət vermədiyi, maddi hüquq normalarını düzgün tətbiq etmədiyi, artıq qüvvədən düşmüş hüquq normasına istinad etdiyi, iddiaçının elektrik enerjisindən sayğaca xüsusi qurğu vasitəsilə müdaxilə etməklə qanunsuz istifadə etdiyinin sübuta yetirildiyini, bununla bağlı videoçəkiliş aparıldığını nəzərə almadığı arqumentləri ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinə qarşı etiraz

15. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.

Apellyasiya baxışı, izahatlar

16. "xxxx" ASC-nin məhkəmə iclasında iştirak edən nümayəndəsi apellyasiya şikayətinin dəlillərini müdafiə etmiş, iddiaçının nümayəndəsi isə iddia ərizəsinin məzmununa uyğun izahat verərək şikayətin əsassız olduğunu bildirmişdir.

17. Apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi iddiaçıya məxsus evin çöl hissəsində divara quraşdırılmış elektrik sayğacına baxış keçirilərkən qeydə alınmış videogörüntünü telefon vasitəsilə nümayiş etdirmiş, iddiaçının nümayəndəsinin və məhkəmə tərkibinin iştirakı ilə tədqiq olunan görüntülərdə, cavabdehin əməkdaşı tərəfindən saygacın faz xətlərinin ampermetr vasitəsilə yoxlanıldığı və əməkdaş tərəfindən “sayğacın keçən yükü qeyd etmədiyinin və dövlət möhürünə müdaxilə edildiyinin” səsləndirildiyi əks olunsa da, “sayğacın quraşdırıldığı qurğunun söküldüyünün və arxasına baxış keçirildiyinin, divarda dəlik açılaraq həmin dəlikdən sayğacın arxasına xüsusi qurğu qoyulduğunun” görüntüləndiyi videoqeydlərin olmadığı müəyyən edilmişdir.

18. Cavabdehin nümayəndəsinə digər görüntünün təqdim olunması təklif edilmiş, nümayəndə başqa videoqeyd olmadığını bildirmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

19. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir.

20. Maddə 1091. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

21. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.

“İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanun

22. Maddə 17. Ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş “Elektrik enerjisindən istifadə Qaydaları”

23. Bənd 7.6. Enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri - cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Hesablaşma elektrik sayğacının zədələnməsinin laboratoriya şəraitində araşdırlması enerjitəchizatı müəssisəsi tərəfindən istehlakçının, o cümlədən məişət abonentinin iştirakı ilə araşdırma aparılır və ikitərəfli aktla sənədləşdirilir. İstehlakçı, o cümlədən məişət abonenti araşdırmada iştirak etməkdən və ya aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən zədələnmiş və ya itmiş hesablaşma elektrik sayğacının əvəzinə enerjitəchizatı müəssisəsi ondan istismara yararlı yeni elektrik sayğacı və ya onun dəyərini tələb etmək hüququna malikdir.

24. Bənd 7.11. Yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. Mənzildə, yaxud yaşayış evində quraşdırılmış hesablaşma elektrik sayğacının, o cümlədən üzərindəki plombların qorunmasına və onun işçi vəziyyətdə saxlanılmasına görə mənzil (yaşayış evinin) kirayəçisi və ya mülkiyyətçisi cavabdehlik daşıyır.

25. Bənd 8.17. İstehlakçı (o cümlədən məişət abonenti) tərəfindən elektrik enerjisinin talanması məqsədilə hesablaşma elektrik sayğacları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), sayğacların qoşulma sxemləri pozulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla, pozuntu aradan qaldırılmalı və bu Qaydaların 10.18.9-2-ci yarımbəndinə uyğun olaraq elektrik sayğaclarına və onların qoşulma sxeminin işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə keçirilmiş sonuncu baxış tarixindən üç aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır.

26. Bənd 8.17-1. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1-ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır.

27. Bənd 8.17-2. İstehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

28. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

30. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

31. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

32. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının həddi

33. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

34. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

35. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olmayan maddi hüquq normasına istinad etməklə tərəflər arasında yaranmış mübahisənin mahiyyətini qiymətləndirməklə səhvə yol vermiş, gəldiyi nəticəni işin faktiki halları ilə əlaqəli şəkildə izah etməmiş, bu səbəblə qətnaməni düzgün əsaslandırmamışdır.

36. Belə ki, məhkəmənin iddianı təmin etmək üçün əsas götürdüyü “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.33-cü bəndi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 aprel 2022-ci il tarixli 155 nömrəli Qərarı ilə ləğv edilmişdir

37. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş məhkəmə müdafiəsi hüququ və hüquqi dövlət prinsipi, şəxsin hüquq və vəzifələri ilə bağlı qərarlar qəbul etmiş məhkəmələrin belə qərarlarını mütləq olaraq lazımi qaydada əsaslandırmalı olduqlarını tələb edir. Bununla hər kəs onun barəsində çıxarılmış qərarın nəinki konkret nəticəsi barədə, həm də səbəbləri və əsasları barədə məlumat əldə etmiş olur. Əsaslandırılmamış, yaxud düzgün əsaslandırılmamış məhkəmə qərarı hüquqi dövlət prinsipi ilə ziddiyyət təşkil edir. Bu, həm də ona görə vacibdir ki, qərarın əsaslandırılması ilə tanış olmadan şikayət etmək hüququnun həyata keçirilməsini təsəvvür etmək mümkün deyildir, çünki şikayət vermək hüququnun həyata keçirilməsi özündə məhkəmənin dəlillərinin və əsaslandırılmasının əks arqumentlər gətirilməklə mübahisələndirilməsini nəzərdə tutur.

38. Apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını bu kontekstdə araşdıran kollegiya hesab edir ki, şikayət qismən təmin olunaraq qətnamə ləğv olunmalı, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmalıdır.

39. Belə ki, cavabdehin iddiaçıdan tələb etdiyi 5699,72 manat borc məbləği cavabdehin əməkdaşlarının iddiaçının iştirakı olmadan tərtib etdikləri 19 yanvar 2024-cü il tarixli 037993 saylı akt əsasında hesablanmış, aktda, “sayğacın yerləşdiyi divarda dəlik açılaraq həmin dəlikdən sayğacın arxasına xüsusi qurğu qoyulmaqla sayğacın dayandırıldığı”, yəni sayğaca müdaxilə edildiyi göstərilmişdir.

40. Qanunvericilik (§ 27) tələb edir ki, bu cür pozuntuya görə akt tərtib olunarkən, əgər istehlakçı aktı imzalamaqdan imtina edirsə, aktda müvafiq qeyd aparılmalı və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınmalıdır.

41. Cavabdehin nümayəndəsi apellyasiya şikayətində müvafiq videoçəkilişin aparıldığını vurğulasa da, nə birinci instansiya məhkəməsinə, nə də apellyasiya instansiyası məhkəməsinə həmin videoçəkiliş (yaxud fotoşəkillər) təqdim olunmamışdır.

42. Yuxarıda qeyd olunduğu kimi (§ 17), apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi iddiaçıya məxsus evin çöl hissəsində divara quraşdırılmış elektrik sayğacına baxış keçirilərkən qeydə alınmış videogörüntünü nümayiş etdirsə də, həmin görüntülərdə “sayğacın quraşdırıldığı qurğunun söküldüyünün və arxasına baxış keçirildiyinin, divarda dəlik açılaraq həmin dəlikdən sayğacın arxasına xüsusi qurğu qoyulduğunun” görüntüləndiyi müəyyən olunmamışdır.

43. Cavabdehin nümayəndəsinin nümayiş etdirdiyi görüntüdə əks olunanlar, yəni cavabdehin əməkdaşı tərəfindən “sayğacın keçən yükü qeyd etmədiyi və dövlət möhürünə müdaxilə edildiyi” barədə səsləndirilənlər isə, müvafiq görüntü qeydə alınarkən tərtib olunmuş xx.xx.2024-cü il tarixli aktın tələbinə uyğun olaraq sayğac cavabdehə məxsus laboratoriyada yoxlanıldığı zaman təkzib olunmuşdur. Belə ki, "xxxx" ASC-nə məxsus laboratoriyanın xx.xx.2024-cü il tarixli aktında “sayğacın dövlət möhürünün normal olduğu” və “sayğacın normal buraxılan xəta ilə işlədiyi” göstərilmişdir.

44. Bu baxımdan kollegiya hesab edir ki, cavabdehin əməkdaşlarının tərtib etdikləri sözügedən akt mötəbər və onun əsasında hesablanmış borc məbləği qanuni sayıla bilməz.

45. Nəzərə alınmalıdır ki, tələb olunan borcun real, həqiqətən sərf olunmuş elektrik enerjisinə görə hesablanmış borc olduğu sübuta yetirilməlidir və bu halda sübutetmə yükü təchizatçının üzərinə düşür. Məhz cavabdeh, hesablanmış borcun həqiqətən sərf olunmuş elektrik enerjisinə görə hesablanmış borc olduğunu sübuta yetirməlidir.

46. Kollegiyanın qənaətinə görə, cavabdeh bunu sübut edə bilməmişdir və buna görə də iddiaçının iddia tələbi təmin olunmalıdır.

47. Kollegiya Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə xərclərinə dair məsələyə də qiymət verməyin zəruriliyini vurğulayaraq qeyd edir ki, iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumunun əvəzi qismində 77 manat "xxxx" ASC-dən alınıb dövlət büdcəsinə köçürülməli, apellyasiya şikayəti vermək üçün "xxxx" ASC tərəfindən ödənilmiş dövlət rüsumunun məbləği onun özünə aid olunmalıdır. Nəzərə alınmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimləndiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin olub-olmamasına bağlı deyildir.

48. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

"xxxx" ASC-nin nümayəndəsinin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2513/2024 saylı iş üzrə 28 mart 2024-cü il tarixli qətnaməsi ləğv olunsun və iş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı "xxxx" ASC-nə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbi təmin edilsin. "xxxx" ASC tərəfindən İddiaçı **********70015 saylı abunə koduna hesablanmış 5699,72 (beş min altı yüz doxsan doqquz manat yetmiş iki qəpik) manat məbləğində borc silinsin. "xxxx" ASC-dən 77 (yetmiş yeddi) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş Dövlət rüsumunun məbləği onu ödəmiş tərəfin özünə aid olunsun. Qətnamədən "xxxx" ASC tərəfindən, qətnamə ona rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Məmməd Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar