Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3553/2025 11.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2 və Bakı şəhəri 24 saylı notariat ofisinə qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-3553/2025 (Açar sözlər: müqavilənin etibarsız hesab edilməsi və icra qeydinin ləğv edilməs) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X2 və X1 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Bakı şəhəri 24 saylı notariat ofisinə qarşı müqavilənin etibarsız hesab edilməsi və icra qeydinin ləğv edilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(008)-2240/2025 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə 11 iyun 2025-ci il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdehlər Cavabdeh2 və Bakı şəhəri 24 saylı notariat ofisinə qarşı məhkəmədə iddia qaldıraraq cavabdeh Saruyev Cavabdeh2ç arasında xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 24 saylı Bakı “Asan Xidmət” Mərkəzində Notariat Ofisində bağlanmış kredit (borc) müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında 8i - 2867 reyestr nömrəli, xx.xx.2020-ci il tarixli borc məbləğinin tutulması barədə icra qeydinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 ona kredit yolu ilə pulunu ödəmək şərtilə maşın satdı və aralarında xx.xx.2020-ci il tarixdə kredit müqaviləsi bağlandı. Lakin cavabdeh ona maşını verən gündən etibarən bir neçə gündən bir müxtəlif məbləğlərdə ondan pul istədi. Bu minvalla 2 il müddətinə o, kredit ödədi. Lakin cavabdehin davamlı olaraq vaxtsız pul tələbləri onu maşını qaytarmağa məcbur etdi. Lakin kredit müqaviləsini ləğv elətdirmədi. Elə bildi ki, cavabdeh gedib kredit müqaviləsini ləğv elətdirib. Bir neçə vaxtdan sonra ona məlum oldu ki, cavabdeh kredit müqaviləsi əsasında icra qeydi çıxararaq sənədləri Suraxanı rayon icra şöbəsinə verilmişdir. xx.xx.2020-ci tarixdə Bakı şəhəri 24 saylı Notariat ofisində kredit müqaviləsi bağlanmış və guya ona 7000 ABŞ dolları məbləğində borc pul verilmişdir. Halbuki cavabdeh tərəfindən ona pul vəsaiti verilməmişdir. O, cavabdehlə real olaraq yox, görünüş üçün həmin müqaviləni bağlamışdır. Əgər notariat ofisinin həmin tarixli müşahidə kameralarına baxış keçirlərsə, onun, həqiqətən, cavabdehdən borc pul almadığı aydın olar. Bü günkü günə qədər onun cavabdehə deyil, cavabdehin ona borcu vardır. Həmin müqavilə əsasında Bakı şəhəri 24 saylı Notariat ofisində 8i-2867 reyestr nömrəli, xx.xx.2020-ci il tarixli borc məbləğinin tutulması barədə icra qeydi aparılmışdır. O, etibarsız olan əqd üzrə verimiş icra qeydinin ləğv edilməsi üçün cavabdehlərə məhkəmədən kənar pretenziya qaydasında müraciət etmişdir. Lakin nə notariusdan, nə də cavabdehdən hazıradək cavab ala bilmədi. Sözügedən borc müqviısinin bağlanmasında cavabdehin əsl niyyəti - iradə ifadəsi - ona borc verməsinə yönəlmədiyindən və həmin müqavilə görünüş üçün bağlandığından uydurma (əhəmiyyətsiz) əqd olmaqla özlüyündə etibarsızdır.
3. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(008)- 2240/2025 saylı qətnaməsi ilə (hakim Tahirə Əsədova) iddia tələbinin təmin edilməməsi qət edilmişdir.
4. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1-ci maddələri ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
5. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilib, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmiş, apellyasiya şikayəti iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırılmışdır
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
6. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
7. Apellyasiya baxışı zamanı iddiaçının nümayənəsi və vəkili verilmiş apellyasiya şikayətini dəlillərinə uyğun izahat verərək, onun təmin olunmasını xahiş etmişdir.
8. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq digər tərəflər məhkəmə iclasına gəlməmişlər. Cavabdeh2 Nəsruyeyiçin vəkili məhkəməyə ərizə ünvanlayaraq başqa məhkəmə iştirak etdiyindən iclasa gələ bilməyəcəyini bildirmiş, Bakı şəhəri 24 saylı notariat ofisinin nümayəndəsi isə məhkəmə iclasının nümayəndələrinin iştirakı olmadan işə baxılmasını xahiş etmişdir.
9. İşin halları, eləcə də şikayətə işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmasının mümkünlüyü nəzərə alınaraq məhkəmə kollegiyası tərəfindən Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəflərin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
10. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.
11. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir.
12. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
13. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır.
14. Maddə 337.3 Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.
15. Maddə 340.1. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir.
"Notariat haqqında” Azərbaycan Respublikası Qanunu
16. Maddə 76. Borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu və ya borclunun tələbkar qarşısında digər məsuliyyətini təsdiq edirsə və tələb etmək hüququnun yarandığı gündən üç ildən çox keçməmişsə, idarə, müəssisə və təşkilatlar arasındakı münasibətlərdə isə bir ildən çox keçməmişsə aparılır. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. Elektron formada müraciət olunduqda, ərizəyə əlavə olunan sənədlər skan edilərək və ya elektron sənəd formasında ona qoşma kimi əlavə olunur. Skan edilmiş sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda tələbkardan həmin sənədlərin əsillərinin təqdim edilməsi tələb olunur. İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
17. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
18. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
19. Maddə 384.0.2. Apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
20. Maddə 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
21. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.
Apellyasiya baxışının hədləri
22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
24. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının bütünlüklə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
25. Apellyasiya baxışının həddi ilə bağlı gəldiyi qənaət çərçivəsində məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmalıdır.
26. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi öz mövqeyini əsaslandırarkən, ümumiyyətlə, hansısa maddi hüquq norması tətbiq etməmiş, iddianın əsassızlığını bu barədə münasibətləri tənzimləyən müvafiq maddi hüquq normalarına uyğun dəyərləndirməmişdir.
27. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə iddianın hüquqi dəyərləndirilməsi 2 ayrı tələbə uyğun olaraq aparılmalıdır: 1) İddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2017ci il tarixli kredit müqaviləsinin etibarsızlığı; 2) Bakı şəhəri 24 saylı Notariat ofisində 8i-2867 reyestr nömrəli, xx.xx.2020-ci il tarixli borc məbləğinin tutulması bardə icra qeydinin ləğvi.
28. Kollegiya mübahisələndirilən icra qeydinin kökündə duran əqdin etibarsız hesab edilməsi nəticəsində artıq müvafiq icra qeydinin də qüvvədən düşəcəyini nəzərə alaraq ilk növbədə əqdin etibarlılığı məsələsinə qiymət verməyi zəruri hesab edir.
29. Belə ki, iş materiallarından göründüyü kimi, iddiaçı ilə Cavabdeh2 arasında xx.xx.2017-ci il tarixdə kredit müqaviləsi bağlanmış, həmin müqavilə Bakı şəhəri 24 saylı Notariat ofisində təsdiq edilmiş, reyestrə 3M-90 № ilə qeyd edilib informasiya sisteminə daxil edilmişdir. Həmin müqavilənin: 1-ci bəndinə əsasən cavabdeh iddiaçıya 7000 ABŞ dolları məbləğində borc verməyi; 1-ci bəndində iddiaçı borcu məbləğinin xx.xx.2020-ci il tarixədək qaytarmağı barədə öhdəlik götürmüş; 7-ci bəndində ödəniş müddətinin keçirilməsi haqqında notarius vasitəsilə kreditorun borcluya yazılı bildiriş göndərməsindən 30 gün sonra borcun notarius tərəfindən aparılan icra qeydi əsasında mübahisəsiz qaydada alınması nəzərdə tutulmuşdur.
30. Baxılan işdə iddiaçı Cavabdeh2lə onun arasında bağlanmış xx.xx.2017-ci il tarixli borc müqaviləsinin etibarsız sayılması barədə tələbini onunla əsaslandırır ki, onların arasında borc münasibətləri olmamış və cavabdeh ona borca pul verməmişdir. İddiaçı cavabdehdən dəyərini hissə-hissə ödəmək şərtilə avtomobil almış, bu alqı-satqını pərdələmək məqsədilə formal olaraq mübahisə olunan kredit müqavilələsini rəsmiləşdirməklə, əslində, uydurma əqd bağlamışdır.
31. Mülki Məcəllənin 340.1-ci maddəsinə görə uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir, uydurma əqd əhəmiyyətsizdir.
32. Normanın məzmunundan göründüyü kimi uydurma əqd, həqiqətdə heç bir hüquqi nəticə (hüquq və öhdəlik) əmələ gətirmək niyyəti olmadan, sırf görünüş üçün bağlanan əqddir. Bu halda əqdin tərəfləri hüquq və öhdəliklər yaratmağı arzu etmir, əksinə belə nəticənin əmələ gəlməməsi barəsində öz aralarında razılığa gəlmiş olurlar. Başqa sözlə, uydurma əqd, bir qayda olaraq sırf başqalarını (üçüncü şəxsləri) aldatmaq və həqiqətdə olmayan hüquq və öhdəlikləri sanki varmış kimi göstərmək məqsədilə bağlanır. Bütün bunlar onu deməyə əsas verir ki, uydurma əqd bağlanarkən tərəflərin pərdələmək istədikləri başqa bir əqd və ondan doğan öhdəliklər mövcud olmur, sadəcə cari müqavilə sırf görüntü yaratmaq məqsədi daşıyır. Lakin iddiaçının bildirdiyinə görə tərəflərin arasında başqa hüquq və öhdəlikləri, yəni alqı-satqı münasibətlərini ehtiva edən əqd olmuş, borc müqaviləsi isə həmin əqdi pərdələmək niyyəti ilə bağlanmışdır. Bu halda iddiaçının tərəflər arasındakı əqdin əhəmiyyətsizliyini onun uydurma olması ilə əsaslandırması, bir növ, öz dediklərinin təkzibinə gətirib çıxarmışdır.
33. Lakin məhkəmə hər bir halda tələbi yalan əqdin etibarsızlığı aspektindən də qiymətləndirərək qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun yalan əqdlərlə əlaqədar formalaşmış hüquqi mövqeyinə (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” plenum qərarı) əsasən, yalan əqd başqa bir əqdi pərdələmək niyyəti ilə görünüş üçün bağlanmış əqddir. Yalan əqd halında əslində eyni anda iki ayrı əqd bağlanmış olur. Görünən əqd tərəflərin əsl hüquqi niyyətlərini əks etdirmir. Tərəflər əslində başqa bir müqavilə barədə razılığa gələrək görüntü üçün bağladıqları əqdlə həmin müqaviləni pərdələyirlər. Yalan əqd müqavilə tərəflərinin bilərəkdən məqsədli şəkildə yol verdikləri hüquqa zidd bir hərəkətdir. eləliklə, yalan əqd tərəflərin həqiqi iradələri ilə bu iradənin ifadəsi arasında bilərəkdən yaratdıqları uyğunsuzluqdur. Tərəflər əslində bir hüquqi prosedur həyata keçirmək iradəsinə sahib olduqları halda, üçüncü şəxslərdə yanlış təsəvvür yaratmaq niyyəti ilə qəsdən sanki başqa bir hüquqi prosedur həyata keçirmək iradəsində olduqlarını göstərirlər.
34. Lakin xüsusilə qeyd olunmalıdır ki, tərəflərdən yalnız birində yalan əqdi bağlamaq niyyətinin mövcudluğu Mülki Məcəllənin 340.2-ci maddəsinin tətbiqi üçün kifayət deyil. Belə ki, ilk növbədə, hazırki iş üzrə iddiaçı tərəflərin arasında, alqı-satqı müqaviləsinin bağlandığını və bu müqavilə əsasında cavabdehdən avtomobil aldığını, lakin sonradan müqaviləyə xitam verərək avtomobili geri qaytardığını bildirsə də, bu dediklərini təsdiq edən hər hansı mötəbər dəlili məhkəməyə təqdim etməmişdir. Halbuki müqavilənin etibarsızlığına dair iddialara baxılarkən sübutetmə yükü bağlanmış müqavilənin etibarsız olduğunu iddia edən tərəfin üzərinə düşür. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Xüsusilə qeyd olunmalıdır ki, mülki hüquq münasibətlərinə girən subyektlərin müqavilə azadlığı çərçivəsində, qanunvericiliyə və işgüzar adətlərə uyğun qaydada bağladıqları müqavilələrin etibarlılığı prezumpsiyası qəbul olunur. Bu o deməkdir ki, belə bir əqdlə əmlak hüququ əldə etmiş tərəf bağladığı müqavilənin etibarlı olduğunu sübuta yetirməyə borclu deyil. Əksinə qanunvericiliyə və işgüzar adətlərə uyğun şəkildə bağlanmış müqavilənin etibarsızlığını iddia edən tərəf öz iddiasını sübuta yetirməlidir. İstinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər.
35. O cümlədən cavabdeh də belə bir pərdələmə niyyəti güdən razılaşmanın mövcudluğunu təsdiqləməmiş, işdə olan hər hansı materiallarla da bu hal təkzib olunmamışdır. Bu zaman da Konstitusiya Məhkəməsinin də bu barədə yuxarıda göstərilən mövqeyinə uyğun olaraq əqdin yalan əqd kimi qiymətləndirilməsinə dair mötəbər əsas mövcud olmuş olmur.
36. Kollegiya həmçinin onu da qeyd edir ki, iddiaçının dedikləri həqiqətə uyğun olduğu halda belə, istər iddiaçı, istərsə də cavabde mübahisəli əqdin bağlanması zamanı pərdələnmiş hüquq münasibətlərinə girdiklərinin fərqində olmuş, üçüncü şəxslərdə hüquqa uyğun və etibarlı bir müqavilə bağladıqları təəssüratını oyatmaq istəmiş, iddiaçının xeyrinə mənfəət əldə etmək üçün üçüncü şəxslərdə buna dair fikir formalaşdırmış və reallığa uyğun olmayan görüntü yaratmışlar. Bu da tərəflərin öz hüquq və vəzifələrini vicdanla yerinə yetirmələri ilə bağlı prinsiplərə tamamilə zidd olmuş və əhəmiyyətsiz əqdin bağlanmasına bilə-bilə yol verməklə, uzun müddət boyunca bu əhəmiyyətsiz əqdin nəticələri ilə razı olmaqla sanki onun bəyənilməsi və təsdiqlənməsi ilə nəticələnən hərəkətlərə, o cümlədən hərəkətsizliyə yol vermişlər.
37. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “M.Şükürovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 iyul 2022-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” qərarında da göstərilən hüquqi mövqeyə görə burada vicdanlıq prezumpsiyası ilə sıx bağlı olan estoppel prinsipinə də aydınlıq gətirmək vacib hesab edilir. Anqlo-sakson (ümumi) hüquqdan qaynaqlanan estoppel “ədalət məhkəmələri” tərəfindən tərəflərin təqdim etdikləri sübutların araşdırılması zamanı istifadə olunaraq presedent hüququnun prinsipi kimi formalaşmışdır. Bu prinsip tərəflərə öz hərəkətləri və ya davranışı ilə şübhəsiz və mübahisəsiz qəbul etmiş olduğu hallara sonradan istinad etməsini istisna edir. Estoppel prinsipi şəxsin digər tərəfin hüquqi şəraitə vicdanlı şəkildə güvənindən sui-istifadə edərək, onun mənafeyinə xələl gətirən üstünlük və fayda əldə etməsinin qarşısının alınması məqsədini daşıyır. Beləliklə, tərəf aşağıdakı hallarda müqaviləni mübahisələndirmək hüququna malik deyildir: a) həmin tərəfin davranışı müqavilə bağlamaq iradəsini təsdiq etdiyini, əqdin etibarlığını faktiki etiraf etdiyini, əqdin şərtlərini qəbul etdiyi və onun mahiyyətilə razılaşdığını nümayiş etdirdiyi halda. Bu, müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsinə dair hərəkətlər, bununla bağlı yazılı sübutlar və s. ilə təsdiqlənə bilər; b) müqavilə bağlanan zaman tərəf onun mübahisələndirilməsi üçün əsasların olduğunu bildiyi halda. Qeyd olunan prinsip Mülki Məcəllənin müvafiq normalarının məzmununda da ifadə edilmişdir. Belə ki, Məcəllənin 5.3, 351.2 və 351.3-cü maddələrinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Əgər əhəmiyyətsiz əqdi bağlamış şəxs onu təsdiq edərsə, onun hərəkətləri əqdin yenidən bağlanması kimi qiymətləndirilir. Əgər əqdi onun barəsində mübahisə etmək hüququna malik şəxs təsdiq edirsə, bununla o, mübahisə etmək hüququnu itirir. Məcəllənin 560.3-cü maddəsi ilə şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi, digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hərəkətləri həyata keçirməsi və s. hüquqdan sui-istifadə olaraq müəyyən edilmişdir. Məhz bu səbəbdən əqdin etibarsızlığı ilə bağlı mübahisələrə baxan məhkəmələr əqdin etibarsız hesab edilməsindən Mülki Məcəllənin 560-cı maddəsinə əsasən sui-istifadə olunduğunu müəyyən edərlərsə, əqdin etibarsızlığını irəli sürmək vicdanlılıq və estoppel prinsipinin məqsədləri ilə uzlaşmayan hesab edilməlidir.
38. Həmçinin kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər.
39. Hazırki iş üzrə cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə təqdim etsə də, kollegiya qeyd etməyi zəruri hesab edir ki, göstərilən maddədə nəzərdə tutulmuş müddətlər iddia müddəti deyil, kəsici müddət olmaqla, cavabdehin ərizə təqdim etməsindən asılı olmayaraq məhkəmə tərəfindən yoxlanılır və mahiyyəti etibarı ilə hüququnun pozulması ehtimal olunan şəxsin müraciət müddətidir. Yəni, qanunun tələbinə əsasən əqdin etibarsızlığı ilə bağlı tələb irəli sürmək üçün hüququ pozulmuş şəxs bir il ərzində məhkəməyə müraciət edə bilər. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Sözügedən müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətlərinə aid deyil, kəsici müddətlərə aid olduğu üçün bununla bağlı iddia müddətinin tətbiqi ilə bağlı ərizənin verilməsinə zərurət də yoxdur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2021-ci il tarixli qərarında göstərilir ki, mübahisə edilən əqdlər bir tərəfdən mübahisələndirilənədək etibarlı əqdlər kimi hüquqi nəticələri yaradır, digər tərəfdən isə mübahisələndirildikləri təqdirdə geriyə şamil olunaraq bağlandığı andan əqdin etibarsız sayılmasına səbəb olur. Məhz bu ikili xüsusiyyəti olduğuna görə hüquqi müəyyənlik nöqteyi-nəzərindən mübahisləndirmənin yalnız konkret və kəsici müddətlər daxilində həyata keçirilməsi zərurəti vardır. Bu baxımdan qanunvericilikdə mübahisə edilən əqdlərlə bağlı xüsusi olaraq fərqli müddət nəzərdə tutulmadığı təqdirdə, Mülki Məcəllənin 354.2-ci maddəsində göstərilmiş kəsici müddətlər ərzində mübahisələndirmənin mümkün olduğu müəyyən edilmişdir.
40. Oxşar hüquqi mövqe Konstitusiya Məhkəməsi Plenumunun “B.Mürsəlovun şikayəti üzrə” 2020-ci il 12 mart tarixli Qərarında da ifadə edilmişdir. Qərarda göstərilmişdir ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Belə ki, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Beləliklə, Mülki Məcəllənin 354.2-ci maddəsində nəzərdə tutulmuş müddət kəsici müddət olmaqla əqdin mübahisələndirilməsi hüququna aiddir və bu müddətin keçməsi hüququn xitamına səbəb olur.
41. Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 377.1-ci maddəsinin tətbiqi ilə bağlı formalaşdırdığı hüquqi mövqeyə görə, qanunverici əmlak və qeyri-əmlak hüquqlarının pozulmasına dair iddia hüququna tətbiq edilən iddia müddətinin axımının başlanmasını şəxsin hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu günlə şərtləndirmişdir. Şəxsin öz əmlak və ya qeyri-əmlak hüququnun pozulduğunu bildiyi hal elə hüquqi faktdır ki, onu bilmək şəxsdən asılı olmur. O, müəyyən müddət keçdikdən sonra bu hüquqi fakt barədə hər hansı mənbədən xəbər tutur və hüququnun pozulduğunu bilir. Qanun iddia müddətinin axımının başlanmasını obyektiv anla deyil, subyektiv anla əlaqələndirir. Məhz bu andan maddi mənada iddia hüququ əmələ gəlir. Maddi mənada iddia hüququ dedikdə, mülki hüquqların məcburi həyata keçirilməsi imkanı başa düşülür və bu imkan müəyyən müddətlə məhdudlaşır.
42. Hazırki işin hallarından da göründüyü kimi, tərəflər arasındaki kredit müqaviləsi xx.xx.2017-ci ildə bağlanmış, üstəlik xx.xx.2020-ci il tarixdə həmin borcun tutulması barədə icra qeydi qəbul edilmişdir. Bu halda iddiaçının həmin əqdin onun maraqlarına toxunduğunu son 1 ildə müəyyənləşdirməsi qeyrimümkündür. Odur ki, məhkəmə yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, iddiaçı xx.xx.2017-ci il tarixli müqavilənin etibarsızlığını tələb etsə də, yuxarıda qeyd edilən kəsici müddəti ötürməməsinə dair heç bir sənəd və ya məlumat təqdim etməmişdir.
43. Beləliklə, kollegiyanın qənaətinə görə iddiaçının öz iddia ərizəsində və apellyasiya şikayətində göstərdiyi dəlillər cavabdehlər arasında bağlanılan etibarlı kredit müqaviləsinin etibarsız hesab olunmasına əsas vermir.
44. Məhkəmə Bakı şəhəri 24 saylı Notariat ofisində 8i-2867 reyestr nömrəli, xx.xx.2020-ci il tarixli borc məbləğinin tutulması bardə icra qeydinin ləğvinə münasibətdə isə aşağıdakıları qeyd edir.
45. «Notariat haqqında» Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən, borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu və ya borclunun tələbkar qarşısında digər məsuliyyətini təsdiq edirsə və tələb etmək hüququnun yarandığı gündən üç ildən çox keçməmişsə, idarə, müəssisə və təşkilatlar arasındakı münasibətlərdə isə bir ildən çox keçməmişsə aparılır. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur.
46. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat»ın 161-ci bəndində göstərilirki, borclunun olduğu yer üzrə notarius borcludan pul məbləğlərini tutmaq və ya əmlakı (ipoteka predmeti istisna olmaqla) tələb edib almaq və ya bunun əvəzinə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 529.8-ci maddəsinə əsasən öhdəliyin icrası əvəzinə razılaşdırılmış peşman haqqını almaq üçün “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə uyğun olaraq tələbkar tərəfindən borcluya bildiriş göndərildikdə və öhdəlik bildirişin verildiyi müddətdə icra edilmədikdə, borcu müəyyən edən sənədlərdə 1 (bir) iş günü müddətində icra qeydi aparır və icra olunması üçün “Elektron notariat” informasiya sistemi vasitəsilə “Elektron icra” informasiya sisteminə göndərir. Tələbkar tərəfindən icra qeydinin aparılacağı barədə bildiriş borcu müəyyən edən sənədlərə və ya borclunun məlumatına (olduğu halda) əsasən tələbkara məlum olan ünvana “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərilir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 (beş) gün keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 (üç) gün keçdikdən sonra borclu şəxsə təqdim olunmuş sayılır. Borclunun yaşadığı (olduğu) ünvanda olmaması bildirişin borcluya çatdırıldığını təsdiq edən sənəddə qeyd olunmalıdır.
47. Həmin təlimatın 162-ci bəndinə əsasən əgər təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçməmişdiyi hallarda icra qeydləri aparılır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç ildir.
48. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, icra qeydinin aparılması zamanı prosedur qaydalarında yuxarıda qeyd edilən normaların pozulmasına dair hər hansı mülahizə və ya dəlil olmadığından, iddiaçı da icra qeydinin onun aparılması qaydasındakı hər hansı pozuntuya deyil, onun əsasında duran müqavilənin artıq etibarlı olmamasını əsas gətirərək ləğvini xahiş etdiyindən və yuxarıda da qeyd edildiyi kimi bu tələbin özü də əsassız olduğundan, hazırda icra qeydinin ləğvi üçün hər hansı qanuni əsas yaranmamışdır. Kredit müqaviləsinin 1-ci bəndinə əsasən iddiaçı borcun məbləğini xx.xx.2020-ci il tarixədək qaytarmağı barədə öhdəlik götürdüyündən və iddia müddətinin axımı da həmin tarixdən başlandığından, icra qeydi isə xx.xx.2020-ci il tarixdə verildiyindən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.2-ci maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddəti də ötürülməmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə də əsassızdır.
49. Beləliklə, qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apelyasiya şikayətinin dəlilləri mahiyyəti üzrə əsaslı olmasa da, məhz birinci instansiya məhkəməsi tərəfindən iddianın maddi hüquq normalarına istinad olunmadan qiymətləndirilməsi səbəbindən qətnamə ləğv edilməli, iddia tələbi yenidən rədd edilməlidir.
50. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).
51. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
52. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.
53. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
54. Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
55. Kollegiya hesab edir ki, apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onu ödəmiş tərəfin özünə aid edilməlidir.
56. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 387, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(008)-2240/2025 saylı qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı cavabdehlər Cavabdeh2 və Bakı şəhəri 24 saylı notariat ofisinə qarşı müqavilənin etibarsız hesab edilməsi və icra qeydinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi təmin edilməsin. İddia ərizəsi və apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumunun məbləği onu ödəmiş şəxslərin özünə aid olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Fuad Abdıyev