Məhkəmə qərarları › İş №2(103)-3555/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3555/2021

05.03.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3555/2021 05.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “vərəsəlikdən imtina ərizəsinin etibarsız sayılması tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi tərəfindən xx xxxxxx 2020-ci il tarixdə qəbul olunmuş qərardaddan iddiaçının verdiyi şikayətə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Xəzər Rayon Məhkəməsinə müraciət edərək Bakı Şəhəri 7 saylı Xüsusi Notariat Ofisi tərəfindən xx.xx.2020-ci il tarixdə reyestrdə 8İ-5308 nömrə altında qeydə alınmış “vərəsəlikdən imtina barədə” ərizənin etibarsız sayılması və ona vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin icraata qəbul edilməsi məsələsinə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qərardad ilə iddia ərizəni və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını qərara almışdır. İddiaçı həmin qərardaddan Rayon Məhkəməsinə şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayətə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2021-ci il tarixli qərardadı ilə şikayəti təmin etməmiş və mahiyyəti üzrə baxılması üçün şikayəti, mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) şikayətin dəlillərini və iş materiallarına araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, barəsində şikayət verilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Rayon Məhkəməsi iddia ərizəsinin qaytarılması barədə mövqeyini onunla əsaslandırmışdır ki, iddia ərizəsində cavabdeh kimi göstərilmiş Cavabdeh yaşayış yeri üzrə Bakı şəhərinin Sabunçu rayonunda qeydiyyatdadır. Belə olan halda işə ərazi aidiyyəti üzrə məhz Sabunçu Rayon Məhkəməsi tərəfindən baxıla bilər. Rayon Məhkəməsinin qərardadında iddiaçının verdiyi şikayət isə onunla əsaslandırılmışdır ki, Rayon Məhkəməsi iddia ərizəsini geri qaytarmaqla prosessual hüquq normalarının tələblərini pozmuşdur. Apellyasiya baxışının predmeti olan məsələnin həlli ilə bağlı Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (MPM) 35.1-ci maddəsinə görə, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. MPM-nin 40.1-ci maddəsinə görə, ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən götürülmüş məlumatdan görünür ki, Cavabdeh yaşayış yeri üzrə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsində qeydiyyatdadır. Göstərilənlərə əsasən müəyyən edilir ki, hazırki iddia cavabdehin rəsmi qeydə alındıqları ünvan üzrə Sabunçu Rayon Məhkəməsinə verilməlidir. Xəzər Rayon Məhkəməsi tərəfindən iddia icraata qəbul edilə bilməz. Rayon Məhkəməsi iddia ərizəsinin qaytarılması barədə qərardad qəbul etməkdə və həmin qərardaddan verilmiş şikayəti təmin etməməkdə haqlı olmuşdur. Çünki MPM-nin 152.1.3-cü maddəsinə görə, əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Odur ki, Məhkəmə, MPM-nin 398.0.1-ci maddəsində müəyyən edilmiş səlahiyyətinə əsaslanaraq hesab edir ki, şikayət təmin edilməməli, barəsində şikayət verilmiş qərardad isə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 398, 400 və 402-cı maddələrinin tələblərini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: İddiaçı şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli qərardad dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan şikayət verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar