Məhkəmə qərarları › İş №2(103)-3553/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3553/2024

03.06.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3553/2024 03.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “aktın etibarsız hesab edilməsi və borcun silinməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: borcun silinməsi tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X3 (sədrlik edən və məruzəçi), X1 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Şahbazlı Nəzrin Elmar qızının katibliyi İddiaçı Cavabdeh nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “aktın etibarsız hesab edilməsi və borcun silinməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-167/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. xx.xx.2023-cü il tarixli, ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktın surətindən görünür ki, xx.xx.2023-cü il tarixdə istehlakçı İddiaçı ünvanına (Şüvəlan qəsəbəsi, ünvan 1onentin təbii qazdan sayğacdan kənar, qeyri-qanuni istifadə etməsi aşkar edilmişdir.

2. “Dəymiş ziyanın bərpasına dair” tələbnamənin surətindən görünür ki, yuxarıda qeyd olunan akt əsasında 41904 m3 (41904 m3 x 0.12 manat= 5028,48 manat) həcmində dəymiş zərər hesablanmışdır.

3. İddiaçının adına olan abonent saldosundan (abonent kodu **********00080) görünür ki, iddiaçının abonent hesabına akt əsasında 2023-cü ilin mart ayında 5028,68 manat borc yazılmışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı iddia ərizəsi və daha sonra iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktın etibarsız hesab edilməsi və həmin akt əsasında onun abonent hesabına yazılmış 5004,68 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

5. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 31 yanvar 2023-cü il tarixdə onun məlumatı olmadan, ona xəbər verilmədən adına “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt tərtib edilmiş və dəymiş zərər kimi 4977.68 manat məbləğində borc qeyd etmişlər. Guya ki o təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə etmişdir. Əvvəla qeyd etmək istəyir ki, heç vaxt mənzilində qeyri-qanuni qazdan istifadə olunmamış, əgər kənar xətt çəkilmiş olsaydı illər öncə aşkar olunardı. Ondan əlavə Azəriqazın əməkdaşlarının hərəkətlərindən açıq aydın görünür ki, saxtakarlıq etmişlər. Çünki Qeyd etdiyi kimi xx.xx.2023-cü il tarixdə şəkli çəkib borunu kəsib xx.xx.2023-cü il tarixdə öz əməkdaşlarının hal şahidliyi ilə birlikdə akt tərtib edib imzalamışlar. Halbuki etdikləri hərəkət doğru və qanuni olsaydı həmin aktı hal şahidləri kimi qonşuları (sakinləri) və onun tərəfdən imzalanmalı, öz əməkdaşları yox və onlar qaz borusunu kəsəndən sonra onun idarəyə müraciəti qeydə alınaraq qaz borusunu yenidən bərpa etməzdilər. Əlavə olaraq qeyd etmişdir ki, aktla birlikdə göndərilən şəkillərin tarixi 12 yanvar 2023-cü il qeyd olunmuşdur, lakin akt tərtib olunub 31 yanvar 2023-cü il tarixdə. Əgər qaz idarəsinin əməkdaşları 12 yanvar 2023-cü il tarixdə kənar xətt aşkar etmişdirlərsə nə səbəbə görə 12 yanvar 2023-cü il tarixdə yox, məhz 31 yanvar 2023- cü il tarixdə akt tərtib etmişlər. Şüvəlan qəsəbəsində hamısı həyət evləridir və qaz sayğaclarının quraşdılan hissələri hamısı bir birinə oxşayır. Bundan əlavə onlar həmin ünvanda yerləşən evə bağ evi kimi gedib-gəlirlər, yəni həmin evdə daimi yaşayış yoxdur. Əgər qaz idarəsinin əməkdaşları onun həyətində qaz borusunu kəsməyə gəlmişdirsə, ev sahibi olaraq ona heç bir məlumat verilməmişdir, onun izahatı alınmamışdır. Bu da onun vətəndaş olaraq bütün hüquqularını pozur.

6. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-167/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, Cavabdeh tərəfindən tərtib edilmiş “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixli, ******* nömrəli akt etibarsız edilməsi və İddiaçı adına olan **********00080 nömrəli abonent hesabından 5004,68 manat məbləğində borc silinməsi qət edilmişdir.

7. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, mülki mübahisənin yaranmasına səbəb Cavabdeh tərəfindən tərtib edilmiş aktın olmasını və həmin aktın tərtib edilməsinə əsaslar iddiaçının yaşadığı ünvanda təbii qazdan kənar xətt vasitəsilə istifadə etməsi faktının müəyyən edilməsi olmasını nəzərə alaraq məhkəmə hesab edir ki, həmin aktın tərtib edilməsi və zərərin hesablanmasına əsas olmuş halların mövcudluğu və doğruluğu, o cümlədən həmin halların məhz iş üzrə iddiaçı tərəfindən törədilməsini sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın, yəni cavabdehin üzərinə düşür. Belə ki, yuxarıda qeyd olunan qanunvericiliyin tələblərindən də görünündüyü kimi sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən olunur ki, iddiaçının yaşadığı ünvana baxış keçirilən zaman onun və ya onun ailə üzvlərindən olan şəxsin iştirakı təmin olunmamış, təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli, ******* nömrəli akt onların iştirakı ilə tərtib edilməmiş, həmin akt istehlakçıya (iddiaçıya və ya onun ailə üzvlərindən olan şəxsə) təqdim edilməmiş, ünvana baxış keçirilməklə evdə olan qaz qurğuları müəyyən edilməmişdir. Bununla da müəyyən olunur ki, təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli, ******* nömrəli akt «Qazdan istifadə Qaydaları»nın tələblərinə riayət olunmaqla tərtib edilməmişdir. Ona görə də həmin aktın etibarlı hesab edilməsinə əsaslar mövcud deyil. Göstərilən səbəblərə görə məhkəmə hesab etmişdir ki, təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli, ******* nömrəli akt etibarsız hesab edilməlidir. O, cümlədən həmin akt əsasında dəymiş ziyanın hesablanması əsassız olmuşdur. Əlavə olaraq məhkəmə qeyd etmişdir ki, akta əlavə edilmiş fotoşəkillərdə əks olunan dəmir parçasının (qaz xəttindən daravazanın üzərində olan talvarın turbasına bərkidilmiş dəmir parçanın) qeyriqanuni xətt olmasına dəlalət edən hər hansı bir sübut məhkəməyə təqdim olunmamış, yəni həmin xətt vasitəsilə hansı formada ünvanda yerləşən evə təbii qazın çatdırılmasının mümkünlüyü barədə hər hansı bir sübut məhkəməyə təqdim olunmamışdır.

8. Məhkəmə gəldiyi nəticəni «Qaz təchizatı haqqında» Azərbaycan Respublikasının Qanununun 20, 21.1-ci maddəsi, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 6.5, 6.5-1, 6.5-2, 6.5-3, 6.5-4, 6.7-ci maddələri, Mülki Məcəlləsinin 14.1-ci maddəsi, Mülki Prosessual Məcəlləsinin 14.2, 77, 217.4, 218.3, 216-220 və 360-cı maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

9. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx.xx.2024 tarixli 2(003)-167/2024 nömrəli qətnaməsinin ləğv edilərək iddianın təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Apellyasiya şikayətində göstərilmişdir ki, Cavabdeh əməkdaşları tərəfindən hazırlanmış aktlar qanunvericiliyin tələblərinə uyğun hazırlanmışdır və bir nüsxəsi abonentə təqdim edilmişdir və abonentin həmin aktları imza etməkdən imtinası həmin aktların qanunsuz olduğuna dəlalət etmir. Əməkdaşlar tərəfindən aktlar tərtib olunarkən çəkilən fotoşəkillərdə açıq-aşkar görünür ki, qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulma mövcuddur. Tərəflərindən təqdim olunmuş sübutlara - yəni aktlara hərtərəfli və tam baxılmayıb və hakim təqdim etdiyi sübutları nəzərə almamış və qətnamə qəbul edərkən lazımi qaydada əsaslandırmamışdır. Məhkəmə mülki işi araşdırarkən istehlakçının təbii qazdan istifadə etsə də ödənişin ödənilməməsini və ya istifadə olunmuş təbii qazın nədən qeydə alına bilməməsini araşdırmamışdır. Halbuki bu deyilən meyarlar araşdırlsa abonentin Cavabdeh İB-yə dəymiş ziyanı öz təsdiqini tapmış olardı. Məhkəmə mülki işi tədqiq edərkən iddiaçının istifadə edib ödəmədiyi borcu müəyyən etməsinə baxmayaraq tərtib edilmiş aktların heç birini tədqiq etməmişdir. Belə ki, məhkəmə ödənilməyən borcu müəyyən edərkən istifadə edilmiş qazın həcmini çoxluğunun qarşısını almaq məqsədi ilə iddiaçının təbii qazdan qeyri-qanuni istifadə etmə hallarını müəyyən edə bilərdi. Habelə məhkəmə, isitifadə edilmiş ödənilməmiş məbləğin səbəblərini müəyyən edərək yuxarıda qeyd etdiyi məqsədə nail ola bilərdi. Məhkəmə qətnaməsində, kənar xəttin qoşulması üçün şübhə doğurduğunu qeyd etsə də, obyektiv nəticəyə gəlmək üçün hər hansı hüquqi tədbir görməmiş qanunverciliyini yuxarıda qeyd edilən müddəasına zidd qətnamə qəbul etmişdir. Məhkəmə nədənsə iddiaçıdan sübut təqdim edilməsini tələb etməmiş və sübutsuz işə baxaraq əsassız qətnamə qəbul etmişdir. Məhkəmə, qətnaməsində qeyd edilmiş borcun silinməsini təmin etsə də, amma buna əsas gətirməmişdir. Belə ki, tərtib edilmiş aktlarçəkilmiş fotoşəkillər tədqiq edilməmiş saldo isə araşdırılmamışdır. Belə ki, məhkəmə iddiaçının sübuta söykənməyən mülahizəsini əsas götürmüşdür. Məhkəmə qətnaməsi iddiaçının izahatına və məhkəmənin qanuna söykənməyən mülahizəsinə dayanmaqdadır.

Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Proses iştirakçılarının izahatı

12. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi X4 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək bildirir ki, kənar xəttdən istifadə nəticəsində borc yaranıb. Borc ətraflı araşdırılmadan rayon məhkəməsi qətnamə qəbul etmişdir. Rayon məhkəməsində ekspertiza təyin edilmiş, lakin ekspert imtina etmişdir. Analoji işlərlə bağlı eksertlər rəy verə bilir. Məsələnin aydınlaşdırılması üçün ekspertiza təyin edilməsini, qətnamənin ləğv edilməsini və apellyasiya şikayətinin təmin edilməsini xahiş edir.

13. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə edərək bildirir ki, kənar xətt ilə bağlı illər əvvəl də problem yaşanmışdır. Həmin zaman baxış keçirilmiş və onun tərəfindən heç bir kənar qoşulma olmaması aydın olmuşdur. Sadəcə qonşunun sayğacının kodu ilə onun kodunu səhv salmışdılar. İndi yenidən eyni hal yaşanır. Onun xətti tam ayrıdır. Akt tərtib olunandan təxminən 10 gün sonra sayğaca yükləmə edən zaman bilib. Kənar xəttə qoşulma halı yoxdur. Apellyasiya şikayətinin təmin edilməməsini xahiş edir.

Tətbiq edilən hüquq normaları:

14. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir. (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

15. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu

Maddə 13, hissə 8-1. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. Maddə 13. 9-cu bənd. Məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.

16. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

Apellyasiya baxışının hədləri

17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

18. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

19. Hazırki halda cavabdehin apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyi üçün kollegiya qətnamənin əsaslılığını tam yoxlayır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

20. Məhkəmə kollegiyası izahatı dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

21. Belə ki, iddiaçı hazırkı iddiasında Cavabdeh tərəfindən tərtib edilmiş “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixli, ******* nömrəli aktın etibarsız edilməsi və akt əsasında hesablanmış borcun silinməsini xahiş edir.

22. Birinci instansiya məhkəməsinin qətnaməsinə əsasən aktın etibarsız hesab edilməsi və 5004,68 manat məbləğində borcun silinməsi qət edilmişdir.

23. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3553/2024 saylı, 03 iyun 2024-cü il tarixli qərardadına əsasən Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-167/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi qismən – “Cavabdeh tərəfindən tərtib edilmiş “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixli, ******* nömrəli akt etibarsız edilməsi” hissəsində ləğv edilməsi, həmin hissədə iş üzrə icraata xitam verilməsi qərara alınmışdır.

24. Akt əsasında borcun silinməsi tələbinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh tərəfindən iddiaçıya məxsus ünvanda sayğaca baxış keçirilmiş və sayğacdan kənar xətt vasitəsilə qeyri-qanuni istifadə edildiyi aşkar edilmişdir. Bununla əlaqədar olaraq xx.xx.2023-cü il tarixli, ******* nömrəli akt “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt tərtib edilmiş və dəymiş ziyan hesablanmışdır.

25. Məhkəmə kollegiyası akt üzrə hesablanmış borcun silinməli olması qənaətinə gələn birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, istehlakçının qazın talanmasında təqsirli olmasına dair işdə sübutlar yoxdur.

26. Belə ki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir (§ 15).

27. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz .§ 16

28. Məhkəmə kollegiyası qeyd edir ki, istehlakçının qazın talanmasında təqsirli olması müvafiq orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Cavabdeh istinad etdiyi xx.xx.2023-cü il tarixli, ******* nömrəli akt üzrə göstərilən sübutlar məhkəməyə təqdim edilməmişdir.

29. Qeyd olunanlara əsasən kollegiya qeyd edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu apellyatora aid edilməlidir.

30. Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

31. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

32. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

33. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-167/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatora aid olunsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar