Məhkəmə qərarları › İş №2(103)-3549/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3549/2020

29.10.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3549/2020 29.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Кollegiyası Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili X4, Cavabdeh1 MTK-nın nümayəndəsi X5, Cavabdeh2 və Cavabdeh3 nümayəndəsi və vəkili X1 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1 MTK, Cavabdeh2, Cavabdeh3 və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “alqı-satqı müqaviləsinin və çıxarışın etibarsız sayılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6586/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1 MTK, Cavabdeh2, Cavabdeh3 və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal rayonu İsmayılbəy Qutqaşınlı küçəsi 126 nömrəli evin 20 nömrəli mənzilinə dair Cavabdeh1 MTK ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2012-ci il tarixli müqavilənin və onun hüquqi nəticəsi olaraq - həmin mənzilə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Cavabdeh3 adına verilmiş xx.xx.2018-ci il tarixli RX seriyalı ******* nömrəli çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onun əsaslandırılmışdır ki, Cavabdeh2 İddiaçı keçmiş həyat yoldaşıdır. İddiaçının atası Aydın Fətiyev 2002-ci ildə Bakı şəhəri Nəsimi rayonu Hüseyn Seyidzadə küçəsindəki 27A nömrəli evin 15 nömrəli mənzilin öz vəsait hesabına alaraq Cavabdeh2 adına rəsmiləşdirmişdir. İddiaçı öz ailəsi ilə həmin mənzildə yaşamışlar. Sonradan isə, Cavabdeh2 yaşadığı mənzilini dəyişmək niyyəti ilə iddiaçıya 2010-cu ildə Cavabdeh1 MTK tərəfindən inşa edilmiş yeni tikili binasında mənzilin almağını təklif etmişdir. İddiaçı bununla razılaşaraq Cavabdeh1 MTK tərəfindən inşa edilmiş yeni tikili binasında mənzili seçmişdir. Cavabdeh2 iddiaçıya bildirmişdir ki, onunla Cavabdeh1 MTK arasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən Bakı şəhəri Yasamal rayonu İsmayılbəy Qutqaşınlı küçəsi 126 nömrəli evin 20 nömrəli mənzili artıq onun mülkiyyətindədir və onun adınarəsmiləşdirilmişdir. İddiaçı mübahisəli evində təmir işləri başlamışdır. Mənzildə təmir işləri aparıldığına görə iddiaçı ailəsi ilə birlikdə onun xalasının evində məskunlaşmışlar. Mənzilin təmiri üçün bütün xərcləri iddiaçının atası ödəmişdir. İddiaçının atası rayonda yaşadığına görə pul vəsaitlərini iddiaçıya köçürmüş, iddiaçı isə həmin pulları mənzilin təmiri üçün Cavabdeh2 vermişdir. Mənzil tam təmir olunduqdan sonra iddiaçı öz ailə üzvləri ilə köçərək, orada yaşamağa başlamışdır. Artıq iddiaçı 6-7 ildir ki mübahisəli mənzildə uşaqları ilə birlikdə yaşayır. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(004)-6594/2018 nömrəli qətnaməsi ilə İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış nikah pozulmuşdur. Tərəflər arasında nikah pozulduqdan sonra iddiaçı mübahisəli mənzildə yaşamağa davam edir. Çünki, həmin mənzil birgə nikah dövründə əldə olunmuş əmlakdır. İddiaçıya Cavabdeh1 MTK ilə Cavabdeh2 arasında bağlanmış alqı-satqı müqaviləsi təqdim olunmayıb. Sonradan iddiaçıya məlum olmuşdur ki, Bakı şəhəri Yasamal rayonu İsmayılbəy Qutqaşınlı küçəsi 126 nömrəli evin 20 nömrəli mənzilinə dair xx.xx.2012-ci il tarixli alqı-satqı müqaviləsi Cavabdeh1 MTK ilə Cavabdeh2 ilə deyil, Cavabdeh3 ilə bağlanmışdır. Halbu ki, mənzilin tam dəyəri iddiaçının maddi köməyi ilə ödənilmiş, kommunal xərcləri Cavabdeh2 adından ödənilmişdir. Bu faktları təsdiq edən müvafiq ödəniş qəbzləri vardır. Odur ki, Cavabdeh3 adına verilmiş alqı-satqı müqaviləsi saxtadır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6586/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək onun ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətini onunla əsaslandırmışdır ki, “AZƏRSU” Açıq Səhmdar Cəmiyyəti Yasamal rayon Sukanal İdarəsi tərəfindən verilmiş RS-02/01-03-76 saylı, xx xxxxxx 2019-cu il tarixli arayış və arayışa əlavə olunan “Ətraflı abonent kaıtı”-1 nüxsə, 1 vərəq və su sayğacının qəbul aktı 1 nüxsə, 2 vərəqdən aydın olur ki, Cavabdeh1 MMC tərəfindən təqdim olunmuş reyestr (yəni alqı-satqı müqavilələr əsasında tanınan mənzil mülkiyyətçilərinin siyahisı) əsasında X10 adına xx xxxxxx 2010-cu il tarixdə Yasamal rayon İ.Qutqaşınlı küçəsi ev 126 mənzil 20 ünvanında 480297 nömrəli sayğaca 372747JY №li plomb vurularaq **********200JY abonent kodu verilmiş, xx.xx.2016-cı il tarixində 480297 №li sayğaca B702768 №li plomb vurulmuşdur, abonent yenə də Cavabdeh2 göstərilmişdir. Yalnız həmin mənzil saxtakarlıqla Cavabdeh3 adına 2018-ci ildə keçiriləndən sonra **********200 №li abonent kodu saxlanılmış və onunla xx.xx.2018-ci il tarixində 29521589 №li müqavilə bağlanmışdır. “xxxx” Aşıq Səhmdar Cəmiyyəti Yasamal Rayon Enerji və Satışı İdarəsi tərəfindən verilmiş 09 YX-1037 saylı xx xxxxxx 2019cu il tarixli arayışdan məlum olmuşdur ki, Yasamal rayonu İ.Qutqaşınlı küçəsi 126 ünvanında yerləşən Cavabdeh1 MMC-nin 20 saylı mənzili xx xxxxxx 2012-ci ildə Cavabdeh2-Hüseyn oğlu adında **********10020 nömrəli abunə kodu ilə qeydiyyata alınmışdır. Cavabdeh2 2012-ci ilin 15 oktyabr tarixində 11 avqustdan 15 oktyabr tarixinədək müddət üçün elektrik sərfıyyatına görə 40 manat məbləğində pulu “Bakıelektrikşəbəkə”yə ödəmişdir. “Azəriqaz” İstehsalat Birliyindən alınmış xx xxxxxxx 2013-cü il tarixli qazın alqı-satqı müqaviləsinin surətindən məlum olmuşdur ki, istehlakçı Cavabdeh2dur. Yuxarıda qeyd olunan məlum saxtakarlıqdan sonra xx xxxxxxxx 2018-ci il tarixində yeni müqavilə Cavabdeh3 ilə bağlanmışdır, lakin bu müqavilədə də sayğacın və plombun nömrəsi xx xxxxxxx 2013-cü il tarixli müqavilədə göstəriləndir. Cavabdeh1 Mənzil tikinti Kooperativi tərəfindən verilmiş xx xxxxxx 2013-cü il tarixli 000008 №li mədaxil qəbzi, xx xxxxxx 2013-cü il tarixli 000045 №li mədaxil qəbzi, xx xxxxxx 2014-cü il tarixli 000059№li mədaxil qəbzləri Cavabdeh2 adına verilsə də, əslində Cavabdeh1 MTK- adından deyil Cavabdeh1 Məhdud Məsuliyyətli Cəmiyyət adından verilməli idi. Belə ki, AR Vergilər Nazirliyinin Milli Gəlirlə Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin **********839900 saylı xx xxxxxx 2019-cu il tarixli arayışında qeyd olunmuşdur ki, xx.xx.2008-ci il tarixində “Şahdağ” LTD Məhdud (Məsuliyyətli Cəmiyyət Cavabdeh1 Mənzil tikinti kooperativinə çevrilməsi xx.xx.2008-ci il tarixində dövlət qeydiyyatına alınmışdır. xx.xx.2013-cü il tarixində Cavabdeh1 MTK Cavabdeh1 MMC-yə çevrilmiş və xx.xx.2013-cü il tarixində qeydiyyata alınmış və xx.xx.2018-ci il tarixə kimi MMC olmuşdur. 2018-ci ilə kimi Kommunal mədaxil qəbzləri bir qayda olaraq Cavabdeh2 adına verilmişdir. “xxxx” MMC, xxxx MMC, X7 və nəhayət “xxxx” MMC-nin 1 saylı Rabitə Xidməti Mərkəzindən əldə olunmuş 1 saylı RXM-HŞ-2/168 saylı xx xxxxxx 2020-ci il tarixli arayışdan və arayışa əlavə olunmuş (arxivdə saxlanan) sənəd surətlərindən bəlli olmuşdur ki, Cavabdeh1 MTK tərəfindən verilmiş arayışa əsasən Yasamal rayonu İ.Qutqaşınlı küçəsi ev 126 mənzil 20 ünvanında Cavabdeh2 yaşayır və o kabelləşmədə iştirak etmişdir. Məlumat üçün bildirirəm ki, MTK- lar tərəfindən inşa edilən binalarda kabelləşmədə yalnız alqı-satqı yolu ilə mənzil almış mülkiyyət sahibləri iştirak edirlər. Bina tam təhvil veriləndən sonra hansısa mənzil kimə satılmasından və ya kirayəşin yerləşməsindən asılı olmayaraq kabelləşmədə yalnız və yalnız ilkin müqavilə əsasında mənzil almış şəxslər iştirak etdikləri üçün telefon nömrələri də həmin şəxslərin adına verilir. Necə ki, Yasamal rayonu İ.Qutqaşınlı küçəsi ev 126, 20 saylı mənzilə telefon xəttinin qoşulması üçün mülkiyyətçi Cavabdeh2 xx.xx.2013-cü il tarixində ərizə ilə X8 müraciət etmiş və o kabelləşmədə iştirak etdiyi üçün ona məxsus mənzilə *** ** ** saylı telefon nömrəsi problemsiz qoşulmuşdur, hal- hazırda da həmin mənzildə istifadə olunur. Cavabdeh2 öz adına olan Yasamal rayon M.Naxçıvani küçəsi 1 saylı evin 18 saylı mənzilinə telefon xətti çəkindirmək istəmiş, ikinci telefonu bir ada verilməsi mümkün olmadığından guya qardaşı Cavabdeh3 İ.Qutqaşınlı küç ev 126, 20 saylı mənzilə alqı-satqı müqaviləsi olduğu üçün onun adına həmin ünvana xx.xx.2013-cü il tarixində ikinci telefon xəttinin çəkilişinə saxtakarlıqla nail olmuş, lakin həmin ***-**-** №li telefon xətti İ.Qutqaşınlı küç ev 126 mənzil 20 çəkilməmiş faktiki olaraq M.Naxçivani küçəsi ev 1, 18 saylı mənzilə çəkilmişdir. Məsələ bundadır ki, Cavabdeh2 Cavabdeh1 MTK-nın sədri Cabbar Hacıbalayevlə münasibəti o dərəcədə yaxşıdır ki, o Cavabdeh2 üçün bu illər ərzində bütün saxtakarlıqlara getmişdir. Onlar Bakı şəhəri Yasamal rayonu İ.Qutqaşınlı küçəsi ev 126, 20 saylı mənzilə faktiki olaraq ailəliklə 2012-ci ilin avqust ayında köçmüşlər. Həmin mənzili keçmiş əri 2009-cu ilin sonunda öz adına alqı-satqı yolu ilə almışdır. 2012-ci ilin əvvəlindən təmirə başlamışlar. 2012-ci ilin yay aylarında mənzilin pərdələri silmiş, bəzi əşya və avadanlıqlar alınaraq mənzilə quraşdırılmışdır, avqsut ayında həmin mənzilə ona görə köçmüşlər ki, 15 sentyabr tarixindən uşaqlar yaxınlıqdakı məktəbə getsinlər. Buna görə həmin mənzilə qaz plitəsi quraşdırmaqdan ötəri Bakı səhəri Ak. Həsən Əliyev küçəsində yerləşən AZ-TEX MMC-yə (tel № *** *** ** **, *** *** ** **) xx xxxx 2012-ci il tarixində 560 azn ödəyərəyək qaz plitəsini sifariş vermişlər, xx xxxx 2012-ci il tarixində mənzilə gətirilərək quraşdırıldı. Həmin zaman bina qazlaşmadığı üçün hətta regulyator qoşaraq qaz balonu işlətməyə başladıq, bina qazlaşdığından sonra qaz xəttinə qoşulub və hal-hazıra kimi həmin plitə mətbəxdə istifadələrindədir. Məhkəmə iclasında iştirak iddiaçı, həmçinin onun nümayəndəsi və vəkili apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək onun təmin edilmsəni xahiş etmişlər. Cavabdeh2 apellyasiya şikayətinə etiraz edərək, izahatında bildirmişdir ki, o, 2002-ci ildə İddiaçı ilə rəsmi nikah bağlayaraq ailə qurmuşdur. Birgə nikahdan onların üç uşaqları var. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(004)-6594/2018 nömrəli qətnaməsi ilə İddiaçı ilə onun arasında bağlanmış nikah pozulmuşdur. Uşaqlarının saxlanılması üçün o, hər ay 510 manat sabit pul məbləğində aliment ödəyir. Digər Cavabdeh3 onun doğma qardaşıdır. Qardaşı Cavabdeh3 yaşadığı Tər-tər rayonunda təsərrüfatla məşğuldur. Bakı şəhəri Yasamal rayonu İsmayılbəy Qutqaşınlı küçəsi 126 nömrəli evin 20 nömrəli mənzili Cavabdeh3 məxsusdur. Mənzilin Cavabdeh3 vəsaiti hesabına alınıb. Mənzilin ümumi dəyəri 53.448 manat təşkil edir. Mənzilin alqı-satqısına dair Cavabdeh1 MTK ilə Cavabdeh3 arasında xx.xx.2012-ci il tarixdə müqavilə bağlanmışdır. Həmçinin Cavabdeh3 adına maliyyə arayışı verilmişdir və orada göstərilmişdir ki, Cavabdeh3 MTK-ya borcu yoxdur. Mübahisəli mənzil Cavabdeh3 məxsus olsa da, həmin mənzildə qardaşının razılığı ilə o, öz ailəsi ilə yaşamışdır. Onunla iddiaçı ilə münasibətləri pisləşdiyinə görə xx.xx.2014-cü il tarixdə evi tərk etmiş və başqa ünvanda yaşamışdır. İddiaçı ilə aralarında olan nikah isə dörd il sonra 2018-ci ildə pozulmuşdur. Mənzil onun qardaşı Cavabdeh3 vəsaiti hesabına alınıb və qardaşına məxsusdur. Onun iddiaçı ilə birgə nikah dövründə əldə edilmiş ayrıca bir mənzil və iki fərdi yaşayış evləri var. Həmin daşınmaz əmlaklar Bakı şəhəri Yasamal rayonu X12 Naxçıvani küçəsi ev 1 mənzil 18 ünvanda, Abşeron rayonu Göradil qəsəbəsi Quşçuluq Massivində yerləşən 2 ədəd həyət evi vardır. Bu evlərdən biri onun, digəri isə İddiaçı adınadır. Onların özlərinin əmlakları vardır. Qardaşına məxsus olan mənzildə faktiki olaraq o, öz ailəsi ilə yaşadığına görə kommunal xidmət haqlarını öz adından ödəmişdir. Bu səbəbdən ödəniş qəbzlərində onun adı göstərilmişdir. Hazırda Cavabdeh3 mübahisəli mənzilə dair dövlət reyestrindən çıxarışı almış və bu fakt bir daha sübuta edir ki, mənzil onun qardaşı Cavabdeh3 məxsusdur. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 nümayəndəsi və vəkili Abdulla İsgəndərov da apellyasiya şikayətinə etiraz etmiş, Cavabdeh3 Cavabdeh1 MTK ilə bağladığı çoxmənzilli yaşayış binasının tikintisi haqqında xx.xx.2012-ci il tarixli fərdi müqaviləyə əsasən Bakı şəhəri Yasamal rayonu İsmayılbəy Qutqaşınlı küçəsi 126 nömrəli evin 20 nömrəli mənzilini Cavabdeh1 MTK-dan 53.448 manata almışdır. Cavabdeh3 müqavilə bağlanan gün mənzilin dəyərini tam ödəmişdir, bu barədə ona Cavabdeh1 MTK tərəfindən xx.xx.2012-ci il tarixli 72 nömrəli maliyyə arayışı verilmişdir. Cavabdeh2 Cavabdeh3 doğma qardaşıdır. İddiaçı Cavabdeh2 keçmiş həyat yoldaşıdır. Cavabdeh3 razılığı ilə Ceyhun və Könül uşaqları ilə birlikdə Cavabdeh3 məxsus olan Bakı şəhəri Yasamal rayonu İsmayılbəy Qutqaşınlı küçəsi 126 nömrəli evin 20 nömrəli mənzilində müvəqqəti olaraq yaşamışlar. Cavabdeh2 həmin mənzili xx.xx.2014-cü ildə tərk etmişdir. İddiaçı isə hazırkı vaxta kimi uşaqları ilə birlikdə orada yaşayır. Mənzillə bağlı bütün kommunal xərcləri Cavabdeh2 və Cavabdeh3 ödəmişlər. Bu səbəbdən ödəniş qəbzlərində onların hər ikisinin adları göstərilmişdir. Lakin müvafiq xidmətlərin göstərilməsinə dair bütün müqavilələr mənzilin mülkiyyətçisi, yəni Ə.Bağərovla bağlanmışdır. Belə ki, xxxx X3 Telefon Qovşağı ilə X6 arasında xx.xx.2013-cü il tarixdə telekommunikasiya xidmətlərinin göstərilməsinə dair müqavilə bağlanmış və xx.xx.2013-cü il tarixli 0079 nömrəli qəbzlə telefon çəkilişi üçün X9 xx.xx.2013-cü il tarixdə saat 11:07-də X8 80 manat ödəniş etmişdir. RX seriyalı ******* nömrəli xx.xx.2018- ci il tarixli çıxarışa əsasən Bakı şəhəri Yasamal rayonu İsmayılbəy Qutqaşınlı küçəsi 126 nömrəli evin 20 nömrəli mənzili Cavabdeh3 adına xüsusi mülkiyyət kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bu barədə rəsmi sənədlər məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər bir daha təsdiqləyir ki, mübahisəli mənzil Cavabdeh3 xüsusi mülkiyyətindədir. Həmin mənzilin iddiaçıya heç bir aidiyyatı yoxdur. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 MTK-nın nümayəndəsi Tural Səlimov da apellyasiya şikayətinə etiraz edərək, izahatında bildirmişdir ki, Cavabdeh3 ilə Cavabdeh1 MTK arasında bağlanmış çoxmənzilli yaşayış binasının tikintisi haqqında xx.xx.2012-ci il tarixli fərdi müqaviləyə əsasən Cavabdeh1 MTK inşa etdiyi Bakı şəhəri Yasamal rayonu İsmayılbəy Qutqaşınlı küçəsi 126 nömrəli evin 20 nömrəli mənzilini 53.448 manata Cavabdeh3 satmışdır. Cavabdeh3 müqavilə bağlanan gün mənzilin dəyərini tam ödəmişdir, bu barədə Cavabdeh1 MTK tərəfindən ona xx.xx.2012-ci il tarixli 72 nömrəli maliyyə arayışı verilmişdir. Cavabdeh3 razılığı ilə həmin mənzildə Cavabdeh2 öz ailəsi ilə birlikdə yaşamışlar. Hazırda həmin mənzildə Cavabdeh2 keçmiş arvadı olan İddiaçı uşaqları ilə birlikdə yaşayır. Mənzildə faktiki olaraq Ceyhun ailəsi ilə yaşadığına görə kommunal xidmələrinin haqqının ödənilməsinə dair qəbzlərə Ceyhunun və Əlinin adlarını yazmışdır. Bakı şəhəri Yasamal rayonu İsmayılbəy Qutqaşınlı küçəsi 126 nömrəli evin 20 nömrəli mənzilinə dair Cavabdeh2 və ya onun keçmiş arvadı olan İddiaçı ilə Cavabdeh1 MTK arasında hər hansı bir müqavilə bağlanmamış və hər hansı bir sənədləşma aparılmamışdır. Mənzil Cavabdeh3 məxsusdur və onun adına özəlləşdirilmişdir. Cavabdeh3 ilə Cavabdeh1 MTK arasında bağlanmış xx.xx.2012-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi üçün hər hansı bir əsas mövcud deyildir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, kollegiya onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci hissəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İddiaçıların apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən kollegiya qətnamənin əsaslılığını tam yoxlayır. İşin müəyyən edilmiş hallarına əsasən, İddiaçı və Cavabdeh2 xx.xx.2002-ci il tarixdə rəsmi nikah bağlayaraq ailə qurmuşlar, birgə nikahdan onların üç uşaqları var. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(004)-6594/2018 nömrəli qətnaməsi ilə İddiaçı və Cavabdeh2 arasında nikah pozulmuşdur. Podratçı Cavabdeh1 MTK ilə sifarişçi Cavabdeh3 arasında bağlanmış “çoxmənzilli yaşayış binasının tikintisi haqqında” xx.xx.2012-ci il tarixli fərdi müqaviləyə əsasən Cavabdeh1 MTK sifarişçi Cavabdeh3 sifarişi əsasında Bakı şəhəri Yasamal rayonu İsmayılbəy Qutqaşınlı küçəsində tikilməkdə olan 126 nömrəli evin 1-ci blokunda, 9-cu mərtəbəsində yerləşən, ümumi sahəsi 136,84 kv.m olan 3 otaqlı 20 nömrəli mənzilini tikintisini öhdəsinə götürmüşdür. Sifarişçi Cavabdeh3 isə müqavilə imzalanarkən mənzilin tam dəyərini 53.448 manatı Cavabdeh1 MTKya ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan Cavabdeh1 MTK tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli 72 nömrəli maliyyə arayışından müəyyən edilir ki, payçı Cavabdeh3 Bakı şəhəri Yasamal rayonu İsmayılbəy Qutqaşınlı küçəsində tikilməkdə olan 126 nömrəli evin 1-ci blokunda, 9-cu mərtəbəsində yerləşən, ümumi sahəsi 136,84 kv.m olan 3 otaqlı 20 nömrəli mənzilinin pay dəyərini tam şəkildə Cavabdeh1 MTK-ya ödəmişdir. Cavabdeh3 Cavabdeh1 MTK-ya borcu yoxdur. İşin müəyyən edilmiş halları həmçinin ondan ibarətdir ki, xxxx X3 Telefon Qovşağı ilə X6 arasında telekommunikasiya xidmətlərinin göstərilməsinə dair xx.xx.2013-cü il tarixdə müqavilə bağlanmışdır və xx.xx.2013-cü il tarixli 0079 nömrəli qəbzlə telefon çəkilişi üçün X9 xx.xx.2013-cü il tarixdə saat 11:07-də X8 80 manat ödəniş etmişdir. Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nın 1 saylı Bakı Ərazi İdarəsi xx.xx.2019-cu il tarixli **********68 nömrəli məktubla məhkəmənin xx.xx.2019-cu il tarixli sorğusuna cavab verərək bildirmişdir ki, Bakı şəhəri Yasamal rayonu İsmayılbəy Qutqaşınlı küçəsi 126 nömrəli evin 20 nömrəli mənzili Cavabdeh1 MTK-nın xx.xx.2018-ci il tarixli 1 saylı Protokoldan çıxarışına, xx.xx.2018-ci il tarixli 31 nömrəli maliyyə arayışına və 20 nömrəli mənzilin planına əsasən Cavabdeh3 adına xx.xx.2018-ci il tarixdə ilkin qeydiyyatdan keçmişdir və hazırda onun mülkiyyətindədir. Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nın 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli RX seriyalı ******* nömrəli çıxarışdan müəyyən edilir ki, Bakı şəhəri Yasamal rayonu İsmayılbəy Qutqaşınlı küçəsi 126 nömrəli evin, ümumi sahəsi 127,7 kv.m. olan 20 nömrəli mənzili tam mülkiyyət hüququ üzrə Cavabdeh3 adına daşınmaz əmlakın dövlət reyestri ndə 2898 nömrəli reyestr kitabının 270377 nömrəli vərəqində xx.xx.2018-ci il tarixdə qeydiyyata alınmışdır. Mülki Məcəllənin 178.8-ci maddəsinə əsasən mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2010-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsi həmin Məcəllənin 146.1-ci, 146.2-ci, 178.1-ci və 178.2-ci maddələrinin və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 113-cü maddəsinin müddəalarına uyğun olaraq tətbiq edilməlidir. Kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada qeyd olunmalıdır ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır. Mülki Məcəllənin 178.1.-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2012-ci il tarixli qərarında qeyd edilir ki, Konstitusiya Məhkəməsinin Plenumu qaldırılan məsələnin düzgün həlli üçün ailə qanunvericiliyində ər-arvadın birgə mülkiyyətinin hüquqi statusunun açıqlanmasını zəruri hesab edir. Ailə Məcəlləsinin 32-ci maddəsinin tələblərinə əsasən əmlakın ər-arvadın birgə mülkiyyəti sayılması üçün iki şərtin eyni zamanda mövcud olması vacibdir: Azərbaycan Respublikası Ailə Məcəlləsinin tələblərinə müvafiq olaraq, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Ər-arvadın ümumi birgə mülkiyyətinə onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s); ər arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzrlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir (maddə 32.1, 32.2). Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ər-arvaddan biri üzürsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər (maddə 37.1-37.2). İşin müəyyən edilmiş hallarına əsasən Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nın 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən təqdim edilmiş rəsmi yazılı sənədlərlə təsdiq edilir ki, cavabdeh (payçı) Cavabdeh3 mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu İsmayılbəy Qutqaşınlı küçəsi 126 nömrəli evin 20 nömrəli mənzilini qanuni əsaslarla bağladığı xx.xx.2012-ci il tarixli müqavilə əsasında Cavabdeh1 MTK-dan dəyərini tam ödəməklə əldə etmiş, sonradan isə mənzili özəlləşdirməklə xüsusi mülkiyyətinə keçirmişdir. İddiaçı müvəqqəti olaraq keçmiş qaynı olan Cavabdeh3 mülkiyyətindəki Bakı şəhəri Yasamal rayonu İsmayılbəy Qutqaşınlı küçəsi 126 nömrəli evin 20 nömrəli mənzilində ailəsi ilə yaşaması, ona həmin mənzilə dair Cavabdeh1” MTK ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2012-ci il tarixli müqavilənin və onun hüquqi nəticəsi olaraq - həmin mənzilə dair Cavabdeh3 adına verilmiş xx.xx.2018-ci il tarixli çıxarışın etibarsız hesab edilməsi tələb etmək hüququ vermir. Müqavilə bağlanarkən və həmin müqavilə əsasında mənzil Cavabdeh3 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyata alınarkən qanunvericiliyin tələblərinə əməl edilmişdir. İddiaçı həmin mənzil üzərində hər hansı bir hüququ mövcud olmadığına görə, onun hazırkı iddianı qaldırmağa subyektiv hüququ olmamışdır. Kollegiya apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, iddiaçı apellyasiya şikayətindən “AZƏRSU” Açıq Səhmdar Cəmiyyəti, “xxxx” Aşıq Səhmdar Cəmiyyəti, “xxxx” MMC və xxxx MMC ilə bağlanan müqavilələrin Cavabdeh2 adına bağlanmasını qeyd etsə də, iddiaçı həmin müqavilələrin Cavabdeh2 adına bağlanmasına əsas verəcək ilkin sənədləri məhkəməyə təqdim edə bilməmiş, məhkəmənin verdiyi sorğularla da həmin sənədlərin əldə edilməsi mümkün olmamışdır. Xüsusilə qeyd olunmalıdır ki, Cavabdeh1 MTK tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli 72 nömrəli maliyyə arayışından müəyyən edilir ki, payçı Cavabdeh3 Bakı şəhəri Yasamal rayonu İsmayılbəy Qutqaşınlı küçəsində tikilməkdə olan 126 nömrəli evin 1-ci blokunda, 9-cu mərtəbəsində yerləşən, ümumi sahəsi 136,84 kv.m olan 3 otaqlı 20 nömrəli mənzilinin pay dəyərini tam şəkildə Cavabdeh1 MTK-ya ödəmişdir. Cavabdeh3 Cavabdeh1 MTK-ya borcu yoxdur. Həmçinin, ona mübahisəli mənzilə dair xx.xx.2018-ci il tarixli RX seriyalı ******* nömrəli çıxarış verilmişdir. Sorğu əsasında əldə edilmiş “xxxx” Aşıq Səhmdar Cəmiyyətinə MTK tərəfindən göndərilən siyahıda Cavabdeh2 payçı kimi göstərilməsinə münasibətdə kollegiya qeyd edir ki, MTK-nin sədrinin xx.xx.2020-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Cavabdeh2 10 ildən artıqdır ki, tanıyır. 2012-ci ilin may ayında qardaşı Cavabdeh3 ilə gələrək, İ.Qutqaşınlı küçəsi ev 126 ünvanında inşa etdikləri binanın, 1-ci girişinin 9-cu mərtəbəsində yerləşən, 137 m2 sahəsi olan 20 saylı, 3 otaqli mənzili almaq arzusunda olduqlarını bildirdilər. Qardaşı Cavabdeh3 1 000 manat beh verərək, həmin vaxt mənzilin dəyərini tam ödəyə bilmədiyi üçün ona 3-4 ay vaxt verməklərini xahiş etdilər. Sədr müqavilə şərtlərinin başqa cür olduğunu onlara xatırladaraq 4 ay ərzində mənzilin dəyərini tam ödəniş edə bilmədikləri halda, mənzili digər şəxslərə satacağını bildirmişdir. Bu baxımdan onlara təqdim olunan müqavilənin tarixi (xx xxxxxxx 2012 ci il) mənzilin dəyərinin tam ödənilərək, maliyyə arayışının verildiyi gün qeyd olunmuşdur. Mənzilin dəyərinin ödənildiyi gün, ödəniş Cavabdeh3 tərəfindən edildi. Müqavilənin və maliyyə arayışının bir nüsxəsi Cavabdeh3 təqdim olundu. xx xxxx 2012 ci il tarixli X11 ASC-yə payçıların siyahısını təqdim edən zaman Cavabdeh3 müqaviləsi olmadığına görə, tanıdıqları şəxsin Cavabdeh2 adı qeyd edilmişdir. Cavabdeh1 MTK-nin fəaliyyəti dövründə qeydiyyat kitabı olmamışdır. Hər bir mənzil payçısının müqavilə, maliyyə arayışları və digər sənədləri payçıların şəxsi qovluqlarında saxlanılır. Məktubdan da göründüyü kimi, “xxxx” Aşıq Səhmdar Cəmiyyətinə göndərilən siyahıda payçı kimi Cavabdeh2 adının göstərilməsinin səbəbi, mənzilin dəyərinin tam ödənilməməsi və MTK-nın sədrinin məhz Cavabdeh2 tanıması olmuşdur. Həmçinin məktubdan görünür ki, mənzilin dəyərinin Cavabdeh3 tərəfindən tam ödənildiyi və mübahisəli mənzilin sahibi Cavabdeh2 deyil, Cavabdeh3 olması MTK-nın sədri tərəfindən də təsdiqlənmişdir. Kollegiya həmçinin onuda qeyd edir ki, iş materiallarından aydın olur ki, İddiaçı daha əvvəl Cavabdeh2 qarşı “mənzilə köçürülmə” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, uşaqları ilə birlikdə Bakı şəhəri, Yasamal rayonu, M.H.Naxçıvani küçəsi, 1 saylı evin 18 saylı mənzilinə köçürülməsini xahiş etmiş, Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Qeyd edilən qətnamədən görünür ki, İddiaçı iddia ərizəsində göstərmişdir ki, Cavabdeh2 onu uşaqları ilə birlikdə, özünün deyil, qardaşı Cavabdeh3 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, məhəllə 586, bina 126, mənzil 20 yerləşdirilmişlər. Göründüyü kimi iddiaçı hazırki mübahisəli mənzilin keçmiş əri Cavabdeh2 deyil, məhz onun qardaşı Cavabdeh3 mülkiyyətində olmasını özü iddia ərizəsində etiraf etmişdir. İddiaçı apellyasiya baxışı zamanı iddia ərizəsinin onun tərəfindən deyil, vəkili tərəfindən tərtib edildiyini bildirsə də, kollegiya qeyd edir ki, iddia ərizəsi vəkil tərəfindən tərtib edilsə də, vəkil iddia ərizəsini təmsil etdiyi şəxsin iradə ifadəsinə uyğun hazırlayır və onun dediklərini iddia ərizəsində qeyd edir. Həmçinin kollegiya onu da xüsusilə vurğulayır ki, iddiaçının mübahisəli mənzildə 2010cu il tarixdən yaşadıqlarını və keçmiş ərinə məxsus olduğunu iddia etdiyi Bakı şəhəri Yasamal rayonu İsmayılbəy Qutqaşınlı küçəsində tikilməkdə olan 126 nömrəli evin 1-ci blokunda, 9-cu mərtəbəsində yerləşən, 20 nömrəli mənzildə yaşadığı halda yuxarıda göstərilən mənzilə köçürülməsini tələb etməsi onun hazırki iddiasının həqiqiliyini ciddi şübhə altına alır. Qeyd olunanlara əsasən Kollegiya hesab edir ki, Rayon Məhkəməsi iddianı təmin etməməklə iş üzrə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Kollegiya, MPM-nin 384.0.2-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Q Ə T E T D İ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6586/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsinə görə ödınilmiş dövlət rüsumu onu ödəmiş şəxsin özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar